gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / YAŞIL ENERGETİKA: QLOBAL TRENDLƏR VƏ AZƏRBAYCAN REALLIQLARI

01.08.2021

Giriş

Müasir dünyada insanların təsərrüfat həyatının, cəmiyyətin, iqtisadiyyatın inkişafını elektroenergetikasız tәsәvvür etmәk çәtindir. Bu reallıq baş vermiş bütün sənaye inqilablarında da eyni əsasda olmuşdur. Kütləvi istehsalın miqyaslarının artması və inkişafının genişləndirilməsi ilə şərtlənən ikinci sənaye inqilabı isə məhz birbaşa elektrik enerjisinə borcludur. Yaşadığımız istehsalın avtomatlaşdırılması üçün elektronika və informasiya texnologiyalarından istifadəyə əsaslanan üçüncü sənaye inqilabı və hal-hazırda təşəkkül tapmaqda olan istehsalın ultra avtomatlaşdırılması, robot texnikası və süni intelektin biznesdə, hökumətin işində və şəxsi həyatda geniş tətbiqini səciyyələndirən yeni dördüncü sənaye inqilabının (“Sənaye - 4.0”) da daşıyıcı gücü elektrik enerjisi ilə sinxron bağlılıqdadır [3, 9].

Reallıq belədir ki, elektrik enerjisi istehsalı ölkənin iqtisadi potensialının mühüm güc göstəricisi hesab olunur. Qloballaşan dünyada baş verən meyllər göstərir ki, elektrik enerjisinə olan tələbat yüksələn templərlə davam etməkdədir. Bu artım yaxın iki onillik ərzində indiki istehsal və istehlak göstəricilərini orta hesabla daha 25-30% üstələyəcəkdir. Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatlarına görə, ötən 130 il ərzində onun toplam həcmi 9 milyard kVts-dan hazırkı 28500 TBts (teravatt saat) çatmışdır [13].

Qlobal energetik balansın 80%-i qazıntı yanacağına əsaslanır, onların da yarıdan çoxunu karbohidrogen təyinatlı resurslar təşkil edir. Bu isə o deməkdir ki, 2021-ci ildə təxminən 50 milyard ton qlobal istixana qazı emissiyasının 36 milyard tonu karbon qazı enerjisi hesabına buraxılmışdır. Statistika göstərir ki, yeni minillikdə ənənəvi enerji növlərindən - mədən yanacağının yandırılmasından istifadə planetə kəskinləşən böyük ekoloji problemlər gətirməkdədir [8]. Bu problemin kəskinliyini azaltmaq, onu aradan qaldırmaq üçün isə ənənəvi enerji mənbələrindən istifadə ilə yanaşı, alternativ olan qeyri-ənənəvi enerji ehtiyatların geniş təsərrüfat dövriyyəsinə cəlb olunmasına səylər edilir və bu istiqamətdə strategiyalar qurulur, dövlət proqramları hazırlanır, müvafiq institusionallıq reallaşdırılır [1, 6]. Bu sırada diqqət daha çox yaşıl enerji konsepsiyasına köklənir. Günəş işığı, külək və ya su kimi təbii resurslardan istehsal olunan istənilən enerji növü kimi yaşıl enerjinin hasilatı zamanı qazıntı yanacağından fərqli olaraq, atmosferə istixana qazlarının emissiyası yönəlmir və bu baxımdan da onun yaranması zamanı ətraf mühitə zərər vurulmur. Bu reallıq isə onun ekoloji təmizliyindən xəbər verir.

Bol enerji resurslarına malik Azərbaycanda da yaşıl enerji şəbəkəsinin qurulması dövlətin prioritetləri sırasındadır. O, enerji sektorunda aparılan islahatlar konsepsiyasının bütün başlıca sənədlərində əsas strateji xətt olaraq əksini tapıb. Hesablamalara görə ölkənin ümumi yaşıl enerji potensialı 27 min MVt-a yaxın hesablanır [10]. Bu potensiala Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng külək enerji toplumu çox misilli qatqılar gətirir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük Qarabağ zəfərindən sonra Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarını Yaşıl Enerji Zonası elan etmişdir. Onun “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi inkişaf prioritetləri təsbit olunmuşdur [15]. Qeyd olunmalıdır ki, bu prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, vurğulanmalıdır ki, həmin prioritetlər üzrə müvafiq vəzifələrin icrası “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə” sənədində və 2022-2026-cı illəri əhatə edən “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı”nda da öz əksini tapmışdır [15]. Hazırda ölkədə bu istiqamətdə miqyaslı olan müxtəlif proqram və layihələr üzrə əməli tədbirlər həyata keçirilməkdədir.

Bütün bunlardan irəli gələrək, məqalədə yaşıl energetika sektorunda qlobal trendlər, yaşıl iqtisadiyyat, yaşıl artım və dayanıqlı inkişaf kimi prioritet məsələlər, həmçinin bu sahədə Azərbaycanda mövcud vəziyyəti əks etdirən reallıqlar tədqiqat obyektinə çevrilmişdir.

 

Yaşıl enerji konseptləri: terminologiya, göstəricilər sistemi və metodologiya

Yaşıl energetika ilə bağlı tədqiqatların, bu istiqamətdə qlobal cari vəziyyətin və perspektivlərin dərin tədqiqi həmin istiqamətdə formalaşan terminologiya, göstəricilər sistemi və metodologiyaya analitik nəzər yetirməyi əsaslandırır.

İlk növbədə yaşıl energetikanı ümumi kontekstdə ifadə edən “Regenerativ və ya bərpa olunan enerji” və “Bərpa olunun enerji mənbələri” ilə bağlı anlayışlara baxmağımız gərəkli hesab olunur. Regenerativ və ya bərpa olunan enerji (Renewable or regenerative energy) bəşəri miqyaslar baxımından bərpa olunan və ya tükənməz enerji resurslarınının enerjisi kimi interpretasiya olunur. Sinonim olaraq “yaşıl enerji” kimi də anlaşılır [6, s. 26]. Belə enerjidən istifadənin əsas prinsipi kimi onun ətraf mühitdə daim baş verən proseslərdən alınması və onun texniki tətbiqi ilə bağlıdır. Regenerativ enerji təbii resurslardan - günəş işığı, külək axınları, qabarmalar və geotermal istilik kimi təbii bərpa olan mənbələrdən alınır. Bunun üçün əsas vacib şərt onun təyin olunmuş ərazidə mövcudluğu, xarakterik cəhət isə ölkənin, ərazinin, təsərrüfatın bərpa olunmayan enerji resurslarından (neft-qaz və s.), onun qiymətindən asılılığının azaldılmasıdır. Satistika göstərir ki, son iki ildə qlobal enerji istehlakının 26-28%-i bərpa olunan enerji mənbələrindən qarşılanmışdır ki, bunun da əksəriyyəti - təxminən 60%-i hidroenergetikanın payına düşür [14].

