gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / MİLLİ NEFT STRATEGİYASININ İMPERATİVLƏRİ

01.12.2011

UOT 622.276:332.14 (479.24)

 

 Hacızadə Elşən Mahmud oğlu

i.e.d., prof. AMEA-nın İqtisadiyyat İnstitutu

elshan@hajizada.com

 

 Xülasə

 Tədqiqatın məqsədini milli neft strategiyasının imperativlərinin konseptual aspektə ümumiləşdirilməsi, müasir mərhələdə enerji sektorunun inkişaf potensialının qiymətləndirilməsi və habelə yaxın və orta müddət üçün milli neft strategiyasının perspektiv model hədəflərinin əsaslandırılması təşkil edir.

Tədqiqatın metodologiyası trendli və situasiyalı yanaşmada sistemli təhlilin sxematik modelləşdirmə və proqnozlaşdırma metodlarına əsaslanır.

Tədqiqatın nəticələri - milli neft strategiyasının imperativlərinin, perspektiv model hədəflərinin konseptual aspektə əsaslandırılması və sxematik quruluşunun təqdimatı.

Tədqiqatın məhdudiyyətləri milli neft strategiyasının imperativlərinin təyinatında metod çeşidinin çoxşaxəliyi ilə bağlı alternativ qiymətləndirmə və proqnozlaşdırmalırın aparılmaması.

Tədqiqatın praktiki əhəmiyyəti - enerji sektorunun təyin edilən milli neft strategiyası imperativləri bazasında inkişaf modelinin hazırlanmasında istifadə imkanlığı.

Tədqiqatın orijinallığını və elmi yeniliyini milli neft strategiyasının imperativlərinin ilk dəfə konseptual aspektə ümumiləşdirilməsi ifadə edir.

 

Açar sözlər: Azərbaycan iqtisadiyyatı, enerji sektoru, milli neft strategiyası, enerji təhlükəsizliyi.

 

JEL Classification Codes: D78, E23, E37, F42

 

 

1.Giriş

Neft sivilizasiyasının təşəkkülündən bəri neft-qaz resursları potensialı dünya siyasətində başlıca strateji hərbi və diplomatik qüvvə, siyasi-iqtisadi strategiyanın formalaşması mənbəyi, milli gücün mühüm faktoru hesab edilməkdədir. Neft və qaz müasir zamanda zəruri istehsal, fiskal resursu olmaqla sənaye potensialının əsas energetik komponentdir. Sosial təsiri, şəhəryaratma və aqlomerasiya effekti mühüm olan bu resursa istinadən bəşər cəmiyyəti ayrılıqda və həmçinin iqtisadiyyatın bütün sahələrində özünü lazımi enerji, nəqliyyat xidməti ilə təmin etmiş olur. Obrazlı deyimdə neft-qaz kompleksi iqtisadiyyatın investisiya istiliyini təmin edən ən güclü və rahat sektor funksiyasi rolunu yerinə yetirir [1, 2].

Azərbaycanda neft-qaz resurslarından istifadənin çoxəsrlik tarixi vardır. Qədim zamanlardan Abşeron və Şirvan ərazisində neftdən məişətdə, insanların təsərrüfat həyatında geniş istifadə edilmişdir. XIX əsrdə baş verən sənaye inqilabları isə insanların texniki tələbatlarının artması ilə müşayiət olunaraq neftdən istifadənin təyinatını köklü təbəddülatlara uğratdı. Daxiliyanma mühərriklərinin yaranışı, krekinq prosesindəki nailiyyətlər, dağ-mədən sənayesində intensivləşmə və digər bu kimi mütərəqqi amillər kontekstində iqtisadiyyatın enerji resurslarından qaynaqlanan yeni - industrial paradiqmasını formalaşdırdı. Bütün bunlar isə öz növbəsində böyük neft erasının təşəkkülünə gətirdi [1].

Neftin hasilatında mühüm tarixi ənənələri olan Azərbaycan özünün bol ehtiyatları ilə paytaxt Bakının timsalında XIX əsrin sonunda, XX əsrin əvvəllərində sənayeləşən dünya iqtisadiyyatının əsas enerji regionlarından biri idi. Təsadüfi deyil ki, 1898-1901-ci illərdə hasil edilən dünya neftinin yarıdan çoxu Bakı neft rayonunda çıxarılmışdı. Orta hesabla hər il 10 milyon tona bərabər olan bu toplumum mütləq əksəriyyəti Azərbaycanın hüdüdlarından kənarda, demək olar ki, dünyanın bütün yaşıl qitələrində istehlakçı tələblərinin ödənilməsinə yönəldilirdi. Bakı əsas qlobal neft mərkəzlərindən biri kimi möhtəşəmliyini II cahan savaşı bitdikdən sonra belə qoruyub saxlamış və Azərbaycanda hasil olunan neft bütün bu dövr ərzində nəhəng dövlətin - SSRİ sənayesinin, hərb maşınının, geniş istismar texnikasının başlıca generasiya mənbəyini təşkil etmişdir. Azərbaycan nefti bütövlüklə sovet iqtisadiyyatının inkişaf tarixinin bütün mərhələlərində energetik gücü ilə fərqlənmiş və öz potensialını əsasən bu İttifaq dövlətinin qüdrətlənməsinə xərcləmişdir. Ümumən tarixin iki yüz ili ilə bağlı olan bu zaman əhatəsində Azərbaycan xalqı neft-qaz resursları və onunla bağlı gəlirlərin idarə edilməsi işindən əsasən kənarda qalmış və sahibi olduğu bu sərvətlərin təbii rentasından dolğun bəhrələnə bilməmişdir [3, 4].

