gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / QURUDA NEFTQAÇIXARMA KOMPLEKSINDƏ OPTIMAL HASILAT TEMPININ VƏ ISTISMAR MÜDDƏTININ MÜƏYYƏN EDILMƏSI

09.02.2012

UOT 338.45:622.276                           ADİU, i.e.n. E.M.Hacızadə

Azərbaycan neft-qaz sənayesinin indiki keçid durumuna ehtiyatlar prizmasından yanaşdıqda nikbin perspektivi görməmək mümkün deyil. Yeni dəniz yataqlarındakı nəhəng ehtiyatlar belə görünüşün daha aydın təəssüratını yaradır. Bu yataqlarla müqayisədə kəskin mahiyyət fərqinə baxmayaraq köhnə istismar sahələrində də xoş gələcəyə stimullaşdıran əsaslar yetərlidir. Azərbaycanın XX əsr neft sənayesinin retrospektiv inkişafı onu göstərir ki, burda çıxarılan yanacaq resurslarının respublikanın iqtisadi inkişafına, onun istehsal potensialına müvafiqliyi həmişə müsbət saldolu olmuşdur. Ayrı-ayrı dövrlərdə hasilat hətta daxili tələbləri bir neçə dəfə üstələmişdir. Məlum faktdır ki, son dərəcə izafı həcmli neft tarixən böyük dövlətin sənaye gücünün artmasına səfərbər edilmiş, onun iqtisadi qüdrətinin yüksəlişində əsas baza  olmuşdur. Layların neftverimi imkanlarının tükənməsinə baxmayaraq ən sadə hesablamalara görə yalnız köhnə yataqlardakı mövcüd qalıq ehtiyatlar XXI yüzilliyin bir neçə onilliyi ərzində Azərbaycanın iqtisadiyyatını normal enerji ilə təmin etməyə qadirdir. Məhz buna görə da daim xidmətinizdə bulunan azalan, lakin tükənməyən əski potensial diqqətdən yayınmamalı,  anaxronizmə yol vermədən müvafiq resursların mərhələli kontekstdə səmərəli istifadə meyarları müəyyən edilməlidir. Bu baxımdan köhnə istismar sahələrində, xüsusən quruda yerləşən neftqazçıxarma kompleksində yeni hasilat strategiyasının işlənməsi zərurəti daha da artmışdır.
Hasilat strategiyası ilə bağlı problemlər akademik A.X.Mirzəcanzadənin tədqiqatlarında geniş əksini tapır [1-3]. Ekstensiv və intensiv istismar rejiminin təzadlarını keçirmiş neft-qaz sənayesinin respublikada yeni geosiyasi düzümü, qlobal perspektivi, bazar konyunkturası və ekoloji aspektləri nəzərdə tutan böyük hasilatın illik təminat kvotalarının hesablanmasının artan tələblərinə rəğmən alim tərəfindən riyazi modeli  işlənib hazırlanmışdır [3]. Böyük neft axınını nəzərdə tutan bu alqoritmik hesablama fonunda quruda neftqazçıxarma kompleksini əhatə edən yataqların ehtiyat potensialının da mərhələli konturlarda hasilat normasının hesablanması variantına mövcüd təhlil və tədqiqat prosesində təşəbbüs edilmişdir ki, mövzunun tədqiqi üzrə digər konkret nəzəri-metodoloji materiallar[4-6], xüsusən internet şəbəkəsinin [7] müvafiq informasiya məlumatları xeyli dərəcədə məhduddur.
Müşahidələrə, aparılan təhlilə, stasitik materiallara əsasən köhnə neft-qaz yataqlarındakı istehsalın tənəzzülü meyillərinin ölçülərini təsəvvür etmək çətin deyildir. Burada quyuların, avadanlıq və qurğuların mütləq əksəriyyəti öz istismar müddətlərini dəfələrlə başa vumuş, ilkin istehsal gücündən səmərəli fəaliyyətdən xeyli geri qalmışlar. Ehtiyatların tükənməsi texniki-texnoloji gərginliklərlə müşayiət olunaraq hasilatda əlavə əmək və kapital sərfini artırmışdır. İstismar çətinlikləri ilə yanaşı, köhnə yataqları əhatə edən kompleksdə direktiv-plan sisteminə xas olan iqtisadi münasibətlər, idarəetmə və sosial qayğı ilə bağlı faktorlar da böhranlı tendensiyanın əsas amillərinii təşkil edir.
