gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / İNFORMASİYA İQTİSADİYYATI İNFORMASİYA CƏMİYYƏTİNİN ƏSASI KİMİ

31.08.2009

UOT 330.47:338.2

 

 

 

Hacızadə Elşən Mahmud oğlu

i.e.d., prof. Azərbaycan Dövlət İqtisad Universiteti

Az 1001, İstiqlaliyyət küçəsi 6

elshan@hajizada.com

 

Xülasə

 

Tədqiqatın məqsədi - informasiya iqtisadiyyatının təşəkkülü və təkamülünü, səciyyəvi və fərqli cəhətlərini elmi çevrədən xarakterizə edərək, onu informasiya cəmiyyətinin özəyində dayandığını və dünya iqtisadiyyatının inkişafında xüsusi rol oynadığını əsaslandırmaq.

Tədqiqatın metodologiyası - retrospektiv, amilli və müqayisəli təhlil metodları;

Tədqiqatın nəticələri: informasiya iqtisadiyyatı qlobal xarakter alaraq, sürətli inkişafı ilə dünya bazarının seqmental sistemini təbəddülatlara uğradır və yeni iqtisadi münasibətləri formalaşdırır.

Tədqiqatın məhdudiyyətləri - informasiya iqtisadiyyatının geniş aprobasiyasının davam etməsi və tsiklik olaraq bitməməsi.

Tədqiqatın praktiki əhəmiyyəti - informasiya iqtisadiyyatı konsepsiyası istiqamətində genişlənən tədqiqatlarda elmi, informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biznes fəaliyyətində nəzəri mənbə kimi istifadə imkanlığı.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - informasiya iqtisadiyyatının informasiya cəmiyyətinin bazisi qismindən tədqiqi və ona biliklərə, intellektual əməyə, yüksək və innovativ texnologiyalara əsaslanan “insan kapitalı iqtisadiyyatı” kimi də yanaşılmasıdır.

 

Açar sözlər: informasiya iqtisadiyyatı, informasiya cəmiyyəti, informasiya-kommunikasiya texnologiyaları.

 

 

1.Giriş

İqtisadi nəzəriyyədə əsas problemlərdən biri iqtisadi subyektlərin qeyri-məhdud tələblərinin yerinə yetirilməsi üçün məhdud iqtisadi resurslardan səmərəli istifadə haqqında məsələnin tədqiqi hesab olunur. Müasir şəraitdə bu problem daha çox mürəkkəb makroiqtisadi sistemlərin sosial-iqtisadi təkamülünün tənzimlənməsi kontekstində nəzərdən keçirilir. Həmin təkamül prosesi iqtisadi subyektlərin fəaliyyət nəticələrinin qeyri-müəyyənliyi ilə sıx əlaqədardır ki, bu da zəruri informasiyanın aşkara çıxarılması yolu il azalmaya məruz qala bilər. Eyni zamanda, qeyd olunmalıdır ki, müasir məqamda informasiya özü unikal istehsal amilinə çevrilmişdir. Bu unikallıq onun intəhasızlığı və bitməsi, yayılması və nadirliyi kimi müxtəlif aspektlərlə şərtlidir və belə xarakterik xüsusiyyətlər öncəki istehsal amillərinə heç də xas deyildir. Digər tərəfdən, iqtisadi rifahlar kimi informasiya özü də bir qayda olaraq məhduddur. Bu da mühümdür ki, informasiya resursları informasiyaların emalı və ötürülməsinin texniki vasitələri ilə qarşılıqlı əlaqədə yeni “informasiya cəmiyyəti nəzəriyyəsi” yaratmışlar. Bununla yanaşı, onlar həm də hazırda istehsal sahələrinə, sənaye, nəqliyyat, rabitə, ticarət, maliyyə-kredit sisteminə inqilabi dəyişikliklər gətirən təsirlə nüfuz edirlər. Buradan informasiyanın cəmiyyətdə və iqtisadiyyatda, o cümlədən iqtisadi kateqoriya kimi də rolu və əhəmiyyətinin hərtərəfli öyrənilməsi aktual bir məsələyə çevrilir. Belə vəziyyət informasiya resurslarını iqtisadiyyatın artım və inkişaf nəzəriyyəsi və praktikası, vətəndaş cəmiyyətinin formalaşması, ümumi iqtisadi və informasiya təhlükəsizliyi və eyniliklə yeni yaranmış “informasiya iqtisadiyyatı” nöqteyi-nəzərdən tədqiqini obyekiv zərurətə çevirir.

 

2.İqtisadi informasiya anlayışı və onun interpretasiyası

İnformasiya iqtisadçı elm adamları üçün artıq yarım əsrdən çoxdur ki, böyük maraq doğurur. Hələ XX əsrin 40-cı illərində Amerika alimləri Klod Şennon (1916-2001) və Nobert Vinner (1894-1964) tərəfindən informasiyanın kəmiyyət nəzəriyyəsi formalaşdırılmışdır [1, 4, 12]. Lakin bununla belə, müasir zamanda “informasiya” anlayışına birmənalı təyinat vermək yenə də çətin olaraq qalır.

