Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / MİLLİ NEFT STRATEGİYASI VƏ İNKİŞAFIN YENİ HƏDƏFLƏRİ
Hacızadə Elşən Mahmud oğlu
i.e.d., prof. ADIU
Açar sözlər: Azərbaycan iqtisadiyyatı, neft-qaz resursları, milli neft strategiyası, enerji təhlükəsizliyi.
Ключевые слова: экономика Азербайджана, ресурсы нефти и газа, национальная нефтяная стратегия, энергетическая безопасность.
Keywords: Azerbaijan's economy, oil and gas resources, the national oil strategy, energy security.
1.Giriş
Neft və qaz sərvətləri müasir zamanda zəruri istehsal qaynağı, servis və fiskal resurs olmaqla həm də geniş miqyasda aqrar və sənaye sektorunun əsas energetik komponentini təşkil edir. Sosial təsiri, şəhəryaratma və aqlomerasiya effekti çox mühüm olan bu resursa istinadən bəşər cəmiyyəti həyatının bütün sahələrində özünü ən ümdə lazımi yanacaq, elektrik enerjisi və nəqliyyat xidməti ilə təmin etmiş olur. Bununla yanaşı neft-qaz resursları həm də iqtisadiyyatın investisiya istiliyini artıran ən güclü və rahat amil funksiyasını yerinə yetirir.
Azərbaycan Respublikası da dünya çapında neft-qaz sərvətləri ilə bol regionlardan bir kimi tanınır. Burada neft-qaz resurslarından istifadənin çoxəsrlik tarixi vardır. Digər amillərlə yanaşı, məhz bu amillə də Azərbaycan bəşər sivilizasiyasının tərərqqisində mühüm rol oynamış, dünya iqtisadiyyatının inkişafına yetərli töhfələr vermişdir. Lakin Azərbaycan xalqı neft istehsalının sənayeləşməsinin son iki əsri əhatə edən tarixi mərhələsində mənsub olduğu neft-qaz sərvətlərinin gəlirlərinin idarə edilməsi işindən əsasən kənarda qalmış və bu resursların təbii rentasından dolğun bəhrələnə bilməmişdir. Ölkənin dövlət müstəqilliyinın bərpa olunması ilə isə ilk dəfə neft-qaz sərvətlərinin xalqa məxsusluğu tam təmin edilmiş və onlardan milli mənafelər baxımından geniş istifadə üçün real əlverişli şərait yaranmışdır. Bununla yanaşı, Azərbaycanın Xəzər sektorunda ötən əsrin son onilliklərində aşkarlanmış nəhəng neft-qaz yataqları onun karbohidrogen potensialını daha da yüksəltmişdir. Bütün bu gerçəkliklər fonunda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə milli neft strategiyası formalaşdırılmışdır. Praktiki müstəvidə «Əsrin müqaviləsi»ndən start götürən milli neft strategiyası multiplikativ effektdə prezident İlham Əliyevin əzmkar fəaliyyəti ilə aparılan miqyaslı islahatlarla daha təkmil məcraya yönəlmiş, çoxsaylı beynəlxalq neft kontraktının bağlanması ilə respublikaya nəhəng investisiya axınının gətirilməsini, transmilli neft-qaz ixrac boru kəmərlərinin inşasını, yeni yanacaq-enerji infrastrukturu quruculuğunu, sosial-iqtisadi inkişafa əlavə stimullar verən milli neft fondunun yaradılmasını təmin etmişdir. Bununla da Azərbycan yeni geosiyasi situasiyada özünün nəhənğ enerji ehtiyatları ilə yenidən dünya iqtisadiyyatı sisteminə, onun inkişafına və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi prosesinə qosulmuşdur. İndi bu sərvətlərdən daha səmərəli istifadə ümumi milli inkişaf strategiyasının ən mühüm prioritetlərindən birini təşkil edərək elmi-tədqiqat sferasında da aktual səciyyə daşıyır. Bu aktuallıqdan irəli gələrək, neft-qaz sərvətlərinin müasir mərhələdə ölkənin iqtisadi inkişafında oynadığı rolu bir daha dəyərləndirməklə yaxın və orta perspektivdə milli neft strategiyasının yeni hədəfləri üzrə müvafiq təhlilin aparılması mövcud tədqiqat araşdırmasının predmetinə çevrilmişdir.
