gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / ŞƏHƏR İCTİMAİ NƏQLİYYATININ İNKİŞAFI PROBLEMLƏRİ VƏ AVTOMOBİLLƏŞMƏNİN YENİ EKOLOJİ TƏLƏBLƏRİ

27.04.2009

 

Hacızadə Elşən Mahmud oğlu

i.e.d., prof. ADIU

elshan@hajizada.com

 

Açar sözlər: şəhər sərnişin nəqliyyatı, avtomobilləşmə, ekoloji təhlükəsizlik

Ключевые слова: городской пассажирский транспорт, автомобилизация, экологическая безопасность.

Keywords: urban passenger transport, the auto industry, environmental safety.

  

1.Giriş

Şəhər sərnişin nəqliyyatı sistemi meqapolislərin həyatı təminatında vacib rol oynayır. Reallıq belədir ki, müasir mərhələdə iri şəhərlərin uğurlu inkişafı təkmil şəhər sərnişin nəqliyyatı infrastrukturunun mövcudluğu və dayanıqlığı ilə bağlıdır. Bu səbəbdən də şəhər sərnişin nəqliyyatının normal funksioanallığı, az ekoloji təsirliliyi istənilən şəhərin sosial və istehsal-iqtisadi sferasının inkişafını təmin edən mühüm tərkib hissə kimi çıxış edir. Şəhərin inkişafı ilə əlaqədar olaraq ictimai nəqliyyatın da yükü artır və bu hal özü-özlüyündə əhaliyə nəqliyyat xidməti göstərilməsində, nəqliyyat və ekoloji təhlükəsizliyin təmin edilməsində yeni vəzifələr qarşıya qoyur. Bütün bunlar isə təcrübi təkmilləşdirmələrin aparılması, yeni səmərəli idarəetmə mexanizmlərinin və mühafizə sisteminin formalaşdırılması ilə yanaşı, həm də elmi sferada müqabil tədqiqat və araşdırmaları şərtləndirir. Bundan çıxış edərək, məqalədə müasir mərhələdə şəhər ictimai nəqliyyatının inkişafı problemlərinin və avtomobilləşmənin yeni ekoloji tələbləri üzrə məsələlər tədqiqat predmetinə çevrilir. Burada həmçinin, müvafiq sferada baş verən mütərəqqi meyillərin, yeni idarəetmə və ekoloji təhlükəsiziliyin təminatı mexanizmlərinin Azərbaycanda tətbiqi imkanları araşdırılaraq təkliflər paketində təqdim olunur.

 

2.Şəhər sərnişin nəqliyyatının işinin təşkili formaları

Şəhər şərnişin nəqliyyatı mühüm sosial əhəmiyyət daşıyır. Onun əsas məqsədini əhalinin az məsrəflərlə minimal vaxt ərzində komfortlu daşınması təşkil edir. Meqapolislərin, şəhər şərnişin nəqliyyatının inkişafı ilə əhalinin nəqliyyat aktivliyi də yüksəlir. Bu da öz növbəsində şəhər sərnişin nəqliyyatı sisteminin yükünü artırır. Artan bu yeni tələblər fonunda bütün bunlar şəhər sərnişin nəqliyyatının işinin təkmilləşdirilməsini, mütərrəqi idarəetmə mexanizmlərinin formalaşdırılmasını şərtləndirir.

Şəhər sərnişin nəqliyyatının işinin təşkilinin hazırda klassik və mütərəqqi olan 3 mühüm forması mövcuddur [2, 4]:

1.Inzibati (administrativ) sistem.

Bu sistem dövlət və ya bələdiyyələrin sərt nəzarəti altında təşkil edilərək aparılır. Burada bazar özünütəşkil mexanizmlərindən istifadə olunmur. Nəqliyyat xidmətinin keyfiyyəti tələbdən asılı deyil. Sahənin saxlanması və inkişafına dövlət dotasiya verir. Bu sistem 15-20 il bundan əvvəl əksər Avropa ölkələrində hakim olmuşdur;

2.Bazar tənzimləməsi sistemi.

Bu sistemdə tenderlərin nəticələrinə görə operatorlar bazara giriş əldə edirlər. Bələdiyyələr və yerli idarəetmə orqanlarının müdaxiləsi operatorlarla bağlanmış müqavilələr çərçivəsində məhdudlaşır. Bununla belə, bu xidmətlərin sosial xarakterindən irəli gələrək, bazardakı istehlakçıların maraqlarını təmin etmək üçün dövlət və şəhər hakimiyyəti operatorların fəaliyyətini tənzimləyir.

