Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / Bakıda beş cildlik “Böyük İqtisadi Ensiklopediya”nın təqdimat mərasimi olmuşdur
Aprelin 10-da Bakıda Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktoru olduğu beş cildlik “Böyük İqtisadi Ensiklopediya”nın təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan ensiklopediyasının tarixi keçmişindən, “Böyük İqtisadi Ensiklopediya”dan bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən, akademik Akif Əlizadə bildirmişdir ki, ensiklopediya həm tarixi yaddaşdır, həm elmi biliklər toplusudur, həm də milli özünüdərkin və milli düşüncənin ifadəsidir. Azərbaycan xalqı özünün yaradıcı istedadını və elmi potensialını tarix boyu böyük bacarıqla nümayiş etdirmiş, görkəmli alimləri, elm xadimləri ilə daim qürur duymuşdur. Akademiyanın imkanlarından, burada yaradılmış elmi potensialdan müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır, onun müstəsna xidmətidir. Ulu öndərin qoyduğu yolu ənənəvi ardıcıllıqla davam etdirən Prezident İlham Əliyev Azərbaycan intellektual elitasının cəmləndiyi Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, onun fəaliyyətinin genişləndirilməsinə, elmi tədqiqatların ölkəmizin iqtisadi tərəqqisi ilə uzlaşdırmasına böyük diqqət göstərir.
A.Əlizadə vurğulamışdır ki, Azərbaycanda aparılan islahatlar müasirləşməyə istiqamətləndirilmişdir. Tarixi qaynaqlar üzərində müasirləşmə, elmi yenilik və innovasiyaların bəşər həyatında misilsiz yeri və rolu AMEA-da yetişmiş elmi kadrların fəal əməyi ilə ərsəyə gəlmiş “Böyük İqtisadi Ensiklopediya”nın da ana xəttini təşkil edir.
Azərbaycanda ensiklopediya mədəniyyəti tarixinin ən parlaq səhifələri, ensiklopediya yaradıcılığının böyük yüksəliş çağları ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndərin təşəbbüsü və dəstəyi ilə çap edilmiş “Azərbaycan Sovet Ensiklopediyası” ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olmuşdur. Elmi-informativ zənginliyi, məzmun mükəmməlliyi baxımından bu sanballı nəşr indi də öz möhtəşəmliyini saxlamışdır.
A.Əlizadə diqqətə çatdırmışdır ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dövrün tələblərinə cavab verən yeni milli ensiklopediyanın yaradılması zərurəti meydana çıxmış, Prezident İlham Əliyevin təşəbbüsü ilə mühüm qərarlar qəbul edilmiş, konkret təşkilati işlər görülmüş, yaradıcılıq istiqamətləri müəyyənləşdirilmiş və onların ardıcıllıqla həyata keçirilməsinə başlanılmışdır. Prezident İlham Əliyevin baş redaktorluğu ilə nəşr olunan “Azərbaycanın Milli Ensiklopediyası”nın artıq ilk cildləri oxucuların istifadəsinə verilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycanda ensiklopediya mədəniyyətinin yeni inkişaf mərhələsinin başlanması onun müxtəlif sahələr üzrə şaxələndirilməsi üçün geniş imkanlar da açmışdır. İctimai elmlər arasında özünəməxsus yer tutan, daim inkişafda olan iqtisad elminin cəmiyyətdə artan rolu bu istiqamətdə ayrıca təyinatlı ensiklopediyanın yaradılması məsələsini aktuallaşdırmışdır. Akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə hazırlanıb nəşr edilmiş irihəcmli fundamental “Böyük İqtisadi Ensiklopediya” da bu zərurətdən yaranmışdır.
