gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / QLOBAL MALİYYƏ BÖHRANI VƏ İSLAM İQTİSADİ KONSEPSİYASI

22.12.2011

 ADIU, i.e.d., prof. E.M.Hacızadə

XÜLASƏ

Məqalə qlobal maliyyə böhranlarının dünya iqtisadiyyatının inkişafına təsirinə və dünya təsərrüfatında maliyyə-iqtisadi münasibətlərin sonrakı tənzimlənməsi problemlərinin tədqiqinə həsr olunur. Bundan çıxış edərək, 2008-ci ildə başlanmış qlobal maliyyə böhranı nümunəsində dünyada baş vermiş maliyyə-iqtisadi böhranların yaranma tarixi, səbəbləri, mahiyyəti və həmçinin onların həlli yollarının axtarışı araşdırılır. Göstərilir ki, qlobal maliyyə böhranlarının qarşısının alınmasında maliyyə tənzimlənməsinin konseptual prinsiplərinin transformasiyasının ən effektivli aləti təməlində İslam iqtisadiyyatı dayanır. Bu görüntünü aparılan sistemli təhlillə əsaslandıran müəlliflər yeni dünya maliyyə arxitekturasının formalaşmasında daha təkmil alternativ və perspektivli paradiqma olaraq İslam iqtisadi modelinin genişləndirilməsi və möhkəmləndirilməsi ideyasının gerçəkləşdirilməsini təklif edirlər.
Açar sözlər: dünya maliyyə böhranı, qlobal böhranlar, iqtisadi model, İslam iqtisadiyyatı, dünya maliyyə arxitekturası.

Глобальный финансовый кризис и концепция Исламской экономики

АННОТАЦИЯ

Статья посвящена проблеме воздействия глобальных финансовых кризисов на развитие мировой экономики и регулирования финансово-экономических отношений в мировом хозяйстве. Исходя из этого, на примере глобального финансового кризиса 2008-го года исследуются причины и историческая сущность возникших в мире финансово-экономических кризисов, а также предпосылок и возможных путей выхода из них. Указывается, что смысл самого эффективного инструмента противодействия глобальным кризисам состоит в трансформации концептуальных принципов финансового регулирования на фундаменте исламской экономики. Обосновывая это проведением системного анализа, авторы предлагают дальнейшее расширение и укрепление исламской экономической модели, как более совершенной альтернативы и перспективной парадигмой формирования и построения  новой мировой финансовой архитектуры.
Ключевые слова: мировой финансовый кризис, глобальные кризисы, экономическая модель, исламская экономика, мировая финансовая архитектура.

Global financial crisis and the conception of Islamic economy

ABSTRACT

The scientific article is devoted problems to influence of global financial crises on development to economic and the further regulation of financial and economic relations in the world economy. Proceeding from this on similarity started global financial crisis of 2008 it is investigated the reasons and essence historical arisen in the world of financial and economic crises, and also preconditions and probable ways of an output from these processes and the phenomena. It is underlined, that the most effective tool counteraction of global crises will consist in transformation of conceptual principles of financial regulation on Islamic the base to economy. I shall prove it carrying out of the system analysis authors offers expansion and strengthening Islamic economic model, as more perfect alternative and perspective a paradigm a structure and formation of new world financial architecture.
Key words: world financial crisis, global crises, economic model, Islamic economy, world financial architecture.