Azərbaycanın dövlət müstəqilliyinın bərpa edilməsi ilə isə ilk dəfə olaraq neft-qaz sərvətlərinin xalqa məxsusluğu tam təmin olunmuş və bu sərvətlərdən milli dövlət mənafeləri baxımından geniş istifadə etdirilməsi üçün real əlverişli şərait yaranmışdır. Bununla yanaşı, yeni geosiyasi situasiya Azərbaycanın Xəzər sektorunda ötən əsrin son onilliklərində aşkarlanmış nəhəng karbohidrogen yataqlarının beynəlxalq əməkdaşlıq çərçivəsində aktiv işlənməsinə də əsaslı zəmin olmuşdur. Bütün bu gerçəkliklər fonunda ümummilli lider Heydər Əliyev rəhbərliyi ilə ölkənin milli neft strategiyası formalaşdırılmışdır. Praktiki müstəvidə «Əsrin müqaviləsi»ndən start götürən milli neft strategiyası multiplikativ effektdə prezident İlham Əliyevin əzmkar fəaliyyəti ilə aparılan miqyaslı islahatlarla daha təkmil məcraya yönəlmiş, çoxsaylı beynəlxalq neft kontraktının bağlanması ilə respublikaya nəhəng investisiya axınının gətirilməsini, transmilli neft-qaz ixrac boru kəmərlərinin inşasını, yeni yanacaq-enerji infrastrukturu quruculuğunu, sosial-iqtisadi inkişafa əlavə stimullar verən milli neft fondunun yaradılmasını təmin etmişdir. İndi bu sərvətlərdən daha səmərəli istifadə ümumi milli inkişaf strategiyasının ən mühüm prioritetlərindən birini təşkil edir [1, 5].

Bütün bunlardan irəli gələrək, milli neft strategiyasının imperativlərinin konseptual aspektə ümumiləşdirilməsi, müasir mərhələdə enerji sektorunun inkişaf potensialının qiymətləndirilməsi və habelə yaxın və orta müddət üçün milli neft strategiyasının perspektiv model hədəflərinin əsaslandırılması bizim tədqiqat araşdırmamızın predmetini təşkil edir.

 

2.Milli neft strategiyasının konseptual aspektləri

«Əsrin müqaviləsi»nə aparan yol, şərait və şərtlər və onun imzalanması ilə əlaqəli tarix yaddaşlarda möhkəm iz qoymuşdur. Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, bütövlükdə mənsub olduğumuz coğrafiyada mürəkkəb geosiyasi vəziyyət mövcud idi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana çox riskli dövlət kimi baxılırdı. Elə bu və digər əsaslardan da Xəzərin Azərbaycan sektoruna mənsub yataqların işlənməsi üzrə iri kapitalqoyuluşlu müqavilələrin bağlanmasına ehtiyatlı yanaşmalar mövcud idi. Lakin milli lider Heydər Əliyevin qətiyyəti, apardığı uğurlu neft diplomatiyası ilə 20 sentyabr 1994-cü ildə «Azəri-Çıraq-Günəşli» yatağının dünyanın aparıcı dövlətlərinin, qlobal neft şirkətlərinin birgə işlənməsi əsasında bu möhtəşəm saziş imzalandı və o, iyirminci yüzilliyin tarixi müqavilələri sırasında öncül yer tutdu.

«Әsrin müqavilәsi» neft sәnayemizin yeni mәrhәləsinin lokomotivi olaraq ardınca çoxsaylı müqavilәlәri çәkib gətirmiş, respublikaya heyrәt doğuracaq sәviyyәdә investisiya axınını tәmin etmişdir. Ümumiyyətlə, «Əsrin müqaviləsi» də daxil olmaqla Azərbaycan dünyanın 20-dən artıq ölkəsinin 30-dan çox şirkəti ilə neft və qaz yataqlarının birgə işlənməsinə dair 33 Hasilatın Pay Bölgüsü sazişi imzalamışdır. Bütün bunlarla əlaqədar ölkədə neft sәnayesinin inkişafını sürətləndirmək üçün mühüm infarstruktur yaranışları və dəyişiklikləri aparılmışdır. Konkret olaraq, «Azәri Layt» markalı yüksәk dәyәrli Azәrbaycan neftinin dünya bazarlarına çıxışı üçün ilk logistik layihələr həyata keçirilmiş, daxili (Sәngәçal, Dübәndi) və xarici (Novorossiysk - Rusiya vә Supsa - Gürçüstan) neft terminalları yenidәn qurulmuş, Bakı-Supsa, Bakı-Novorassiysk neft kəmərləri işə salınmışdır. Bu ərəfədə neft tariximizdә daha bir әlamәtdar hadisә isə, 1999-cu ilin noyabr ayının 18-dә İstanbulda «Çırağan» sarayında «Ankara bәyannamәsi»nә uyğun olaraq Bakı-Ceyhan marşrutu üzrə «Xam neftin Azәrbaycan, Gürcüstan vә Türkiyə әrazisi ilә nәql edilmәsinә dair saziş»in imzalanması olmuşdur. Bunlarla yanaşı, neftlə bağlı planların reallaşması istiqamətində ölkədə digər irimiqyaslı layihələr də həyata keçirilmişdir. Belə ki, Xəzərin ən dərin qatlarını fəth edən modernləşdirilmiş «İstiqlal», «Dədə Qorqud», «Qurtuluş» və «Lider» adlı üzən dərin qazma qurğuları istismara verilmiş, Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» qaz-kondensat yatağının açılışı və istismarı ilə əlaqədar Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa olunmuş, geniş institusional islahatlar aparılmış, ARDNŞ-in strukturu yeni mobil düzümdə formalaşdırılmış və sosial-iqtisadi inkişafa əlavə stimullar verən yüksək investisiya təminatlı müvafiq milli neft fondu - ARDNF təsis edilmişdir [6-12]. Bütün bunlar «Əsrin müqaviləsi» və şonrakı neft konratklarının reallaşması ilə bağlı milli neft strategiyasına çevrilən neft siyasətinin məqsəd və vəzifələrinin imperativlərini təşkil etmişdir. Göründüyü kimi, bu strategiya formalaşdırılarkən yalnız lokal məzmunda deyil, həm də regional və qlobal miqyasları hədəfə almışdır. Bu baxımdan da milli neft strategiyası ilkin yaxın və orta müddətdə inkişafın konturları dörd aspektə - siyasi, iqtisadi, sosial və texniki kontekstə cizgiləndirilmişdir.

