gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / KÖHNƏ YATAQLARDA İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN AKTUAL PROBLEMLƏRİ

10.02.2012

E.M.Hacızadə

Iyirminci yüzlük Azərbaycanın yeni tarixində mühüm izlər buraxmış, güclü dinamik proseslərlə müşayiət olunmuşdur. Şübhəsiz ki, bu dinamizm əsaslı dərəcədə onun neft-qaz resurslarının mənimsənilməsi, istismarı ilə sıx təmasda intişar tapmışdır. Məhz bu strateji aspekt yüz il öncə Azərbaycanı daha iri dövlətlərin diqqət mərkəzinə, maraq sahəsinə çuğlamış, neftə olan ehtiras və azar əsəbləri qıcıqlandırmışdı. Əsrin əvvəllərində kəşf olunmuş dünya neft-qaz ehtiyatlarının yarısının cəmləşdiyi Bakı şəhəri bu kontekstdə qlobal proseslərin beynəlxalq neft siytasətinin mühüm meydanlarından birinə çevrilmişdi. Uzun müddət qapalı tarixi yaşantıdan sonra əsrin sonunda respublikamız dünya siyasətinin orbitinə yeni zəngin neft ehtiyatları, demokratiya və bazar prinsipləri ilə müstəqil statusda təkrarən daxil oldu. 1991-ci ildən Azərbaycanın bütün tarixi ərzində ilk dəfə olaraq onun neft sərvətlərinin xalqa məxsusluğu təmin edildi, neft-qaz sənayesinin milli dövlət mənafeləri baxımından inkişaf etdirilməsi üçün əlverişli, real şərait yarandı. Yeni dövlət quruculuğu prosesi sürət götürdü. Bu proses çox mürəkkəb, çoğrafi-siyasi, ağır sosial iqtisadi şəraitə keçməkdədir. Hazırda iqtisadiyyatın strukturunda müvafiq dəyişikliklər, yeni təsərrüfat sisteminə uyğun təsisatlar və iqtisadi münasibətlər formalaşmaqdadır. Respublikamız öz müstəqilliyini bənzəri olmayan vəziyyətdə - ərazisinin 20%-i işğal altında, milyondan çox qaçqın və didərginlə «Qarabağ problemi», bitməmiş müharibə, fəth edilmiş sülh, istehsalın tənəzzülü, iflasa uğramış iqtisadiyyat, ağır sosial şəraitdə reallaşmağa başlamışdır. Bütün proseslər əsrin əvvəllərində olduğu kimi, yenə də iri dövlətlərin maraq müstəvisində, onun neft sərvətlərinin böıgüsü, Qafqaz regionundakı strateji mövqe üzərində getməkdədir. Azərbaycanda yüksək neft-qaz potensialı, Xəzərin nəhəng karbohidrogen resursları, istismarda olan yataqlardan indiyədək 1370 milyon tondan çox qazın hasil edilməsi xarici şirkətlərin nəzərindən qaçmamışdır. Bu keyfiyyətdən qaynaqlanan proseslər 1994-cü il sentyabrın 20-də Xəzərin ehtiyatları üzrə ilk beynəlxalq kontraktın bağlanması ilə nəticələnərək, ümumdünya neft tarixinə «Əsrin müqaviləsi» adı ilə daxil olmuş, Azərbaycan iqtisadiyyatının dirçəlişində, onun iqtisadi-siyasi həyatında yeni bir zamanın başlanğıcını qoymuşdur. Neft sənayesində, onu əhatə edən infrastrukturda böyük kapital axını vüsət almışdır. Buraya yönəldilən investisiyalar multiplikator effekti ilə müşayiət olunaraq iqtisadiyyatın digər sahələrinə də sirayət etmişdir. Bağlanan kontraktlar respublikada neft biznesinin xidmət və servis işinin yüksəlişinə təkan vermiş, köhnə infrastrukturun transformasiyasını sürətləndirmişdir. Görülən işlərin nəticəsi olaraq Azərbaycanın neft sektorunda son 5-6 il ərzində «Əsrin müqaviləsi» də daxil edilməklə 14 ölkənin, 33-dən çox beynəlxalq şirkətin təmsil olunduğu 19 beynəlxalq neft kontraktı imzalanamış, respublika iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox məbləğdə kapital qoyulmuşdur. Yaxın 20-30 il ərzində müvafiq sərmayələrin miqdarının 50-60 milyard dollara çatacağı gözlənilir. Başlanan əzəmətli işlər bütün neft kompleksində dərinləşən islahatlar prosesi ilə müşayiət olunur.