2.Milli neft strategiyası praktiki çevrədə
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, bütövlükdə mənsub coğrafiyada mürəkkəb geosiyasi vəziyyət mövcud idi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana çox riskli dövlət kimi baxılırdı. Elə bu və digər əsaslardan da Xəzərin Azərbaycan sektorunda yataqların işlənməsi üzrə iri kapitalqoyuluşlu müqavilələrin bağlanmasına ehtiyatlı yanaşılırdı. Lakin ümummilli lider Heydər Əliyevin qətiyyəti, apardığı uğurlu neft diplomatiyası ilə 20 sentyabr 1994-cü ildə «Azəri-Çıraq-Günəşli» - AÇG yatağının dünyanın aparıcı dövlətlərinin, qlobal neft şirkətlərinin birgə işlənməsi əsasında «Әsrin müqavilәsi» adlanan möhtəşəm saziş imzalandı. «Әsrin müqavilәsi» milli neft sәnayesinin yeni mәrhәləsinin lokomotivi olaraq ardınca çoxsaylı müqavilәlәri çәkib gətirdi və respublikaya heyrәt doğuracaq sәviyyәdә investisiya axınını tәmin etdi.
Bütün bunlarla əlaqədar ölkədə neft sәnayesinin inkişafını sürətləndirmək üçün mühüm infarstruktur yaranışları və dəyişiklikləri aparılmışdır. Konkret olaraq, «Azәri Layt» markalı yüksәk dәyәrli Azәrbaycan neftinin dünya bazarlarına çıxışı üçün ilk logistik layihələr həyata keçirilmiş, daxili (Sәngәçal, Dübәndi) və xarici (Novorossiysk - Rusiya vә Supsa - Gürçüstan) neft terminalları yenidәn qurulmuş, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri işə salınmışdır. Bu ərəfədə neft tariximizdә daha bir әlamәtdar hadisә isə, 1999-cu il noyabr ayının 18-dә İstanbulda «Çırağan» sarayında «Ankara bәyannamәsi»nә uyğun olaraq Bakı-Ceyhan marşrutu üzrə «Xam neftin Azәrbaycan, Gürcüstan vә Türkiyə әrazisi ilә nәql edilmәsinә dair saziş»in imzalanması olmuşdur. Bunlarla yanaşı, neftlə bağlı planların reallaşması istiqamətində ölkədə digər irimiqyaslı layihələr də həyata keçirilmişdir. Belə ki, Xəzərin ən dərin qatlarını fəth edən modernləşdirilmiş «İstiqlal», «Dədə Qorqud», «Qurtuluş» və «Lider» adlı üzən dərin qazma qurğuları istismara verilmiş, Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» qaz-kondensat yatağının açılışı və istismarı ilə əlaqədar Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa olunmuş, geniş institusional islahatlar aparılmış, ARDNŞ-in strukturu yeni mobil düzümdə formalaşdırılmış və sosial-iqtisadi inkişafa əlavə stimullar verən yüksək investisiya təminatlı müvafiq milli neft fondu - ARDNF təsis edilmişdir [1-7]. Bütün bunlar «Əsrin müqaviləsi» və şonrakı neft konratklarının reallaşması ilə bağlı milli neft strategiyasına çevrilən neft siyasətinin məqsəd və vəzifələrinin imperativlərini təşkil etmişdir. Göründüyü kimi, bu strategiya formalaşdırılarkən yalnız lokal məzmunda deyil, həm də regional və qlobal miqyasları hədəfə almışdır. Bu baxımdan da milli neft strategiyası ilkin yaxın və orta müddətdə inkişafın konturları dörd aspektə - siyasi, iqtisadi, sosial və texniki kontekstə cizgiləndirilmişdir. Siyasi kontekst dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təminatı və