Bərpa olunun enerji haqqında bəhs etdikdə, onun mənbələri haqqında da biliklərimiz də ifadə olunmalıdır. Belə ki, “Bərpa olunun enerji mənbələri” - BOEM (Restore energy sources) insan istifadəsi nəticəsində tükənə bilməyən energetik mənbələri ehtiva edir. Burada əsas prinsip enerjinin ətraf mühitdə baş verən proseslərdən və ya bərpa olunan üzvü resurslardan çıxarılması və onun texniki istifadə üçün təmin edilməsidir. Bir çox hallarda Alternativ enerji mənbələri həm də regenerativ - BOEM kimi çıxış edir. Buna baxmayaraq, bu terminlər tamamilə bir-birini əvəz edilə bilməz. Bu ondan irəli gəlir ki, bir sıra Alternativ enerji mənbələri məhdud resurslara əsaslanır. Alternativ enerji mənbələri (Alternative energy sources) külək enerjisi, günəş enerjisi, alternativ hidroenerji (qabarma və çəkilmə, dalğa), yerin dərinliyinin istiliyi, geotermal enerji, hidrogen enerji, bioenerji, bölüşdürülmüş enerji istehsalı (daxili ehtiyaclar üçün yaradılan elektrik enerjisin qalıq hissəsinin ümumi xəttə verilməsi), kosmik enerji (fotoelektrik elementlərin Yer orbitindən mikrodalğa şüalanması formasında ötrürdüyü enerji) və s. qeyri-ənənəvi enerji mənbələrini birləşdirir [11]. BOEM hamısı Alternativ enerji mənbələridir. Alternativ enerji mənbələri BOEM ilə yanaşı bir sıra qeyri-ənənəvi bərpa olunmayan enerji mənbələrini də ehtiva edir. BOEM-in əsas hissəsi olan günəş, külək və atmosfer suları enerjisi iqlim resursları (climate resource) da adlandırılır. BOEM-dən istifadədə yeni texnologiyaların tətbiqi sürətlə genişlənir [2].

Elektroenergetikanın vacib xüsusiyyəti kimi onun məhsulunun - yəni elektrik enerjisinin sonrakı istifadə üçün yığıla bilməməsi çıxış edir. Elektrik enerjisinin istehsalı elektrik stansiyasının özünün ehtiyacları və şəbəkədəki itkiləri nəzərə almaqla, zamanın hər anında istehlak ölçülərinə uyğun olmalıdır [1]. Ona görə də, elektroenergetika sabitlik, qalıcılıq, fasiləsizlik və dərhal həyata keçirilmə xüsusiyyətliliyinə malikdir.

Alternativ enerji mənbələrinin mənimsənilməsi, xüsusən də mümkün aktiv mənimsənilməsi vacib şərtlidir. Bu ondan irəli gəlir ki, bəşər sivilizasiyası qlobal istiləşmə problemi ilə qarşı-qarşıyadır. Burada mahiyyət ondan ibarətdir ki, kömürün, neft və qazın yandırılması zamanı elektrik və istilik enerjisinin alınmasında, həmçinin benzin və dizel yanacağının nəqliyyat vasitələrinin işinin təmin edilməsi prosesində sərbəst buraxılan karbon dioksid - CO2 planetin ətraf məkanla istilik mübadiləsinə təsir göstərir, nəticədə istixana effekti yaranaraq iqlim dəyişlikləri ilə müşayiət olunur [5, 8].

Bu çevrədə dövr edən yaşıl energetika və yaşıl enerji kimi terminologiyalara diqqət yetirdikdə isə görərik ki, yaşıl energetika son onillikdə əsl trendə çevrilmişdir. Onun məramında bir çox ölkələri karbohidrogen asılılığından xilas etmək missiyası dayanır. “Yaşıl energetika” BOEM-dən istifadə edən enerji istehsalı sisteminin bir hissəsidir. Bu baxımdan da o, regenerativ və ya bərpa olunan enerji hesab olunur. Konkret olaraq yaşıl energetika dedikdə, ətraf mühiti çirkləndirmədən enerjinin əldə edilməsi nəzərdə tutulur.

“Yaşıl energetika”nın aidiyyəti komponenti olan yaşıl enerji əsasən altı ən ümumi formanı özündə birləşdirir. Buraya günəş enerjisi, külək energetikası, hidroenergetika, geotermal enerji, biokütlə və bioyanacaq daxildir. Yaşıl enerji mühüm əhəmiyyətlidir. Bu əhəmiyyətlilik bütün BOEM sistemdə olduğu kimi, ətraf mühit üçün vacib şərtlidir. O, qazıntı yanacaqlarının mənfi təsirini daha təmiz alternativlərlə əvəz edir. Təbii ehtiyatlardan əldə olunan yaşıl enerji bərpa olunan və təmizdir. Yəni bu zaman az miqdarda istixana qazları emissiya olunur və ya heç buraxmır. Yaşıl enerji mənbələri tükənməzlik parametləri ilə də fərqlənir. Təkcə günəş enerjisinə baxdıqda görərik ki, Hər il yer səthinə təxminən 173 PW (1015 vatt) günəş enerjisi daxil olur ki, bu da planetimizin ehtiyacından 10 min dəfə çoxdur. Yaşıl enerji həm də iqtisadi, maliyyə və həm də antiböhran effektlidir. O, sabit enerji qiymətlərinə səbəb olur. Onun dövriyyəsi qiymət artımları və ya təchizat zəncirinin pozulması kimi təsirlənmir. Yeni iş yerləri yaradır, məşğullun təminatını möhkəmləndirir. Statisika göstərir ki, ötən son 2 ildə onun təsisatları ilə dünya miqyasında 20 milyona yaxın iş yeri açılmışdır [7, s 33, 12]. Lokal təchizata yönəldiyi üçün onun qlobal təsirləri da az olur, onun geniş istifadəsi belə geosiyasi böhranlara gətirmir. Belə ki, enerji istehsalının yerli xarakterinə görə onun enerji infrastrukturu daha çevik olur. Onu fasilələrə səbəb ola biləcək mərkəzləşdirilmiş mənbələrdən daha az asılılığı daha cəlbedici edir.

“Yaşıl energetika”nın keyfiyyət və əhəmiyyətini vurğulayarkən, onun problemli cəhətlərinə də baxılmalıdır. Həm toplanmış təcrübə və həm də mütəxəssis rəyləri onları sadalamağı imkanlı edir. Bu sırada ilk öncə yaşıl enerjinin ötürülməsi xərclərinin böyük olması göstərilir. Belə ki, istehsal məsafəsindən asılı olaraq onun reallaşdırması üçün əlahiddə infrastruktur təminatı olmalıdır. Günəş batareyalarının, külək qurğularının və həmçinin enerji saxlama cihazlarının utilizasiyasında xərclər böyükdür. Digər tərəfdən onu da bilməliyik ki, bərpa olunan enerji bu gün mövcud olan bir çox cihazı və prosesləri birbaşa əvəz edə bilməz. Belə ki, biz bu gün qazıntı yanacağı olmadan külək turbinləri, günəş panelləri istehsal edə və ya su elektrik stansiyaları tikə bilmərik. Buna əsaslı nail olmaq üçün ən azı 20 il qazıntı yanacaq sistemlərinə ehtiyac olacaqdır [12]. Təkcə bərpa olunan enerji ilə hazırda edə bilməyəcəyimiz bir sıra digər obyektivlər var. Bu sıyahıda polad, sement, asfalt, gübrə, plastik və sairəni nümunələrdirə bilərik. Bütün bunlar onu gəstərir ki, yaşıl enerji epoxasına tam keçid azı yarım əsr vaxt aparacaqdır. Digər tərəfdən bu enerji növünün geniş aprobasiyası da yaşanmalıdır.