Giriş
Böhranlı vəziyyətdə çox qalmaq olmaz. Onun sürəkliliyi deqradasiyaya zəmin olur. Lakin bununla belə, deqradasiya gerçəkliyindən asılı olmayaraq böhranlar devrim yaratmaqları ilə yeni mərhələnin açılışına rəvac verirlər. İqtisadi sferada da bu, əksərən belədir. Sual yaranır. Onda böhranlar gərəkli bir şey. O, köhnəni dağıdır, yenisini yaradır. Bəs pis olan nə? Onsuz keçinmək olurmu? Pis olan insanın sosial-iqtisadi həyatı ilə bağlıdır. Aparıcı dövlətlərin, birtərəfli qurulan qlobal iqtisadi sistemlərın başqalarını yetərli hesaba almadan, qeyri-səmərəli idarəçilik, proteksionizm, inhisarçılıq, gəlirlərin bərabər olmayan bölgüsü ilə yaranışına yol açdığı belə fəsadlar yüz milyonlarla insanın yaşam tərzi və rifah halında kəskinliyi ilə təcəssüm olunur. Belə vəziyyət hər 10-15 ildən bir tsiklik baş verdikdə və 3-5 il, bəzən daha uzunmüddətli davam etdikdə isə, onun sosial nəticələri daha sərt olur.
İstər ailə təsərrüfatı, istərsə də dövlət, region və qlobal iqtisadi çevrədə böhran yaşantısı ağır bir təzad. Çətinlik isə onun gözlənilməzliyi, sürəkliliyi və yaratdığı müdhiş nəticəlik hədləri ilə bağlıdır. Bu gün dünya iqtisadiyyatında hakim olan bazar təsisatlı iqtisadi modellər bütün səviyyələrdə yaşanan böhranlara çıxaran yolların qarşısını almaqda kəsərsiz. İqtisadiyyatı sistem boyu böhrana yol vermədən nəzarətdə saxlamaq, səmərəli idarə etmək və tənzimlənmək imkanının dolğun olmaması həmin modellərin struktur qeyri-mükəmməliyindən irəli gələn hal. İndi daha geniş çevrədə dərk olunur ki, xristian-yəhudi məfkurəsindən qaynaqlanan bazar iqtisadi modelləri nə qədər təkmilləşməyə məruz qalsalar da, yetərli ədalətli gəlirlər bölgüsünü və real sosial paritetliyi dolğun təmin etmək iqtidarında deyillər [11, 15, 19]. Onların böhran xarakterli olması isə ziddiyyətliliyi daha da dərinləşdirir. 2008-ci ilidə baş vermiş sonuncu qlobal böhranın yaratdığı sosial-iqtisadi vəziyyətlər də həmin məlum təzadlıqları yenidən bəyan edir. Bu böhran həm də miqyaslılığı və qlobal iqtisadi sistemin mükəmməliyini yenidən şübhə altına alması ilə dünyanın yeni maliyyə arxitekturasının qurulmasına zəruri ehtiyacın yarandığına qəti bir çağırış verir.
Yeni maliyyə arxitekturası yenədəmi «Bretton-Vuds» sistemi prinsiplərinə əsaslanacaqdır, yoxsa burada köhnə iqtisadi modelin əvəzlənməsi strategiyasına seçim ediləcəkdir [7, 17]. Bu günkü mövcud reallıqların təhlili onu əsaslandırmağa imkan verir ki, dünya iqtisadiyyatı hələ bir neçə böhran tsikli ilə bazar prinsipləri əsasında irəliləyəcəkdir. Bununla yanaşı, bazar iqtisadi sisteminin əvəzlənməsi prosesi də sürətlənəcəkdir. Əvəzlənmənin alternativləri sırasında isə İslam iqtisadi modelinin tətbiqi daha geniş miqyas alacaqdır. Həlli elmi baxımdan da əhəmiyyət və aktuallıq kəsb edən bu məsələlər bizim tədqiqat araşdırmamızın predmetini təşkil edir. Bundan irəli gələrək, məqalədə qlobal maliyyə böhranlarının dünya iqtisadiyyatının inkişafına təsiri və dünya təsərrüfatında maliyyə-iqtisadi münasibətlərin sonrakı tənzimlənməsi problemlərinin tədqiqi məqsəd olaraq qarşıya qoyulur. Problem təyinat situasiyalı və sistemli yanaşma aspektində 2008-ci ildə başlanmış qlobal maliyyə böhranı nümunəsində dünyada baş vermiş böhranların yaranma tarixi, səbəbləri, mahiyyəti, həlli yollarının axtarışı, bu istiqamətdə alternativlərdən biri kimi, İslam iqtisadiyyatı konsepsiyasının elmi konstatasiyasının verilməsi və onun yeni dünya maliyyə arxitekturasının formalaşmasında mühüm konsensus olacağı perspektivliyinin əsaslandırılması strukturunda müqayisəli təhlil metodikası ilə tədqiq edilir. Tədqiqatın nəticələri bu istiqamətdə mövcud nəzəri biliklərin zənginləşməsi və dolğunlaşması perspektivliyinə hesablanır.