neft diplomatiyası ilə beynəlxalq inteqrasiyanın dərinləşdirlməsini ehtiva etmişdir. İqtisadi kontekst başlıca olaraq planlı iqtisadiyyatdan liberal iqtisadiyyata keçid, iqtisadi təhlükəsizlyin təminatlığını və bu bazada bütün sferalarda milli təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmişdir. Sosial kontekst isə milli rifah, elm-təhsil, səhiyyə və digər humanitar sferalarda hərtərəfli inkişafa istiqamət almışdır. Nəhayət, Texniki kontekst Yanacaq-Enerji Kompleksində - YEK infrastruktur yenidənqurmasının, neft-qaz resurslarının beynəlxalq bazarlara çıxışında logistik alternativlərin, donanma, dəmir yolu və digər nəqliyyat kommunikasiyalarının müasir texnoloji sistemdə qurulması ilə milli enerji təhlükəsizyliyinin tam bərqərar olmasını əhatəsinə almışdır. Bütün bu imperativlər hamılıqla vəhdət təşkil edir və onların reallaşması müəyyən detallar istisna olmaqla əsasən ötən əsrdə başa çatmışdır.
Növbəti mərhələdə (2003-2013-cü illər) milli neft strategiyasının reallaşması üstün olaraq prezident İlham Əliyevin fəaliyyəti ilə irəliləyiş tapmışdır. Bu mərhələ axtarış-kəşfiyyat və qazma işlərinin nəticələri əsasında ölkənin neft-qaz ehtiyatlarının artması, növbəti beynəlxalq neft kontraktlarının bağlanması, ARDNŞ-in şaquli inteqrasiya formatlı qlobal bir şirkətə çevrilməsi, ölkə xaricində biznes layihələrinin həyata keçirilməsi, investisiya qoyuluşlarının yüksəldilməsi, YEK-in infrastruktur modernizasiyasının sürətləndirilməsi, Azərbaycanın qaz ixracatçısı statusu qazanması və rifahı artıran daha geniş iqtisadi və sosial effektlərlə müşayiət olunmuşdur. Aparılan kəşfiyyat və qazma işləri «Əsrin müqaviləsi» üzrə kontrakt zonasında ehtiyatların (ilkin ehtiyatlar 511 milyon ton hesablanırdı) orta hesabla iki dəfə artması ilə nəticələnmişdir. İndi burada ehtiyatlar 1,2 milyard tondan da artıq dəyərləndirilir. Hazırda AÇG yatağı hasilat həcminə görə dünyada üçüncü yeri tutur. Bu yataqlardakı gündəlik hasilat 900 min barel təşkil edir. Bu isə onu göstərir ki, Azərbaycan iqtisadiyyatı «Əsrin müqaviləsi»ndən öncə olduğu proqnozdan fərqli olaraq daha yüksək mənfəət əldə edəcəkdir. Hesablamalara görə, «Əsrin müqaviləsi» üzrə yataqların 30 illik istismarı dövründə respublikamız 200 milyard dollardan çox mənfəət alacaqdır. Artıq müvafiq hasilat zonasında neftin 25%-ə qədəri çıxarılmışdır. Bir cəhəti də xüsusi ilə vurğulamaq gərəklidir ki, neftin dünya bazar qiymətlərinin yüksək olması nəticəsində «Əsrin müqaviləsi» üzrə mənfəət neftinin (müqaviləyə əsasən mənfəət nefti 2006-cı ildən əldə edilir) Azərbaycan hökuməti ilə şirkətlər arasında bölüşdürülməsi proporsiyaları daha sürətlə respublikamızın xeyrinə dəyişmişdir. Belə ki, 2007-ci ilin sonunadək 30:70 kimi olan bölgü proporsiyası 2008-ci ilin əvvəlindən 45:55, ilin ikinci rübündən isə 80:20 nisbətində olmuşdur. Bunun nəticəsində 2008-ci ildə Azərbaycan hökumətinə çatan mənfəət neftinin həcmi və onun satışından daxilolmalar da kəskin artmışdır [7].
