Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / Azərbaycanın «Böyük İqtisadi Ensiklopediya»sı var
Ölkəmizin elmi-ictimai həyatında mühüm hadisə baş vermişdir. Respublikamızın ən nüfuzlu alim və mütəxəssislərinin cəlb edildiyi 5 cildlik "Böyük İqtisadi Ensiklopediya" bu yaxınlarda işıq üzü görmüşdür. Prof. Elşən Hacızadənin akademik Asəf Nadirovla “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsi də bu barədədir.
Azərbaycanın «Böyük İqtisadi Ensiklopediya»sı var
Təbiətin və cəmiyyətin müxtəlif sahələrini əhatə edən ensiklopediyaların meydana gəlməsinin çoxəsrlik tarixi olsa da, "ensiklopediya" termini beş yüz il əvvəl ingilis linqvisti Tomas Eliot tərəfindən "bütün məlum əşya və elmləri izah edən kitab" anlamında ictimai dövriyyəyə buraxılmışdır. Sözlərin mənası və təyinatı barədə minimum informasiya təqdim edən lüğətlərdən fərqli olaraq, ensiklopediyalar oxucuya daha geniş və əhatəli biliklər vermək missiyasını yerinə yetirir. Bəzən ensiklopediyalar lüğət formasında strukturlaşdırılmış elmi məlumat-sorğu kitabı adlandırılsalar da, onlar arasında mahiyyət daha çeşidli və dərindir. Belə ki, ensiklopediyalar insan biliklərinin bütün istiqamətləri üzrə təfərrüatları bir araya gətirən ayrıca bir bilik sahəsi kimi formalaşmışdır.
Azərbaycanda da ensiklopediya mədəniyyətinin öz tarixi var. Bu mühüm və dəyərli fəaliyyətin ən böyük yüksəliş çağları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü və dəstəyi ilə 1976-1987-ci illərdə çap edilmiş "Azərbaycan Sovet Ensiklopediyası" ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olmuşdur. Böyük elmi potensialın cəlb edilməsi ilə hazırlanan bu on cildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisəyə çevrildi. Elmi-informativ zənginliyi, məzmun mükəmməlliyi baxımından bu sanballı nəşr indi də öz möhtəşəmliyini saxlamışdır.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dövrün tələblərinə cavab verən yeni ensiklopediyanın yaradılması zərurəti meydana çıxdı. Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında", həmçinin "Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncamlar imzalamışdır. Yeni milli ensiklopediyanın hazırlanmasında azərbaycançılıq ideologiyası təməl prinsipi kimi önə çəkilmiş, onun respublikamızın yeni dövrdəki tələblərinə cavab verməsi, xalqımızın həyatındakı mühüm tarixi, ictimai-siyasi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirməsi kimi mühüm vəzifələri müəyyənləşdirilmişdir. Ölkə rəhbəri İlham Əliyevin baş redaktorluğu ilə nəşr olunan Azərbaycanın Milli Ensiklopediyasının artıq ilk cildləri oxucuların istifadəsinə verilmişdir.
Ensiklopediya mədəniyyətinin inkişafı, onun müxtəlif sahələr üzrə yeni motivasiyalarda şaxələndirilməsi imkanlarını xeyli dərəcədə genişləndirmişdir. Bu baxımdan ölkəmizdə də sahəvi ensiklopediyaların hazırlanmasına və nəşrinə ehtiyac və zərurət yaranmışdır. Xüsusən ictimai elmlər arasında özünəməxsusluğu ilə seçilən və daim inkişafda olan iqtisad elminin cəmiyyətdə artan rolu bu istiqamətdə ayrıca predmetik təyinatlı ensiklopediyanın yaradılması məsələsini də aktuallaşdırmışdır. Bu artan aktuallığı sovet sisteminə xas ideoloji məhdudiyyət və qadağaların aradan qaldırılması, qloballaşan dünyanın yeni çağırışları ilə yanaşı, həm də Azərbaycanda keçid dövrünün başa çatması, milli iqtisadiyyatın modern əsaslarda davamlı inkişafının sürətləndirilməsi və respublikanın dünya birliyi ölkələri sırasında rolunun və yerinin daha da möhkəmləndirilməsi reallıqları obyektiv zərurətə çevirmişdir. Zamanın bu tələblərinə cavab olaraq akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə respublikada ilk dəfə irihəcmli fundamental "Böyük İqtisadi Ensiklopediya" hazırlanmış və nəşr edilərək oxucuların müzakirəsinə verilmişdir. Müstəqil Azərbaycan dövlətinin ilk iqtisadiyyat ensiklopediyasının nəşrinin məhz bu gün meydana çıxması ümummilli lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" məşhur kəlamının əyani gerçəkliyini burada da bir daha təcəssüm etdirmişdir.
