gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / İLKİN NEFTQAZÇIXARMA İSTİSMAR SAHƏLƏRİNDƏ MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR

10.02.2012

İ.e.n. E.M.Hacızadə

XIX əsrdə neftin sənaye üsulu ilə çıxarılmasının iki mühüm mərkəzindən biri olan Azərbaycan ötən əsrin sonrlarından başlayaraq yenidən böyük dövlətlərin iqtisadi maraqlarının toqquşduğu məkana çevrilmiş, Xəzərdə aşkar edilən nəhəng karbohidrogen yataqları milli neft iqtisadiyyatını yeni aktiv mərhələyə gətirmişdir. Azərbaycanın neft-qaz sənayesinin nailiyyətləri, müvafiq güclü sahə infrastrukturu, hasilat ənənəsi, indiyədək burada çıxarılan karbohidrogen ehtiyatlarının 2 milyard ton şərti yanacağa ekvivalent həcmi, əlverişli coğrafi mövqe və nəhayət, dövlət müstəqilliyinin bərpa edilməsi, ümumi toplumda onu daha da cazibədar etmişdir. Bütün bu keyfiyyətlərdən qaynaqlanan proseslər 1994-cü il sentyabrın 20-də nəhəng beynəlxalq neft müqaviləsinin bağlanması ilə nəticələnərək dünya neft tarixinə «Əsrin müqaviləsi» adı ilə daxil olmuş, milli iqtisadiyyatın dirçəlişində, onun iqtisadi-siyasi həyatında yeni bir mərhələnin əsasını qoymuşdur. Neft sənayesinə yönələn investisiyalar «multiplikator effekti» ilə müşayiət olunaraq iqtisadiyyatın digər sahələrini əhatə etmişdir. «Əsrin müqaviləsi» güclü əks-səda doğuraraq yeni-yeni müqavilələrin bağlanmasına rəvac vermişdir. Sayı 21-i haqlamış bu müqavilələr yaxın 30 il ərzində 50-60 milyard ABŞ dolları məbləğində investisiyalara təminat verir.
Neft-qaz sənayesində aparılan islahatlar XXI əsrdə daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Respublika Prezidenti Heydər Əliyev tərəfindən əsası qoyulan yeni neft strategiyasının davamlı və uğurlu nəticələri indi daha geniş diapazonda təcəssümünü tapır. İnanmla demək olar ki, respublikamızda böyük hasilatı təmin edən strukturlar formalaşmış, neftin və qazın dünya bazarlarına çıxışının çoxvariantlılığının ilkin konturları reallaşmış, Bakı-Tbilisi-Ceyhan neft, Xəzəraşırı qaz kəmərlərinin inşası gerçəkləşməyə qədəm qoymuşdur. İndiki reallıqlar əsas verir ki, yaxın illər ərzində respublikamız Xəzərin enerji resurslarını Avropa bazarlarına çıxaracaq ən mühüm ərazi olacaq, bərpa olunan Böyük İpək yolu isə həm də bütün regionu tranzit-ixrac məkanına çevirəcəkdir. Lakin bütün bu əlamətdar hadisələr heç də Azərbaycanda neftlə bağlı bütün problemlərin öz həllini tapdığına dəlalət etmir. Heç şübhəsiz ki, başlanan əzəmətli işlər ardıcıl və sistemli olaraq tərəqqi yolunu davam etdirəcəkdir. Bununla belə, yeni yataqlarda xarici investorlarla sıx təmasda müştərək fəaliyyətimizi inkişaf etdirməklə yanaşı, köhnə istismar sahələrində də hasilatın yüksəlişinin təmin edilməsinin qayğısını çəkməliyik. Mütəxəssislərin son araşdırmalarına görə Azərbaycanın qurudakı ərazilərində karbohidrogen ehtiyatlarının potensialı 800-1000 milyon ton hesablanır.  