Hazırda Yaxın Şərq istisna olmaqla dünyanın bütün neft regionlarında intensiv hasilat davam etməkdədir. Təbii ki, Xəzərdə karbohidrogen ehtiyatlarının çıxarlımasına cəlb edilmiş xarici neft şirkətləri də investisiya layihələrinə uyğun olaraq yaxın 30 il müddətində fəaliyyətlərini intensiv rejim əsasında quracaqlar. Növbəti texnoloji çətin mərhələdə qalıq ehtiyatlarının çıxarılması bizim üzərimizə düşəcəkdir. Lakin bütün bunlardan əvvəl hazırkı quru sahələrdəki geoloji perspektiv ehtiyatlar və qalıq neftin çıxarılması strategiyasını işləmək tələb olunur.
Köhnə yataqlarda optimal istismarı təmin edən hasilat strategiyasının işlənməsində, fikrimizcə, aşağıdaki üç əsas cəhət nəzərə alınmalıdır.
    nəzarət paketinin dövlətin sərəncamınada qalması;
    aktiv istismarın orta müddətinin 50 il təyin edilməsi;
    bazar qiymətlərində əhatə olunaraq çıxarılan məhsulun əksəriyyətinin daxili istehlaka yönədilməsi.
Təsbit olunan prioritetlər fonunda yeni işlək strukturun formalaşması, istehsalın davamlı və dayanıqlı təminatı iqtisadi mühitin modernləşməsi problemi və hasilat strategiyasının reallaşma mexanizmlərini nəzərə almaqla proqnozlaşdırılan aspektdə müsbət nəticələr əldə etmək mümkündür.
Quru ərazilərdəki qalıq və perspektivli ehtiyatlar ümumi həcmdə yetərli potensialın mövcudluğunu əsaslandırır. Ən aşağı həddə burada 200 mln t çıxarıla bilən karbohidrogen ehtiyatların mövcudluğunun bütün parametrlərdə isbatını tapmışdır. Qeyd olunmalıdır ki, neft istehsalı ilə davamlı məşğul olan bir sıra ölkələrdə ehtiyat potensialı 200 min t-dan da aşağıdır. Azərbaycanın quru ərazilərindəki ehtiyatların orta pespektivlik göstəricisi isə 400-500 mln t şərti yanacağa bərabər tutulur. Lakin məlum olduğu kimi, daha nikbin proqnozlarda isə quru ərazilərdəki ehtiyatlar 700-800 mln t və hətta 1 mlrd t həcmində dəyərləndirir. Optimal istismar tempinin təyini üçün bu üç ehtiyat həcminin hər birinə istinad edilməlidir. Bu ehtiyat göstəricilərini orta həddi miqyasda ( yuvarlaq qiymətlərlə) aşağıdaki kimi təsnifləşdirilmək mümkündür.
I.    Minimal ehtiyatlar - 200 min t şərti yanacağa  ekvivalent
(165 min t neft, 35 mlrd m3 qaz).
II.    Orta proqnoz ehtiyatlar - 400 mln t şərti yanacağa ekvivalent
(330  mln t neft, 70 mlrd m3  qaz).
III.    Guman edilən maksimal ehtiyatlar - 800 mln t şərti yanacağa ekvivalent
(660 mln t neft , 140 mlrd m3 qaz).
Son 5-6 ildə quru sahələrdə  tərəddüd edən orta karbohidrogen hasilatını 1,5 mln t neft, 250 mlrd m3   təbii qaza bərabər qəbul etsək və bura əlavə olaraq 40%-li fəaliyyətsiz quyu fondunun məhsulvermə imkanlarını və perspektivli laylardakı proqnoz ehtiyatları qatmaqla hasilatın 2-3 dəfə artırılmasının mümkünlüyünü yəqin etmiş olarıq. Orta hesabıa hər il 4 mln t ümumi hasilat tempində istismar müddəti minimal ehtiyatlar  şəbəkəsində 50 il, orta proqnoz ehtiyatlarda isə 200 il davam edə bilər. Mövcüd potensialı son mümkün imkanda qiytmətləndirilməklə dünyanın özünün iqtisadi-texnoloji inkişaf ssenarisini, enerjidaşıyıcılar balansında meyilləri nəzərə alaraq daha strateji münasib istismar müddəti seçilmişdir.