Siyasi kontekst dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təminatı və neft diplomatiyası ilə beynəlxalq inteqrasiyanın dərinləşdirlməsini ehtiva etmişdir. İqtisadi kontekst başlıca olaraq planlı iqtisadiyyatdan liberal iqtisadiyyata keçid, iqtisadi təhlükəsizlyin təminatlığını və bu bazada bütün sferalarda milli təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmişdir. Sosial kontekst isə milli rifah, elm-təhsil, səhiyyə və digər humanitar sferalarda hərtərəfli inkişafa istiqamət almışdır. Nəhayət, Texniki kontekst Yancaq-enerji kompleksində (YEK) infrastruktur yenidənqurmasının, neft-qaz resurslarının beynəlxalq bazarlara çıxışında logistik alternativlərin, donanma, dəmir yolu və digər nəqliyyat kommunikasiyalarının müasir texnoloji sistemdə qurulması ilə milli enerji təhlükəsizyliyinin tam bərqərar olmasını əhatəsinə almışdır. Bütün bu imperativlər hamılıqla vəhdət təşkil edir və onların reallaşması müəyyən detallar istisna olmaqla əsasən ötən əsrdə başa çatmışdır. Milli neft strategiyasının 1994-2003-cü illəri əhatə edən ilkin mərhələsində hədəf götürülən həmin imperativləri sxematik quruluşda aşagıdakı kimi təqdim etmək olar:

 

 

 
   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sxem 1: Milli neft strategiyasının imperativləri (ilkin mərhələ 1994-2003-cü illər)

 

Neftin yaşadığımız coğrafiyadakı uzun müddətli ənənədə hasilatı, onun həm də metal dəyərlərdə ideoloji genotipinin formalaşmasına rəvac vermişdir. Sənayeləşmə epoxasından başlayaraq isə,  neft davamlı olaraq milli təsərrüfat ukladında fundamental qaynaq amillərindən biri kimi çıxış etmişdir. O, bu gün də ölkəmizin qüdrətləndirilməsi prosesində başlıca iqtisadi generasiya mənbələrindən biri olaraq qalır.

 

 

3.Enerji sektorunun inkişafının müasir mərhələsi

Hazırkı mərhələdə milli neft strategiyasının reallaşması prezident İlham Əliyevin fəaliyyəti ilə irəliləyiş tapmışdır. Yeni mərhələ (2003-2011-ci illər) axtarış-kəşfiyyat və qazma işlərinin nəticələri əsasında ölkənin neft-qaz ehtiyatlarının artması, növbəti beynəlxalq neft kontraktlarının bağlanması, ARDNŞ-in şaquli inteqrasiya formatlı qlobal bir şirkətə çevrilməsi, ölkə xaricində biznes layihələrinin həyata keçirilməsi, investisiya qoyuluşlarının yüksəldilməsi, YEK-in infrastruktur modernizasiyasının sürətləndirilməsi, Azərbaycanın qaz ixracatçısı statusu qazanması və rifahı artıran daha geniş iqtisadi və sosial effektlərlə müşayiət olunmuşdur. Aparılan kəşfiyyat və qazma işləri «Əsrin müqaviləsi» üzrə kontrakt zonasında ehtiyatların (ilkin ehtiyatlar 511 milyon ton hesablanırdı) orta hesabla iki dəfə artması ilə nəticələnmişdir. İndi burada ehtiyatlar 1,2 milyard tondan da artıq dəyərləndirilir. Hazırda Azəri-Çıraq-Günəşli (AÇG) yatağı hasilat həcminə görə dünyada üçüncü yeri tutur. Bu yataqlardakı gündəlik hasilat 900 min barel təşkil edir. Bu isə onu göstərir ki, Azərbaycan iqtisadiyyatı «Əsrin müqaviləsi»ndən öncə olduğu proqnozdan fərqli olaraq daha yüksək mənfəət əldə edəcəkdir. Hesablamalara görə, «Əsrin müqaviləsi» üzrə yataqların 30 illik istismarı dövründə respublikamız 200 milyard dollar mənfəət alacaqdır. Artıq müvafiq hasilat zonasında neftin 20%-dən (01.12.2011-tarixinə 250 milyon ton) çoxu çıxarılmışdır kı, bunun da təxminən 120 milyonu Azərbaycanın mənfəət neftidir. Ümumilikdə, bütün tarixi dövr ərzində AÇG yatağının istismarından ARDNF-in hesabına 20 milyard ABŞ dolları məbləğində pul vəsaiti daxil olmuşdur. Bir cəhəti də xüsusi ilə vurğulamaq gərəklidir ki, neftin dünya bazar qiymətlərinin yüksək olması nəticəsində «Əsrin müqaviləsi» üzrə mənfəət neftinin (müqaviləyə əsasən mənfəət nefti 2006-cı ildən əldə edilir) Azərbaycan hökuməti ilə şirkətlər arasında bölüşdürülməsi proporsiyaları daha sürətlə respublikamızın xeyrinə dəyişmişdir. Belə ki, 2007-ci ilin sonunadək 30:70 kimi olan bölgü proporsiyası 2008-ci ilin əvvəlindən 45:55, ilin ikinci rübündən isə 80:20 nisbətində olmuşdur. Bunun nəticəsində 2008-ci ildə Azərbaycan hökumətinə çatan mənfəət neftinin həcmi və onun satışından daxilolmalar da kəskin artmışdır. Statistika göstərir ki, Azərbaycan hökumətinə çatan mənfəət neftinin həcmi 2006-cı ildə 19,0 milyon barel, 2007-ci ildə 30,3 milyon barel olduğu halda, 2008-ci ildə bu göstərici 150,2 milyon barel təşkil etmişdir. Mənfəət neftinin və qazın satışından ARDNF-ə 2006-2010-cu illərdə $20 milyard çox vəsait daxil olmuşdur [11, 12].

