gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / İNFORMASİYA CƏMİYYƏTİ TEXNOLOGİYALARININ İNKİŞAFINDA ELEKTRON HÖKUMƏT KONSEPSİYASININ ROLU VƏ ƏHƏMİYYƏTİ

30.06.2010

UOT 330:378.01:004:351.713 (479.24)

 

İNFORMASİYA CƏMİYYƏTİ TEXNOLOGİYALARININ

İNKİŞAFINDA ELEKTRON HÖKUMƏT KONSEPSİYASININ

ROLU VƏ ƏHƏMİYYƏTİ

 

Hacızadə Elşən Mahmud oğlu

i.e.d., prof. Azərbaycan Dövlət İqtisad Universiteti

Az 1001, İstiqlaliyyət küçəsi 6

elshan@hajizadeh.co

 

Xülasə

 

Tədqiqatın məqsədi informasiya cəmiyyəti texnologiyalarının inkişafında elektron hökumət konsepsiyasının rolu və əhəmiyyətinin elmi şərhini vermək və bu diapozonda dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərini təhlil etməkdən ibarətdir;

Tədqiqatın metodologiyası: təhlilin amilli, qiymətləndirmə və statistik metodları;

Tədqiqatın nəticələri: informasiya cəmiyyəti texnologiyalarının inkişafında elektron hökumət konsepsiyasının rolu və əhəmiyyəti qlobal çağrışlardan irəli gələrək yeni reallıqlar çevrəsində əsaslandırılmışdır;

Tədqiqatın məhdudiyyətləri: tədqiqat posesində iqtisadi qiymətləndirilmələrin və ekonometrik hesablamalırın aparılmaması;

Tədqiqatın praktiki əhəmiyyəti: tədqiqat nəticələrinin milli «elektron hökumət» təsisatlandırmalarının genişləndirilməsi strategiyasının və «Azərbaycan - 2020» Gələcəyə Baxış İnkişaf Konsepsiyasının hazırlanması istiqamətində istifadə imkanlığı;

Tədqiqatın orijinallığı və elmi yeniliyi: dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətləri ilk dəfə «Elektron Azərbaycan» institusional yaranışı kontekstində tədqiq olunur.

 

Açar sözlər: Azərbaycan iqtisadiyyatı, informasiya cəmiyyəti texnologiyaları, «elektron hökumət», sosial innovasiyalar, vergi inzibatçılığı.

 

 1.Giriş

Müasir dünyada informasiya cəmiyyətinə keçid prosesində biznes strukturları qətiyyətlə müəyyən etmişlər ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) korporativ idarəetməni optimallaşdırmaga, tranzaksiya xərclərini azaltmaga, müştəri ilə işləmənin keyfiyyətini artırmağa geniş imkanlar açır. Mühüm idarəetmə strukturları və xüsusi dövlət xidmətləri göstərən qurumlar olan dövlət orqanları şəbəkəsində İKT inzibati idarəetmənin səmərəliliyini yüksəldən, ictimai prosesləri tənzimləyən, büdcə vəsaitlərini səmərəli məsrəf edən və dövlət aparatı xərclərini azaldan bir sistem kimi əhəmiyyətini artırır. İKT həmçinin innovasiyaları genişləndirən, inteqrsaiya proseslərinə yeni dəyər gətirən keyfiyyətliliyi ilə də fərqlənir. Elə buna görədir ki, Moskvada 2011-ci ilin dekabrında MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında rabitə və İKT istiqamətində işbirliyi üzv ölkələrin 2012-ci ildə iqtisadi sahədə əməkdaşlığının əsas prioriteti kimi müəyyənləşdirilmişdir [1, 6].

Respublikamızda İKT sahəsində geniş fəaliyyətlərə ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə qəbul edilən Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) ilə təkan verilmişdir. Milli Strategiyanın əsas məqsədi İKT-dən geniş istifadə olunmaqla ölkənin demokratik inkişafına təkan vermək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Prezident İlham Əliyevin İKT istiqamətində imzaladığı çoxsaylı fərman və sərəncamlarla ölkədə informasiya cəmiyyətinə keçid yeni mərhələyə qədəm qoymuşdur. Cənab prezidentin «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illər üçün Dövlət Proqramı»nın (Elektron Azərbaycan)» təsdiq edilməsi haqqında sərəncamlarıyla isə ölkədə İKT sahəsində mühüm və əhəmiyyətli bir infrastruktur formalaşdırılmışdır. Hazırda müvafiq proqramlar çərçivəsində dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini artıran, əhaliyə və özəl qurumlara keyfiyyətli informasiya xidmətləri göstərən «Elektron hökumət»in tam fəaliyyətləndirilməsi istiqamətində işlər davam etdirilir. Bunun üçün isə konkret olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Geniş aspektdə bu təsisatın məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasını, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsini, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsini, vətəndaş məmnunluğunun təmin olunmasını, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsini, elektron xidmətlərə keçidin sürətləndirilməsini ehtiva edir [6, 14].