Ensiklopedik nəşrlərdə “informasiya” anlayışının latın “informati” sözündən yarandığı göstərilir. Materialist fəlsəfə nöqteyi-nəzərindən informasiya məlumatların (məlumatvermənin) köməyi ilə real dünyanın təsviri kimi nəzərdən keçirilərək dəyərləndirilir. Məlumatvermə isə informasiyanın nitq, mətn, şəkil, rəqəmsal göstərici, qrafik, cədvəl və s. təqdimatlar forması kimi səciyyələndirilir.

Çağdaş zamanda informasiya çox mühüm resurs kimi bəşər cəmiyyətinin əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. O, idrakımızdan asılı olmadan mövcuddur və bizim qavrayışda mütaliənin, siqnal formasında alınmanın, stimulların qarşılıqlı təsirinin nəticəsi kimi əksini tapır. İnformasiya çoxtəsvirlik vəziyyətində istənilən material obyektdə mövcuddur və bir obyektdən digərinə qarşılıqlı hərəkət prosesi ilə ötürülür. Materilal dünyada, canlı təbiətdə, bəşər cəmiyyətində baş verən informatizasiya prosesləri demək olar ki, elmin bütün sferalarında nəzərə alınır və öyrənilir. Ayrılıqda isə informasiya özünün konseptual təyinatını “informatika” elmində tapır. Ötən əsrin ortalarında kibernetikadan ayrılaraq müstəqil elm sahəsinə çevrilən informatikanın predmetini də məhz informasiyanın yaranış metodu, qəbulu, emalı və ötürülməsi göstəriciləri xarakterizə edir.

Ümumi elmi anlamda informasiya insanlar arasında, həmçinin insanlar və qurğular arasında məlumat, canlı və cansız təbiətlə siqnallar mübadiləsini əks etdirsə də, müasir iqtisadi ədəbiyyatlarda onun müxtəlif təriflərinə rast gəlinir. Tanınmış Amerika sosioloqu Manuel Kastels (1942) informasiyaya bəsit tərif verir: “İnformasiya təşkil edilən və ötürülən göstəricilərdir” [9, s. 39]. Kibernetikanın banisi N.Vinner isə qeyd edir ki, “İnformasiya nə materiyadır , nə də enerjidir, informasiya elə informasiyadır”. İnformatizasiyanın tərifini tanınmış rusiyalı filosof Arkadi Ursul (1936) da verir. Onun təbirincə “İnformatizasiya dedikdə, sivilizasiyanın intellektual səviyyəsinin köklü yüksəlməsi və bunun əsasında insanın bütün həyat fəaliyyətinin humanist yenidənqurulması məqsədilə informatika vasitələrinin köməyilə mühüm inkişaf resursu kimi informasiyaya tam malik olmağın yaradıcı prosesi başa düşülür” [4, 14].

İnformasiyanın müxtəlif növləri arasında iqtisadi informasiya mühüm yer tutur. Fərqləndirici xüsusiyyəti kimi iqtisadi informasiyanı insan kollektivlərində, təşkilatlarda idarəetmə prosesləri ilə bağlılıq səciyyələndirir. İqtisadi informasiya istehsal, bölgü, mübadilə və material nemət və xidmətlərin istehlakı proseslərini müşayiət edir. Onun əhəmiyyətli hissəsi ictimai istehsalla bağlıdır ki, bu da istehsal informasiyası kimi qəbul edilir.

İnformatika üzrə mütəxəssislər dünyanın ən inkişaf etmiş ölkələri üçün ilk olaraq “informasiya cəmiyyəti” və “informasiya iqtisadiyyatı” terminlərini bir araya gətirmişlər. Bu anlayışlar isə öz növbəsində “innovasiyalı iqtisadiyyat”, “yeni iqtisadiyyat”, “açıq cəmiyyət”, “biliklər cəmiyyəti”, “biliklər iqtisadiyyatı” kimi terminlərin sinoniminə çevrilmişdir [9, 12, 15].

Bu təriflərdən və onların mahiyyətindən iki hal irəli gəlir [12, 15, 18]:

1) informasiya inkişafın ən mühüm istehsal, ictimai və sosial resursuna çevrilmişdir;

2) informasiya demək olar ki, biliklər sinonimidir və ya başqa sözlə, biliklər informasiyanın özəyidir, onun mühüm hissəsidir;

3) müasir informasiya sistemləri və texnologiyaları, onların qloballaşması vahid informasiya məkanına, mədəniyyətlərin, təhsilin, biliklərin və qismən iqtisadiyyatların qloballaşmasına gətirmişdir.

İnformasiya və informasiya iqtisadiyyatı haqqında işləmələr nobel laureatları - amerika iqtisadçıları Cozef Arroru (1921), Herbert Saymon (1918-2001), Robert Lukas (1937), Vilyam Vikri (1914-1996), Corc Akrlof (1940), Maykl Spens (1943), Cozef Stiqles (1943), Robert Merton (1944), ingilis iqtisadçıları Vilyam Lüis (1915-1991), Ceyms Mirrlis (1936) və başqalarının tədqiqatlarında da mühüm yer tutmuşdur. 1994-cü ildə iqtisadiyyat sahəsində nobel mükafatı almış ABŞ iqtisadçısı Con Harsaninin (1920-2000) tədqiqatları isə o zaman iqtisad elminin nisbətən yeni sahəsi kimi intişar tapan informasiya iqtisadiyyatı üçün nəzəri təməl olmuşdur [18].