Neftqazçıxarma sənayesində 1990-cı illərdən start götürən islahatlar indi köklü dəyişikliklərə məruz qalacaq yeni mərhələyə qədəm qoyur. Respublika Prezidenti H. Ə. Əliyev tərəfindən əsası qoyulan neft strategiyasının uğurlu nəticələri hazırda daha geniş spektrdə təcəssüm olunur. Bu gün inam və idrakla demək olar ki, respublikamızda böyük hasilatı təmin edəcək infrastruktur formalaşmış, onun mobilləşməsi prosesi davamlı inkişaf templəri ilə sürətlə irəliləməkdədir. Bakı-Ceyhan neft kəməri hüquqi çərçivədən çıxaraq kommersiya reallığına çevrilmiş, Xəzəraşarı qaz kəmərinin inşası gerçəkləşməyə yaxınlaşmışdır. Xəzərdə «Şahdəniz» strukturunda açılan nəhəng qaz yataqları isə Azərbaycanı yeni əsrdə regionun böyük qaz ixracatı ölkələri sırasına daxil edəcəkdir. İndiki reallıqlar əsas verir ki, yaxın illər ərzində respublikamız Xəzərin enerji resurslarının Avropa bazarlarına çıxarılacağı ən mühüm ərazi olacaq, gerçəkləşən böyük İpək yolu aspektində isə həm də bütün Xəzər hövzəsi regionun tranzit-reksport məkanına çevriləcəkdir. Bütün bu əlamətdar hadisələr bizi heç də Azərbaycan nefti ilə bağlı problemlərin həllində bütün detalların mühərrikə pərçimləndiyi ovqatına kökləməməlidir. Şübhəsiz ki, burada islahatlar prosesi dərinləşərək davamlı xarakter daşımalıdır. Bununla belə, biz yeni yataqlarda xarici investorlarla iş birliyi qurduğumuz zaman köhnə istismar sahələrində də hasilatın stabilliyinin və artırılmasının təmin edilməsinin xiffətini çəkməliyik. Bütün bunlar isə iqtisadi islahatların mütəmadi təkmilləşməsi ilə harmonik olmalıdır.
Sovetlər İttifaqının dağılması ərəfəsində Azərbaycanın neft-qaz sənayesinə laqeyd münasibət bu mühüm sahəni böhranlı məcraya salmışdı. Quru sahələrdə vəziyyət isə daha açınacaqlı və mürəkkəbdir. Quyu fondunun, qurğuların, avadanlıqların köhnəlməsi, texnoloji gerilik sahənin maliyyə imkanlarını sarsıtmış, tənəzzül bütün strukturları əhatə edərək neftqazçıxarmanı rentabelsizlik həddinə çatdırmışdır. Köhnə dəniz yataqlarında da müəyyən dərəcədə adekvat vəziyyət mövcuddur. Belə gərçəklik xeyli əsasda mərkəzi ittifaq hökumətin apardığı siyasətin təzahürüdür. Danılmaz faktdır ki, 1970-ci illərin ortalarında Moskvada qəbul edilmiş strateji qərar neft sənayesinə qoyulan sərmayələri Xəzərdən ayırıb Sibirə yönəltmişdi. Bu siyasət müəyyən qədər Xəzərdə aparılan neft axtarışlarını məhdudlaşdıraraq dünya səviyyəli bir çox perpsektivli strukturların kəşfinin ləngiməsinə səbəb olmuşdur. Burada digər amillər də özünü göstərmişdir. Belə ki, Sovetlər İttifaqındakı texnologiyalar əməliyyatları suyun dərin qatlarında aparmağa imkan vermirdi. Lakin yeni geopolitik vəziyyət, müstəqillik faktoru, Qərbin artan texnoloji hazırlığı Azərbaycana, Xəzər regionuna münasibətdə yeni gerçəkliklər gətirdi.
Köhnə yataqlarda tənəzzüllü meyillərin təcrid olunması bir sıra amillərin təsir sferasından keçir. Bütün bunlar strateji anlamda respublika neft-qaz sənayesinin aktual səciyyə daşıyan problemlərinin elmi cəhətdən ətraflı tədqiq edilməsinin zərurətində ifadə olunur. Köhnə istismar sahələrində mövcud vəziyyətin təhlili ilk öncə milli neft sənayemizin inkişaf tarixinə retrospektiv baxışı çıxılmaz edir.
Bəllidir ki, Azərbaycan mühüm neftqazçıxarma rayonu kimi dünyada məşhurdur. Bir çox tarixi-elmi mənbələrdə, qədim səyyahların yazılarında Azərbaycanda hələ erkən orta əsrlərdə neftin mövcudluğu və istifadəsi haqqında şərhlər verilmişdir. Planetimizdə ilk mexaniki neft quyusu 1847-ci ildə Azərbaycanda Abşeron yarımadasında qazılsa da, bir çox elmi ədəbiyyatda və ensiklopediyalarda müvafiq neft quyusunun 1859-cu ildə ABŞ-da Pensilvaniyada qazıldığı qeyd olunur. Bu məsələ o qədər prinsipial əhəmiyyət daşımır. Neft aləmində bu gerçəkliklə yanaşı bir həqiqət də mövcuddur ki, Azərbaycan qaz hasilatında və dənizdə neftqazçıxarmada da ilk ərazilərdən biri kimi tanınır. Çox acı haldır ki, tarixən Azərbaycan neftindən onun xalqının payı az olmuşdur. Məlumdur ki, 1918-20-ci illər və 1991-ci ildən zamanəmizə qədər qalan bütün dövrlərdə Azərbaycanın neft sənayesi Rusiyanın tərkibində inkişaf tapmış, onun neft-qaz resurslarının mütləq əksəriyyəti bu böyük imperiyanın istifadəsində olmuşdu. Belə bir fakt maraq doğurmaya bilməz ki, 1872-ci ildə Rusiyada hasil olunan 27 min ton neftin 26 min tonunu, yəni 96,3%-ni Azərbaycan, qalan min tonunu isə Qroznı və Krasnodar yataqları vermişdir. 1894-cü ildə isə Azərbaycanda çıxarılan neftin miqdarı ABŞ-dakı səziyyəyə bərabər idi. 1901-ci ildə hasilatın həcminə görə Bakı dünya liderliyini ələ aldı. Həmin ildə planetimizdə 20 milyon tondan bir qədər çox neft çıxarılmışdır ki, bunun da yarıdan çoxu Azərbaycanda, Abşeron yarımadasında hasil olunmuşdu. İkinci dünya müharibəsi illərində cəbhəyə 75 milyon ton neft göndərərək böyük qələbənin təmin edilməsində  qüdrətini nümayiş etdirmişdir. Bu o zaman SSRİ-də hasil edilən neftin ¾, daha dəqiq desək, 73,4%-nə bərabər idi. Sonralar 1950-ci illərdə Uralda, Volqaboyunda, Sibirdə, Orta Asiyada kəşf olunan nəhəng neft yataqları respublikamızın neft sənayesinə olan marağı bir qədər geri çəkdi. Lakin əsrin sonunda Azərbaycan nefti yenidən öz sözünü dedi.
