gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / ÇOXCƏHƏTLİ YARADICILIĞI İLƏ SEÇİLƏN GÖRKƏMLİ ALİM

27.08.2014

i.e.d., prof. E.Hacızadə

 

 

 

 

 

AMEA-nın müxbir üzvü, Əmkdar Elm Xadimi, iqtisad elmləri doktoru,

prof. Əli Nuriyevin 75 yaşı tamam oldu

 

Bəşəriyyət üçün elm qədər gərəkli və faydalı yaradıcılıq sahəsi yoxdur. Hər bir elmi araşdırma - yaradıcılıq prosesi, hər bir alim - gerçəkliyi özünəməxsus tərzdə dərk edən və onu dəyişdirə bilən yaradıcıdır. Ömrünün müdriklik çağını yaşayan görkəmli elm adamı Əli Xudu oğlu Nuriyev də çox gənc yaşlarından tükənməz ilham, fədakar əmək tələb edən, ağrıları da uğurları kimi şirin və doğma olan belə ictimai əhəmiyyətli bir missiyanı özünə tale yolu seçmiş, bu yolda yorulmadan, hünərlə, cəsarətlə dail irəlyə doğru addımlamışdır.

O, 1939-cu il iyun ayının 26-da Fizuli rayonunun Horadiz kəndində anadan olmuş, bu kənddə orta təhsil almışdır. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (ADU) iqtisad fakültəsini “Maliyyə-kredit” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra ali təhsilli mütəxəssis kimi əmək fəaliyyətinə Naxçıvan MR-də başlamış, bu qədim yurdun iqtisadi həyatını yaxından öyrənməyə çalışmışdır.

Tələbəlik dövründən elmi yaradıcılığa böyük maraq göstərən Ə.Nuriyev bir müddətdən sonra Bakıya qaydaraq, ADU-nun siyasi iqtisad kafedrasında laborant işləmiş, buradan Azərbaycan EA-nın İqtisadiyyat İnstitutuna keçərək, kiçik elmi işçi vəzifəsində çalışmış, 1966-cı həmin institutunun aspiranturasına daxil olmuş və 1969-cu ildə “Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları” mövzusunda yazdığı dissertasiya işini uğurla müdafiə etmişd, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1977-ci ildə isə ona öz ixtisası üzrə ”Böyük elmi işçi” elmi adı verilmişdir.

Alimin doktorluq işinin mövzusu isə “Yeni təsərrüfatçılıq şəraitində müttəfiq respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşdirilməsi (Azərbaycan Respublikasının timsalında)” olmuş, o, gərgin zəhmət hesabına ərsəyə gətirdiyi bu işi 1991-ci ildə SSRİ Ali Attestasiya Komitəsinin Azərbaycan EA İqtisadiyyat İnstitutunda təşkil etdiyi geniş tərkibli birdəfəlik Dissertasiya Şurasında böyük bacarıqla müdafiə etməyə nail olmuşdur.

 

Əli Nuriyev 2001-ci ilin iyun ayında AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyi və menecment” kafedrası üzrə professor elmi adı verilmişdir.

Görkəmli alim 1972-ci ildə Naxçıvana göndərilmiş, burada Elm Mərkəzinin yaradılmasının fəal iştirakçısı olmuş, 1980-ci ilədək həmin Mərkəzin iqtisadiyyat şöbəsinə, həmçinin ictimai əsaslarla tarix şöbəsinə rəhbərlik etmişdir. 1980-1981-ci illərdə Ümumittifaq Kooperativ Ticarətinin İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Azərbaycan Sənaye İnstitutunda dosent vəzifələrində işləmişdir. 1989-cu ildən Əli Nuriyev yenidən Azərbaycan MEA-nın İqtisadiyyat İnstitutunun “Region­ların sosial-iqtisadi inkişaf problemləri” şöbəsində böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdirinin müavini vəzifələrində, 1992-2002-ci illərdə həmin şöbənin müdiri vəzifəsində işləmişdir. 2002-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin müdiri vəzifəsində işləmiş, 2012-ci ilin iyul ayından həmin akademiyada “Regional iqtisadi və sosial araşdırmalar institutu”nun direktoru vəzifəsində işləyir.