Olduqca böyük zəhmətin nəticəsi olan "Böyük İqtisadi Ensiklopediya"nı vərəqləyib dünya iqtisadiyyatının tarixi, bu gün iqtisadi həyatın müxtəlif sahələrində istifadə edilən terminlərin mahiyyəti, görkəmli iqtisadçıların fəaliyyəti barədə və verilən yazılarla tanış olduqda bu ensiklopediyanın ideya müəllifinə, baş redaktoruna və onunla birlikdə çalışanlara da xoş mənada qibtə edirsən. Burada Nizaminin bir kəlamını xatırlamaq yerinə düşərdi:
Hər kəs öz sənətindən yapışsa əgər,
Dünyada nə əksə, onu da biçər.
Ölkəmizin elmi-ictimai həyatında mühüm hadisə kimi dəyərləndirilən "Böyük İqtisadi Ensiklopediya"nın hazırlanması işinə respublikamızın ən nüfuzlu alim və mütəxəssisləri cəlb edilmişlər. Onların fəal yaradıcı əməyi ilə ensiklopediyada iqtisadi termin və anlayışların, nəzəriyyə və baxışların mükəmməl izahları verilmiş, iqtisadi hadisələrin məzmunu və əhəmiyyəti yüksək peşəkarlıqla açıqlanmış, müasir gerçəkliklər fonunda dünya iqtisad elminin nailiyyətləri hərtərəfli işıqlandırılmışdır. Elmi-redaksiya heyətinin üzvləri kimi demək istərdik ki, ensiklopediyaya daxil edilən hər bir termin və anlayışın məzmunu onların dəfələrlə müzakirəsi, ekspertiza edilməsi ilə bir daha aydınlaşdırılmış, məqalələrin əksəriyyəti müvafiq iqtisadi strukturlarda baxılmış, yaradıcı heyətin ayrı-ayrı mənbələrdən ünvanına göndərilən dəyərli tövsiyə və təkliflər nəzərə alınmışdır.
Beş cilddən ibarət, 10 minə yaxın termin, iqtisadi anlayış və məqaləni özündə ehtiva edən "Böyük İqtisadi Ensiklopediya" çoxsaylı nəzəri, faktoroloji material əsasında ictimai həyatdan gələn sualları cavablandırmaqla oxucuya çoxsaylı iqtisadi hadisələr, kateqoriyalar, modellərlə bağlı zəruri bilgilər verir. Burada makroiqtisadi tarazlıq, marketinq, investisiya, menecment, maliyyə, audit, mühasibatlıq, pul-kredit, qiymətli kağızlar bazarı, rəqabət, inhisar, innovasiyalar, nanoiqtisadiyyat və digər bu kimi çoxsaylı anlayışların mahiyyəti yeni elmi interpretasiyada acıqlanır, iqtisadiyyatın bütün səviyyələri üzrə, muxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, elmi iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında mühüm məlumatlar əksini tapır. Ensiklopediyanın hazırlanmasında dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyat luğətlərindən, statistik külliyyatlardan, beynəlxalq iqtisadi, maliyyə-bank, əmək təşkilatlarının internet resurslarından səmərəliliklə istifadə olunmuşdur.
