gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / VERGİ MAARİFÇİLİYİNƏ YENİ BİR TÖHFƏ

29.07.2009

i.e.d., prof. E.M.Hacızadə

 

 

 

       Vergi və rüsumlar olmadan dövlətin öz vəzifələrini yerinə yetirməsi, özünün və vətəndaşlarının mənafeyini qoruması, tələbatını ödəməsi mümkünsüzdür. Bu, bəşər cəmiyyətinin tarxi təcrübəsində təsdiqlənmiş və heç bir mübahisə doğurmayan gerçəklikdir. Amma belə bir gerçəklik də danılmazdır ki, vergilərin könüllü ödənilməsi məsələsi bütün cəmiyyətlərdə və dövlət quruluşlarında heç də asanlıqla öz həllini tapa, insanlar üçün adi həyat tərzinə, davranış normasına çevrilə bilməmişdir. Dövlət idarəçiliyi problemlərini, iqtisadi münasibətlər sistemini araşdıran alim və mütəxəssislərin rəyinə görə, vergilərin könüllü ödənilməsi işində ciddi nailiyyətlər o zaman əldə edilə bilər ki, vətəndaşlar vergilərin məqsəd və mahiyyəti, dövlətin və cəmiyyətin inkişafında rolu barədə aydın və mükəmməl bilgilərə sahib olsunlar. Heç şübhəsiz, bu da vergi vergi maarifçiliyinin səmərəli şəkildə qurulması, vergi mədəniyyətinin formalaşdırılması sayəsində mümkündür...

Vergitutma sahəsində zəngin tarixi ənənələri olan Azərbaycanda dövlət müstəqilliyinin bərpasından və yeni iqtisadi münasibətlərə keçidin başlanmasından sonra müasir vergi sisteminin yaradılması zərurəti meydana çıxmış, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu sistemin formalaşdırılması istiqamətində məqsədyönlü addımlar atılmışdır. Vergilər Nazirliyinin timsalında vergilərlə bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra orqanının, eləcə də mükəmməl qanunvericilik bazasının yaradılması cəmiyyətdə vergilərə normal vətəndaş münasibətinin təşəkkül tapması üçün əlverişli zəmin olmuşdur. Ötən 10 il ərzində isə möhtərəm Prezident cənab İlham Əliyevin qərar və göstərişləri əsasında vergi sistemi daha da təkmilləşdirilmiş, vergi inzibatçılığı ardıcıllıqla inkişaf etdirilmişdir. Çox fərəhli haldır ki, bütün bunlar Azərbaycan cəmiyyətində vergi mədəniyyətinin təşəkkül tapmasına gətirib çıxarmış, vergilərin ödənilməsinə milli dövlətçilik mənafeyindən, əsl vətəndaş mövqeyindən yanaşılması kimi müsbət meyillərlə müşayiət olunmuşdur.

Artıq xeyli müddətdir ki, ölkəmizin ümümtəhsil müəssisələrində müxtəlif tədris pillələrində şagirdlərə vergilər haqqında ilkin biliklərin öyrədilməsi prosesi gedir. Özü də təqdirəlayiq haldır ki, Vergilər Nazirliyi rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində uşaqlar və yeniyetmələr öz təfəkkür və dərketmə imkanlarına uyğun tədris materialları, dərs vəsaitləri ilə təmin olunurlar.

Bu işin təşəbbüskarlarından və təşkilatçılarından, vergilərin iqtisadi problemlərinin həllisahəsində elmi-tədqiqat istiqamətinin əsasını qoyan, vergi sisteminin normativ-hüquqi bazasının yaradıcılarından,vergilərə dair çox qiymətli monoqrafiyaların dərsliklərin,  Azərbaycanda vergi mədəniyyətinə aid ilk sanballı kitabın, həmçinin “Vergi ensiklopediyası”nın müəlliflərindən olan, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi, iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Akif Musayevin bu yaxınlarda çapdan çıxmış “Vergilər haqqında edtüdlər” kitabı da (A.Musayev. “Vergilər haqqında etüdlər”. Bakı: “Çaşıoğlu” mətbəəsi, 2013. -216 s.) ölkəmizdə uğurla və davamlı şəkildə həyata keçirilən vergi maarifçiliyinə yeni bir töhfə kimi qiymətləndirilə bilər.

Elmi-publisistik üslubda, ədəbi-bədii nümunələrdən və maraqlı foto- illüstrasiyalardan geniş istifadə olunmaqla yazılmış bu kitab cəmiyyətin daha yetkin vətəndaşları, ən başlıcası, iqtisadi fəaliyyətə maraq göstərən, vergilərlə bağlı ənənəvi və müasir bilgiləri, anlayışları, fakt və hadisələri öyrənmək istəyənlər üçün çox faydalı bir mənbədir.

Etüd - fransız sözü olub, dilimizə “öyrənmək” kimi tərcümə edilir. Lakin bu söz rəssamlıqda, musiqidə, ədəbiyyatda və hətta şahmat oyununda ümumişlək və beynəlmiləl bir termin kimi çoxdan dünya dillərinə daxil omuşdur. Ədəbi və elmi yaradıcılıqda etüd - hər hansı bir mövzuya həsr olunmuş həcmcə kiçik əsər və ya tədqiqat mənasında işlədilir.