Respublikanın quruda və dənizdəki ərazilərində enerji ehtiyatlarının miqyası müxtəlifdir. Hesablamalara görə, respublika ərazisinin yarıdan çoxunda neft ehtiyatlarının olduğu güman edilir. Mütəxəssislərin son araşdırmalarına əsasən, Azərbaycanda hazırda karbohidrogen ehtiyatları quruda təxminən 760 mln.ton, dənizdə isə 3,7 mlrd. ton təşkil edir. Lakin bununla belə, geoloji hesablamlar quru sahələrində daha çox,1 mlrd. tondan da artıq ehtiyatların olması ehtimalını verir. Digər fakt ondan ibarətdir ki, quru sahələrində bu gün istismar edilən 42 neftli-qazlı yataqlarda 132 mln. ton neftin, 30 mlrd. kubmetr qazın olması təsdiqini almış həqiqətdir. Bu isə indiki hasilat temnpləri ilə 80 illik istismar prosesini əhatə edir. Köhnə yataqlarda istismarın uzunmüddətli davamına ehtiyac yoxdur. İqtisadi baxımdan belə müddət səmərəsizdir. Son illərdə respublikanın quru ərazisində axtarış kəşfiyyat işlərinin aparılması Quba-Xəzəryanı neftli-qazlı rayonda (NQR), Candahar-Zarat, Zeyvə-Təngəlatı, Aşağı Kür NQR-də Gürsəngi, Pirsəhhət, Yevlax-Ağcabədi, Ağaməmmədli, Bozyeri sahələrində nəzərə tutulmuşdur. Eyni zamanda geoloji hesablamalar göstərir ki, perspektivli sahələrdə (əsasən Yevlax-Ağcabədi, Kür-Qabırrı və Şimali Qobustan) hasilatı mümkün olan 380 mln. ton neft var.
Mövcud köhnə quru yataqlarında istismar özünün sonuncu mərhələsini yaşayır. İndi quru sahələrindən respublika üzrə neftin 17%-i, qazın 4,6%-i hasil edilir. 1950-ci illərdən başlayaraq quru sahələrini əhatə edən istehsalat birliyində QNQÇ İB-də enmə prosesləri müşahidə olunur. 1999-cu ilin yekunlarına görə QNQÇ İB-də 1525,7 min ton neft, 243 mln. kubmetr qaz hasil edilmişdir. Qaz üzrə plan tapşırığı cüzi artıqlıqla yerinə yetirilsə də, neft üzrə dövlət tapşırığı 17,6 min ton kəsirlə nəticələnmişdir. Azərbaycanın quru sahələrində hasilatın XX əsr göstəricilərinə nəzər yetirdikdə, oxşar rəqəmləri sezməmək mümkün deyildir. Müqayisə ediləsi göstərici isə daha uzaq keçmişlə, 115 il əvvəllə - 1894-cu ilə uzlaşır. Quru sahələrində enmə prosesini təmin edən çeşidli amillər içərisində yetərli amil ondan ibarətdir ki, köhnə yataqların potensialı tükənmək üzrədir və əksər neft artıq çıxarılmışdır. Vəziyyətin məntiqini həm də buradakı neft hasilatının müəyyən dərəcədə dünya neft sənayesinin formalaşmasında təcrübi-sınaq, laboratoriya funksiyasını yerinə yetirməsi ilə də izah etmək olar. Belə ki, Azərbaycan ərazisində sənaye üsulu ilə hasilat başlananda planetin əksər hissəsində neftin adı və əhəmiyyəti haqqında məlumatsızlıq mövcud idi. Azərbaycan ərazisi ötən yüzillikdə mövcud olan neftli sahələrin ən əlverişlisi kimi intensiv hasilatın mərkəzində dururdu. Belə istismar ssenarisi heç şübhəsiz ki, elmi meyarlara istinad etmədən ekstensiv hasilatla müşayiət olunaraq həm laylara, həm də təbiətə ciddi zərbələr vurmuşdu. Möhtəşəm dövlətin uzun illər yanacaq bazasının əsasını təşkil edən respublikamızın erkən neft sənayesi belə münasibətlərin təsirindən qüdrətini zəiflətmişdi. Lakin indi Xəzərin nəhəng neft resursları itmiş şöhrəti, qüdrəti bərpa, mövcud ənənələri davam etdirməyə qadır olsa da, köhnə yataqlarda hasilatın artırılması diqqətdən yayınmamalıdır.
