Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / ENERJİ TƏHLÜKƏSİZLİYİ VƏ ENERJİ EFFEKTİVLİYİNİN YÜKSƏLDİLMƏSİ PRİORİTETLƏRİ
Hajizadeh Elshan Mahmud
Azerbaijan Republic
Azerbaijan State Economic University - UNEC
Center of Energy Economics, director
ORCID id 0000-0001-5447-9676
Giriş
Müasir dünyada enerji təhlükəsizliyi yalnız istehlakın kəmiyyət təminatlığı ilə deyil, həm də onun keyfiyyəti və standartları ilə ölçülür. Bu baxımdan dayanıqlı sosial dövlət enerji təhlükəsizliyini enerji effektliliyindən ayırmır və onu iqtisadiyyatın yanacaq-enerji resursları ilə təchizatında ölkənin inkişaf səviyyəsinin mühüm indikator göstəricisi kimi qəbul edir. Azərbaycan Respublikası da perspektivlik baxımından karbohidrogen təyinatlı enerji resurslarının bol olduğu dünya ölkələri sırasındadır. Bundan başqa, külək və günəş enerjisindən, çayların, termal suların ehtiyatlarından istifadə sahəsində görülən əməli işlərlə o özünün energetik potensialını artırır. Bütün bunlara baxmayaraq, ölkə energetikası yenə də böyük nisbətdə bərpaolunmayan ehtiyatlar kateqoriyasına aid edilən neft-qaz resurslarından istifadəyə əsaslanır. Bu resursların indiki məqamda bolluğuna, perspektivdə isə tükənəcəyi amilinə istinadən neft-qaz ixracından əldə edilən gəlirlər milli neft fondunda akkumulyasiya olunur. Həmin vəsaitlərin müəyyən hissəsindən iqtisadiyyatın diversifikasiyası və sosial məqsədlər üçün istifadə edilsə də, son nəticədə onlar gələcək nəsillərə indiki maddi - enerjidaşıyıcıları tutumunda deyil, maliyyə-kapital formasında çatdırılacaqdır. Bu perspektiv isə elə indidən ölkənin enerji balansında neft-qaz resurslarını əvəzləyən alternativlərin tapılmasını və enerji müstəqilliyini davamlı təmin edən prioritetlərin, müvafiq strategiyanın hazırlanmasını şərtləndirir.
1. Enerji təhlükəsizliyinin təminatı konsepsiyaları
Müasir iqtisadi və siyasi həyat bizə energetikanın dünyanın geniş spektrli palitrasına təsiri ilə bağlı kifayət qədər faktiki material verir. “Enerji siyasəti”, “enerji diplomatiyası”, “enerji effektivliyi”, “energetika iqtisadiyyatı”, “enerji millətçiliyi”, “enerji terrorizmi” kimi söz birləşmələri və ifadələr bu gün dünya mətbuatının və müasir elmi-ictimai ədəbiyyatların səhifələrindən düşməyən mövzular sırasında geniş yer alır. Bütün bunlar isə ümumilikdə “enerji təhlükəsizliyi” adlanan fenomendən qaynaqlanır [5, 6, 10].
Bəs “enerji təhlükəsizliyi” özü hansı problemləri əhatəsinə alır, nələri əsaslandırır, nəyə ölçü verir və nəhayət, onun xassələri, strateji strukturu hansı komponentlərdən ibarətdir? Başlıca olaraq isə onun siyasi-iqtisadi əhəmiyyəti və strateji gücü nə ilə xarakterizə olunur?