Digər energetik ölçmələr kimi “Yaşıl energetika” da metodoloji sistemə malikdir və onun kəmiyyət və keyfiyyətini xarakterizə edən göstəricilər və indekslər vardır. Onun mühüm göstəricisi kimi struktur elementlərinin konfiqurasiyası və milli elektroenergetik potensalındakı nisbət tutumu və adambaşına düşən istelak payı çıxış edir. Digər formalaşmada olan göstəricilər kimi, bir ailəyə düşən elektrik enerjisi, bir ailənin yemək hazırlaması üçün tələb olunan enerji tələbatı, bir ailənin isti su tələbatı və s. göstərilə bilər.

“Yaşıl energetika” ilə bağlı fikirlərimizi, “Dayanıqlı energetika”, “Yaşıl iqtisadiyyat” və “Yaşıl artım” konsepsiyaları ilə də zənginləşdirməyə ehtiyac vardır.

Dayanıqlı energetika (Sustainable energy) gələcək nəsillərin ehtiyaclarını ödəmək qabiliyyətinə xələl gətirmədən indiki ehtiyacları ödəyən energetika kimi şərh olunur. Dayanıqlı energetikanın əksər tərif və təyinatlarına istixana qazları emissiyaları kimi ekoloji və energetika yoxsulluğu kimi sosial və iqtisadi aspektlərin nəzərə alınması daxildir. Dayanıqlı energetikanın reallaşma komponenti olaraq dayanıqlı enerji, ekoloji təmiz mənbələrdən və ekoloji təmiz texnologiyalar vasitəsilə hazırlanmış enerji təchizatı kimi ifadələndirilir. O, enerji daşıyıcılarının ağıllı və məsuliyyətli istifadəsini özündə ehtiva edir. Bu anlayış enerjinin istehsalından başlayaraq, onun son enerji istehlakçısı tərəfindən istifadəsi ilə başa çatdırılmaqla bütün prosesə şamil edilir [7].

Yaşıl iqtisadiyyat (Green economy) iqtisadiyyatın təbii mühitdən asılı komponenti hesab edilən iqtisad elminin XX əsrin sonunda formalaşmış istiqaməti kimi şərhini tapır. Yaşıl iqtisadiyyat konsepsiyasına iqtisad elminin və fəlsəfənin bir çox digər istiqamətlərinin - feminist iqtisadiyyat, postmodernizm, resurs yönümlü iqtisadiyyat, ekoloji iqtisadiyyat, ətraf mühit iqtisadiyyatı, antiartım, antiistehlakçılıq, antiqlobalizm, yaşıl anarxizm, yaşıl siyasət, beynəlxalq münasibətlər nəzəriyyəsi və s. sahələrin fikirləri daxildir. Yaşıl iqtisadiyyat nəzəriyyəsi üç aksiomaya əsaslanır - məhdud bir məkanda təsir dairəsini sonsuz genişləndirmək mümkün deyil; məhdud resurslar şəraitində sonsuz artan ehtiyacların ödənilməsini tələb etmək mümkün deyil; Yer səthindəki hər şey bir-birinə bağlıdır [4].

Yaşıl iqtisadiyyata elmi metodoloji aspektdə yanaşdıqda görərik ki, ona metapredmetik metodologiya xasdır. Bu ondan irəli gəlir ki, burada elm müəyyən inteqrasiyalarda digər elmi sahələri ilə kəsişir. Yaşıl iqtisadiyyatla bağlı fikrilərimizi ümumiləşdirdikdə görərik ki, o təbii aktivlərə təsir etməyən bir iqtisadiyyatdır. Yaşıl iqtisadiyyat konsepsiyası resursların qorunmasını dəstəkləyir və təbiətə mənfi təsirləri azaldır Burada alınan nəticə həm də odur ki, yaşıl iqtisadiyyatın özəyində yaşıl energetika konsepsiyası da dominantlıq təşkil edir.

Bir insanın həyat keyfiyyətinin artması təbii kapitalın artması ilə yanaşıdır. Bu isə “Yaşıl artım” adlandırılır. “Yaşıl artım” (Green growth - green economic growth) təbii kapitalın təhlükəsizliyini təmin edən investisiyalar və innovasiyalar vasitəsilə iqtisadi iqtisadi artımın və inkişafın stimullaşdırılmasına yönəlmiş modeldir. Yaşıl artım ekoloji cəhətdən davamlı olan hipotetik iqtisadi artım yolunu təsvir edən termindir. Yaşıl artım strategiyaları sosial problemlərə və ədalət məsələlərinə diqqət yetirərək, yaşıl iqtisadiyyata keçid prosesinin nəticəsi olaraq davamlı inkişafa gedən yolda tərəqqini sürətləndirir. Yaşıl artım konsepsiyası dörd prinsipin istifadəsinə əsaslanır: eko-effektivlik prinsipi (məhsulun həyat dövrü ərzində ətraf mühitə təsirin minimuma endirilməsi zamanı əmtəə və xidmətlərin faydalı xassələrinin maksimuma çatdırılmasını nəzərdə tutur); resurs qənaəti prinsipi (təbii ehtiyatların qorunmasının zəruriliyi nəzərə alınmaqla idarəetmə qərarlarının qəbul edilməsini nəzərdə tutur); vəhdətlik rinsipi (inkişaf prosesində iştirak edən milli iqtisadiyyatın bütün subyektlərinin fəaliyyətinin razılaşdırılmasını nəzərdə tutur); sektorlararası prinsip (qərarların qəbul edilməsi prosesinə cəmiyyətin müxtəlif sektorlarının nümayəndələrinin cəlb olunmasını nəzərdə tutur) [7]. Yaşıl artım siyasətinin tərəfdarları iddia edirlər ki, yaxşı reallaşdırılan yaşıl siyasət bərpa olunan energetika, ekoloji təmiz kənd təsərrüfatı və ya davamlı meşə təsərrüfatı kimi sektorlarda məşğulluğu təmin etməyə imkan yarada bilər.

BMT, İqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı yaşıl inkişaf strategiyaları işləmişlər. Mənzil qərargahı Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən beynəlxalq hökümətlərarası təşkilat Qlobal Yaşıl İnkişaf İnstitutu - GGGI isə bu məsələ ilə xüsusi məşğul olur [16, 17]. “Yaşıl artım” termini milli və ya beynəlxalq strategiyaları təsvir etmək üçün istifadə olunur. COVİD-19 tənəzzülündən sonra iqtisadiyyatın bərpasını həm də “yaşıl bərpa” olaraq adlandırırlar.

İqtisadiyyatda resursların istifadəsini ölçmək üçün müxtəlif göstəricilərdən istifadə olunur. Bu sırada Daxili Maddi İstehlak (DMC) daha fərqli mövqe tutur. Avropa İttifaqı öz resurslarının performansını ölçmək üçün məhz DMC-dən istifadə edir. Bu göstərici əsasında bəzi inkişaf etmiş ölkələrin iqtisadi artımdan maddi istifadənin nisbi və ya hətta mütləq ayrılmasına nail olduqları müəyyən edilir. Lakin DMC təchizat zəncirləri nəticəsində resursların istifadəsinin dəyişməsini nəzərə almır. Buna görə də burada digər göstərici Maddi İz (MF) dövriyyədədir [11, 13]. Bu göstərici istehsal zəncirinin başlanğıcından sonuna qədər resursların istifadəsini əhatə etməyə çalışır.

