Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / MİLLİ ENERJİ SEKTORU: YENİ REALLIQLAR VƏ PERSPEKTİV GÖRÜNTÜLƏR
UOT 338:620.9 (479.24)
MİLLİ ENERJİ SEKTORU:
YENİ REALLIQLAR VƏ PERSPEKTİV GÖRÜNTÜLƏR
Hacızadə Elşən Mahmud oğlu
İqtisad elmləri doktoru, professor
Azərbaycan Dövlət İqtisad Universiteti “Enerji iqtisadiyyatı mərkəzi”nin rəhbəri.
ORCID ID 0000-0001-5447-9676
1.Giriş
Müasir dünya iqtisadiyyatının inkişafını enerji resursları olmadan tәsәvvür etmәk çәtindir. Qloballaşan dünyada baş verən meyllər göstərir ki, enerjiyə olan tələbat aratan templərlə davam edəcək və o, yaxın iki onillik ərzində təxminən daha 25-30% yüksələcəkdir. Bununla belə, dünya yenə də əlverişli neft tələbində qalacaq, qazdan istifadə isə daha geniş miqyaslı olacaqdır. Bütün bunlara baxmayaraq, enerji effektivliyi enerji təhlükəsizliyinin daha geniş spektrdə başlıca seqmentinə, qlobal və milli enerji strategiyalarının mühüm prioritetinə çevrilməkdədir [4, 9, 12-14].
Azərbaycan Respublikası da enerji resurslarının bol olduğu ölkələr sırasındadır. Sənayeləşmənin başlanğıcından indiki yeni sənaye inqilabına kimi onun mövcud neft-qaz ehtiyatları iqtisadiyyatın və xalqın əsas qaynaq mənbəyi olaraq çıxış etmişdir. İki əsrin qovşağında Azәrbaycan xalqının ümummilli lideri Heydәr Əliyevin әsasını qoyduğu vә “Əsrin müqavilәsi” ilә reallaşan neft strategiyası həmin resursların milli mənafələrə uyğun istifadəsini təmin etmişdir. Bu gün bu stimullaşdırıcı xətt Prezident İlham Əliyevin yaradıcı әzmi, әmәli fәaliyyәti ilə yeni pilləyə qalxaraq uğurla davam etdirilir.
Müasir qlobal çağırışlar islahatların növbəti mərhələsində milli enerji sektorunda da inkişafın yeni hədəflərinin formalaşdırılmasını labüd etmiş, neft-qaz sәrvәtlәrinin insan kapitalına çevrilmәsi prosesi daha da vüsәtlәnmişdir. Digər tərəfdən ölkənin ali baş komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun Dağlıq Qarabağı və ətraf rayonları işğaldan azad etməsi ilə enerji sektorunda da yeni tələb və vəzifələrin qoyuluşunun zərurəti yaranmışdır. Bununla bağlı cənab Prezident azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istədiyini bildirmişdir. Hazırda ölkədə bu istiqamətdə müxtəlif layihələr, proqram və konsepsiyalar hazırlanmaqdadır. Ölkə başçısının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Sərəncamı ilə dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı, müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi inkişaf prioritetləri təsbit olunmuşdur. Vurğulanmalıdır ki, bu prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir [11]. Onların hər biri ölkə iqtisadiyyatının dayanıqlı inkişafına zəmin yaradacaq amillərdəndir. Bütün bu prioritetlər hamılıqla bu və ya digər cəhətdən enerji sektoru ilə bağlılıqları da əhatə edir. Bundan irəli gələrək, məqalədə ötən il enerji sektorunda görülmüş və yaxın prespektivdə planlaşdırılan və həmin prioritetlər zəminində nəzərdə tutulması hədəflənəcək işlərin elmi aspektdə də təhlil və qiymətləndirilməsi tədqiqat obyektinə çevrilmişdir.
2.Neft-qaz sektorunda inkişaf göstəriciləri və perspektivlər
Keçmiş zamanlarda yaşandığı kimi Azərbaycanın müasir tarixində də enerji resurslarının rolu yüksək olmuşdur. Bu resurslar ölkә iqtisadiyyatının şaxәlәndirilmәsindә, qeyri-neft sektorunun inkişafında әvәzsiz kapital qaynağı olaraq çıxış edir. Cənab prezidentin vurğuladığı kimi: “1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə kommersiya layihəsi deyildi. Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi” [11].
Bu reallıq indi də bəhrəsini verməkdədir. “Əsrin müqaviləsi”indən 23 il keçdikdən və o yekunlaşmadan sonra, 2017-ci ilin sentyabrında “Azәri”, “Çıraq” vә “Günәşli” yataqlarının 2049-cu ilin sonuna qədər birgə işlənməsinə dair yeni saziş imzalanmışdır. Bununla yanaşı, ölkədə meqa infrastruktur layihə, iri diametrli boru xətlərini əhatə edən 3500 kilometr uzunluğunda və dəyəri 40 milyard ABŞ dollarına bərabər olan Cənub Qaz Dəhlizi özünün dörd seqmenti - “Şahdəniz-2”, Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi, Trans Anadolu Boru Kəməri - TANAP və Trans-Adriatik Boru Kəməri - TAP kəmərlərinin tikintisi ilə tam bir reallığa çevrilmişdir. Beləliklə də, Azərbaycan qazı tarixdə ilk dəfə olaraq Avropaya çatdırılmış və onun enerji təhlükəsizliyində strateji amilə çevrilmişdir. Hazırda bu dəhliz vasitəsi ilə İtaliyaya, Yunanıstana və Bolqarıstana qaz ixrac edilməkdədir. O da vurğulanmalıdır ki, ilkin mərhələdə enerji təhlükəsizliyi kimi strateji maraqlara, iqtisadi inkişafa və qlobal əməkdaşlığa xidmət edən Cənub Qaz Dəhlizinin resurs mənbəyini dünyanın ən böyük qaz-kondensat yataqlarından olan “Şahdəniz”dən çıxarılacaq qaz həcmləri təşkil edir. Lakin layihələndirmə zamanı “Şahdəniz”lə bərabər Xəzərin Azərbaycan sektorunun digər perspektiv yataqlarındakı ehtiyatlar da nəzərə alınmışdır. Dəhliz vasitəsi ilə həmçinin Azərbaycan qazı ilə yanaşı Türkmənistan və İraq qazının daşınması da gözlənilir [1, 12].