1997-ci ildən sonrakı dövrdə «Əsrin Müqaviləsi» çərçivəsində ölkə üzrə neft hasilatı orta hesabla 5,6 dəfə artaraq, 9 milyon tondan 2010-cu ildə rekord həcmdə 50,8 milyon tona yüksəlmişdir. Bu neftin 8,4 milyon tonu ARDNŞ-in payına düşmüşdür. Ümumilikdə isə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra (1991-2010-cü illər) respublikada 400 milyon tondan çox neft hasil olunmuş və əldə edilən gəlirlər rifaha çevrilmişdir. Bu əsasda da gələcək sosial-iqtisadi inkişaf üçün möhtəşəm stimullar yaranmışdır. Bu həcmin 2015-ci ilə kimi 55 milyon tona yüksəldiləcəyi proqnozlaşdırılır. Cari ildə isə 46 milyon ton neft hasilatı gözlənilir [11, 13].

Dünya arenasında neft-qaz ehtiyatları baxımından Azərbaycanın potensialı mötədil hesab olunur. Təkcə respublikaya mənsub Xəzər şelfində karbohidrogen resurslarının kumulyativ həcmi mütəxəssis tədqiqatlarına görə 3-4 və hətta proqnoztik baxımdan 5-7 milyard ton neftə ekvivalent hesablanır. Buraya quru ərazilərdə aşkarlanmış və perspektiv potensial ehtiyatların 1 milyard ton miqdarı da əlavə olunduqda ümumi toplumda orta hesabla adambaşına 700-800 ton həcmində karbohidrogen resursları düşür. Xalıs qaz ehtiyatları baxımdan isə bu pay respublikada adambaşına 300 min m3 təşkil edir. İndiki dünya qiymətləri ilə bu hər bir ölkə vətəndaşı üçün 100 min ABŞ dolları həcmində gəlir payı deməkdir. Ümumi karbohidrogen ehtiyatlarının adambaşına bölgüsündə isə bu dəyər 4-5 dəfə də yüksəlir. Bununla yanaşı xüsusən vurğulanmalıdır ki, geoloqlar 70% neft-qaz resursları ilə perspektivli olan respublika ərazisinin 13-15%-nin yataqlarının mövcudluğu baxımından hələ öyrənilmədiyini və neftin yarıdan, təbii qaz ehtiyatlarının isə 3/4-dən çoxunun kəşf olunmamış qaldığını bəyan edirlər [9, 12]. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin yayımladığı məlumatlara görə, kəşf olunmuş neft ehtiyatları göstəricisi üzrə Azərbaycan dünyanın 99 ölkəsi arasında 7 milyard barel həcmlə 23-cü sırada qərar tutur. Kəşf edilmiş qaz ehtiyatları - 849,5 milyard m3 həcm ilə isə respublikamız dünyada 28-ci ölkədir [14]. Bununla belə, qeyd olunmalıdır ki, 01.10.2011-ci il tarixinə Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon m3 təşkil edir [12].

Hazırda Azərbaycan nefti dünya bazarlarına üç istiqamətlə nəql olunur. Neftin nəqli üçün hər birinin ötürücülük gücü ildə 6 milyon ton təşkil edən 1997-ci ildən Rusiya istiqamətində Bakı-Novorossiysk (ilkin neftin dünya bazarına çıxarılması üçün), 1999-cu ildən isə Gürcüstan istiqamətində Bakı-Supsa neft boru kəmərləri fəaliyyət göstərirlər. Azərbaycanın neft nəqli sisteminin başlıca arteriyası H.Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməridir (ƏNİK). Neftin etibarlı və fasiləsiz nəqlini təmin edən bu kəmər beynəlxalq enerji təhlükəsizliyinin əsas elementlərindən biri kimi Avrasiya regionunda ən iri və unikal mühəndis qurğularından hesab olunur. İllik ötürücülük qabiliyyəti 60 milyon tona çatdırılmış bu kəmər vasitəsi ilə Azərbaycan neftindən başqa sutkada 40-50 min barel həcmində Türkmənistan nefti də nəql olunur. Bütün ötən müddət ərzində bu kəmərlə 166 milyon tondan artıq Azərbaycan nefti, 3 milyon tona yaxın türkmən nefti nəql olunmuşdur [12].

Ölkəmiz xaricə çıxacaq diversifikasiya olunmuş qaz kəmərlərinə də malikdir. Belə ki, hazırda Azərbaycan qazı dörd istiqamətdə dünya bazarlarına çıxarılır. Bu kəmərlər sırasına başlıca olaraq müasir zamanda inşa edilmiş illik buraxılılş gücü 30 milyard m3 olan Cənubi Qafqaz Boru Kəməri (CQBK - Bakı-Tbilisi-Ərzurum) və əvvələr mövcud olmuş Şimal, Cənub və Qərb istiqamətlərinə yönəlmiş magistral xəttlər daxildir. 2004-2010-cu illər ərzində respublikada qaz hasilatı 5,2 dəfə artırılaraq 5 milyard m3-dən 26,3 milyard m3-əçatdırılmışdır. Bu il isə ölkədə 27 milyard m3 qaz hasil olunacağı nəzərdə tutulur ki, bunun da 7,2 milyard m3-nin ARDNŞ tərəfindən çıxarılacağı gözlənilir. Qaz həcmləri 2015-ci ilə kimi 35 milyard m3-dən çox, 2020-2025-ci illərə qədər isə hər il 50-55 milyard m3 olacağı proqnozlaşdırılır [12, 14, 15].

Qeyd olunmalıdır ki, Azərbaycan qaz sənayesinin flaqmanı rolunda «Şahdəniz» yatağı çıxış edir. «Şahdəniz» dünyanın dəniz akvatoriyalarında işlənilən ən iri qaz-kondensat yataqlarından biridir. Burada sübut olunmuş ehtiyatlar 1,2 trilyon m3 qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. 2006-cı ildə «Şahdəniz» layihəsinin birinci mərhələsi çərçivəsində qaz hasil edilmişdir. Ötən il yataqdan təxminən 6,9 milyard m3 qaz, 1,9 milyon ton kondensat əldə olunmuşdur. Bütün istismar müddəti ərzində «Şahdəniz»dən 28 milyard m3-ə kimi qaz və 8 milyon tona yaxın kondensat hasil olunmuşdur. «Şahdəniz»in ikinci mərhələsi çərçivəsində ilk qazın çıxarılması 2017-ci ildə gözlənilir [12, 16].

