Archive
Dictionary
(ingiliscə - convergence theory - konvergensiya nəzəriyyəsi) kapitalizm və sosializmi yeni baxışlarda yaxınlaşdıran, qarşılıqlı təsir və əlaqəlilik prosesləri perspektivində birləşdirən 1960-cı illərdə yaradılmış nəzəriyyə. Mahiyyətcə, konvergensiya nəzəriyyəsi SSRİ və ABŞ-ın bir-birinə qarşı hərəkəti ilə ümumiləşmiş iqtisadi modelin əldə edilməsinə yönələn nəzəriyyəni ehtiva edir. Belə ki, Sovetlər İttifaqı kapitalizmdən mənfəətçilik konsepsiyasını, kapitalist ölkələri, o cümlədən ABŞ isə SSRİ-dən dövlət planlaşdırılması təcrübəsini götürür. Nəticədə təkamüllə iki müxtəlif siyasi sistemin yaxınlaşması əsasında strateji biçimli daha uğurlu iqtisadi model əldə olunur. Konvergensiya nəzəriyyəsinın başlıca motivlərindən biri də dünyanın parçalanmaması və istilik-nüvə konflikti təhlükəsinin qarşısının alınması olmuşdur. Belə bir həqiqət mövcuddur ki, inkişaf etmiş ölkələrdə kapitalizmin postindustrial cəmiyyətə təkamüllü transformasiyası və müasir qarışıq iqtisadiyyat quruculuğu pozitiv təyinatda inkişaf tapmışdır. Postsovet düşərgəsində isə proseslər sistem qeyri-mükəmməliyindən iqtisadi böhranlarla müşayiət olunaraq çoxlu neqativləri önə çıxarmışdır. Bununla da, 1980-ci illərdə konvergensiya nəzəriyyəsi əzəli aktuallığını itirmiş və iqtisadi fikir tarixinin predmetinə çevrilmişdir. Lakin digər bir gerçəklik də vardır: bu tarixi ərəfədə Çin iqtisadi modelinin atası Den Syaopin planlı iqtisadiyyat ilə bazar iqtisadiyyatını birləşdirən geniş miqyaslı iqtisadi islahatların təşəbbüskarı kimi çıxış etmiş və əməli fəaliyyəti ilə ölkəsini dünya bazarının bir hissəsinə çevirmişdir. Diqqətlə yanaşıldıqda aydın görünür ki, möcüzəyə çevrilən Çin iqtisadi modelinin uğur strategiyası yetərincə konvergensiya nəzəriyyəsindən qaynaqlanmışdır. Həm də bu ölkədə Honkonq və Makao müxtar ərizilərinin timsalında bir dövlət iki sistem (kommunist və kapitalist) forması da yaşanmaqdadır. Sovet İttifaqı isə bu fenomendən yararlana bilmədiyi üçün çökmüşdür. Artıq qloballaşan dünyamızda iqtisadi konvergensiyaları şərtləndirən, qarışıq iqtisadiyyat sistemini mükəmmələşdirən, regional birliklərdə adaptasiya olunan yeni meyillər güclənməkdədir. Təsadüfi deyil ki, hazırda konvergensiya istilahı inteqrir poroseslərin şərhi kimi dövriyyə olunur.