Nəzərə çatdırılmışdır ki, “Böyük İqtisadi Ensiklopediya” dünya iqtisadiyyatının tarixi, bu gün iqtisadi həyatın müxtəlif sahələrində istifadə edilən terminlərin mahiyyəti, görkəmli iqtisadçıların fəaliyyəti barədə ətraflı məlumat və bilik mənbəyidir. Ensiklopediyada iqtisadi termin və anlayışların, nəzəriyyə və baxışların mükəmməl izahları verilmiş, iqtisadi hadisələrin məzmunu və əhəmiyyəti yüksək peşəkarlıqla açıqlanmış, müasir gerçəkliklər fonunda dünya iqtisad elminin nailiyyətləri hərtərəfli işıqlandırılmışdır.
Bildirilmişdir ki, beş cilddən ibarət, 10 minə yaxın termin, iqtisadi anlayış və məqaləni özündə ehtiva edən “Böyük İqtisadi Ensiklopediya” çoxsaylı nəzəri, faktoroloji materiallar əsasında ictimai həyatdan gələn sualları cavablandırmaqla oxucuya çoxsaylı iqtisadi hadisələr, kateqoriyalar, modellərlə bağlı zəruri bilgilər vermişdir. Topluda çoxsaylı anlayışların mahiyyəti yeni elmi interpretasiyada açıqlanmış, iqtisadiyyatın bütün səviyyələri üzrə, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, elmi iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında mühüm məlumatlar əksini tapmışdır.
Vurğulanmışdır ki, ensiklopediya əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı Azərbaycanın iqtisadi inkişaf modeli barədə aydın təsəvvür yaradır. Burada müstəqil Azərbaycan dövlətinin 20 ildə keçdiyi inkişaf yolu iqtisadi təhlil istiqamətlərindən səmərəli istifadə edilməklə çox dəqiq qiymətini almışdır. Bu qiymətləndirmədə, həmçinin elmi aspektdən hazırda Azərbaycanın ictimai həyatının bütün istiqamətlərini əhatə edən innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması məsələlərinə yer verilmişdir.
Bu ensiklopedik külliyyat elmi-analitik, metodoloji, leksik formatı, biblioqrafik və statistik informasiyalılığı, nəfis poliqrafik keyfiyyəti ilə də diqqəti cəlb edir. Yeni iqtisadi təfəkkürə köklənmiş bu irihəcmli nəşrdə müasir iqtisadi biliklərlə bağlı istənilən suala cavab tapmaq mümkündür. Bütün bunlar “Böyük İqtisadi Ensiklopediya”nın uzunömürlü olacağına əminlik yaradır.
Diqqətə çatdırılmışdır ki, “Böyük İqtisadi Ensiklopediya” zamanla ayaqlaşan iqtisadi külliyyat olmaqla MDB məkanında da milli dildə işıq üzü görmüş bu tipli ilk irihəcmli nəşrdir. “Böyük İqtisadi Ensiklopediya” ölkədə digər sahəvi ensiklopediyaların yaranmasına da güclü təkan verəcəkdir. Ensiklopediyada Azərbaycanın iqtisadi qüdrətinin və perspektiv inkişafının son dərəcə güclü elmi tərənnümdə verilməsinə istinadən, onun müvafiq hissələrini bir araya gətirərək xarici dillərə çevirmək və ayrıca kitab halında nəşr etdirmək də əhəmiyyətli olacaqdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Böyük İqtisadi Ensiklopediya”nın əhəmiyyətindən danışmış, onu yüksək qiymətləndirmişdir. X.Yusifzadə bildirmişdir ki, ensiklopediyada neft sənayesinin tarixindən başlamış, bu günədək neft sənayesində gedən bütün proseslər öz əksini tapmışdır. Gənc mühəndislər üçün bu çox vacib əsərdir.
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ensiklopediyanın əhəmiyyətindən, Azərbaycanın iqtisadi uğurlarından danışmış, toplunu ölkəmizin iqtisadiyyatının nailiyyəti kimi qiymətləndirmişdir. Vurğulanmışdır ki, gələcək nəsillər, cəmiyyətin bütün təbəqələri bu kitabı rahat oxuya bilər. Xüsusilə tələbələr üçün bu çox faydalı əsərdir. Abel Məhərrəmov bu sanballı nəşrin xarici dillərə çevrilməsinin vacibliyini də vurğulamışdır.
