gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / XƏZƏRİ FARS KÖRFƏZİ İLƏ BİRLƏŞDİRƏN NƏQLİYYAT DƏHLİZİNİN İNŞA PERSPEKTİVİNİN VİZUAL GÖRÜNTÜLƏRİ

09.02.2012

E.M.Hacızadə

Dünya iqtisadi artımı müasir məqamda daha çox enerji resurslarının mənimsənilməsi ilə təmin olunur. Enerji istehlakında isə dunya nəqliyyat kompleksi birbaşa və dolayısı ilə ən aktiv tələbatçı və paylaşdırıcı qismində çıxış edir. Artan energetik tələblər digər maddi və mənəvi ehtiyaclar vəhdətində dünya nəqliyyat sferasının ayrı-ayrı sahələrində diversifikasiya və differensiasiyanı, struktur dəyişiklikləri, başlıca olaraq isə əməyin cografi bölgüsünü təbəllüdatlara uğradır. Bu sırada dünya iqtisadiyyatının əsas seqmenti olan neft-qaz resurslarının beynəlxalq bazarlara çıxışlarını və son istehlakçıya çatdırılmasını mühüm dəniz-yük nəqliyyat vasitəsi kimi tankerlər daha geniş çevrədə təmin edirlər. Neft və neft məhsulları, maye və sıxılmış qazın əksər paylaşdırıcıları funksiyasını da məhz tankerlər gerçəkləşdirirlər. Fəqət, bu dərya yolçuları təbiətin formalaşmış düzümünə rəğmən heç də həmişə qlobal neftli-qazlı yataqlar sahilindən dünya okeanına əlverişli keçid edə bimirlər. Əslində belə məqam planetin yalnız bir guşəsi, qapalı dəniz hövzəsi Xəzərdə istisnalıq təşkil edir.
Sovetlər İttifaqının süqutu ərəfəsində Xəzərdə böyük miqyaslı karbohidrogen ehtiyatlarının aşkarlanması və növbəti mərhələdə, yeni epoxial geosiyasi situasiyada istismara başlanması planetin energetik xammal bazasının və enerji balansının ciddi dəyişikliklərə uğramasına səbəb oldu. Burada ehtimal olunan ehtiyatlar 100 milyard barrel və ya 25-30 milyard ton miqyasında hesablanır ki, bu da Şimal dənizi və Fars körfəzi nisbətində aralıq bir göstəricidir. Hövzədə 7-8 milyard ton karbohidrogenin aşkarlanması artıq kəşfiyyat təsdiqini almışdır. Əksər ehtiyatlar son proqnoz göstəricidə şərti yanacaq ekvivalentində 13-14 milyard ton Qazaxıstanın, 7-8 milyard ton Azərbaycanın, 5 milyard ton Türkmənistanın, 1 milyard ton Rusiyanın, 2 milyard ton isə İranın payına bölünür. Ehtiyatların dinamiklik xarakteri bu rəqəmlərin hər an dəyişəcəyinə yəqinlik versə də, başlanan mənimsəmə işləri ən bədbin görüntüdə bu toplumun yarısının varlığını gödəltməyəcəkdir. Xəzər yaxın 50 il ərzində Avropanın ən böyük enerji təminatçısı rolunda çıxış edəcək, 2005-ci ildən başlayaraq burada gündəlik hasilat 5 milyon barrellə yüksələcəkdir.
Hazırda Xəzərin neft-qaz resurslarının dünya bazarına çıxışının çoxvariantlılığı Tengiz-Novorossiysk, Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri vasitəsi ilə təmin olunmuşdur. Bakı-Ceyhan neft kəmərinin inşaası reallaşmaqda, Bakı-Ərzurum qaz kəmərinin tikintisi isə kommersiya reallığına çevrilməkdədir. Mühüm neft arteriyaları sayılan bütün bü kəmərlər isə öz növbəsində əsas istehlakçılara birbaşa yetişməyərək limanlarda tankerlər vasitəsi ilə ünvanlara çatdırılacaqdır. Burada əsas maneə isə Xəzərin dünya okeanına birbaşa çıxışının olmaması ilə bağlıdır.