İlin əvvəlində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu neft yatağı 1989-cu ildə Azərbaycan neftçiləri tərəfindən Xəzərin 4 kilometr dərinliyindəki layda aşkar olunmuşdur. Burada ehtiyatlar 100 milyon ton həcmində qiymətləndirilir. Hesablamalara görə, hasil edilə biləcək bu qaz həcmlərinin dünya qiymətləri ilə dəyəri 35-40 milyard ABŞ dollarına bərabərdir. Bundan başqa, “Dostluq” yatağının neft-qaz resursları Azərbaycanın əlverişli infrastrukturu və müqabil ixrac kəmərləri vasitəsilə daşınacaqdır [11]. Belə gerçəklik eyni zamanda, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaqdır. Cənub Qaz Dəhlizi ilə daşınmalara gələcəkdə İran və Misirin qoşulacağı istisna edilmir. Həmçinin təməli qoyulmuş Bolqarıstan-Yunanıstan İnterkonnektoru da gələcəkdə Azərbaycan qazının digər Balkan ölkələrinə çıxışına zəmin olacaqdır. Bununla yanaşı, Qara dəniz və Aralıq dənizi sahili ərazilərindən keçəcək tranzit xətlərinin Cənub Qaz Dəhlizi ilə inteqrasiyası da reallaşa bilər. Bütün bunlar isə bir daha onu göstərir ki, bu dəhliz Cənub və Cənub-Şərqi Avropanın enerji xəritəsini dəyişdirəcək və Azərbaycan təkcə neft deyil, həm də qazın da əsas ixracatçısına və regionun enerji təhlükəsizliyinin təminatçılarından birinə çevriləcəkdir. Cənub Qaz Dəhlizinin bütün tərkib layihələri maksimum potensialı ilə çalışarsa o zaman yaxın 20-25 il ərzində buradan təxminən 40 milyard ABŞ dolları həcmində gəlir əldə olunacaqdır. Azərbayacanın karbohidrogen potensialı haqqında danışdıqda Xəzərin Azərbaycana mənsub akvatoriyasında istismara hazırlanan ümumi ehtiyatları təqribən 1 milyard ton neftə ekvivalent hesablanan “Abşeron”, “Qarabağ”, “Ümid-Babək”, “Əşrəfi”-“Dan ulduzu”-“Aypara”, “Şəfəq”-“Asiman” və digər bu kimi yataqların həcmləri də nəzərə alınmalıdır.
O da qeyd olmunmalıdır ki, növbəti ildə Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən və ehtiyatları 350 milyard m3 qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilən “Abşeron” yatağından Fransanın “Total” şirkəti ilə birlikdə hasilata başlanılacaqdır. Bu yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcəkdir. “Abşeron” layihəsinin birinci mərhələsində çıxarılacaq qazın daxili tələbatlara istiqamətləndirilməsi, digər mərhələsində isə ixrac yolu ilə dünya bazarlarına çıxarılması nəzərdə tutulur.
Norveçin “Equinor” şirkəti ilə birlikdə isə “Qarabağ yatağı” üzərində işlər davam etdirilir. Qeyd olunmalıdır ki, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması və “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimlərində iştirak etmişdir [11].
“Ümid-Babək” yatağının işlənilməsini isə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti - SOCAR həyata keçirir. Ehtiyat potensialı 200 milyard m3-dən çox olan “Ümid” yatağından isə artıq gündəlik 3 milyon m3 qaz hasil edilir. Bundan başqa, “Azəri-Çıraq-Günəşli”də böyük həcmdə dərin qaz yataqları mövcuddur ki, onların da işlənməsi istiqamətində SOCAR ilə BP arasında danışıqlar davam etdirilir. Hazırda həmçinin Azərbaycan “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” konsorsiumlarına rəhbərlik edən və strateji tərəfdaşı olan BP ilə “D 2030” (2018-ci ildə qüvvəyə minib), “Şəfəq-Asiman” qaz yatağı və “Dayazsulu” adlandırılan layihə üzərində də iş aparılır.
Bir xüsusi məqam da qeyd edilməlidir ki, karbohidrogen resurslarının dəniz akvatoriyasından hasilatı üçün Azərbaycan əlverişli infrastruktura malikdir. Xəzərdə ən böyük donanma Azərbaycana məxsusdur. Burada 200-dən çox gəmi vardır. Bununla yanaşı, Azərbaycan həm özü və həm də konsorsium üçün zəruri gəmilər istehsal edən regionun ən böyük və müasir gəmiqayırma zavoduna malikdir.
Hesablamalara görə indi Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon m3-dir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon m3 civarındadır. Bu isə Azərbaycanın tam bir əsrdən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi qalmasına zəmin yaradır.
Ötən il Türkiyə Prezidentinin Azərbaycana səfəri zamanı İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi barədə qərar qəbul olunmuş və bununla bağlı Ankarada iki dövlət arasında Anlaşma Memorandumu imzalanmışdır. Bu layihə Naxçıvan Muxtar Respublikasının qaza olan tələbatını təmin etməsində yeni imkanlar yaradacaqdır.
Qazlaşdırma ilə bağlı məsələlər də uğurla icra olunmaqdadır. Artıq onun həcmi 96%-i ötmüşdür. Ötən il SOCAR tərəfindən satılan 13,4 milyard m3 təbii qazın 11,7 milyard m3-i, 201,2 min ton maye qazın isə 188,8 min tonu daxili bazarda reallaşdırılmışdır. Təbii qazın 1,4 milyard m3-i, maye qazın isə 13,9 min tonu ixrac edilmişdir. Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılış mərasimi olmuşdur [13].