Azərbaycanın müasir iqtisadi-hüquqi, sosial-siyasi sisteminin müxtəlif aspektlərinin geniş işıqlandırılması ensiklopediyanın mühüm fərqləndirici cəhətlərindən biridir. Burada müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artmasına, dunya iqtisadiyyatına inteqrasiyasına xidmət edən inkişaf strategiyası, azad bazar munasibətlərinin genişlənməsinin və milli maraqlara cavab verən yeni iqtisadi sistemin formalaşmasının elmi-metodoloji əsasları və mahiyyəti barədə konkret fakt və dəlillərə istinad edən məqalələr əksini tapmışdır. Ensiklopediyada ölkənin sosial-iqtisadi inkişafını kompleks şəkildə təfərrüfatlandıran milli təbii sərvətləri, sənaye və innovasiya potensialı, sahə və müəssisələrin investisiya imkanları, sosial və istehsal infrastrukturu, dövlət və hökumət strukturları, xarici iqtisadi əlaqələr coğrafiyası, beynəlxalq təşkilatlarda təmsilçilik, milli iqtisadi nailiyyətlər haqqında tutumlu məlumatların elmi-analitik, statistik və qrafik tərtibatda verilməsi ensiklopedik innovasiya kimi qiymətləndirilməlidir.
Bir gerçəklikdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əzmkar fəaliyyəti ilə aparılan miqyaslı islahatlar nəticəsində ölkə iqtisadiyyatında daha geniş möhtəşəmlik əldə olunmuşdur. Milli neft strategiyasının multiplikativ effektləri iqtisadi artımda yeni özək təşkil edəcək qeyri-neft sektorunun formalaşmasına rəvac vermiş, neft-qaz sərvətlərinin insan kapitalına çevrilməsi mərhələsinə qədəm qoyulmuşdur. Bu transformasiyanın mühüm elementi olaraq informasiya-kommunikasiya texnologiyaları çıxış etməkdədir. Ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi istiqamətində sistemli fəaliyyət aparılır. Odur ki, ensiklopediyada müasir dünyada informasiya cəmiyyətinə keçid prosesinin özəllikləri, informasiya-kommunikasiya texnologiyarı sektorunun iqtisadi inkişafdakı rolu xüsusi qeyd edilir. Bu sahədə Azərbaycandakı sürətli inkişaf ön plana çəkilir, onun yeni institusional yaranışlardakı əhəmiyyətini genişliklə əks etdirən yazılar, məqalələr, müvafiq indekslər və reytinq cədvəlləri verilir.
Ensiklopediya əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı Azərbaycanın iqtisadi inkişaf modeli barədə aydın təsəvvür yaradır. Oxucuda bir daha belə bir qənaət möhkəmlənir ki, müstəqil dövlətimiz qarşıya qoyulmuş məqsəd və vəzifələrin dəqiq müəyyənləşdirildiyi, xalqın keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcək bu model əsasında uğurla inkişaf edir. Burada müstəqil Azərbaycan dövlətinin 20 ildə keçdiyi inkişaf yolu iqtisadi təhlil instrumentariyadan səmərəli istifadə edilməklə çox dəqiq qiymətini almışdır. Bu qiymətləndirmədə, həmçinin elmi aspektdən hazırda Azərbaycanın ictimai həyatının bütün istiqamətlərini əhatə edən innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması və ölkəmizin yaxın on ildə ÜDM-in iki dəfə artırılması ilə müşayiət olunacaq güclü sosial irəliləyişləri sürətləndirən inkişafın yeni mərhələsinə qədəm qoymasına da geniş yer verilmişdir. Ensiklopediyanın ana xəttini təşkil edən bütün bu elmi-təhlili potensial isə öz növbəsində, Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası hazırlanması istiqamətində mühüm baza rolunda çıxış əldə etmə imkanı yaradır.
Ensiklopediyada cəmiyyətdə iqtisadi mədəniyyətin yuksəldilməsi, iqtisadi təhsilin təkmilləşdirilməsi, bazar strukturları və infrastrukturları haqqında ensiklopedik məlumatlarla yanaşı, Azərbaycan elminə dəyərli töhfələr vermiş görkəmli iqtisadçı alimlər, milli iqtisadiyyatımızın tarixi inkişafında mühüm xidmətləri olan sahibkarlar və iş adamları haqqında məqalələr böyük maraqla oxunur. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda müasir iqtisad elmi məktəbinin yaradıcılarından biri olan akademik Ziyad Səmədzadə bu ensiklopediyada haqqında söz açılan iqtisadçı alimlərin əksəriyyətini şəxsən tanıyır ki, bu amil də heç şübhəsiz, həmin görkəmli şəxsiyyətlər barədə məqalələrin informasiya dolğunluğunun təmin edilməsində mühüm əhəmiyyəti olmuşdur.