 

Dünya elektroenergetikasında yaşıl enerji potensiallığı

Müasir dünyada elektrik enerjisinin 60%-i İstilik Elektrik Stansiyaları - İES-lərdə (ABŞ, Rusiya, Çin, Hindistan, Yaponiya - 70-80%), 16%-i Su Elektrik Stansiyaları - SES-lərdə (Rusiya, Çin, Braziliya, Kanada - 50-60%), 16%-i AES-lərdə (ABŞ və Fransa 50%, Çin və Rusiya 20%), qalan hissəsi 8%-ə yaxını Alternativ Enerji Mənbələri AEM-lərdə (Çin, ABŞ, 35-50%, Almaniya, İspaniya 20-24%) istehsal edilir [13]. Hazırda qlobal miqyasda karbohidrogen resurslarının tükənməsi prosesi davam edir. Bununla yanaşı, böyük SES-lərin generasiyası da azalmaqdadır. Digər tərəfdən onların saxlanılması xərcləri və ekoloji fəsadlığı artmış və yenilərinin inşa perspektivliyinin aktuallığı məhdudlaşmışdır. Bütün bunlar qlobal istiləşmə fonunda BOEM-dən istifadəni daha da genişləndirmiş, ənənəvi xətti iqtisadiyyatın dairəvi və yaşıl iqtisadiyyatlarla əvəzlənməsi prosesi güclənmişdir. Eyni zamanda, dünya energetikasının aparıcı dövlətləri əlverişli və rentabelli enerji növü - nüvə enerjisindən istifadəni daha optimallaşdırmada, sahəyə yönələn investisiyaların önəmli hissəsinin problemin ən səmərəli elmi həllinə yönəltmədəki səylərini artırmışlar. Əlbəttə bu sırada qeyri-ənənəvi enerjidaşıyıcıların axtarışı prosesi daha sürətləndirilmiş və yaşıl energetikaya miqyaslı keçid təşəkkül tapmışdır. Bu baxımdan da hazırda bəşəriyyətin enerjidən yüksək asılılığı şəraitində əlavə enerji mənbələrinin imkanlarının öyrənilməsi çox mühüm rol oynayır. Dərk olunan odur ki, ənənəvi enerji mənbələri tükənən xarakterlidir, onların istifadəsi bahalı, ətraf mühitə zərərli təsiri böyükdür. Burada isə çıxış yollarından biri “yaşıl enerji”yə təməlli girişlə bağlıdır.

Yaşıl enerji mənbələrinin özəlliyi odur ki, onlar bərpası milyonlarla il çəkə bilən təbii qaz və ya kömür kimi qalıq yanacaq mənbələrindən fərqli olaraq, adətən təbii yolla yenidən yaranırlar. Həmçinin onların istehsal və istehlak zəncirində ekosistemə zərəri minimum olur.

Statistik təqdiqatlar göstərir ki, dünyada yaşıl enerji potensialı 2000-ci ildən bəri orta hesabla ildə 3,2% artım əldə etmişdir. Bu dövrdə ənənəvi enerjinin artımı isə 2 dəfə az, təxminən ildə 1,4% olmuşdur. BOEM-də enerji istehsalının ayrı-ayrı sektorlarında dinamika geniş olmuşdur. 2020-ci ildə yaşıl enerjinin artım payı 6% təşkil etmişdir. Hazırda müasir dünyada iri SES-lər istisna olunduqda AEM-lərdən istifadənin payı 8% hüdudlarındadır. Bu payda günəş 55%, külək 28%, biokütlə 10%, digərləri isə 7% həcmindədirlər. Bu sahə davamlı investisiyalaşdırılır və onun geri qaytarma müddəti 7-8 il çəkir [8].

Qeyri-ənənəvi enerjidən istifadənin geniş yayıldığı ölkələr sırasında Çin Xalq Respublikası (ÇXR), ABŞ, Braziliya, Hindistan, Almaniya Federativ Respublikası (AFR), Kanada, Yaponiya, Fransa və İtaliya ön sırada yer tuturlar. Aşağıda bu ölkələrdə AEM potensialını xarakterizə edən cədvəl verilmişdir:

 

Ölkələr

AEM potensialı (QVt)

Xarakterik cəhətlər

ÇXR

1000,0

Ölkədə kömür elektrik stsnsiyaları üstünlük təşkil edir və bu baxımdan dünyada ən çox CO2 tullantısı ixrac edir. Günəş enerjisindən istifadə üçün zəruri olan panellərin istehsalı üzrə ən böyük zavodlar burada yerləşir. Ölkə hidroenerji resurslarından istifadəyə görə də dünya liderlərindəndir 2040-cı ilə qədər 250 Qvt həcmində “yaşıl” enerjinin istehsalı planlaşdırır.

ABŞ

325,0

Ölkədə fotoenergetik transformasiya proqramı həyata keçirir və yaşıl enerjisinin 65%-ə yüksəldilməsi hədəflənir. Külək enerjisi potensialı çox yüksəkdir və ölkə həmçinin geotermal enerjinin inkişafı ilə də dünya lideridir. Ölkədə yerin nüvəsi və qabığı arasındakı temperatur fərqindən də enerji alınmasında istifadə olunur.

Braziliya

160,0

Cənubi Amerikadakı ən böyük külək gücünə sahib ölkə olaraq qalır.

Hindistan

147,2

Asiyada ikinci ən yüksək külək enerji gücünə sahibdir. Dünyanın quruda üçüncü ən böyük külək fermalarına sahibdir.

AFR

138,4

AEM elektrik enerjisinin payı burada 47,3% təşkil edir. Ölkə alternativ enerjiyə investisiyaları həcminə görə (illik 8-9 milyard avro) Avropada lider, dünyada isə 5-ci yerdədir.

Kanada

102,9

Kanadanın AEM gücü ölkənin enerji təchizatının 17%-ni təşkil edir. Burada külək enerjisi son 10 ildə əhəmiyyətli dərəcədə artaraq 6201 MVt-a çatmışdır.

Yaponiya

111,8

Fukusima Atom Elektrik Stansiyasındakı partlayışdan sonra hökumət enerji mənbələrini yeniləməyə başlamışdır.

Fransa

59,5

Qlobal günəş enerjisi istehsalının 3,3%-i onun payına düşür. Bu enerji növü daha çox kiçik stansiyalarda istehsal edilir. Həmin stansiyaların gücünün 5,4 QVt-a qədər artırması hədəflənir.

İtaliya

56,9

Ölkədə günəş enerjisinin əsas istehsalçılarından biri olaraq qalır Burada günəş istehsalının ümumi həcmi 12,5% təşkil edir. Onun köməyi ilə əhalinin 7%-i elektriklə təmin olunur.

 

Mənbə: Beynəlxalq Enerji Agentliyinin [13] materialları əsasında müəllif tərəfindən hazırlanmışdır.

Qeyd olunmalıdır ki, Rusiyada “yaşıl” energetika istiqamətində dövləti tədbirlər görülür. Rusiya-Ukrayna müharibəsinin gedişatına baxmayaraq ölkədə “yaşıl” energetika sahəsində fəaliyyətlər davam edir. Hazırda ölkədə “yaşıl” energetikanın payı təxminən 2%-ə bərabərdir. Hökumətin planına əsasən 2024-cü ildə bu göstəricinin 5,4%-ə qədər artması hədəflənir [13].

