gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / XƏZƏR HÖVZƏSİ REGİONUNDA VƏ TÜRKDİLLİ ƏRAZİLƏRDƏ ENERGETİK POTENSİAL

10.02.2012

i.e.n. E.M.Hacızadə

Dünyadakı energetik resursların bölgüsünə nəzər yetirdikdə Xəzər və Xəzər hövzəsi regionunun artan potensialını görməmək mümkün deyildir. Xəzər hövzəsi regionunda və Xəzər şelfində mühüm neft və qaz ehtiyatları çəmləşmuişdir. Bunun üçün də Xəzər dənizinin xammal ehtiyatlarının bölgüsünə nəzər yetirmək, müəyyən təhlil aparmaq olduqca vacib bir məsələdir. Azərbaycanın bu hövzədə yerləşməsi bizim üçün bu təhlili daha da aktual edir.

Xəzər - dünyada ən böyük qapalı su hövzəsi olub, tarixdə dəniz adı ilə tanınır. Coğrafi parametrləri 37-47-ci şimal enlikləri və 47-55-ci şərq uzunluqları arasında yerləşir. Sahəsi - 394 min km2. Uzunluğu 1205 km, ən böyük en hissəsi 554 km-dir. Suyunun ümumi həcmi 77 min kubmetr olub, xəttinin uzunluğu 6380 km-dir, onun da 800 km-ə qədəri Azərbaycan ərazisinə düşür. Xəzər dənizi Qara dənizlə Volqa-Don kanalı vasitəsilə birləşmişdir. Dəniz Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycanın sərhədləri əhatəsindədir. Bu gün Xəzər dənizi geosiyasətində əsas fikir ayrılığı onun hansı prinsiplə bölünməsidir. Əvvəllər mövcud olmuş, indi isə Bakı tərəfindən təkid edilən sektorial prinsipə görə bölgüdə Rusiyaya 16, Türkmənistana 22, Qazaxıstana 29, Azərbaycana 19, İrana isə 14 faiz sahə ayrılması nəzərdə tutulur. Lakin İran dünya praktikasında hələ indiyədək mövcud olmamış «bərabərlik», yəni «hərəyə 20 faiz» prinsipi ilə bölgü aparılmasını tələb edir. Hazırda Xəzərin bölgüsü haqqında 1921-ci il Rusiya-İran və 1940-cı il SSRİ-İran müqavilələri qüvvədədir. 1982-ci ildə qəbul edilmiş yeni dəniz hüququ konvensiyasına uyğun olaraq dəniz hövzəsi dövlətləri 200 millik zonada kəşfiyyatın tənzimlənməsi, su qatı, dəniz dibi yerin təkində cəmləşən canlı və cansız təbii ehtiyatların işlənməsi və saxlanmasında suveren hüquqlara malikdirlər. Bununla belə, bu sərhədlərdən kənarda müvafiq ehtiyatların mənimsənilməsi üçün xüsusi orqanın yaradılması prosesi hələ başa çatmamışdır.

Artıq tarixdən məlumdur ki, dünya okeanının təbii resurslarının bölgüsü müxtəlif mübahisələrə və münaqişələrə səbəb olmuşdur. Bunların içərisində Cənubi Çin dənizindəki Parasel adalarının Çin, Vyetnam və Tayvanın Spratli arxipelaqının və müvafiq olaraq onları əhatə edən suların kontinental şelfin təbii ehtiyatlarından istifadə və nəzarətə sahiblik, yenə də Çin, Vyetnam və Filippin, Egey dənizində şelfin bölgüsü (hansı ki, burada xeyli miqdarda neft ehtiyatlarının olduğu güman edilir) Türkiyə və Yunanıstan arasındakı müxtəlif mübahisələr doğurur. 1994-1995-ci illərdə Baltik dənizinin bölgüsündə Estoniya və Latviya arasında da müvafiq mübahisələr kəskinləşmişdir. Göründfüyü kimi, Xəzər dənizinin bölgüsü məsələsi də bu problemlərlə yanaşı öz həllini gözləməkdədir.

