Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Xəbərlər / «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında informasiya-kommunikasiya texnologiyaları xüsusi diqqət mərkəzində saxlanılır
İyunun 19-da Yeni Azərbaycan Partiyası (YAP) "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "İKT: reallıqlar və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirmişdir.
Tədbirdə çıxış edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən hazırlanmaqda olan İnkişaf Konsepsiyası nəzərdə tutulan illər ərzində Azərbaycanın daha yüksək inkişaf edən dövlətə çevrilməsinə, sosial-iqtisadi həyatın daha dinamik tərəqqisinə təkan verəcəkdir.
Konsepsiyanın hazırlanması ilə bağlı bu cür tədbirlərin mütəmadi keçirildiyini vurğulayan Ə.Əhmədov burada informasiya-kommunikasiya texnologiyalarının xüsusi diqqət mərkəzində saxlanıldığını və bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini demişdir.
Geniş təqdimatla çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, Azərbaycan hökumətinin İKT xərcləri 2020-ci ildə 3,6 milyard ABŞ dolları təşkil edəcəkdir. Təxminən eyni məbləğdə vəsait özəl sektor tərəfindən də sərf olunacaqdır ki, nəticədə Azərbaycanda İKT sahəsinə yatırılacaq sərmayələrin həcmi 2020-ci ildə 7 milyard ABŞ dollarını keçəcəkdir.
Ə.Abbasov vurğulamışdır ki, 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, elektron hökumət və kibercinayətkarlıqla mübarizə kimi sahələrin hər birinə bir milyard ABŞ dolları məbləğində vəsait ayrılacaqdır. Bundan əlavə, regional iqtisadi zonaların yaradılmasına 500 milyon, rəqəmsal televiziyanın inkişafına 100 milyon ABŞ dolları məbləğində vəsait sərf olunacaqdır.
Nazir Azərbaycan iqtisadiyyatında istehsalın İKT-dəki payının 2020-ci ildə hazırkı 9,54 faizdən 25 faizədək, İKT-nin ümumi daxili məhsuldakı (ÜDM) payının isə hazırkı 2,5 faizdən 10 faizə çatacağının gözlənildiyini bildirmişdir.
Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Milli Məclisin deputatı, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev, AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, professor Şahlar Əsgərov da İnkişaf Konsepsiyasının əhəmiyyətindən danışmışlar. Natiqlər bildirmişlər ki, bu istiqamətdə keçirilən tədbirlərin məqsədi konsepsiyanın hazırlanmasına dair verilən təklifləri Azərbaycanın gələcək inkişafını davamlı təmin edən mükəmməl formaya salmaqdır. Konsepsiya ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının yeni modellər üzrə inkişaf etdirilməsində, insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.
Professor Elşən Hacızadə dəyirmi masada iştirak etmişdir.
Azərbaycan qəzeti, 20 iyun 2012-ci il.