Azərbaycanın artan qaz potensialı onun ixracı ilə yanaşı, bu xammala əsaslanan müəssisələr silsiləsinin yaranmasını da şərtləndirmişdir. Bu müsbət trend qaz emalı və kimyası sənayesinin inkişafına zəmin olmuş və ölkəni bir sıra müvafiq idxal məhsullarından azad etmişdir. Bu silsilədə azot gübrələri istehsal edən “SOCAR Karbamid”, polipropilen və yüksək sıxlıqlı polietilen istehsalını həyata keçirən “SOCAR Polymer” və metanol istehsalını təmin edən “SOCAR Metanol” zavodları xüsusi əhəmiyyət daşıyır. Ötən il Karbamid zavodunda 119,5 min ton azot gübrəsi istehsal edilmişdir ki, bunun 40,5 min tonu daxili bazarda satılmış, 69,4 min tonu isə ixraca yönəldilmişdir. “SOCAR Polymer” tərəfindən istehsal olunan 92,0 min ton polipropilen və 50,6 min ton yüksək sıxlıqlı polietilen məhsulunun müvafiq olaraq 92%-i və 96%-i ixrac olunmuşdur. Metanol zavoduna xammal olaraq 524,4 milyon m3 həcmində qaz verilmiş və onun emalı nəticəsində 476,0 min ton metanol istehsal edilmiş, bunun da 97,9%-i ixraca yönəldilmişdir.
Azərbaycan üçün dünya neft-qaz sənayesinin dəyişkənliyinin, qiymət titrəyişlərinin onun iqtisadiyyatına təsiri ilə yanaşı, coğrafiyasındakı geosiyasi proseslərə, potensiallara və bu baxımdan xüsusən də Xəzər dənizi ehtiyatları müstəvisindəki inkişaf ssenarisi də önəm daşıyır. İlk öncə bu qiymətlərin dayanıqlığında, ehtiyatların mərhələli hasilatında və istismar proseslərində özünü biruzə verir. Bu istiqamətdə Prezident İlham Əliyevin 2016-cı ildə Davos İqtisadi Forumunda çıxışı zamanı neft istehsal edən ölkələrin “OPEC plus” formatında iclasının keçirilməsi təşəbbüsünün reallığa çevrilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, bu amil neft hasilatınının tənzimlənməsi ilə yanaşı, Azərbaycanla OPEC arasında əməkdaşlıq münasibətlərinin intensivləşməsində də mühüm rol oynamaqdadır. Baxmayaraq ki, ötən il “OPEC plus” razılaşması üzrə öhdəliklərə görə neft istehsalı 8,2% azalmışdır, istehsal isə 34,4 milyon ton neft (kondensatla birlikdə) təşklil etmiş və ixraca 28,4 milyon ton xam neft yönəldilmişdir. Ötən il qaz hasilatı 37,1 milyard m3 olmaqla, 1,5 milyard m3 artmış və il ərzində xaricə qaz satışı 13,5 milyard m3 təşkil etmişdir. Ümumiyyətlə isə son 17 il ərzində neft-qaz hasilatında davamlı dinamizim qeydə alınmışdır. 2003-cü illə müqayisədə 2020-ci ildə neft hasilatı 2,2 dəfədən çox, qaz hasilatı isə 7,1 dəfə artmışdır.
Ölkədə yüksək Avropa standartları səviyyəsində məhsullar istehsal etmək məqsədi ilə Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində yenidənqurma və modernizasiya prosesləri pandemiya ilə əlaqədar yaranmış çətinliklər nəzərə alınaraq yenilənmiş strategiya əsasında davam etdirilmişdir. Burada ötən il emal dərinliyi 94,3% təşkil edərək 5,9 milyon ton xam neft emal olunaraq 12 milyondan tondan çox dizel yanacağı, 2 milyon ton avtomobil benzini, 0,5 milyon ton reaktiv mühərrik yanacağı, həmçinin ümumi həcmdə 1 milyon tona yaxın olmaqla maye qazlar, bitum, sürtkü yağları, koks və digər məhsullar istehsal edilmişdir. İstehsal edilən əmtəəlik neft məhsullarının 77,0%-i daxili bazara, qalan 23,0%-i isə ixraca yönəldilmişdir. Neft məhsullarının ixracından daxilolmalar 338,9 milyon ABŞ dolları, daxili satışından 2491,5 milyon manat təşkil etmişdir. Layihələr yerinə yetirildikdən sonra neft və kimya məhsullarının istehsal həcmlərinin və ixrac potensialının artırılması, istismar xərclərinin azaldılması, benzin və dizel yanacağının Avro-5 standartlarına çatdırılması, müəssisələrin təhlükəsizlik şəraiti və ekoloji vəziyyətinin yaxşılaşdırılması kimi effektlər əldə olunacaqdır [13].
“Azərikimya“ İB-də 522,0 min ton xammal emal edilərək 103,3 min ton propilen, 133,2 min ton etilen, 80,4 min ton polietilen və 157,6 min ton digər qiymətli neft-kimya məhsulları alınmışdır.
Ötən il SOCAR-ın təsisçiliyi ilə yaradılmış, neft və qaz sənayesinin bütün sahələrini əhatə edən 35 birgə müəssisə, 1 alyans, xarici ölkələrdə digər çoxsaylı törəmə şirkət və nümayəndəliklərin də fəaliyyətləri uğurlu olmuşdur. SOCAR xaricdəki aktivləri vasitəsi ilə pərakəndə neft məhsulları satışını davam etdirmiş və hesabat ilinin sonunda SOCAR İsveçrə (“SOCAR Energy Switzerland”), Ukrayna (“SOCAR Energy Ukrayna”), SOCAR Rumıniya (“SOCAR Petroleum SA Rumıniya”), Gürcüstan (“SOCAR Energy Georgia”), Avstriyada (SOCAR Energy Austria LLC) və digər ölkələrdəki törəmə şirkətləri vasitəsilə ümumilikdə 514 yanacaq doldurma məntəqəsi şəbəkəsi ilə fəaliyyət göstərmişdir.
