Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / O, ÖMRÜNÜ ELMİN VƏ TƏHSİLİN İNKİŞAFINA HƏSR EDİB...
i.e.d., prof. E.M.Hacızadə
Azərbaycanda iqtisad elminin inkişafında, sənaye və xidmət sahələri üzrə iqtisadçı mütəxəssislərin və alimlərin yetişdirilməsində diqqətəlayiq xidmətləri olan iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin 70 yaşı tamam olur. Hazırda da böyük həvəs və şövqlə elmi-pedaqoji fəaliyyətini davam etdirən tanınmış alimin ömür yolu taleyini elmi yaradıcılığa bağlamaq istəyən gənclər üçün bir örnəkdir.
Tərbiz Nəsib оğlu Əliyev 1947-ci ildə Füzuli rayоnunun Əhmədbəyli kəndində dünyaya göz açıb. 1965-ci ildə оrta məktəbi bitirərək Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis-iqtisad fakültəsinə daхil оlub, 1970-ci ildə həmin institutu “Kimya sənayesinin iqtisadiyyatı və təşkili” iхtisası üzrə bitirib və o vaxtkı Dövlət Plan Kоmitəsinin elmi-tədqiqat müəssisəsində əmək fəaliyyətinə başlayıb.
Sonrakı elmi-pedaqoji və təsərrüfat fəaliyyəti dövründə kiçik elmi işçi, böyük iqtisadçı, şöbə müdiri, idarə rəisi, direktor, baş direktor vəzifələrində çalışıb. Uzun illər Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) “Neft emalı və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasına rəhbərlik edib. AMEA-nın Elmi İnnovasiya Mərkəzində baş direktorun elmi işlər üzrə müavini, sonra isə həmin mərkəzin nəzdində Ukrayna Əqli Mülkiyyət İnstitutu ilə birgə yaradılmış, informasiya və innovasiya istiqamətində magistr hazırlığını həyata keçirən Tədris-Təhsil Mərkəzinin direktoru vəzifələrində işləyib. Hazırda AMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışan professor Tərbiz Əliyev sənaye iqtisadiyyatının aktual problemlərinin tədqiqi ilə fəal şəkildə məşğul olur.
O, 1978-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 2000-ci ildə professor adına layiq görülüb. 2005-ci ildə Beynəlxalq İnformasiya Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, 2015-ci ildə Ukrayna Texnologiya Akademiyasının, bu günlərdə isə hörmətli alimimiz Rusiya Təbiət Elmləri Akademiyasının (TEA) həqiqi üzvü seçilib.
Professor Tərbiz Əliyev, həmçinin dünya elminin inkişafına verdiyi töhfələrə görə Avropa Elmi-Sənaye Konsorsiumu və Rusiya TEA tərəfindən təsis olunmuş “Əməkdar elm və təhsil xadimi” fəxri adına, V.İ.Vernadski adına “Qızıl medal”a və “Əmək və bilik” ordeninə layiq görülüb.
Prof. Tərbiz Əliyevin bu günə kimi 35 monoqrafiya və kitabı, icmal-informasiya, dərs vəsaiti, 480 çap vərəqi həcmində 200-ə yaxın elmi məqaləsi işıq üzü görüb.
Ölkəmizdə ilk dəfə olaraq 1984-cü ildə Azərbaycan dilində Tərbiz Əliyevin “İstehsalın idarə edilməsinin əsasları” adlı dərs vəsaiti nəşr olunub. 1986-cı ildə isə Moskvada “Neft emalı və neft-kimya müəssisələrinin idarə edilməsinin təşkilinin təkmilləşdirilməsi” adlı monoqrafiyası çap edilib.
Sonrakı illərdə onun nəşr etdirdiyi irihəcmli və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən kitabları və monoqrafiyaları - “Məişət xidmətinin iqtisadiyyatı və idarə olunması” (1992), “Biznesin idarə edilməsinin əsasları” (1994), “Menecmentin iqtisadi və təşkilati mexanizmi” (1995), “Neft emalı müəssisələrinin idarəetmə sisteminin təkmilləşdirilməsi” (1999), “Neft-qazçıxarma sahəsinin potensialının idarə edilməsinin təşkili” (2001), “Sənaye müəssisələrinin təşkilati-istehsalat sisteminin bazar münasibətlərindəki dəyişikliklərə uyğunlaşdırılması” (2001), “Müştərək müəssisə və sahibkarlıq” (2001), “Azərbaycanda kiçik biznesin təşkili və idarə edilməsinin bəzi məsələləri” (2001), “Neft emalı müəssisələrində sənaye auditinin təşkili və idarə edilməsi” (2002), “Azərbaycanda qaz emalı və satışının təşkilinin bəzi məsələləri” (2002), “Neft-kimya müəssisələrinin idarə edilməsinin təşkilati-iqtisadi səmtləri” (2003), “Neft-qazçıxarma sənayesi müəssisələrinin iqtisadi potensialı” (2003), “Neft emalı və neft-kimya müəssisələrinin iqtisadi potensiallarından istifadənin yaxşılaşdırılması yolları” (2003), “Marketinqin təşkili və idarə edilməsi: neft emalı və neft-kimya sənayesi müəssisələrində” (2004), “Neft emalı və neft-kimya sahələrinin eko-iqtisadi problemləri” (2005), “Ekoloji menecment” (2005), “Kimya müəssisələrində investisiya siyasətinin formalaşması istiqamətləri” (2010), “Sahənin aktual iqtisadi problemləri” (2011) adlı dərs vəsaiti, “Səhiyyə sferasında sahibkarlıq” (2011), “Regional innovasiya sisteminin təşkili və idarə edilməsi” (müştərək) (2013), “Milli innovasiya sisteminin təşkili və idarə edilməsi” (müştərək) (2013) öz elmi əhəmiyyəti ilə diqqəti cəlb edir.