İnformasiya və onunla bağlı texnologiyalar ÜDM-in inkişaf sürətlərini müəyyən edir. Həmçinin, vətəndaş cəmiyyətinin yetkinlik dərəcəsini, inkişafını və təşəkkülünü müəyyən edir ki, bu da öz növbəsində, sosial sferanın iqtisadi artım və inkişafının sürət yüksəlişində əks olunur.

İqtisadi informasiyaya dəqiqlik, doğruluq və operativlik kimi tələblər xasdır. İnformasiyanın dəqiqliyi bütün istehlakçılar tərəfindən birmənalı qəbul olunmanı təmin edir. Doğruluq iqtisadi informasiyanın sistemin fəaliyyət effektivliyinin saxlanılmasına zəmin olur. Operativlik isə zəruri hesablamalar və dəyişən şəraitdə qərarların qəbul olunmasında informasiyanın aktuallığını əks etdirir.

İqtisadi informasiyanın təhlili səmərəli idarəetmədə qərarların qəbul edilməsinin mühüm şərti olaraq çıxış edir. Tədqiqat predmetini idarəetmənin ümumi qanunları təşkil edən kibernetika nəzəriyyəsində informasiya xarici aləmdən alınaraq idarəetmədə adaptə olunan məlumatlar sistemi kimi anlaşılır [4, 7]. Eyni zamanda, risk amilinə rəğmən natamam informasiya şəraitində qərarların qəbul edilməsinin məxsusi nəticələri yaranır. Belə ki, gələcək heç də hər zaman bizim proqnozlarımıza uyğun inkişaf etmir. Qəbul edilmiş qərarlar çox vaxt səhv, qazanclar yetərsiz, məsrəflər isə gözlədiyimizdən artıq olur. Səhvlərin isə əvəzini ödəmək lazım gəlir. Qeyri-müəyyənlik effektiv bazara aparan yolda ciddi maneəyə çevrilir, xeyli qüvvə, vəsait, vaxt və enerji sərfinə gətirir, mal və resursların qeyri-optimal bölgüsünə səbəb olur. Buna görə də, iqtisadi informasiya sferasında onun doğru və dürüstlüyü, müfəssəlliyi xüsusi önəm daşıyır.

Beləliklə, iqtisadi informasiya sosial-iqtisadi prosesləri əks etdirən və onların idarəedilməsinə, həmçinin istehsal və qeyri-istehsal sferasında insan kollektivlərinə xidmət göstərən məlumatlar məcmusunu ehtiva edir. İnformasiya resursu və ona daxil olan bilik və məlumatlar isə insan kapitalının tərkib hissəsi kimi onun təməlində dayanır. Bu səbəbdən də informasiya, o cümlədən də, iqtisadi informasiyanın insan kapitalı ilə birlikdə müasir cəmiyyətin və bütövlükdə dünya iqtisadiyyatının inkişafının əsas amillərinə çevrildiyi əsaslandırılır.

 

3.İnformasiya cəmiyyətinin yaranışı və inkişaf meyilləri

Son bir neçə ildə “yeni iqtisadiyyat”ın gəlişinin çox da uzaqda olmadığı faktı daha aydın görüntüyə gəlmişdir. Bu görüntünün təzahürləri belədir ki, “köhnə industrial qaydalar”ın yerinə informasiya texnologiyaları və internetin hərəkətə gətirdiyi yeni bir iqtisadiyyat paradiqması gəlir. Yeni iqtisadiyyat informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafına əsaslanaraq dinamik, elmtutumlu olmaqla dəyişikliklərə daha çox həssaslıqla reaksiya verir. Əslində texnoloji nöqteyi-nəzərdən müasir informasiya kommunikasiya texnologiyalarının geniş və hərtərəfli yayılmasını Elmi-Texniki Tərəqqinin növbəti mərhələsi kimi nəzərdən də keçirmək olardı. Lakin baş verən yeni elmi-texniki inqilabın xüsusiyyəti ondan ibarətdir ki, o insan fəaliyyətinin bütün başlıca növləri üçün əsas olan informasiyanın istehsalı, emalı və ötürülməsi kimi proseslərə toxunaraq informasiya sferasına müdaxilə edir. Bu isə iqtisadiyyat, siyasət, mədəniyyət sahəsində köklü sosial transformasiyalara, insanların şüurunda dəyişikliklərə, yeni postindustrial cəmiyyət tipinin - informasiya cəmiyyətinin meydana çıxmasına zəmin olur [7, 8].

Tədqiqatlar əsaslandırır ki, informasiya cəmiyyətinin yaranışı Amerika iqtisadçısı Fris Maxlup (1902-1983) və yapon sosioloqu Umesao Tadaonun (1920-2010) adları ilə bağlıdır. Bu anlayış ABŞ və Yaponiyada onlar tərəfindən eyni vaxtda elmi dövriyyəyə çıxarılmış və sonradan informasiya cəmiyyəti konsepsiyası yapon sosioloqu və futroloqu Yonedzi Masuda (1905-1995), Amerika iqtisadçısı Mark Porat (1932), ingilis alimi Tom Stounyer (1929) və başqaları tərəfindən inkişaf etdirilmişdir. İnformasiya cəmiyyəti anlayışı ilə yanaşı, eyni zamanda,  “texnotron cəmiyyət”, “biliklər cəmiyyəti”, “postindustrial cəmiyyət”, “açıq cəmiyyət” kimi anlayışlardan da istifadə olunmuş və olunmaqdadır [1, 10, 11, 15, 16].

