gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / "MİLLİ NEFT-QAZ SEKTORU" ANLAYIŞININ İNTERPRETASİYASI

07.12.2011

Azərbaycan Dövlət İqtisad  Universiteti

i.e.d., prof. E.M.Hacızadə

 

 

 

1.Giriş

İqtisadi ədəbiyyatlarda, həmçinin müvafiq hüquqi-normativ sfera və praktiki müstəvidə neft-qaz sektoru anlayışının dəqiq interpretasiyasına hələ ki, rast gəlinməmişdir. Sadəcə bu anlayış geniş dövriyyədə empirik köklərə istinadən söz düzümünə adekvat neft və qazın mövcud olduğu bir iqtisadiyyat sahəsi kimi başa düşülür. «Neft-qaz sektoru» anlayışı həm də üstün olaraq, çox zaman yalnız «neft sektoru» kimi də səsləndirilir. Bununla belə, dövriyyədə ayrıca «qaz sektoru» anlayışı da mövcuddur. Bu reallıq onlara yanaşmada fərqlilik və ya sinonim kimi istifadəetmə çətinliyi yaradır.

Elmi müstəvidə və eyniliklə də statistik çərçivədə neft-qaz sektorunun dəqiq metodoloji təyinatı olmadığı üçün onun hüdudları haqqında qəti fikir söyləmək də mürəkkəbləşir. Belə vəziyyət isə bir çox aspektlərdə milli neft-qaz sektoru ilə bağlı düşüncə və qavramalarda eyni çaşqınlıqlara səbəb olur. Bu baxımdan bizim tədqiqat araşdırmamızda milli neft-qaz sektorunun əhatə dairəsinin dəqiqləşdirilməsi əsas tədqiqat vəzifələri sırasında dayanır. Burada həmçinin sistemli yanaşmada aparılan genetik və müqayisəli təhlil sferasında «neft-qaz sektoru» anlayışına məntiqi əsaslandırmada ilkin nəzəri ümumiləşdirmənin verilməsi də tədqiqat meyarı kimi əsas götürülür. Bununla belə, «neft-qaz sektoru» anlayışı ilə bağlı təyinatı dolğunlaşdırmaq üçün iqtisadiyyat müstəvisində «sektor» məfhumunun açılışına baxılması da gərəkli hesab edilir.

 

2. İqtisadiyyatın sektorial bölgüsu və iqtisadi sektor strukturu

Elmi-nəzəri mənbələrdə iqtisadiyyatın sektorial bölgüsu - oxşar uzlaşan cəhətləri, iqtisadi məqsədləri, funksiyaları və davranışları ilə fəqlənən nəhəng əhəmiyyətli institusional vahidlər kimi göstərilir. Bu sahələr nəzəri və praktiki planda başlıca təsnifatda biri digərinin də təsərrüfat formasına və məhsul istehsalı növlüyü əlamətlərinə görə də ayrılır [1-3].

Təsərrüfat forması baxımından iqtisadiyat əsasən dövlət (government sector) və özəl (private sector) sektorlara bölünür. Məhsul növlüyu istehsalı kontekstində isə çoxsaylı variantlar müxtəlifliyinə baxmayaraq, bu bölgüdə üçhədli klassik sektorial model (ingiliscə - three-sector hypothesis - üç sektor haqqında hipoteza) əsas götürülür [4, 5].

Birinci sektor (primary sector) xammalın hasilatı və onu yarımfabrikatlara çevirən emalının sahələrini əhatə edir. Buraya aqrar-sənaye, hasilat və təbii xammalın ilkin emalı (daş kömr, neft-qaz, metal filizləri və s.) sahələri daxildir. İkinci sektora (secondary sector) hazır məhsul istehsal edən - emal sənayesi və tikinti müəssisələri aiddir. Bu sektor ümumən olkə iqtisadiyyatının mühüm hissəsini təşkil etdiyindən onu həm də istehsal sektoru adlandırırlar. Məhz burada ÜDM-in gəlir və daxilolmalar artımının əsas hissəsi formalaşır ki, bu da nəticə etabarı ilə həyat keyfiyyətini yüksəldən proqramların həyata keçirilməsinə təkan verir. Digər bir təsnifatda birinci və ikinci sektorlar birlikdə material istehsal sektoru adlandırılır. Üçüncü sektor (tertiary sector) xidmət sferası müəssisələrini əhatə edir. Buraya nəqliyyat, rabitə, ticarət, səhiyyə, turizm və s. aid edilir. Hazırda inkişaf etmiş ölkələrdə üçüncü sektorun ÜDM-dəki payının əhəmiyyətli artımı onu «servis iqtisadiyyatı» adlanan ayrıca bir iqtisadiyyatın sahəsinə çevirməsinə gətirmişdir. Üçüncü sektor anlayışı fərqli bir müstəvidə daha çox sosial funksiyalar yerinə yetirən qeyri-hökumət təşkilatları sektoru kimi də analaşılır [6].