Sadə hesablamalar göstərir ki, zaman baxımından bir qədər qeyri-real  olsa da, indiki hasilat templəri ilə quru ərazilərdə istismar növbəti əsrin ilk onilliyinə qədər davam edə bilər. Lakin qeyd etdiyimiz  amilləri nəzərə alaraq bu müddətin iki dəfə qısadılması, orta hesabla 70 il davam etməsi, fikirmizcə, daha ümidverici səmərəliliklə müşayiət olunar. Ehtimal ki, bu müddət ərzində enerjidaşıyıcılar bazarında neft-qaz resursları özünün dominant üstünlüyünü də nisbətən qoruyub saxlayacaqdır. Optimal müddətin hesablanmasında Azərbaycanın maddi-iqtisadi vəziyyəti, onun inkişaf səviyyəsi, yeni transformasiyalara iqtisadi hazırlıq, qalıq ehtiyatlarının çıxarılmasının texnoloji problemləri, dağ-mədən şəraitinin mürəkkəbliyi və habelə qlobal perspektivlər, inteqrasiya meyilləri, innovasiya tərəqqi amilləri də diqqətdən yayınmamalıdır. Burada mühüm olaraq daxili və xarici effektlər faktoru, kompleksin texniki-iqtisadi hazırlıq səviyyəsi və dəyişkənlik diapazonu, invesitisiya tələbləri, illik və dövri hasilat müddətlərinin təyinatı, mənfəətin hesablanması, riskin qiymətləndirilməsi də təhlil olunmalıdır. Mövcüd tədqiqat prosesində isə hesablanan istismar müddətinin təyinatı bütün sadalanan faktorların korrelyasiya optimal vəhdəti perspektivi nəzərdə tutur. Əlbəttə, istismar müddətinin müəyyən olunmasının alternativ variantları da istisna deyildir. Burada heç də birxətli  istiqamətdən və zərgər dəqiqlikli ölçüdən söhbət getmir. Hasilatın müddət bölgüsünün daha konkret təyinatını zamanın özü konyunktur vəziyyətlərlə şərtləndirərək korrektivlərini edəcək, strateji xəttdən mümkün yayınmalar isə taktiki gedişlərə tənzimlənəcəkdir.
Optimal istismar müddətinin təyininə təşəbbüs edilən təhlil obyektində ehtiyatlar potensialının orta göstəricidə - 400 mln. t. şərti yanacağın bərabər götürülməsinə seçim edilmişdir. Diqqəti cəlb edən neft-qaz ehtiyyatları parametrindən çıxış edərək bu göstəricini iki dəfə azaltmaqla nəzərdə tutulan minimal ehtiyatların orta istismar müddətini təyin etmiş olarıq. Ehtiyatların 400 mln. t şərti yanacaq ölçüsündə heç bir differensiasiya aparmadan neft üzrə orta illik hasilat tempi 4,7 mln. t, təbii qaz üzrə 2 mlrd. m3 alınır. Aydındır ki, elə ilk ildən bu səviyyəli hasilata nail olmaq mümkün deyildir. Digər tərəfdən, hasilatın uzunmüddətli sabit saxlanması da qeyri-realdır. Belə olan təqdirdə investisiya təminatını nəzərə almaqla dinamik və statistik gercəkliklərlə uyğun olaraq hasilat müddətinin mərhələlərlə, müvafiq istehsal templərinə bölmək zərurəti qarşıya çıxır. Bu layihələndirilmənin investisiya tələbinin müəyyən edilməsində qəbul olunmuş metodlara istinad edərək neftin qiyməti möhkəm və inflyasiyasız, xərclər nisbəti isə böyük parametrlərdə götürülməlidir. Bununla belə, biz konsaltinq, injinirinq, marketinq kimi ilkin zəruri işlərin və ümumilikdə layihələndirilmənin digər komponentləri ilə bağlı vaxt müddətini nəzərə alaraq yüksək investisiya qoyuluşlarının başlanğıc mərhələsi kimi 01.01.2005-ci ili şərti qəbul edirik. Müvafiq hesablamaların aparılmasını metodik baxımdan aşağıdakı düstur vasitəsilə yerinə yetirmək mümkündur.