İqtisadi sistemlərin bölgüsünü texnika və texnologiyaların inkişaf səviyyəsindən asılı olaraq ABŞ iqtisadçıları Con Qelbreyt (1908-2006), Saymon Kuznets (1901-1985), fransız iqtisadçısı və sosioloqu Raymon Aron (1905-1983) və tanınmış iqtisadçılar da həyata keçirmişlər. ABŞ sosioloqları Daniyel Bel (1919-2011) və Uolt Rostou (1916-2003) iqtisadi sistemlərin təsnifatına xüsusi nəzəri dəyərlər gətirərək, onları industrialaqədər, industrial və postindustrial cəmiyyətlər kimi ayırmışlar [2, 5, 6, 9]. Hal-hazırda iqtisadi sistemlərin cəmiyyət aspekti təsnifatında bu yanaşma daha geniş yayılmışdır.

İlkin iqtisadi sistem olaraq industrialaqədər cəmiyyət mərhələsini,  həmçinin ənənəvi və ya aqrar adlandırmaq da olar. Bu sistemdə təsərrüfat fəaliyyətinin hasilat növləri - əkinçilik, balıqçılıq, faydalı qazıntıların çıxarılması üstünlük təşkil edir və burada əsas istehsalçı insan deyil, təbiətin özü götürülür. Ona görə də, ənənəvi və ya aqrar cəmiyyətdə əhalinin əksər hissəsinin (təxminən 90%-i) məşğulluğu kənd təsərrüfatı sferası ilə bağlıdır və bundan irəli gələrək də onun başlıca vəzifəsi sadəcə əhalini qidalandırmaq üçün yeyinti məhsullarının istehsalı olmuşdur. Qeyd edilməlidir ki, industrialaqədər cəmiyyət üç mərhələli təsnifatı verilən iqtisadi sistemlərin ən davamlısıdır və onun tarixinin minlərlə il yaşı vardır. Bununla belə, yaşadığımız dövrdə Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrinin əksəriyyəti hələ də bu inkişaf mərhələsində qalmaqdadır.

Təsnifatı verilən iqtisadi sistemlərin ikinci mərhələsini təşkil edən “İndustrial cəmiyyət” termini ilk dəfə fransız filosofu Sen-Simonun (1760-1815) əsərlərində səslənmişdir. İndustrial cəmiyyətdə zəruri malları istehsal etmək üçün bütün qüvvələr sənaye istehsalına yönəldilmişdir. Bu cəmiyyətin formalaşması iri maşın istehsalı, urbanizasiya (əhalinin kəndlərdən şəhərlərə axını), bazar iqtisadiyyatının bərqərar olması, sahibkarların (burjuaziya) və muzdlu işçilər (proletarlar) sosial qruplarının meydana gəlməsi ilə sıx əlaqədar olmuşdır [1, 16].

Mövcud nəzəriyyəyə əsasən XX əsrin sonunda industrial cəmiyyəti postindustrial cəmiyyət əvəzləyir. Postindustrial cəmiyyət konsepsiyasının banisi D.Bell hesab edilir. Onun 1973-cü ildə nəşr edilmiş “Gələcək postindustrial cəmiyyət” kitabında postindustrial cəmiyyət konsepsiyasının geniş şərhi verilmiş ictimai istehsalın sektorları arasında münasibətlərin dəyişməsində əsas meyilləri, xidmətlər iqtisadiyyatının yaranması, məhsuldar qüvvələrin sərbəst elementi kimi elmi biliyin formalaşması ətraflı təhlil olunmuşdur [2, 121s.]. Lakin “postindustrial cəmiyyət” termininin özü iyirminci yüzilliyin ortalarında Amerika kapitalizminin 1929-1933-cü illərdə Böyük Böhrana qədər mövcud olmuş industrial kapitalizmdən çox fərqləndiyi aydınlaşdıqda meydana gəlmişdir.

Postindustrial cəmiyyətinin dəyərli keyfiyyətləri işçinin təhsilinin səviyyəsi, peşəkarlığı, tədrisi mənimsəməsi qabiliyyəti və kreativliyi ilə ölçülür. Müasir zamanda xidmət sahəsinin payı ÜDM-in yarıdan çox təşkil edən postindustrial ölkələr hesab olunurlar. Bu meyar altına ABŞ (80%), Avropa İttifaqı ölkələri (70%-dən çox), Yaponiya (75%), Kanada (70%) düşür.

Postindustrial cəmiyyətdə milli informasiya resursları sərvətin çox böyük potensialı hesab olunur. Burada postindustrial iqtisadiyyat sənaye məşğulluq göstəricilərinə və milli məhsulda payına görə xidmət sferasından geridə qalır. Xidmət sferasında isə informasiya emalı üstünlük təşkil edir.

ABŞ futroloqu, iqtisadçı və sosioloqu Elvin Toffler (1928) XX əsrin 80-ci illərində nəşr etdirdiyi “Üçüncü dalğa” kitabında insan cəmiyyətinin inkişaf tarixini üç dalğanın ardıcıl meydana gəlməsi və qarşılıqlı əlaqəsi kontekstində nəzərdən keçirir [13]:

Birinci dalğa (kənd təsərrüfatı sivilizasiyası) - 10 min il əvvəl meydana gəlmiş və hazırda öz enerjisini itirən;

İkinci dalğa (industrial sivilizasiya) - 300 illik aktiv dövrünü başa vuran;

Üçüncü dalğa (informasiya cəmiyyəti) - XX əsrin 50-ci illərində meydana gəlmiş və hələ indi güclənməyə başlayan.