Aparıcı dünya ölkələrində yaşıl enerjiyə müxtəlif dəstək tədbirləri həyata keçirilir. Bunlar içərisində aşağıdakıları şərh etmək olar [6, 7, 9]:

• Yaşıl sertifikatlar (BOE əsasında müəyyən həcmdə elektrik enerjisinin istehsalını təsdiqləyən);

• Texnoloji qoşulma dəyərinin ödənilməsi (dövlət orqanları BOE əsasında layihələrin investisiya cəlbediciliyinin artırılması üçün generatorların şəbəkəyə birləşdirilməsinin texnoloji dəyərinin qismən və ya tam kompensasiyasını nəzərdə tuta bilərlər);

• Zəmanətli tariflər (istehsal olunmuş elektrik enerjisinin təsbit olunmuş qiymətlə alınmasının təminatı);

• Təmiz ölçü sistemi (dəstək tədbiri şəbəkəyə verilmiş elektrik enerjisinin ölçülməsi və həmin kəmiyyətin enerji təchizatı təşkilatı ilə qarşılıqlı hesablaşmalarda istifadə edilməsi imkanını nəzərdə tutur);

• Güzəştli vergi və gömrük rejimləri (Bərpa olunan enerji mənbələrinə yönəlik vergi stimullarının tətbiqi, əsas olaraq müxtəlif vergilər vasitəsilə yaranan sərbəstlik, istisna və güzəştlərə, o cümlədən güzəştli gömrük rüsumlarının tətbiqinə əsaslanır);

• İnvestisiya təşviqləri (dövlətin bərpa olunan enerji istehsalı və istehlakı mərhələlərində müəssisələrə aşağı faizli və uzun müddətli kredit vermə ilə ətraf vergisi güzəştləri, əlavə dəyər vergisi sərbəstlikləri və sürətləndirilmiş amortizasiya kimi vasitələrlə müxtəlif maliyyə xarakterli dəstəklər təmin etməsi).

O da vurğulanmalıdır ki, son 10 ildə yaşıl enerjiyə yönəlik investisiyalar orta hesabla 250-300 milyard ABŞ dolları həcmində tərəddüd etmişdir.

Yaşıl enerji sahəsində yaxın iki onilliyin inkişaf ssenarilərinə nəzər yetirdikdə görərik ki, kəskin strateji dəyişikliklər baş verməzsə, dünyanın enerjidaşıyıcılarına olan tələbatı növbəti 20 ildə 45% artacaq və bu artımın 87%-i inkişaf etməkdə olan ölkələrin, yarıdan çoxu isə ÇXR və Hindistanın payına düşəcəkdir. Nəticədə CO2 emissiyası da müvafiq olaraq artacaq (2030-cu ilədək təxminən 40-45%) və bu, Yer kürəsinin ümumi temperaturunun 6 oC-dək yüksəlməsi ilə müşayiət olunacaqdır. CO2 artımının dörddə üçü Çin, Hindistan və Yaxın Şərqin, 97%-i inkişaf etməkdə olan ölkələrin payına düşəcək. Dünya tendensiyasından fərqli olaraq, yalnız Yaponiya və Avropa İttifaqında tullantıların həcminin azalması müşahidə olunacaqdır [11, 13].

Yaşıl enerji sahəsində inkişaf 2025-2030-cu illərdə onun enerji istehlakında payını 5,8%-ə yüksəldəcək və bu pay ABŞ, Böyük Britaniya və digər inkişaf etmiş ölkələrdə 20% həddinə bərabər olacaqdır. Bu ssenaridə BOEM hesabına 2,8 milyon yeni iş yeri yaradılması və sahənin qlobal ÜDM-də 1,1% artımı təmin edəcəyi proqnoz ediləndir. Həmçinin bütün elektrik stansiyalarında istehsal olunan enerjidən iki dəfə çox enerji istehlak edən daxili yanacaq mühərrikli avtomobil nəqliyyatının da öz yerini elektromobillərə verməsi ilə qlobal enerji balansı dəyişəcəkdir. Bununla yanaşı, etanol alınması məqsədi ilə hasilatı bitmiş neft mədənlərinin enerji fermalarına transformasiyası genişlənəcəkdir. Bundan başqa, hidrogen əsaslı energetikaya əsaslı keçid baş tutacaq və həmçinin günəş elektrik stansiyalarının kosmosda quraşdırılması (orbitdə yerləşdirilən Günəş elektrik stansiyası enerjini akkumlyasiya edir və onu mikrodalğalı şüalanma və ya lazer axını vasitəsilə Yerə ötürür) ideyası da gerçəkləşəcəkdir [14].

 

Azərbaycanda yaşıl energetika və BOEM potensialı

Elektroenergetika Azərbaycan iqtisadiyyatının da baza sahəsi olaraq, əhalinin və cəmiyyət həyatının digər sferalarının inkişafının bilavasitə başlıca amili və zəruri şərti olaraq çıxış edir. Onun Azərbaycanda sənaye yaşı 130 ili ötmüşdür. Ölkədə elektroenergetika sahəsi 1890-cı illərdən - 9 milyard kVts elektrik enerjisi istehsalı ilə inkişafa başlamışdır. Sahə üzrə böyük sıçrayış 1950-ci ildən başlanğıc almışdır. Hazırda dünyada hər il orta hesabla 26-27 trilyon kVts elektrik enerjisi istehsal edilir. Bu həcm 1970-ci ilin istehsalından 5 dəfə, 1990-cı il istehsalından 2,3 dəfə və 2010-cu il istehsalından isə 1,3 dəfə yüksəkdir. İstehsal olunmuş elektrik enerjisinin 94,5%-i İES-lərin, 4,1%-i SES-lərin və 1,4%-i həcmi 100 MVt-ı aşan BOEM-in payına düşmüşdür [20, 21].

Azərbaycan da təbii enerji sərvətlərindən səmərəli istifadə edərək özünün elektroenergetika sahəsindəki təhlükəsizliyini təmin etmiş, onu davamlı və dayanıqlı inkişaf etdirməkdədir. Bunun nəticəsidir ki, son 20 il ərzində ölkənin elektrik enerjisi sistemi daha da gücləndirilərək qoyuluş gücü 7,2 min MVt-a yüksəldilmişdir. Bununla belə, qeyd olunmalıdır ki, Azərbaycan Ermənistan istisna olmaqla, elektrik enerjisinin bütün region dövlətlərinə ötürülməsi üzrə təminatlı infrastruktur imkanlarına malikdir və o, artıq bir neçə ildir ki, Türkiyə, Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadiləsi aparır [19].

Ölkədə elektroenerji təhlükəsizliyinin təminatında bərpa olunan enerji mənbələrin - külək, günəş, biokütlə və s. istifadənin genişləndirilməsinə də xüsusi önəm verilir. Bu məqsədlə yeni normativ baza formalaşdırılır, xarici əməkdaşlıq genişləndirilir, inkişafın yeni hədəflərinin direktivləri reallaşdırılır. Bütün bunlar isə əsaslı şəkildə elektroenergetika sektorunda da islahatların yeni mərhələsini şərtli etmiş və milli enerji təhlükəsizliyinin davamlı təminatı üzrə müvafiq strategiyanın formalaşdırılmasına zəmin olmuşdur.

