Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / TÜRK DÜNYASI ÖLKƏLƏRİNİN ENERJI SEKTORUNDA MİLLİ SAHİBKARLIQ FƏALİYYƏTİNİN GENİŞLƏNDİRİLMƏSİ EFFEKTİVLİYİ
ADİU, Magistr Hazırlığı Mərkəzi. i.e.d. E.M.Hacızadə
Qloballaşan dünyanın müasir statistik mənzərəsi bazar sisteminə daxil olan ölkələrdə kiçik və orta sahibkarlığın getdikcə daha geniş yayılmasına üstünlük verməni canlandırır. Çağdaş zamanda iqtisadiyyatın ən çevik və mobil hissəsi olaraq kiçik biznes intibah dövrünü yaşayır. Burada məhsulun differensiasiyası və tez yeniləşməsi prosesi daha çevik ritm alır. Kiçik biznesin inkişafını şərtləndirən mühüm cəhətlərdən biri də onunla bağlıdır ki, müasir bazar sistemində heç bir dövlətdə iri istehsalçılar kiçik biznesə rəqib kəsilmirlər. O, çox asanlıqla yeni şəraitə adaptasiya olunur, müasir texnologiyaları mənimsəyir və riskdən çəkinməyərək yeni istehsal sahələri yaradaraq innovasiya işlənmələrinin fövqündə dayanır. Kiçik biznes müvafiq funksionallıqla enerji sektorunda da eyni missiyanı yerinə yetirir.
Enerji resursları ilə bol olan türk dünyası ölkələrində də, həm makro səviyyədə və həm də sahəvi aspektdə kiçik biznesə önəm verilməsi mühüm strateji əhəmiyyət daşıyır. Hesab olunur ki, milli iqtisadiyyatın yeni inkişaf mərhələsində enerji sektorunda biznes yükünün bir hissəsi kiçik və qismən də orta bizneslə paylaşılacaqdır. Müşahidə və araşdırmalar belə bir aydınlıq gətirir ki, türk dünyası ölkələrinin enerji sektorunda biznes işinin daha da fəallaşdırılması istiqamətində hələ də çeşidli fəaliyyət imkanları qalmaqdadır. Belə imkanlar isə daha çox bir sıra istehsal və xidmət obyektlərinin milli sahibkarların sərəncamına verilməsi kontekstində enerji sektorunda biznesin diversifikasiyasının genişləndirilməsi ilə əlaqələndirilir. Elə bu baxımdan da, türk dünyası ölkələrinin enerji sektorunda yeni inkişaf dalğasının dövlət investisiyaları deyil, milli sahibkar kapitalından qaynaqlanaraq irəliləyəcəyi nikbin əsaslar yaradır. Bu perspektiv xüsusən Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistana mənsub marginal yataqlarda istehsal artımının təmin edilməsi və səmərəliliyin yüksəldilməsi istiqamətində daha miqyaslı məhsuldarlığı ilə fərqlənəcəkdir (Hacızadə, Abdullayev, 2003, 254).
Neft sənayesinin acı təcrübəsi göstərir ki, atılmış quyularda çox geniş miqyaslı kapital qoyuluşları qalmaqdadır. Bu səbəbdən də belə mədən sahələrinə yaxın yaşayış məntəqələrində işsizlik artır. Problem Rusiya və ABŞ kimi ənənəvi neft sənayesinə malik ölkələrdə daha kəskinliyi ilə fərqlənir. Lakin Rusiyaya nisbətdə iki onillik öncə bu problem ABŞ-da həllini tapmışdır. Müvafiq problemə yanaşmanın Amerika variantı istənilən anoloji vəziyyətlərdə tətbiq effektivlidir. Burada təfərrüatlar belədir ki, ABŞ-da şaquli inteqrasiya olunan iri neft kompaniyaları ilə yanaşı müxtəlif qiymətləndirmədə 10 minə qədər müstəqil şirkətlər də uğurla fəaliyyət göstərirlər. Onların da əksəriyyəti gün ərzində bir neçə ton neft hasil edən çox kiçik şirkətlərdir. Bu