İqtisadi sferada baş verən qlobal böhranlar və onların təsir aspektləri
İqtisadi sferada baş verən qlobal böhranların retrospektiv təhlili onların xarakterik xüsusiyyətlərinin təyinatının verilməsini tələb edir. Ona görə də, öncədən böhran növlərini bir-birindən ayırmaq gərəkdir.
İqtisadiyyatda böhranlar səviyyə və dərəcəsindən asılı olaraq depressiya, resessiya, staqnasiya, yavaşıma formalarında təzahür edir. Qlobal miqyasda isə onlar əsasən iqtisadi, maliyyə, maliyyə-iqtisadi xarakterli olurlar. İqtisadi xarakterli böhran iqtisadiyyatın kəskin pisləşməsi, istehsalın enişi, dayanıqlığının itirilməsi, tələb və təklif tarazlığının pozulması, kütləvi iflaslar, işsizliyin artması, həyat səviyyəsinin aşağı düşməsi ilə müşayiət olunur. Maliyyə böhranları isə dövlət maliyyə, pul sistemini əhatə edərək büdcə gəlirləri və xərcləri arasında yaranan kəskin uyğunsuzluqla xarakterik olur ki, bu da valyuta kursunun enməsi, iqtisadi subyektlərin qarşılıqlı ödəniş stabilliyinin pozulması, inflyasiyanın yaranışına və digər bu kimi mənfi hallara gətirir. Təcrübə göstərir ki, hansı sferada yaranmasından asılı olmayaraq böhran halı sərtləşdikdə, o, genişlənərək maliyyə-iqtisadi xarakter alır. İqtisadiyyatın inteqrasiyası fonunda baş verən böhranlar isə qarşılıqlı əlaqəlilik səviyyəsindən asılılıqda «domino prinsipi»ndə olduğu kimi hamını aşırır [6, 7, 13].
Dünya iqtisadiyyatının min illik tarixinə nəzər yetirdikdə ayrı-ayrı ölkələrdə iqtisadi böhranların yaşandığını görərik. Lakin onların regional və dünyəvi xarakter alması mərhələsi isə son iki yüz ili əhatə edir. İqtisadi nəzəriyyədə qlobal böhranlar mərhələsinin 1825-ci ildə Böyük Britaniyada baş vermış böhrandan başlanğıc aldığı göstərilir. Böyük Britaniyadan Latın Amerikasına axan maliyyə kapitalının artması XIX əsrin 20-ci illərinin əvvəllərində burada bir neçə ölkənin müstəqillik qazanmasına səbəb olmuşdu. Müstəqilliyin əldə edilməsi qızıl və gümüş mədənlərinin maliyyələşdirilməsini bir qədər də genişləndirmiş və yaranan ixrac gərginliyi ilə birlikdə dövlət borcunun atmasına səbəb olmuşdur. Belə situasiyada özü-özlüyündə iqtisadiyyatların birlikdə böhran mərhələsinə keçməsinə rəvac vermişdir. 1836-1838-ci illərdə baş vermiş iqtisadi böhran dalğası da Böyük Britaniya, ABŞ və bir qədər də Fransanı əhatə etməklə qlobal xarakterli olmuşdur. İngilis bankının qızıl ehtiyatlarının azalmasına rəğmən uçot stavkalarının yüksəlməsi və eyni zamanda ABŞ-ın pambıq plantasiyalarında artım meyilləri ilə ölkəyə artan xarici kapital axını böhrana səbəb olmuşdur. Bununla da, İngiltərənin fond bazarı süqut etmiş və bank paniki ABŞ-a keçerək buradakı bir sıra pambıq layihələrinin reallaşmasına mane olmuş və ölkənin hesab-ödəniş sistemini sarsıtmışdır. 1847-ci il iqtisadi böhranı isə ABŞ-da əhatə etməklə demək olar kı, bütün Avropaya yayılmışdır. Bu böhran əhatə dairəsinə görə ümumdünya kateqoriyasına yaxın bilinən ilk iqtisadi böhran kimi tarixdə yer almışdır. 1857-ci ildə Avroatlantik məkanı daha bir böhran bürümüşdür. Ona Amerikanın dəmiryolu kompaniyalarında kütləvı iflas və bununla da səhmlər bazarında yaranan çaxnaşmalar səbəb olmuşdur. Nəticədə fond bazarı və bank sistemi sarsılmış və bu sarsıntı İngiltərəyə keçərək, oradan bütün Avropaya və hətta Latın Amerikası ölkələrinə belə yayılmışdır. Böhran zamanı ABŞ-da pambıq istehlakı 27%, Fransada 13% azalmış, Böyük Britaniyada gəmiqayırma sənayesində istehsal 26% aşağı enmişdir. Bu böhrandan çuqun istehsalı daha çox ziyana məruz qalmışdılr. Belə ki, böhran nəticəsində ABŞ-da çuqun istehsalı 20%, Fransada 13%, Rusiyada 17% azalmışdır. 1866-cı ildə baş verən böhran nisbi kiçik areallı olsa da, kəskinliyi ilə daha çox Böyük Britaniya iqtisadiyyatına zərər vurmuşdur [6, 8, 16].
Növbəti böhran 1873-cü Avstriya və Almaniyada yaranmış, Böyük Britaniyanı da ağuşuna alaraq 1878-ci ilə qədər davam etməklə tarixdə ilk ən sürəkli və miqyaslı qlobal maliyyə böhranı kimi qeyd olunmuşdur. Böhranın səbəbləri sırasında İngiltərə tərəfindən stimullaşdırılaraq Latın Amerikasında kredit bazarında sürətlə genişlənən canlanma və Almaniya və Avstriya daşınmaz əmlak bazarında spekulyativ yüksəliş dayanır. Belə vəziyyət isə Vyana, Syurix və Amsterdam fond bazarlarının süqutlarına gətirərək ABŞ-da bank həyəcanı, Nyu-York fond birjasındakı səhmlərin qiymətlərinin kəskin aşağı düşməsinə səbəb olmuşdur. 1882-ci ildə baş verən iqtisadi böhran üstün olaraq ABŞ və Fransanı, bundan 8 il sonra - 1890-cı ildə baş verən isə daha genişliklə Almaniya, ABŞ və Fransanı əhatə etmişdir. 1900-1903-cü illərdə tuğyan edən böhran isə kapitalizmdən azad rəqabətə keçid - imperializm epoxasının ilk iqtisadi böhranı kimi yadda qalmışdır. Böhrandan xüsusi olaraq ABŞ və Almaniya, nisbətən az isə Böyük Britaniya və Fransa zərər çəkmişlər. Bu ərəfədə Rusiya imperiyasında da iqtisadi durum çətin xarakterizə olunmuşdur [6, 7].