Professor Tərbiz Əliyev ölkəmizdə vergi işini tədqiq edən ilk alimlərdən biri olmuşdur. Onun hələ 1998-ci ildə nəşr etdirdiyi “Vergi ödənişinin təşkili və idarə edilməsi”, “Vergi ödənişinin təşkili və idarə edilməsinin bəzi problemləri” monoqrafiyaları müstəqil Azərbaycanın vergi sisteminin formalaşdırılmasına təsir göstərən dəyərli nəzəri mənbə olub.
Prof. Tərbiz Əliyevin elmi məsləhəti və iştirakı ilə 2005-ci ildə “Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı (2005-2010 və 2015-ci illər)” proqramı, 2011-ci ildə isə “Regional sosial-iqtisadi inkişaf - tarixi faktlar, reallıqlar və inkişaf meyilləri” adlı ensiklopediya xarakterli kitab oxuculara təqdim olunub.
2011-ci ildə ilk dəfə olaraq Tərbiz Əliyev tərəfindən “Regional və sahə innovasiya proqramlarının tərtibatına dair metodiki göstərişlər”, 2014-cü ildə isə onun əsasında ilk dəfə “Zərdab rayonu: Regional İnnovasiya Proqramı (2014-2018-ci illər)” hazırlanıb.
Bu il iyun ayının əvvəlində isə Moskvada keçirilən tədris-metodiki əsərlərin təqdimatına həsr edilmiş beynəlxalq sərgidə iqtisadçı alimin “Marketinq” adlı dərs vəsaiti, “Azərbaycanda sənayenin innovativ inkişafı” və “Neft-qaz avadanlıqları istehsal edən xarici ölkələrlə iqtisadi əməkdaşlıq” monoqrafiyaları müvafiq sertifikatlara və beynəlxalq sərginin laureatı diplomuna layiq görülüb.
О, uzun müddətdir ki, Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun İхtisaslaşdırılmış Dissertasiya Müdafiə Şuralarının üzvü və həmsədri, iki xarici elmi jurnalın - Ukraynanın Elmi-texniki Ekspertiza və İnformasiya İnstitutunun təsis etdiyi “Elm, texnologiya və innovasiya” jurnalının redaksiya heyətinin, Rusiyada ingilis və rus dillərində çıxan “İnformasiya və innovasiya” jurnalının isə redaksiya şurasının üzvü, Odessa Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutunun fəxri professorudur.
Prof. Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin təqdimatı əsasında “Vətən elminin qızıl fondu” proqramı çərçivəsində 2010-cu ildə Avropa Elmi-Sənaye Konsorsiumunun mükafatlar üzrə departamentinin nüfuzlu komissiyasının qərarı ilə, beynəlxalq səviyyədə elmin və təhsilin inkişafındakı xidmətlərinə görə “Adam Smit” adına qızıl medala layiq görülüb. Qeyd edək ki, Tərbiz müəllim Azərbaycanda bu medalı alan ilk alimdir. Vətən elminə və təhsilinə layiqli töhfələr verən görkəmli iqtisadçı alimin çoxsaylı təltifləri arasında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə layiq görüldüyü “Tərəqqi” medalı, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin və AMEA-nın fəxri fərmanları, Beynəlxalq İnformasiya Akademiyasının Ali Medalı, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, yubiley medalları vardır. Dövri mətbuatla davamlı əlaqələrinə və müxtəlif sosial-iqtisadi mövzulardakı maraqlı publisistik çıxışlarına görə “Qızıl qələm” mükafatına layiq görülüb.
Elmi-pedaqoji nailiyyətləri daim yüksək qiymətləndirilən prof. Təbriz Əliyev bu gün də böyük həvəs və şövqlə çalışır, müasir iqtisadi proseslərin elmi tədqiqində fəal iştirak edir, ölkəmizin sosial-iqtisadi inkişaf perspektivlərinin elmi əsaslarının müəyyənləşdirilməsinə öz töhfələrini verir. Onun anadan olmasının 70, elmi fəaliyyətinin 45 illiyi münasibətilə AMEA-nın İqtisadiyyat İnstitutunda iyunun 9-da keçirilmiş elmi sessiyada bütün bunlar barədə ətraflı söhbət açılıb.
Biz də tanınmış alimi yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
204.O, ömrünü elmin və təhsilin inkişafına həsr edib... (məqalə-resenziya). Azərbaycanın vergi jurnalı. Bakı: № 2, 2017. 0,2 ç.v.