Bazar tənzimləməsi sistemində marşrut şəbəkəsi sərnişin daşımalara olan tələbata uyğun formalaşır. Xidmətin keyfiyyəti və tarif sistemi bazar konyunkturası üzərində qurulur. Operatorların stimullaşdırılması, subsidiya siyasəti müsabiqə əsasında aparılır.

Bazar tənzimləməsi sisteminin səmərəli reallaşması üçün aşağıdakılar zəruri hesab olunur:

  • Ø təkmil hüquqi-normativ baza hazırlanır. (Avropada bu, əksərən Avropa İttifaqı və ölkə qanunvericiliyi ilə tənzimlənir);
  • Ø işin təşkili üçün şəhərlərdə operatorlardan ayrı xüsusi idarəetmə orqanı yaradılır və zərurət yarandıqda şəhər sərnişin nəqliyyatını idarə etmək üçün dispetçer idarəsi formalaşdırılır;
  • Ø şəhərlərdə mütləq qaydada nəqliyyatın planlaşdırılması həyata keçirilir, mərkəzi idarəetmə orqanı tərəfindən marşrut şəbəkəsi və qrafiklər müəyyənləşdirilir;
  • Ø tenderin nəticələrinə uyğun olaraq maksimal və ya təsbit edilən tariflər müəyyənləşdirilir;
  • Ø fərdi (bir operator üçün) və ya digər nəqliyyat növləri ilə inteqrasiya olunmuş (bütün operatorlar üçün) bilet sistemi və smart-kart şəbəkəsi qurulur;
  • Ø operatorların stimullaşdırılması üçün mütləq qaydada xidmətin keyfiyyəti üzrə monitorinqlər təşkil olunur;
  • Ø subsidiya və dotasiyalar sosial əhəmiyyətli marşrutların saxlanılması və ya müəyyən vaxt mərhələlərində sərnişin dövriyyəsinin aşağı olduğu, həmçinin, operatorların rentabelliyi təmin edə bilmədiyi hallarda tətbiq edilir. Belə ayırmaların ölçüləri administrativ sistemdə olduğundan, əhəmiyyətli dərəcədə asağıdır. Əsaslı kapital qoyuluşlarına subsidiyalar və dotasiyalar bir qayda olaraq yönəldilmir;
  • Ø nəqliyyat planlaşdırılması və nəqliyyat xidmətinin təşkilinin bütün mərhələlərində sərnişinlərin nəqliyyat administrasiyası ilə daimi rabitəsi təşkil edilir. Bu zaman internetin köməyindən istifadə üçün müvafiq informasiya ehtiyatları və sistemi yaradılır;
  • Ø güzəştli sərnişinlərə xidmət bütün operatorlar üçün zəruri qaydada xərclərin tam kompensasiya olunması şərti ilə aparılır;

Bazar tənzimləməsi sistemi çevik və həyatqabiliyyətli model hesab olunur. O, sonrakı təkmilləşmə imkanlarına və praktiki olaraq bütün müqabil şəraitlərə adaptasiya edilə biləndir. Bu baxımdan müasir zamanda müvafiq model üzrə işin daha səmərəli təşkilində peyk rabitəsi, naviqasiya sistemləri, intellektual idarəetmə şəbəkəsi və digər innovativ formalardan genişliklə istifadə olunur.

3.Azad bazar sistemi.

Bu sistem azad bazarın, ideal bazar tənzimləyicilərinin (requlyatorlar), özəl sektorun və azad ədalətli rəqabətin hakim olduğu şəraitdə fəaliyyət göstərir. Azar bazar sisteminə də dövlət qanunları (lizenziyalar, təhlükəsizlik, ekologiya) hakimdir. Bununla belə, dövlət və bələdiyyələr şəhər nəqliyyatı xidmətlərinin təqdimatında praktiki olaraq iştirak etmirlər.

Azad bazar sistemində bütün proses və situasiyalar bazar şəraiti üzərində qurulur. Belə sistem bir çox inkişaf etmiş ölkələrdə, xüsusən də paytaxt London şəhəri istisna olmaqla Böyük Britaniyada geniş yayılmışdır. Buna baxmayaraq, burada da tənzimləmə müdaxiləsi istəkləri olur.

Müxtəlif ölkələrdə şəhər sərnişin nəqliyyatının təşkilinin sistem və metodları ilə bağlı araşdırmalar göstərir ki, son 30-40 il ərzində aparıcı dünya ölkələrində bazar tənzimləməsi azad bazar sistemi daha çox effektivlik əldə etmişdir.