1914-cü ildə I dünya müharibəsinin başlanması da ABŞ, Böyük Britaniya, Almaniya və Fransa hökumətlərinin xarici emitent kağızlarının hərbi əməliyyatları maliyyələşdirmək məqsədi ilə kütləvi satışa çıxarması beynəlxalq maliyyə böhranı yaratmışdır. Diğərlərindən fərqli olaraq bu böhran mərkəzdən əyalətlərə yayılma ilə xarakterik idi. Növbəti qlobal iqtisadi böhran 1920-1922-ci illərdə müharibədən sonra deflyasiya - milli valyutanın alıcılıq qabiliyyətinin artması və resessiya - istehsalın aşağı düşməısi ilə başlanmışdı. Onun təsiri ilə Danimarka, İtaliya, Finlandiya, Niderland, Norveç, ABŞ və Böyük Britaniyadakı bank və valyuta sistemi də böhranlı vəziyyətə düşmüşdür. «Böyük depressiya» adlanan, 1929-cu ilin 24 oktyabrında Nyu-York fond birjasında səhmlərin kəskin aşağı düşməsi hadisəsi ilə başlanan böhran dünya tarixinin ən müdhiş qlobal böhranı hesab edilir. Böhran 1933-cü ilə qədər davam etmiş və onun nəticəsində ABŞ-da sənaye istehsalı 46%, Almaniyada 41%, Fransada 32%, Böyük Britaniyada 24% aşağı düşmüş və 32 inkişaf etmiş ölkələrdə işsizlərin sayı 30 milyona qalxmışdır. Dünya iqtisadiyyatı II Cahan müharibəsi əhatəsində də əziyyətli məqamlarını yaşamışdır. Müharibə saysız iqtisadiyyatları viran qoysa da qələbə üçün bütün mümkün məntəqələrdə istehsal davam etmiş, inkişaf meyilləri yaşanmışdır. Ona görə də iqtisadiyyat tarixində II Cahan müharibəsinə əlahiddə bir mövzu olaraq baxılır [7].
II Cahan müharibəsindən sonra ABŞ, Böyük Britaniya, Kanada, Belçika, Niderland və digər kapitalist ölkələrini əhatə edən növbəti qlobal iqtisadi böhran 1957-58-cı ilə təsadüf etmişdir. Onun nəticəsində inkişaf etmiş ölkələrdə sənaye istehsalı 4% geriləmiş, işsizlərin sayı 10 milyon nəfərə çatmışdır. 1973-cü ilin sonunda ABŞ-da baş vermiş iqtisadi böhran özünün əhatə dairəsi, davamlılığı, dərinliyi və dağıdıcı gücü ilə 1929-1933-cü illər böhranına daha yaxın idi. O, Misir və Suriyanın İsraillə müharibəsi nəticəsində baş vermiş enerji böhranından qaynaqlanmışdır. OPEK ölkələrinin neftin qiymətlərini 5 dəfə artırması dünya pulu rolunu oynayan dolların devalvasiyasına zəmin yaradaraq ABŞ-ın kredit-bank sistemini iflaslar dalğasına bürümüşdür. Böhran yaşantısının bütün dövrü ərzində sənaye istehsalı ABŞ-da 13%, Yaponiyada 20%, Böyük Britaniyada 10%, Fransada 13%, İtaliyada 14%, Almaniya Federativ Respublikasında 22% azalmışdır. Bu çox dərin fəsadlı böhrandan heç 5 il keçməmiş ABŞ iqtisadiyyatı yenidən iqtisadi böhran məngənəsinə keçmışdır. Yeni 5 illik fasilədən sonra 1987-ci ildə daha bir qlobal böhran yaşanmışdır. Bu böhran sənaye enişlərindən asılı olmayan unikal maliyyə - birja böhranı kimi də səciyyələndirilmişdir. 1990-91-ci illərdə ABŞ-da yaranaraq Kanada, İngiltərə və Yaponiyaya keçid edən böhran isə resessiya xarakterli olaraq yenidən valyuta-maliyyə problemlərinin kəskinləşməsi ilə nəticələnmişdir. 1994-95-ci illərdə Meksika yaranmış böhranda qlobal səciyyə daşımış və bir çox ölkələri özünün əhatə dairəsinə salmışdır. 1997-ci ildə investorların Çənub-Şərqi Asiya ölkələrindən gedişi baş vermiş Asiya böhranı isə yaxın tarixin miqyaslı böhranları sırasındadır. Onun nəticəsində dünya ÜDM-ni 2 trilyon dollar azaldmışdır. Asiya böhranı ilə yanaşı 1997-ci ildə Rusiyada da iqtisadi böhran tuğyan etmişdir. Bu böhran müasir Rusiya tarixində ən ağır fəsadlı iqtisadi böhranlardan biri olmuşdur [4, 7, 9, 14, 15].
Müasir qlobal iqtisadi böhranlar tarixini 2008-2009-cu illər böhranı qapayır. Beləliklə, statistika son iki yüz ildə dünyada 20-yə yaxın qlobal böhran baş verdiyini göstərir [16]. Bu isə o deməkdir ki, bazar iqtisadiyyatı orta hesabla hər 10 ildən bir qlobal sarsıntı yaşatmışdır. Onların orta hesablı 3-4 illik yaşam mərhələsi isə onu göstərir ki, son iki yüz ildə bəşəriyyət həyatının 60-80 ilini - 1/3 hissəsindən çoxunu böhran vəziyyətində keçirmişdir. İndi də bu proses davam edir.