Araşdırmalar göstərir ki, dünyada enerji təhlükəsizliyi probleminin dərki ilk dəfə ərəb-israil konflikti ilə əlaqədar dünya neft qiymətlərinin kəskin artması fonunda baş vermişdir. Neftin təchizatının tam olaraq dayandırılması Qərb ölkələrində enerji təhlükəsizliyinin təminatı üzrə tədbirlərin görülməsinə səbəb olmuşdur. Lakin dərin kataklizmli bu hadisədən artıq yarım əsrə qədər bir vaxt keçmişdir. Həmin dövr ərzində inkişaf elə bir səviyyəyə çatmışdır ki, energetika öz təsiri ilə iqtisadiyyatın strukturunun tərkib elementləri sırasında dominantlığı ələ almış və özü-özlüyündə onun ayrılmaz hissəsinə çevrilmişdir. Bu baxımdan da enerji təhlükəsizliyinin təminatı iqtisadiyyatın bütün sferalarının normal fəaliyyəti üçün yaradılan şəraitin əsasını təşkil edərək, ön sırada qərar tutmuşdur [10, 13].
Enerji təhlükəsizliyi anlayışının yaranışının yarım əsrlik bütün tarixi dövrü ərzində ayrı-ayrı aspektlərdən qiymətləndirilsə də hələ ki, vahid konseptual mənada özünün konkret izahlı ifadəsini tapmamışdır. Yunanca iş, fəaliyyət “energiya” və ingiliscə təhlükəsizlik “security” sözlərinin birləşməsi kimi ifadələndirilən “Enerji təhlükəsizliyi”nin elmi-ensiklopedik ədəbiyyatlarda çoxsəviyyəli kateqoriyada bir anlayış olmaqla texniki-texnoloji, sosial-iqtisadi, siyasi-fəlsəfi mahiyyət daşıdığına rast gəlinir [10].
Energetikanın texniki təyinatlı olduğu reallığından irəli gələrək, o həmin sistemin texnogen təhlükəsizlik xassəsi kimi dəyərləndirilir. Cəmiyyəti və dövləti enerji resursları çatışmazlığından qoruyan etibarlılıq təyinatı ilə o, həm sosial və iqtisadi, həm də siyasi və fəlsəfi kateqoriya statusu alır. Lakin bütün bunlarla yanaşı, enerji təhlükəsizliyi müasir sivilizasiyada üstün olaraq iqtisadi kateqoriya kimi dəyərini artırır. Onun cəmiyyətin dayanıqlı enerji təminatında artan əhəmiyyəti və ölkənin milli təhlükəsizlik sistemində xüsusi rolu bu dəyərləndirməni daha əsaslı edir.
Vurğulanmalıdır ki, milli təhlükəsizlik konsepsiyası siyasi doktrina olaraq dövlətin şəxsiyyət, ictimai və dövlət təhlükəsizliyini xarici təcavüzlərdən, terrorizmdən müdafiə edən kompleks tədbirlər sistemidir. Onun bazisini isə iqtisadiyyat təşkil edir. Bu baxımdan da enerji təhlükəsizliyi iqtisadi təhlükəsizliyin sistemaltısı kimi çıxış edir və ona ölkənin iqtisadi potensialına milli təhlükəsizliyin material əsası olaraq yanaşılır [8].
Bir sıra ensiklopedik nəşrlərdə ümumi kontekstdə enerji təhlükəsizliyi - “normal şəraitdə və həmçinin fövqəladə hallarda ölkə və region əhalisinin, vətəndaşlarının, dövlət və iqtisadiyyatın müvafiq keyfiyyətli enerji resursları defisitindən və həmin resurslarla təchizatın stabilliyinin pozulması təhlükələrindən qorunması vəziyyəti” kimi xarakterizə olunur [2, 11].
