Archive
Dictionary
(ingiliscə - branch of economy - iqtisadiyyatın sahələri) iqtisadiyyatın nəzəri və ya praktik baxımdan ümumi oxşar xüsusiyyətləri, məqsədləri, funksiyaları və davranış normaları ilə fərqlənən böyük sahələri. İqtisadiyyatın sahə və ya komponent strukturu iri sahə qrupları arasında əlaqləri, rabitə və nisbətiləri əks etdir. Əsasən iki iri maddi və qeyri-maddi qrupa ayırılır. Hər qrup özünə aid olan qruplara bölünür. Dünya elmində və təcrübədə iqtisadiyyatın sahə strukturu başlıca olaraq sektorlu (sektorial yanaşma) əlamətə görə təsnifatlandırılır. Burada sahələri bir-birindən təsərrüfat formasına və məhsul istehsalı növünə görə də ayırırlar. Təsərrüfat forması baxımından iqtisadiyyat, əsasən, dövlət sektoruna (government sector) və özəl (private sector) sektora bölünür. Məhsul istehsalı kontekstində isə üçhədli klassik sektorial model (ingiliscə - three-sector hypothesis - üç sektor haqqında hipotez) əsas götürülür. Birinci sektor (primary sector) xammal hasilatı və onu yarımfabrikatlara çevirən emal sahələrini əhatə edir. Buraya aqrar-sənaye, hasilat və təbii xammalın ilkin emalı (daş kömr, neft-qaz, metal filizləri və s.) sahələri daxildir. İkinci sektora (secondary sector) hazır məhsul istehsal edən - emal sənayesi və tikinti müəssisələri aiddir. Bu sektor, ümumən, ölkə iqtisadiyyatının mühüm hissəsini təşkil etdiyindən onu həm də istehsal sektoru adlandırırlar. BMT statistikasında isə müvafiq bölgüsü dörd sektor üzrə aparılır. I sektor hasilat sənayesi, kənd və meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, II sektor emal sənayesi, nəqliyyat, tikinti, III sektor ticarət, maliyyə və sığorta işi, rabitə, xidmət sahələri, təhsil, səhiyyə, mehmanxana və restoranlar, sosial sahədə dövlət fəaliyyəti, daşınmaz əmlakla bağlı xidmətlər, IV sektor elm və elmi xidmət, konsaltinq, incinirinq, telekommunikasiya və aerokosmik rabitə, informasiya mühitini əhatə edir. Digər bir təsnifatda birinci və ikinci sektorlar birlikdə material istehsalı sektoru adlandırılır. Üçüncü sektor (tertiary sector) xidmət sferası müəssisələrini əhatə edir. Buraya nəqliyyat, rabitə, ticarət, səhiyyə, turizm və s. aid edilir. Hazırda inkişaf etmiş ölkələrdə üçüncü sektorun ÜDM-dəki payının əhəmiyyətli artımı onun “servis iqtisadiyyatı” adlanan ayrıca bir iqtisadiyyat sahəsinə çevirilməsinə gətirıb çıxarmışdır. “Üçüncü sektor” anlayışı fərqli bir müstəvidə daha çox sosial funksiyalar yerinə yetirən qeyri-hökumət təşkilatları sektoru kimi də analaşılır. İqtisadiyyatın çoxsaylı sektorial bölgüsündə “real sektor” və “maliyyə sektoru” təsnifatının da əhəmiyyəti böyükdür. Real sektor (real sector) bilavasitə material istehsalını, əmtəə və xidmətləri əhatə edir. Məhz bu sektorda yüksək mənfəət yaranır və əsas budcə daxilolmaları təmin edilir. Maliyyə sektoru (financial sector) isə maliyyə-kredit qruplarını birləşdirir. Müasir iqtisadi ədəbiyyatda dördüncü və beşinci sektor anlayışlarına da rast gəlinir ki, bunlar da üçüncü sektorun altsistemləri kimi çıxış edirlər. Dördüncü sektora (quaternary sector) da informasiya-kommunikasiya texnologiyaları sferasında ixtisaslaşan, həmçinin qlobal marketinq, bank, maliyyə, bir sıra elm sahələri, konsaltinq və təhsil xidmətləri göstərən müəssisələr aid edilir. Bu sektoru həm də çox zaman “informasiya sektoru” da adlandırırlar. İnformasiya sektoru müasir və gələcək iqtisadi inkişafın əsasında dayanır. Beşinci sektor (quinary sector) isə səhiyyə, mədəniyyət və elmi tədqiqatlar sahəsindəki ixtisaslaşmanı əhatə edir.