Qloballaşan iqtisadiyyat erasının ilk maliyyə böhranı: səbəblər və meyillər
İqtisadiyyatın qloballaşan erasının ilk maliyyə böhranı kimi səciyyələndirilən yaşadığımız indiki maliyyə kateqoriyalı qlobal böhran özünün təsir effekti ilə daha fərqli görünür. O, siyasi, iqtisadi sistem quruluş fərqinə varmadan, demək olar ki, bütün dünya ölkələrinə siyarət etmişdir.
ABŞ iqtisadiyyatının ipoteka sektorunda investorların məsuliyyətsiz davranışı nəticəsində yaranmış disbalans 2008-ci ildə böhran yaradaraq bütün dünya iqtisadiyyatına yol açdı. Geniş mənada yaşanan qlobal maliyyə böhranı sekyuritizasiyanın - qiymətli kagızlar bazarının genişlənməsi, onun substandart ipoteka kreditlərini əhatəsinə alması hadisəsindən irəli gəlmişdir. Belə ki, son zamanlar bu sektorda real aktivlər kimi alınıb satılan bir sıra opsion və fyuçerslərin ümumi real aktivlərlə bağlılığı o qədər də ciddi əsasda olmamışdır. Onların əksər hissəsi əslində borc öhdəlikli maliyyə aktiviləri kimi çıxış etmışlər.
Böhranı yaradan digər bir səbəb isə ABŞ-da dollarının emissiyası ilə bağlanılır. Belə ki, dünya ÜDM-nin 20%-i yaradılan ölkədə əmtəə və xidmətlər istehlak olunandan 2 dəfə az istehsal edillmişdir. Bu isə o deməkdir ki, son zamanlar ABŞ dolları praktiki olaraq heç nə ilə təmin edilməmişdir. Digər bir oxşar fikrə görə isə böhran bir neçə amilin uzlaşması nəticəsində baş vermışdir. Bunlardan birincisi nəhəng riskləri uçotdan kənar edən aşağı səviyyəli tənzimləmədən qaynaqlanmışdır. İkincisi isə son illərdə maliyyə əməliyyatlarının miqyası ilə aktivlərin fundamental dəyəri və artan kredit tələbləri ilə onların ödəmə mənbələri arasında yaranan kəskin fərqlərlə bağlı olmuşdur. Burada həmçinin bir mərkəzin praktiki olaraq məhdudiyyətsiz və nəzarətsiz pul çapı ilə nemetlər istehlak etməsi, digərinin isə bahalı olmayan əmtəələr istehsalı ilə digər dövlət tərəfindən buraxılan pulları yığıb saxlaması da təsirli rol oynamışdır. Lakin bütün bunlar görünən tərəf. Bəs hadisənin dərinliyində nələr dayanır? Əksər ekspertlər birmənalı olaraq bunu «Bretton-Vuds» sisteminin özünün böhranlılığı ilə bağlayırlar. Belə ki, hazırda qlobal iqtisadiyyatın əksər davranış qaydalarını bu sistemin təsisatları, xüsusən də, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Valyuta Fondu (BVF) şərtləndirirlər [16].
Səbəb fərqini kiçiltmədən indi bu müdhiş reallıqdan çıxışın yolları aranmalıdır. İlk tədbirləri ABŞ dövləti görmüşdür. O, bir sıra şirkətlərə güzəştli kreditlər vermək, digərlərini dövlət inhisarına keçirməklə prosesin lokallaşmasına nail olmuşdur. Bununla yanaşı, eyni vəziyyətə düşmüş bir sıra ölkələrdə də mühüm tədbirlər görülmşdür. Daha mühüm tədbirlərin həyata keçirilməsi isə böyük iyirmilik - G20 ölkələri üzərinə düşmüşdür. Böhranla əlaqədar ilk sammitini keçirən dövlətlər beynəlxalq maliyyə institutlarının reformasiyası, yeni arbitraj institutlarının yaradılması, qlobal iqtisadi siyasətdə birgə fəaliyyət, müasir maliyyə texnologiyalarına əsaslanaraq riskləri maksimal şəffaf idarə etmək, müxtəlif ölkələrin nüfuzlu iqtisadçılarından ibarət maliyyə məşvərəti yaratmaq kimi təsisatlandırmaların aparılması ideyaları ilə çıxış etmişlər. Növbəti toplantıda da bu ideyalar yeni reallıqlarla zənginləşdirilmişdir. Hadisə ilə bağlı indi ümdə olan fikir ondan ibarətdir ki, mükəmməl maliyyə arxitekturasının qurulması üçün dünya iqtisadiyyatında daha konsolidə olunmuş idarəetmə və tənzimləmə sistemi yaradılmalı və müvafiq «nəzarət orqanları» təsis olunmalıdır. Lakin, problemin həlli bütün yanaşmalar çevrəsində yenə də, ABŞ-ın liderlik iddiasında olduğu yeni «Bretton-Vuds» tipli strukturların yaranışlarına əsaslanacaqdır. Digər tərəfdən, dünya iqtisadiyyatının yeni qlobal oyunçusu Çinin də təsir imkanlığı yaddan çıraılmamalıdır. Belə ki, 2020-ci ilədək ÜDM-i 4 dəfə artırmaq məqsədini qarşıya qoymaqla, Çin həm də yaxın 50 ildə dünya iqtisadiyyatının aparıcı və onu idarə edəcək bir ölkə olacağı şansındadır [4]. Belə perspektiv isə ona dünyanın maliyyə sistemini də nəzarətə götürmək imkanı verir. Lakin bütün bu meyillərlə yanaşı dünyada İslam iqtisadiyyatı da öz təsisatlarını genişləndirir, yeni-yeni ölkələr fəth edir. Bu sferada olan çoxsaylı materialların təhlili göstərir ki, dünyanın yeni maliyyə arxitekturasının qurulmasında İslam iqtisadiyyatı dominantlığı ələ almaqdadır.