Xəzərin təbii ehtiyatları haqqında məlumatlar müxtəlifdir. Hesablamalara görə indiyədək Xəzərin kəşf olunan neft ehtiyatları ilə (30 mlrd. barrel) bütün dünyanı 1 il, qaz ehtiyatları (təqribən 7 trln. kubmetr) ilə isə 3 il təmin etmək mümkündür. Bununla belə. Xəzərdə neft-qaz ehtiyatları barədə son vaxtlar müxtəlif proqnozlar mövcuddur. Burada ehtiyatların az: 3-5 milyard olması faktı daha tez-tez səslənməkdədir.

Hətta son zamanlar bu hövzənin ehtiyatlarını Fars körfəzi ilə deyil, Şimal dənizi ilə müqayisə edirlər. Həqiqət isə belədir ki, ehtiyatların miqyası hasilat sona yetəndə tam dəqiqləşir. Status məsələsinin açıq qalması regiondakı karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmağa maneçilik törədir. Lakin buna baxmayaraq, Xəzərdən keçəcək bir çox neft-qaz kəmərlərinin layihəsi artıq hazırlanmışdır. Bu məqsədlə ABŞ türkmən qazının transxəzər marşrutunun texniki iqtisadi əsaslandırılması üçün 750 min dollar məbləğində vəsait ayırmışdır. Göründüyü kimi, Xəzər bölgəsində proseslər yalnız buradakı ehtiyatlarla məhdudlaşır. Xəzər strateji neft və qaz kəmərlərinin gələcəyi bir zonaya çevrilir. Bundan başqa, zəngin su sərvətlərinə malik olan Xəzər dənizi dünyada istehsal olunan nərə kürüsünün 90 faizini verir. Statusunun qəti müəyyən olunmaması ondan səmərəli istifadəni, müvafiq layihələrin həyata keçirilməsini ləngidir və hasilatçıları alternativ vartiantlar axtarmaq məcburiyyətində qoyur.

Məlum olduğu kimi, Xəzərin enerji ehtiyatlarının mühüm hissəsi Qazaxıstan, Türkmənistan və Azərbaycanın payına düşür. Bu ölkələrin enerji resurslarının ixracı prosesində yaxın gələcəkdə regional neft-qaz kəmərlərinin çəkilişi reallaşarsa, onlar mühüm ixracatçı dövlətlərə çevriləcəklər. Xəzərin karbohidrat ehtiyatlarının bolluğu belə qənaətə əsas verir ki, bu bölgə bütün Asiyada Fars körfəzi və Qərbi Sibirdən sonrakı mövqeyi tutacaqdır. Regionda yerləşən türkdilli dövlətlərdə mühüm neft-qaz ehtiyatları bizi bütün Türk dünyasını əhatə edən dövlətlərin və yarımdövlətlərin enerji resurslarının bölgüsünə nəzər yetirməyə kökləyir. Qeyd etmək lazımdır ki, akademik A.X.Mirzəcanzadə «Azərbaycan neft konsepsiyasının etüdləri» əsərində türkdilli xalqların neft-qaz ehtiyatlarında payını və iştirakının müvafiq analizini vermişdir. Biz araşdırmada aktuallaşan məqamları nəzərə alaraq məsələyə bir daha diqqət yetirməyə çalışmışıq.

Sovetlər İttifaqının süqutu müstəqil türkdilli dövlətlərin sayını 6-ya çatdırmışdır. Bu ölkələrin ümumi sərhəd birliyi inteqrasion kontekstdə yeni bir makroregionun, «Türküstan» və ya «Turan» adlanacaq güc mərkəzinin formalaşmasına rəvac vermişdir. İndi Türkiyənin mərhum prezidenti T.Ozalın «XXI əsr türk əsri olacaqdır» deyimi çox qulaqları cingildətməkdədir. Siyasi proseslərin müvafiq məntiqi axını dəyişməsə, bu reallıq daha geniş sərhədlərdə görünəcəkdir. Hazırda 6 müstəqil Türk dövlətində dünya üzrə YDM-in 1,44, sənaye məhsulları isə 1,29% istehsal olunur. Bunlar regionlaşma nöqteyi-nəzərindən yüksək göstəricilər olmasa da, türkdilli ölkələrdə inkişaf templəri maddi, mənəvi potensial yeni əsrdə onların gücünün artacağına nikbin ovqat verir.