İndi Azərbaycan özü heç bir kənar stimullar olmadan dəniz akvatoriyasında miqyaslı istismar işləri aparır. Buna misal olaraq «Umid» qaz-kondensat yatağını göstərmək olar. Bu yatağı Azərbaycan neftçiləri aşkarlamış və terminoloji ifadədə ARDNŞ burada həm investordur və həm də operator funksiyasını yerinə yetirir. İlkin hesablamalara görə, yatağın çıxarıla bilən ehtiyatları 200 milyard m3 qaz, 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Burada alınan nəticələr eyni zamanda Xəzərin Azərbaycan sektorunda məhsuldarlıq perspektivlərini yüksəltmiş, yeni lay və yataqların açılması ehtimalını artırmışdır. Belə ki, artıq «Umid» yatağı ilə bərabər, potensialı ondan iki dəfə çox olan «Babək» yatağının da (400 milyard m3 qaz, 80 milyon ton kondensat) ARDNŞ tərəfindəb müstəqil istismar ediləcəyi reallığa çevrilməkdədir. Bundan başqa, ARDNŞ ilə Fransanın «Total» şirkəti arasında imzalanmış müqavilə çərçivəsində Xəzərin Azərbaycan sektorunda «Abşeron» blokunda iri qaz yatağının kəşf edilməsi də ölkənin qaz potensialının artırılmasında mühüm əhəmiyyət daşıyır və yeni geosiyasi öhdəliklərin yaranışına rəvac verir. Burada qazma dərinliyi 7 min metrdən çoxdur. İlkin hesablamalara görə, «Abşeron» yatağında 350 milyard m3 qaz və 45 milyon ton kondensat həcmində karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilir. Yataqdan miqyaslı məhsul alınması 2022-2025-ci illər üzrə proqnozlaşdırılır. Hazırda «bp Azərbaycan» şirkəti ilə «Kaspian Geofizikal» Müştərək Müəssisəsi tərəfindən «Şəfəq-Asiman» (proqnoz ehtiyatlar 500 milyard m3 qaz və 65 milyon ton kondensat) və Almaniyanın RWE şirkəti ilə «Naxçıvan» (proqnoz ehtiyatlar 300 milyard m3 qaz və 40 milyon ton kondensat) perspektiv strukturlarında birgə geoloji-kəşfiyyat işləri aparılmaqdadır. Bundan başqa, AÇG yatağının qaz ehtiyatları da 300 milyard m3 həcmində dəyərləndirilir. Bütün bunlarla yanaşı, «Şahdəniz» yatağının tammiqyaslı işlənməsi həyata keçirilir. Layihənin birinci mərhələsi çərçivəsində çıxarılan qaz daxili istehlaka və eyni zamanda xaricə - Gürcüstana və Türkiyəyə yönəldilir. Yeni istehsal məhrələsində burada hasilatın 2-3 dəfəyədək artırılması nəzərdə tutulur. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətinin artmasının əyanı göstəriciləridir [12, 17].

Bu ilin yanvarında Avropa İttifaqı () ilə Azərbaycan arasında çox mühüm sənəd - «Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə» imzalanmışdır. «Cənub dəhlizi» layihəsi Aİ üçün prioritet enerji layihələrindən biridir. Bu layihə «Nabukko» (illik keçiriciliyi 31 milyard m3) qaz kəməri, Transadriatik qaz kəməri (TAP), «Bəyaz axın» (White Stream), Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri (ITGI) «Şahdəniz» layihəsinin ikinci mərhələsinin işlənməsi üçün əsas təməldir. Eyni zamanda qeyd olunmalıdır ki, 2011-ci ilin 12 senytabrında Brüsseldə keçirilən toplantıda Aİ Azərbaycan və Türkmənistanla Avropaya yeni qaz ehtiyatları çatdırmaq üçün nəzərdə tutullmuş Cənub Dəhlizində əsas layihəsi kimi çıxış edən «Trans-Xəzər qaz kəməri» tikintisi ilə bağlı danışıqlara başlanması qərarı veriilmişdir. Digər tərəfdən Azərbaycan, Gürcüstan və Rumıniya arasında (Azerbaijan-Georgia-Romania Interconnector - AGRİ) layihəsi üzrə «Qaz tədarükü sahəsində əməkdaşlıq haqqında» memorandumun imzalanması da Avropaya qaz tədarükü istiqamətində yeni imkanlar yaradır. Bu layihə Azərbaycan qazının boru vasitəsi ilə Qara dəniz sahillərinə - Kuleviyə nəqlini, orada xüsusi terminalda mayeləşdirilərək (LNG), tankerlərlə Rumıniyanın Konstansa limanına çatdırılmasını, sonra isə yenidən təbii qaz şəklinə salınaraq ötürülməsini nəzərdə tutur. Bütün bu layıhələrin həyata keçirilməsi ilə Azərbaycanın Avropa enerji məkanında generasiya imkanları daha fərqli məcraya yönələcəkdir. Bununla belə, Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Aİ ölkələrinə tədarük olunması istiqamətində digər əlverişli variantları da araşdırılır. Respublikamız həmçinin Aİ və digər regionlarla yeni, birbaşa enerji və nəqliyyat əlaqələri yaradan müasir İpək Yolunu - Cənub enerji dəhlizi strategiyasını dəstəkləyir. Hesab olunur ki, bu strategiya çərçivəsində yeni qaz təchizatı dəhlizinin açılması Avropa qaz bazarının sabitliyinə mühüm təsir göstərəcəkdir [12, 18].

Aşagıda Azərbaycanda 1988-2015-ci illər üzrə neft-qaz hasilatı və proqnozunu əks etdirən cədvəl verilmişdir:

 

 

 

 

 

 

 

 

 

Cədvəl

 

Azərbaycanda 1988-2015-ci illər üzrə neft-qaz hasilatı və proqnozu

 

İllər

Nevt hasilatı (mln. ton)

Qaz hasilatı (mln m3)

İllər

Nevt hasilatı (mln. ton)

Qaz hasilatı (mln m3)

1988

11 200

11 826

2002

14 755

5 837

1989

10 723

11 112

2003

15 378

5 168

1990

9 927

9 626

2004

15 549

5 006

1991

9 749

8 621

2005

22 214

5 818

1992

9 409

7 872

2006

32 268

9 045

1993

9 483

6 805

2007

41 658

16 965

1994

9 563

6 379

2008

44 527

23 405

1995

9 161

6 644

2009

50 419

23 745

1996

9 100

6 305

2010

50 789

26 346

1997

9 622

5 964

2011

46 000

27 000

1998

11 422

5 590

2012

50 000

28 000

1999

13 807

5 997

2013

52 000

30 000

2000

14 116

6 286

2014

54 000

32 000

2001

14 612

5 535

2015

55 000

35 000

 

Mənbə: http://www.socar.az, http://www.azstat.org məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.