Enerji təhlükəsizliyi əksər iqtisadi inkişaf etmiş ölkələrdə praqmatik əsasda milli enerji strategiyasının tərkib hissəsi olaraq təyinat alır. Enerji strategiyası milli enerji siyasətinin konkretləşməsi və bu çərçivədə onun işçi sənədinə çevrilməsini ifadə edir. O, dəqiq təyinatlı fəaliyyət məqsədlərinə hərəkətin təşkili metodları ilə, zəruri resurslar və mümkün potensial imkanlar müqabilində nailolmanı şərtləndirir. Struktur kompozisiyada enerji strategiyası plan, idarəetmə sənədləri, qrafiklər, büdcə və digər bu kimi zəruri elementləri özündə birləşdirən modernizasiya və köklü yenidənqurmanın fəaliyyət proqramı olaraq çıxış edir. Bunları əsas götürərək, elmi ədəbiyyatlarda və həmçinin də ayrı-ayrı ölkələrin milli enerji strategiyalarında enerji təhlükəsizliyinin aşağıdakı digər təyinatları da nəzərdən keçirilir [3, 10]:
- Enerji təhlükəsizliyi - mövcud iqtisadi şərait tələbində sərəncamda zəruri kəmiyyət və keyfiyyətdə enerjinin olması vəziyyətinə inamdır;
- Enerji təhlükəsizliyi - vətəndaşın, cəmiyyətin və dövlətin mühüm “enerji maraqlarının” daxili və xarici təhlükələrdən müdafiəsi vəziyyətidir;
- Enerji təhlükəsizliyi - milli və beynəlxalq səviyyədə ictimai istehlakın enerji resursları ilə yetərincə və səmərəli ödənilməsində iqtisadiyyatın imkanlarının məcmusudur;
- Enerji təhlükəsizliyi - həyat şəraitinin və şəxsiyyətin inkişafının, cəmiyyətin və dövlətin, sosial-iqtisadi və hərbi-siyasi stabilliyinin enerji resursları ilə dolğun təminatı, habelə bu çevrədə daxili və xarici təhlükələrə müqavimət göstərmək üçün iqtisadiyyatın hazırlığıdır;
- Enerji təhlükəsizliyi - milli iqtisadiyyatın müstəqilliyinin, onun sabitliyi və dayanıqlığının, mütəmadi yenilənməsi və özünü təkmilləşdirməsi bacarığının təminatının şərt və faktlarının məcmusudur.
BMT-də akkreditə olunan, nəhəng beynəlxalq qeyri-kommersiya enerji təşkilatı “Dünya Enerji Şurası” isə enerji təhlükəsizliyini enerjinin mövcud iqtisadi şəraitdə, zəruri kəmiyyət və keyfiyyətdə qətiliklə sərəncamda olması kimi şərh edir [12].
Enerji təhlükəsizliyi özünün bu interpretasiyaları ilə yanaşı, həm də bir sıra əlamət və xassələri, o cümlədən struktur kompleksi ilə də fərqlənir. Bu baxımdan onu ərazi, sosial, istehsal və s. əlamətlərə görə təsnifatlandırırlar. Ərazi əlamətliliyi qlobal, regional və ölkə səviyyələrini, sosial əlamət dövlət, cəmiyyət, sosial qrup, ailə və fərd səviyyələrini, istehsal əlamətliliyi ölkə iqtisadiyyatını, sahələr kompleksini, müəssisə və şirkətləri əhatə edir.
Bütün bunları təhlil edib qiymətləndirməklə enerji təhlükəsizliyi anlayışının elmi aspektə daha lakonik olan ümumiləşdirilmiş tərifini formalaşdırmaq mümkündür. Beləliklə, “Enerji təhlükəsizliyi enerji sisteminin funksional xassəsi olaraq, enerji maraqlarının daxili və xarici təhlükələrdən qorunması vəziyyətini əks etdirir”.