Tədqiqatlar əsaslandırır ki, şəhər sərnişin nəqliyyat sistemində səmərəli fəaliyyəti məhdudlaşdıran tipik situasiyalar və problem vəziyyətlər bazar mexanizminin təbii inhisar və bazara girişin böyük məbləği şəraitində işləyə bilməməsi ilə əlaqədardır. Belə vəziyyətdə bazar mexanizmləri formal işləyirlər.

Bazarın təşkili nəzəriyyəsinə görə, bazarda yeni operatorların yaranması və rəqabətlilik, tarifləri təbii təyin edilən səviyyədə saxlayacaqdır. Bu zaman tariflər operatorların orta istismar xərcləri səviyyəsinə uyğun gələcək, şirkətlərin hərəkəti isə işin maksimal keyfiyyətə qaldırılması və saxlanılmasına yönələcək və həmçinin xərclər minimumlaşacaq və tariflər optimal səviyyədə olacaqlar. Bazarda iki (duopoliya) və daha çox operatorun (oliqopoliya) mövcudluğu şəraitində xidmətlər üzrə tariflər maksimal dərəcədə xidmətlərin maya dəyərinə yaxınlaşacaqdır.

 

3.Şəhər sərnişin nəqliyyatının səmərəli fəaliyyət mexanizmləri və onların Azərbaycanda tətbiqi imkanları

Müasir Avropada şəhər sərnişin nəqliyyatı yeni innovasiyalar tətbiq edilməklə bazar mexanizmli sistem üzərində qurulmuşdur. Qitənin aparıcı ölkələrinin ayrı-ayrı şəhərlərində ictimai nəqliyyat cədvəl üzrə fəaliyyət göstərir və əksərən şəxsi nəqliyyatdan daha sürətlə və uzun müddət işləyir. Ona etibar etmək və güvənmək olar. Məhz etibarlılıq amilindən çıxış edərək ictimai nəqliyyat tam mənada öz təyinatını tapır, orta sinifdə populyarlıq qazanaraq gündəlik istifadə məqsədilə şəxsi avtonəqliyyatı sıxışdırıb çıxarır.

Avropada şəhər nəqliyyatının bütün növlərində riayət olunan hərəkət qrafiki mövcuddur. Bir qayda olaraq, dayanacaqlarda növbəti nəqliyyat vasitəsinin gəlməsi vaxtı haqqında məlumat verən elektron tablolar yerləşdirilir. Burada ictimai nəqliyyat adətən uzun müddət səhər sübhdən gecəyə qədər işləyir. Bununla belə, şəhərlərdə bir qədər baha ola biləcək gecə reysləri də mövcuddur. Bütün bunlara rəğmən şəhər nəqliyyat sistemi bazar tələblərinə uyğun olaraq optimallaşdırılmışdır. Misal olaraq göstərilə bilər ki, Fransanın paytaxtı Paris şəhərində (Böyük Parisa adlanan hissə) 12 milyon əhali yaşayır. Buraya bir neçə milyon qonaq və turistləri də əlavə etmək olar. Bu sayda əhaliyə şəhər sərnişin nəqliyyatında 58 marşrutda 2000 avtobus xidmət edir. Saat 9-dan başlayan gecə avtobusları isə 18 marşrutda hərəkət edir. Əlbəttə, bu şəhərdə ictimai nəqliyyatı gücləndirən bir əsrdən çox yaşı olan metropolitenin də əhəmiyyəti böyükdür. Şəhərətrafi elektrik qatarları ilə inteqrasiya olunan metropoliten 16 xəttə və 383 stansiyaya malikdir. Hər gün 4,1 milyon sərnişin daşıyan metroda qatarlar 2 dəqiqəlik intervallarla hərəkət edir. Metro stansiyaları şəhərin istənilən nöqtəsinə 500 metrdən çox olmayan məsafədə yerləşdirilmişdir. Metropolitenin 14 xətti tam avtomatlaşdırılmış, qatarlarda maşinist və maşinist kabinəsi də yoxdur. Qatarların idarə edilməsi mərkəzi hissədən distansiyon idarə edilir. Metroda qatarların şəs-kuylüyü minimuma endirilmiş və onlar əksərən rezin təkərlərlə hərəkət edirlər [4, 7].

Qeyd olunmalıdır ki, müasir Avropa şəhərlərinin demək olar ki, əksəriyyətində trolleybus xətləri yoxdur. Lakin burada tramvay çox populyar və tələb olunandır. Tramvay komfort və etibarlılıq baxımdan metro nəqliyyatını belə arxada qoyur. Son 30 ildə dünyanın 130 ölkəsində, o cümlədən meqapolislər, mühüm maliyyə mərkəzləri - London, Paris, Berlin, Los-Anceles, Honkonq, Vyana, Syurix, Vankuver, Frankfurt, Toronto, Melburn və s. yeni tramvay xətləri açılmışdır.