Dünya miqyasında neft-qaz ehtiyatları baxımından Azərbaycanın potensialı mötədil hesab olunur. Təkcə respublikaya mənsub Xəzər şelfində karbohidrogen resurslarının kumulyativ həcmi mütəxəssis tədqiqatlarına görə 3-4 və hətta proqnoztik baxımdan 5-7 milyard ton neftə ekvivalent hesablanır. Buraya quru ərazilərdə aşkarlanmış və perspektiv potensial ehtiyatların 1 milyard ton miqdarı da əlavə olunduqda ümumi toplumda orta hesabla adambaşına 700-800 ton həcmində karbohidrogen resursları düşür. Xalıs qaz ehtiyatları baxımından isə bu pay respublikada adambaşına 300 min m3 təşkil edir. İndiki dünya qiymətləri ilə bu hər bir ölkə vətəndaşı üçün 100 min ABŞ dolları həcmində gəlir payı deməkdir. Ümumi karbohidrogen ehtiyatlarının adambaşına bölgüsündə isə bu dəyər 4-5 dəfə də yüksəlir. Bununla yanaşı xüsusən vurğulanmalıdır ki, geoloqlar 70% neft-qaz resursları ilə perspektivli olan respublika ərazisinin 13-15%-nin yataqlarının mövcudluğu baxımından hələ öyrənilmədiyini və neftin yarıdan, təbii qaz ehtiyatlarının isə 3/4-dən çoxunun kəşf olunmamış qaldığını bəyan edirlər. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin yayımladığı məlumatlara görə, kəşf olunmuş neft ehtiyatları göstəricisi üzrə Azərbaycan dünyanın 99 ölkəsi arasında 7 milyard barel həcmlə 23-cü sırada qərar tutur. Kəşf edilmiş qaz ehtiyatları - 849,5 milyard m3 həcm ilə isə respublikamız dünyada 28-ci ölkədir. Bununla belə, qeyd olunmalıdır ki, 01.10.2013-cü il tarixinə Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon m3 təşkil edir və yaxın perspektivdə onun daha da artacağı gözlənilir [8, 9].
İndi Azərbaycan özü heç bir kənar stimullar olmadan dəniz akvatoriyasında miqyaslı istismar işləri aparır. Buna misal olaraq «Umid» qaz-kondensat yatağını göstərmək olar. Yataq Azərbaycan neftçiləri tərəfindən aşkarlanmış, onun investoru və operatoru funksiyasını da ARDNŞ özü həyata keçirir. İlkin hesablamalara görə, yatağın çıxarıla bilən ehtiyatları 200 milyard m3 qaz, 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Burada alınan nəticələr eyni zamanda Xəzərin Azərbaycan sektorunda məhsuldarlıq perspektivlərini yüksəltmiş, yeni lay və yataqların açılması ehtimalını artırmışdır. Belə ki, artıq «Umid» yatağı ilə bərabər, potensialı ondan 2 dəfə çox olan «Babək» yatağı da (400 milyard m3 qaz, 80 milyon ton kondensat) ARDNŞ tərəfindən müstəqil istismar ediləcəkdir. Bundan başqa, ARDNŞ ilə Fransanın «Total» şirkəti arasında imzalanmış müqavilə çərçivəsində Xəzərin Azərbaycan sektorunda «Abşeron» blokunda iri qaz yatağının kəşf edilməsi də ölkənin qaz potensialının artırılmasında mühüm əhəmiyyət daşıyır və yeni geosiyasi öhdəliklərin yaranışına rəvac verir. İlkin hesablamalara görə, «Abşeron» yatağında 350 milyard m3 qaz və 45 milyon ton kondensat həcmində karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilir. Yataqdan miqyaslı məhsul alınması 2022-2025-ci illər üzrə proqnozlaşdırılır. Hazırda «bp Azərbaycan» şirkəti ilə «Kaspian Geofizikal» Müştərək Müəssisəsi tərəfindən «Şəfəq-Asiman» (proqnoz ehtiyatlar 500 milyard m3 qaz və 65 