gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / İQTİSADİ MODERNLƏŞMƏNİN NƏZƏRİ TƏFƏRRÜATLARI VƏ PRAKTİKİ TƏYİNATLARI

10.12.2011

AMEA İqtisadiyyat Institutu,

i.e.d., prof. E.M.Hacızadə

 

 

 

Fransız mənşəli istilah olaraq modernləşmə (modernisation) birbaşa tərcümədə yeni, müasir anlayışlarını təcəssüm etdirir. Semantik baxımdan istilahın məna diapazonu daha geniş və əhatəlidir. Ümumi texniki kontekstdə modernləşmə təkmilləşmə, yeniləşmə, yaxşılaşma, yeni tələb və normalara, texniki şərtlərə və keyfiyyət göstəricilərinə müvafiq olaraq obyektdə uyğunlaşdırma aparma kimi keyfiyyətləri ehtiva edir. Tarixi yanaşma çevrəsində isə modernləşmə ənənəvi cəmiyyətdən modern cəmiyyətə, aqrardan industriala keçidin makro prosesliyini özündə cəmləşdirir.

Modernləşmə prosesinin öyrənilməsi və izahı ilə «Modernləşmə nəzəriyyəsi» məşğul olur. Bu nəzəriyyəyə görə modernləşmə sənayeləşmə, sekulyarizasiya (dini təsirin azalması), urbanizasiya, ümumi təhsil sisteminin və siyasi hakimiyyət nümayəndəliyinin yaranması, məkan və sosial mobilliyin güclənməsi kimi proseslər məcmusunda «ənənəvi bağlı cəmiyyət»dən «müasir açıq cəmiyyət»ə keçid məsələlərində ifadəsini tapır.

Cəmiyyətin modernləşməsi qarşılıqlı rabitəli kompleks cəhətləri birləşdirir. Onun sisteminin struktur elementlərini iqtisadi, siyasi, sosial və mədəni modernləşmə təşkil edir. Bizim tədqiqat predmetimizin əsasında isə iqtisadi modernləşmə və onun nəzəri təfərrüatları və praktiki təyinatlarının müqayisəli təhlili dayanır.

Nəzəri müstəvidə iqtisadi modernləşmə əməyin differensiasiyasının artımı, istehsalın texniki yeniləşməsinin genişlənməsi, elmin iqtisadi gücə çevrilməsi və idarəetmənin səmərəli inkişafı əsasında təkraristehsal prosesinin intensivləşməsini göstərir. Onun tərkib elementlərini insan gücünün bütün sferalarda cansız enerji mənbələri ilə əvəzlənməsi, ənənəvi mühitdən iqtisadi fəaliyyətin ayrılması, əmək alətlərinin mütərəqqi maşın və mexanizmlərlə əvəz olunması, iqtisadi vəzifələrin və iqtisadi fəaliyyət klasterlərinin istehsal, bölgü və istehlak dairəsində artan ixtisaslaşması və sənayeləşmənin yüksələn innovasiya genişliyi birləşdirir.

Qloballaşmanın dərinləşdiyi, əhatə dairəsinin genişləndiyi müasir mərhələdə modernləşmə iqtisadi forma və təsisatların yaranış amili olaraq çıxış edir. O, milli və transmilli müstəvidə bazar münasibətlərinin təkmilləşməsinə rəvac verir, Elmi-Texniki İnqilabın vüsətlənməsində əks olunur. İqtisadi modernləşmə həmçinin, iqtisadiyyatın və istehsal texnologiyasının idarəetmə metodlarının təkmilləşməsində əhəmiyyətli rol oynayaraq, bürokratik maneələri təcrid edir, daha mükəmməl menecment sisteminin yaranışına təkan verir.