İqtisadiyyatın çoxsaylı sektorial bölgüsündə real və maliyyəyə təsnifatlandırmasının da əhəmiyyəti böyükdür. Real sektor (real sector) bilavasitə material istehsalını, əmtəə və xidmətləri əhatə edir. Məhz bu sektorda yüksək mənfəət yaranır və əsas budcə daxilolmaları təmin edilir. Maliyyə sektoru (financial sector) isə maliyyə-kredit qruplarını birləşdirir [1, 7].

İqtisadi düşüncənin sistemləşdirilməsində bir sıra digər metodoloji yaranışlar da çıxış edirlər: Belə ki, müasir iqtisadi ədəbiyyatlarda dördüncü və beşinci sektor anlayışlarına da rast gəlinir ki, bunlar da üçüncü sektorun sistem altıları kimi çıxış edirlər. Dördüncü sektora (quaternary sector) da informasiya-kommunikasiya texnologiyaları sferasında ixtisaslaşan, həmçinin qlobal marketinq, bank, maliyyə, bir sıra elm sahələri, konsaltinq və təhsil xidmətləri göstərən müəssisələr aid edilir. Bu sektoru həm də çox zaman informasiya sektoru da adlandırırlar. İnformasiya sektoru müasir və gələcək iqtisadi inkişafın əsasında dayanır. Beşinci sektor (quinary sector) isə səhiyyə, mədəniyyət və elmi tədqiqatlar sahəsindəki ixtisaslaşmaları əhatə edir [8].

İqtisadiyyatın sektorial bölgüsunü səciyyələndirən bu gerçəkliklərdən çıxış edərək «neft-qaz sektoru» anlayışına bir daha aydınlıq gətirməklə onun Azərbaycan Respublikası iqtisadiyyatında yerini və parametrlərini müəyyənləşdirmək mümkündür.

 

3.Neft-qaz sektoru ümumi və milli kontekstdə

«Neft-qaz sektoru» anlayışına öncə neft və qaz məhsulu sferasında yanaşaq. Belə ki, maddənin aqreqat halında neftin maye, təbii qazın qaz formalılığı, həmçinin kondensatla birlikdə karbohidrogen məhsulu olaraq xam şəklində yerin təkində mövcüdluğu bəllidir. Bu baxımdan neft təbii qaz və kondensatla triada əmələ gətirir və onlar bir-biri ilə sinxron əlaqədədirlər. Reallıq belədir ki, neftin çıxarılması zamanı onunla birlikdə prosesin ayrılmaz hissəsini təşkil edən səmt qazı da hasil olunur. Məhz bu qaz faktoruna istinadən mütləq əksər hallarda neftlə bağlı istehsal sahələri «neft-qaz təsərrüfatı», «neft-qaz sənayesi», «neft-qaz kompleksi» və s. bu kimi adlarla təsbitini tapır. Bununla belə, qeyd olunmalıdır ki, təbii qaz yalnız neftlə birlikdə səmt qazı kimi çıxarılmır. Əlahiddə yataqlardan, bəzən neft potensialından da yüksək olan qaz hasil edilir. Bu halda istehsal sahəsi ayrıca «qaz» təsərrüfatı kimi də fəaliyyət göstərir və adekvat olaraq da ona uyğun sahəvi təsnifatda adlanış verilir. Digər tərəfdən, neft və qaz çıxarmada aralıq məhsul olan kondensatın hasilat sənayesi əhəmiyyətli müstəsnalıq təşkil etmədiyi üçün onun adı ilə bağlı əlahiddə təsərrüfat sahəsi də qəti adlandırılmamışdır [9-14]. Qeyd edildiyi kimi, hər üç məhsul karbohidrogen təyinatlı olduğu üçün ümumən təsərrüfat sferasında «neft-qaz kompleksi» kimi mülahizə edilir və bundan irəli gələrək də «neft-qaz sektoru» neft, qaz və kondensatla bağlı bütün təsərrüfat tsiklini əhatə edən iqtisadiyyat sahəsi kimi anlaşılır. Bu iqtisadiyyat sahəsinin daha geniş - neft və qazın axtarışı, kəşfiyyatı, qazma işlərinin aparılması, hasilat, nəql, təchizat, emal və satış kimi çoxsaylı istehsal dövriyyəsini əhatə etməsini nəzərə aldıqda, anlayış daha müfəssəl metodoloji təyinat alacaqdır.