Tramvay nəqliyyatının digər nəqliyyat növləri ilə müqayisədə məxsusi üstünlükləri vardır. Bu sırada tramvayların əlahiddə yol infrastrukturuna malik olması (tıxaclarda qalmaması), komfortluğu, ekoloji təmizliyi, aşağı istismar xərcləri (tramvaylar avtobuslardan çox istismar edilir, tramvay sürücüləri vaqon sayı müqabilində avtobus sürücülərindən azdırlar, tramvaylarda yanacaq-enerji tutumu avtobuslardan xeyli azdır, tramvay yolunun avtomobil yolundan fərqli olaraq aşınması da kiçikdir) və uzun müddətli istismar kimi üstünlükləri dəyərləndirilir. Tramvaylar həm də şəhər nəqliyyat sistemində hərəkət edən marşrut avtobuslarından da daha artıq orta sürət göstəricilərinə malikdirlər. Tramvay xətləri ilə şəhərin görməli yerlərindən keçməklə daha imkanlı panoram baxışı əldə olunur. Qeyd olunmalıdır ki, Moskvada tramvay nəqliyyatını təşviq edən və bu istiqamətdə əhatəli iş aparan “Moskvalılar tramvayın lehinə” adlı iri qeyri-hökumət təşkilatı fəaliyyət göstərir [6].

 

 

 

Aşağıda nəqliyyatın xarakterik əlamətlərini əks etdirən reytinq cədvəli verilmişdir:

Cədvəl 1

Ayrı-ayrı nəqliyyat növlərinin xarakterik əlamətləri

 

Göstəricilər

Tramvay

Trolleybus

Metro

Avtobus

Monorels

Marşrut taksi

Xüsusilik

+

-

+

-

+

-

Sürət

+

-

+

-

-

-

Giriş imkanlığı

+

+

-

+

-

+

Komfort

+

+

-

-

 

-

Etibarlılıq

+

+

+

+/-

+/-

-

Təhlükəsizlik

+

+

+/-

+

+/-

-

Qənaətçilik

+

+

-

-

-

-

Ekologiya

+

+/-

+

-

-

-

Cəlbedicilik

+

+/-

+/-

-

+/-

-

Yekun

9

6

5

2,5

2,5

1

(+: xarakterik əlamət, -: qeyri-xarakterik əlamət, +/-: nəqliyyat növü qismən xarakterizə olunur)

Mənbə:www.tram.ruz.net - Moskvalıllar tramvayın lehinə QHT-nin saytı.

 

Avropa şəhərlərində elektrik qatarları sistemi də geniş yayılmışdır. Onlar hətta metro olan yerlərdə də mövcuddur. Şəhər elektrik qatarları şəhərin hüdudlarında qalan nəqliyyat vasitələrindəki tarif və biletlər üzrə ödənilir. Şəhər elektrik qatarları həm yerin altı, həm də yerin üstü ilə gedir. Satılan biletlər şəhər nəqliyyatının bütün növləri üçün qüvvədədir. Bəzi ölkələrdəki gecə marşrutlarından savayı biletlərin satılmasında sürücülər iştirak etmir. Gediş haqqı, bir qayda olaraq, məsafədən asılı olur. Satılan biletlər birdəfəlik (bir gediş üçün), həmçinin müxtəlif “yol bileti” - 0,5 saatlıq, 1,5 saatlıq, sutkalıq, 5 günlük, aylıq və s. olur və sərnişinlərə bir bilet ilə bir neçə dayanacaqda düşüb-minməyi təmin etmək imkanı verir. Məktəblilər, tələbələr, təqaüdçülər, işsizlər və s. üçün güzəştlər tətbiq edilir. Bilet işi ilə bağlı nəzarətin iki növü mövcuddur. Girişdə (bəzən çıxışda) quraşdırılan turniketlər və komposterlər. Hər iki halda sərnişin biletdən istifadəyə başlarkən biletini “aktivləşdirir”.  Nəzarətçilər ictimai nəqliyyata daxil olur və ya çıxışda dayanırlar. Nəzarətçilər cərimələr yazır və bilet satmırlar [6].