Ensiklopediyanın xarakterik cəhətlərindən danışarkən onu da qeyd etmək lazımdır ki, nəşrdə kontinental iqtisadi fikir tarixləri ilə bağlı yazılar da diqqəti cəlb edir. Bu, bir faktdır ki, Şərqin yaradıcı iqtisadi fikir tarixi daim öncül mövqedə dayanaraq bütövlükdə bəşəri sivilizasiyanın inkişafına mühüm təsir göstərmişdir. Lakin ötən əsrdə böyük bir məkanda sovet sistemi bu fikir tarixinin təbliğ olunmasına məhdudiyyətlər qoymuşdu. Bu baxımdan da dövrün iqtisadi ədəbiyyatlarında Şərqin iqtisadi fikir tarixini əks etdirən materiallar o qədər də geniş əksini tapmırdı. "Böyük İqtisadi Ensiklopediya" bu şərəfli vəzifəni də ləyaqətlə yerinə yetirmişdir. Onun səhifələrində Şərqin iqtisadi təlimlər tarixi, iqtisadi məktəbləri, həmçinin Şərq ölkələrinin özünün iqtisadi tarixi ilə bağlı elmi-ensiklopedik məqalələr yer almış, İslam iqtisadiyyatının görkəmli nümayəndələri və mütəfəkkirləri barədə geniş biblioqrafik yazılar verilmişdir.
"Böyük İqtisadi Ensiklopediya"nın unukallığı bir də onunla bağlıdır ki, bu sanballı nəşr formalaşmış mövcud iqtisadi vəziyyətə istinadən çox düşünülmüş, biçimli bir sxemdə qurulmuşdur. Bu da çox böyük əməktutumlu nəşrdə minlərlə səhifəni özündə birləşdirən nəhəng informasiya təbəqəsinin ümumiləşdirici vahidliyini və bütövlüyünü təmin edir. Yazılara nəzər yetirdikdə, onlarda çoxlu emosiya mövcudluğu nəzərə çarpır. Onu da qeyd edək ki, yaradıcı heyətin gərgin və səriştəli əməyi ilə hər bir istilah və anlayış mümkün qədər ixtisaslı səviyyədə təqdim olunmuşdur.
Çoxsaylı iqtisadi məsələlərə novator yanaşma sistemi ilə seçilən ensiklopediyanın özəlliklərindən danışarkən onu da qeyd etmək lazımdır ki, nəşrdə bir sıra beynəlxalq terminlərin Azərbaycan dilində qarşılığı da verilmişdir. Nəşrdəki 1200-dən çox cədvəl, sxem, qrafik, 1800-dən çox şəkil vizual informasiya mənbəyi olaraq, mətnlərin daha yaxşı mənimsənilməsinə xidmət edir. Özünün canlı dili, adekvat üslubu ilə oxucunu iqtisadi həyatın bütün sferalarında istifadə etmək üçün zəruri informasiya ilə təchiz edir.
Bu ensiklopedik külliyyat elmi-analitik çoxaspektliliyi, metodikliyi, leksik formatı, biblioqrafik və statistik informasiyalılığı, nəfis poliqrafik keyfiyyəti ilə də diqqəti cəlb edir. Yeni iqtisadi təfəkkürə köklənmiş bu irihəcmli nəşrdə müasir iqtisadi biliklərlə bağlı istənilən suala cavab tapmaq mümkündür. Bütün bunlar "Böyük İqtisadi Ensiklopediya"nın uzunömürlü olacağına əminlik yaradır.
Məlumdur ki, Azərbaycanda müasir iqtisadi nəzəriyyənin təcrübə, real həyatla daha sıx uzlaşmaması problematik məsələlərdəndir. Bununla əlaqədar olaraq konkret məqsədlərə xidmət edən iqtisadi biliklərin geniş toplumuna ehtiyac duyulur. Bu mənada "Böyük İqtisadi Ensiklopediya" istifadəçilər üçün çox geniş informasiya mənbəyi, həm də maraqlı müsahib və opponentdir. İnamla deyə bilərik ki, bu nəşr iqtisadi sferada rasional və kompetensiyalı qərarların qəbul edilməsinə kömək göstərəcəkdir.