milyon ton kondensat) və Almaniyanın RWE şirkəti ilə «Naxçıvan» (proqnoz ehtiyatlar 300 milyard m3 qaz və 40 milyon ton kondensat) perspektiv strukturlarında birgə geoloji-kəşfiyyat işləri aparılmaqdadır. Bundan başqa, AÇG yatağının qaz ehtiyatları da 300 milyard m3 həcmində dəyərləndirilir. Qeyd olunmalıdır ki, Azərbaycan qaz sənayesinin flaqmanı rolunda «Şahdəniz» yatağı çıxış edir. «Şahdəniz» dünyanın dəniz akvatoriyalarında işlənilən ən iri qaz-kondensat yataqlarından biridir. Burada sübut olunmuş ehtiyatlar 1,2 trilyon m3 qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. 2006-cı ildə «Şahdəniz» layihəsinin birinci mərhələsi çərçivəsində qaz hasilatına başlanılmışdır. Yatağın ikinci mərhələsi üzrə ilk qazın çıxarılması isə 2017-ci ildə gözlənilir Yeni qaz həcmləri Trans-Anadolu Boru Kəməri - TANAP (Trans Anatolian Pipeline) və Trans-Adriatik Boru Kəməri - TAP (Trans Adriatic Pipeline) boru kəmərləri vasitəsi ilə ixrac olunacaqdır. TANAP Şahdəniz yatağı və Azərbaycanın digər yataqlarından çıxarılan qazın Türkiyə qərb sərhədlərinə qədər, TAP isə Yunanıstandan başlamaqla Albaniyadan və İtaliyanın cənubuna kimi nəqlini təmin edən layihələrdir. TANAP-ın tikintisinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir. Həmin vaxt ilk qazın nəqletmə gücü 16 milyard m3, sonrakı mərhələdə - 2023-cü ildə 23 milyard m3, 2026-cı ildə isə 31 milyard m3 olacaqdır. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 milyard m3-in 10 milyard m3-i Avropaya tranzit olunacaq, 6 milyard m3-iisə Türkiyəyə veriləcəkdir. Növbəti mərhələlərdə Avropaya göndərilən qazın həcmi 20 milyard m3-ə qədər artırılacaqdır. Bütün bu işlərin səmərəliliklə yerinə yetrilməsi üçün Azərbaycan Respublikası Prezidenti 29 oktyabr 2013-cü il tarixində «Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında» sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin - SCP genişləndirilməsi, TANAP və TAP layihələrinin həyata keçirilməsi üzrə Dövlət Komissiyası yaradılmışdır [7, 8].
Aşağıda Azərbaycanda 1988-2015-ci illər üzrə neft-qaz hasilatı və proqnozunu əks etdirən cədvəl verilmişdir:
Azərbaycanda 1988-2015-ci illər üzrə neft-qaz hasilatı və proqnozu
İllər |
Nevt hasilatı (mln. ton) |
Qaz hasilatı (mln. m3) |
İllər |
Nevt hasilatı (mln. ton) |
Qaz hasilatı (mln. m3) |
1988 |
11 200 |
11 826 |
2002 |
14 755 |
5 837 |
1989 |
10 723 |
11 112 |
2003 |
15 378 |
5 168 |
1990 |
9 927 |
9 626 |
2004 |
15 549 |
5 006 |
1991 |
9 749 |
8 621 |
2005 |
22 214 |
5 818 |
1992 |
9 409 |
7 872 |
2006 |
32 268 |
9 045 |
1993 |
9 483 |
6 805 |
2007 |
41 658 |
16 965 |
1994 |
9 563 |
6 379 |
2008 |
44 527 |
23 405 |
1995 |
9 161 |
6 644 |
2009 |
50 419 |
23 745 |
1996 |
9 100 |
6 305 |
2010 |
50 789 |
26 346 |
1997 |
9 622 |
5 964 |
2011 |
45 625 |
25 753 |
1998 |
11 422 |
5 590 |
2012 |
43 390 |
26 909 |
1999 |
13 807 |
5 997 |
2013 |
41 062 |
27 545 |
2000 |
14 116 |
6 286 |
2014 |
41 000 |
28 000 |
2001 |
14 612 |
5 535 |
2015 |
41 000 |
30 000 |
Mənbə: http://www.socar.az, http://www.azstat.org məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.