Qeyd olunmalıdır ki, 1980-ci illərdən başlayaraq inkişaf etmiş ölkələrdə ictimai nəqliyyat zərərlə işləməyə başlamışdır. Statistika göstərir ki, nəqliyyat xidmətlərinin gəlirləri istismar xərclərini tam ödəmir. Bu göstərici ABŞ-da 97%, İsveçrədə 72%, Böyük Britaniyada 68%, Almaniyada 60%, Kanadada 49%, Avstriyada 48%, Fransada 43%, İsveçdə 40%, İtaliyada 30%, Belçikada 27%, Niderlandda isə 22%-dir. Belə vəziyyət sosial tələblərlə bağlıdır. Belə ki, ictimai nəqliyyatdan əsasən yüksək gəlirə malik olmayan təbəqə istifadə edir. Bu isə gediş haqlarının aşağı səviyyədə təyinatı və güzəştlərin (qocalara, uşaqlara. əlillərə) tətbiqi ilə müşayiət olunur [1, 3, 4].

Aşağıda bir sıra inkişaf etmiş ölkələrdə şəhər ictimai nəqliyyat növləri üzrə istifadənin bölgüsünü əks etdirən cədvəl verilmişdir:

 

Cədvəl 2

 

Bir sıra inkişaf etmiş ölkələrdə

şəhər ictimai nəqliyyat növləri üzrə istifadənin bölgüsü (%-lə)

 

Ölkələr

Nəqliyyat növü

Avtomobil, şəxsi nəqliyyat

İctimai nəqliyyat

Velosiped

Piyada

Motosiklet və moped

Digər

ABŞ

82,3

3,4

0,7

10,7

0,5

2,4

Kanada

74,0

15,0

-

11,0

11,0

-

İçveçrə

38,2

19,8

9,8

29,0

1,3

1,9

Fransa

47,0

11,0

5,0

30,0

6,0

1,0

İşveç

36,0

11,0

10,0

39,0

2,0

2,0

Niderland

45,2

4,3

29,4

18,4

1,3

1,0

İtaliya

30,6

26,0

-

43,0

-

-

Аvstriya

38,5

12,8

8,5

31,2

3,7

5,3

Böyük Britaniya

45,0

19,0

4,0

29,0

2,0

1,0

Danimarka

42,0

14,0

20,0

21,0

3,0

-

 

Şəhər sərnişin nəqliyyatının səmərəli fəaliyyətini müvafiq sahədə təkmil normativ-hüquqi baza olmadan təsəvvür etmək çətindir. Bu fəaliyyət ayrı-ayrı ölkələrin müvafiq sahədəki qanunvericilik aktları ilə tənzimlənir. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində isə “Şəhər sərnişin nəqliyyatı haqqında qanun”la tənzimlənir [4].

Bütün bunları nəzərə alaraq Azərbaycanda şəhər sərnişin nəqliyyatının işinin təşkilinin təkmilləşdirilməsində müvafiq qabaqcıl təcrübədən genişliklə istifadə edilməlidir. Bunun üçün ilk növbədə, aşağıdakılar nəzərdən keçirilməlidir:

  • Ø şəhər sərnişin nəqliyyatı sisteminin təşkilinin bazar tənzimləməsi modeli üzərində inkişaf etdirilməsi, onun effektiv fəaliyyəti üçün bu sahədəki bütün nəqliyyat növlərinin işinin əlaqələndirilməsi və müvafiq şəhər sərnişin nəqliyyatının inkişafının kompleks proqramının hazırlanması;
  • Ø nəqliyyatın intellektual idarəetmə sisteminin təkmilləşdirilməsi, onun elmi-analitik funksionallığının genişləndirilməsi, avtobus nəqliyyatında təhlükəsizliyin təminatının və servisin yüksəldilməsi, ödəniş (bütün oparatorlar üçün biletlərin vahid satış sisteminin müəyyən olunması) və naviqasiya rahatlığının (marşrutların müxtəlif nəqliyyat növləri üzrə uzlaşdırılması, başqa nəqliyyat növünə və marşrutlara keçməklə daşınmanın optimallaşdırılması) artırılması;
  • Ø şəhər nəqliyyatında avtobuslar üçün ayrıca zolağın müəyyən ediliməsi, tramvay və elektrik qatarından istifadənin və habelə şəhər girişlərində şəxsi avtomobillər üçün parkinqlərin təşkili;

Bütün bunların səmərəliliklə həyata keçirilməsi üçün şəhər nəqliyyat parkının modernizasiyasının aparılması, sahəvi normativ-hüquqi bazanın təkmilləşdırilməsi (şəhər sərnişin nəqliyyatı haqqında qanun qəbulu) və lizenziya sisteminin optimallaşdırılması da gərəklidir.