2. Azərbaycan Respublikasında enerji təhlükəsizliyi və effektivliyinin təminatının başlıca prioritetləri
Enerji resursları ilə təminatlılıq əmsalı baxımından Azərbaycan Respublikasında enerji təhlükəsizliyi təmin olunmuş hesab edilir. Bu təminatlılıq təbii enerji resursları, istehsal, nəql və logistika infrastrukturu baxımından da yetərlidir. Ölkə iqtisadiyyatı və əhalisi mövcud elektroenergetik potensialın hələ ki, yarısından istifadə edir. Karbohidrogen resurslarının miqyaslılığı isə Azərbaycanın çox uzun illər daxili ehtiyaclarının yetərli təchizatına əsas yaradır. Bundan başqa, bu resurslar hələ çox onilliklər ölkənin ixrac strukturunda da əvəzsiz kapital rolunda çıxış edəcək və iqtisadi inkişafı davamlı stimullaşdıracaqdır. Reallıq belədir ki, Azərbaycanın irihəcmli təbii neft-qaz ehtiyatları Avropanın və bir sıra dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli yer tutur. Bu onun yetərli neft-qaz ixrac boru kəmərləri vasitəsi ilə təmin edilir. Bu sırada H.Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin rolu və əhəmiyyəti daha yüksəkdə durur. Azərbaycanın müəllifi olduğu enerji sektorunda dünyanın ən nəhəng layihələrindən biri “Cənub Qaz Dəhlizi”nin tam gücü ilə reallaşması, Trans-Anadolu Boru Kəməri - TANAP layihəsi ilə yanaşı, onun Trans-Adriatik Boru Kəməri - TAP hissələrinin işə düşməsi Azərbaycanı Avropanın daha etibarlı qaz təminatçısına çevirəcəkdir [1, 4, 7].
Neft-qaz resurslarından savayı, Azərbaycan Respublikasında digər təbii enerji mənbələri də yetərlilik və perspektivlik baxımından ümidvericidir. Günəşli və küləkli ərazi, çoxsaylı çaylar, termal sular ayrıca energetik mənbə kimi ölkədə alternativ enerji ehtiyatları yaratmağa geniş imkanlar açır. İlkin hesablamalar göstərir ki, Azərbaycanda 27 min MVt-a yaxın bərpa olunun enerji ehtiyatı mövcuddur. Energetika sektorunda səfərbər edilən bu keyfiyyətlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin simasında yeni dəyərlərlə zənginləşdirilən neft strategiyasından qaynaqlanır [3, 9].
Bütün bunlarla yanaşı, o da vurğulanmalıdır ki, ölkənin təbii resurslar potensialının XXI əsr boyunca istismar imkanlı olmasına baxmayaraq, onlar da tükənən aspektlidir. Bu isə ölkənin enerji təhlükəsizliyinin etibarlı təmin olunmasının davam etdirilməsində digər alternativlərin bir araya gətirilərək yeni strateji planda aktivləşdirilməsini şərtləndirir. Enerji təhlükəsizliyinin etibarlı təmin olunmasının möhkəmləndirilməsində istehsal və infrastruktur kompleksindəki problemlər aradan qaldırılmalı və bu istiqamətdə daha modern sistem qurulmalıdır. Belə ki, ölkənin mövcud neft-qaz emalı müəssisələri onun yanacaq-enerji resurslarına olan tələbatını bütün çeşidlərdə ödəmək imkanında deyildir və hələ də bir sıra enerji məhsulları xaricdən idxal olunur. Qazın emalı, təmizlənməsi və standartlara uyğun təchizatında da bir sıra çoxillik problemlər yaşanır. Əhalinin daha etibarlı qaz resursları ilə təmin edilməsi üçün qaz ehtiyatlarının artırılması və qazsaxlama anbarlarının aktiv həcminin daha da genişləndirilməsi də buraya daxil edilir. Elektoenergetika sistemində də böyük həcmdə yenidənqurma və modernizasiyaya ehtiyac vardır. Digər tərəfdən bərpa olunun enerji mənbələrinin ümumi enerji balansında payı 2 faizdən bir qədər az təşkil edir. Bu isə o deməkdir ki, ölkənin bərpa olunun enerji potensialının hələ ki, 0,5 faizindən istifadə olunur. Bundan başqa, enerji qənaətcilliyi və enerji effektivliyi məsələləri də həllini gözləməkdədir. Bu sahədə geniş institusional islahatlar aparılmasına, yeni infrastruktur quruculuğuna, az enerjitutumlu qurğulardan istifadənin genişləndirilməsinə, itkilərin azaldılmasına, enerji auditi institutunun yaradılmasına, yeni binaların inşaasında enerjiyə qənaət tədbirlərinin görülməsinə və bu istiqamətdə mütərəqqi standartların tətbiqinin genişləndirilməsinə zəruri ehtiyac vardır [9, 10].