Çağdaş zamanda «Elektron hökumət» informasiya cəmiyyətinin əsas elementlərindən biri olaraq dünya hökumətlərinin fəaliyyətini gücləndirən, onların səmərəliliyini artıran təkmil innovativ mexanizmi kimi çıxış etməkdədir. Bu istiqamətdəki meyillər həyatımızın bütün sahələrinə nüfuz edir, elektron hökumət konsepsiyasının İKT-nin inkişafındakı rolu və əhəmiyyəti artır. O, korrupsiya və burokratiya ilə mübarizədə, rəsmi strukturların fəaliyyət şəffavlığının, ümumiyyətlə dövlət idarəetməsinin keyfiyyətinin yüksəldilməsində daha təsirli üsullardan birinə çevrilir. «Elektron hökumət» yeni institusional sistem olaraq «hökumət-vətəndaş», «hökumət-hökumət», «hökumət-biznes» əlaqələrinin yaradılmasına təkan verir. Onun sosial effektivliyi, biznes mühütinin inkişafına təsiri və özünün çoxfunksional bir İKT məhsulu olması həm də bu sferada tədqiqatlara geniş meydan açır. Bundan irəli gələrək, məqalədə informasiya cəmiyyəti texnologiyalarının inkişafında elektron hökumət konsepsiyasının rolu və əhəmiyyəti, bu diapozonda dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətləri, həmçinin müvafiq səhədəki iqtisadi və sosial effektivlik məsələləri tədqiqat araşdırmasının leytmotivin təşkil edir.

 

2.İnformasiya cəmiyyəti texnologiyaları və elektron hökumət konsepsiyası

İnformasiya cəmiyyəti insanların xammal və materialların emalından daha çox informasiyaların istehsalı, qorunması, emalı və reallaşması ilə məğul olan bir sistem kimi formalaşaraq posundustrial cəmiyyəti artan yüksəliş templəri ilə əvəzləməkdədir. Bu proseslər radiotexnikada, mikroprosessorların, hesablama texnikasının inkişafında və bir sıra sosial elm sahələrində İKT-nin sürətli artımı ilə baş verən digital (rəqəmsal) inqilabdan qaynaqlanmışdır. Nəticədə texniki vasitə və metodları, yeni biliklərin istehsalı texnologiyaları və müvafiq infrastruktur sistemləri ilə bağlı tam bir sənaye şəbəkəsi - informasiya industriyası formalaşmışdır. Hazırda bu industriya informasiya cəmiyyəti texnologiyalarının difersifikasiyası fonunda ictimai həyatın bütün təbəqələrinə daha dərindən siyarət etmədədir. Buna rəğmən isə bir sıra müvafiq tənzimləyici qurumlar təşkilati islahatlar apararaq uyğun institusional struktur yenidənqurmasını gerçəkləşdirmişlər.

Mikroprosessorlar, hesablama texnikası, kompüterlər, aparat-proqram avadanlıqlar, şəbəkə infrastrukturu, elektron rabitə vasitələri və qurğuları, habelə elektron informasiyanın yaradılması, yığılması, saxlanması və ötürülməsi sisteminin müasir vasitələrinin ehtiva edən İKT sferası müasir məqamda texniki sərhədləri aşaraq iqtisadi və sosial məzmun kəsb etməkdədir [4]. Xüsüsi olaraq qeyd edilməlidir ki, 2002-ci ilin 20 dekabr tarixində BMT Baş Assambleyasının 57/295 saylı «İnkişaf naminə informasiya kommunikasiya texnologiyalarının istifadə olunması» qətnaməsində məhz bu məsələlər önə çəkilərək İKT-nin sosial-iqtisadi həyatın bütün bölmələrində təsirindən bəhs edilir [8].

Tədqiqatlar göstərir ki, İKT-nin sürətli artımı XX əsrin 60-70-ci illərində bir sıra inkişaf etmiş ölkələrdə dövlət idarəetməsinin klassik bürokratik sisteminin böhran keçirdiyi zamanlarına düşmüş və bu sahədə kəskinləşən qeyri-effektiflik bir sıra qarşılayıcı konsepsiyaların formalaşmasına zəmin yaratmışdır. Bunlar içərisində yeni dövlət idarəetməsi (New Public Management) və «yaxşı idarəetmə» (Good Governance) konsepsiyaları isə mühümlüyü ilə daha çox fərqlənmiş və onlar bir çox cəhətləri ilə hələ də tətbiq sfersında öz aktuallığını qoruyub saxlamışdır. Həmin konsepsiyaların müvafiq olaraq əsas xarakterik cəhətlərini aşagıdakı kimi səciyyələndirmək olar [3, 4]:

Yeni dövlət idarəetməsi konsepsiyası:

¦     dövlət təşkilatlarının məhsuldarlığının artırılması;

¦     idarəetmədə bazar alətlərindəndən istifadə;

¦     istehlakçiya oriyentasiya (servis dövlət);

¦     struktur dəyişiklikləri və səlayihətlərin yenidən bölgüsü ilə idarəetmənin bir sıra vəzifələrinin mərkəzdən çıxarılması;

¦     nəticəyə kökləmə.