Beləliklə, elmi-iqtisadi anlamda «Neft-qaz sektoru» karbohidrogen məhsulu olan neft, qaz və kondensatın axtarış-kəşfiyyatı, qazması, hasilatı, emalı, nəqli, təchizatı və son istehlakçıya çatdırılması ilə bağlı satışını reallaşdıran təsərrüfat kompleksini ehtiva edir.

Bütün texniki, texnoloji, iqtisadi əlamətləri ilə «neft-qaz sektoru» Azərbaycan Respublikasında da eyni mahiyyət daşıyır. Fərqlilik isə yalnız renta təyinatlarından irəli gələn mülkiyyət münasibətləri ilə bağlı müəssisələr quruluşunda özünü göstərir. Belə ki, respublikada formalaşmış müasir neft-qaz sektoru müqabil bir struktur sistemə malikdir. Bu sistem quruluş dövlət və özəl (qarışıq) olan iki iqtisadi «subsektor»u özündə ehtiva edir. Dövlət sektorunda idarəetmə demək olar ki, bütünlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - ARDNŞ tərəfindən, özəl hissədə isə Azərbaycan Respublikasının beynəlxalq müqavilələr çərçivəsində müştərək işləməyə verdiyi fəaliyyət (istismar) zonalarının inzibatçılığı ilə həyata keçirilir [9, 15]. Hər iki sektor ayrı-ayrı resurs bazasına malik olsalar da, fəaliyyətlərində respublika YEK-in tərkib hissəsi kimi çıxış edən böyük infrastruktur sistemdən faydalanırlar.

Beləliklə, «Milli neft-qaz sektoru» YEK-in tərkib hissəsi olaraq ARDNŞ, Azərbaycan Respublikasının beynəlxalq müqavilələr çərçivəsində müştərək işləməyə verdiyi fəaliyyət (istismar) zonaları və habelə onunla bilavasitə bağlı olan digər infrastruktur müəssisləri silsiləsini təşkil edir.

 

4.Nəticə

«Neft-qaz sektoru» haqqında təhlili mülahizələri ümumiləşdirərkən onun nəzəri baxımdan iqtisadiyyatın hansı sektoruna konkret aid olduğunu, eyni zamanda hansı sektorlarla bütövlükdə və ya qismən uzlaşma tapdığını da müəyyənləşdirmək vacibdir.

Təsərrüfat forması baxımından neft-qaz sektoruna aid olan müəssisələr dövlət və özəl sektorda ola bilər. Bu isə onu göstərir ki, neft-qaz sektorunun təsərrüfat forması baxımından təsnifatlandırılması üç aspektli strukturda təyinat tapır:

  1. Yalnız dövlət (neft-qaz sənayesinin milliləşdirildiyi xarici də daxili konsessiyaların olmadığı ölkələr - Səudiyyə Ərəbistanı, İran);
  2. Yalnız özəl - (ABŞ, Böyük Britaniya);
  3. Dövlət və özəl paralelliyi - (Rusiya, Küveyt).

Bununla belə, vurgulanmalıdır ki, neft-qaz sektorunun tamamilə dövlətin sərəncamında olması nadir hadisədir. Belə vəziyyətlər çox qapalı ölklərdə (Şimali Koreya) müəyyən qədər duruş gətirə bilər. Digər tərəfdən, neft sənayesinin milliləşdirilərək qəti dövlətin sərəncamında qaldığı ölkələrdə belə kiçik də olsa, neft-qaz sektorunun müəyyən xidmətlər sferasında milli sahibkarla da təmasları istisna edilmir. Burada həmçinin bir reallıq da onunla əksini tapır ki, ayrı-ayrı ölkələrin neft-qaz sektorunda qarışıq mülkiyyətli müəssislər də yer alır. Bu, birbaşa investisiyalar və ya səhmdar cəmiyyətlər, müştərək müəssisələr təşkil etməklə portfel investisiyalar formasında reallaşdırılır. Bütün bunların yekunu olaraq təsərrüfat forması baxımından Azərbaycanın neft-qaz sektoru dövlət və özəl sektorları kompleksində təyinat tapır.