Modernləşmənin üzvi və qeyri-üzvi olan iki tipini fərqləndirirlər. İlkin - üzvi modernləşmə daxili mədəni-mental dünyagörüşünə əsaslanaraq bu istiqamətdə yenilkçi olan ölkələrdən başlanmışdır. Onun yaranaşını milli mərkəzi dövlətlərin, burjua münasibətlərinin, xüsusən də kapitalist kooperasiyasının təşəkkülü, ilkin modern millətlərin formalaşması ilə bağlayırlar. Üzvi modernləşmə yüksəlişı sənaye inqilablarından, irsi ənənəvi imtiyazların sıradan çıxmasından, bərabər vətəndaş hüquqlarının tətbiqindən, demokratikləşmə, milli suveren dövlətlərin yaranışından qaynaqlanır. İkinci - qeyri-üzvi modernləşmə isə daha çox inkişaf etmiş ölkələrin çağırışlarına və eyni zamanda, öncül yaranışların, innovasiyaların tətbiq təsirlərinə müqabil olaraq baş verir. Onun əsas mexanizmini imitasiya prosesləri təşkil edir.

Digər spektrdə modernləşmənin endogen - məxsusi əsaslardan reallaşan (Avropa, ABŞ və s.), ekzogen öz bazasından deyil, digərlərindən əvəzləməklə həyata keçirilən (imitasiya xüsuslu - əsasən keçmiş müstəmləkə və yarımmüstəmləkə ölkələri) və endo-ekzogen - qarışıq hər iki mənbədən (Rusiya, Türkiyə, Yunanıstan və s.) formalaşan tipləri də fərqləndirilir.

Modernləşmənin təşviqi tərəfləri ilə yanaşı, onun ziddiyyətli və tənqidi cəhətləri də qeyd edilməlidir. Belə ki, modernləşmə üstün olaraq vesternləşmə (Qərb dəyərlərinin yayılması) trayektoriyası ilə istiqamət tapır. Bu yol isə çox zaman xalqların köklü mədəniyyətlərinin dağılması ilə müşayiət olunur. Digər tərəfdən, modernləşmə Avropa mərkəzçiliyinin möhkəmlənməsinin stimullaşdırmasındakı rolu ilə də qınağa çəkilir.

Bütün bu meyillərə baxmayaraq, Azərbaycan Respublikasında da modernləşmədən dolğun bəhrələnməyə yetərli əsaslar və zərurətlər var. Qloballaşma kimi, modernləşmə də qaçılmaz bir prosesdir. Çox ölçülərdə isə onlar bir-biri ilə dolğun qarşılıqlı rabitədə və vahid orqanizm olaraq yanaşı irəliləməkdədirlər. Ona görə də, Azərbaycanın milli iqtisadiyyatında modernləşmə qətiyyətli olaraq balanslı şəkildə dəstəyini tapmalıdır. Qərbin metal uklada uyğun gəlməyən - «bu Qərbdə aprobasiyasını keçmişdir və çox mütərəqqidir» prinsipləri üzərində qurulan iqtisadi modellər geniş elmi-təhlil aparılmadan milli iqtisadiyyatda tətbiqini tapmamalıdır. Yalnız o endogen cəhətlər önə çəkilməlidir ki, onlar milli mənafelərə xələl gətirmədən ölkəmizin davamlı inkişafına uğurlu təminat verir.

Azərbaycanda iqtisadi modernləşmənin səmərəli və nizamlı aparılması və idarə edilməsi üçün isə neft amilindən qaynaqlanan və qaynaqlanmayan, nəticə etibarı ilə avtonom fəaliyyət göstərən sistemə qovuşan, üstün rəqabətqabiliyyətli yeni sənaye potensialının formalaşdırılması sürətləndirilməlidir. Bunun üçün aparılan sənaye siyasətinin institusional çevrəsi daha da genişləndirilməli, onun özünün modernləşməsi və yeni klasterli sistemdə qurulması vacib şərtli hesab edilməlidir.

 

 

152.İqtisadi modernləşmənin nəzəri təfərruatları və praktiki təyinatları. “Azərbaycanın milli iqtisadiyyatın modernləşməsi: mövcud vəziyyət və gələcək perspekltivlər”. Elmi-praktiki konfransının materialları. AMEA-nın İqtisadiyyat İnstitutu, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu. Bakı 2011. 0.1 ç.v.