«Yaxşı idarəetmə» konsepsiyası:

¦     vətəndaşların iştirakı və dövlətlə dialoq;

¦     hüququn aliliyi;

¦     vətəndaşların tələblərinə dövlət institutlarının həsaslığı;

¦     razılaşma təmayülü - maraqlar balansına riayət edilməsi;

¦     ədalətlilik - vətəndaşların şəxsi rifahlarının yaxılaşdırılmasına imkanlılığı;

¦     nəticəlik və hərəkətlilik;

¦     strateji baxış.

Bundan sonrakı, əsrlərin qovşağında İKT sferasının daha geniş vüsət aldığı mərhələdə dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibtləri zəminində dövlət idarəetməsinin yeni elektron formatı həyatımıza daxil olmuşdur. Müasir informasiya cəmiyyətinin əsas elementlərindən biri kimi çıxış edən «Elektron hökumət» (ingiliscə - e-Government) yığcam təyinatda konstitusiyalı dövlətdə «dövlət xidmətlərinin təqdimatının avtomatlaşdırılması prosesi» kimi səciyyələndirilir [15]. Dünya Bankı tərəfindən «elektron hökumət» «informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə hökumətin səmərəliliyi, qənaətciliyi və şəffaflığı artıran və onun üzərində ictimai nəzarət imkanları verən vasitə» kimi anlaşılır [9].

İnformasiya texnologiyaları bazarında tədqiqat və konsaltinq kompaniyası olaraq ixtisaslaşmış «Gartner Group» «elektron hökumət»i «xidmətlərin təqdimatının fasiləsiz optimallaşdırması, ictimaiyyətin dövlət idarəetməsi və daxili proseslərdə iştirak səviyyəsinin artırılması məqsədi ilə texniki vasitələr, internet və müasir kütləvi informasiya vasitələri imkanlarından istifadə əsasında dövlət orqanlarının daxili və xarici münasibətlərinin dəyişdirilməsi» kimi müəyyən edir [10].

«Elektron hökumət»in məqsədi bir neçə iqtiqamətləri ehtiva edir. Buraya əhaliyə internet şəbəkəsində inteqrir formada xidmətlərin təqdimatı, informasiya bərabərsizliyinin aradan qaldırılması, bütün həyatı boyu insanlara öyrənmək, oxumaq imkanlarının açılması, iqtisadiyyatın inkişafına yardımçı olması, zaman maneələrini təcrid edən müqabil idraklı qanunların işlənməsi, daha çox vətəndaşın iştirakına təminat verən idarəetmə formalarının yaradılmsı və s. daxildir. Vətəndaşlara və biznesə hökumət xidmətlərinin təqdimatının optimallaşdırılması, seçicilərin ölkəyə rəhbərlik və idarəetmə proseslərində iştirak səviyyəsinin yüksəldilməsi, vətəndaşların özünəxidmət imkanlarının dəstəklənməsi və genişləndirilməsi, onların ixtisasının və texnoloji məlumatlandırılmasının artımı, coğrafi yerləşmə amilinin mülayimləşdirilməsi kimi mühüm komponentlər də «elektron hökumət»in məqsədini ehtiva edir [2].

«Elektron hökumət»i ənənəvi hökumətin analoqu və ya əlavəsi kimi dəyərləndirməməli. Belə ki, o, İKT-dən fəal istifadə etməklə bu sferada dövlət xidmətlərinin səmərəliliyinin artırılması məqsədi ilə yeni qarşılıqlı münasibətlər sistemini təyin edir. Bu inkişaf dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin təkmilləşməsində əks olunur.

Təcrübü reallıqlar «elektron hökumət»in tətbiqinin üç mərhələ üzrə formalaşdığını təsdiq edir [10, 12]:

Birinci (aşkarlıq) mərhələdə İKT vasitələri genişlənərək vətəndaşların, müəssisə və təşkilatların hakimiyyət orqanlarının informasiyalarına girişini asan və çevik edir. Bu mərhələ həmin orqanların öz veb saytlarının açılması və orada təqdimat informasiyalarının, sahəvi normativ-hüquqi aktların, zəruri sənədlərin formalarının, statistik və iqtisadi göstəricilərin yerləşdirilməsi ilə təmin olunur.

Əməliyyatların emalının real vaxt ərzində reallaşdırıldığı ikinci mərhələdə (оnlayn-tranzaksiya) dövlət xidmətləri (ərizələrin təqdimatı və icazələrin alınması, torpaq sahələrinin, daşınmaz əmlakın, vergi bəyannamələrinin qeydiyyatı və s.) onlayn rejimdə təqdim edilir. Bu mərhələdə dövlət xidmətlərinin elektron formada (e-services) göstərilməsi bürokratik və əməktutumlu proseslər optimallaşdırılır və korrupsiya miqyaslarını kiçildir.