Üçhədli klassik sektorial modeldə, məhsul növlüyu istehsalı kontekstində neft-qaz sektorunu xammalın hasilatı oriyentasiyalığına görə qəti olaraq birinci sektora aid etmək olar. Hazır məhsul istehsalı, emal sənayesi oriyentasiyalığına görə neft-qaz sektoru ikinci sektora aid edilməlidir. Nəzərə alındıqda ki, neft-qaz sektoru həm də geniş və miqyaslı xidməttutumlu qurumları da əhatə edir, onda burada üçüncü sektora da yer ayrılır. Bundan başqa, müasir məqamda buradakı innovasiyalığın geniş imkanlı olduğunu nəzərə alsaq, neft-qaz sektorunu böyük yəqinliklə eyni zamanda dördüncü və beşinci sektorlara da aid etmək olar. Bütün bunlardan savayı, neft-qaz sektoru istehsal sferası olan real sektora da tam adekvatdır.

 

İstifadə olunmuş ədəbiyyat:

  1. Норт Д .Институты, институциональные изменения и функционирование экономики. М.: Фонд экономической книги «Начало», 1997, 180 с.
  2. Фишер С., Дорнбуш Р., Шмалензи Р. Экономика. М.: ИНФРА-М, 1999, 864 с.
  3. Экономика (под редакцией д.э.н. А.С.Булатова). М.: Юристь, 2000, 896 с.
  4. Носова С. С. «Экономическая теория. М.: «ВЛАДОС», 2007, 272 с.
  5. Строуп Р., Гвартни Д. Азбука экономики. М.: ИНФРА-М, 1999, 864 с.
  6. Социально-экономическая география зарубежного мира. М.: Крон-Пресс, 1998, 592 с.
  7. Кочетков А Основы экономической теории. М.: Дашков и К 2004,492 с.
  8. Симагин Ю.А Территориальная организация населения и хозяйства (под общ. ред проф. В.Г.Глушковой). М.: КНОРУС, 2005, 384 с.
  9. Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizaziyası. Bakı: Elm, 2003, 512 s.
  10. Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006, 509 s.

11. Дунаев В.Ф., Шпаков В.Л.. Епифанова Н.П., Лындин В.Н. Экономика предприятий нефтяной и газовой промышленности. M.: Нефть и газ, 2006, 578 c.

  1. Природный газ (под ред. Р.Басби) М.: ЗАО «Олимп-Бизнес». 2003, 240 c.
  2. Тимми Боб. А есть ли дефицит? Азбука нефтяной экономики. М.: ЗАО «Oлим-Бизнес», 2005, 328 с.
  3. Хайн Норман Дж. Геология, разведка, бурение и добыча нефти. М.: ЗАО «Олимп-Бизнес», 2004,752 с.
  4. http://www.socar.az - ARDNŞ.

 

 

Гаджизаде Эльшан Махмуд оглы

д.э.н., проф. Азербайджанский Государственный Экономический Университет

 

Аннотация

 

Интерпретация понятия «национальный нефтегазовый сектор»

 

Статья посвящена интерпретации понятия «Национального нефтегазового сектора». Автор статьи в первую очередь раскрывает суть данного понятия. Затем для достижения научной цели статьи приводятся примеры практического и теоретического характера. В процессе написания используется разноязычная литература и интернет ресурс. Основной костяк статьи содержит суждения автора по изучаемой проблеме.

 

Elshan Hajizadeh

Doctor of Economics, Prof. Dr. Azerbaijan State Economic University

 

Abstract

 

The interpretation of the concept of «national oil and gas sector»

 

This article focuses on the interpretation of the concept of “National oil and gas sector”. The author first reveals the essence of the concept. Then, in order to achieve the scientific objectives of article gives examples of practical and theoretically character. In the process of writing is used differently lingual literature and Internet resources. The backbone of the paper contains the author’s opinions on the issue under study.

 

 

155.«Milli neft-qaz sektoru» anlayışının interpretasiyası. Müasir beynəlxalq münasibətlərin formalaşmasının milli iqtisadiyyata təsir mexanizmi. Elmi-praktik konfransın materialları. Bakı Dövlət Universiteti. 25-26 oktyabr 2011-ci il. Bakı: 2011. 0.4 ç.v.