Onu da qeyd edək ki, bir neçə sətirlik terminlərdən tutmuş iri həcmli məqalələrədək hər bir yazı maraqla oxunur. İlk baxışda adi, quru rəqəmlərdən ibarət olan sxem və cədvəllərdə saysız-hesabsız faktlar, insanı düşündürən proseslər, ölkələrin problemləri, əhalinin yaşayış səviyyəsi, ayrı-ayrı ölkələrdə demoqrafik göstəricilər və s. problemlər elə incəliklə, dolğun müqayisə olunmuşdur ki, bunlar iqtisadçı qədər də tarixçiyə, ədəbiyyatçıya, müəllimə, həkimə, mühəndisə, tələbəyə, bir sözlə, hamıya maraqlıdır. Elə buna görə də böyük əminliklə deyə bilərik ki, akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktor kimi rəhbərliyi ilə çapdan çıxmış "Böyük İqtisadi Ensiklopediya" hamının stolüstü kitabına çevriləcəkdir.
Azərbaycanın ilk iqtisadi bestselleri kimi ensiklopediya kitab aləmində özunəməxsus yer tutacaqdır. Tam məsuliyyətlə bildirmək olar ki, ölkənin və onun hüdudlarından kənarda sayılıb-seçilən iqtisadçı alimlər arasında özünəməxsus yeri və sanbalı olan akademik Ziyad Səmədzadə ağır bir işi öhdəsinə götürmüş və onu layiqincə də yerinə yetirməklə, Azərbaycan elminə, xüsusilə də iqtisad elminə böyük töhfə vermişdir.
Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, "Böyük İqtisadi Ensiklopediya" zamanla ayaqlaşan iqtisadi külliyyat olmaqla MDB məkanında da milli dildə işıq üzü görmüş bu tipli ilk irihəcmli nəşrdir. Yəqin ki "Böyük İqtisadi Ensiklopediya" ölkədə digər sahəvi ensiklopediyaların yaranmasına da güclü təkan verəcəkdir. Ensiklopediyada Azərbaycanın iqtisadi qüdrətinin və perspektiv inkişafının son dərəcə güclü elmi tərənnümdə verilməsinə istinadən, onun müvafiq hissələrini bir araya gətirərək xarici dillərə çevirmək və ayrıca kitab halında nəşr etdirmək də əhəmiyyətli olacaqdır.
Azərbaycan iqtisad elmi böyük tarixə malikdir. Bu böyük inkişaf tarixi ərzində milli iqtisad elminin töhfələri və uğurları çox olmuşdur. Bu gün bu uğurlara "Böyük İqtisadi Ensiklopediya" da öz sanbalı ilə qatılır. Hesab edirik ki, ensiklopediya bəşəri elmin ən mühüm istiqamətlərindən biri sayılan iqtisad elminin respublikamızda səmərəli tədrisinə, onun real həyatla əlaqəsinin möhkəmlənməsinə, milli iqtisadi təfəkkürün inkişafına layiqli xidmət göstərəcəkdir. Heç şübhəsiz ki, artıq geniş elmi-ictimai əks-səda və maraq doğurmuş "Böyük İqtisadi Ensiklopediya" hamının rəğbətini qazanacaq, yalnız tələbələrin, magistrlərin, doktorantların, müəllim və mütəxəssislərin, sahibkar və investorların deyil, ümumən kütləvi oxucu auditoriyasının tələbatını dolğun təmin edəcəkdir.
Bu çətin və mürəkkəb intellektual əmək tələb edən nəşrin işıq üzü görməsi münasibətilə görkəmli akademiki və onunla çiyin-çiyinə çalışıb "Böyük İqtisadi Ensiklopediya"nı ərsəyə gətirən bütün yaradıcı heyəti, Azərbaycanın elmi ictimaiyyətini təbrik edirik. Böyük alim, akademik Ziyad Səmədzadəyə yeni elmi axtarışlar və yaradıcılıq uğurları, həyat sevincləri arzulayır və ona dərin təşəkkürlərimizi bildiririk.
Asəf NADİROV,
akademik
Elşən HACIZADƏ,
iqtisad elmləri doktoru, professor
"Azərbaycan" qəzeti, 23 noyabr 2012-ci il,
"İqtisadiyyat" qəzeti, 30 noyabr - 6 dekabr 2012-ci il.