Bu gün burada mövcud 42 neft-qaz yatağında 130 milyon ton neftin, 30 milyard kubmetr qazın olması geoloji təsdiqini almış faktdır. Sürətlə kəşf olunan və ehtiyat təsdiqini almış yataqlarda indiki hasilat istismarın XXII əsrə qədər davam edəcəyini aşkar göstərir. Lakin bu sürətlə böyük zaman əhatəsində hasilatın davam etdirilməsi o qədər də səmərəli deyildir. İndi istismarın son mərhələsini yaşayan quru sahələrində uzun müddət kök salmış ekstensiv və intensiv hasilat layların enerjisini tükətmiş, ehtiyatları azaltmış, dağ-mədən şəraitini daha da çətinləşdirmişdir. İndi əlavə xərclər məsrəf etmədən neftin çıxarılması mümkün deyildir. Quyu fondunun, avadanlıqların köhnəlməsi, maliyyə, təchizat problemləri təsərrüfatının rentabelli işlənməsinə əngəllər yaratmışdır. Sahənin böhran məcrasına girişi Sovetlər İttifaqının dağılmasının ilk onilliyi ərəfəsində başlansa da, 1980-ci illərin sonunda daha acınacaqlı vəziyyətə düşmüşdür. İnkarolunmaz bir fakt da ondan ibarətdir ki, 1970-ci illərin ortalarında Moskvada mərkəzi hökumətin qəbul etdiyi qərar Xəzərin, həm də Azərbaycanın enerji ehtiyatlarının mənimsənilməsinə ayrılmış sərmayələrin Sibirdəki yataqların istismarına yönəldilməsinə səbəb olmuşdur. Belə strategiya Azərbaycanın neft sənayesinə ciddi təsir göstərmişdir. Lakin fədakar neftçilər məhdudlaşdırılan kapital qoyuluşuna baxmayaraq öz gərgin əməkləri ilə hasilatın xeyli müddət sabit saxlanılmasını təmin etmişlər.
Köhnə yataqlarda tənəzzül meyillərinin hazırkı məqamda təcrid olunması bir sıra amillərdən asılıdır. Bütün bunlar respublika neft-qaz sənayesinin aktual səciyyə daşıyan problemlərinin elmi cəhətdən ətraflı tədqiq edilməsi zərurətində ifadə olunur. İndi respublikanın qurudakı sahələrində  neftin 17%-i, qazın isə 4,6%-i hasil edilir. Bir neçə ildir ki, burada hasilat azalmışdır. İldə 1,5-1,6 milyon ton neft, 240-250 milyon kubmetr qaz istehsal edilir. Hazırkı hasilat göstəricilərini yalnız Azərbaycanda sənaye üsulu ilə neftçıxarmanın başlanğıc dövrü - XIX əsrin 70-80-ci illəri ilə müqayisə etmək olar.
Köhnə yataqlarda yaranmış böhranlı vəziyyətin aradan qaldırılması dərin iqtisadi islahatlar aparılmasını diktə edir. Yeni gəlmişkən qeyd etməliyik ki, yeni iqtisadi sistemə keçidlə əlaqədar sahədə bir sıra mühüm addımlar atılmış, öncə tələb olunan əksər işlər görülmüş, daha geniş layihələrin təməli qoyulmuşdur. Bağlanan beynəlxalq neft müqavilələrinin 5-i qurudakı yataqların işlənilməsinə yönəlmişdir, xarici sərmayədarların iştirakı ilə neftqazçıxarmada 6 müştərək müəssisə təşkil edilmişdir. Bazar prinsiplərinə uyğunlaşmada bütün bunlarla yanaşı, digər zəruri komponentlər də işlənib hazırlanmış və həyata keçirilmişdir.
Lakin görülməsi çox vacib olan işlərin miqyasını yetərli hesab etmək olmaz. Zənnimizcə, quruda neftqazşıxarma istehsalında iqtisadi islahatlar kompleks şəkildə aparılaraq respublikanın iqtisadi strategiyası, islahat manevrliyi və digər potensial, praktik xüsusiyyətləri də nəzərə almalıdır. Neftqazçıxarma sənayesində əvvəllər buraxılmış səhvlər təkrar edilməməli, sahənin ahəngdar dinamik inkişafına kömək göstərəcək əsas istiqamətlər təhlil olunaraq müəyyən edilməlidir. Heç şübhəsiz ki, bütün bunların fövqündə bazaryönlü təsərrüfat mexanimzlərinin formalaşması, yeni iqtisadi münasibətlərin bərqərar edilməsi dayanır. İlkin şərt olaraq kompleksin mövcud potensialı və ehtiyatları, iqtisadi, elmi-texniki, insani resurslar bir daha dəqiqləşdirilməli, köhnə yataqların reabilitasiyası üçün elmi cəhətdən əsaslandırılmış proqram-layihələr işlənib hazırlanmalı, islahatlar prosesinin dərinləşməsinin davamlılığı təmin edilməlidir. Quruda neftqazçıxarma kompleksində iqtisadi islahatlar çoxşaxəli, çox istiqamətli və geniş həlqəliyi ilə fərqlənməlidir.