Prof. Akif Musayevin özünəməxsus elmi intuisiya və bədii-publisistik təxəyyüllə qələmə aldığı, hər biri vergi problemləri ilə bağlı ayrı-ayrı məsələlərdən bəhs edən bu etüdlərin böyük əksəriyyətini biz ilkin versiyada “Vergilər” qəzetində oxusaq da, kitabda onların kütləvi oxucuya yenidən işlənmiş, məzmunca daha da təkmilləşdirilmiş və zənginləşdirilmiş formada təqdim olunduğunu görürük. Kitabda toplanmış 40 etüdün hər biri müəllifin çox ciddi və geniş mövzuları yığcam mətndə aydın, səlis, oxucular üçün asan bir dildə şərh və ifadə etmək bacarığından, müraciət olunmuş mövzuların elmi-iqtisadi mahiyyətini dərindən bilməklə yanaşı, həm də bu mövzular aid mövcud ədəbi-bədii əsərlərə bələdliyindən xəbər verir. Vergilərin yaranması, təkamülü və müasir inkişaf istiqamətləri, vergi mədəniyyətinin elementləri, vergi siyasətinin xüsusiyyətləri prof. A.Musayevin qələmə aldığı etüdlərin əsas mövzularıdır.

Kitaba müəllifin özünün yazdığı ön sözdə qeyd edildiyi kimi, etüdlərdə Azərbaycan və xarici ölkə yazıçı və şairlərinin əsərlərindən, şifahi xalq ədədbiyyatından götürülmüş nümunələr məntiqi cəhətdən sıx bağlı olduqları hər bir konkret mövzunun açılmasına, şərhi verilən fakt və hadisələrin məna və əhəmiyyətinin daha yaxşı dərkinə imkan yaradır.

“Vergilərin uzun və keşməkeşli təkamül yolu”, “Vergi məmurları” etüdləri oxucularda “dünyada yaradılan ilk dövlətlərlə həmyaşıd olan vergilər”in uzun və bu gün də davam edən təkamül yolundan, vergi məmurlarının cəmiyyətdə heç də birmənalı qarşılanmayan, amma böyük məsuliyyət və diqqqət tələb edən işinə tarixi mənbələrdəki münasibətdən bəhs edərkən prof. A.Musayev həm dünya, həm də Azərbaycan ədəbiyyatı korifeylərinin əsərlərindən, tarixi şəxsiyyətlərin həyatından maraqlı nümunələr gətirir.

Etüdlərdə vergilərin həm nəzəri problemləri, həm praktiki məsələləri, həm də iqtisadiyyatın digər sahələri ilə əlaqələri, bu əlaqələrin qarşılıqlı təsirinin nəticə və perspektivləri lakonik, ancaq bitkin bir şəkildə tədqiq olunur. “Elektron ticarətin vergiyə cəlb olunması”, “"Yaşıl vergi" siyasəti  və ekoloji inkişaf”, “Kiçik və orta sahibkarlığın  vergiyə cəlb olunması”, “Sosial kapital  və korporativ sosial məsuliyyət”, “İqtisadi sistemdə etibarın yaradılmasında vergi sisteminin rolu”, “Beynəlxalq təcrübədə qarşılıqlı asılılıq”, “Əhalinin məşğulluğu və gəlir vergisi”  və s. etüdlər bu baxımdan diqqəti cəlb edir.

Bazar iqtisadiyyatı şəraitində vergilərin ödənilməsinin, onların hesablanma üsullarının qavranılmasının xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alan müəllif zərər zamanı verilən güzəştlərə, vergi ödəyicilərinin hüquqlarına, vergi orqanlarının səlahiyyətləri nisbətinə, vergi harmonizasiyasına, vergi risklərinə və onların minimallaşdırılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsininin digər vacib problemlərinə həsr etdiyi etüdlərdə bu məsələləri ön plana çəkir.

Sahibkarlıq fəaliyyətində səmərəli nəticələrin əldə edilməsində yeni texnologiyaların tətbiqi ilə yanaşı, vergi mexanizmlərinin təkmilləşdirilməsinin və stimullaşdırıcı rolunun artırılmasının əhəmiyyətini tədqiq edən prof. A.Musayevin vergi siyasətinin xüsusiyyətlərinə, həmçinin müxtəlif vergi növlərinin - gəlir vergisi, əmlak vergisi və digər vergilərin təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş etüdləri maraqla oxunur. Ən başlıcası isə, müəllifin elmi-praktiki qənaətləri ədəbi nümunələrdəki bədii təsvir vasitələrinin köməyi ilə oxucu yaddaşında daha möhkəm bir şəkildə həkk olunur.

Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəhbərliyiprof. A.Musayevin dövri mətbuatda dərc etdirdiyi etüdlərin kitabda toplanması ideyasını dəstəkləmiş və onu nəşr etdirmişdir. Kitabın hazırlanmasında müəllifə tanınmış yazıçı Aslan Qəhrəmanlı, Vergilər Nazirliyinin əməkdaşları Yunis Quliyev, İmran Qarayev, Taleh Ağayev, həmçininAMEA-nın Kibernetika İnstitutunun rəhbərliyi kömək və texniki yardım göstərmişlər. Kitabın  redaktoru, “Azərbaycan vergi jurnalı”nın məsul katibi Elşən Əliyevin də bu orijinal nəşrin araya-ərsəyə gəlməsində böyük zəhməti  olmuşdur.

Prof. Akif Musayevin sanballı və zəngin məzmunu ilə yanaşı, həm də nəfis bədii tərtibatı və yüksək poliqrafik keyfiyyəti ilə seçilən “Vergilər haqqında etüdlər” kitabının geniş oxucu auditoriyasında rəğbətqazanacağına, vergilər sahəsində maarifçilik missiyasını layiqincə yerinə yetirəcəyinə əminliyimizi bildirir, müəllifə fəal yaradıcı və elmi fəaliyyətində, milli dövlətçiliyimizə sədaqətli xidmətində yeni uğurlar arzulayırıq.

  

179.Vergi maarifçiliyinə yeni bir töhfə (məqalə-resenziya). Azərbaycanın vergi jurnalı. Bakı: № 4, 2013. 0,3 ç.v.