Əli müəllim əmək fəaliyyəti dövründə işlədiyi bütün vəzifələrə böyük məsuliyyətlə yanaşmış, onları layiqincə yerinə yetirməyə çalışmış və işlədiyi yerlərdə böyük hörmət qazanmışdır.

Onun elmi yaradıcılığı geniş və çoxşaxəli, müraciət etdiyi mövzuların məzmunu dolğun, ideya istiqamətləri müxtəlifdir. Bunlar nəzərə alınmaqla alimin elmi yaradıcılığı bir neçə mərhələyə bölünür və hər mərhələ də öz xüsusiyyətləri, elmi nailiyyətləri və yaradıcılıq məhsuldarlığı ilə seçilir.

1968-74-cü illərdə çap olunmuş əsərlərində  Azərbaycanda ilk dəfə olaraq sənaye qovşaqları və ərazi sənaye-istehsal komplekslərinin iqtisadi mahiyyətini açan, onların inkişafının nəzəri-metodoloji problemlərini tədqiq edən Ə.Nuriyev Naxçıvan Elm mərkəzində çalışdığı 1974-80-ci illərdə muxtar respublikanın iqtisadi və sosial problemlərinin müəyyənləşdirilməsində və elmi əsaslarla həll olunmasında fəal iştirak etmişdir. Həmin dövrdə o, Muxtar Respublika Dövlət Plan Komissiyasının üzvü kimi elmi-tədqiqat işini praktika ilə sıx əlaqələndirmiş və onların əksəriyyətinin reallaşmasına nail olmuşdur. İstedadlı alimin Naxçıvan MR iqtisadiyyatına aid əsərlərində əmək ehtiyatlarından istifadənin məhəlli xüsusiyyətləri aşkara çıxarılmış, aqrar sənaye kompleksi sahələrinin inkişafı, səmərəliliyinin və məhsulun keyfiyyətinin yüksəldilməsi məsələləri və ehtiyatları, şəhərlərin inkişafı və şəhər əhalisinin artması, məhsuldar qüvvələrin yerləşməsinin təkmilləşməsi yolları, ətraflı təhlil olunmuş və konseptual xarakterli təkliflər irəli sürülmüşdür. Ə.Nuriyev 1977-78-ci illərdə Naxçıvan Muxtar Respublikasında məhsuldar qüvvələrin ərazi təşkilini təkmilləşdirmək üçün kəndlərarası mərkəz ideyasını irəli sürmüş, bu məqsədlə perspektivli kəndləri müəyyənləşdirmiş, kiçik, orta istehsal və xidmət müəssisələrinin orada yerləşdirilməsi ideyasını irəli sürmüşdür.

1980-cı illərdə və 1990-cı illərin əvvəllərində Ə.Nuriyevin elmi tədqiqatlarında məhsuldar qüvvələrin ərazi təşkili, iqtisadi rayonlaşdırma, inzibati-ərazi bölgüsü, sənaye komplekslərinin inkişafı və ərazi idarəetmə məsələləri əsas mövzular olmuşdur.

“Məhsuldar qüvvələrin respublika daxilində yerləşməsinin təkmilləşməsinin sosial-iqtisadi problemləri” (Bakı, Elm, 1982) monoqrafiyası Əli Nuriyevin 1980-ci illərdəki yaradıcılığında xüsusi yer tutur. Burada məhsuldar qüvvələrin 1970-ci illərdəki inkişafı və ərazi təmərküzləşməsindən yaranan sosial-iqtisadi prob­lemlər Azərbaycanda ilk dəfə olaraq kompleks tədqiq edilmişdir.

Rayonlaşdırma və əarzi idarəetmə məsələlərinin tədqiqində böyük təcrübəsi olan alim 1989-1991-ci illərdə “İnzibati-ərazi bölgüsü, iqtisadi rayonlaşdırma və yerli özünü idarə orqanlarının ərazi təşkilinin qarşılıqlı əlaqədə sistem halında təkmilləşməsi” konsepsiyasını Azərbaycan şəraitinə tətbiqən işləyib hazırlamış, respublikamız üçün bu gün də əhəmiyyətini saxlayan yeni iqtisadi-coğrafi rayonlar şəbəkəsi təklif etmişdir.

Dövlət müstəqilliyinin bərpası ərəfəsində və ondan sonrakı ilk illərdə Azərbaycanın üzləşdiyi dərin sosial-iqtisadi böhranın obyektiv və subyektiv səbəblərinin araşdırılması, böhrandan çıxmağın, iqtisadiyyatda yeni təsərrüfatçılıq formalarını inkişaf etdirməyin, özəlləşdirməni həyata keçirməyin, iqtisadi inteqrasiyanın, ərazi idarəetməni təkmilləşdirməyin, ölkədə siyasi sabitliyə nail olmağın konseptual əsasları şərhi 1992-1999-cu illərdə prof. Ə.Nuriyevin elmi yaradlcılığının mühüm istiqamətləti kimi müəyyənləşmişdir.

Sonrakı mərhələ görkəmli alim digər tanınmış həmkarları ilə birlikdə Naxçıvan iqtisadiyyatının inkişafı ilə bağlı məsələlərin tədqiqinə yenidən müraciət etməklə yanaşı, Azərbaycanda regionşünaslıq elminin demokratik cəmiyyətin tələblərinə uyğun olaraq yeni istiqamətlərdə inkişaf etdirilməsi, regional inkişafın tənzimlənməsi və idarəetmə sahəsində tədqiqatların əsasını qoymuşdur. 1998-2003-cü illərdə onun həmmüəlliəflərdən biri olduğu “Naxçıvan iqtisadiyyatı XX əsrdə” (A.Nadirov, Ş.Muradovla birgə), “Naxçıvan iqtisadiyyatı statistika güzgüsündə”, həmçinin “Azərbaycan iqtisadiyyatı” monoqrafiyaları elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Həmin illərdə alimin “Regional inkişafın dövlət tənzimlənməsinin konseptual məsələləri”, “Regional siyasət və regional inkişafın dövlət tənzimlənməsi”, “Regional iqtisadiyyatın dövlət tənzimlənməsi yeni inkişaf mərhələsində” adlı əsərlərinin əsas ideya istiqamətini isə regional siyasət, regional inkişafın dövlət tənzim və idarə olunmasının təkmilləşməsi kimi müasir dövrdə Azərbaycanın sosial-iqtisadi həyatı üçün çox aktual olan məsələlər təşkil etmişdir.

Prof. Ə.Nuriyev 2004-2014-cü illərdə ölkədə iqtisadi inkişafın sürətləndirilməsi, regonların sosial-iqtisadi inkişafının genişləndirilməsi məqsədilə həyata keçirilən proqramlar çərçivəsində aparılan regional siyasətin ilk və sistemli elmi təhlilini işləyib hazırlamış, “Regional siyasət və idarəetmə”, “Regional idarəetmənin əsasları” kimi əsərlərini məhz bu problemləin tədqiqinə həsr etmişdir.

Görkəmli alim elmi araşdırmalarında Azərbaycanda iqtisadi sahədə keçid dövrünün əsasən başa çatması məsələsini qaldırılmış və elmi cəhətdən əsaslandırmış, MDB məkanında ilk dəfə olaraq regional siyasət və idarəetmənin ərazisi nisbətən kiçik respublikalara, o cümlədən Azərbaycan şəraitinə tətbiq oluna bilən nəzəri-metodoloji məsələlərini ətraflı təhlil etmiş, regional inkişaf strategiyasının nəzəri-metodoloji əsaslarının, Azərbaycanın müasir regional inkişaf strategiyasının, ümummilli liderimiz Heydər Əliyevin regional inkişaf strategiyasının və siyasətinin Prezident İlham Əliyev tərəfindən yeni formalarda davam və inkişaf etdirilməsi xüsusiyyətlərininin, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının (2004-2008; 2009-2013-cü illər)” strategiyasının və onun yerinə yetirilməsi sahəsində əldə olunmuş nailiyyətlərin ətraflı şərhini vermişdir.

Ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf etdiyi “Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual əsasları” kitabı (2013) Ə.Nuriyevin son 10 ildəki yaradıcılığının sanballı uğuru kimi dəyərləndirilməlidir.

