gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / BÖYÜK İPƏK YOLU VƏ SOSİAL-İQTİSADİ YÜKSƏLİŞİN STİMULLAŞDIRILMASI ASPEKTLƏRİ

10.02.2012

 i.e.n. E.M.Hacızadə

Tarixi İpək Yolunun bərpası milli neft biznesinə alternativdə ölkəmizin XXI əsrdə siyasi çəkisini və iqtisadi qüdrətini artıran yeni reallıqdır. Parisdən Şanxayacan bir nəqliyyat oxunda düzlənən çoxsaylı ölkələr içərisində öz geopolitik və geostrateji mövqeyi ilə seçilən respublikamzın bu yolun ən məhsuldar hissəsinə çevrilməsi imkanları daha şanslı görünür. Burada təkcə təbii amillər deyil, həm də texniki imkanlar, formalaşan çoxşaxəli, ənənəvi nəqliyyat infrastrukturu öz əhəmiyyətini nümayiş etdirir. Məhz buna görə də səylərimizi neft strategiyasının gerçəkləşməsinə səfərbər etdiyimiz indiki məqamda, eyni ehtirasla da gücümüzü bu mühüm nəqliyyat prospektindən səmərəli istifadəyə yönəltməliyik. Zənnimizcə, Avropa İttifaqının TRASEKA layihəsi müvafiq investision prosesdə aparıcı mövqedə durmasına baxmayaraq nəqliyyat dəhlizindən rasional istifadədə Azərbaycan özünün fərdi proqramı ilə çıxış etməlidir. Nəqliyyat potensialının, onun perspektiv imkanlarının geniş tətbiqinə əsaslanan proqram özəyini daha çox daxili resurslar, təkrar istehsal kapitalından qanaqlandırmalı və müvafiq məqsədləri ifadə edəcək mərkəzi fonddan koordinasiya olunmalıdır.
Dinamizmlə xarakterizə olunan dünya nəqliyyat sferasının ayrı-ayrı sahələrində struktur dəyişilikləri baş verir. Son onilliklərdə dəmir yolu şəbəkəsində sabitləşmə prosesi, avtonəqliyyatda isə yüksəlmiş müşahidə edilir. Gəndərişlərdə differensasiya artıq, daha çox kiçik partiyalarla daşınmalara meyl olunur. Bu meyil yeni az enerjitutumlu avtomaşınlarının istehsalında, bərk örtüklü yolların inşasında daha çox əksini tapır. İnnovasion-texniki amillər, elmi-texniki tərəqqi inkişafa təsir edir, nəqliyyat dünya təsərrüfatında yeni təsisatlara uyğunlaşır. İnformatika, rabitə, telekommunikasiyanın sürətli inkişafı işgüzar və məişət səfərlərinə tələbi azaldır. Lakin turizmdə isə əks proseslər gedir ki, bu da daha təhlükəsiz, rahat, ekoloji təminatlı yolların tikintisini gücləndirir. Bu əsnada nəzərə almalıyıq ki, bərpası reallaşan Böyük İpək Yolu təkcə bir hərəkət trayektoriyası olmaqla yanaşı, həm də bəşəri tələblərə cavab verməli, xidmətin yüksəkliyi ilə seçilməlidir. Burada isə əsas iştirakçılar yol boyunca yeniləşən məntəqələr, ərazi vahidləri olacaqdır. Ona görə də müvafiq ərazilərdə məskun əhalinin yoldan faydalanmaq imkanları daha çox stimullaşdırılmalıdır. Servis təminatçısı olmaqla yanaşı tarif strategiyasında da regional subyektlər müvafiq pay iştirakçısına çevrilməlidirlər. Azərbaycanın turizm potensialı bu aspektdə sərnişin daşınmaya geniş imkanlar açır. Dünya əmtəə bazarında daşınmalara olan tələbin genişləndirilməsi nəqliyyatda istehsak güclərinin sürətli yüksəlişində əks olunur. Bu inkişaf həm də resursların manevr azadlığının artımına yönəlir. Genişfyuzelyajlı təyyarələrin, aerobus və laynerlərin istismara verilməsi güzəştli, azkomfortlu çarter reyslərini artıraraq əhalinin orta təbəqədən olan hissəsinin də turist səyahətlərindən istifadədə yeni imkanlar yaratmışdır. Böyük yüktutumlu və azsürətli təyyarələrin istismarında isə müvafiq inkişaf daşınma xərclərinə təsir edərək məhsulun maya dəyərini 2 dəfə azaltmışdır. Beləliklə, sərnişin hava yolu dəmir yolunu ötüb keçmişdir. Bu perpsektivdən bizim faydalanmaq imkanlarımız da yetərli sayıla bilər. Azərbaycanın hava nəqliyyatında indiki məqamda inkişaf templəri səngisə də, bu sahədə yaxın illərdə yüksəlişin