Azərbaycan elektrik enerjisi sistemi də gücləndirilərək 7084 MVt-yə yüksəldilmişdir. Son 10 il ərzində respublikada 14 elektrik stansiyası tikilmiş və 2012-ci ildə enerji istehsalı 23 milyard kvts-a çatdırılmışdır. 2013-cü ildə isə enerji istehsalının 25 milyard kvts-dən çox olacağı proqnozlaşdırılır. İstehsal edilən elektrik enerjisinin 87%-ə qədəri İES-lərin (14 sayda) və qalan hissəsi SES-lərin (11 sayda) payına düşür. Bu sıraya 2011-ci ildən başlayaraq 5 MVt gücündə alternativ enerji (Qobustan rayonunda hibrid tipli günəş-külək elektrik stansiyası) sistemi də qosulmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Ermənistan istisna olmaqla elektrik enerjisini bütün regional dövlətlərlə ötürmə üzrə təminatlı infrastruktur imkanlarına malikdir. Reallıqlar onu əks etdirir ki, Azərbaycan artıq bir neçə ildir ki, ixrac saldosu onun xeyrinə olmaqla Türkiyə, Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadilə edir. Bütün bunları ölkə iqtisadiyyatını mövcud və orta perspektivdəki tələbləri ilə uzlaşdırdıqda Azərbaycanda enerji təhlükəsizliyinin tam şəkildə təmin edildiyini göstərir. Bununla belə, Azərbaycan artıq uzun müddətdir ki, digər tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında aktiv iştirak edir və onun bu istiqamətdəkı rolu hər il artır [10, 11].
Karbohidrogen potensialının artması bu istiqamətdə baş verən inkişaf prosesləri, enerji təhlükəsizliyinin əsas qlobal problemlər sırasından önə çıxması milli neft strategiyasının məzmun və ahəngində yeni korreksiyaların aparılmasını qaçılmaz edir, onun yaxın və orta müddət üçün perspektiv model hədəflərini əsaslandırır.
3.Milli neft strategiyasının perspektiv model hədəfləri
Hazırda Azərbaycanda ölkənin iqtisadi qüdrətinin artırılması, sosial həyatın keyfiyyət yüksəlişinin təmin edilməsi istiqamətdində iqtisadiyyatın şaxələndirilməsi və gücləndirilməsi strategiyası həyata keçirilir. Bu məqsədlə respublika Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə bazar iqtisadiyyatına keçidi adlayan yeni innovativ iqtisadiyat quruculuğuna təkan verən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilmişdir. Konsepsiyada ən əsas hədəf olaraq 2020-ci ilə Azərbaycanda Ümüm Daxili Məhsulun həcminin 2 dəfə artırılması və bu artımın iqtisadiyyatın diversifikasiyasına nail olunması, qeyri-neft sektorunun sürətli inkişafı və ölkədə biliklər iqtisadiyyatının qurulması hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu konsepsiyanın uğurla həyata keçirilməsi üçün həm də ölkənin rəqabətqabiliyyətliliyinin artırılması tələb olunur. Əlbəttə ki, bütün bu proseslər birbaşa və dolayısı ilə milli neft strategiyasının stimullaşdırıcı gücündən də qaynaqlanacaqdır. Bu baxımdan, milli neft strategiyasına yalnız sahəvi təyinatda yanaşılmamılıdır. Ona həmçinin bütün iqtisadiyyatı, dövlət maliyyəsini, hamılıqla milli təhlükəsizliyin struktur komponentlərini eyni orbitdə birləşdirən funksional bir idarəetmə sistemi kimi baxılmalıdır. Bu reallıq qəti olaraq onu əks etdirir ki, neft-qaz kompleksində genişlənən islahatlar iqtisadi və dövlət idarəetməsi sahəsində aparılan islahatlarla üzvi bağlılıqda irəliləyiş tapır.
