gototop gototop

Dictionary

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI, QİƏT

(ingiliscə - Organization of Black Sea Economic Cooperation, BSEC - Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, QİƏT) - Qara dəniz ətrafı və Cənubi Balkan regionunun 12 dövlətini - Türkiyə, Azərbaycan, Albaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Serbiya, Rumıniya, Ukrayna və Ermənistanı birləşdirən hökumətlərarası təşkilatdır. 1999-cu ildə 1992-ci ildən fəaliyyət göstərən “Qara dəniz İqtisadi Əməkdaşlığı” təşkilatı bazası əsasında yaradılmışdır. Məqsədi iştirakçı ölkələrin daha sıx iqtisadi əməkdaşlığı, malların, kapitalın, xidmətlərin və işçi qüvvəsinin azad hərəkəti və bu ölkələrin iqtisadiyyatlarının dünya iqtisadiyyatı sisteminə inteqrasiyasıdır. 1990-cı ildə Türkiyənin prezidenti Turqut Özal SSRİ, Türkiyə, Rumıniya və Bolqarıstanın iştirakı ilə “Qara dəniz çiçəklənmə və əməkdaşlığı zonası”nın yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Birinci sənəd imzalanarkən SSRİ yox olduğundan regionun geosiyasi xəritəsi kökündən dəyişmişdir. Təşkilatın nəzdində Qara dəniz Ticarət və İnkişaf Bankı təsis olunmuşdur. Şərti olaraq QİƏT-in strukturu dörd tərkib hissədən ibarətdir: hökumətlərarası (xarici işlər nazirlər şurasının sammit və sessiyaları); sahibkarlıq (QİƏ-nin İşgüzar şurası - sahibkarlıq təşəbbüslərinin koordinasiya orqanı); maliyyə (Qara Dəniz Ticarət və İnkişaf Bankı); akademik (Qara dəniz hövzəsi dövlətlərinin vahid regional akademik şəbəkəsi formalaşır ki, onun da analoji Avropa şəbəkələrinə inteqrasiyası nəzərdə tutulur). Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir.