Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / ƏSL ZİYALI VƏ PEDAQOQ ÖMRÜ
i.e.d., prof. E.Hacızadə
ƏSL ZİYALI VƏ PEDAQOQ ÖMRÜ
Jurnalımızın resenzenti, i.e.d. Həsən İsrafilovun 70 yaşı tamam olur. O, ömrünün 40 ilə qədərini elm-pedaqoji fəaliyyətə, iqtisadiyyatın nəzəri-iqtisadi problemlərinin öyrənilməsinə və tədqiqinə, gənc iqtisadçı kadrların hazırlanmasına sərf edib.
Həsən müəllim xoş və səmimi sözlərə layiq insan, hər zaman əsl vətəndaş mövqeyi ilə seçilən nüfuzlu ziyalı, müəllimlik peşəsinə ürəkdən bağlı olan təcrübəli pedaqoq, elmi fəaliyyətin məsuliyyətini dərindən dərk edən vicdanlı və əzmkar alimdir. Heç şübhəsiz, ona həm cəmiyyətdə, eldə, obada, həm də uzun müddətdən bəri fədakarlıqla çalışdığı ali məktəbdə - həmkarları və tələbələri arasında böyük hörmət və ehtiram qazandıran məhz bu xüsusiyyətləridir.
...Həsən Abid oğlu İsrafilov 1946-cı ildə Şəki şəhərində anadan olub, 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstitutunu - indiki Azərbaycan Dövlət İqtisad Universitetini, 1978-ci ildə isə bu ali məktəbin aspiranturasını bitirib. Namizədlik dissertasiyasını 1981-ci ildə Kiyev Ticarət İqtisad İnstitutunda, doktorluq dissertasiyasını 2013-cü ildə doğma universitetdə müdafiə edib.
Pedaqoji fəaliyyətinin, üstün olaraq, İqtisad Universiteti ilə bağlılığı onun burada müxtəlif vəzifələrdə işləməsini də şərtləndirib. Baş laborant, müəllim, baş müəllim, “Ticarət-əmtəəşünaslıq” fakültəsinin dekan müavini, “Kommersiya” və “Beynəlxalq iqtisadi münasibətlər” fakültələrinin dekanı, Magistratura Mərkəzinin direktoru vəzifələrində çalışıb.
Həsən müəllim öz zəngin elmi-pedaqoji təcrübəsi ilə respublikamızda özəl ali təhsil müəssisələrinin inkişafına da öz töhfələrini verib. O, Elm və Təhsil mərkəzi “Təfəkkür” universitetində prorektor, başqa bir özəl universitetdə fakültə dekanı vəzifələrində işləmiş, ali təhsilin bacarıqlı kordinatoru kimi fərqlənmişdir.
H.İsrafilov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə, təhsilin inkişafındakı xidmətlərinə görə, 2006-cı ildə “Əməkdar müəllim” fəxri adına, 2011-ci ildə «Tərəqqi» medalına layiq görülüb. “Vektor” Beynəlxalq Elm Mərkəzinin “XXI əsrin tanınmış ziyalısı” Beynəlxalq diplomu ilə təltif olunub. Xarici ölkələrdə keçirilən bir çox beynəlxalq konqres və simpoziumlarda ölkəmizi layiqincə təmsil edib. 100-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın, bir sıra dərslik, dərs vəsaiti, metodiki göstəriş və elmi məqalənin müəllifidir.
Həsən müəllim iqtisadçı alim kimi elmi yaradıcılıq və müəllimlik fəaliyyəti ilə yanaşı, bir neçə regional sosial-inkişaf proqramının, müxtəlif biznes layihələrinin müəllifi və koordinatoru olmuşdur.
...İctimai həyatda yüksək mövqe tutması onun şəxsi keyfiyyətləri ilə yanaşı, həm də genetik kodları ilə bağlıdır. Mənsub olduğu nəcabətili şəcərənin - Şəkidə uca Yaradana sevgisi, dinə-imana bağlılığı, insanpərvərliyi və səxavətliliyi ilə tanınan Hacıhəsənlilər nəslinin nümayəndəsi kimi bu dəyərli insan ata-babalarının mənəvi irsinə varisliyi böyük ləyaqətlə davam etdirir. Azərbaycanın hər bir guşəsindən olan tələbələri üçün o, nə qədər əziz və unudulmaz bir müəllimdirsə, doğma Şəkisi və şəkililəri üçün həm də nüfuzlu ağsaqqal, elinin-obasının qayğıları ilə yaşayan vətənpərvər, yurdsevər ziyalıdır. Yaşının ixtiyar çağında belə Həsən müəllim Şəkiyə olan övladlıq borcunu şərəflə yerinə yetirir, elmi və əməli fəaliyyəti ilə bu diyarın şöhrətinə şöhrət qatır.
Həsən müəllim qəlbindəki munis duyğuları poetik misralara, şeirə çevirməyi bacaran istedadlı və romantik söz adamıdır. Onun qələmə aldığı mənzum parçalar həm lirik üslubu, həm də bədii-fəlsəfi siqləti ilə seçilir.
Həsən müəllim həyatı gənc nəsillər üçün örnək olan əsil xalq müəllimi, nümunəvi ailə başçısı, sevimli bir babadır.
Həsən müəllim islam hümmətli, ulu türk qeyrətli vətənpərvər bir azərbaycanlıdır.
Həsən müəllimlə ünsiyyətdə olmaq, fikir mübadiləsi aparmaq, onun şirin və ibrətamiz söhbətlərini dinləmək hər zaman adama zövq verir. Nurlu simasında təbəssüm əskik olmayan, xoş xasiyyəti, təvazökarlığı ilə hər kəsin qəlbinə yol tapan bu mehriban insan öz səxavətliliyi, yardımsevərliyi ilə də tanınır.
Ömrünün 70-ci baharını yola salan Həsən müəllim yaşının bu çağında da gümrah və enerjilidir. Həmişə olduğu kimi, öz sevimli işinə - həm eımi, həm də pedaqoji fəaliyətinə böyük məsuluyyətlə yanaşır, bilik və təcrübəsini gənclərə həvəslə öyrədir.
Əziz dostum və həmkarım Həsən Abid oğlu İsrafilovu yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona elmi yaradıcılıqda, təhsil işində yeni uğurlar diləyir, şəxsi həyatında bol sevgi, tükənməz həyat eşqi, bitməz nəvə səadəti arzulayıram.
200.Əsl ziyalı və pedaqoq ömrü (məqalə-resenziya). Azərbaycanın vergi jurnalı. Bakı: № 2, 2016. 0,2 ç.v.