Köhnə istismar sahələrində ehtiyatların tükənməsi enmə prosesində yeganə amil deyildir. Vəsait çatışmazlığı, müəssisələrin maliyyə dayanıqlılığının, ödəniş qabiliyyətinin itirilməsi, təchizatın pisləşməsi və nəhayət, laqeyd münasibət korrelyativ şəbəkədə güclü mənfi faktora çevrilmişdir. Satılan neftin məbləğinin uzun müddət ödənilməməsi, fəhlə və qulluçuqların əmək haqlarının və müavinətlərinin ödənişində geçikmələr sahənin sabit inkişafına maneçilik törədir. İqtisadiyyatın digər sahələrindəki vəziyyət, debitor, kreditor borcları problemi, qeyri-ödənclərin böyük miqyaslılığı neftqazçıxarma müəssisələrinin maliyyə vəziyyətini xeyli pisləşdirmişdir. «Borclar» problemi respublikamızda Sovetlər İttifaqı tərkibində olduğumuz vaxtdan mövcud olsa da, bu gün daha irimiqyaslı və şəbəkəli qalmaqdadır. Hazırda təchizatla əlaqədar işləməyən quyuların sayı artmağa meyillidir. Quyuların dayanması əsas səbəbi mədənlərin il ərzində ən vacib avadanlıq və materiallarla təmin olunmamasıdır. Belə ki, İstehsalat Birliyinin son illər ərzində nasos-kompressor boruları, nasos ştanqları, dərinlik nasosları və qayışlarla təmin edilməsi çox aşağı olmuşdur. Kompleksdə istifadə olunan avadanlıqların, xüsusilə rezervuarların, qaldırıcıların, texnoloji boruların və neft kəmərlərinin texniki vəziyyəti qənaətbəxş deyil. Neft hasilatının aşağı düşməsinə təsir edən əsas amillərdən biri də quyuların təmirarası müddət rejiminin təmin edilməməsidir.
Quruda Neftqazçıxarma İstehsalat Birliyinin respublikanın təbii qazla təchizatında payı az olsa da, burada da mövcud imkanlardan səmərəli istifadə etməklə hasilatın artırılmasına nail olmaq imkanları vardır. Belə ki, hələ də NQÇİ-lərdə neftlə birlikdə çıxarılan səmt qazının yığılması, hazırlanması və təhvil verilməsində böyük nöqsanlar davam etməkdədir. Neftin yığımı məntəqələrində səmt qazının tutulması və istifadə olunmasının təşkili indiyədək tam başa çatmamışdır. Quyuların qazı ayrılıqda ölçülmədiyindən həqiqi qaz faktoru, qazın ehtiyatı və bu ehtiyatdan istifadə edilməsi məsələləri barədə hazırkı şəraitdə əsaslı mülahizə yürütmək çətinlik törədir.
Neftqazçıxarmanın dinamik inkişafı bir sıra proseslərdən, xüsusilə qazıma işlərindən asılıdır. Prosesin ahəngdar aparılması, qazımaya əsaslı vəsait qoyuluşunun artırılması neftqazçıxarma sənayesinin ən mürəkkəb, ən çətin istiqamətlərindən biridir. Daha doğrusu, qazıma işlərinin dinamikası ilə neftqazçıxarma istehsalı arasında bir qanunauyğunluq mövcuddur. Bir cəhəti də qeyd etmək lazımdır ki, neftqazçıxarma sənayesində əsas əmək cismi təbiətlə verildiyindən, burada dövriyyə  fondlarına tələb emaledici sahələrdən qat-qat az, bunun əksinə olaraq əsas fondlara isə daha böyükdür. Hazırda sahənin özündə iqtisadiyyatın malik olduğu əsas fondların 50%-dən çoxu çəmlənmişdir. Quyu fondu isə neftqazçıxarma sənayesində böyük çəkiyə malik olan əsas istehsal fondlarının ¾ hissəsini təşkil edir. Müstəqillik əldə etdikdən sonra quruda qazıma işlərində əsaslı nailiyyətlər əldə edilməmişdir. Qazma işi ilbəil azalmaya məruz qalır. Bu azalmaya mərkəzləşdirilmiş vəsaitlərin olmaması ilə yanaşı səmərəli texniki-iqtisadi siyasətin yeridilməməsi də öz təsirini göstərir.