Yeni strateji təsısatlandırmalar və geopolitik öhdəliklər üzrə qəbul edilən sənədlər çevrəsi, sahəvi normativ-hüquqi bazanın təkmilləşdirilməsi, YEK və sosial-iqtisadi inkişafla bağlı çoxsaylı dövlət proqramlarının reallaşdırılması tamlıqla əsas verir ki, milli neft strategiyasının yaxın və orta müddət üçün növbəti hədəfləri müəyyən olunsun. Bu hədəflər sırasında ARDNŞ-in transmilli şirkət kimi dünya neft biznesində fəal iştirakının və xaricdə uzunmüddətli strateji konsessiyaların əldə etməsinin təminatı, Avropa bazarlarına qaz nəqlinin maksimallaşdırılması, ixrac potensiallı yeni neft-qaz emal sənayesi və müvafiq kimya kompleksinin qurulması, istehsal, nəqliyyat-kommunikasiya, həmçinin sosial infasturukturun təkmilləşdirilməsi, innovasiyalı iqtisadiyyata keçid və s. bu kimi imperativlər yer alır. Bununla belə, özünün qüdrətli resurs bazasına əsaslanaraq neft strategiyası bir neçə onillik ərzində milli təhlükəsizlik və onun əsas tərkib hissələri - iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar və s. təhlükəsizlik sferalarının da möhkəmləndirilməsində və sosial-iqtisadi tərəqqinin davamlılığının təminatında başlıca strateji planlaşdırma mənbəyi olaraq qalacaqdır. Bütün bunlardan irəli gələrək və həmçinin milli enerji müstəqilliyini dolğunlaşdırmaq və enerji təhlükəsizliyini daha təminatlı etmək üçün real bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda uzun müddətləri əhatə edən enerji strategiyasının da hazırlanması olduqca zəruri və mühümdür. Bu zərurətlilik YEK-in ölkə iqtisadiyyatındakı əhəmiyyəti, enerji resurslarının milli təsərrüfatının həyat qabiliyyətli bütün sahələrində aparıcı və həlledici rolu, neft-qaz infrastrukturunun modernləşməsi, ekoloji fonun yaxşılaşdırılması və sosial rifahın daha da yüksəlişi, həmçinin əsaslı dərəcədə də Azərbaycanın artan geostrateji potensialı və dünya enerji bazarlarının qloballaşması tələblərində ifadəsini tapır. Analoji enerji strategiyaları ölkənin modernizasiyası və inkişafı proqramının ayrılmaz hissəsini təşkil edərək qardaş Türkiyədə, Rusiyada, Çin Xalq Respublikasında, əlahiddə, 2030-cu ilədək dövrə hesablanmış Ukraynada və digər ölkələrdə yeni quruluşda həyata keçirilməkdədir. ÜmumAvropa məkanında isə enerji strategiyası 50 ölkənin təmsil olunduğu «Enerji Xartiyası”nda birləşir. Enerji strategiyası regional kontekstdə Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin də assosiativ maraqlarının özəyində yer almışdır [8, 12].
Milli Enerji Strategiyası təbii enerji resurslarının və yanacaq-enerji potensialının ölkənin iqtisadi məkan bütövlüyündə rolunu, onun siyasi, makroiqtisadi, elmi-texniki inkişafına zəmin yaradan əhəmiyyətliliyini nəzərə alaraq konkret dövr üçün məqsəd və vəzifələri olan dövlətin enerji siyasəti sənədi rolunda çıxış edir. Ona görə də, onun hazırlanması istiqamətində dövlət tərəfindən çox mühüm olan kompleks tədbirlərin həyata keçirilməsi zəruridir.