Son hesablamalara görə ölkədə iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün BOEM potensialı 27 min MVt-a yaxın, o cümlədən, günəş enerjisi 23 min MVt, külək enerjisi 3 min MVt, bioenerji potensialı 400 MVt, dağ çaylarının potensialı 500 MVt-dan çox həcmində qiymətləndirilir. Buraya Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında hesablanan 157 QVt külək enerji toplumunu qatdıqda isə daha miqyaslı bir potensial yaranır [10, 19]. Qeyd olunmalıdır ki, Xəzər dənizinin bu potensialından istifadə ölkədə həyata keçirilən “yaşıl enerji” siyasətində mühüm yer tutur. Perspektivdə bu potensial ölkədən genişliklə miqyaslı elektrik enerjisinin ixracını təmin edəcək və həmçinin burada “yaşıl hidrogen” istehsalı ilə milli iqtisadiyyat əlavə dəyər əldə edəcəkdir.

Hazırda ölkədə mövcud BOEM potensialından istifadə səviyyəsi energetik balansda 1,2%-ə bərabərdir. Burada hər il orta hesabla 400 milyon kVts-a yaxın elektrik enerjisi istehsal olunur [19]. Son 15-20 il ərzində Respublikada, paytaxt Bakıda və bölgələrdə çoxsaylı günəş və külək elektrik stansiyaları inşa edilmiş, bir sıra məktəb və tibb məntəqələrində, avtomobil magistrallarında, ev təsərrüfatlarında günəş panelləri quraşdırılmışdır. BOEM-dən istifadənin genişləndirilməsi ölkə İES-lərində böyük həcmdə qaz yanacağına qənaət etməyə imkan verir. Burada əldə olunmuş qaz həcmləri isə iqtisadiyyatın digər sahələrinin tələbatının ödənilməsinə və ya ölkənin ixrac potensialının artırılmasına zəmin yaradır.

Azərbaycan yaşıl energetikadan istifadəni daim genişləndirir. Hazırda ölkədə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti Abşeron və Xızı rayonları ərazisində 240 MVt gücündə külək stansiyası, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkət isə Bakıda Qaradağ rayonu ərazisində 230 MVt gücündə günəş stansiyasının tikintisini aparır. Bundan başqa, Araz çayı üzərində ümumi gücü 200 MVt olan (Azərbaycan və İran tərəfinin hər birinə 100 MVt olmaqla) “Xudafərin”, gücü 80 MVt olan (Azərbaycan və İran tərəfinin hər birinə 40 MVt olmaqla) “Qız” qalası və 36 MVt gücə malik Ordubad SES-lərin tikintisi işləri də davam etdirilir [10].

2021-ci ildə ölkə üzrə BOEM hesabına istehsal edilən elektrik enerjisinin həcmi 339,2 milyon kVts olmuşdur ki, bunun da 91,5 milyon kVts-ı külək, 55,2 milyon kVts-ı günəş, qalan 193,2 milyon kVts-ı isə bioenerji mənbələrinin payına düşmüşdür. Bundan başqa, qeyri-dövlət sektoru tərəfindən BOEM hesabına 34,3 mln. kVts elektrik enerjisi istehsal olunmuşdur ki, onun da 59,8%-i KES-nin, 40,2%-i isə digər mənbələrin payına düşmüşdür.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərzisində gücü 3 MVt olan Günəş elektrik stansiyası istismara verilmişdir və bununla birlikdə muxtar respublikada elektrik enerjisinə olan tələbatın su elektrik stansiyaları da nəzərə alındıqda, 40%-i BOEM hesabına ödənilməsi təmin edilir [20, 21].

Görülən bu tədbirlər əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşmasına çox mühüm təsir göstərmiş, ümumilikdə 2003-cü ildən sonra elektroenergetika sahəsində aparılan islahatlar nəticəsində Azərbaycan elektrik enerjisi üzrə idxalçı ölkədən ixracatçı ölkəyə çevrilmişdir. İndi hər il ölkədən Türkiyəyə, oradan da Avropa bazarlarına orta hesabla 1 - 1,5 milyard kVts elektrik enerjisi ixrac olunur. İxrac coğrafiyası artıq Rumıniya və Macarıstanı da əhatə etmişdir [10, 19]. Ötən müddət ərzində həmçinin sahənin ümumi inkişafı, o cümlədən hüquqi prosedurların sadələşdirilməsi, şəffaflığın və istehlakçı məmnunluğunun təmin edilməsi istiqamətində yeni normativ-hüquqi aktlar qəbul olunmuş, qanunvericilik bazası təkmilləşdirilmişdir.

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında da böyük yaşıl enerji ehtiyatları vardır. Uzun müddət işğal altında olmuş bu torpaqlarda İES tikintisi realaşdırılmamışdır. İndi də hələ ki, buna xususi bir ehtiyac yoxdur. Çünki buranın böyük yaşıl enerji potensialı belə yanaşmanı arxa plana çəkir. Bu baxımdan da bir daha vurğulanır ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bütövlükdə Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarını Yaşıl Enerji Zonası elan etmişdir və burada ən müasir standartlara cavab verən enerji sistemi qurulması barədə tapşırıqlar verilmişdir.

İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 7200 MVt-a yaxın günəş, 2000 MVt-a yaxın külək enerjisi potensialı vardır. Həmçinin buradakı çayların da enerji gücü də yüksək qiymətləndirilir. İlkin məlumatlara görə, burada 30-a yaxın kiçik su elektrik stansiyası - KSES vardır. Lakin onların əksəriyyəti yararsız hala salınmışdır. Hazırda burada bir neçə stansiya bərpa edimiş və yeniləri inşa olunmaqdadır.

Aşağıdakı cədvəldə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud və layihələndirilən SES-lər və KSES-lər haqqında məlumatlar təqdim olunur:

 

Cədvəl

 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında

mövcud və layihələndirilən SES və KSES-lər

 

SES / KSES adı

Yerləşdiyi

Su hövzəsi

Gücü, MVt

Turbin sayı, ədəd

İstehsal gücü, mln. kVts

İqtisadi rayon

Ərazi

İstismara verilmiş SES və KSES-lər

1

Füzuli SES

Qarabağ

Füzuli r.

Baş Mil kanalı

25

4

70,0

2

Güləbird KSES

Şərqi Zəngəzur

Laçın r.,Güləbird k.

Həkəri çayı

8,0

2

20,0

3

Suqovuşan-1 KSES

Qarabağ

Tərtər ray.,

Suqovuşan q.

Tərtərçay çayı

4,8

3

13,4

4

Suqovuşan-2 KSES

3,0

3

7,0

5

Kəlbəcər-1 KSES

Şərqi Zəngəzur

Kəlbəcər ray.

Lev çayı

4,4

1

12,3

Cəmi

20,2

-

52,7

Tikintisi davam edən SES və KSES-lər

1

Xüdafərin SES

Şərqi Zəngəzur

Cəbrayıl r., Qumlaq

Araz çayı

*(Azərbaycan payına)

100*

2*

250,0*

2

Qız Qalası SES

Cəbrayıl r., Maşanlı

40*

2*

110,0*

3

Qamışlı KSES

Kəlbəcər

Qamışlı k.

Lev çayı

6,3

2

17,0

4

Meydan KSES

Meydan k.

Meydan çayı

3,4

2

9,5

5

Soyuqbulaq KSES

Soyuqbulaq k

Tərtərçay çayı

5,3

2

14,0

6

Çıraq-1 KSES

Çıraq k.