Vurğulanmalıdır ki, SOCAR həm də Türkiyə Cumhuriyyətinin ən böyük xarici investorudur. Onun vasitəsi ilə Türkiyə iqtisadiyyatına 15 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb və həmin rəqəmin 20 milyard ABŞ dollarına çatdırılması planlaşdırılır. Bu ölkədə SOCAR həmçinin Petkim neft-kimya kompleksi, STAR neft emalı zavodu, külək enerji stansiyası, Egey dənizinin ən böyük limanı olan SOCAR Konteyner Terminalı, milyonlarla istehlakçıya xidmət göstərən qazpaylayıcı şəbəkələr, fiberoptik xətlər kimi böyük aktivlərə sahibdir. Ötən il “STAR” Neft Emalı Zavodunda 10,4 milyon ton xam neft emal edilərək 6,5 milyon ton dizel, 1,3 milyon ton nafta, 0,3 milyon ton reaktiv mühərrik yanacağı, 0,3 milyon ton maye qaz, 1,0 milyon ton reformat, 0,1 milyon ton kükürd, 0,7 milyon ton neft-koksu olmaqla, müxtəlif neft məhsulları istehsal edilmişdir. SOCAR-ın idarəçiliyində olan və illik emal gücü 3,6 milyon ton təşkil edən “Petkim Petrokimya Holdinq A.Ş.”də isə 3,1 milyon ton neft-kimya məhsulu istehsal olunmuş və onun 1,2 milyon tonu ixraca yönəldilmişdir.
Ötən il SOCAR-ın fond bazarında fəaliyyəti də səmərəli olmuşdur. Belə ki, tədavül vaxtı 2021-ci ildə bitən, illik 5% gəlirliliyi və hər 3 aydan bir faiz ödənişli olan SOCAR istiqrazları 4 il ərzində ölkənin qiymətli kağızlar bazarında ən çox alınıb-satılan alətə çevrilmişdir. Bunun nəticəsidir ki, 2020-ci ilin sonuna SOCAR istiqrazlarının sahiblərinə ümumilikdə 18,75 milyon ABŞ dolları vəsait ödənilmiş və bununla da istiqrazlar üzrə 15-ci faiz ödənişi həyata keçirilmişdir. Hazırda SOCAR nominal dəyəri 1000 ABŞ dolları olan, ümumilikdə 100 milyon ABŞ dolları dəyərində istiqraz paketinə malikdir.
SOCAR-ın fəaliyyətinin təkmilləşdirilməsi, investisiya proqramlarında şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli Sərəncamına əsasən Şirkət “Azərbaycan İnvestisiya Holdinqi”nin idarəetməsinə verilmişdir.
3.Elektroenergetika sektorunda inkişaf göstəriciləri və perspektivlər
Elektroenergetika iqtisadiyyatın baza sahəsi olaraq, əhalinin və cəmiyyət həyatının digər sferalarının inkişafının da bilavasitə başlıca amili və zəruri şərti olaraq çıxış edir. Elektrik enerjisi istehsalı ölkənin iqtisadi potensialının dolayı güc göstəricisi hesab olunur. Dünyanın 40% ilkin enerji resursları elektroenerji istehsalına sərf olunur. Elektroenergetikanın vacib xüsusiyyəti kimi onun məhsulunun - yəni elektrik enerjisinin sonrakı istifadə üçün yığıla bilməməsi çıxış edir. Elektrik enerjisinin istehsalı elektrik stansiyasının özünün ehtiyacları və şəbəkədəki itkiləri nəzərə almaqla, zamanın hər anında istehlak ölçülərinə uyğun olmalıdır. Ona görə də, elektroenergetika sabitlik, qalıcılıq, fasiləsizlik və dərhal həyata keçirilmə xüsusiyyətliliyinə malikdir [2, 3, 7].
Elektroenergetika 1890-cı illərdən - 9 milyard kVts elektrik enerjisi istehsalı ilə inkişafa başlamışdır. Sahə üzrə böyük sıçrayış 1950-ci ildən başlanğıc almışdır. Hazırda dünyada hər il orta hesabla 25 trilyon kVts elektrik enerjisi istehsal edilir. Bu həcm 1970-ci ilin istehsalından 5 dəfə, 1990-cı il istehsalından 2,3 dəfə və 2010-cu il istesalından isə 1,25 dəfə yüksəkdir [5, s. 34, 8].
Azərbaycan da təbii enerji sərvətlərindən səmərəli istifadə edərək özünün elektroenergetika sahəsindəki təhlükəsizliyini təmin etmiş və onu inkişaf etdirməkdədir. Bunun nəticəsidir ki, son 20 il ərzində ölkənin elektrik enerjisi sistemi daha da gücləndirilərək onun qoyuluş gücü 7 min MVt-a yüksəldilmişdir. Hazırda Azərbaycanda elektrik enerjisi istehsalı orta hesabla illik 23-25 milyard kVts təşkil edir. Bunun 82-87%-ə qədəri İES-lərdə və digər bir hissəsi SES-lərdə istehsal olunur. Bu sıraya 2011-ci ildən başlayaraq, hazırda gücü 100 MVt-ı aşan alternativ enerji sistemi də qoşulmuşdur. Bununla belə, qeyd olunmalıdır ki, Azərbaycan, Ermənistan istisna olmaqla, elektrik enerjisinin bütün region dövlətlərinə ötürülməsi üzrə təminatlı infrastruktur imkanlarına malikdir və o, artıq bir neçə ildir ki, Türkiyə, Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadiləsi aparır.
Ölkədə elektroenerji təhlükəsizliyinin təminatında bərpa olunan enerji mənbələrin - külək, günəş, biokütlə və s. istifadənin genişləndirilməsinə də xüsusi önəm verilir. Bu məqsədlə yeni normativ baza formalaşdırılır, xarici əməkdaşlıq genişləndirilir, inkişafın yeni hədəflərinin direktivləri reallaşdırılır. Bütün bunlar isə əsaslı əşkildə elektroenergetika sektorunda da islahatların yeni mərhələsini şərtli etmiş və milli enerji təhlükəsizliyinin davamlı təminatı üzrə müvafiq strategiyanın formalaşdırılmasına zəmin olmuşdur [2, 5].
Ötən il elektroenergetika sahəsində enerjisistemin fəaliyyətinin dayanıqlıq səviyyəsinin, texnoloji bazasının gücləndirilməsi və infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. İl ərzində ölkə üzrə 25,8 milyard kVts elektrik enerjisi istehsal olunmuş və məhsulun 1,15 milyard kVts-ı ixraca yönəldilmişdir. İstehsal olunmuş elektrik enerjisinin 94,5%-i istilik elektrik stansiyalarının (İES), 4,1%-i su elektrik stansiyalarının (SES), 1,4%-i isə bərpa olunan enerji mənbələrinin (BOEM) payına düşmüşdür. Aratan və davamlı olan potensialı ilə Azərbaycan bu istiqamətdə də ticarət coğrafiyasını genişləndirmiş və regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrilmişdir.