 

Azərbaycan elektrik enerjisi sistemi də gücləndirilərək 6250 MVt-yə yüksəldilmişdir. Hazırda (2010) Azərbaycanda enerji istehsalı 18,7 milyard kvts təşkil edir. Bunun 82-87%-ə qədəri İES-lərdə (13 sayda) və qalan hissəsi SES-lərdə (7 sayda) istehsal olunur. Bu sıraya 2011-ci ildən başlayaraq 5 MVt gücündə alternativ enerji (Qobustan rayonunda hibrid tipli günəş-külək elektrik stansiyası) sistemi də qosulmuşdur. Qeyd olunmalıdır ki, son beş il ərzində Azərbaycanda 11 elektrik stansiyası tikilmişdir ki, onlardan doqquzu istilik elektrik, ikisi su elektrik stansiyasıdır. Həmin stansiyaların fəaliyyətə başlaması nəticəsində ölkənin enerji sisteminə 1500 meqavat elektrik enerjisi daxil edilmişdir. Növbəti iki il ərzində Azərbaycanda istifadəyə veriləcək yeni stansiyaların hesabına əlavə 500-600 MVt elektrik enerjisi əldə oluacaqdır [19, 20].

Bununla belə həm də qeyd olunmalıdır ki, respublikamız Ermənistan istisna olmaqla elektrik enerjisini də bütün regional dövlətlərlə ötürmə üzrə təminatlı infrastruktur imkanlarına malikdir. Reallıqlar onu əks etdirir ki, Azərbaycan artıq bir neçə ildir ki, ixrac saldosu onun xeyrinə olmaqla Türkiyə, Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadilə edir. Bütün bunları ölkə iqtisadiyyatını mövcud və orta perspektivdəki tələbləri ilə uzlaşdırdıqda Azərbaycanda enerji təhlükəsizliyinin tam şəkildə təmin edildiyini bir daha yəqin etmiş olarıq.

Mövcud reallıqlar onu göstərir ki, respublikamız artıq uzun müddətdir ki, digər tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında aktiv iştirak edir və onun bu istiqamətdəkı rolu hər il artırır. Bütün bunlar bir də ona görə dəyərləndirilir ki, respublikada elektrik enerjisinin istehsalında enerji sektoru əhəmiyyətli rol oynayır və ölkədə elektrik enerjisi istehsalının orta hesabla 80%-i bu sektor hesabına qaynaqlanır. Natural ölçüdə bu, son 3 ilin yekununa görə faktiki olaraq hər il orta hesabla 5 milyon ton şərti yanacaq təşkil etmişdir [19].

Statistikaya nəzər saldıqda bir daha aydın olur ki, «Əsrin müqaviləsi» imzalanandan sonra - 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 100 milyard $-a yaxın sərmayə qoyulmuşdur. Bu sərmayələrin 42 milyardı neft-qaz sektoruna qoyulan sərmayədir ki, onların da mütləq əksəriyyətini birbaşa xarici investisiyalar təşkil edir. Bunun nəticəsi olaraq həmin dövr ərzində yoxsulluq səviyyəsi 49%-dən 9%-ə enmişdur. Əsrin əvvəllərində büdcə xərcləri 1 milyard ABŞ dolları civarında olmuşdursa, 2011-ci ildə bu rəqəm 20 milyarda çatmışdır. Ölkənin valyuta ehtiyatları da artaraq 40 milyard ABŞ dollarını üstələmişdir [12, 13, 14, 21-23].

Karbohidrogen potensialının artması bu istiqamətdə baş verən inkişaf prosesləri, enerji təhlükəsizliyinin əsas qlobal problemlər sırasından önə çıxması milli neft strategiyasının məzmun və ahəngində yeni korreksiyaların aparılmasını qaçılmaz edir, onun yaxın və orta müddət üçün perspektiv model hədəflərini əsaslandırır.

 

 

4.Milli neft strategiyasının perspektiv model hədəfləri

Milli neft strategiyası yalnız sahəvi təyinatlı deyildir. O, bütün iqtisadiyyatı, dövlət maliyyəsini, hamılıqla milli təhlükəsizliyin struktur komponentlərini eyni orbitdə birləşdirən funksional bir idarəetmə sistemidir. Bu reallaıq qəti olaraq onu əks etdirir ki, neft-qaz kompleksində aparılan islahatlar iqtisadi və dövlət idarəetməsi sahəsində aparılan islahatlarla üzvü bağlılıqdadır.

Aparılan təhlil və qiymətləndirmələr, eyni zamanda yeni strateji təsısatlandırmalar və geopolitik öhdəliklər üzrə qəbul edilən sənədlər çevrəsi, sahəvi normativ-hüquqi bazanın genişləndirilməsi, YEK və sosial-iqtisadi inkişafla bağlı çoxsaylı dövlət proqramların reallaşdırılması istiqamətində görülən işlər tamlıqla əsas verir ki, milli neft strategiyasının yaxın 10 il üçün növbəti hədəfləri sırasında ARDNŞ-in transmilli şirkət kimi dünya neft biznesində fəal iştirakının və xaricdə uzunmüddətli strateji konssesiyaların əldə etməsinin təminatı, Avropa və dünya bazarlarında dayanıqlı tutum əldə edilməsi ilə qaz nəqlinin maksimallaşdırılması, ixrac potensiallı yeni neft-qaz emal sənayesi və müvafiq kimya kompleksinin qurulması, istehsal, nəqliyyat-kommunikasiya, həmçinin sosial infasturukturun təkmilləşdirilməsi, innovasiyyalı iqtisadiyyata və innovativ humanitar sferaya keçid və s. bu kimi imperiativlər yer alır.

