Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / QURUDAKI NEFT-QAZÇIXARMA KOMPLEKSİNDƏ İQTİSADİ İSLAHATLAR VƏ SƏMƏRƏLİLİK PROBLEMLƏRİ
E.M.Hacızadə, «Təfəkkür» Universiteti
Azərbaycanın neftqazçıxarma sənayesində yaranmış vəziyyət onun iqtisadiyyatına və tərəqqisinə böyük təsir göstərir. Bu gün respublikanın elmi-texniki, istehsal potensialını neftqazçıxarma sənayesiz təsəvvür etmək qeyri-mümkündür. Məhz buna görə də Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun iqtisadi dirçəlişi neft və qaz sənayesinin yenidən qurulmasını, inkişaf etdirilməsini son dərəcə obyektiv zərurətə çevirir.
Respublikamız dövlət müstəqilliyini əldə etdikdən sonra xarici dövlətlərin iri şirkətlərinin regiona, Xəzərin zəngin neft və qaz ehtiyatlarına marağı xeyli yüksəlmişdir. Hazırda karbohidrogen resurslarından istifadə məsələsi dünya siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm H. Ə. Əliyev cənablarının apardığı ardıcıl prinsipial siyasət öz bəhrəsini verməkdədir.
Xəzərdəki iri neft və qaz yataqlarının kəşfi və istismarı ilə əlaqədar son onilliklərdə olduğu kimi, hazırda da Azərbaycanın neftqazçıxarma kompleksində əsas diqqət dənizdəki yataqlara yönəlmiş, quru sahələrdə isə hasilatın artırılmasını təmin edən nəticələr alınmamışdır. Bu gün quru sahələrdə neft hasilatı 1,5 milyon tona, qaz hasilatı 240 milyon kubmetrə enmişdir. Hazırda quruda mövcud olan 42 neft və qaz yatağından 37-si istismar olunur. Bir neçə yataqda istismar istisna olmaqla hasilat özünün sonuncu mərhələsini yaşayır. Lakin elmi axtarışlar sübüt edir ki, vəziyyət çıxılmaz deyildir. Quru sahələrdə yeni iri neft-qaz yataqlarının kəşf imkanları hələ tükənməmişdir. Hesablamalara görə quru sahələrdə 136 milyon ton neft, 40 mlrd. kubmetr qaz ehtiyatları vardır. İndiki hasilat tempi ilə bu yataqların istismarı 80 ilə davam edə bilər. Bununla belə, elmi hesablamalar göstərir ki, Azərbaycanın quru sahələrində mümkün neft ehtiyatları 1 milyard ton həddindədir.
Sabitliyin təmin edilməsi, hasilatın artırılması üçün hazırkı şəraitdə qurudakı neft-qaz kompleksində iqtisadi islahatların aparılması sürətləndirilməlidir. Bunun üçün bir sıra tədbirlərin sistemli həyata keçirilməsi vacibdir. Məlum olduğu kimi, quru sahələrdəki neft ehtiyatları dənizdəki ehtiyatlardan xeyli aşağıdır. Xarici investorlar Xəzər dənizindəki ehtiyatların istismarının səmərəli və çox gəlirli olmasını nəzərə alaraq, quru sahələrə iri qoyuluşların sərf edilıməsini məqsədəuyğun hesab etmirlər. Tədqiqatlar göstərir ki, quruda sabitliyi təmin etmək, hasilatı artırmaq üçün daxili imkanlar mövcuddur. Bunun üçün ilk əvvəl sahənin bütün maliyyə resurslarını cəmləşdirərək onun səmərəli bölgüsünü, hasilat üzrə istehsal xərclərinin azaldılması tədbirlərini, lüzumsuz əmlakın satılmasını və özəlləşdirilməsini təmin etmək, debitor və kreditor borclarının azaldılması tədbirlərini həyata keçirmək, borcları minimuma endirmək və ümumiyyətlə, bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq uzunmüddətli borcların tamamilə ləğvinə nail olmaq gərəkdir. Bununla yanaşı, quruda neftqazçıxarma kompleksində mövcud problemlərin həlli üçün sahədə islahatların aparılmasını sürətləndirmək, hasilatı təmin edən mövcud İstehsalat Birliyinin strukturunu təkmilləşdirmək, onu bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə yenidən təşkil etməklə, çevik idarəetmə aparatı yaratmaq da lazımdır.
Sahədə iqtisadi islahatların səmərəliliyi, onun maliyyə vəziyyətinin sağlamlaşdırılması bu istiqamətdə ayrı-ayrı neftqazçıxarma müəssisələri üzrə daha təsirli tədbirlərin həyata keçirilməsini, yaranmış problemlərin həllinə hökumət qayğısını tələb edir. Məhz dövlətin qayğısı və səmərəli müdaxiləsi kompleksdə dirçəlişi təmin edə bilər.
