Archive
Dictionary
(ingiliscə - Organization for Security and Co-operation in Europe, OSCE - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT) - Finlandiyanın paytaxtı Helsinkidə xarici işlər nazirlərinin 3-7 iyul 1973-cü ildə keçirilmiş müşavirəsi ilə başlanmış prosesin davamı olaraq yaranmış regional təşkilat. 30 iyul - 1 avqust 1975-ci ildə yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Helsinki müqaviləsi adlanan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını imzalamışlar. Bu müqavilə dövlətlər arasında qarşılıqlı münasibətlərdə suverenlik, zor işlətməmək, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, mübahisəli məsələlərin dinc yolla nizama salınması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və azadlıqlarına hörmət, bərabərlik və xalqların öz müqəddəratını təyinetmə hüququ, beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi kimi prinsipləri rəhbər tutur. ATƏT 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi, ATƏM (ingiliscə - Conference for Security and Cooperation in Europe - CSCE - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi, ATƏM) adlanmışdır. Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.