Alim və mütəxəssilərin fikrincə, bu kitab Əli Nuriyevin son illərdə apardığı geniş və davamlı tədqiqatların nəticəsində ərsəyə gəlmişdir. Burada demokratik cəmiyyətin ayrı-ayrı inkişaf dövrlərində yeridilən sosial-iqtisadi siyasətin nəzəri-metodoloji məsələləri ilə yanaşı, Azərbaycanda son 20 ildə həyata keçirilən Heydər Əliyev siyasəti və onu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı islahatlar və quruculuq prosesi vahid amala xidmət edən, bir-birini tamamlayan siyasət formaları kimi qarşılıqlı əlaqədə, sistem halında təhlil olunur, əldə olunan nailiyyətlər qiymətləndirilir, problemlər aşkara çıxarılır və gələcək inkişaf haqqında mülahizələr irəli sürülür.

Ə.Nuriyevin yaradıcılığında iqtisadi problemlərin tədqiqi ilə yanaşı, ictimai mövzulara müraciət, hətta cəmiyyət həyatının bir sıra sahələrinə bədii-fəlsəfi yanaşma da diqqəti cəlb edir. Bu baxımdan onun “Azərbaycan Respublikasının böhran vəziyyətindən çıxması və inkişafının prinsipial məsələləri”, “Anamın həyat fəlsəfəsi”, “İnsan və həyat fəlsəfəsi” kimi monoqrafiyalarının, “Ömür, ölüm və həyat”, “Ailə, təhsil və milli-mənəvi dəyərlər” və s. məqalələrinin adlarını çəkə bilərik. Bu əsərlərində alimin ziyalı və vətəndaş mövqeyi, ümummilli və bəşəri problemlərə müdrik münasibəti aydın bir şəkildə özünü göstərməkdədir.

Alim ömrünü mənalandıran xüsusiyyətlərdən biri də gənc elmi kadrların hazırlanmasına çəkilən zəhmətdir. Əli müəllimin də bu sahədə çəkdiyi zəhmətin bəhrələri ilə öyünməyə haqqı var. Onun onun elmi rəhbəri, məsləhətçisi olduğu 22 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə etmiş, 2 nəfərin işi müdafiəyə təqdim olunmuşdur. Əli Nuriyev 1973-cü ildən başlayaraq çoxsaylı doktorluq və namizədlik dissertasiyalarına rəsmi opponent olmuş, çoxsaylı dissertasiya və avtoreferata rəy vermiş, 1992-ci ildən başlayaraq dissertasiya şuralarının üzvü olmuş və bu istiqamətdə elmi dərəcəsi olan kadr hazırlığında mühüm rol oynamışdır. Əli Nuriyev hazırda AMEA-nın İqtisadiyyat institutunda dissertasiya şurasının üzvü və elmi seminarın sədri olmaqla elmi elmi dərəcəsi olan kadr hazırlığında indi də fəal iştirak edir.

Elmi yaradıcılığını pedoqoji fəaliyyətlə sıx əlaqələndirən Ə.Nuriyev 1982-ci ilədək respublikamızın ali məktəblərində siyasi iqtisad fənnindən mühazirələr oxumuş, 1982-2000-ci illərdə Azərbaycan Sənaye İnstitutunda (hazırda Sumqayıt Dövlət Universitetində) müəllimlik etmişdir. 2000-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət İdarəçilik nəzəriyyəsi” (2009-cu ilədək), “Regional idarəetmənin əsasları” fənnlərindən mühazirələr oxuyur. O, ali məktəblər üçün metodiki dərs vəsaitlərinin yazılmasında iştirak etmiş, bir neçə monoqrafiya və dərs vəsaitinin elmi redaktoru olmuşdur.

Görkəmli alim “Azərbaycanın vergi jurnalı” ilə daim əlaqə saxlayır, ölkəmizin vergi sistemindəki nailiyyətlərə, yeniliklərə alim və ziyalı kimi münasibətini bildirir, redaksiyaya tövsiyə və məsləhətlərini verir.

Biz də zəhmətkeş və istedadlı alim, səmimi və xeyirxah insan Əli Xudu oğlu Nuriyevi anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm can sağlığı, elmi və bədii-fəlsəfi yaradıcılığında yeni uğurları arzulayırıq.

 

192.Çoxcəhətli yaradıcılığı ilə seçilən görkəmli alim (məqalə-resenziya) (E.Ə.Əliyevlə müştərək) Azərbaycanın vergi jurnalı. Bakı: № 3, 2014. 0,4 ç.v.