Ötən il “Azərbaycan” İstilik Elektrik Stansiyasının - İES 8 enerji bloku, əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. Bunun nəticəsində stansiyada 600 MVt generasiya gücü bərpa olunmuşdur. Ümumilikdə isə həyata keçirilən “Reabilitasiya Proqramı” çərçivəsində ölkənin elektrik stansiyalarında 1300 MVt-dən artıq generasiya gücü bərpa edilməklə, enerji sistemin imkan gücü 6 min MVt-a çatdırılmışdır.
2020-ci ildə gücü 385 MVt olan “Qobu” elektrik stansiyasının təməli qoyulmuş və 330 kV-luq “Qobu” yarımstansiyasının tikintisi işləri davam etdirilmişdir. Bu stansiya kompleksi ölkənin enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmağa, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlığını və etibarlığını maksimum səviyyəyə çatdırmağa imkan verəcəkdir.
Ötən ilin əvvəlində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 240 MVt gücündə külək stansiyalarının və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkət arasında 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı icra müqavilələri imzalanmış və artıq həmin stansiyaların tikiləcəyi ərazilər, onların enerjisistemə qoşulması, elektrik enerjisinin ötürülməsi, rele-mühafizə, avtomatika və digər məsələləri əhatə edən görüləcək işlər müəyyənləşdirilmişdir.
Bundan başqa, Azərbaycan Hökuməti və İran İslam Respublikası Hökuməti arasında imzalanmış “Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi və istismarı haqqında” və “Araz çayı üzərində “Xudafərin” və “Qız” qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişlərdə nəzərdə tutulan işlər icra edilir. Həmçinin 36 MVt-lıq Ordubad SES-in tikintisi işləri də davam etdirilir. Qeyd olunmalıdır ki, Cəbrayıl rayonunun işğaldan azad edilməsi və İranla dövlət sərhədinin tam nəzarətə götürülməsi “Xudafərin” və “Qız Qalası” layihələrinin icrası baxımından daha əlverişli şərait yaratmşdır. Hidroqovşaqların və Azərbaycan tərəfində “Xudafərin”də 100 MVt, “Qız Qalası”nda 40 MVt gücündə su elektrik stansiyalarının tikintisi işğaldan azad edilmiş ərazilərin həm elektrik enerjisi ilə təmin edilməsində, həm də bütün ölkə üzrə su balansının daha səmərəli təmin olunmasında xüsusi rol oynayacaqdır [11, 13].
Görülən tədbirlər əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşmasına, enerjisistemin texniki-iqtisadi göstəricilərinin yüksəlməsinə təsir göstərmiş, 2003-cü illə müqayisədə dövlət enerji sistemində 1 kVts elektrik enerjisinin istehsalına şərti yanacaq sərfi 386,0 qramdan 263,8 qrama düşmüş, paylayıcı şəbəkə itkiləri 19,4%-dən 8,9%-ə enmiş, uçot və ödəniş sisteminin təkmilləşdirilməsi nəticəsində enerji haqlarının yığım səviyyəsi 46,7%-dən 96,2%-ə (Bakı üzrə 99,6%, regional elektrik şəbəkələri üzrə isə 92,5%) qalxmışdır.
Enerjisistemin yüksək gərginlikli şəbəkə təsərrüfatının inkişafı sahəsində əsaslı tədbirlər həyata keçirilmiş və ötən il yenidən qurulan 110 kV-luq “Dübəndi”, “Əhmədli”, “8-ci km”, “Böyükşor”, 110 kV-luq “Ağstafa”, “Ağcabədi-2” və “Tərtər” yarımstansiyaları, Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi, Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə istismara verilmişdir. 220 kV-luq “Xırdalan” və 110 kV-luq “Maştağa”, 500 kV-luq “Abşeron”, 220 kV-luq “Hövsan”, 330 kV-luq “Yaşma”, 220 kV-luq “Nizami”, 110 kV-luq “Binəqədi”, “Suraxanı”, “Ağcəbədi” və “Şükürbəyli” yarımstansiyalarında yenidən qurulması işləri aparılmışdır. İran İslam Respublikası ilə enerji mübadiləsinin texniki imkanlarının artırılmasını təmin edəcək 220 kV-luq “Masallı YS - Astara (İİR)” hava xəttinin tikintisi işləri davam etdirilmiş, Gürcüstanla elektrik enerjisi mübadiləsində etibarlılığı artırmaq məqsədilə 330 kV-luq “Ağstafa - Qardabani” hava xəttinin yenidən qurulması layihəsi üzrə nəzərdə tutulan işlər başa çatdırılaraq 14 may tarixində hava xətti istimara verilmişdir.
Respublikada ilk dəfə olaraq 35 kV-luq “özünü daşıyan izolyasiyalı naqilli (ÖİN) xətlərinin quraşdırılmasına başlanılmış və bu məqsədlə Qobu qəsəbəsində 4,5 km uzunluqda 35 kV-luq ÖİN xətləri çəkilmiş, 6 ədəd 35/0,4 kV-luq komplekt transformator məntəqəsi quraşdırılmışdır.
Bundan başqa, əks-qəza avtomatikasının müasir mikroprosessor texnologiyası əsasında modernləşdirilməsini nəzərdə tutan layihə üzrə də işlər aparılır. İlkin olaraq 35 elektrik stansiyası və 150 yarımstansiya üzərində nəzarət və idarəetməni təmin edəcək yeni SCADA sistemi yaradılır.
Ötən müddət ərzində sahənin ümumi inkişafı, o cümlədən hüquqi prosedurların sadələşdirilməsi, şəffaflığın və istehlakçı məmnunluğunun təmin edilməsi istiqamətində yeni normativ-hüquqi aktlar qəbul olunmuş, qanunvericilik bazası təkmilləşdirilmişdir.
Ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əsasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmışdır. BOEM-in ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə payının 2030-cu ilədək 30%-ə çatdırılması məqsədilə beynəlxalq məsləhətçi şirkət cəlb edilərək elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrlər üzrə optimal həddi (ümumilikdə 1500 MVt, o cümlədən 2020-2022-ci illərdə 440 MVt, 2023-2025-ci illərdə 460 MVt, 2026-2030-cu illərdə 600 MVt) müəyyən edilmişdir. Bununla yanaşı, Xəzər dənizində və sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması istiqamətində əməkdaşlıq nəzərdə tutulur.