Üçüncü (iştirak) mərhələdə ictimaiyyətin dövlət idarəetməsində iştirakı, dövlət siyasətinin bütün hakimiyyət həlqələrində formalaşması, vətəndaşların və şirkətlərin qarşılıqlı münasibətləri interaktiv sistemdə təmin edilir. Bu mərhələdə normativ və qanunvericilik aktları veb-forumlarda müzakirə olunur.

«Elektron hökumət» modelində qarşılıqlı münasibətlər aşagıdakı sferalara ayrılır [5]:

1.G2С - dövlət və vətəndaşlar arasında (Government-to-Citizen);

2.G2B - dövlət və biznes arasında (Government-to-Business);

3.G2G - dövlət hakimiyyətinin ayrı-ayrı qolları arasında (Government-to-Government);

4.G2E - dövlət və dövlət qulluqçuları arasında (Government-to-Employees).

Özəl qurumların dövlət orqanları ilə internet vasitəsi ilə qarşılıqlı əlaqəliyi onların rəqabətqabiliyyətini artırır, müxtəlif rəsmi prosedurların sadələşdirilməsinə imkanlar yaradır, kargüzarlıq işlərinin kəmiyyətini azaldır. İnternet vasitəsi ilə elektron formada sənədlərin dövriyyəsi vergilərin ödənişi, statistik hesabatların təqdimatı şirkətlərin qanunvericiliyə əməl etməsini asanlaşdırır və fəaliyyət səmərəliliyinin yüksəldilməsində əhəmiyyətini artırır. Bununla belə, dövlət xidmətlərinin səmərəliliyinin artırılması məqsədi ilə yeni qarşılıqlı münasibətlər sistemini təkmil formaya salmaq üçün həmin xidmətlərin təqdimat sayı optimal həddə gətirilməli və onların keyfiyyətliliyi artırılmalıdır. Avropa İttifaqı 265 xidmətin elektronlaşması və əhali tərəfindən istifadəsini standart olaraq önə çıxarır. Belə optimallq vətəndaş və biznes aktivliyini artıran iqtisadi və sosial inkişafı davamlı edən şərt kimi irəli sürülür. Bu isə bir daha onu göstərir ki, müasir mərhələdə dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin yeni paradiqmasının tam formalaşması üçün daha optimal sayda xidmətin elektronlaşdırılması vacibdir [11].

Beləliklə, «Elektron hökumət» yalnız daha çox effektivli və daha az məsrəfli inzibatçılığı təmin etmir, o həm də ictimaiyyətlə hökumət arasında münasibətlərin köklü dəyişməsini stimullaşdırır. Nəticə etibarı ilə bu fenomen ölkədə demokratiklləşməni təkmilləşdirir və hakimiyyətin xalq qarşısında məsuliyyətini artırır. «Elektron hökumət»in ölkədə tətbiqi cəmiyyət və hakimyyət arasında konstruktiv elektron dialoqa rəğmən münasibətləri harmonikləşdirərək narazılıqları azaldır və siyasi qarşıdurmanı mülayimləşdirir. Bununla da, internet vasitəsi ilə dövlətin cəmiyyətin bütün struktur və institutlarına (ictumai qruplar və təşkilatlar, fəal vıətəndaşlar, biznes, təhsil və elmi-tədqiqat institutları və s.) qarşılıqlı təsirinə əsaslanan yeni idarəetmə paradiqması formalaşır.

«Elektron hökumət»in hərtərəfli inkişafı istiqamətində bir sıra maneələrin açılması da vacibdir. Belə ki, ilk əvvəl çalışılmalıdır ki, elektron xidmətlər ənənəvi «kağız» prosedurlarda olduğu kimi genişliklə yerini taparaq qəbul edilsin. Xidmətlərin onlayn rejimdə təqdimatı öncəsi onların kəsərli təhlükəsizlik və konfidensiallıq elementləri ilə mühafizəsi də bu sırada zəruri hesab olunur. Digər bir problem bu sferada hüquqi normaların və standartların qəti müəyyən edilməsi ilə bağlıdır. Təcrübə göstərir ki, İKT-nin yüksək inkişaf templəri onların tətbiqi sferasındakı normayaratma prosesini daim üstələyir. Büdcə normativləri də «elektron hökumət» üzrə təşəbbüsləri məhdudlaşdırır. Bundan irəli gələrək də bir sıra iqtisadi inkişaf etmiş ölkələrdə müvafiq fondlar təsis edilir. Bu reallıq isə onu əsaslandırır ki, iqtisadi obyektivlik baxımından İKT sahəsinə yönələn xərclərə gələcək mənfəəti və maliyyələşmıəni təmin edən invesitiyalar kimi baxılmalıdır [5].

İKT inkişaf etdikcə isə «bir qapı» prinsipinə əsaslanan «elektron hökumət»in funksionallığı daha da genişlənəcək və ənənəvi veb-servisləri üstələyən, istifadəçilərin özləri tərəfindən inkişaf etdirilən və yaxşılaşdırılan internetin və softun yeni «Web 2.0» nəsli daha geniş sferada reallaşacaqdır. Bu texnoloji nailiyyətlər siyasi kommunikasiyanın da imkanlarını genişləndirəcək, hökumətlə vətəndaşlar və biznes arasında inteqrasiyanın daha mütərəqqi formalarının yaranmasına təkan verəcəkdir.