8,3

2

21,0

7

Çıraq-2 KSES

3,6

1

10,0

Cəmi

166,9

-

703,5

2022-2023-cü illərdə tikilməsi nəzərdə tutulan SES və KSES-lər

2022-ci il üzrə

1

Şayıflı SES

Şərqi Zəngəzur

Zəngilan

Şayıflı k

Oxçuçay çayı

10,5

2

33,8

2

Sarıqışlaq SES

Sarıqışlaq k.

10,5

2

33,1

3

Zəngilan SES

Zəngilan r

10,5

2

32,3

4

Cahangirbəyli SES

Cahangirbəyli k.

10,5

2

31,6

5

Zar KSES

Kəlbəcər r, Zar k.

Zar çayı

3,78

2

10,8

6

Ağbulaq SES

Laçın r., Ağbulaq k.

Hoçazsu çayı

14,25

2

49,9

7

Mişni KSES

Laçın r., Mişni k.

8,24

4

28,8

Cəmi

68,27

-

220,3

2023-cü il üzrə

1

Mirik  KSES

Şərqi Zəngəzur

Laçın

Mirik k.

Hoçazsu çayı

3,2

2

10,2

2

Qarıqışlaq KSES

Qarıqışlaq k.

3,8

2

12,1

3

Şeylanlı KSES

Şeylanlı k.

4,3

2

13,7

4

Alxaslı KSES

Alxaslı k.

6,0

2

19,2

5

Kəlbəcər-2 KSES

Kəlbəcər

Kəlbəcər r.

Lev çayı

1,0

2

3,2

6

Nadirxanlı KSES

Nadirxanlı k.

Tərtərçay çayı

8,2

3

26,1

7

Yuxarı Vəng SES

Yuxarı Vəng k.

12,5

3

40,0

8

Aşağı Vəng SES

Aşağı Vəng k.

19,5

4

62,4

9

Toğanalı KSES

Kəlbəcər-Göygöl r.

Kürəkçay ç.

4,6

2

17,8

Cəmi

63,1

-

204,7

Yekun - 28 ES (o cümlədən: SES-lər -10, KSES-lər-18)

318,5

-

909,2

 

Mənbə: “Azərenerji” ASC-nin [21] materialları əsasında müəllif tərəfindən hazırlanmışdır.

 

Bu ilin aprel ayında ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir: “Qarabağda günəş və külək enerjisi üçün hazırda biz BP ilə danışıqların yekun mərhələsindəyik. Cəbrayılda 240 meqavatlıq günəş enerjisi stansiyaları, həmçinin beynəlxalq şirkətlər ilə Kəlbəcərdə 100 meqavatlıq külək enerjisi stansiyaları haqqında - bundan əlavə, bu ilin yanvar ayından başlayaraq iki mühüm hadisə, təməlqoyma mərasimi olub: ümumi olaraq 470 meqavat gücündə bir günəş, bir külək enerjisi stansiyası tikmək üçün. Biri Səudiyyə Ərəbistanının bu sahədə aparıcı şirkəti “ACWA Power”, digər layihə BƏƏ-nin “Masdar” şirkəti tərəfindən. Bu, həqiqətən bizim enerji sistemimizə böyük töhfədir, Azərbaycanın cəlbediciliyinin böyük nümayişidir” [19].

Enerji istehsalı strukturunda müxtəlif enerji mənbələrinin diversifikasiyası, xüsusən yaşıl enerjinin payının durmadan artması energetika balansına da adekvat prizmadan baxılmasını və inkişafın müvafiq strateji xəttinin təyin olunmasını tələb edir. Bu baxımdan Azərbaycan Respublikasının regionlarında yaşıl enerjinin potensialının balanslaşdırılmasını və ondan istifadənin genişləndirilməsini təmin etmək məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab olunur.

 

Nəticə

Yaşıl energetika sahəsində qlobal hədəflər və bununla bağlı Azərbaycan reallıqları istiqamətində apardığımız təhlil və qiymətləndirmələr belə bir nəticəyə gəlməyə əsas verir ki, dünya energetikası böyük transformasiya mərhələsindədir və o daha ekosivil dayanıqlı inkişafa əsaslanan tələb və təklifin yeni kəmiyyət və kefiyyət epoxasına qədəm qoyur. Resursların məhdudlaşması yeni qlobal çağırışlar kontekstində industrial dövlәtlәrin energetik konsepsiyasına, milli tәhlükәsizlik strategiyalarına korrektələr gətirir. Energetik inkişaf yaşıl rəngə boyanır. Bu konseptual istiqamәt Azәrbaycan üçün dә istisnasızdır. Ona görə də, ölkədə aparılan enerji siyasəti yaşıl energetika kontekstində təkmilləşir, daha optimal səciyyə daşıyır. Bu baxımdan mövcud reallıqlara və aparılan təhlillərə əsaslanaraq Azərbaycanda yaşıl energetika quruculuğunun daha təkmil məcrada inkişafı üçün hədəflər olaraq aşağıdakılar səciyyələndirilir:

• milli enerji təhlükəsizliyinin davamlı möhkəmləndirilməsi, yaşıl enerji resurslarından səmərəli istifadə əsasında, ümumi enerji strategiyasının daha biçimli formatda, arqumentasiyalı və dialektik baxışda davam etdirilməsi;

• mövcud tələblərə və perspektivlərə uyğun alqoritmik hesablanmış hər bir enerji mənbəyi üzrə konfiqurativ regional yaşıl enerji potensialının müəyyən olunması və müvafiq kadastrın hazırlanması;

• regional yaşıl enerji strategiyasına uyğun olaraq müvafiq investisiya təminatlı Dövlət Proqramının hazırlanması və bir enerji zonası üzrə stimullaşdırıcı mexanizmlərin tətbiq edilməsi;

• enerji effektivliyinin artırılması, artan əhali tələbatına uyğun yaşıl enerji əsaslı daha modern optimal enerji sisteminin və infrastrukturun formalaşdırılması;

• ev təsərrüfatlarında, inzibati və çoxmənzilli binalarda, fərdi yaşayış evlərində günəş panelləri və kollektorlarından istifadənin proqramlı olaraq genişləndirilməsi, regional (xüsusən böyük şəhərlərdə) bərk məişət tullantıları zavodlarının - BMTZ-lərin yaradılması;

• bir və ya bir neçə yanaşı kəndin günəş, külək və bioyanacaqdan istifadə əsasında (hibrid və ya ayrı-ayrılıqda) BOEM-lə təchizatı;

• yaşıl enerji infrastrukturunun idarəedilməsində yüksək texnologiyalardan, o cümlədən milli kosmik xidmətlərdən (Peyk xidmətləri) istifadənin genişləndirilməsi;

• yaşıl enerjinin geniş tətbiqi ilə əlaqədar qabaqcıl beynəlxalq təcrübənin mütəmadi öyrənilməsi və diqqətdə saxlanılması, institusionallaşmanın genişləndirilməsi, sahə üzrə normativ-hüquqi bazanın davamlı təkmilləşdirilməsi;

• ekoloji effektivlik və emissiyalı iqtisadiyyat prinsiplərinə uyğun olaraq, dekarbonizasiya istiqamətində fəaliyyətlərin artırılması, elektromobillərdən istifadənin genişləndirilməsi və müqabil infrastrukturun qurulması, enerji sektorunda süni intellekt resurslarının və “Sənaye-4” nailiyyətlərinin tətbiqinin genişliklə təminatı;

• işğaldan azad edilmiş torpaqlarda, enerji ehtiyatlarının konsolidasiyası, müasir texnologiyalar tətbiq edilməklə regionun əsaslı və davamlı inkişaf edən yaşıl enerji zonasına çevrilməsi və burada ən müasir standartlara cavab verən, innovativ enerji sisteminin qurulması.