Köhnə yataqlarda böhranlı vəziyyətin aradan qaldırılması dərin iqtisadi islahatlar prosesinin aparılmasından keçir. Bunun üçün fikrimizcə, mövcud potensial və ehtiyatlar, elmi-texniki, insani resurslar bir daha dəqiqləşdirilməli, köhnə yataqların reabilitasiyasında yeni uzunmüddətli elmi əsaslandırılmış proqramlar işlənib hazırlanmalı, başlanan islahatlar prosesi istehsalın daha dərin qatlarını əhatə etməli və ardıcıl xarakter daşımalıdır. Bəllidir ki, Azərbaycan uzun illər neft aləmində təkcə bu resursların çoğrafi məkanı kimi fərqlənmişdir. Burada çalışan alim və mütəxəssislər elm və texnika sahəsində yüksək göstəricilər əldə etmiş, neft elminin formalaşmasına Şərqi və Cənub-Şərqi Asiyanın, Yaxın və Orta Şərqin, Mərkəzi və Şərqi Avropanın müəyyən ölkələrinin neft sənayesinin təşəkkülü və inkişafında xidmətlər göstərmişlər. Sovetlər İttifaqının neft sənayesinin yaradılması və inkişafı tarixində əsaslı dəyişikliklər neftçilərimizin adı ilə bağlı olmuş, inkişaf etmiş neft elmində Azərbaycan bu sahədə əsas mərkəzlərdən biri kimi tanınmışdır. Əbəs yerə Bakını böyük Sovetlər İttifaqında neft Akademiyası adlandırmamışlar. Uzun illər SSRİ neft-qaz, geologiya və bu kimi profilli nazirliklərin rəhbərləri, hətta bir neçə nazir nəsli məşhur Azərbaycan Neft Akademiyasının məzunları olmuşlar. Biz cəsarətlə deməliyik ki, Azərbaycan uzun illər möhtəşəm bir dövlətin tərkibində olaraq elm, təhsil və idarəetmə sahəsində bir çox irəliləyişlərə nail olmuşdur. Özünün müstəqil idarəetmə institutlarından məhrum ölkəyə hər şey mərkəzdən – Moskvadan ciddi və professional səviyyədə planlaşdırılmış şəkildə göndərilirdi. İttifaqın dağılması regional ərazilərə bu mənfi aspektdə daha çox təsir etmişdir. Uzun müddət dövlətçilik ənənələrinin pozulması bununla da bir çox sahələrdə müstəqil, peşəkar mütəxəssislərin olmamasının acı nəticələri indi daha çox duyulmaqdadır. Bu cəhət təhlilə ona görə məruz qalır ki, əsaslı istehsal dəyişiklikləri ixtisaslı kadrların, peşəkarların biliyi və təcrübəsində təcəssüm olunur. Aparılan islahatlar prosesinin uğurlu nəticələri mütəxəssis intellektində əksini tapır. Bununla belə, quru sahələrində hasilatda əsaslı dönüşün əldə edilməsi üçün daxili imkanları yetərli hesab etmək olar. İslahatların bütün yükünün yerli mütəxəssislər hesabına çəkilməsində əsaslar kifayət qədərdir.
Quruda neftqazçıxarma istehsalında iqtisadi islahatlar apararkən müvafiq cəhətlər kompleks şəkildə nəzərə alınmalı, respublikamızın elmi-texniki potensialı problemlərinin həllində daha çox fəallıq göstərilməlidir. Azərbaycanın neftqazçıxarma sənayesində əvvəllər buraxılmış səhvlərin təkrar edilməsinə yol verilməməli, sahənin ahəngdar, dinamik inkişafına kömək edəcək istiqamətlər müəyyən olunmalıdır. Bütün bunlar isə sahənin idarə edilməsinin inkişafı prosesində yeni iqtisadi münasibətlərin formalaşmasını zəruri edir.
Quruda neftqazçıxarma kompleksində iqtisadi islahatlar çoxşaxəli çoxistiqamətliyi ilə fərqlənməlidir. Bu, onunla izah edilir ki, neftqazçıxarma sənayesi ölkə və region münasibətindən asılı olmayaraq, çox mürəkkəb bir kompleksdir. Burada hasilatla bağlı saysız-hesabsız sahələr və infrastruktur mövcuddur. Məhz buna görə də sahədə atılan hər bir radikal addım dəqiq ölçülüb-biçilməli, digər sahələrlə sistemli əlaqələndirilməlidir.
Köhnə yataqlarda islahatların dərinləşməsindən bəhs edərkən qeyd etməliyik ki, kompleksdə yeni iqtisadi sistemə keçidlə əlaqədar mühüm addımlar atılmış, ilkin işlər görülərək yeni böyük layihələrin təməli qoyulmuşdur. Bağlanan beynəlxalq neft kontraklarının 4-ü qurudakı yataqlaqrın işlənməsinə yönəlmiş, xarici kapitalın iştirakı ilə müştərək neft-qaz hasil edən müəssisələr də təşkil edilmişdir. İndi quru sahəsində hasilat 6 müştərək müəssisənin timsalında təmin olunur. Neft-qaz sektoruna xarici investorların cəlb edilməsi prosesi davam edir. Bununla belə, müvafiq istiqamətdə aparılan islahatlar dərinləşdikcə yeni mütərəqqi idarəçilik metodlarının tətbiqinin genişləndirilməsi qaçılmaz xaralter alır. Qeyd edilməlidir ki, bu aspektdə Rusiya Federasiyasında fəaliyyət göstərən müştərək müəssisələr astıq səhmdar cəmiyyətlərə çevrilmiş, onların səhmlər paketinin daha çox özəl əllərə verilməsi prosesi sürətlənmişdir. Azərbaycanda isə fərqli inkişaf mövcuddur. Quruda müştərək müəssisələrdə, hasilatın pay bölgüsünə əsaslanan «Prodakşn şerrinq» tipli modelə keçid intişar tapmaqdadır. Rentabelsizlik həddinə yaxınlaşan neftqazçıxarma idarələrində yenidən təşkil etmədə bu formula ustinad edir. Burada pozitiv meyillərlə yanaşı bir sıra məqbul hesab edilməyən çəhətləri də sezmək mükündür. Belə fəaliyyət çevik bazar mexanizmlərində əks olunmayan illərlə formalaşmış dəyərli meyarları təcrid etmiş, kollektivlərin hüququnu məhdudlaşdıraraq neftçiləri əvvəllər olduğu kimi yenə də muzdlu işçilərə çevirmişdir.