 

3.Təkmilləşən İKT infrastrukturu və milli «elektron hökumət» layihəsi

Müasir zamanda İKT sektoru mültiplikativ effektivliyi ilə daha çox fərqlənərək dünya ÜDM-ində mühüm pay yüksəlişləri əldə edir. Buradakı sürət hər beş ildə iki dəfə artan yüksəliş templəri ilə ölçülür [10, 12]. İKT sahəsində Azərbaycanda da sürətli inkişaf müşahidə olunur. Hazırda ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Bunun nəticəsidir ki, son 5 ildə İKT sektorunda əlavə dəyər 2,1 dəfə artmış və Azərbaycan müvafiq səhəvi göstəricilərə görə bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. İKT-nin inkişaf indeksləri üzrə qlobal mənzərəyə baxdıqda görərik ki, Azərbaycan 2008-2010-cu illər arasında ən sürətlə inkişaf edən 10 ölkədən biri olmuş, «İKT-nin inkişafı indeksi» üzrə 154 ölkə arasında 74-cü yerdə, «Texnoloji hazırlıq indeksi» üzrə isə 2010-cu ildə 70 ölkə sırasında qərar tutmuşdur. 2012-ci il Dünya İqtisadi Forumunun hesabatına əsasən «Gələcək üçün dövlətə İKT-nin vaciblik indeksi» üzrə 142 ölkə arasında 14-cü, «Şəbəkə hazırlığı indeksi»nə görə 61-ci yeri, «Qlobal rəqabətqabiliyyətlilik indeksi»nə görə 55-ci, «İnnovasiyaların tətbiqi üzrə reytinq»də 52-ci yeri tutur [3, 7. 13].

Milli İKT sektorunda 2011-ci ildə fəaliyyət göstərmiş müəssisələr tərəfindən 1,236 milyard manat məhsul istehsal olunmuş 0,742 miyard manatlıq əlavə dəyər yaradılmışdır. 2020-ci ildə respublikanın İKT sahəsindən 9,3 milyard manat gəlir əldə edəcəyi gözlənilir. İstehsal sahəsinin hazırkı (2011-ci il) İKT strukturunda 9,54%-lik payı 2020-ci ildə 25%-ə yüksələcək, onun ÜDM-dəki hazırkı 2,5% tutumu isə 2020-ci ildə 10%-i aşacaqdır. İKT sahəsinə yönələn investisiyaların $7,2 milyad təşkil edəcəkdir. Ümumiyyətlə, 2020-ci ilədək bu sektorda artımın 5 dəfə yüksəlməsi gözlənilir [7, 15].

Statistik tədqiqatlar göstərir ki, İKT-nin 10% inkişafı iqtisadiyyatın 1% inkişafına təkan verir. Azərbaycanda isə bu sahədəki inkişaf templəri daha uğurlu hesab olunur. Belə ki, ölkə üzrə buradakı inkişaf sürəti müqabil ümumdünya göstəricilərini 2-3 dəfə qabaqlayır [12]. Lakin bu nəticələrlə kifayətlənməməli, informasiya cəmiyyətinin artan tələblərindən irəli gələrək dövlət informasiya sistemlərinin inkişafı, İKT məhsulları üzrə yerli istehsal və ixrac potensialının gücləndirilməsi, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsi, normativ hüquqi, texniki və texnoloji baza təkmilləşdırilməli və sahəvi kadr hazırlığı daim diqqət mərkəzində saxlanılmalıdır.

Azərbaycanda «elektron hökumət» layihəsi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) çərçivəsində həyata keçirilir (Azərbaycan Respublikası Prezidentinin 11.08.2010 tarixli 1056 №-li sərəncamı). Tutumluluğu və uzaq hədəfliliyi ilə fərqlənən həmin Dövlət proqramı mütləq əksəriyyətlə respublika üzrə bütün dövlət qurumlarını əhatə edir.