Yuxarıda vurğulananlar isə onu deməyə əsas verir ki, enerji təhlükəsizliyi vaxt çərçivəli, dövri bir məsələ deyildir. O, hələ çox uzun müddət dövlətin strateji hədəfləri sırasında qalacaq prioritetlərdəndir. Həssasdır və hər yeni bir iqtisadi tsikldə özünün korrektələrini şərtləndirən praqmatik strateji öhdəlikdir. Buna görə də, enerji resurslarının səmərəli istismarı, bölgüsü, istifadəsi və həm də başlıca olaraq artırılması, yetərliliklə gələcək nəsillərə transformasiyası çox mühüm və vacibdir.
Bütün bunlar Azərbaycan Respublikasında aparılan enerji siyasətinin əsas hədəflərindəndir və bu sırada enerji təhlükəsizliyi ön mövqedədir. Aparılan siyasət üzrə reallaşmaları təmin etmək üçün isə ölkədə yeni islahatlar prosesinə start verilmiş və bir sıra yeni təsisatlandırmalar hədəfə alınmış, inkişafın yeni nöqtələri təyin olunmuşdur. Bu istiqamətdə həmçinin sahəvi normativ-hüquqi bazanın möhkəmləndirilməsinə qərar verilmiş, ilk olaraq “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanmasına başlanılmışdır. 2019-cu ilin əvvəlində isə Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında ölkə prezidenti müvafiq Sərəncam imzalamışdır. Həmin Sərəncamda “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin və elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərin hazırlanması, habelə elektroenergetika sisteminin səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi və bu sferada özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi kimi məsələlərin həlli yer almışdır. Bu məqsədlə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanunlarının və mövcud “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Qanunlarının yeni layihələrinin hazırlanması tapşırığı verilmişdir. Bunlarla yanaşı, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun layihəsinin hazırlanması üzrə işlər də tamamlanmışdır. Bu qanunların qəbul edilməsi ilə bağlı ölkədə energetika sektorunda islahatlar dərinləşəcək, daha səmərəli institusional mühit formalaşacaq, enerji effektivliyini artıran çoxsaylı yeni xidmət institutları yaranacaqdır [9, 10].
Burada bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə yanaşı, nüvə energetikası, xüsusən də ökədə Atom Elektrik Stansiyasının (AES) qurulması ilə bağlı perspektivlər də nəzərdən keçirilə bilər. AES ideyası Azərbaycan üçün yeni bir təzahür deyildir. Hələ SSRİ dövründə Azərbaycanda AES tikintisi mərkəzi hökumətin baş planları sırasında qərar tutmuşdu. Proses hətta konkret reallaşma mərhələsinə də daxil olmuş, bununla bağlı konkret ərazi müəyyən edilmiş və infrastrukturun qurulması üçün müvafiq bina və qurğular inşa edilmişdir. Bu deməyə əsas verir ki, ənənəvi neft ölkəsi olan, perspektiv karbohidrogen ehtiyatları ilə də fərqlənən Azərbaycanda da AES tikintisi strateji əhəmiyyət daşımışdır. Yüksək seysmoloji faktorluğa baxmadan belə, bu strategiya məqbul hesab edilmişdir. Seysmoloji amili və əsası da karbohidrogen bolluğunu qabartmadan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri də 2005-ci ildə qurumun Vyanada keçirilən 49-cu sessiyasında Azərbaycanda AES tikintisinə müsbət rəy vermişdilər. Azərbaycan Respublikasında nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün 2014-cü ildə ölkə prezidenti tərəfindən “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” müvafiq Sərəncam imzalanmışdır. Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, müasir dövrün tələblərinə və milli mənafelərə uyğun müvafiq texnologiyaların dinc məqsədlərlə inkişaf etdirilməsi və bu sahədə yüksək ixtisaslı kadr potensialının gücləndirilməsi kimi məsələləri əhatə edir. Təsisatın hərtərəfli fəaliyyətini təmin etmək üçün ölkədə gücü 20 MVt olan tədqiqat nüvə reaktorunun qurulması istiqamətində işlər aparılmaqdadır. Şübhə yoxdur ki, bu işlərin davamı olaraq ölkədə nüvə energetikasının əsaslı təşəkkülü də təmin ediləcəkdir [9, 10, 13].