 

4.Avtomobilləşmə, yanacaq problemi və ekoloji tələblər

Avropa İttifaqında avtomobilləşmənin genişlənən artım sürəti ilə bağlı nəqliyyatda qəbul edilmiş strategiyaya görə ekoloji nəqliyyat növlərinin inkişafı nəticəsində 2050-ci ildən daxili yanma mühərrikindən istifadə qadağan olunacaqdır. Bundan irəli gələrək, batareyalarla və ya hidrogenlə işləyən nəqliyyat vasitələrinə üstünlük verilməkdədir. Bir fakt xüsusi olaraq qeyd edilməlidir ki, dünyadakı bütün avtomobillər elektrik stansiyalarında istehsal olunan enerjidən 2 dəfə çox resurs istehlak edir. Məhz bu amildən çıxış edərək, ABŞ-da hər il “azad avtomobil”, “azad yanacaq” ideyalarına əsaslanan hidrogenlə işləyən avtomobillər üzrə elmi tədqiqatlara böyük həcmdə pul vəsaiti ayrılır. Ölkənin məşhur transmilli şirkəti “Ceneral motors” firması artıq “Hidrogen-3”adlanan müvafiq tipli avtomobil hazırlamışdır. Proqnozlara görə, istiliktörətmə qabiliyyəti və ekoloji təmizliyi ilə fərqlənən yeni avtomobillər üçün yaxın 10 il ərzində ABŞ-da 10 min sayda hidrogen yanacaqdoldurma stansiyası fəaliyyət göstərəcəkdir. Avropada, Çində və digər sənayecə inkişaf etmiş ölkələrdə də müvafiq işlərə görə böyük həcmlərdə vəsait yönəldilir [6].

Hidrogenlə bağlı əlahiddə olan çox mühüm bir məsələyə də diqqət yetirilməlidir. Məlumdur ki, hidrogen kainatda ən geniş yayılmış maddədir. Planetimizdə də intəhasız həcmdə olan suyun əsas tərkib komponentini də hidrogen təşkil edir. Bu gerçəklik isə ən primitiv kimyəvi bilikləri olan insanlara suyun hidrogen və oksigen atomlarından ibarət olaraq H2O formullu təyinatından tanışdır. Hidrogen enerjisindən istifadə əslində praktiki olaraq sudan elektrik almaq deməkdir. Reallıq belədir: bir stəkan suda bir çəllək benzini əvəz edəcək qədər enerji gücü vardır. Lakin bu enerjini sudan „qoparmaq“ da asan məsələ deyildir. Onun alınması hələ ki, mürəkkəb və daha tutumlu digər enerji sərfi ilə mümkündür. Hazırda hidrogen nüvəsinin birləşməsindən enerjinin ayrılması prosesi hidrogen bombasında tətbiq olunur.

Ekoloji təmiz yanacaq növlərinin alternativləri sırasında etanol da daha çox diqqəti cəlb edir. Etanol adi şərab spirtidir (C2H5OH). Onu istənilən şəkər və nişasta tutumlu xammaldan - şəkər qamışı və çuğunduru, oduncaq, kartof, qarğıdalı, buğda, arpa və digər bu kimi bitkilərdən almaq mümkündür. Bu sırada kartof daha məhsuldarlığı ilə daha çox fərqlənsə də, münasib qarğıdalı hesab olunur. Bir ton qarğıdalıdan 410 litr etanol alınır. Hazırda dünyanın bir çox ölkələrində etanol istehsalı avtomobil yanacağı sferasına daxil olmuş və proses yeni hibrid yanacaqlı avtomobillər nəslini ərsəyə gətirmişdir. Bu məqsədlə dünyada minlərlə məxsusi yanacaqdoldurma stansiyaları fəaliyyət göstərir. Braziliyada hər yeni 10 avtomobildən 7-si etanolla işləyir. Neftin qiymət artmaları etanol istehsalının rentabelliyində əks olunur. İndi miqyaslı həcmdə etanolun kütləvi istehsalı üçün yeni geniş ərazilərin axtarış problemi aktuallaşmaqdadır. Bir sıra alimlər etanol istehsalı üçün ehtiyatları tükənmiş, istismarı bitmiş neft-qazlı zonaların ərazisini daha münasib hesab edirlər. Müvafiq ərazilərin etanol istehsal edən taxıl fermalarına çevrilməsi beynəlxalq energetik dairələrdə artıq geniş dəstək alan reallıqdır.

Ekoyanacaq sferasında ideal avtomobil yanacağı olaraq təbii qaz - metan üstünlüklər əldə edir. Metan yanacağı ilə doldurulan avtomobillə eyni qiymətdə benzinlə doldurulmuşdan 2 dəfə çox məsafə qət etmək mümkündür. İstehsalçılar bu keyfiyyətliliyi nəzərə alaraq metan yanacaqlı avtomobillər istehsalını genişləndirilər.

