Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / «Azərbaycanın vergi jurnalı» nın ikinci nömrəsi çapdan çıxmışdır
Vergilər Nazirliyinin resenziyalı elmi nəşri olan «Azərbaycanın vergi jurnalı»nın 2-ci (mart-aprel) nömrəsi 2700 nüsxə ilə çapdan çıxmışdır. Jurnalın bu nömrəsində də ənənəvi rubrikalar öz yerini tutur.
"Rəsmi" rubrikasında Avronest Parlament Assambleyasının (PA) aprelin 3-də Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında keçirilmiş ikinci sessiyasının rəsmi açılış mərasimində Prezident İlham Əliyevin nitqinin tam mətni, dövlətimizin başçısının sədrliyi ilə aprelin 16-da keçirilmiş, Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas barədə geniş məlumat, həmçinin, həmin iclasda vergilər naziri Fazil Məmmədovun çıxışının tam mətni dərc edilmişdir.
Vergilər nazirinin Böyük Britaniya Krallığının və Ukrayna Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri ilə görüşləri, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) «Vergi borclarının idarə edilməsi» üzrə İşçi Qrupunun Bakıda keçirilmiş ilk iclası, Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası, həmçinin, Vergilər Nazirliyində Avropa Şurası Yerli və Regional hakimiyyətlər konqresinin nümayəndə heyəti ilə keçirilmiş görüş barədə məlumatlar “Əməkdaşlıq” rubrikasında yerləşdirilmişdir.
Oxucular jurnalın bu nömrəsində Amerika Ticarət Palatasının (AmCam) təşkilatçılığı ilə “Azərbaycanda vergitutma: yeni vergi mədəniyyəti naminə” mövzusunda keçirilmiş konrans haqqında məlumat və konfrans iştirakçılarının fikirləri ilə də tanış ola bilərlər.
"Müsahibə" rubrikasında Türkiyənin tanınmış iqtisad nəzəriyyəçilərindən olan 9 Eylül Universiteti “İqtisad tarixi” kafedrasının müdiri professor Recep Kökün “Azərbaycanın inkişaf prosesini böyük fərəh hissi ilə izləyirəm...” başlıqlı müsahibəsi verilmişdir. Müsahibəni jurnalımızın məsləhətçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Elşən Bağırzadə almışdır.
Nömrədə bir necə qanunvericilik sənədi, o cümlədən, “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarında dəyişikliklər edilməsi barədə”, “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”, “Dövlət reyestr kitabı”, “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi” və “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları dərc edilmişdir.
Jurnalın elmi məqalələr blokunda bu dəfə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən tədqiqatların nəticələrinin əks olunduğu elmi məqalələr yerləşdirilmişdir. Bunlar i.e.d., prof. E.Hacızadənin “Neft-qaz sektorunun inkişafının iqtisadi artıma təsirinin qiymətləndirilməsi”, i.e.d. Y.Kəlbiyevin “Fiziki şəxslərin gəlir və hüquqi şəxslərin mənfəət vergilərinin inteqrasiyası”, i.e.d., prof. R.Həsənovun “Müasir Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin xüsusiyyətləri”, i.e.f.d. P.Rzayevin “İqtisadiyyatın vergi tənzimlənməsi istiqamətində vergitutmanın optimallaşdırılması”, i.e.f.d. S. Səməndərovun “XX əsrin 20-ci illərinin əvvəllərində Azərbaycanda daxili və xarici ticarət, gömrük işinin təşkili ilə əlaqədar dəyərləndirmələr”, Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı E.Abdullayevanın “Post-sosialist iqtisadiyyatında dövlət mülkiyyətinin tədqiqinin nəzəri və metodoloji aspektləri” (rus dilində), AMEA-nın İqtisadiyyat İnstitutunun dissertantı Y.Muradovun “Azad iqtisadi zonalarda vergi stimullaşdırılması”, Bakı Dövlət Universitetinin dissertantı K.Eyyubovun “Azərbaycanda 2000-2010-cu illərdə məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin təhlili”, AMEA-nın Kibernetika İnstitutunun elmi işçisi S.Ağayevin “Sadələşdirilmiş vergi ödəyicilərinin paylanma qanunu və vergidən yayınma riski” başlıqlı məqalələridir.
Jurnal «Elm korifeyləri» rubrikasında oxuculara bu dəfə 1986 və 1987-ci illərdə Nobel mükafatına layiq görülmüş Amerika iqtisadçıları Ceyms Byukenen və Robert Solounun həyatı və elmi yaradıcılığı barədə oxuculara məlumat verir.
Bu nömrədə jurnal "İqtisadi terminlər lüğəti"nin dərcini də davam etdirmiş, həmçinin, üç dildə "Müəllif qaydaları"nı çap etmişdir.