Azərbaycan Respublikasında enerji qənaətcilliyi və enerji effektivliyi ilə bağlı məsələlərin həlli isə hüquqi müstəvidə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə əsaslı həllini tapacaqdır. Həmin Qanun enerji resurslarından səmərəli və effektiv istifadənin təmin edilməsi, iştirakçıların hüquq və vəzifələrinin müəyyən edilməsi, onlar arasında münasibətlərin tənzimlənməsi, enerji resurslarından istifadənin müasir tələblərə və standartlara uyğunlaşdırılması üçün hüquqlar yaradacaqdır. Qanunun qəbul edilməsi ilə beynəlxalq mütərəqqi təcrübəyə əsaslanan bir sıra alt normativ-hüquqi aktlar da işlənib hazırlanacaqdır. Buraya xüsusən hazırkı qanunvericilik aktlarında yer almayan enerji auditi, enerji effektivliyi xidmətləri, enerji menecmenti sistemlərinin tətbiqi kimi sahələr üzrə də norma və standartlar müəyyən ediləcəkdir. Bu yeniliklər energetika sektorunun subyektləri, o cümlədən paylayıcı və təchizatçılar tərəfindən istehlakçıların hüquqlarının qorunması, haqsız rəqabətin aradan qaldırılması, enerji effektivliyi xidmətləri sahəsində şəffaflığın artırılması və müvafiq bazarlara giriş, mütərəqqi menecment texnologiyalarının, standart və sertifikatlaşdırmaların tətbiqi kimi məsələlərin həllini də təmin edəcəkdir. Yeni normativ-hüquqi təsisatlandırmalar həm də institusional sferada köklü inkişaf proseslərini reallaşdıracaqdır [9].
Aparılan bu araşdırma və təhlillər Azərbaycanda enerji təminatı etibarlılığının yüksək olduğunu bir daha yəqinləşdirir. Statistik müqayisələr də Azərbaycanın enerji təhlükəsizliyinin təminatı baxımından MDB ölkələri arasında lider mövqelərdən birini tutuğunu göstərir. Bu liderliyi dönməz edərək ölkənin enerji müstəqilliyini daha möhkəmləndirmək üçün isə milli enerji təhlükəsizliyi stategiyası hazırlanıb və mərhələli olaraq reallaşdırılmalıdır.
Nəticə
Araşdırmaların nəticələri bir daha göstərir ki, müasir dünyada enerji təhlükəsizliyi istənilən dövlətin milli təhlükəsizlik sisteminin mühüm elementi olaraq öncüllüyünü saxlayacaqdır. Azərbaycan Respublikasında da enerji təhlükəsizliyini davamlı və sabit etmək üçün müvafiq strategiya işlənməli, iqtisadiyyatın inkişafına yönələn hazırlanacaq dövlət proqramlarının onunla uzlaşdırılması və koordinasiyası təmin olunmalıdır. Həmçinin, milli enerji təhlükəsizliyinin davamlı təminat strategiyası enerji təhlükəsizliyini möhkəmləndirən və enerji effektivliyini artıran aşağıdakı istiqamətlərdəki prioritetləri də nəzərdə tutmalıdır:
- § milli enerji təhlükəsizliyinin başlıca meyar və göstəricilərinin təyini və müvafiq informasiya bankının yaradılması;
- § ölkənin enerji təhlükəsizliyinin indikativ idarə olunması sisteminin yaradılması;
- § iqtisadiyyatın bütün sahələrində enerji resurslarından rasional istifadənin reallaşdırılması məqsədilə təşviqedici səmərəlilik norma və limitlərinin müəyyənləşdirilməsi;
- § inkişafı stimullaşdıran sosial dayanıqlı mütərəqqi qiymət-tarif sisteminə keçid, maliyyə intizamının, uçot-nəzarət işinin gücləndirilməsi;
- § enerji kompleksinin mühüm problemlərinin tədqiqində elmi-fəaliyyətlərin genişləndirilməsi;
- § “Dövlət Neft Fondu”nun aktivlərinin zəruri hissəsinin bərpa olunan və nüvə təyinatlı enerji istehsalı sahələrinə yönəldilməsi və postneft konsepsiyasının işlənməsi.
