gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / QIYMƏTLƏNDIRMƏ VƏ AMORTIZASIYA AYIRMALARI

10.02.2012

AMEA İqtisadiyyat İnstitutu, i.e.n. E.Hacızadə

Azərbaycan Respublikasında bazar iqtisadiyyatına keçid dövründə amortizasiya ayırmalarının hesablanmasının açıq metodundan istifadəyə başlanmışdır. Bu sahədə tətbiq edilən müvafiq təlimat əvvəlki qaydalara nisbətdə mütərəqqi üstünlüklərə malikdir. Sürətli amortizasiya prinsiplərinin bərqərar olunması bir sıra şərtlərlə əhatəlidir. Sürətli amortizasiya prosesi bir tərəfdən istehsalın yeni texnika və texnologiyalarla təchizatına geniş imkanlar açır, digər tərəfdən isə istehsal xərclərinin müvafiq elementinin yüksəlməsinə səbəb olur. Respublikamızda sürətli amortizasiya siyasəti müəssisənin uçot siyasəti əsasında müəyyən olunur. Şübhəsiz ki, burada da müəssisələrə kifayət qədər sərbəstlik verilmişdir. Belə ki, müəssisələr istismarda olan, lakin faktiki işləməyən əsas vəsaitlərin konservasiya qaydalarını özləri müəyyənləşdirmə, müvafiq qruplar və ayrı-ayrı əsas vəsaitlərin növləri üzrə müxtəlif köhnəlmə normaları tətbiq edə bilərlər. Normadan əlavə köhnəlmə hesablamaq zərurəti yaranarsa, bu zaman artıq amortizasiya məbləğləri müəssisələrin sərəncamında qalan mənfəət hesabına həyata keçirilir. Sürətli amortizasiya prosesində kombinasiyalı və ya reqressiv şkala metodu daha cəlbedici görünür. Bu metod amortizasiya ayırmaları şkalası ilə hasilatın dinamikası arasında əlaqəni göstərməklə, yataqların işlənməsinin sonrakı mərhələsində daxil olmuş əsas istehsal fondlarının tam amortizasiya olunmasının maya dəyərində əks etdirir.
Milli neft-qaz sənayemizdə köhnə istismar sahələrində ƏİF-nın əksər hissəsi öz amortizasiya müddətini başa vurmuşdur. Onlar fiziki köhnəlmə ilə yanaşı, mənəvi aşınmaya da məruz qalmışlar. Xüsusən, Sovet texnologiyasına əsaslanan maşın və avadanlıqlar şübhəsiz ki, Qərbin qabaqcıl texnologiyalarından çox-çox geridə qalırlar. Aydındır ki, köhnə texnologiya ilə yüksək nailiyyətlər əldə etmək çətin bir işdir. Mənəvi və fiziki aşınmadan köhnələn ƏİF-nın silinməsi, onların yeniləri ilə əvəz edilməsi prosesinə mülayimlik gətirməklə orta müddətli renovasiya proqramları işlənib hazırlanmalı, uçot siyasətinə müvafiq olaraq əsas vəsaitlərin optimal aşınma müddəti müəyyən edilməlidir. Şübhəsiz ki, köhnə yataqlarda iqtisadi artımın təmin edilməsi və səmərəliliyin yüksəldilməsi təkcə amortizasiya amilindən asılı deyil. Burada iştirak edən amillər palitrası olduqca rəngarəngdir. Amortizasiya proseslərini araşdırarkən, aparılan faktorial təhlil göstərir ki, bu işin əsas həlqəsində ƏİF-nın təkrar istehsal prosesini əhatə edən amortizasiya strategiyası durur. Məhz bu aspekt amortizasiya amilinə diqqətin artırılmasını, ƏİF-nın texnoloji reabilitasiyasının aparılmasını bir daha aktual edir. Həm də nəzərə almaq lazımdır ki, düzgün amortizasiya siyasəti düzgün qiymətləndirmə siyasətindən asılıdır və bu baxımdan müəssisələrin ƏİF-nın qiymətlərinin real vəziyyətə uyğunlaşdırılması daim diqqətdə saxlanılmalıdır.
Fikrimizcə, respublikamızda amortizasiya prosesini əhatə edən mövcud qanunvericilik neftqazçıxarma sənayesinin davamlı inkişafı və səmərəli fəaliyyəti üçün yetərli sayıla bilməz. Belə ki, burada xüsusi qaydaların və təlimatların işlənib hazırlanmasına ehtiyac vardır. Bunu hasilat sənayesinin spesifikliyi və milli neft sənayesində indiki vəziyyət tələb edir. Belə hal daha çox köhnə yataqlarda istismarı bitmiş əsas istehsal fondlarının texniki təchizatına yeni stimul verər.
Dünya təcrübəsindən mövcud öncül yenilikləri, innovasion-texniki nailiyyətləri əxz etməklə, biz neft sənayemizin dirçələşinə mühüm dəyişiliklər gətirən uğurlu amortizasiya strategiyası işləyib hazırlamalı, onu ardıcıl olaraq tətbiq etməliyik. Bu istiqamətdə differensiasiya aparmaqla müəyyən müəssisələrin amortizasiya prosesində hüquqları genişləndirilə bilər. Belə xətt rentabelliyin təminatına, istehsalın yeni texnika və texnologiyalarla təchizatına təkan verər.


28.Qiymətləndirmə və amortizasiya ayırmaları. Müasir əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatı. II Beynəlxalq elmi-praktiki konfrans. Аzərbaycan Qiymətləndiricilər Cəmiyyəti, Аzərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Аzərbaycan Dövlət İqtisad Universiteti, Аzərbaycan Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası. (T.Ə.Paşayevlə müştərək). Bakı. 2001. 0,1 ç.v.