Bazar prinsiplərinə keçiddə iqtisadi islahatları tam dərinliyi ilə ifadə edən strategiya özəlləşdirmə ilə bağlıdır. Köhnə mülkiyyət münasibətlərinin köklü dəyişdirilməsi, yeni bazar təməlli təsisatların formalaşması və inkişafı son nəticədə daha müstəqil özəl formalı strukturun ərsəyə yetişməsini şərtləndirir. İndiki mərhələdə neftqazçıxarma sənayesinin strateji özəlləşdirilməsi təqdir olunmasa da, bu sahədə görüləsi işlərin əsasları indidən təyinatını almalıdır. Köhnə yataqlarda hasilatı təmin edən hasiledici kompleksin səhmləşməsi və onun ardıcıl olaraq özəl əllərə verilməsi proqramı öz həllini tapmalıdır. Bazar müstəvisinə qədəm qoyan iqtisadi strukturlarda özəlləşmə bir reallıqdır.
Neftqazçıxarmada qazma işlərinin ahəngdar aparılması mürəkkəb və çətin istiqamətlərdən biridir. İstehsalla qazmanın funksional əlaqəliyi istehsal artımı, yüksəlişi şərtləndirən cəhətlərdəndir. Son illərdə qazma işlərinin həcminin azaldılması, ümumi kontekstdə istehsalın sabitliyi və artımına ciddi təsir etmişdir. Vəsait və maliyyə çatışmazlığı demək olar ki, qazma prosesini səngitmişdir. Qazma işlərinin həcmini artırmadan sahədə mühüm iqtisadi yüksəlişə nail olmaq qeyri-mümkündür. Məhz buna görə də qazma strategiyasına iqtisadi islahatların üstün istiqaməti kimi yanaşmaq lazımdır.
Yüksək fondtutumu ilə fərqlənən neftqazçıxarma sənayesində iqtisadi islahatlar, əsas fondların geniş təkrar istehsalı bu problemlə bağlı olan amortizasiya ilə də əlaqələndirilməlidir. Neftqazçıxarmada amortizasiya məxsusi cəhətləri ilə fərqlənir. Renovasiya və innovasiya prosesinin mühüm mənbələrindən biri olan amortizasiya fondundan səmərəli, təyinatlı istifadə olduqca mühüm əhəmiyyət kəsb edir. İndi respublikada bazaryönümlü amortizasiya siyasətinin genişlənən imkanları çərçivəsində neftqazçıxarmada daha da çevik amortizasiyanı təmin edən mexanizmlər tətbiq olunmalıdır.
Neftqazçıxarmada səmərəliliyi yüksəldən vəzifələr sırasında struktur islahatlarının aparılması, idarəetmənin təkmilləşdirilməsi vacib vəzifələrdən sayılır. Plan-amirlik struktur və idarə etmədən qurtulmaq, iqtisadi alət və vəsaitlərə əsaslanan yeni idarəetmə mexanizmləri formalaşdırmaq islahatlar predmetini təşkil edən məsələ kimi həllini tapmalıdır.
Bazar iqtisadiyyatı direktiv maliyyə, hesablama sistemindən fərqli olaraq daha qəti və nağd pul ödənişlərini tələb edir. Keçid iqtisadiyyatının mənfi özəllikləri «ödəməmələr», boprclar problemi, zəif ödəniş qabiliyyətliliyi, azalan likvidlik neftqazçıxarma müəssisələrinin də maliyyə dayanıqlığına ciddi təsir edir. Neftqazçıxarmada iqtisadi səmərəliliyin ən çevik göstəricisi kimi maliyyə dayanıqlığı çıxış edir. Aşağı maliyyə dayanıqlığı bütünlükdə iqtisadi-texnoloji manevrliyi zəiflədir. Problemin həlli lokal səciyyəli məsələ deyildir. Ümumiyyətlə, keçid iqtisadiyyatına xas olan institusional zəiflik, total «ödəmələr», sosial və məşğulluq problemləri ümumi şəbəkədə maliyyəyə təsir edən amillərdəndir. Lakin bununla yanaşı, maliyyə dayanıqlığının spesifik, daxili çətinliklərinin həlli kompleksinin özündə axtarılmalıdır.