Qurudakı neftqazçıxarma istehsalında iqtisadi islahatların strategiyasında mühüm istiqamətlərindən biri də məşğulluq problemidir. Böyük işçi qrupuna malik olan kompleksdə səmərəsiz iş yerləri bolluq təşkil edir. Bugünkü reallıq isə belə iş yerlərinin ixtisarının zəruriliyinə dəlalət edir. Müasir idarəetmə və uçot texnikasından istifadə etməklə daha səmərəli istehsal mexanizminin yaradılması mümkündür.
Respublikamızın neft sənayesinin gələcək inkişafı üçün təxirəsalınmaz tədbirlər kimi, böyük neftlə əlaqədar, yaxın vaxtlarda neft kompleksində yeni strukturların yaradılması problemləri qarşıda durur. Bu gün neft-energetika kompleksinə rəhbərliyin vahid idarəetmə strukturu tərəfindən həyata keçirilməsi müstəsna əhəmiyyət kəsb edir. Belə bir mühüm idarəetmə strukturunun (nazirliyin) yaradılması neft, qaz, elektrik enerjisi kimi strateji resurslardan qanaətlə istifadə olunmasına, burada dünya standartlarına uyğun tədbirlərin, proqramların həyata keçirilməsinə, bu sahələr arasında illər boyu mövcud olan qarşılıqlı ittihamların, borcların həllində fəal amil rolunu oynaya bilər. Bu məsələnin tezliklə həlli milli dövlət mənafeyi baxımından da çox gərəklidir. Yanacaq-Energetika Nazırliyinin yaradılması vəziyyətində qurudakı neftqazçıxarma kompleksinin də ayrıca Səhmdar Cəmiyyətə çevrilməsi ideyası da reallaşa bilər. Azərbaycan alimləri neft biznesi ilə əlaqədar respublika Prezidenti yanında analitik qrupun yaradılmasını, bütün neft üzrə informasiyaların mərkəzləşdirilməsini, neft kompleksinin strukturunda servis, marketinq, kommersiya əlaqələndirmə kimi bölmələrin, eyni zamanda Qərbin qarantı ilə Azərbaycan Neft Bankının yaradılmasının zəruriliyini məqsədəuyğun hesab edirlər. İqtisadi islahatları sistemli şəkildə aparmaq və səmərəli tədbirləri həyata keçirməklə quru sahələrdə neft hasilatını 2005-2007-ci illərdə 5 milyon tona çatdırmaq mümkündür.
Dünyanın geosiyasi prosesində neft öz əvəzsiz təsir dairəsini göstərməkdədir. Bütün dövlətlər indiki və gələcək iqtisadiyyatlarını, neft hasil edib-etməməsindən asılı olmayaraq, neft biznesi və onun inkişafı ilə əlaqəli sistemdə qururlar. Elə buna görə də indiki məqamda Qərb dövlətləri öz iqtisadiyyatının sonrakı inkişaf mərhələlərində Yaxın Şərqin neft sənayesində asılılığın azaldılmasının həllini Qazaxıstandakı, Vyetnam sahillərindəki və Azərbaycandakı neft yataqlarının işlənilməsinə sərmayə qoyulmasında görürlər.
Neft amili ötən müddətlərdə olduğu kimi, indi də strateji məsələ olaraq qalır. Bu gün neft məsələsi ətrafında gedən danşıqlar prosesinə və onun nəticələrinə nəzər salsaq görərik ki, neft amili gündəlikdə olan adi iqtisadi məsələ deyil, bu, Azərbaycanı etnik-siyasi münaqişələr burulğanından xilas edəcək, onun dövlət müstəqilliyini möhkəmləndirəcək, xalqın maddi rifah halını yaxşılaşdıracaq bir vasitədir. Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi, gələcəyi məhz bu gün neft siyasətindən nə dərəcədə bacarıqla istifadə olunmasından asılı olacaqdır. Son dərəcə böyük diqqət tələb edən və xarakterinin mürəkkəbliyi ilə seçilən neft siyasəti və diplomatiyası xalqımızın gələcək taleyində şanlı səhifələrin açılacağını təmin edəcəkdir.
7.Qurudakı neftqazçıxarma kompleksində iqtisadi islahatlar və səmərəlilik problemləri. «Azərbaycan XXI əsrin astanasında» Respublika elmi-praktiki konfransının materialları. (M.C..Atakişiyev və K.A.Abdullayeva ilə müştərək). Bakı.1998. 0,2 ç.v.