şirkətlərin də mühüm hissəsi kontinentin içərisində çətin çıxarılan, aşagı rentabelli quyuların istismarına cəlb olunmuşlar. Son illər ərzində Alyaska istisna olmaqla ABŞ-ın kontinental zonasında heç bir yeni iri yataq aşkarlanmamışdır kı, buradakı hasilat artımına təsir edilmiş olsun (www.neftegaz.ru). Lakin ABŞ-ın kiçik innovasiyalı kompaniyalarının hesabına bu artım əhəmiyyətli dərəcədə köhnə yataqlar rayonunda həllini tapmışdır. Müqayisəli dərəcədə aztəminatlı sübut olunmuş ehtiyatlara malik ölkədə qiymətlərin vaxtaşırı dəyişməsi və dünya enerji böhranlarına baxmayaraq son 20 il ərzində neft hasilatı 10% aşağı enmişdir. Neft sənayesinin Amerika fenomeni kimi qiymətləndirilən bu görüntünün təməlində də innovasiya sahibkarlığına əsaslanan kişik sahəvi biznes uğuru dayanır (Мирзаджанзаде, Султанов 1994. 100). Statistik məlumatlar iri kompaniyalardan asılı olmayan bu kiçik müəssisələrdə ölkənin bütün kommulyativ neft hasilatının 40, təbii qazın isə 65 faizinin təmin edildiyini göstərir. Orta hesabla belə bir kompaniya hər il 4 yeni quyu qazır və 50-sini də istismar edir ki, onlardan da 25-i kiçik debitlilərə (sutkada 0,5 ton) aid olunur. Azdebitlilər isə kiçik neft kompaniyalarında ümumi neft hasilatının 60%-ni verir. Xüsusi ilə vurğulanmalıdır ki, ABŞ-da 600 min fəaliyyətdə olan quyulardan 450 mini azdebitlidir. Rusiyada isə neft holdinqləri ümumiyyətlə sutkalıq debiti 10 tondan az olan quyuları quru quyular qrupuna aid edirlər (beynəlxalq təcrübədə şərti olaraq azdebitlilik sutkada 7 ton hasilata bərabər tutulur). Bu gerçəkliyi isə Rusiyada neft siyasətinin tərkib hissəsi kimi qəbul etmək də olmaz. Belə ki, ayrı-ayrı neft zonalarında, xüsusən də ərazi inzibati bölgələrdə amerkansayağı neft təsərrüfatçılığı intişar tapır və inkişaf edir. Konkret olaraq Tatarıstanda respublika hökumətinin dəstəyi ilə müvafiq kiçik müəsissələrdə əsl neft bumu yaşanır və burada əhəmiyyətli dərəcədə hasilat artımı hiss edilir (www.neftegaz.ru). Müasir məqamda ABŞ-ın neft industriyasındakı müvafiq situasiya dərin bir istisna kimi qiymətləndirilməməlidir. Dövlət dəstəyinə istinad edərək ümumiyyətlə bütün inkişaf etmiş neft hasilatçısı ölkələrdə çıxarılan neftin 25-30%-ni kiçik kompaniyalar təmin edirlər. Bu uğurun birinci səbəbi odur ki, yalnız böyük olmayan müəssisələr, kiçik kompaniyalar hər bir quyuya eksklüzuv, fərdi qaydada yanaşmanı təmin edə bilərlər və bu da son nəticədə azdebitlilərin istismarını dolğun reallaşdıracaqdır. İkinci uğur səbəbi isə odur ki, kiçik kompaniyalar yenilikləri, innovasiyaları daha tez mənimsəyirlər. ABŞ-ın Elm fondunun məlumatlarına görə, ölkədə kiçik müəssisələrdə yeni yaranışların tətbiqinə çəkilən xarclər vahidi iri və orta müəsissələrdən əhəmiyyətli dərəcədə yüksəkdir. Bundan başqa kiçik kompaniyalar digərlərinə nisbətdə innovasiya sahəsində daha çox riskə gedir, yeni yaranışların mənimsənilməsinə görə iri və otra müəsissələri 3 dəfədən çox geridə qoyurlar (Джонстон 2003. 352, Спор о СРП. 2003. 228).