İqtisadi islahatların mərkəzində özəlləşdirmə durur. Mülkiyyət münasibətlərinin kökündən dəyişdirilməsi, planlı cəmiyyətdə hakim olan dövlət mülkiyyətinin əvəzinə özəl mülkiyyət formalarının inkişafı respublikamızın icitmai-iqtisadi, sosial həyatında yeni bir mərhələdir. Təbii ki, bu gün onun müsbət nəticələri haqda qəti fikir söyləmək çətin olsa da, artıq özəlləşdirmə bir reallıqdır.
Yüksək fondtutumu ilə fərqlənən neftqazçıxarma sənayesində iqtisadi islahatlar əsas fondların geniş təkrar istehsalı, bu problemlə bağlı olan amortizasiya problemi ilə də əlaqələndirilməlidir. Onu da qeyd etmək lazımdır ki, neftqazçıxarma sənayesində əsas fondların amortizasiyası bir sıra xüsusiyyətlərlə xarakterizə olunur. Uzun illər boyu neft və qaz quyularının amortizasiyası üzrə xərclər maya dəyərinin mühüm tərkib hissələrindən birini təşkil edib. Bu gün əsas fondlar təkrar istehsalın mühüm mənbələrindən sayılan amortizasiya fondu məsələsini respublikanın özü həll edir. Bu cəhəti isə başlı-başına buraxmaq olmaz. Ona görə də keçmiş Sovet İttifaqında bu sahədə mövcud olan prinsiplər, metodlar araşdırılmalı, onların yeni şəraitə, sahə xüsusiyyətlərinə uyğunlaşdırılması təmin edilməlidir.
Bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran ən vacib vəzifələrdən biri də iqtisadiyyatın idarə edilməsi strukturunun təkmilləşməsi məsələsidir. Neftqazçıxarma sənayesi, yuxarıda qeyd olunduğu kimi, iqtisadiyyatın əsas həlledici sahələrindən biridir. Burada idarəetmə strukturunu təkmilləşdirmək pərdəsi altında özünü doğrultmayan eksperimentlərin həyata keçirilməsi dövlətə çox baha başa gələ bilər. Ona görə də sahənin idarəetmə mexanizmi çoxlu kompleks amili nəzərə alaraq həyata keçirilməlidir. İdarəetmə strukturunun səmərəliliyi inkişaf üçün yaradılan imkanların reallaşması ilə ölçülür. Burada təkcə bir göstərici ilə kifayətlənmək olmaz. Sahədə minimal xərclərə ahəngdar, fasiləsiz fəaliyyət təmin edilməli, struktur müəssisələrinə geniş sərbəstlik verilməlidir. İdarəetmə şəbəkəsinin qeyri-qənaətbəxş vəziyyəti ilk növbədə göstəricilərin kəmiyyət və keyfiyyətinə təsir edir. Məhz buna görə də istehsalın səmərəli idarə olunması məqsədilə işlək tənzimləmə və nəzarət şəbəkəsi yaradılmalıdır.
Neftqazçıxarma müəssisələrində istehsal xərclərinin müəyyən hissəsi ekoloji tədbirlərin həyata keçirilməsinə səfərbər olunmalıdır. Məsələyə həm lokal, həm də qlobal baxımdan yanaşmaq lazımdır. Təkcə Abşeron yarımadasında çirklənmiş torpaq sahələrinin ümumi sahəsi 35 min hektardan çoxdur. Bəzi yerlərdə neft məhsulları hopmuş torpaqların bərpasına başlanmışdır. Ekoloji rekultivasiya xərcləri məhsulun maya dəyərinin komponentlərindən olsa da, QNQÇ İB-də istehsalata çəkilən xərclər silsiləsində onun xüsusi çəkisinin artırılmasına ehtiyac vardı.
Quru sahələrində intişar tapan neft-qaz hasilatı respublika ərazisində güclü sənaye infrastrukturu ilə yanaşı, həm də müqabil sosial infrastrukturun formalaşmasını da qaynaqlandırmışdır. XX əsrdə neftin artan qüdrəti yeni yaranışlara, elmi-texniki tərəqqiyə, yaşayış məntəqələrinin təşəkkülünə təkan verərək sosial-iqtisadi vəziyyəti stimullaşdıran mühüm amilə çevrilmişdir. Neft-qaz kompleksinin əhatə etdiyi ərazilərdə əksər kommunikasiya, su, qaz kəmərləri, istilik və elektrik xətləri, avtomobil yolları, 1 mln. kv. metr həcmində hesablanan mənzil fondu, mədəniyyət ocaqları, ticarət-məişət obyektləri onun fəaliyyət sferasına daxildir. Bununla belə, hazırda burada çalışan orta siyahı saylı 28 min işçinin hər 3 nəfərindən biri sosial-xidmət sektoru personalına aiddir. Sovetlər İttifaqının totalitar ənənələrinə müvafiq olaraq sosial-xidmət, servis strukturu əksərən sahə quruluşunun tərkib hissəsini təşkil edirdi. Bu səbəbdən də müvafiq tendensiyanı ifadə edən Fəhlə Təchizat Birliyi, çeşidli tikinti təşkilatlarının əhatə olunduğu trestlər, mənzil-kommunal kontoru, digər yardımçı təsərrüfatlar quruda neft-qaz kompleksinin strukturunda təşkilatlanmış və indi də fəaliyyətlərini bu çərçivədə davam etdirməkdədirlər. Bunlarla yanaşı, hər bir neftqazçıxarma və iri qazıma idarələrinin strukturlarında müvafiq mənzil-kommunal, tikinti təşkilatları, yardımçı təsərrüfatlar və digər sosial obyektlər də mövcuddur.  