2020-ci ildə ölkə üzrə BOEM hesabına istehsal edilən elektrik enerjisinin həcmi 389,2 milyon kVts olmuşdur ki, bunun da 45,6 milyon kVts-ı kiçik su elektrik stansiyalarının, 96,1 milyon kVts-ı külək, 46,9 milyon kVts-ı günəş, qalan 200,6 milyon kVts-ı isə bioenerji mənbələrinin payına düşmüşdür. “Təmiz Şəhər” ASC-nin Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, SOCAR tərəfindən Xəzər rayonu ərazisində tikilmiş “Ekoloji Park”da günəş panelləri, “Azərişıq” ASC-nin balansında olan külək elektrik parkının, həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin tabeliyində olan BOEM stansiyaları hesabına ümumilikdə 337,2 milyon kVts elektrik enerjisi istehsal olunmuşdur. Bundan başqa, qeyri-dövlət sektoru tərəfindən BOEM hesabına 52 milyon kVts elektrik enerjisi istehsal olunmuşdur ki, onun da 38%-i külək elektrik stansiyalarının, 62%-i isə digər mənbələrin payına düşmüşdür. Həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərzisində gücü 3 MVt olan Günəş ES istismara verilmişdir ki, bu da muxtar respublikada elektrik enerjisinə olan tələbatın 55%-ni BOEM hesabına ödənilməsini təmin edir.
Görülən bu tədbirlər əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşmasına çox mühüm təsir göstərmiş, ümumilikdə 2003-cü ildən sonra elektroenergetika sahəsində aparılan islahatlar nəticəsində Azərbaycan elektrik enerjisi üzrə idxalçı ölkədən ixracatçı ölkəyə çevrilmişdir. Ötən müddət ərzində həmçinin sahənin ümumi inkişafı, o cümlədən hüquqi prosedurların sadələşdirilməsi, şəffaflığın və istehlakçı məmnunluğunun təmin edilməsi istiqamətində yeni normativ-hüquqi aktlar qəbul olunmuş, qanunvericilik bazası təkmilləşdirilmişdir. Layihəsi hazırlanmış “Enerji resurslarından səmərli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra ölkənin enerji sistemində köklü institusional dəyişikliklər baş verəcəkdir. Onun əsas məqsədi enerji resurslarından effektiv istifadənin təmin olunması, iştirakçıların arasındakı münasibətlərin tənzimlənməsi, enerji resurslarından istifadənin müasir tələb və standartlara uyğunlaşdırılması üçün hüquqi əsaslar yaratmaqdan ibarətdir. Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan bu Qanun iqtisadiyyatın mövcud inkişaf səviyyəsi və perspektivlərini, habelə əhalinin rifah səviyyəsinin yüksəldilməsini nəzərdə tutaraq, geniş multiplikativ effektlərlə müşayiət olunaraq milli enerji bazarının geniş aspektə formalaşdırılmasına, sahə üzrə şəffaflığın təmin edilməsinə, haqsız rəqabətin aradan qaldırılmasına, qənaətin biçimli bölüşdürülməsnə zəmin yaradacaq, enerji auditi, enerji menecmenti və enerji səmərəliliyi kimi yeni xidmət və sistemlərin tətbiqini rallaşdıracaqdır.
4.İşğaldan azad olunan ərazilərdə enerji sistemin yenidən qurulması tədbirləri
İşğaldan azad edilmiş torpaqlarda böyük enerji ehtiyatları vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə cənab Prezident azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istədiyini bildirmişdir. Bu strateji baxış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lərdə konseptual əksini tapmışdır. İlk öncə 4-cü prioritet - “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış”da dayanıqlı məskunlaşma əsasında iqtisadi fəaliyyətə reinteqrasiya və ümumilikdə ərazilərin inkişafının strateji xəttləri öz əksini tapmışdır. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. 5-ci prioritet - “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”ndə qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi kimi məsələlər təsbit olunmuşdur. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin - yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanının effektiv reallaşdırılmasına nail olunmalıdır. İqtisadi artımla ekoloji mühit tarazlıq təşkil etməli, yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslar bərpa olunmalı, ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə edilməklə ödənilməlidir. Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və BOEM-dən istifadə xüsusilə daha çox artacaqdır. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir [6]. Bu prioritetdə nəzərdə tutulduğu kimi, indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və BOEM-in ilkin istehlakda payı artırılmalı və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcəyi də əsaslıdır [13].
İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4000 MVt-dan çox günəş, 500 MVt-dək külək enerjisi potensialı vardır. Həmçinin buradakı çayların da enerji potensialı da yüksəkdir.
Azad edilmiş torpaqlarda ilkin məlumatlara görə, 30-a yaxın kiçik su elektrik stansiyası vardır. Lakin onların əksəriyyəti yararsız hala salınmışdır. Hazırda bu stansiyaların inventarlaşdırılması işinə başlanılmış, 8 MVt gücündə “Güləbird”, 4,8 MVt gücündə “Suqovuşan-1” və 3 MVt gücündə “Suqovuşan-2” SES-lərin bərpası istiqamətində işlər icra olunmaqdadır.