Neftqazçıxarmanın səmərəliliyinə təsir edən amillər sırasında sosial sferanın yenidən təşkili problemi də diqqət mərkəzində olmalıdır. Mənfəətin əksər hissəsini məsrəfləşdirən sosial strukturların özəlləşdirilməsi zamanı yetişmişdir. Bu strukturların bazasında yüksək standartlara cavab verən yeni servis-xidmət sahələri yaratmaq olar. Bu isə məşğulluğu xeyli mülayimləşdirərək istehsal xərclərində, məhsul vahidinin maya dəyərində əks olunacaqdır.
İqtisadi islahatların reaı nəticələri ümumilikdə istehsalın həcminə uyğun potensialın formalaşmasını ifadə edir. İstehsal xərclərinin azaldılması, ayrı-ayrı materialların məsrəfinin optimal limit və kvotasının təyinatı xeyli vəsaitin qənaətinə imkan yaradacaqdır. İstehsala uyğun fondtutumu, material və əməktutumu məhsulun maya dəyərini aşağı salaraq istehsalı rəqabət qabiliyyətli məcraya yönəldəcəkdir. Bütün bunlarla yanaşı, ekoloji qayğı, investisiyaların cəlb edilməsi, yeni mütərəqqi bazar müxanizmləri «nou-hau»lar köhnə yataqlarda istismarın müasir meyarlar əsasında davam etdirilməsinə zəmin olacaqdır. Hasilatda lisenziya, konsessiya formalı müqavilələrin tətbiqi, neftqazçıxarma idarələrinin səhmdar cəmiyyətlərə çevrilməsi, digər kollektiv icarə sistemlərinə keçid köhnə yataqlarda neft biznesinin inkişafına təkan verəcəkdir.
İlkin istismar sahələrində iqtisadi islahatların dərinləşməsi və təkmilləşməsi, səmərəliliyin iqtisadi artım və dirçəlişlə təmin edilməsini apardığımız təhlilə müvafiq olaraq aşağıdakı istiqamətlərdə yuvarlaqlaşdırmaq mümkündür:
*bütün aktivlərin, ehtiyatların və iqtisadi resursların potensialının bir daha dəqiqləşdirilməsi və səfərbər edilməsi;
*qanunvericilik bazasının təkmilləşdirilməsi və genişləndirilməsi;
*yeni iqtisadi hüquqi münasibətlərin formalaşdırılması;
*fiskal vergi siyasətinin ahəngdarlığı və təkmilləşdirilməsi;
*strtuktur islahatları və yeni rentabelliyin təminatı;
*marginal yataqların istismarına milli sahibkarların cəlb edilməsi, lisenziya və konsessiya üsullu pilot müəssisələrin təşkili;
*sosial strukturun özəlləşdirilməsi, yeni servis sahələrinin yaradılması;
*istehsal xərclərini, məhsulun maya dəyərini azaldan kompleks tədbirlərin işlənib hazırlanması və optimallaşdırılması;
*məşğulluğun mülayimləşdirilməsi;
*azad rəqabəti təmin edəcək satış müstəqilliyi və akkreditiv hesablaşma sisteminin tətbiqi;
*ekoloji intizamın gücləndirilməsi;
*informasiya təminatı və nəzarət mexanizmini gücləndirən tədbirlər və monitorinq sisteminin tətbiqi.
Sadalanan tədbirlər sistemində islahatların istiqamət nomenklaturasını genişləndirmək, müəyyən cəhətlərin təftişi də istisna deyildir. Apardığımız təhlilə istinadən məhz indiki reallıqlar konyukturasında araşdırılan istiqamətlərin daha qabarıq səciyyə daşıdığı önə çəkilmişdir. Lakin bununla belə, islahatlar prosesi təbiətən permanent xarakterli olduğundan onların daim təkmilləşməsi və təshihi qaçılmazdır. Hesab edirik ki, mərhələli konturlarda aparılan iqtisadi islahatlar, hesablandığı zaman kəsiklərində yenidən müvafiq təhlilə və tədqiqə məruz qalacaqdır. Sabahın proqramları isə indidən hesablanmalı və işlənməlidir. Təməli «Əsrin müqaviləsi» ilə qoyulan, uğurla həyata keçirilən Azərbaycan dövlətinin yeni neft strategiyası iqtisadiyyatı səmərəli inkişaf pilləsinə çatdıracaq, istiqlalı dönməz, dövlətçiliyi möhkəm, iqtisadi dirçəlişi yenilməz edəcəkdir.