İslamın iqtisadi sistemi və yeni qlobal maliyyə arxitekturası
İqtisadi inkişafın tarixi göstərir ki, hər bir sivilizasiya mərhələsinin iqtisadi əsasını mədəni, dini ənənələrdən qaynaqlanan kapital tipi təmin edir. Belə ki, ticarətin inkişafı üçün vacib olan kapital əməliyyatları - pullardan istifadə etdiklərinə görə digər din daşıyıcılarından alınan faizlər, iudey faiz kapitalının yaranışına səbəb olmuşdur. İndustrial mərhələ isə xristian etikası tələbləri əsasında öz sələfini heç də tam inkar etməyən sənaye protestant kapitalı yaranmışdır. Bunlardan fərqli olaraq İslam təsərrüfat etikası sosial paylaşma və hamıya mümkün differensial yetişən kapitalı üzərində qurulmuşdur. Bu gerçəkliyə baxmayaraq bir sıra Qərb tədqiqatçıları göstərirlər ki, konfessial iqtisadiyyat mümkünatsız bir şey. Məhz buna görə də əlahiddə İslam iqtisadiyyatı da mövcud deyil. İslam tipli iqtisadiyyatlarda da bazis olaraq ümumi ənənəvi iqtisadi qanunlar başlıca rol oynayırlar. Fərqilik isə yalnız olaraq etika aspektindədir. Bir sıra fundamental amillər və arqumentlər var ki, bu fikri köklü heçə endirir. Əvvəla, tarixi faktlar göstərir ki, bütün sivilizasiyalaşan makro təsərrüfat sistemlərinin yaranışında konfessial amil önəm daşımışdır. Hətta ev təsərrüfatları səviyyəsində belə bütün oxşarlıqlara baxmayaraq, köklü fərqliliklər daim mövcud olmuşdur. Bu gün də yaşadıqları coğrafiyadan asılı olmayaraq insanların təsərrüfat alətləri, məişət cihazlarında köklü fərqlilik yoxdur. Amma yanaşma, davranış və iqtisadi münasibətlər çevrəsində onlardan istifadə müxtəlifliyi də olur [3].
İslama dini inancın bölünməzliyi və sosial qaydalılıq xarakterikdir. Bu məqam isə öz növbəsində mövcud Qərb iqtisadi modellərinin adekvat istifadəsini imkansız edir. İslam iqtisadiyyatı modeli «Qurani Kərim»də əsasını tapan prinsiplərdən qaynaqlanır [1]. İqtisadi münasibətlərin qətiyyətli və dayanıqlı tənzimlənməsi İslam qanunvericiliyinin mühüm əlamətdar cəhətlərindən biridir. Burada insan Allaha məxsus təbii resurslardan müvəqqəti sahibi, istifadəçisi və istehlakçısı kimi çıxış edir. Sosial-iqtisadi prosesləri nəzarətdə saxlayan dövlət isə təbii sərvətlərin satışından əldə edilən gəlirləri öz vətəndaşları arasında bərabər bölür. Ticarət azad, inhisar və təsadüfi situasiyadan gəlir əldə etmə qadağalıdır. İslam iqtisadiyyatının fundamental fərqləndirici mühüm cəhətlərindən birini də faizsiz maliyyə sisteminə maliklik canlandırır. Qurani Kərimdə buyrulur ki, bütün müsəlmanlar qardaşdırlar. Buna görə də, onlar arasında istismar ola bilməz. Faiz isə birbaşa istismardır. Onun tətbiqi ilə insanların likvid vəsaitləri əlindən alınır, onların əmlakı mənimsənilir [2, 3].
İslam iqtisadiyyatı ilə İslam maliyyəsinin də qırılmaz vəhdəti vardır. Zəkat və ianə sisteminə əsaslanan İslam maliyyəsi «əməklə əldə olunan mülkiyyət» ideyasını irəli sürməklə dövlət, kooperativ və xüsüsi bölmənin balanslaşdırılmış qarşılıqlı fəaliyyət sistemi üzərində pərvəriş tapır. Bu maliyyə konsepsiyasında ənənəvi müsəlman vergiləri İslam iqtisadi sisteminin bir hissəsi elan olunur. İlk cərgəyə kapitalı deyil, sahibkar keyfiyyətini çıxaran İslam maliyyə-iqtisadi sistemi layihənin reallaşması zamanı mümkün zərərləri investorun üzərinə qoyaraq mənfəətin biznes tərəfdaşları arasında keyfiyyət müstəvisində bölüşdürür. Bu prinsipiallıq İslamın gözlənilməz riskə davam verən asimmetrik informasiyaya qadağa qoymasına əsaslanır. Lakin bununla belə, o riski heç də mühakimə etmir [5, 10, 18].
İslama sosialist sisteminin eqalitarizmi də yaddır. Burada fərdin işgüzar uğuru dəstəklənir və mükafatlandırılır. İslam maliyyəsi və onun konfessial bank sistemi də məhz bu cəhəti ilə də üstün fərqlənir. İqtisadi sferada ədalət prinsiplərini uca tutan İslam biznesinin təşkili formaca müştərək sahibkar partnyorluğa istinad edir. Bu çevrədə İslam bank sistemi aparıcı mövqedə dayanaraq biznes işinə və səmərəli sahibkar fəaliyyətə tənzim verir.
Müasir zamanda nəzəri bir konstruksiya kimi yanaşılan İslam iqtisadiyyatı bir sıra müsəlman dövlətlərinin iqtisadi modellərində də əksini taparaq möhrəmlənməkdədir. Onun müasir iqtisadi konsepsiyasının əsasları XX əsrin ikinci yarısında təşəkkül tapmış və həmin illərdən başlayaraq bu prinsiplər əsasında işləyən ilk tipik banklar da formalaşmışlar. Hazırda dünyanın 50-dən çox ölkəsində İslam bankları, 300-ə qədər İslam maliyyə institutları böyük səmərəliklə fəaliyyət göstərirlər. Onların aktivlər toplumu artıq trilyon dolları aşmışdır. İslam bankçılığının səciyyəvi xüsüsiyyəti əlbəttə, onun depozit cəlbetmə prosesi və faizli kreditvermə sisteminin olmaması ilə bağlıdır. Qeyd edilməlidir ki, oxşar təzahürlü proses qismən Yapon bank sistemində də mövcuddur. Belə ki, ölkənin Mərkəzi Bankı kommersiya banklarını sıfır faiz altında refinansə edir. Bununla belə, bu gerçəklik heç də İslam bankinqi ilə tam üst-üstə düşmür [5, 12].
İslam bank modeli özünün köklü fərqliyi ilə orijinaldır. Ciddi təməlçilik əsasları onların üstün cəhətləri sırasındadır. Ona görə də, liberal iqtisadiyyatın yaratdığı böhranlar zamanı özlərinin spekulyativ əməliyyatlardan kənarlıqları, faizsiz borc sistemliyi və qeyri-müəyyənlikləri təcrid edən funksionallıqları ilə İslam bankları yüksək dayanıqlıq nümayiş etdirirlər.
İslam banklarını idarə edən bankirlər, iqtisadçılar, menecerlər qətiyyətlə qeyd edirlər ki, yaxın gələcəkdə dünyanın əksər bankları eyni zamanda İslam oriyentasiyalı xidmətlər göstərilməsinə keçid edəcək və bir çox iqtisadiyyatların səmərəli investisiya mənbəyinə çevriləcəklər. Digər tərəfdən belə bir hesablama da aparılmışdır ki, İslam bank sistemi müsəlman aləmində son etibarlılıq həddinə çatacağı təqdirdə o, dünya bank sisteminə sarsıdıcı zərbə vuracaqdır. Belə ki, müsəlmanlar öz pul vəsaitlərini Qərb banklarından çıxarıb özlərinin İslam banklarında yerləşdirsələr bu ehtimal gerçəkliyə çevriləcəkdir. Bütün bunlar bir daha dolğun əsaslar yaradır ki, yeni dayanıqlı sosial-iqtisadi model və mükəmməl qlobal maliyyə arxitekturasının formalaşması İslamın iqtisadi konsepsiyası müstəvisində qurularaq möhkəmlənəcəkdir.