Respublikada yaşıl enerji geniş tətbiqi ilə əlaqədar onun elektrik enerjisi sisteminə mənfi təsirlərinin aradan qaldırılması məqsədilə mövcud və yeni yaradılacaq külək və günəş generasiya güclərinin respublikanın istehlak qrafikinə texniki və iqtisadi cəhətdən ardıcıl uyğunlaşdırılması da gərəkli hesab olunur.

Reallıqlar belədir ki, Azərbaycan milli mənafelərdən irəli gələrək, yeni qlobal çağırışlara uyğun özünün enerji strategiyasında bütün trendləri nəzərə alır, mühüm neft ölkəsi olaraq tarixi rolunu müasir tələblər səviyyəsində möhkəmləndirir və enerji sektorunda inkişafın yeni hədəflərini iqtisadi tərəqqi və iqtisadiyyatın şaxələndirilməsinə müvafiq müəyyən edir, təkmilləşdirir və nizamlayır.

 

Ədəbiyyat

1.Cəfərov, T.Q. Energetika - varlıqla, yoxluğun astanasında: / T.Q.Cəfərov. – Bakı: “Şərq-Qərb”, – 2015. – 136 s.

2. Hacızadə, E.M. Dünya iqtisadiyyatı və Azərbaycan: / – E.M.Hacızadə. – Bakı: “Letterpess”, – 2018. – 912 s.

3.Klaus Şvab. Dördüncü sənaye inqilabı: / – Şvab Klaus. – Bakı: “İqtisad Universiteti” nəşriyyatı, – 2020. – 200 s.

4.“Yaşıl iqtisadiyyat” / V.Ə.Qasımlı [və b.] – Bakı: “Azprint” nəşriyyatı, – 2022. – 280 s.

5.Гейтс, Б. Как нам избежать климатической катастрофы. Решения, которые у нас есть. Прорывы, которые нам нужны: / – Б.Гейтс. – Mосква: Манн, Иванов и Фербер (МИФ)”, – 2021. – 336 c.

6.Германович, В. Альтернативные источники энергии и энергосбережение. Практические конструкции по использованию энергии ветра, солнца, воды, земли, биомассы: / – В.Германович, А.Турилин – Санкт-Петербург: Наука и Техника, – 2014. – 320 c.

7.Джексон, Тим. Процветание без роста: основы экономики завтрашнего: / – Тим Джексон. – Mосква: АСТ-Пресс, – 2013. – 304 c.

8.Зеркалов, Д.В. Энергетическая безопасность: / – Д.В.Зеркалов. – Киев: Основа, – 2012. – 920 c.

9.Сидорович, В. Мировая энергетическая революция: Как возобновляемые источники энергии изменят наш мир: / – В.Сидорович. – Mосква: Альпина Паблишер, – 2019. – 208 c.

10.Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı: [Elektron resurs] / – Bakı: URL: https://www.president.az

11.Professor Elşən Hacızadənin saytı: [Elektron resurs] / – Bakı: URL: https://www.hajizada.com

12.Allan, Bentley B. and Jonas Meckling. Creative Learning and Policy Ideas: The Global Rise of Green Growth. Forthcoming in Perspectives on Politics: [Electronic resource] / URL: https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3765002

13.Beynəlxalq Enerji Agentliyinin rəsmi saytı: [Elektron resurs] / URL: https://www.iea.org

14.Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi – IRENA rəsmi saytı: [Elektron resurs] / URL: https://www.irena.org

15.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. Hüquqi aktların vahid elektron bazası: [Elektron resurs] / – Bakı: URL: https:// www.e-qanun.az

16. Организация Объединенных Наций: [Электронный ресурс] / – Нью-Йорк: URL: https://www.un.org/ru/

17.İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı – OECD rəsmi saytı: [Elektron resurs] / URL: https://www.oecd.org

18.European Union: [Electronic resource]: / – Brussels: URL: https://european-union.europa.eu/index_en

19.Azərbaycan Respublikası Energetika Nazirliyi: [Elektron resurs] / – Bakı: URL: https://www.minenergy.gov.az

20.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: [Elektron resurs] / – Bakı: URL: https://www.economy.gov.az

21.“Azərenerji” ASC: [Elektron resurs] / – Bakı: URL: https:// www.azerenerji.com

 

 

Xülasə

 

Ənənəvi enerji növlərindən davamlı istifadə zəminində elektrik enerjisinə olan tələbatın yüksələn templərlə artması kəskinləşən ekoloji problemlər yaradır. Problemin kəskinliyini azaltmaq, onu aradan qaldırmaq üçün isə qeyri-ənənəvi enerji mənbələrinin, xüsusən də yaşıl energetikanın geniş dövriyyəyə cəlb olunması gərəkli hesab olunur. Bol enerji resurslarına malik Azərbaycanda da yaşıl energetika şəbəkəsinin qurulması dövlətin prioritetləri sırasındadır. Hesablamalara görə ölkənin ümumi yaşıl enerji potensialı 27 min MVt-a yaxın hesablanır. Bunu Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng külək enerji potensialı daha da genişləndirir. Digər tərəfdən işğaldan azad olunmuş torpaqlarda yetərli yaşıl enerji resurslarının olması buradakı enerji sisteminin həmin zəmində qurulmasını şərtli edir. Bu baxımdan da, Respublika Prezidenti cənab İlham Əliyev ölkənin Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarını Yaşıl Enerji Zonası elan etmişdir. Hazırda ölkədə bu istiqamətdə miqyaslı nəhəng layihələr həyata keçirilir. Bütün bunlardan irəli gələrək, məqalədə yaşıl energetika sektorunda qlobal trendlər, yaşıl iqtisadiyyat, yaşıl artım və dayanıqlı inkişaf kimi prioritet məsələlər, həmçinin bu sahədə Azərbaycanda mövcud vəziyyəti əks etdirən reallıqlar tədqiqat obyektinə çevrilmiş, predmetli nəticələr əldə olunmuş və müvafiq əməli təkliflər irəli sürülmüşdür.

Açar sözlər: yaşıl energetika, alternativ enerji mənbələri, yaşıl iqtisadiyyat, yaşıl artım, dayanaqlı inkişaf.

JEL Classification Codes: D01, N7, Q42, Q47: UOT: 338.24:620.98 (479.24)

 

228.Yaşıl energetika: qlobal trendlər və Azərbaycan reallıqları. “Yaşıl İqtisadiyyat” Yaşıl Biznes, Yaşıl İdarəetmə və Liderlik: Yasıl İqtisadiyyata yol, yeni çağırışlar, imkanlar və perspektivlər”. Liderlik, Texnologiya, İnnovasiya və Biznesin İdarə Edilməsi üzrə 10-cu Beynəlxalq Konfrans (ICLTIBM-2022). Azərbaycan Dövlət İqtisad Universiteti, Yıldız Texniki Universiteti. Bakı: Azərbaycan. 12-14 oktyabr 2022-ci il. s. 201-211. 0,9 ç.v.