Yeni iqtisadi sistemə keçiddə müvafiq quyuların az bir hissəsi özəlləşdirilmiş, pioner düşərgələri, gecə sanatoriyaları, yataqxanaların müəyyən qismi qaçqınların istifadəsinə verilmişdir. Yeni bazar mexanizmlərinin formalaşması dərinləşən islahatlar prosesini, istehsalın geniş restrukturizasiyasını, xidmət-sosial sferasının özəlləşdirilməsini tamlıqla yedəyinə almamış, buradakı tərəqqi ləng templərlə təsbit olunmuşdur. Belə ki, tarixə qovuşmuş quruluşun ideoloji-iqtisadi tələblərini əks etdirən fəhlə təchizat xidməti bir neçə nazirlik və dövlət təşkilatlarında ləğv edilsə də,  qurudakı neft kompleksində qeyri-adekvat fəaliyyətini davam etdirməkdədir. Tikinti təşkilatlarının miqdarı və işçi sayı isə artmağa meyillidir. Mənzil-kommunal təsərrüfatları və digər müvafiq təşkilatlar isə bazar prinsiplərinə adaptasiyada xeyli geridə qalmışlar.  Sosial sferanın hasilatın indiki həcminə rəğmən qeyri-proporsional çəkisi işçilərin rifah halında, onların sosial-iqtisadi vəziyyətində əks olunur. İndi burada orta əmək haqqı 400 min manatı adlasa da, ağır neftçi əməyi müqabilində yetərli hesab edilmir. 130 il tarixi olan qurudakı neft kompleksində sosial-iqtisadi vəziyyət Xəzərdə fəaliyyət göstərən xarici şirkətlərlə müqayisədə arxaik təəssürat oyadır. Xidmət sferasını əhatə edən təşkilatlar keçid iqtisadiyyatını yaşayan analoji məmləkətlərdə artıq özəlləşmə obyektinə çevrilmişlər. İnkişaf etmiş ölkələrdə isə qazıma təşkilatları belə özəl sektora daxil edilmişdir.
Quruda NQÇ İB-də neftin istehsal xərclərində müvafiq strukturların pay həcmi 25-30%-dən artıqdır. Yeni reallıqlar bu qurumların fəaliyyət aspektini bazar tələblərinə müvafiq olaraq bir daha təhlil etməyi şərtləndirir. Vəziyyətin yaxşılaşdırılması kompleksdə aparılan islahatlar prosesinin dərinləşməsindən və təkmilləşməsindən, yeni sistemin prinsiplərinə uyğun strukturun formalaşmasından, çevik bazar mexanizmlərinin tətbiqinin genişləndirilməsinin əhəmiyyətli dərəcədə asılılığında ehtiva olunur.
Dünya neft biznesində yataqların işlənilməsində, idarəetmədə forma müxtəlifliyi diapazonu genişdir. Ənənəvi, konsessiya, qeyri-konsessiya, modernləşdirilmiş və digər kontrakt üsulları sınaqdan çıxmış səmərəli metodlar sırasındadır. Azərbaycanın mövcud qanunvericilik şəbəkəsi bu və ya digər dərəcədə milli neft sənayemizdə dünya praktikasında təsdiqini almış, adekvat kontrakt formalarının tətbiqinə imkan verir. İcarə qanunu, dövlət müəssisələrinin müqavilə əsasında idarəetməyə verilməsi qərarları yeni kontrakt formalarının tətbiqində ilkin qanuni baza kimi çıxış edə bilər. Qanunverici şəbəkənin genişləndirilməsi isə daha mütərəqqi, yeni keyfiyyətli müqavilələrin bağlanmasına əsaslar yaradır. Bir cəhəti qeyd etmək lazımdır ki, neft sənayesində böhranlı vəziyyətin mülayimləşdirilməsində ayrı-ayrı fərdlər, neft kollektivləri müxtəlif təşəbbüslərlə çıxış etmişlər. Belə təşəbbüslərin fövqündə isə dövlətin heç bir vəsait tələb etmədən köhnə quyuların reabilitasiyasında sosial rifahı artıran cüzi mənfəət əldə olunması dururdu. Müvafiq təkliflər sonrakı mərhələdə milli sahibkarlar tərəfindən də az olmamışdı. İndi bütün bunların gerçəkləşməsi üçün yeni stimullar yaranmış, zəmani imkanlar yetişmişdir.
İnkişaf etməkdə olan neft biznesi yeni yüksəliş mərhələsini yaşayır. Azərbaycan bu yüksəlişin yedəyində gedərək yeni inteqrasiyaya qovuşur, investision prosesi zənginləşdirən işlər vüsət alır. İndi BVF-in səyləri ilə Azərbaycanın bank sistemində islahatlar prosesi dərinləşməkdədir. Yeni gerçəkliklər neft kompleksində müvafiq spesifik bankın yaradılmasını diktə edir. Zənnimizcə, perspektivdə «Neft fondunun» törəmə təşkilatı kimi yeni bankın təsisatı investision prosesi yaxşılaşdıran, sahədə bütün maliyyə resurslarını nəzarətdə saxlayan amilə çevrilir.