Mərkəzi Bankın sədri Elman Rüstəmov “Böyük İqtisadi Ensiklopediya”nın əhəmiyyətindən və vacibliyindən, Azərbaycanın iqtisadi uğurlarından danışmış, bu kitabı yüksək qiymətləndirmişdir.
E.Rüstəmov “Böyük İqtisadi Ensiklopediya”nın hazırlanmasını, geniş ictimaiyyətə təqdim olunmasını Azərbaycanın elmi, iqtisadi, ictimai və mədəni həyatında çox görkəmli hadisə adlandırmış, bu nəşrin geniş kütlənin iqtisadi maarifləndirilməsində mühüm rol oynayacağını diqqətə çatdırmışdır.
Mərkəzi Bankın sədri ensiklopediya yaradıcılığının böyük yüksəliş çağlarının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu demiş, hazırda bu işin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir.
Mərasimdə Akademik Teymur Bünyadov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, akademik Vasim Məmmədəliyev, Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev çıxış edərək Azərbaycan iqtisadiyyatının uğurlu inkişafından, “Böyük İqtisadi Ensiklopediya”nın əhəmiyyətindən danışmış, onu yüksək qiymətləndirmişlər.
Bildirilmişdir ki, bu ensiklopediya ölkəmizdə dünya səviyyəsində intellektual potensialın mövcudluğunu əks etdirir. Ensiklopediyanın hazırlanmasında dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyat lüğətlərindən, statistik külliyyatlardan, beynəlxalq iqtisadi, maliyyə-bank, əmək təşkilatlarının internet resurslarından səmərəliliklə istifadə olunmuşdur. Bu nəşr Azərbaycan iqtisad elminin inkişafında yeni bir keyfiyyət mərhələsinə keçidin əsasını qoymaqla ölkə iqtisadiyyatının dinamik və keyfiyyətli tərəqqisinə öz layiqli töhfəsini verəcəkdir.
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç iki ölkə arasında əlaqələrin uğurlu inkişafından, Azərbaycan iqtisadiyyatının dinamik tərəqqisindən danışmış, “Böyük İqtisadi Ensiklopediya”nın hazırlanmasını region üçün mühüm hadisə adlandırmış, ölkəmizi bu münasibətlə təbrik etmişdir. Bildirmişdir ki, bu ensiklopediyanın hazırlanması Azərbaycanın nüfuzunu dünyada və regionda daha da artıracaqdır. Əminəm ki, yeni nəşr xarici dillərə tərcümə ediləcək və beynəlxalq arenada bundan istifadə ediləcəkdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Böyük İqtisadi Ensiklopediya” haqqında ətraflı məlumat vermiş, bu nəşrin hazırlanmasında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirmişdir.
Ziyad Səmədzadə vurğulamışdır ki, dünya iqtisadiyyatının inkişafı ilə bağlı elə bir ciddi fikir yoxdur ki, kitabda olmasın. Ensiklopediyada dünya böhranının xronologiyası, ölkəmizin iqtisadiyyatının dinamikası, inkişafın Azərbaycan modeli, Azərbaycan iqtisadçılarının bütün əsas baxışları və digər məsələlər geniş şəkildə öz əksini tapmışdır. Ensiklopediyanın hazırlanmasında 10 mindən çox beynəlxalq miqyaslı ədəbiyyatdan istifadə edilmişdir.
Təqdimat mərasimində hökumət qurumlarının, beynəlxalq və yerli təşkilatların, elmi ictimaiyyətin, diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları iştirak etmişlər.
Professor Elşən Hacızadə mərasimdə yaxından iştirak etmiş, bu əlamətdar hadisə ilə bağlı Space televiziya kanalına müsahibə vermişdir.