Yanacaq problemi ilə bağlı təbiətdə də möcüzəli yaranışlar vardır. Bu sırada təbii “yanacaqdoldurma” stansiyalarının mövcudluğu da təəccüb doğurmaya bilməz. Cənubi Afrikada və Filippində təbii “yanacaqdoldurma” stansiyaları kimi qəbul edilə bilən ərazilər mövcuddur. Burada bitən bir sıra lian sarmaşıqları və tropik xanqa ağacı belə funksiyaları gerçək yerinə yetirir. Belə ki, həmin bitki növləri özlərində emala ehtiyacı olmayan yağ xüsuslu maye tutur və onlar avtomobil mühərrikində çox yaxşı yanaraq benzindən də az toksik maddə buraxır. Bu keyfiyyətliliyi ilə palma yağı da fərqlənir. Müqayisəli dərəcədə ondan asanlıqla dizel yanacağı almaq mümkündür [4, 6].

Azərbaycanda köhnə yataqlarda neft istehsalının təbii aşağı düşməsi, onun emala yönəldilən həcminə də təsir göstərir. Proqnozlara görə bu azalma hər il 1-2% enmə tempi ilə irəliləyir. Nəticədə 2025-ci ildə köhnə yataqlarda neft hasilatı 6,5-6,9 milyon tona qədər azalacaqdır. Bu dövr ərzində ölkə əhalisinin sayı 22-25% artaraq, 11,2-11,5 milyon nəfərə qədər yüksələcəkdir. İqtisadiyyatın güclənməsi, onun sosial effektləri bir qədər də artırılacaq və bu kəskin olaraq insanların rifah halında əksini tapacaqdır. Əlverişli sosial durum öz növbəsində enerji tələblərinin də artması ilə müşayiət ediləcəkdir. Belə bir şəraitdə respublikada hazırda mövcud 1,3 milyona yaxın avtomobil sayı 2025-ci ildə orta hesabla 2 dəfə artaraq 2,5-2.6 milyon olacaqdır. Göründüyü kimi, yaranacaq neft defisitindən respublikanın nəqliyyat sektoru əziyyət çəkəcəkdir və o özünün yeni təchizat sisteminin yaradılması zərurəti ilə qarşı-qarşıya qalacaqdır.

Hazırda respublikanın avtomobil benzininə və dizel yanacağına olan tələbi hər iki yanacaq növü üzrə ayrı-ayrılıqda 1,5 milyon ton təşkil edir. Hesablamalara görə, 2025-ci ildə bu tələbat 2 dəfə artacaqdır. Həmin tələbata uyğun olaraq neft emalının 2 dəfə artırılaraq 2025-ci ildə 11-12 milyon tona qədər yüksəldilməsi lazımdır. Bununla belə, respublikada istehsal edilən avtomobil yanacağının keyfiyyəti və çeşidinin də yüksəldilməsi vacibdir [6]. Belə ki, Azərbaycanda 2014-cü ildən AVRO-4, növbəti illərdə isə daha yüksək ekoloji standartlı yanacaq standartlarının tətbiqi ilə əlaqədar bu reallıq nəzərdən qaçırılmamalıdır.

O da vurğulanmalıdır ki, neft istehsalında enmələr yalnız köhnə yataqlar sferasını əhatə etmir. Bu həm də özünü beynəlxalq neft konsorsiumları zonasında da göstərir. Neft hasilatının enişi səmt qazının da azalmaması ilə müşayiət olanacaqdır. Lakin ölkənin artan qaz potensialına nəzər yetirdikdə görərik ki, onun nəqliyyat sektorunda istifadəsi hələ də yetərincə deyildir. Hazırda qlobal yanacaq-enerji balansında təbii qaz dominantlığı ələ almaqdadır. Dünya «Metan epoxası» - daha çox təbii qaz resursları istehlakı dövrünə qədəm qoyub. Vurğulandığı kimi, Azərbaycanın da təbii qaz ehtiyatları çox böyük potensiallıdır. Onun istifadə müddəti ən optimal görüntüdə 100 ildən də çox dövrü əhatə edə bilər. Biz bu resurslardan nəqliyyatın tələblərinin ödənilməsi istiqamətində də faydalana bilərik.