Köhnə yataqlarda səmərəliliyin, iqtisadi artımın təmin edilməsi problemlərinin təhlilini yekun məqamda ümumi tezislərdə əks etdirmək mümkündür. Bizim fikrimizcə, köhnə istismar sahələrində sabitliyin və artımın təmin edilməsi aşağıdakı tədbirlərdə səmərəli ifadəsini tapmış olar.
    ehtiyatların, bütün aktivlərin, əmlakın, digər resursların geniş inventarizasiyasını aparmaqla mövcud imkanların dəqiqləşdirilməsi və səfərbər edilməsi;
    yeni iqtisadi-hüquqi münasibətləri təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi və genişləndirilməsi;
    istehsalın geniş restrukturizasiyası və diversifikasiyası;
    rentabelliyi təmin edən, riskləri azaldan vergi prosesinin təkmilləşdirilməsi;
    bazar mexanizmlərində əks olunan yeni struktur və idarəetmə şəbəkəsinin təşkili;
    maliyyə dayanıqlığını və ödəniş qabiliyyətini çevik edən tədbirlərin gücləndirilməsi;
    formalaşmış müştərək müəssisələrin səhmdar cəmiyyətlərə transformasiyasını reallaşdırmaq;
    rentabellik həddini itirməkdə olan neftqazçıxarma müəssisələrində kollektiv maraqları əks etdirən bazar yönümlü idarəetmə mexanizmlərinin tətbiqi;
    marginal yataqların istismarına milli sahibkarları cəlb etməklə lisenziyalaşdırılması;
    konsessiya üsullu pilot müəssisələrinin təşkili;
    sosial vəziyyəti yaxşılaşdıran proqramların hazırlanması;
    xidmət təşkilatlarının yeni müstəqil servis sisteminə keçməklə səhmləşdirilməsi və özəlləşdirilməsi;
    lüzumsuz və perspektivsiz iş yerlərinin ixtisarı, hasilata müvafiq ştat sayının tətbiqi;
    yeni qazıma strategiyasının müəyyənləşdirilməsi;
    istehsal xərclərini, məhsulun maya dəyərini azaldan kompleks tədbirlərin işlənib hazırlanması;
    satış müstəqilliyinin təmin edilməsi, hesablamalarda akkreditiv sisteminə keçid;
    ekoloji intizamın gücləndirilməsi;
    çevik nəzarət mexanizminin tətbiqi.
Təhlil və müşahidələr göstərir ki, xalqımızın malik olduğu neft sərvətlərindən ağıllı və düzgün istifadə edilməsi vəzifəsi ön plana çəkilməlidir. Əsrlərin qovşağında Azərbaycan tarixi məqamlarını yaşayır. Postsovet ölkələrində keçid dövrü kimi motivləşən tarixi axında onun da potensialı yeni məzmunda formalaşır. İqtisadi dirçəliş hadisələrə rasional yanaşmağı tələb edir. Bu gün respublika iqtisadiyyatı mümkün potensialın çox az bir hissəsi ilə dövriyyə olunur. Bütün xalq təsərrüfatında böhranlı vəziyyət, tənəzzül meyilləri hələ bitməmiş görünür. Lakin təməli «Əsrin müqaviləsi» ilə qoyulan, uğurla həyata keçirilən Azərbaycan dövlətinin yeni neft siyasəti respublika iqtisadiyyatını səmərəli inkişaf pilləsinə çatdırmışdır. Bu işlərin nəticəsidir ki, dünyanın iri neft şirkətləri ilə görülən müştərək işlər Azərbaycana mütərəqqi texnologiyaların, innovasiyaların gətirilməsi, neft sənayesi infrastrukturunun yenidən qurulması, ölkədə peşəkar milli kadrlar hazırlanması, neft sənayesi ilə bağlı digər sahələrin inkişafı üçün geniş imkanlar açmışdır. Müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks etdirən beynəlxalq saziş - «Əsrin müqaviləsi» XXI əsrin astanasında respublika iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur. İndi neft sənayesinin daha da əlverişli inkişafı üçün nikbin əsaslar yaranmışdır.

Э.М.Гаджизаде


АКТУАЛЬНЫЕ ПРОБЛЕМЫ ОБЕСПЕЧЕНИЯ
УСТОЙЧИВОГО РАЗВИТИЯ НА СТАРЫХ МЕСТОРОЖДЕНИЯХ

РЕЗЮМЕ

Статья посвящена проблемам нефтегазодобывающей промышленности на суше в условиях перехода к рыночным отношениям, вопросам формирования в этой сфере экономических реформ, изучения их совершенствования, обеспечение устойчивого развития на старых месторождениях.
В работе уделено внимание вопросам, имеющим особую значимость, проанализированы этапы развития динамики нефтегазодобычи на суше, роли инвестиционной политики для воссоздания нефтяной промышленности, привлечения иностранных инвесторов показаны пути мобилизации внутренних возможностей.
Дано научное обоснование необходимости проведения новых структурных изменений широкой реструктуризации производства в системе совершенствования управления нефтегазодобывающим комплексом на суше, предложен механизмы реализации новых рычагов, отвечающих требованиям отрасли. Также рассмотрены вопросы, связанные с нефтяным бизнесом , развитием национальных предпринимателей, спецификой приватизации этой сферы, определены основные направления их соответствия национальным интересам.

26.Köhnə yataqlarda davamlı inkişafın təmin edilməsinin aktual problemləri. Azərbaycan EА-nın Хəbərləri. İqtisadiyyat seriyası. Bakı. №1. 2000. 1,0 ç.v.