Ölkə başçısının qeyd etdiyi kimi, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən enerji sistemi qurulmalıdır. Bundan irəli gələrək, bu ərazilərdə elektrik təchizatı infrastrukturunun yaradılması və respublikanın enerjisisteminə inteqrasiya olunması işlərinə başlanılmışdır. İlkin olaraq “Azərişıq” ASC tərəfindən Cəbrayıl rayonu və Hadrut qəsəbəsinin həyati vacib obyektlərinin və bir sıra yaşayış məntəqələrinin enerji təminatı yaxınlıqda olan yarımstansiyaların təmiri və yeni xətlərin çəkilişi hesabına təmin edilmişdir. Şuşanın elektrik təchizatı ilə bağlı isə Hadrut-Şuşa istiqamətində mövcud olan 25,2 kilometr uzunluğunda 35 kV-luq xəttin təmiri və 31 kilometr uzunluğunda 35 kV-luq yeraltı kabel xəttinin tikintisi işləri aparılmışdır. Eyni zamanda, Qarabağ regionuna yaxın ərazidə güc mərkəzinin yaradılması məqsədilə Füzuli rayonundakı 110 kV-luq “Şükürbəyli” yarımstansiyasının əsaslı yenidənqurulması, Şuşa şəhərinin və ətraf ərazilərin elektrik təchizatı üçün “Şükürbəyli” yarımstansiyasından yeni inşa olunan yola paralel olaraq Şuşa şəhərinə 75 km uzunluqda 110 kV-luq iki dövrəli “Şuşa-1”, “Şuşa-2” elektrik verilişi xəttinin tikintisi, döyüş əməliyyatları zamanı yararsız vəziyyətə düşmüş Şuşa şəhərindəki 110 kV-luq yarımstansiyanın təmiri istiqamətində işlər yerinə yetirilməkdədir.
Qarşıda isə bütün regionunun ölkə enerji sistemi ilə əlaqələndirilməsi və yaxın ərazidə yeni güc mərkəzinin yaradılması, habelə Şuşa şəhəri və Laçın, Xankəndi, Tər-Tər (Ağdərə), Kəlbəcər rayonlarını əhatə etməklə dairəvi elektrik təchizat sisteminin yaradılması məsələsi dayanır. Bununla da Qarabağ ölkə enerjisisteminə qoşulacaq və Ermənistan Respublikası ilə Kəlbəcər rayonu üzərindən mövcud olan elektrik təchizat sxemi tamamilə dayandırılacaqdır. Bundan sonra işğaldan azad olunan rayonlarda yeni - 110 kV-luq “Şuşa”, “Kəlbəcər”, “Füzuli”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı”, “Ağdam”, “Zabux”, “Laçın şəhər” və “Turşsu” yarımstansiyalarının tikintisi ilə hesabına ikinci dairəvi elektrik təchizatı sisteminin yaradılması təmin olunmalıdır. Yeni layihələrin enerjisistemə inteqrasiyası üçün işğal dövründə tamamilə dağıdılmış 330/110 kV-luq “Ağdam” yarımstansiyasının əvəzinə Cəbrayıl rayonu və Naxçıvan Muxtar Respublikası ərazisində yeni 330 kV-luq yarımstansiyaların və 330 kV-luq əlaqələndirici xətlərin tikintisi də nəzərdən keçirilməlidir. Bu xətlər və dəhlizlər vasitəsilə Naxçıvan Muxtar Respublikasının ölkənin əsas enerjisistemi ilə əlaqələndirilməsi təmin olunacaq, həmçinin elektrik enerjisinin Naxçıvan üzərindən Türkiyə və Avropa bazarlarına ixracına imkan yaradacaqdır ki, bu da tranzit xərclərinin azalmasına səbəb olacaqdır. Həmçinin ilkin olaraq Kəlbəcər rayonunda 9, Laçın rayonunda 13, Tərtər rayonunda 4, Ağdam rayonunda 1 ədəd və ümumi gücləri 100 MVt-a yaxın olan SES-lərin bərpası, habelə İran İslam Respublikası ilə birgə layihə olan “Xudafərin” və “Qız Qalası” SES-lərində istehsal olunacaq elektrik enerjisinin enerjisistemə ötrülməsi də bütün bu ssenarilərdə yeni effektlər yaradacaqdır. Eyni zamanda, azad olunan ərazilərdə ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarə etmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, 35 kV ÖİN naqillərdən istifadə etməklə elektrik verilişi xətlərinin çəkilməsi də vacib amillərdəndir.
Bundan başqa, həmin ərazilərdə qazlaşma üzrə reabilitasiya tədbirləri həyata keçirilməli, bütün ölkədə olduğu kimi bu regionda da qazlaşma səviyyəsi maksimuma qaldırılmalıdır. Bərpa, yenidənqurma və tikinti işləri bütün enerji şəbəkəsini əhatə etməli, yeni yanacaq-doldurma stansiyaları şəbəkəsi, neft məhsullarının təchizatı sistemi qurulmalı və müvafiq təkmil infrastruktur yaradılmalıdır.
İşgaldan azad edilmiş ərazilərdə Azərbaycana məxsus peyklərinin xidmətindən istifadə olunmaqdadır. Bu məqsədlə aparılan peyk monitorinqi nəticəsində işğaldan azad edilən ərazilər, onların sərhədləri və sahəsi, meşələr çaylar, göllər, su hövzələri, habelə kənd təsərrüfatı potensialı üzrə müvafiq qiymətləndirmələr aparılmışdır.