«Elektron hökumət»in özəl qaynaqları «Informasiya əldə etmək haqqında» qanunda da öz əksini tapıb. Həmin Qanuna əsasən, dövlət qurumları sahibi olduqları ictimai məlumatları açıqlamaq üçün ən qısa zamanda özlərinin internet resurslarını yaratmalıydılar. Bu çox mühüm bir vəzifədir. Tələblər bələdir ki, heç bir dövlət qurumu «elektron hökumət» infrastrukturundan kənarda qalmamalı, dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin yeni inkişaf mərhələsinin fəal iştirakçıları olaraq çıxış etməlidirlər. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) isə bu fəaliyyətlərə texniki-texnoloji tənzim verən mühüm orqan kimi bu infrastrukturun təkmilliyini daim nazərətdə saxlamalı və inkişaf etdirməlidir. Bunlardan irəli gələrək, RİTN tərəfindən həyata keçirilən «Elektron hökumət dövlət informasiya sistemi» layihəsi çərçivəsində dövlət orqanlarının məlumat bazaları və informasiya sistemlərinin inteqrasiyası, vətəndaşların müraciətlərinin dövlət orqanlarına çatdırılması, həmçinin, elektron xidmətlərin «bir pəncərə» prinsipi əsasında təşkili və istifadəsi ilə bağlı «elektron hökumət» şlüzü və «elektron hökumət» portalı (sayt - http://e-gov.az) yaradılmışdır. Bu infrastrukturlar dövlət orqanlarının informasiya sistemləri arasında təhlükəsiz əlaqələrin yaradılması, sorğuların verilməsi, cavablandırılması və elektron xidmətlərin göstərilməsi zamanı dövlət orqanları tərəfindən aparılan informasiya sistemlərində mövcud olan sənədlərin vətəndaşlardan istənilməməsini təmin edir. Hazırda 40-dan çox dövlət qurumu «Elektron hökumət» şlüzünə qoşulmuşdur [7].

Bütün bu işlərin daha rasional təminatını, konkret olaraq vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərinin yeni üslubda, daha keyfiyyətli və müasir innovasiyalar tətbiq edilməklə göstərilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən reallaşdırılacaqdır. Agentlik dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanı olaraq çıxış edəcəkdir. Dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə isə «ASAN xidmət» (Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi - ingiliscə Azerbaijan Service and Assessment Network) mərkəzlərinin yaradılması nəzərdə tutulur. «Bir qapı» prinsipli ASAN xidmət konsepsiyası müxtəlif dövlət qurumlarının göstərdikləri xidmətlərin bir mərkəzdə cəmlənməsini ehtiva edir. Burada yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda istifadə etmək mümkün olacaqdır. Bu isə məsrəflərin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığa və şəxsi rahatlığa imkan verəcək, dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin inkişafını təmin edəcəkdir [6].

Milli «elektron hökumət» layihəsinin vergi inzibatçılığının təkmiləşməsi sahəsindəki rolu da dəyərləndirilməlidir. Xarici ölkələrin təcrübəsi göstərir ki, uzun illər dövlət vergilərin tam və vaxtında yığılaraq büdcəyə köçrülməsi sahədə vergiödəyicilərinin bu sahədə üzləşdiyi çətinliklərin aradan qaldırılması məsələlərinə nisbət az qayğı göstərməşdir. Lakin informasiya cəmiyyəti texnologiyalarının inkişafi bu situasiyada da köklü dəyişikliklərə gətirmişdir. Belə ki, müasir zamanda vergi orqanları qarşısında əsas tapşırıqların icrası ilə yanaşı vergi ödəyicilərinin öhdəliklərinin yerinə yetrilməsində maksimamal konfortlu şəraitin yaradılması ilə vergi inzibatçılığının prossedurlarının sadələşdirilməsi vəzifəsi də dayanır. Bu vəzifələrin müasir zamanda gercəkləşməsini isə informasiya cəmiyyəti texnologiyalarının inkişafi mümkün etmişdir.

Hazlırda müasir dünyada vergi orqanları vergi ödəyicilərinə elekron məkanda iki xidmət təklif edir. Birincisi vergi öhdəliklərinin yerinə yetrilməsində elektron bəyyanamələr vasitəsi ilə xərclərin azaldılması, ikincisi isə vergilərin ödənilməsinin ödəniş terminalları və bankomatlar vasitəsi ilə aparılması. Hər iki xidmət informasiya cəmiyyəti prinsiplərindən irəli gələrək vergi ödəyiciləri üçün çox mühüm sosial əhəmiyyət kəsb edir [10].

«Elektron bəyannamə» tam avtomatlaşdırmadan irəli gələrək vergi ödəyiciləri üçün vergi bəyannaməsinin tərtib və təqdim etmə prosesini yüngülləşdirir, onları bu səbəblərlə müfəttişliyə gəlmədən azad edir. Sirr deyil ki, vergi bəyannamələrinin kağız daşıyıcılarda vergi orqanlarına təqdimatı əhəmiyyətli zaman və insan resursu tələb edir. Belə ki, hüquqi şəxs vergi bəyyanamələrini hər ay vergi orqanlarına təqdim etmək üçün xeyli vaxt sərf etmiş olur. Vergi orqanı işçisinin tərəfindən kameral yoxlamanın aparılması və vergi bəyyanaməsi göstəricilərinin informasiya sisteminə köçürülməsinə də yarım saata qədər zaman məsrəfi lazım gəlir. Əgər burada qeyri-dəqiqlik və səhvlər təsbit olunursa proses təkrarlanır. Elektron bəyannamə prosesində isə vergi inzibatçılığı bu əməliyyatların avtomatlaşmasına rəğmən daha çevik və dəqiqliyi ilə üstünlük qazanır. Təcrübə bir daha göstərir ki, internet-texnologiyalardan istifadə etməklə vergi bəyannamələrinin hazırlanması və təqdimatında vergi ödəyicilərinin vaxta qənaəti əhəmiyyətli dərəcədə azalır. Mühasibatlıq hesabatlarının və vergi bəyannamələrinin özlərinin forma dəyişkənliyi zərurətləri şəraitində də internet-texnologiyalar təkmilləşdirilmələrin operativ aparmasınada müsbət rol oynayır. Bu sırada yaranan vaxt resurslarını biznesin inkişafına yönəltmək, bununla da əlavə gəlir və mənfəət əldə etməklə büdcə daxilolmalarını artırmaq olar.