Nəticələr
Aparılan təhlil nəticələri göstərir ki, yaşanan qlobal maliyyə böhranına sekyuritizasiyanın genişlənməsi ilə aparıcı dünya fond bazarlarında kollateralizə paketli tipik məhsullar çoxluğu əsas səbəb olmuşlar. İnvestisiya şirkətləri və banklarının menecerləri, treyder və brokerləri bu gerçəkliyi yaxşı bilirlər. Onlar bilirlər ki, qeyri-real investisiyalar və digər şübhəli təyinatlı maliyyə məhsulları ilə fond şəbəkəsi uzun müddət fəaliyyətdə qala bilməz və proses gec-tez sistemin nizamından çıxması ilə sonunclanacaqdır. Ancaq yalnız nominal dəyərdə borc alqı-satqısı mümkün olan İslam maliyyə sistemində təbii ki, belə dissonans mümkünsüz. Aktivlərin sekyuritizasiyası müasir İslam banklarında da mövcud. Lakin, onlar real maddiyyatlara arxalanırlar. Şəriətə görə borc borca satıla bilməz. İslam bankları «piba» - sələmçiliyə qadağa təməlində ipoteka borclarının faizlər altında və qiymətli kağızlar formasında satışa çıxarılmasına yol verməzlər. Bundan çıxış edərək, bir çox ekspertlər də belə qənaətə gəlirlər ki, əgər beynəlxalq valyuta bazarlarında İslam maliyyə modelləri üstünlük təşkil etsəydilər, ümumdünya maliyyə böhranı baş verməzdi. Ona görə də, dünyada iqtisadiyyatın sosiallaşmasının alternativləri sırasında yeni dövriyyə və güc toplumu əldə etmiş İslam iqtisadiyyatına ehtiram artır. Belə münasibət bir daha yenə də, onunla əsaslandırılır ki, əksər müasir iqtisadi modellər əslində yəhudi-xristian məfkurəsinin zəminində formalaşmış və onların sosial bazası qloballaşmanın genişlənməsi ilə inflyasiyaya məruz qalmaqdadır. Təkmilləşmə dərinləşməsinə baxmayaraq böhranyaradıcı xüsusiyyətliliyindən qurtulmamış və bununla yanaşı onların real sosial paritetliyi dolğun təmin etmə imkanları da tükənməkdədir. Buna alternativ olan İslam iqtisadi sisteminin fundamental özəllikləri isə belədir ki, iqtisadiyyatın lokal və qlobal sərhədlərdə olmasına baxmayaraq, o insanların əsas istehlak tələblərini ödəməklə, onların həyat səviyyəsinin yüksəlişini daim ön sıraya çəkir. İctimai əhəmiyyətli iqtisadi institutları idarə etmək, kapitalist sistemindən fərqli olaraq onların tamhüquqlu şəxsi əllərə keçməsinə yol verməmək və bundan əmələ gələn gəlirləri yenidən fərdi bölgüdə vətəndaşların istifadəsinə yönəltməklə sosial sıxıntılığa, yoxsulluğa sipər çəkir. Səmərəli iqtisadi balans siyasətinin reallaşdırılması ilə isə o, cəmiyyətdə sinfi yaranışın və ictimai subyektlərarası qeyri-proporsionallığın əmələ gəlməsinin qarşısını alır. İslam iqtisadi sistemi həm də, inhisarçılığı qətiyyətlə rədd edərək özünün sərvətlərinin, torpaq resurslarının istəfadəsi üçün diskriminasiyaya yol vermədən hamıya bərabər imkanlar yaradır. Burada dövlət aparatı iqtisadi layihələrin təkmilləşməsi, istehsalın artımı istiqamətində fəal iş aparır. Bütün bunlar isə bir daha böhranlarsız dayanıqlı dünya iqtisadi artımına keçidi təmin edəcək yeni qlobal maliyyə arxitekturasının İslam iqtisadi təməlində qurulmasına möhkəm əsaslar yaradır.