- energetika sektorunda əlverişli bazar şəraitini təmin edən, inhisarçılığı məhdudlaşdıran normativ-hüquqi bazanın təkmilləşdirilməsi tədbirlərinin davam etdirilməsi;
- yanacaq-enerji kompleksinin funksionallığını artıran davamlı struktur yenidənqurmasının aparılması;
- əhalinin və iqtisadiyyatın daha etibarlı qaz resursları ilə təmin edilməsi üçün qaz ehtiyatlarının artırılması, qaz anbarlarının tutumunun həcminin genişləndirilməsi, qazın emalı, təmizlənməsi və standartlara uyğun təchizatın yaxşılaşdırılması, qazlaşdırma səviyyəsinin yüksəldilməsi;
- elektroenergetika sahəsində fəaliyyətin rəqabət növləri üzrə səmərəli bazar münasibətləri sisteminin yaradılması, ölkənin inkişaf perspektivlərinə uyğun yeni generasiya güclərinin formalaşdırılması;
- tarif tənzimlənməsinin azad qiymətyaratma mexanizmləri ilə əvəz edilməsi konsepsiyasının hazırlanması və mərhələli şəkildə həyata keçirilməsi;
- bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması, ölkənin elektoenergetik balasında alternativ enerji payının yüksəldilməsi;
- energetika sektorunda səmərəliliyin və enerji qənaətcilliyinin artırılması, müvafiq istiqamətdə yüksək texnologiyalardan istifadəni genişləndirməklə innovativliyin yüksəldilməsi.
- dünya ölkələri və aparıcı şirkətlərlə milli mənafelərə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan enerji inteqrasiyasının genişləndirilməsi;
- enerji resurslarının ixaracının diversifikasiyasının artırılması;
- “OPEK plus” formatı çərçivəsindəki fəaliyyətlərdə ölkənin aparıcılığının və nüfuzunun yüksəldilməsi istiqamətində davamlı tədbirlərin görülməsi;
- SOCAR-ın ölkə xaricində perspektivli yataqların istismarında payçı kimi iştirakının genişləndirilməsi.
Araşdırmalar və təhlillər bir daha əsas verir ki, milli enerji təhlükəsizliyinin davamlı təmin edilməsi üçün energetika sektorunda həyata keçirilən islahat tədbirləri sistemli olmalı, sahənin investisiyalaşdırılması prosesi daim adekvat və fasiləsiz xarakter daşımalıdır.
Milli enerji təhlükəsizliyinin davamlı təminat strategiyası ilə bağlı təqdim olunan prioritetləri heç də tamlıqla bütün müvafiq strateji tədbirlər qammasını əhatə etmir. Praktiki tətbiq sferasında bu prioritetlər daha fundamental iqtisadi əsaslandırmaya məruz qalacaq və onlar dəyişən siyasi-iqtisadi situasiyaya uyğun fərqli və alternativ strukturda formalaşaraq daha elmi məntiqi həllinə qovuşacaqdır.
Ədəbiyyat siyahısı
1. Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı: Elm, 2002, 472 s.
2. Hacızadə E.M. Dünya iqtisadiyyatı və Azərbaycan. Bakı: “Letterpess” 2018, 912 s.
3. Алиев И. Каспийская нефть Азербайджана. М.: Известия, 2003, 798 с.