Bu proseslər Azərbaycanda artıq reallığa çevrilmişdir. Vergi inzibatçılığında İKT-dən istifadə geniş intişar tapır. Milli «elektron hökumət» layihəsində vergilərlə bağlı xidmətlərin sayı artır, bu iş təkmilləşir və daha geniş vüstət alır

Bu və ya digər pozitivləri rəhbər tutaraq belə qənaətə gəlinə bilər ki, ölkədə «elektron hökumət» infrastrukturunun müasir vəziyyəti qənaətbəxş hesab ediləndir. Bunu BMT hesabatlarında «Elektron hökumət inkişafı indeksi» üzrə Azərbaycanın 192 ölkə arasında 96-ci yerdə qərarlaşması da bir daha əsaslı edir [12].

Yaxın perspektivdə «elektron hökumət» sferasında daha ciddi dəyişikliklərin olacağı yəqin edilir. Belə ki, hazırda (2012-ci il) dövlət xidmətlərinin elektron formada təqdimatı 30%, vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının 80% təşkil edir. Bu göstəricilərin 2020-ci ildə 100%-ə çatdırılması məqsəd olaraq qarşıda durur. Həmçinin, 2020-ci ildə elektron xidmətlərdən istifadə edən vətəndaşların xüsusi çəkisinin də indiki 20%-dən 80%-ə qaldırılması da əsas strateji hədəflər sırasındadır [7].

«Elektron hökumət»in tam reallaşdırılması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsində ən mühüm mexanizm olaraq çıxış edəcəkdir. Buna görə də, bu infrastrukturun genişlınməsinə hökumət zəruri resursları ayırmalı və təkmilləşməsi istiqamətində davamlı məsrəflər etməlidir. Proqnozlara görə 2020-ci ildə dövlətin İKT xərcləri kosmik sənayenin, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı və elektron hökumət və kibercinayətkarlıqla mübarizə xərcləri hər bir sahə üzrə bərabər olmaqla $3 milyard təşkil edəcəkdir. Bu xərclər perspektivi nəzərdə tutulan regional iqtisadi zonaların yaradılması üzrə isə $500 milyon, rəqəmsal televiziyanın inkışafı üzrə isə $100 milyonu ötəcəkdir [7]. Nəticədə dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin inkişafı yeni templərlə irəliləyərək biznes mühütinin yaxşılaşdırılmasında da təsirli olacaq və bu proseslər öz növbəsində makroiqtisadi effektivliyin yüksəlməsi ilə müşayiət olunacaqdır.

 

4.Nəticə

İnformasiya cəmiyyətində yalnız istehsal dəyəşmir. Burada bütün həyat ukladı, dəyərlər sistemi təbəlüddatlara uğrayır, mədəni asudəliyin əhəmiyyəti artır. İndustrial cəmiyyətdən fərqli olaraq informasiya cəmiyyətində hər bir şey əmtəələrin istehsalı və istehlakına deyil, intelektin istehsal və istehlakına yönəlir ki, bu da özü özlüyündə əqli əməyin həcm artımı ilə müşaiyət edilir. Ona görə də informasiya cəmiyyətində insandan daha çox yaradıcılıq, kreativlik bacarığı istənilir və burda biliyə olan tələbat daim artır.

Aparılan tədqiqatlar bir daha əsaslandırır ki, informasiya cəmiyyətində komüterləşmə, internetin genişlənməsi prosesi insanların fiziki işlərini omtimallaşdıraraq onların informasiya mənbələrinə daha etibarlı girişini təmin edir. Proses informasiya cəmiyyəti texnologiyalarının inkişafi və elektron hökumət konsepsiyasının artan əhəmiyyətli ilə daha geniş sosial-iqtisadi məzmun alır. Bu isə onu göstərir ki, cəmiyyətin inkişafının hərəkətverici gücü daha çox material deyil, informasiya məhsulunun emalı ilə bağlı olacaqdır. Həmçinin bu çevrədə material məhsul özü də daha çox informasiya biçimli olaraq onun innovasiyalığını artırılmasına xidmət edəcəkdir.