E.Toffler yeni sivilizasiyanın - üçüncü dalğanın təşəkkülünü və yaranmasını iqtisadiyyatın informasiya sektorunun kənd təsərrüfatı, sənaye və xidmətlər sahəsi kimi ənənəvi sektorlarından üstünlüyü ilə əlaqələndirir. Yeni cəmiyyətdə informasiya daha yüksək dəyərə malikdir və işləyən insanların yarıdan çoxu informasiya xidməti göstərməklə məşğuldur. Onun başlıca xüsusiyyətləri industrial cəmiyyət üçün ənənəvi olan eynitipli malların kütləvi mədəniyyəti, kütləvi istehsalı, cəmiyyətin və mədəniyyətin iyerarxik təşkilindən imtina, informasiya mübadiləsinin artırılması, istehsalla istehlakın yaxınlaşmasıdır. Beləliklə, E.Toffler belə nəticəyə gəlir ki, informasiya cəmiyyəti, inkişafında bilik amili və bilik sahəsi həlledici rol oynayan cəmiyyətdir.

İnformasiya cəmiyyəti haqqında Y.Masuda öz konsepsiyasında onun fərqli əlamətləri kimi aşağıdakıları ayırır [10]:

v  yeni cəmiyyətin əsası - insana zehni işində kömək etməyə qabil olan kompüter texnologiyaları;

v  koqnitiv informasiyanın, texnologiyaların və biliklərin kütləvi istehsalı;

v  iqtisadiyyatın qabaqcıl sahəsi - intellektual istehsal;

v  yeni cəmiyyətin başlıca məqsədi - vaxtın dəyərliliyinin realizasiyası.

İqtisadi sistemlərin formaları və transformasiyası sahəsində fransız filosofu və sosioloqu Alen Turenin (1925) konsepsiyası da fərqli xüsusiyyətlərə malikdir. A.Turen insan fəaliyyətinin bir cəmiyyət tipindən digərinə keçidini “sosietal tip” kateqoriyası ilə bağlayır və burada dəyişkənliklər motivasiyası ticarətdən - istehsala, istehsaldan – kommunikasiyalara, bir mədəniyyət tipindən digərinə və s. sosioloji transformasiyalar çevrəsində izlənilir.

Tanınmış ABŞ sosioloqu, siyasətçisi və görkəmli dövlət xadimi Zbiqnev Bzejinski (1928) özünün 1970-ci ildə nəşr etdirdiyi “İki əsr arasında. Texnotron eraya girişdə Amerikanın rolu” adlı kitabında bəşəriyyətin sosial inqilablarla deyil, Elmi-Texniki Tərəqqi ilə yeni inkişaf mərhələsinə qədəm qoyması konstatasiya olunur. Z.Bzejinskinin texnotron nəzəriyyəsinə görə bu keyfiyyət şıçrayışı təkamüllə alt hədd aqrardan sənaye vasitəsi ilə “texnotron era”ya daxil olur. Həlledici rol burada avtomatlara, kompüter və kibernetik sistemlərə buraxılır. Başlıca funksiyanı isə elm ifa edir. Bununla belə, Z.Bzejinski qeyd edir ki, dünyada inkişaf etmiş və etməmiş ölkələr arasında başlıca ziddiyyətlər qalacaqdır. Ona görə də, antoqonizm və konfliktlərdən uzaq olan daimi vahid dünya birliyi yaratmaq üçün inkişaf etməmiş ölkələr arasında “texnotron era”ya yaxın olanlara güclü dəstək verilməlidir [3, 18].

Göründüyü kimi həm A.Turenin və həm də Z.Bzejinskinin cəmiyyət konsepsiyalarında əsas hərəkətverici qüvvə olaraq informasiya kommunikasiya texnologiyaları irəli çəkilir.

Bu gün postindustrial cəmiyyət paradiqması hərtərəfli olaraq informasiya cəmiyyəti kimi xarakterizə olunur. Belə təyinat yuxarıdakılara istinadən həm də onunla əsaslandırılır ki, bəşər cəmiyyətinin indiki inkişaf mərhələsində informasiya sosial tərəqqinin başlıca amilinə çevrilir və o, cəmiyyətin mövcudluğunu və inkişaf xarakterini bütün parametrlərdə təyin edir. İnformasiya mübadiləsi və reallaşması informasiyanın özündən belə üstünlük qazanır. Bu reallıq isə bir daha onu göstərir ki, texnoloji determinizm konkretləşir və yerini informasiya determinizminə verir. Eyni zamanda, qeyd olunur ki, postindustrial nəzəriyyəyə yaxın konsepsiyalar olan “informasiya cəmiyyəti”, “postiqtisadi cəmiyyət”, “postmodernizm”, “dördüncü formasiya cəmiyyəti”, “istehsal prinsipinin elmi-informasiya mərhələsi” və digərlərində də informasiya determinizmi prioritet statusda çıxış edirlər.