 

 

Sxematik təyinatda bu imperativləri aşagıdakı kimi səciyyələndirmək olar:

 

 

 
   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sxem 2: Milli neft strategiyasının imperativləri (2011-2020-ci illər)

 

 

Bununla belə, özünün qüdrətli resurs bazasına əsaslanaraq neft strategiyası bir neçə onillik ərzində milli təhlükəsizlik və onun əsas tərkib hissələri - iqtisadi, enerji, nəqliyyat-kommunikasiyon, humanitar və s. təhlükəsizlik komponentlərinin də möhkəmləndirilməsində və sosial-iqtisadi tərəqqinin davamlılığının təminatında başlıca strateji planlaşdırma mənbəyi olaraq qalacaqdır.

Bütün bunlardan irəli gələrək və həmçinin milli enerji müstəqilliyini dolğunlaşdırmaq və enerji təhlükəsizliyini daha təminatlı etmək üçün real bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda uzun müddətləri əhatə edən enerji strategiyasının da hazırlanması olduqca zəruri və mühümdür. Bu zərurətlilik YEK-in ölkə iqtisadiyyatındakı əhəmiyyəti, enerji resurslarının xalq təsərrüfatının həyatqabiliyyətli bütün sahələrində aparıcı və həlledici rolu, neft-qaz infrastrukturunun moderinləşməsi, ekoloji fonun yaxşılaşdırılması və sosial rifahın daha da yüksəlişi, həmçinin əsaslı dərəcədə də Azərbaycanın artan geostrateji potensialı və dünya enerji bazarlarının qloballaşması tələblərində ifadəsini tapır. Analoji enerji strategiyaları ölkənin modernizasiyası və inkişafı proqramının ayrılmaz hissəsini təşkil edərək qardaş Türkiyədə, Rusiyada, Çin Xalq Respublikasında, əlahiddə, 2030-cu ilədək dövrə hesablanmış Ukraynada və digər ölkələrdə yeni quruluşda həyata keçirilməkdədir. ÜmumAvropa məkanında isə enerji strategiyası 50 ölkənin təmsil olunduğu «Enerji Xartiyasında» birləşir. Enerji strategiyası regional kontekstdə Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin də assosiativ maraqlarının özəyində yer almışdır [24-25].

Milli Enerji Strategiyası təbii enerji resurslarının və yanacaq-enerji potensialının ölkənin iqtisadi məkan bütövlüyündə rolunu, onun siyasi, makroiqtisadi, elmi-texniki inkişafına zəmin yaradan əhəmiyyətliliyini nəzərə alaraq konkret dövr üçün məqsəd və vəzifələri olan dövlətin enerji siyasəti sənədi rolunda çıxış edir. Ona görə də, onun hazırlanması istiqamətində dövlət tərəfindən çox mühüm olan kompleks tədbirlərin həyata keçirilməsi zəruridir.

 

 

5.Nəticə

Aparılan təhlili araşdırmalar bir daha göstərir ki, Azərbaycanda çox uğurlu milli neft strategiyası həyata keçirilir. Bu strateji prioritet ulu öndər Heydər Əliyevin müəllifi olduğu, müasir dünya enerji təhlükəsizliyi sistemində çox mühüm əhəmiyyət daşıyan «Əsrin müqaviləsi»ndən qaynaqlanır.

Milli neft strategiyası formalaşdırılarkən lokal məzmunu ilə yanaşı, o, həm də regional və qlobal miqyasları hədəfə almış, ilkin yaxın və orta müddətdə milli inkişafın aşagıdakı başlıca imperativlərini ehtiva etmişdir:

1. Siyasi kontekst - milli təhlükəsizliyin təminatı;

2. İqtisadi kontekst - iqtisadi təhlükəsizlyin təminatı;

3. Sosial kontekst - humanitar təhlükəsizlyin təminatı;

4. Texniki kontekst - enerji təhlükəsizyliyinin təminatı.

Bütün bu imperativlər hamılıqla vəhdət təşkil edir və onların reallaşması müəyyən detallar istisna olmaqla əsasən ötən əsrdə başa çatmışdır.

Hazırkı mərhələdə milli neft strategiyasının reallaşması prezident İlham Əliyevin fəaliyyəti ilə praqmatik irəliləyiş tapmış və aparılan miqyaslı islahatlarla daha təkmil məcraya yönəlmişdir.

Respublikanın enerji potensialının artması və yeni qlobal çağırışlarla bağlı yaxın 10 il üçün milli neft strategiyasının yeni imperativlər fonunda perspektiv model hədəfləri kimi aşağıdakılar əsaslandırılır:

  1. ARDNŞ-in tam formada transmilli şirkətə çevrilməsi;
  2. Axtarış-kəşfiyyat işlərinin davam etdirilməsi, karbohidrogen ehtiyatlarının artırılması;
  3. Şahdəniz 2-ci fazanın reallaşdırılması;
  4. Yeni qaz yataqlarının istismarı (Ümid, Babək, Asiman, Abşeron);
  5. Avropa və dünya bazarlarında daha dayanıqlı tutumun əldə edilməsi;
  6. Yeni qaz ixrac marşrutlarının reallaşdırılması (Nabukko, Transxəzər);
  7. Neft-qaz emalı kompleksinin yenidənqurulması;
  8. Yeni neft-qaz kimya sənayesinin yaradılması;
  9. Neft gəlirlərinin artırılması və səmərəli istifadəsi (ARDNF);
  10. Avtonom fəaliyyətli, proporsiya üstünlüklü qeyri-neft sektorunun inkişafı;
  11. İnsan kapitalının davamlı investisiyalaşdırılması;
  12. Yeni sosial infrastrurkur kompleksinin formalaşdırılması;
  13. Ekoloji təhlükəsizliyin möhkəmləndirilməsi;
  14. Enerji diplomatiyası və beynəlxalq inteqrasiyanın gücləndirilməsi;
  15. Liberal iqtisadi dərinləşmə və innovativ iqtisadiyyata keçidin bazasının yaradılması.