Dövlət cəmiyyətin informasiya erasına keçidində ən başlıca liderdir. Onun sıradakı imkanları bənzərsizdir. Bu baxımdan da «Elektron hökumət» dövlətin vəzifələrini icra etmək üçün yaradılmış çox unikal bir infastrukturdur. Bu infrastrukturun işlənməsi ictimai portallar arasına texniki inteqrasiya və onun mükəmməlliyindən keçir. Bu şəbəkədəki müxtəlif iştirakçılar öz aralarında eksklyuziv müqavilələr bağlamırlar. Burada hər bir hərəkət açıq, texniki tələblər standartlarına uyğun biznes qaydalara müvafiq qurulur. Yeni texnologiyaların sürətli təkamülü rəqəmsal qeyri-bərabərsizliyi mülayimləşdirir, renovasiyanı qaynaqlandırır və eyniliklə də hüquqi müstəvidə də «rəqəmsal dünyaya» adaptasiyaya təkan verir.

«Elektron hökumət»ə keçid dövlət orqanlarına islahatlar aparmağa, iqtisadi irəliləyişləri davamlı etməyə, rəqabətqabiliyyətliyi artırmağa geniş imkanlar açır.

Azərbaycanda da elektron sistemə keçidə milli iqtisadi inkişafın mühüm strateji amili kimi yanaşılır. Burada hərtərəfli dəstək qazanan İKT sisteminin və qurulmaqda olan «elektron hökumət» infrastrukturunun dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin inkişafının yeni paraqdiqmasının formalaşmasındakı, milli sahibkarlığın və biznesin inkişafındakı rolu və əhəmiyyəti daim güclənir.

 

Ədəbiyyat siyahısı

1.Hacızadə E.M. (2006), Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 509 s.

2.Голобуцкий А., Шевчук О. (2007) Электронное правительство. М.: Знание, 433 c.

3.Костельс Мануель. (2000), Информационная эпоха. Экономика, общество и культура, М.: ГУ ВШЭ, 608 с.

4.Смирнова А.Е. (2009), Теория информационных систем. М.: ПРИОР, 2008, 411 c.

5.Электронные правительства: потенциал и практическое использование (2009), / под ред. Ивановой Г.Р. М.: Знание, 329 c.

6.www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.

7.www.mincom.gov.az - Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytı.

8.www.un.org - Birləşmiş Millətlər Təşkilatı.

9.www.worldbank.org. - Dünya Bankı.

10.www.gartner.com - İnformasiya texnologiyaları üzrə konsaltinq kompaniyası.

11.www.europa.eu.int - EU - Avropa İttifaqı

12.www.itu.int - Beynəlxalq Kommunikasiya İttifaqı.

13.www.weforum.org - Beynəlxalq İqtisadi Forum (Davos Forumu).

14.www.e-qanun.az - Azərbaycan Respublikasının qanunvericilik aktları.

15.www.azstat.org - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

 

Гаджизаде Эльшан Махмуд оглы

Д.э.н. , проф., Азербайджанский Государственный Экономический Университет

 

Роль и значение концепции электронного правительства в развитии технологий информационного общества

 

Аннотация

 

Цель исследования состоит в научном толковании роли и значения концепции электронного правительства в развитии технологий информационного общества, а также в этом диапазоне анализе экономических и властных отношений государства и граждан;

Методология исследования: факторные, оценочные и статистические методы анализа;

Результаты исследования: исходя из глобальных вызовов в кругу новых реалий обоснованы роль и значение концепции электронного правительства в развитии технологий информационного общества;

Ограничения исследования: в процессе исследования не проведены экономические оценки и эконометрические расчеты;

Практическая значимость исследования: возможность использования результатов исследования в стратегии расширения утверждения национального «электронного правительства» и в направлении подготовки Концепции  Развития «Азербайджан-2020: взгляд в будущее»;

Оригинальность и научная новизна исследования - впервые исследуются экономические и властные отношения государства и граждан в контексте институциональной новации «Электронный Азербайджан».

 

Ключевые слова: экономика Азербайджана, технологии информационного общества, «электронное правительство», социальные инновации, налоговое администрирование.

 

 

Hajizadeh Elshan Mahmud oglu

Prof.Dr.,AzerbaijanState Economic University

 

The role and importance of the concept of e-government in the development of information society technologies

 

Abstract

 

Purpose: the scientific observation of the role and importance of the concept of e-government in the development of information society technologies and the analysis of economic and power relations between the state and citizens in this range.

Methodology: factor, evaluation and statistical methods of the analysis.

Findings: based on the global challenges of the role and importance of the concept of e-government in the development of information society technologies grounded in the circle of the new realities.

Research limitations: the research process is not carried out in economic evaluations and econometric estimates.

Practical implications: the use of research results in the expansion strategy of the national "e-government" in the direction of preparing the concept "Azerbaijan 2020: A Look into the Future".

Originality: for the first time explores the economic and power relations between the state and citizens in the context of institutional formation of "Electronic Azerbaijan".

 

Key words: Azerbaijan's economy, information society technologies, "e-government", social innovation, tax administration.

 

JEL Classification Codes: A13, D83, E02, L86

 

168. Informasiya cəmiyyəti texnologiyalarının inkişafinda elektron hökumət konsepsiyasının rolu və əhəmiyyətli. Azərbaycanın vergi jurnalı. Bakı: № 5, 2012, 0,8 ç.v.