Mənbələr
1.    Qurani Kərim.
2.    Hacı Məhəmməd Meybullayev., (2001), İslam iqtisadiyyatı, Bakı: Elm.
3.    Hacızadə E.M., (2006), Sosiallaşan iqtisadiyyat, Bakı: Elm.
4.    Səmədzadə Z.Ə., (2009), Çin qlobal dünya iqtisadiyyatında, Bakı: Elm və təhsil.
5.    Беккин Р.И., (2008), Исламская экономика, М.: АСТ: Восток-Запад.
6.    Делягин М.Г., (2003), Мировой кризис: общая теория глобализации, М.: ИНФРА-М.
7.    Долженкова Л.Д., (2004), Кризисы и реформы. Дестабилизация финансовых рынков конца 90-х годов XX в и изменение архитектуры международной валютно-кредитной системы, М.: Логос.
8.    Козьева И.А., Кузьбожев Э.Н., (2005), Экономическая география и регионалистика, М.: КНОРУС.
9.    Костельс М., (2000), «Информационная эпоха. Экономика, общества и культура», М.: У ВШЭ.
10.    Маргарит Кеннеди., (1993), Деньги без процентов и инфляции, М.: ИНФРА-М.
11.    Микульский К.И., (2005), Социально-экономические модели в современном мире и путь России, М.: Юнити-Дана.
12.    Павлов В.В., (2003), Исламские банки в исламском финансовом праве, М.: Анкил.
13.    Поляк Г.Б., Маркова А.Н., (2006), История мировой экономики, М.: Юнити-Дана.
14.    Сорос Дж. (1999), Кризис мирового капитализма. Открытое общество в опасности, М.: ИНФРА-М.
15.    Сорвина Г.Н., (2000), Экономическая мысль XX столетия, М.: РОССПЭН.
16.    Стариков Н.Н., (2009), Кризис: Как это делается, СПб.: Питер.
17.    Фишер С., Дорнбуш Р., Шмалензи Р., (1999), «Экономика», М.: ИНФРА-М.
18.    Dale, Spencer & Haldane, Andrew G. (1998), Interest Rate Control in Model of Monetaru Polis RePEc:bla:manch2:v:66: y:1998, p.354.
19.    www.xadis.ru.


139. Qlobal maliyyə böhrani və Islam iqtisadi konsepsiyası. Qlobal maliyyə böhranı: iqtisadi təhlükəsizliyin Azərbaycan modeli və dünya təcrübəsi. Beynəlxalq elmi-praktiki konfrans. Azərbaycan Dövlət İqtisad Universiteti Türkiyə Respublikası Sakarya Universiteti Türk Dünyası Araşdırmaları Vəqfi. (A.F.Haсızadə ilə müştərək). Bakı: 2010. 1.2 ç.v.