4. Гаджизаде Э.М. Императивы нефтяной стратегии Азербайджана. “Стратегия развития минерально-сырьевого комплекса в XXI веке”. Международная конференция: Федеральное Агентство по Образованию, Российский Университет Дружбы Народов, Российская Академия Наук, Российская Академия Государственных Служащих при Президенте РФ. М.: 2004, c 214-218.
5. Зеркалов Д.В. Энергетическая безопасность. Киев: Основа, 2012, 920 с.
6. Лисенко, В.Г. Хрестоматия Энергосбережения. М.: Теплоэнергетик, 2012, 699 c.
7. Мирзаджанзаде А.Х., Султанов Ч.А. Этюды нефтяной концепции Азербайджана, Баку: Элм, 1994, 100 с.
8. Самедзаде З.А. Экономическая безопасность. // Научные труды Международного Союза экономистов и Вольного экономического общества. Том первый. Москва, Санкт-Петербург 1994, c. 178-194
9. www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.
10. www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.
11. www.iea.org - Beynəlxalaq Enerji Agentliyi.
12. www.un.org. - Birləşmiş Millətlər Təşkilatı
13. www.petroleum-economist.com - neft iqtisadiyyatı.
Xülasə
Məqalədə enerji təhlükəsizliyini möhkəmləndirən və enerji effektivliyini artıran məsələlər elmi-tədqiqat predmetinə çevrilmişdir. Burada enerjinin iqtisadi həyatda və insanın təsərrüfat fəaliyyətindəki rolu, onun müasir zamanda qlobal əmtəə kimi formalaşdırdığı yeni bazar sistemi ilə bağlı bir sıra məsələlər geniş tədqiq edilmiş, analitik ümumiləşdirmələr aparılaraq “Enerji təhlükəsizliyi” anlayışı yeni interpretasiyada təqdim olunmuşdur. Bir daha aydınlıq gətirilmişdir ki, müasir dünyada enerji təhlükəsizliyi yalnız istehlakın kəmiyyət təminatlığı ilə deyil, həm də onun keyfiyyət parametrləri və standartları ilə ölçülür. Bu baxımdan dayanıqlı sosial dövlət olaraq Azərbaycan Respublikasında da enerji təhlükəsizliyi enerji effektliliyindən ayrılmır və o, iqtisadiyyatın yanacaq-enerji resursları ilə təchizatında milli inkişaf səviyyəsinin yüksəldilməsinin mühüm indikator göstəricilərindən hesab olunur. Bu işlərin davamlılığının təmin edilməsi üçün aparılan təhlillərlə milli enerji təhlükəsizliyi strategiyasının hazırlanması və onu şərtləndirən meyarlar, fəaliyyətlər və hədəflər əsaslandırılmışdır.
Keywords: enerji təhlükəsizliyi, enerji effektivliyi, enerji resursları, enerji strategiyası.
JEL Classification Codes: D61, F63, H156.
Abstract: Energy security and energy efficiency improvement priorities
In paper investigates issues dealing with some aspects of enhancing energy security and increasing energy efficiency. An extensive research related the role of energy in economic life and people’s business activity, as well as, its modern market system being formed as a global commodity was carried out. After analytic generalization, new interpretation of “Energy security” concept was presented. It was clarified once more that, in contemporary world, energy security is measured not only by the quantity of energy consumption supply, but also by its quality values and standards. Given the fact that in the Azerbaijan Republic, as in a sustainable social country, energy security is not separated from energy efficiency and is considered as an important indicator in the supply of fuel-energy resources for increasing the national development level of the economy, the paper intends to investigate these features. It also studies preparation of national energy security strategy and criteria, activities, and objectives that define its conditions being justified by analysis for providing sustainability of these activities.
Keywords: energy security, energy efficiency, energy resources, energy strategy.
JEL Classification Codes: D61, F63, H156.
211.Enerji təhlükəsizliyi və enerji effektivliyinin yüksəldilməsi prioritetləri. ENECO Jurnalı. Bakı: № 1 2020. 0,7 ç.v.