 

 

СОВРЕМЕННОЕ СОСТОЯНИЕ И ПЕРСПЕКТИВЫ НЕФТЕ-ГАЗОДОБЫЧИ НА ПЕРВИЧНЫХ ЭКСПЛУАТАЦИОННЫХ ПЛОЩАДЯХ

РЕЗЮМЕ

Новая геополитическая ситуация на Каспии, связанная с разведкой и переработкой углеводородных залежей, вывела Азербайджан в число стран, определяющих характер мировой нефтяной политики, превратив его в важнейший экономический центр региона. В то же время на старых нефтепромыслах, некогда принесших нашей стране всемирную славу, возникла во многом критическая ситуация: длительная экстенсивная и интенсивная добыча привела к снижению энергии пластов и досрочному истощению их запасов. Финансовые и технические трудности, медленная адаптация к рыночным условиям сделали добычу нерентабельной, ёще более усугубив положение. Все это требует настоятельного совершенствования нефтедобывающей сфере. В статье дан анализ динамики углеводородной добычи на суше, её тенденции и потенциал с учетом современных воззрений и рыночных отношений, определены направления разработки современных экономических механизмов реформ в духе времени и в соответствии с государственными интересами. В публикации обсуждаются такие вопросы, как структурные изменения, новые формы управления, сокращение производственных затрат, укрепление финансовых устоев и другие меры, стимулирующие рост производства в условиях рыночной экономики.


E.M.Hajizadeh

THE PROSPECT OF THE PRIMARY EXTRACTION OF OIL AND CAS

The new geopolitics situation an the Caspian sea, concerned with the exploring and working up of hydrocarbon deposits included Azerbaijan in the number of countries, determining the character of the world oil policy, turned in into the major economical centre of the region. At the same time on the old oil-fields, which in due time had brought a world glory to our country, the crisis situation in many respects sprang up: the long extensive and intensive extraction led to reduction of the energy of layers and premature exhaustion of their store. The financial and technical difficulties, the slow adaptation to the market conditions made the extraction unprofitable and still more aggravated the situation. The all requires the pressing perfection of oil-producing field. The analysis of the dynamics of the hydrocarbon extraction on land, its tendencies and potential in terms of the new views and market relations is given. The directions of the elaboration of the new economic mechanisms of the reforms in the spirit of time and in accordance with the state interest were determined. The questions such as the structural changes, the new forms of administration, the reduction of industrial expenses, the strengthening of financial foundations and other measures, stimulating the growth of production under the conditions of the market economy are discussed in the article.

32.İlkin neftqazçıxarma istismar sahələrində müasir vəziyyət və perspektivlər. DİRÇƏLİŞ-XXI ƏSR. АMEА-nın Аzərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi nəşri. Bakı. №8/42. 2001. 0,4 ç.v.