 

4.İnformasiya iqtisadiyyatı: özəlliklər və səciyyəvi cəhətlər

Klassik iqtisad elmində kapital əmək sərf etməklə sərvəti artırmaq (gəlir yaratmaq) qabiliyyətində olan əşyalar məcmusu (torpaq, binalar, maşınlar, xammal) kimi maddi formada başa düşülürdü. İqtisadiyyatda pulların böyük rol oynadığı sonrakı mərhələdə isə kapital əmək alətlərinin və əmək xidmətlərinin pulla alınması forması kimi də dərk edilməyə başlanıldı. Biliklərdən istifadənin həcminin genişlənməsi isə intellektual mülkiyyətin xüsusi çəkisinin artması, fiziki obyektlər mülkiyyətinin xüsusi çəkisinin azalması ilə müşayiət olunmuşdur. Bu da öz növbəsində pul iqtisadiyyatının innovasiyalı olmasına gətirmişdir. İnnovasiyalı pul iqtisadiyyatında istifadə olunan informasiya bilikləri əks etdirir və üç şəkildə: sahibkar və işçinin peşəkar bilikləri, mütəxəssisin texnoloji bilikləri və işlərin gələcəkdə necə qurulacağından asılı olaraq bütün marağı olan subyektlərin mülahizələri kimi başa düşülür. Bu iqtisadiyyatda əmək xidmətləri sadəcə peşəkar vərdişlərə deyil, həm də fərdiləşmiş bilik və qabiliyyətlərə istinad edir. Əmək bazarı artıq simasız “istehsal xidməti” deyil, tələb olunan peşəkar diapazonda nisbətən nadir,  hətta unikal keyfiyyətlərə malik şəxsiyyət təklif edir [7, 8].

Bütün bunlara rəğmən qeyd olunmalıdır ki, müasir iqtisadiyyat çoxsektorludur. Buraya ayrı-ayrılıqda ənənəvi industrial iqtisadiyyat, ənənəvi postindustrial iqtisadiyyat, innovasiya iqtisadiyyatı, informasiya iqtisadiyyatı, vençur biznesi və digər klaster və sektorlar daxildir. İqtisadiyyatın və dövlətin bütün sektorlarının sistemli fəaliyyətini təmin edən fundament isə bütövlükdə informasiya sektorudur.

İqtisadiyyatda informasiya aspektlər çoxluğunda təzahür edir və bu cür təzahür üsullarından bəzilərini aşağıdakılara  ayırmaq olar [8]:

q  informasiya istehsalı - istehsal sahəsidir, başqa cür iqtisadi fəaliyyət növüdür;

q  informasiya istehsal amilidir - istənilən iqtisadi sistemin fundamental resurslarından biridir;

q  informasiya alqı-satqı obyektidir, yəni o özü əmtəə olaraq çıxış edir;

q  informasiyanın müəyyən hissəsi cəmiyyətin bütün üzvləri tərəfindən istehlak olunan ictimai rifahdır;

q  informasiya - iqtisadi sistemin qiymət və faydalılıqla yanaşı, optimal və tarazlıq hallarının müəyyənləşdirilməsinə təsir edən bazar mexanizmi elementidir;

q  müasir şəraitdə informasiya rəqabət mübarizəsində daha mühüm amillərdən birinə çevrilir;

q  informasiya işgüzar və hakimiyyət dairələri tərəfindən qərarlar qəbul olunması və ictimai rəy formalaşdırarkən istifadə edilən ehtiyata çevrilir.

Beləliklə, informasiya cəmiyyətinin iqtisadiyyatı yaranması əmək, kapital, torpaqla yanaşı,  həmçinin dördüncü, daim yenilənən nəzəri biliklər və müxtəlif növ məlumatlar, o cümlədən insanların praktiki vərdişlərində ehtiva olunan relevant informasiyadan istifadə etməyə başlayır. İnformasiya istehsal amili olaraq müasir fəaliyyət şəraitində son dərəcə zəruridir. O, qəbul olunan qərarların operativliyini təmin edir, sahibkarlıq qabiliyyətinin inkişafına və istehsal prosesinin səmərəliliyinin yüksəldilməsinə kömək edir. İnformasiyanın mövcudluğu qeyri-müəyyənlik kimi xarici amilin təsirini azaldır.

Bu gün “informasiya iqtisadiyyatı” termininin müxtəlif interpretasiyaları mövcuddur, bu da təbii ki, onun məqsəd və vəzifələrinin müəyyən edilməsinə təsir edir. Qərbdə informasiya iqtisadiyyatını, iqtisadiyyatın informasiya ilə işə aid olan hissəsi və həmçinin kompüter sənayesi kimi nəzərdən keçirməsi kimi meyilləri vardır.

İnformasiya iqtisadiyyatı postindustrial cəmiyyətdə insan fəaliyyətinin ictimai istehsal, ictimai rifahların bölgüsü və istehlakı proseslərində elektron texnologiyaların (informasiya-kommunikasiya) geniş tətbiqini nəzərdə tutan təsərrüfat fəaliyyətini tədqiq edən elm sahəsi olaraq da çıxış edir. İnformasiya iqtisadiyyatının əsas xüsusiyyətinin təsərrüfat qarşılıqlı əlaqələrinin kütləviliyi və qloballığı xarakterinə yönümlülüyü və həmçinin yaradılmış rifahların dünya miqyasında istehlakçılar arasında bölgüsü səciyyələndirir. Təsərrüfatçılığın ənənəvi metodlarından istifadədə menecmenti və biznesin aparılmasının (“tələb - təklif” sxemi əsasında) bazar modelini özündə birləşdirən ümumi qəbul edilmiş iqtisadiyyatdan fərqli olaraq, informasiya iqtisadiyyatı menecmentə, innovasiyalı sahibkarlığa, informasiya injinirinqinə və iqtisadi proseslərin avtoformalizasiyasına (avtostrukturlaşdırma) əsaslanır [8, 12].

İnformasiya iqtisadiyyatının başlıca vəzifələri həm makro və həm də mikro səviyyədə təyinat alır. Makrosəviyyədə informasiya iqtisadiyyatının başlıca vəzifələri baş verən qlobal proseslər çərçivəsində təsərrüfat inkişafının istiqamətinin seçilməsinə əsaslanır ki, bu da cəmiyyətin təsərrüfat enerjisinin yeni xarici resurslara və strukturunun keyfiyyət transformasiyalarına doğru hərəkəti qabiliyyəti ilə müəyyən olunur. Daha geniş diapazonda bu tərkib hissələri texnosfera, antropsfera və sosiosferanın təkamüllü qarşılıqlı əlaqəsi nəticəsində neosferin inkişafı kimi görünür. Mikrosəviyyədə isə informasiya iqtisadiyyatının başlıca vəzifələri sahibkarlıq subyektləri tərəfindən xarici mühitin təsərrüfat enerjisini almaq və onun iş və iş yerləri şəklində transformasiyasına yönəldilmiş təsərrüfatçılıq alqoritmlərinin yaradılması kimi təyin edilir [7, 8].

İnformasiya iqtisadiyyatı məxsusi inkişaf mərhələlərinə malikdir ki, bunlar da aşağıdakıları birləşdirir [12].

  1. İnformasiya texnologiyalarının istehsala daxil olması.
  2. İnformasiya texnologiyalarının kütləvi tətbiqi və standartlaşdırılmış sistemlərin üstünlüyü.
  3. İnformasiya istehsalı və informasiya texnologiyaları sahəsində məhsuldarlığın digər sahələrdən artıq yüksəldilməsi.
  4. Üstünlüyü ələ almış informasiya və biliklər istehsalına keçid.

Bütün bunlar onu göstərir ki, informasiya və informasiya texnologiyaları standartlaşma keçərək istehsala daxil olmuş və buradakı məhsuldarlıq iqtisadiyyatın digər sektorlarında da davamlı inkişafı təmin etmişlər. Hazırda informasiya iqtisadiyyatının mühüm elementi informasiya amilli texnologiyalar qismində dünya bazarında yerini möhkəmləndirir. Tədqiqatlar göstərir ki, informasiya texnologiyaları bazarlarında iki ölkələr qrupu səmərəli işləyir [17]:

1.İnkişaf etmiş fundamental elmi potensialı olan qabaqcıl ölkələr (ABŞ, Böyük Britaniya, AFR, Yaponiya və bəzi başqaları);

2.Birinci qrup ölkələrin innovasiya və texnologiyalarından istifadə edən ölkələr (Tayvan, Çin, Cənubi Koreya və başqaları).

Bu iki qrup hələlik bir-birini effektiv tamamlayır və dünya informasiya texnologiyaları bazarının əsas hissəsinə malikdirlər. Lakin yeni inkişaf mərhələsində üçüncü ölkələr qrupu da meydana gəlmişlər. Bu sıraya özlərinin rəqabətqabiliyyətli yüksək texnologiyaları ilə dünya bazarlarına çıxa bilən Finlandiya, Norveç və İsrail daxil edilir. Bu imkanı onlar təlim, elm və təhsil sahəsindəki nailiyyətləri və informasiya texnologiyaları sistemlərinin fövqəladə effektiv modernləşməsi ilə təmin etmişdir [16, 17].

Aparılan təhlilin nəticəsi olaraq belə bir qənaət hasil edilir ki, informasiya cəmiyyətinin üstünlüyü ələ aldığı hazırkı məqamda informasiya iqtisadiyyatı sürətli atrım templəri ilə irəliləyir, dünya bazarının seqmental sistemini təbəddülatlara uğradaraq qlobal xarakter alır. Bu əsnada bəşər sivilizasiyasının müasir inkişaf mərhələsində iqtisadi münasibətlərin yeni tipi formalaşır. Yeni iqtisadiyyat tipini ənənəvi iqtisadiyyatdan fərqləndirən mühüm özəllik isə onun məhsulun maya dəyərindəki, ayrıca informasiya adlı xərc komponenti ilə təmsil olunmasındadır. İstehsal amili, mühüm bazar mexanizmi elementi olmaqla həm də, iqtisadi fəaliyyətin ayrıca növüdür. Əmtəə kimi istehlak olunan ictimai rifahdır. İqtisadi informasiya işgüzar və hakimiyyət dairələrinin tərəfindən qərarlar qəbul olunması və ictimai rəy formalaşdırılarkən istifadə edilən resurs və ehtiyatdır.