olacağı şəksizdir. Böyük işlərin təməli elə indidən qoyula bilər. Respublikanın hava nəqliyyatında yeni, daha mobil infrastrukturun ərsəyə gətirilməsi Böyük İpək Yolunun əsas məntəqələrindən biri kimi Şərqin qapısı sayılan Bakını körpü şəhərinə, dünyəvi iri nəqliyyat qovşağına, xüsusi-nəqliyyat-bölüşdürüsü mərkəzə çevirə bilər. Dəniz nəqliyyatı ilə dəmir yolunu kombinasiya edən Xəzərin ən böyük liman şəhəri Bakı bu aspektdə həm də bütün nəqliyyat sistemini özündə birləşdirən effektli məkan-fider şəbəkəsində ehtiva olunur. Çoxsaylı nəqliyyat, ekspedesiya-bölüşdürücü müəssisələrin təşkili, servis və texniki xidmətin yaxşılaşdırılması nəzərdə tutulan işlərin uğurlu həllinə yeni impuls verər.
Transqafqaz dəhlizinin mühüm hissəsi olan respublikamız yalnız hava, su, quru, dəmir yolu, rabitə və elektrik enerjisi kommunikasiyalarının məkanı deyildir. Azərbaycanın neft-qaz nəqletmə şəbəkəsinin potensial imkanları dünya standartlarına müvafiqdir. Bakı-Ceyhan neft, Xəzəraşırı qaz kəmərlərinin reallaşan inşası bu sahədə göstəriciləri daha da cəlbedici edəcək, Şimala, Qərbə uzanan neft-qaz nəqliyyat kəməri Şərqə, ehtimal ki, yaxın məqamlarda neftin timsalında Cənuba da istiqamət alacaqdır. Böyük İpək Yolunun bərpası şübhəsiz ki, neft biznesinin inkişafında da əhəmiyyətinin nümayiş etdirəcək, öz sanbalını biruzə verəcəkdir. Beynəlxalq bazara daha əlverişli çıxışı təmin edən bu yolda neft-qaz birjasının yaradılması yeni gəlir mənbəyi ola bilər. Daha çox rəqabət üstünlüyünə rəğmən etibarlı maye, quru, konteyner, rezervasiya obyektlərinin və terminalların inşa edilməsi görüləcək böyük işlərin tərkib hissəsi kimi gündəmə gəlir.
Nəqliyyat əməyin çoğrafi bölgüsünün ünsürü olmaqla, həm də inteqrasiya amili kimi qloballaşdırma regionalaşdırmanı qaynaqladıran, transmilli korposiyaların nüfuz sahəsini artıran mühüm vasitədir. Bu kontekstdə Böyük İpək Yolunun bərpası mühüm sosial nəticələrə, məşğulluq probleminin həllinə, investisiya axınının sürətlənməsinə yardımçı olacaq, eyni zamanda respublikaya siyasi-iqtisadi təsirlərə mülayimlik gətirəcək, gizli blokada və embarqoları təcrid edəcəkdir. Azərbaycanın sosial-iqtisadi həyatına yeni reallıqlara rəvac verən bu nəqliyyat dəhlizi yol kənarı ticarətin inkişafına, yeni istehsal və xidmət sahələrinin yaranışına da təkan olacaqdır. Bu təmasda daha çox fərqlənmək üstün milli mədəni gerçəklikləri nümayiş etdirmək, əznəbi yolçunun zövqünü ekzotik görünən sənət nümunələrinə, Azərbaycan təbiətinin bəxş etdiyi nemətlərə cəzb etmək imkanlarından da istifadə olunması strateji planda durmalıdır.
Erkən sivilizasiya dövründən min illər mövcud olmuş qədim İpək Yolu öz xətti boyunca düzlənən məmləkətləri, mədəniyyətləri birləşdirmişdir. Bu yol həm də möhtəşəm dövlətlərin, qüdrətli sərkərdələrin - İsgəndər şahın, Çingiz xanın, Teymurləngin siyasi-iqtisadi maraqlarının, ehtiraslarının toqquşduğu, böyük orduların keçdiyi ərazi olmuşdur. İpəyin, sənətkarlıq əşyalarının ticarət məkanı XVəsrdə yeni dəniz yollarının kəşfi ilə əzəli əhəmiyyətini itirsə də, 5 əsr ötdükdən sonra güclənən inteqrasion proseslər 1993-cü ildə Brüssel konfrasında bu tarixi yolun bərpasına yeni nəfəs gətirmişdir. Böyük İpək Yolunun mərkəzi qərargah şəhəri kimi Bakının seçilməsi isə Azərbaycanı daha uğurlu müstəviyə qovuşdurmuşdur.


21.Böyük İpək Yolu və sosial-iqtisadi yüksəlişin stimullaşdırılması aspektləri. Müasir mərhələdə Azərbaycanın sosial-iqtisadi inkişafının əsas meyilləri. Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutu. /məqalələr toplusu/ VI cild. Bakı. Elm. 2000. 0,2 ç.v.