4.Nəticə
Enerji resurslarından əldə edilən gəlirlər sosial effektlər yaradaraq hәr bir vәtәndaşın rifahının yüksәlişinə öz tәsirini göstәrir. Onların mühüm hissəsi ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına yönəldilir. Aparılan təhlil və araşdırmalar bir daha yəqinlik verir ki, dünya energetikası tələb və təklifin yeni kəmiyyət və kefiyyət mərhələsinə qədəm qoyur. Resursların məhdudlaşması yeni qlobal çağırışlar kontekstində industrial dövlәtlәrin energetik konsepsiyasına, milli tәhlükәsizlik strategiyalarına korrektələr gətirir. Bu konseptual istiqamәt Azәrbaycan üçün dә istinasızdır. Ona görə də, ölkədə aparılan enerji siyasəti daim təkmilləşir, daha optimal milli layihələrə yer verilir. Bu baxımdan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i qarşıda yeni mühüm strateji məqsəd və vəzifələr qoyur. Aparılan təhlillərə əsaslanaraq həmin strateji məqsəd və vəzifələrin nəticə olaraq hədəfləri kimi aşağıdakılar səciyyələndirilir:
1.Enerji təhlükəsizliyinin davamlı möhkəmləndirilməsi, resurslardan səmərəli istifadə əsasında enerji strategiyasının daha biçimli formatda davam etdirilməsi;
2.“Azәri”, “Çıraq” vә “Günәşli” yataqlarının 2049-cu ilin sonuna qədər birgə işlənməsinin səmərəli həyata keçirilməsi, “Abşeron”, “Qarabağ”, “Ümid-Babək”, “Əşrəfi”-“Dan ulduzu”-“Aypara”, “Şəfəq”-“Asiman” və digər bu kimi yataqların işlənməsinin sürətləndirilməsi;
3.Cənub Qaz Dəhlizinin potensialından maksimum istifadə, onun resurs mənbələrinin, istehlak sisteminin şaxələndirilməsi və gəlirliliyinin artırılması;
4.Qazlaşdırmanın səviyyəsinin elektrik enerjisi təchizatında olan səviyyəyə çatdırılması, karohidrogenlərin emalı sənayesinin inkişaf etdirilməsi, infrastruktur yenidənqurması və institusional təsisatlandırmaların genişləndirilməsi;
5.Dövlət Neft Fondunun səmərəliliyinin artırılması, aktivlərinin effektli idarə edilməsinin təminatı, gəlirlərin daha biçimli olaraq ölkə iqtisadiyyatının şaxələndirilməsinə və infrastruktur layihələrinə yönəldilməsi;
6.Enerji effektivliyinin artırılması, itirilmiş generasiya güclərinin bərpası və dayanıqlığın təminatı, iqtisadi inkişafa və artan əhali tələbatına uyğun daha modern optimal enerji sisteminin formalaşdırılması, elektrik enerjisi ixracının genişləndirilməsi və diversifikasiyası;
7.Effektli BOEM strategiyasının həyata keçirilməsi, tələb olunan bütün obyektlərdə alternativ generatorların quraşdırılması, təhlükəsizliyin təminatı;
8.Ekoloji effektivlik və emissiyalı iqtisadiyyat prinsiplərinə uyğun olaraq, dekarbonizasiya istiqamətində fəaliyyətlərin artırılması, elektromobillərdən istifadənin genişləndirilməsi və müqabil infrastrukturun qurulması, enerji sektorunda süni intellekt resurslarının və “Sənaye-4” nailiyyətlərinin tətbiqinin genişliklə təminatı;
9.İşğaldan azad edilmiş torpaqlarda:
9.1.Enerji ehtiyatlarının konsolidasiyası, müasir texnologiyalar tətbiq edilməklə regionun yaşıl enerji zonasına çevrilməsi və burada ən müasir standartlara cavab verən enerji sisteminin qurulması;
9.2.Qazlaşma üzrə reabilitasiya tədbirlərinin həyata keçirilməsi, bütün ölkədə olduğu kimi bu region ərazilərində də qazlaşma səviyyəsi maksimuma qaldırılması;
9.3.Bərpa, yenidənqurma və tikinti işləri bütün enerji şəbəkəsini əhatə etməklə yeni yanacaq-doldurma stansiyaları şəbəkəsi və neft məhsullarının təchizatı sisteminin qurulması, habelə ağıllı idarəetmə əsaslı müvafiq təkmil infrastrukturun yaradılması;
Reallıqlar belədir ki, Azərbaycan milli mənafelərdən irəli gələrək, yeni qlobal çağırışlara uyğun özünün enerji strategiyasında bütün trendləri nəzərə alır, mühüm neft ölkəsi olaraq tarixi rolunu müasir tələblər səviyyəsində möhkəmləndirir və enerji sektorunda inkişafın yeni hədəflərini iqtisadi tərəqqi və iqtisadiyyatın şaxələndirilməsinə müvafiq müəyyən edir, təkmilləşdirir və nizamlayır.
Ədəbiyyat siyahısı:
1.Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində, Bakı: Elm, 2000, 257 s.
2.Hacızadə E.M. Dünya iqtisadiyyatı və Azərbaycan. Bakı: “Letterpess” 2018, 912 s.
3.Hacızadə E.M., Bağırzadə E.R. Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqi. Bakı: Elm. 2011, 128 s.
4.Klaus Şvab. Dördüncü sənaye inqilabı. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2020, 200 s.
5.Cəfərov T.Q. Energetika - varlıqla, yoxluğun astanasında. Bakı: “Şərq-Qərb” 2015, 136 s
6.Алхасов, А.Б. Возобновляемая энергетика: М.: Книга по Требованию, 2010, 257 c.
7.Бекаев Л.С., Марченко С.В., Пинегин С.П. и другие. Мировая энергетика и переход к устойчивому развитию, Новосибирск: Наука, 2000 433 с.
8.Зеркалов Д.В. Энергетическая безопасность. Киев: Основа, 2012, 920 с.
9.Свидерская О.В. Основы энергосбережения. М.: Тетра Системс, 2016, 176 c.
11.www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.
12.www.iea.org - Beynəlxalq Enerji Agentliyi.
13.www.hajizada.com - prof. Elşən Hacızadənin saytı.
14.http://www.petroleum-economist.com - neft iqtisadiyyatı.
Milli enerji sektoru:
yeni reallıqlar və perspektiv görüntülər
Xülasə
Müasir qlobal çağırışlar milli enerji sektorunda da inkişafın yeni hədəflərinin formalaşdırılmasını labüd etmiş, neft-qaz sәrvәtlәrinin insan kapitalına çevrilmәsi prosesi daha da vüsәtlәnmişdir. Digər tərəfdən ölkənin ali baş komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun Dağlıq Qarabağı və ətraf rayonları işğaldan azad etməsi ilə enerji sektorunda da yeni tələb və vəzifələrin qoyuluşunun zərurəti yaranmışdır. Onun Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı konseptual sənəd təsdiq edilmişdir. Həmin sənəddə dayanıqlı iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı, müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi inkişaf prioritetləri öz əksini tapmışdır. Reallıq belədir ki, bütün bu prioritetlər hamılıqla bu və ya digər cəhətdən enerji sektoru ilə bağlılıqları da əhatə edir. Bundan irəli gələrək, məqalədə milli enerji sektorunda görülmüş işlər təhlil olunmuş və qiymətləndirilmiş, prioritetlər zəminində inkişafın yeni perspektiv görüntüləri əsaslandırılmışdır.
Açar sözlər: enerji sektoru, enerji resursları, iqtisadiyyat, investisiyalar, yaşıl enerji zonası.
218.Milli enerji sektoru: yeni reallıqlar və perspektiv görüntülər. ENECO Jurnalı. Bakı: № 1 (5) 2021. 0,9 ç.v.