 

5.Nəticə

Texniki vasitələrin qarşılıqlı əlaqəsində informasiya resurslarının sürətli artımı iqtisadiyyatın bütün sektorlarına inqilabi dəyişikliklər gətirən təsirləri ilə yeni cəmiyyət paradiqması yaratmış, sivilizasiyanın hazırkı mərhələsində informasiyanın iqtisadi kateqoriya kimi rolu və əhəmiyyəti əsaslı dərəcədə yüksəlmişdir. Tədqiqatlar göstərir ki, informasiya iqtisadiyyatı müasir məqamda daha biçimli məcraya daxil olaraq qlobal xarakter alır, iqtisadiyyat, siyasət, mədəniyyət sahəsində köklü sosial transformasiyalara, insanların şüurunda dəyişikliklərə, yeni postindustrial cəmiyyət tipinin - informasiya cəmiyyətinin təşəkkülü və təkamülünə zəmin olur. O, həmçinin bazarın iqtisadi sistemini təbəddülatlara uğradaraq yeni iqtisadi münasibətləri formalaşdırır. İnformasiya mübadiləsi və reallaşması informasiyanın özündən belə üstünlük qazanır, texnoloji determinizm konkretləşir, yerini informasiya və informasiya iqtisadiyyatı determinizminə verir. Bu reallıq isə onu əsaslandırır ki, yeni cəmiyyət paradiqmasının özəyini informasiya iqtisadiyyatı təşkil edir. Məhz buna görə də, sosial-iqtisadi nöqteyi nəzərdən, informasiya cəmiyyətini xarakterizə edən informasiya iqtisadiyyatına biliklərə, intellektual əməyə, yüksək və innovativ texnologiyalara əsaslanan insan kapitalı iqtisadiyyatı kimi də tərif verilməlidir.

 

 Ədəbiyyat siyahısı

1.Hacızadə E.M. (2006). Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 509 s.

2.Белл Д. (2004). Грядущее постиндустриальное общество. Образец социального прогнозирования. М.: Академия, 578 с.(Bell D. (2004). Gələcək postindustrial cəmiyyət. Sosial proqnozlaşdırma nümunəsi. M.: Akademiya, 578s.)

3.Бжезинский З. (2004). Выбор: Мировое господство или глобальное лидерство. М.: Международные отношения, 288 с. (Bjezinskiy Z. (2004). Dünyəvi hökmranlıq yaxud qlobal liderlik. Moskva: Beynəlxalq əlaqələr, 288s.)

4.Винер Роберт. (1983). «Кибернетика». М.: Наука, 344 с.(Viner Robert. (1983). “Kibernetika”. Moskva: Elm, 344s.)

5.Гэлбрейт Дж. (1976). Экономическая теория и цели общества. М.: Прогресс, 406 с. (Qelbreyt C. (1976). İqtisadi nəzəriyyə və cəmiyyətin məqsədləri. Moskva: Proqress, 406 s.)

6.Гэлбрейт Дж. (2004). Новое индустриальное общество. М.: ACT, 602 с. (Qelbreyt C. (2004). Yeni industrial cəmiyyət. Moskva: AST, 602s.)

7.Диметрий. (2010). Информационная сфера: общество в телекоммуникационной среде. Н.Новгород: Престиж-Н; Москва: Флинта. 156 с.(Dimetriy (2010). İnformasiya sahəsi:  telekommunikasiya şəraitində cəmiyyət. N.Novqorod: Prestij- N., Moskva: Flinta.156 s.)

8.Корнейчук Б.В. (2006). Информационная экономика. Учебное пособие. СПб.: Питер, 400 c. (Korneyçuk B.V. (2006). İqtisadi informasiya.Ümumi vəsait. SPb.: Piter, 400 s.)

9.Костельс Мануель. (2000). Информационная эпоха. Экономика, общество и культура, М.: ГУ ВШЭ, 608 с. (Kostels Manuel. (2000). İnformasiya erası. İqtisadiyyat, cəmiyyət və mədəniyyət. Moskva: 608 s.)

10.Масуда Е. (2003). Информационное общество как постиндустриальное общество. М.: ЭКСМО-Пресс, 448 с. (Masuda E. (2003). İnformasiya cəmiyyəti industrial cəmiyyət kimi. Moskva: EKSMO-Press, 448 s.)

11.Махлуп Ф. (1966). Производство и распространение знаний в США. Москва: Прогресс, 462 с. (Maxlup F. (1966). ABŞ-da biliklərin yaranması və yayılması. Moskva: Proqress, 462 s.)

12.Смирнова А.Е. (2008). Теория информационных систем. М.: ПРИОР, 411 c. (Smirnova A.E. (2008). İnformasiya sisteminin nəzəriyyəsi. Moskva: PRİOR, 411 s.)

13.Тоффлер Э. (2004). Третья волна. Москва: ACT, 784 с. (Toffler E. (2004). Üçüncü dalğa. Moskva: AST, 784 s.)

14.Урсул А.Д. (1971). Информация, методологические аспекты. M.: Наука, 293 c. (Ursul A.D. (1971). İnformasiya, metodoloji aspektlər. Moskva: Elm, 293 s.)

15.Уэбстер Ф. (2004). Теории информационного общества. М.: Аспект Пресс, 400 c. (Uebster F.(2004). İnformasiya cəmiyyətinin nəzəriyyəsi. Moskva: Aspekt Press, 400 s.)

16.www.postindustrial.net - Postindustrial cəmiyyət üzrə tədqiqatlar mərkəzinin saytı.

17.www.itu.int - Beynəlxalq Kommunikasiya İttifaqı.

18 www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.

 

176.İnformasiya iqtisadiyyati informasiya cəmiyyətinin əsasi kimi. Azərbaycanın vergi jurnalı. Bakı: № 3, 2013 1,0 ç.v.