 

5.Nəticə

Şəhər ictimai nəqliyyatının inkişafi problemlərinin və avtomobilləşmənin yeni ekoloji tələbləri üzrə qiymətləndirmələr apararaq müəyyən edilmişdir ki, inkişaf etmiş aparıcı dünya ölkələrinin şəhər sərnişin nəqliyyat şəbəkəsinə bazar tənzimləməsi və azad bazar sistemləri xasdır. Əksərən isə şəhər sərnişin nəqliyyat şəbəkələri işlərini daha çox şəhər bazar tənzimləməsi sistemi üzərində qururlar. Azərbaycanda da bazar münasibətlərinin inkişaf etdiyi bir zamanda bu sistemin mütərəqqiliyindən daha geniş faydalanma imkanları gerçəkləşdirilməlidir. Bunun üçün ilk növbədə, struktur islahatları aparmaqla şəhər sərnişin nəqliyyatında bütün nəqliyyat növlərinin işinin əlaqələndirilməsi və inkişafını təmin edən kompleks proqramın hazırlanması və müvafiq sahəvi normativ-hüquqi bazanın təkmilləşdırilməsi təmin edilməlidir. Tıxacların aradan qaldırılması üçün yeni yollar salınmalı, şəhər girişlərində və xüsusi tələb olan zonalarda şəxsi avtomobillər üçün geniş imkanlı parkinqlər təşkil edilməli, yeni şəhər nəqliyyat növlərinin (tramvay və elektrik qatarları) tətbiqi ilə bağlı konseptual işləmələr aparıb, müvafiq əməli tədbirlər həyata keçirilməlidir. Bu işdə nəqliyyatın intellektual idarəetmə mərkəzinin imkanlarından onun özünün imkanlarını genişləndirməklə səmərəli istifadə olunmalıdır. Bundan başqa avtomobilləşmənin sürətli artımı ilə bağlı yanacaq, nəqliyyat və ekoloji təhlükəsizlik problemləri də həllini tapmalıdır.

 

 

Ədəbiyyat siyahısı

1.Бычков, В.П. Предпринимательская деятельность на автомобильном транспорте: перевозки и автосервис. М.: Академический проект, 2009. 573 с.

2.Спирин, И.В. Организация и управление пассажирскими автомобильными перевозками. М.: Академия, 2011. 398 с.

3.Туревский, И.С. Автомобильные перевозки. М.: Издательский Дом «Форум», 2011. 222 с.

4.www.worldmetro.org.ua - Dünya nəqliyyat ensiklopediyası və yenilikləri.

5.www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.

6.www.tram.ruz.net - Moskvalıllar tramvayın lehinə QHT-nin saytı.

7.www.europa.eu.int - EU - Avropa İttifaqı

 

 

 Гаджизаде Эльшан Махмуд оглы

Д.э.н., проф., Азербайджанский Государственный Экономический Университет

Az 1001, ул. Истиглалийат, 6

 

Аннотация

 

Проблемы развития городского общественного транспорта и новые экологические требования автомобилизации

 

Система городского общественного транспорта играет важную роль в жизнеобеспечении мегаполисов. Реальнось такова, что на современном этапе успешное развитие крупных городов невозможно без обеспечения устойчивой и совершенной инфраструктуры городского общественного транспорта. Исходя из этого, в настоящей статье задачи по новым экологическим требованиям развития городского общественного транспорта и автомобилизации на современном этапе становятся предметом ее исследования. Проводится анализ систем городского общественного транспорта развитых стран, дается их оценка на основе проведенных сравнений. Здесь, также, проводен анализ происходящих в соответствующей сфере прогрессивных тенденций и возможностей применения в Азербайджане новых механизмов управления и обеспечения экологической безопасности и представлен пакет предложений по данному вопросу.

 

 

Hajizadeh Elshan Mahmud oglu

Prof. Dr., Azerbaijan State Economic University

 

Abstract

 

Problems of development of urban public transport and

new environmental requirements motorization

 

Urban public transport system plays an important role in the livelihood of megacities. Real is that at the present stage the successful development of large cities is not possible without sustainable infrastructure and improved urban public transport. Based on this, in this article the problem of emerging environmental requirements for urban public transport and car ownership at the present stage become the subject of her research. The analysis of urban public transport systems in developed countries, given their assessment on the basis of the comparisons. Here, too, analyzes occurring in the relevant field of progressive trends and opportunities for application in Azerbaijan new governance mechanisms and environmental safety and a package of proposals on this issue.

 

 

187.Şəhər ictimai nəqliyyatinin inkişafi problemləri və avtomobilləşmənin yeni ekoloji tələbləri. Təfəkkür elmi xəbərlər jurnalı. Elm və Təhsil mərkəzi Təfəkkür Universiteti. Bakı: № 4. 2014. 0,9 ç.v.