H1=H2M

Burada        H1, H2  - uyğun olaraq kommulyativ və orta illik hasilat;
M - istismar müddətidir.

Düstur vasitəsilə aparılan hesablamalar əsasında quruda neftqazçıxarma kompleksində 2005-2075-ci illər üzrə hasilat tempi və istismar müddətini təyin  edən cədvəl tərtib olunmuşdur.
Neft üzrə beynəlxalq ekspertlərin rəyinə görə, dünya iqtisadi artımının sabitliyini saxlamaq və qlobal böhranları təcrid etmək məqsədilə yaxın 20 il ərzində neftin orta satış qiyməti 1 barel üçün 25 dollar (1 t. təxminən 157 dollardır), təbii qazın 1000 m3 -nin orta sabit həddə-80 dollarda saxlanması birgə səylərin səfərbərliyi ilə təmin oluancaqdır. Quruda neftqazçıxarma komplkesinin bazaryönümlü, səmərəli fəaliyyəti nəticəsində əldə ediləcək 2005-2020-ci illərdə 52,5 mln. t. neft, 12 mlrd. m3 qaz hasilatı proqnoz qiymətlərdə 9,2 mlrd. dollar məbləğində gəlirə bərabərdir. Baza üçün əsas götürülmüş bu rəqəmlərə istinad edərək müvafiq praktiki və nəzəri təlimatlara uyğun olaraq kiçik biznes-planın [8,9] da tərtibi mümkündür. İstehsal templəri və istismar müddəti üzrə daha dəqiq planın hazırlanmasını isə geniş strukturlu investisiya layihələri ilə bağlamaq olar.
Bu reallıqlardan çıxış edərək sadə metodik hesablamalar əsasında tərtib ediyimiz biznes-plan öz mövcüd standartlarından xeyli yığcam olacaqdır.

İllər

Müddət, il

Neft, mln t

Təbii qaz, m3

orta illik artım və eniş

(+ -) %

Orta illik hasilat

Kommul-yativ hasilat

orta illik artım və eniş

(+ -) %

Orta illik hasilat

Kommul-yativ hasilat

2005-2020

15

+10

3,5

52,5

+10-12

0,6

12000

2020-2040

20

Sabit

6

120

Sabit

1,4

28000

2040-2060

20

-2

5

100

-3-4

1,0

20000

2060-2075

15

-2-3

3,8

57,5

-5-6

0,7

10000

2005-2020-ci illərdə hasil ediləcək məhsulun kommulyativ həcminə görə 20% səmərəlilik səviyyəsini və mövcüd 28% mənfəət vergisi normasında istehsal xərclərini, mənfəət və xalis mənfəətin parametrlərini müəyyən etmək olar. İstehsal xərcləri və mənfəətin hesablanması üçün aşağıdaki düsturlardan istifadə etmək təklif olunur:

I=G/ (R+100)100,
M1=G-I,
M2=M1-(M1 x  M3)/ 100.

Burada        İ-istehsal xərcləri; M1, M2 - ümumi və xalis mənfəət, man.;
M3 -mənfəət vergisi, man.;
G - gəlirlər, man.;
R - səmərəlilikdir., %.

Aşağıda müvafiq düsturların köməyi ilə nəzərdə tutulan bazis qiymətlər əsasında hesablamalar aparılaraq 2005-2020-ci illərdə quruda neftqazçıxarma kompleksində proqnozlaışdırılan iqtisadi göstəricilər verilmişdir:

Hasilat:

Neft, mln t.                                                                                       52,5

Təbii qaz, mlrd m3.                                                                              12,0

 

Gəlirlər, mln $:

Cəmi:                                                                                                9202,5

o, cümlədən:

Neft                                                                                                 8242,5

Təbii qaz                                                                                           960,0

 

İstehsal xərcləri, mln $                                                                    7668,75

 

Mənfəət, mln $:

Ümumi                                                                                             1533,75

Xalis                                                                                                 1104,3

 