Neft tarixinin bütün mərhələlərində ehtişamı, resurs və istehsal potensialı, ümumilikdə qlobal iqtisadiyyata təsir effekti ilə fərqlənən dörd türk respublikası Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanın köhnə yataqlar kopmleksində də hazırda bir staqnasiya vəziyyəti yaşanmaqdadır. İndi bu dövlətlərin köhnə yataqlar siksiləsində mövcud quyu fondunun yalnız 30%-i istismardadır. İstismarı davam edən quyuların da mütləq əksəriyyəti çox kiçik debitli (orta hesabla 0,9-1,2 ton/sutka) quyular sırasındadır (Hacızadə 2002. 472, www.socar.gov.az). Digər tərəfdən çətin istismar olunan bu quyuların əksəriyyəti özünün yüksək qeyri-rentabelliyi ilə fərqlənir. Elə bu baxımdan da türk dünyası ölkələrinin neft sənayesinin köhnə yataqlar zonasında azdebitli quyuların istismarında Amerikan modelindən istifadənin məqsədəuyğunluğu əhəmiyyətini artırır. Burada müştərək müəssisələr yaratma strategiyasından fərqli olaraq milli sahibkarlara müvafiq iqtisadi və hüquqi güzəştlərin verilməsi ilə fəaliyyəti çətinləşmiş mədənlərin, quyuların yeni texnoloji əsasda işlənməsi və bərpasının gerçəkləşdirilməsi imkanlığı əldə olunur. Məqsədə nail olmaq üçün isə enerji sferasında lisenziya sisteminin və normativ-hüquqi bazasının genişləndirilməsi, sahəvi vergi siyasətindəki korrektələrlə müşayiət olunuan bazar seqmentli müasir konsessiya təyinatlı kontrakt formalarının tətbiqi zəruridir. Daha çox iqtisadi effektivlilik baxımından bu konsessiyalar üstün olaraq milli sahibkar kapitalına əsaslanmalıdır. Əslində bu strategiyada başqa variant da qalmır. İri xarici investorlar belə həcmli biznes əməliyyatlarını maliyyələşdirməkdə maraqlı deyillər. Kiçik xarici investorların isə ölkələrinin sərhədləri kənarında müvafiq biznes yaratmaq riskləri yüksəkdir və nadir təcrübələndiriləndir. Ona görə də, türk dünyası ölkələrinə mənsub köhnə yataqlarda azdebitli quyuların istismarında milli sahibkarlara genişliklə yer verilməli və bu istiqamətdə yeni institusional şərait formalaşdırılmalıdır. Detallara vardıqda isə qeyd olunmalıdır ki, burada yataq və mədən ərazinin sahələr nisbətində milli sahibkarlar tenderinə çıxarılması daha iqtisadi səmərəlidir. Bu ondan irəli gəlir ki, belə sahələr əsasən tam bir yataq, yataq hissəsi və lay olmaqla 5 və 10-dan - 30 və 50-yədək quyunu əhatə edir. Belə say və həcm isə 3-5 milyodan 30-50 milyon manatadək start sərmayəsi tələb edir ki, bunu da kiçik və qismən də orta biznes kapitalı kimi qiymətləndirmək olar. Təcrübə göstərir ki, burada investisiya repatriasiyası 5-6 ildən yüksək olmur. Hasilat artımı isə bu müddət ərzində ən aşağı tempdə 20-30% təmin edir. Aparılan təhlili araşdırmalar bir daha əsaslandırır ki, xalis milli sahibkar kapitalına əsaslanan bu strateji istiqamət geniş fəaliyyət zonasında yeni məzmunlu istehsal və xidmət şəbəkəsinin yaranışına gətirəcəkdir (Hacızadə 2002. 267).