Mühüm sosial-iqtisadi multiplikator rolunu ifadə edən enerji sektoru ölkənin makroiqtisadi göstəricilərinin formalaşmasında, sosial inkişafın və həyat səviyyəsinin yüksəlişində əhəmiyyəti daim genişlənir. Müasir zamanda respublikanın büdcə konsolidasiyasının başlıca donoru funksiyasını yerinə yetirən sektorun qloballaşma və iqtisadi sferada güclənən rəqabət meyilləri, Avropa enerji bazarının diversifikasiyası və digər dəyişən və inkişaf edən planetar hadisələrlə bağlı əhəmiyyət diapazonu daha da artır. Buna görə də, respublikada yanacaq-enerji resurslarından maksimum səmərəliliklə istifadə olunmasında strateji biçimli optimal tənzimləmə mexanizlərinin yaradılması vacibliyi daha aktual əhəmiyyət kəsb edir. Nəzərdən keçirilən bu məsələlərin sistemləşdirilməsi və idarə edilməsi isə ümumi analitik planda yaxın 15-20 il üçün milli neft strategiyasının tərkib hissəsi kimi «Enerji Strategiyası»nın da işlənib hazırlanmasını zəruri edir.

 

 

Ədəbiyyat siyahısı

1

Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006, 509 s.

2

Ергин Д. Добыча. Всемирная история борьбы за нефть, деньги и власть. М.: Де Нова. 1999. 968 с.,

3

Мир-Бабаев М.Ф. Краткая история азербайджанской нефти. Баку, «Азернешр», 2009, 376 с.,

4

Осбринк Б. Империя Нобелей: история о знаменитых шведах, бакинской нефти и революция в России. М.: Текст, 2003, 409 с.

5

Мирзаджанзаде А.Х., Султанов Ч.А. Этюды нефтяной концепции Азербайджана. Баку: 1994, 100 с

6

Əliyev H.Ə. Azərbaycan nefti dünya siyasətində. Bakı: 1997, 478 s.

7

Алиев И.Г. Каспийская нефть Азербайджана. М.: Известия, 2003. 798 с.

8

Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində. Bakı: Elm, 2000, 257 s.

9

Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli, Bakı: Elm, 2002, 472 s.

10

Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası. Bakı: Elm, 2003, 512 s.

11

http://www.oilfund.az - ARDNF.

12

http://www.socar.az - ARDNŞ.

13

Azərbaycanın statistik göstəriciləri 2011. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: «9 №-li kiçik müəssisə» 2011, 848 s.

14

https://www.cia.gov - CIA, The World Factbook, 2011 - ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi.

15

http://www.azstat.org - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

16

Hacızadə E.M. Azərbaycanın təbii qaz potensialı: reallıqlar və virtual cizgilər. Bakı: Elm, 2001, 186 s.

17

http://www.president.az - Azərbaycan Respublikası Prezidentinin saytı.

18

www.europa.eu.int - Avropa İttifaqı.

19

http://www.azerenerji.com - Azərenerji ASC.

20

http://www.mie.gov.az - Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin saytı.

21

Müstəqil Azərbaycan - 20. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: «9 №-li kiçik müəssisə», 2011, 640 s.

22

http://www.economy.gov.az - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi.

23

Самедзаде З.А «Этапы большого пути - Экономика Азербайджана за полвека, её новые реалии и перспективы». Баку: Издтельско-Полиграфический Центр  «НУРЛАР», 2004, 936 с.

24

http://www.energystrategy.ru - Rusiya Federasiyanın enerji strategiyası üzrə saytı.

25

http://www.iea.org - Beynəlxalq Enerji Agentliyi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Гаджизаде Эльшан Махмуд оглы

доктор экономических наук, профессор,

Азербайджанский Государственный Экономический Университет,

 

Аннотация

 

Императивы национальной нефтяной стратегии

 

Цель исследования - обобщение императивов национальной нефтяной стратегии в концептуальном аспекте, оценка потенциала развития энергетического сектора на современном этапе, а также обоснование перспективных модельных целей национальной нефтяной стратегии на близкие и средние сроки.

Методология исследования - в трендном и ситуационном подходе основывается на методы схематического моделирования и прогнозирования систематического анализа.

Результаты исследования - обоснование императивов национальной нефтяной стратегии и перспективных модельных целей в концептуальном аспекте и представление ее схематической структуры .

Ограничения исследования - отсутствие ведения альтернативной оценки и прогнозирований в связи с многосторонностью  ассортимента методов в установлении императивов национальной нефтяной стратегии

Практическая значимость исследования - возможность использования в подготовке модели развития на базе определяющих императивов национальной нефтяной стратегии энергетического сектора.

Оригинальность и научная новизна исследования - впервые отражается обобщение императивов национальной нефтяной стратегии в концептуальном аспекте.

 

Ключевые слова: экономика Азербайджана, энергетический сектор, национальная нефтяная стратегия, энергетическая безопасность.

 

 

Hajizadeh Elshan Mahmud oqli

Ph.D. of Economy,

Azerbaijan State Economic University

 

Abstract

 

The imperatives of the national oil strategy

 

Purpose - generality of the imperatives of national oil strategy for the conceptual phase, evaluation of potential energy development at the current stage and the reasons for complex modeling purposes of the national oil strategy in near and medium terms.

Design/methodology - trendnom and situational approach is based on the methods of diagrammatic modeling and forecasting methods of systematic analysis.

Findings - imperative justification of national oil strategy and future goals for modeling conceptual phases and its schematic representation of the structure.

Research limitation - lack of alternative assessment and prediction according to versatility variety of methods in establishing imperatives for national oil strategy

Practical implications- prospect for implementation of preparation model based development are defined by the imperatives of national oil strategy of energy sector

Originality/value - first time generalization reflects the imperatives of national oil strategy with in the conceptual stage

 

Keywords: Azerbaijan's economy, energy, national oil strategy, and energy security.

157. MILLI NEFT STRATEGIYASININ IMPERATIVLƏRI. Strateji təhlil. 2011, noyabr, N3.

Şəkil və diaqramları açmaq üçün məqaləni yükləyin: