Archive
Dictionary
(ingilscə - Heydar Aliyev Baku Deep Water Jacket Factory - Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) neft və qaz yataqlarının işlənməsi üçün dərin özüllərin hazırlanması, quraşdırılması, “layihə nöqtəsinə” qoyulması, dayaqların bərkidilməsi və istismara buraxılmasını həyata keçirən iri istehsalat müəssisəsi. Zavodda tikinti üçün metalkonstruksiyalar - fermalar (ferma tipli çatmalar), sütunlar, kranaltı tirlər, riqellər, sütunlararası birləşdiricilər, bunkerlər, körpü konstruksiyaları, ixtiyari ölçülü ikitavr və qutu şəkilli tirlər, siloslar, 200 m-dək dərinlik üçün stasionar dəniz özülləri, həcmi 105 min kubmetrədək olan rezervuar (çən) konstruksiyaları, istənilən həcmli tutumlar, 100 atmosfer təzyiqli neft və qaz separatorları, 7018 və 6013 tipli qaynaq elektrodları, diametri 500 mm-dən 4500 mm-dək, qalınlığı 90 mm-dək olan metal borular istehsal olunur. Zavodda 650 tonadək yük qaldıran tırtıllı və 90 tonadək yük qaldıran körpülü kranlardan, 90 mm-dək qalınlıqlı metal vərəqələri əyən vərdənələrdən (valslar), flyus qatı altında avtomatik qaynaq və yarımavtomat qaynaq xətlətindən, əllə qövs qaynağından, metal qırma ilə təmizləmə kamerasından, qumla təmizləmə aparatlarından, ultrasəs və maqnit tozu ilə nəzarət cihazlarından, metalın termiki üsulla kəsilməsi xətlərindən istifadə olunur. Zavodun inşasına 1978-ci ildə başlanmış və 1984-cü ildə istismara buraxılmışdır. Müəssisə Bakı şəhəri Qaradağ rayonu ərazisində (Salyan şossesi) yerləşir.