Milli neft strategiyası ilə bağlı sosial-iqtisadi inkişafin növbəti hədəflərini əsaslandırarkən onun doğuracağı yeni multiplikativ effektlər də nəzərdən qaçırılmamalıdır. Bu effektlər isə daha çox insan kapitalının, informasiya-kommunikaya texnologiyalarınım, real sektorun, bütövlükdə qeyri-neft sektorunun inkişafını vüsətləndirəcəkdir.
4.Nəticə
Tədqiqat nəticəsi olaraq aparılan təhlillə yaxın 10 il üçün milli neft strategiyasının yeni imperativlər fonunda perspektiv model hədəfləri kimi aşağıdakılar əsaslandırılır:
v axtarış-kəşfiyyat işlərinin davam etdirilməsi, karbohidrogen ehtiyatlarının artırılması, infrastruktur modernizasiyasının genişləndirilməsi;
v neft-qaz emalı kompleksinin yenidənqurulması, müasir neft-qaz kimya sənayesinin yaradılması, ARDNŞ-in tam formada transmilli şirkətə çevrilməsi;
v Şahdəniz 2-ci fazanın reallaşdırılması, Ümid, Babək, Asiman, Abşeron qaz yataqlarının istismarına başlanılması, TANAP və TAP yeni qaz ixrac marşrutlarının çəkilişi;
v yeni sosial infrastrurkur kompleksinin formalaşdırılması və ekoloji təhlükəsizliyin möhkəmləndirilməsi.
v neft gəlirlərinin artırılması və səmərəli istifadəsi, innovativ iqtisadiyyata keçidin təmin olunmasında insan kapitalının davamlı investisiyalaşdırılması və qeyri-neft sektorunun stimullaşdırılması.
Mühüm sosial-iqtisadi multiplikator rolunu ifadə edən enerji sektorunun ölkənin makroiqtisadi göstəricilərinin formalaşmasında, sosial inkişafın və həyat səviyyəsinin yüksəlişində əhəmiyyəti daim genişlənir. Buna görə də, respublikada yanacaq-enerji resurslarından maksimum səmərəliliklə istifadə olunmasında strateji biçimli optimal tənzimləmə mexanizlərinin yaradılması vacibliyi daha aktual əhəmiyyət kəsb edir. Nəzərdən keçirilən bu məsələlərin sistemləşdirilməsi və idarə edilməsi isə ümumi analitik planda yaxın 15-20 il üçün milli neft strategiyasının tərkib hissəsi kimi «Enerji Strategiyası»nın da işlənib hazırlanmasını zəruri edir.
Ədəbiyyat siyahısı
1 |
Əliyev H.Ə. Azərbaycan nefti dünya siyasətində. Bakı: 1997, 478 s. |
2 |
Алиев И.Г. Каспийская нефть Азербайджана. М.: Известия, 2003. 798 с. |
3 |
Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində. Bakı: Elm, 2000, 257 s. |
4 |
Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası. Bakı: Elm, 2003, 512 s. |
5 |
Самедзаде З.А «Этапы большого пути - Экономика Азербайджана за полвека, её новые реалии и перспетивы». Баку: Издтельско-Полиграфический Центр «НУРЛАР», 2004, 936 с. |
6 |
http://www.oilfund.az - ARDNF. |
7 |
http://www.socar.az - ARDNŞ. |
8 |
www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı. |
9 |
https://www.cia.gov - CIA, The World Factbook, 2011 - ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi. |
10 |
http://www.azerenerji.com - Azərenerji ASC. |
11 |
http://www.azstat.org - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. |
12 |
http://www.iea.org - Beynəlxalq Enerji Agentliyi. |
182.Milli neft strategiyası və inkişafın yeni hədəfləri. Təfəkkür elmi xəbərlər jurnalı. Elm və Təhsil mərkəzi Təfəkkür Universiteti. Bakı: № 2. 2013. 0,7 ç.v.