Qapalı su hövzəsi olan Xəzər dənizinin dünya okeanı ilə yalnız şimaldan, Volqa-Don kanalı vasitəsi ilə əlaqəsi vardır. Uzun sürən qış mövsümündə kanalın donması və eyni zamanda okeana çıxışda çoxsaylı boğaz və aşırımların olması naviqasiya problemləri yaradır. Bununla belə, marşrut boyu bir neçə dövlət sərhəd keçidinin mövcudluğu da nəqliyyat çətinlikləri və müvafiq vaxt itkiləri ilə müşayiət olunur. Problemin optimal vəziyyətə gətirilməsi İran İslam Respublikasının ərazisindən keçməklə Xəzər dənizinin Fars körfəzinə çıxışını təmin edən nəhəng kanalın çəkilişi ilə reallaşa bilər. Bu düşüncə o qədər də yeni deyildir. Əvvəllər də Xəzərin cənubdan okean sularına qovuşması istəkləri mövcud olmuş və hazırda da bu aktuallıq səngiməmişdir. Bizim məqsədimiz isə belə bir miqyaslı layihənin işlənməsinin iqtisadi və sosial effektivlik baxımından ilkin əsaslandırmaqdan ibarətdir. Müasir elmi-texniki, innovasion nailiyyətlər, konstruktiv araşdırma və hesablamalar prinsipcə müvafiq meylin gerçəkliyinə mümkünatlar yaradır. Çoxmilyardlı valyuta resursu tələb etməsinə baxmayaraq belə bir kanalın çəkilişi materik suları ilə birbaşa əlaqəsi olmayan üç Xəzərhövzəsi ölkənin /Qazaxıstan, Turkmənistan və Azərbaycan/ yeni geosiyasi situasiyada okeana çıxışının ümidli alternativliyini, habelə dünya təsərrüfatına dayanıqlı inteqrasiyasını daha dolğun təminatlı edəcəkdir. Layihənin gerçəkləşmə perspektivi iqtisadi, ticari, nəqliyyat və hətta sosial-mədəni ünsiyyəti genişləndirəcək, qarşılıqlı faydalılığa əsaslanan sıx əlaqəli, çağdaş təzahürlü yeni regional əməkdaşlığa rəvac verəcək,  Xəzər akvatoriyasında və sahil xəttdə müvafiq təsərrüfat infrastrukturunun formalaşmasını qaynaqlandıracaqdır. Bu perspektivlik həm də sosial önəm daşıyaraq turizmin, sahibkarlığın inkişafına təsir göstərəcək, rifahı yüksəlişdə əks olunacaqdır.
XXI yüziliyin ən möhtəşəm layihəsi olaraq nəhəng institusional səciyyə daşıyacaq kanalın inşaası başlıca olaraq İran İslam Respublikasının milli mənafelərinə rəğmən Dunya İslam İnkişaf Bankı və qismən də region ölkələrinin konsorsium tərəfdaşlığına istinad etməsi fikrimizcə daha real və ümidvericidir.
Xəzər dənizi ilə Fars körfəzini birləşdirəcək kanalın geostrateji və sosial-iqtisadi effektliyi konkret olaraq aşağıdakı formatda verilir:
    çox aspektli inteqrasion effekt;
    institusional mahiyyət;
    turizmin yuksəlişi;
    İpək yolunun bir arteriyası kimi alternativ tranzit məkan;
    yeni regional biznes infrastruktur yaranışı;
    ölkə daxilində hərbi-strateji obyekt funksiyası;
    sosial-ekoloji məsulliyəti artıran zona;
Sadalanan effektlər palitrası layihənin rentabelli olacağını ümidli və təminatlı edir. Burada daha çox faydalılıq İran tərəfinin payında əksini tapır. Müvafiq faydalılığı əsaslandıran özəllik ondan ibarətdir ki, kanal hər iki sahil daxil olmaqla büsbütün İran dövlətinin ərazisinndə varid olur. Bu isə birxəttli qloballaşmaya sipər olan növbəti strateji regional bir təzahürdür.

68.The Prospects for the Construction of the Caspian Sea-Persian Gulf corridor. /Хəzəri Fars körfəzi ilə birləşdirən nəqliyyat dəhlizinin inşa perspektivinin vizual görüntüləri/ The 14th International Conference on the Persian Gulf: «The Persian Gulf: Regional Developments in The Aftermath of Irag Occupation». Center for Persian Gulf & Middle East. Institute for political and International Studies. Tehran, February 17-18, 2004. [Fars körfəzi: XVI beynəlxalq konfrans. Siyasi və Beynəlxalq Tədqiqatlar İnstitutu, Fars körfəzi və Yaxın Şərq tədqiqatları mərkəzi. Tehran-2004] 0,2 ç.v.