Türk dünyası ölkələrinin neft-qaz kompleksində kiçik biznesin sərhədləri yalnız hasilat sferasını ilə məhdudlaşmamalıdır. Burada çıxarılan məhsulun xarici bazarlara çıxış imkanlığı, sövdələşmədə təsbit olunuan normativdən artıq neftin bir hisəssinin emal zavodlarına tollinq sövdələşmələri əsasında verilməsi və sahəvi loğistik təsisatlandırmalar kimi yeni effektli təminatlar da milli sahibkardan əsirgənməməlidir. Enerji sektorunda karbohidrogen məhsulu ilə bağlı biznes hələqəsində neft və qaz kimyasının inkişaf səmərəliliyi də ön plana çıxarılmalıdır. Bundan başqa enerji istehsalı, ötürülməsi və satışında da orta və kiçik biznes sahəsində fəaliyyətlərə üstün olaraq milli sahibkarlar cəlb edilməlidir. Bu məqsədlə türk dünyası ölkələrinin iri şəhərlərində enerjidaşiyıcıları ilə əlaqədar maksimum yığıma, daha səmərəli iş birliyinə nail olmaq, sahədə servis işini yüksəltmək üçün istismar və satış strukturlarının ayrı-ayrılıqda fəaliyyət göstərməsi zəminində də milli sahibkarların ixtiyarına verilməsi də mühüm gərəklidir. Enerji təhlükəsizliyi tələblərindən irəli gələrək magistral qaz kəmərləri, baş ötürücü, paylayıcı qurğular, əsas yarımstansiyalar dövlətin birbaşa nəzarətində qalmaqla, enerji daşıyıcılarının əhaliyə, orta istehsal və kommersiya qurumlarına çatdırılması fəaliyyətləri də özəl sektora keçirilə bilər. Enerji sektoru biznes diversifikasiyasında konsaltinq, injinirinq, texnoloji audit və digər xidmət və infrastruktur təyinatlı qurumlarının təsisatlandırılması istiqamətində də kiçik və orta biznes vektoru şaxələndirilməlidir. Bu tələb biznes diversifikasiyasının sürətləndirilməsi və onun institusional təminatlılığının artırılmasından irəli gəlir. Belə olan təqdirdə, bu sahəyə yönələn dövlət subsidiyaları təcrid edilər, enerji bazarında milli sahibkar kapitalına əsaslanan liberal iqtisadiyyatın tələblərinə uyğun rəqabətqbiliyyətli diversifikasiya olunmuş, özünütəşkil və özünüinkişaf prinsipli biznes qurumlarının fəaliyyəti ilə, müqabil tarif strategiyalı və yüksək servis imkanlı mühit formalaşar. Apardığımız araşdırmalar və təhlillər türk dünyası ölkələrinin enerji sektorunda biznesin diversifikasiyasının genişləndirilməsinin aşağıdakı effektlərlə müşayiət olunacağına dolğun yəqinlik verir:
instutisional dərinləşmə, bazar modernizasiyasının genişləndirilməsi, səhmdar əməkdaşlığın mobilləşməsi;
köhnə istismar sahələrində reabilitasiya prosesinin və marginal yataqlara investisiya qoyuluşlarının sürətləndirilməsi;
sahəvi infrastrukturun innovasiya təkmilliyinin artırılması, alternativ imkanlı, rəqabətqabiliyyətli servis mühitinin formalaşması;
karboridrogen məhsulu çeşidinin yüksəldilməsi və ölkənin ixrac qabiliyyətliliyinin artırılması;
məşğulluğun mülayimləşdirilməsi və büdcə daxilolmalarının möhkəmləndirilməsi.
Enerji sektorunda biznes fəaliyyətinin səmərəli təşkili daha çox iqtisadi modelin təkmilliyindən, dövlətin bazar yönümlü iqtisadi strategiyasının optimallığından və bununla bağlı əlverişli investisiya mühitinin təqdimatından asılı olacaqdır. Ona görə də, bu strategiyada sahibkar istetadı, bacarığı və kapital ilə yanaşı, həm də çox geniş çevrədə dövləti institusional dəstək həlledici amil olaraq çıxış edir.
ƏDƏBİYYAT
1.Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı. Elm. 2002. 472 s.
2.Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası. Bakı. Elm. 2003. 512 s.
3.Джонстон Д. Медждународный нефтяной бизнес: налоговые системы и соглашения о разделе продукции. М.: ЗАО «Олимп-Бизнес», 2003. 352 с.
4.Мирзаджанзаде А.Х., Султанов Ч.А. Этюды нефтяной концепции Азербайджана. Баку. Элм. 1994. 100 с.
5.Спор о СРП. (Под ред. А.А.Арбатова и А.А.Конопляника). М.: Олита, 2003. 228 с.
6.http://www.socar.gov.az. 7.http://www.neftegaz.ru.
130.Türk dünyası ölkələrinin enerji sektorunda milli sahibkarlıq fəaliyyətinin genişləndirilməsi effektivliyi. VII Türk dünyası: İqtisadiyyat, Elm və Mədəniyyət forumunun «İpək Yolu XXI əsrdə» mövzusunda beynalxalq konfransın materialları. Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı 4-5 dekabr 2009-cu il. Bakı. 2009. 0.3 ç.v.