İstehsal xərclərində müvafiq olaraq 12-15% amortizasiya ayırmalarının da orta hesabıa 1 mlrd. dollar məbləği investisiya mənbəyi kimi qiymətləndirilməlidir. Məhz bu məbləğdən çıxış edərək  sahəyə yönəldiləcək uzunmüddətli kapital qoyuluşlarının həcmini müəyyənləşdirmək olar. Əldə olunacaq 1,1 mlrd dollarlıq xalis  mənfəətin 70-75%-i investisiya və subsidiyaların qarantı kimi onların qaytarılması amortizasiya fondunda toplanmış vəsait ilə növbəti mərhələnin stimullaşdırılmasına yönəlməsi səmərəli dövriyyəni təmin edəcəkdir.
Apardığımız hesablamalar bir daha nikbinlik verir ki, quruda neftqazçıxarma kompleksində böyük kapital qoyuluşlarını kompensasiya edəcək yetərli maliyyə konturları mövcüddur. Daha konkret olaraq məsrəflər bölgüsündə müvafiq layihənin səmərəliliyini 1,3-1,5 dəfə artırmaq da mümkündür. Bununla belə, yaddan çıxmamalıdır ki, hər iki riskli layihə mənfi aspektlərdən - fors-major hallarından tamamilə təcrid olunmamışdır. Ümumilikdə isə stabil və dayanıqlı inkişaf baxımından quruda neftqazçıxarma kompleksində istehsalın səmərəli davamiyyəti üçün əsaslar yetərincədir.

Ədəbiyyat siyahısı:

1.Мирзаджанзаде А.Х., Юсифзаде Х.Б. Современное состояние, прогнозная оценка уровней добычи в 1995-1997 гг. и экономическая целесообразность бурения новых скважин на морских месторождениях Азербайджана - Баку: Элм, 1995-238 с.

2.Фрагменты разработки морских, нефтегазовых месторождений/ А.Х.Мирзаджанзаде, Н.А.Алиев, Х.Б.Юсифзаде и др.- Баку: Элм, 1997-408 с.

3. Мирзаджанзаде А.Х., Султанов Ч.А. Этюды нефтяной коцепции Азербайджана. – Баку 1994.-С.17-18.

4. Мировая энергетика и переход к устойчивому развитию /Л.С. Бекаев, С.В. Марченко, С.П.Пинегин и др.- Новосибирск: Наука, 2000-679 с.

5.Гужновский Л.П., Казаков С.Е. Планирование добычи нефти и подготовка запасов. – М.: Недра, 1998.-188 с.

6.Hacızadə E.M. Azərbaycan təbii qaz potensialı: reallıqlar və virtual cizgilər.-Bakı:Elm, 2001-186 s.

7.http://www.race.ru,

8.Маниловский Р.Г. Бизнес-план: методические материалы. - М.: Финансы и статистика, 2000- 256 с.

9.Рабинович. Б.М. Экономическая оценка земельных ресурсов и эффективности инвестиции. - М.: филин, 1997-224 с.

 

Э.М.Гаджизаде

Определение эксплуатационного периода и оптимального производственного темпа в нефтегазодобывающем комплексе суши

РЕЗЮМЕ

Исследованы варианты определения оптимального производственного темпа и эксплуатационного периода, проведены соответствующие алгоритмические вычисления и получены результаты, содействующие формированию новой производственной стратегии. На основе анализа также выявлены дополнительные внутренние резервы стимулирования долгосрочного рентабельного производства, обусловлены перспективы рационального использования прибыльных амортизационных отчислений как устойчивые источники, гарантирующие инвестиции и субсидии.

E.M.Hajizadeh

Determination of operation period and optimum productivity in the onshore oil-gas production complex

Various options of determination of optimum operation period and productivity were investigated, calculations were carried out and obtained results allowed to develop a new production strategy. Based on analysis, additional inner reserves have been identified for long-term efficient production, ways of efficient use of profit depreciation deductions as stable sources of investing and subsidies have been established.


45.Quruda neftqazçıxarma kompleksində optimal hasilat tempinin və istismar müddətinin müəyyən edilməsi. Аzərbayсan neft təsərrüfatı. Bakı. № 8.2002. 0,5 ç.v.