Energetik resursların təhlili zamanı bizə yaxın geopolitik məkanda yerləşən iqtisadi sanbalı və strateji mövqeyi ilə fərqlənən Türkiyə və İranın da müvafiq vəziyyətinə diqqət yetirmək xüsusi maraq doğurardı. Neft-qaz ehtiyatları məhdud olan Türkiyədə hər il 20 milyon tona yaxın neft satın alınır. Yüksələn iqtisadi artım tempi yaxın gələcəkdə burada neft ixracatının iki dəfə yüksələcəyi proqnozunu verir. Bununla yanaşı Türkiyənin təbii qaza olan ehtiyacı da artmaqdadır. Hazırda onun Rusiyadan idxal etdiyi qazın qiyməti dünya bazarındakı müvafiq qiymətdən də yüksəkdir. Türkiyə Xəzər hövzəsi, Orta Asiya regionundakı enerji resurslarının daşınmasında tranzit və istehlakçı dövlət olmasında maraqlıdır. İndi bənzərsiz strateji əhəmiyyəti olan Bosfor boğazından ildə 50 minə yaxın gəmi keçməkdədir ki, bunun da 4000-dən çoxunu tankerlər təşkil edir. Boğazda nəhəng meqapolis İstambulun yerləşməsi və şəhərin təhlükəsizlik məsələsi yeni kəmərlərin marşrutunun Qara dənizdən kənar mövqelərdən keçirilməsi ölkənin mənafelərində əks olunur.

Neft-qaz ehtiyatlarının nəhəngliyi ilə regionda seçilən əsas dövlətlərdən biri də İrandır. Səudiyyə Ərəbistanı və Norveçdən sonra İran dünyada neft ixracında 3-cü yerdə durur. ABŞ-da ciddi problemləri olan İran dövləti hazırda Xəzər hövzəsi regionunda gedən çəkişmələrdə aparıcı mövqeyi əldə etmək niyyətindədir. Bu istiqamətdə İran bir çox səylər etməkdə və çıxış yolları aramaqdadır. Yaxın 10-15 il ərzində Xəzər dənizi ilə İran körfəzini birləşdirəcək nəhəng kanalın layihələşdirilməsi də bu səylərdən mühüm sayıla bilər. Bundan başqa, İran türkmən qazının öz ərazisindən tranzitini, Avropa ərazisindən Qazaxıstan və Azərbaycan neftinin Fars körfəzinə nəqlini reallaşdırmaq üçün ciddi cəhdlər etməkdədir. Lakin bu ölkənin problemləri də az deyildir. Son 20 ildə onun əhalisi 2 dəfə artaraq 60 milyondan çox olmuşdur. Ölkəyə məlum rejimlə əlaqədar investisiya axını yoxdur. Burada hər il daxili subsidiyalar 11 milyard dollar təşkil edir. İranda xarici valyutanın 80%-i neftə görə əldə olunur. Neftin qiymətinin düşməsi isə bu ölkə üçün ciddi problemlər doğurur.

Neft və qaz ehtiyatları ilə yaxşı vəziyyətdə olan türkdilli dövlətlər sırasında Qazaxıstanın mövqeyi daha şanslı görünür. Bu ölkənin zəngin təbii ehtiyatları və oradakı əlverişli liberal rejim burada çoxlu investisiyaların cəlb olunmasına səbəb olmuşdur. Maliyyə qoyuluşları üçün ən sərfəli şübhəsiz ki, neft-qaz sahəsidir. Qazaxıstan bu göstəricilər ranjerində kəşf olunmuş dünya neft ehtiyatlarına görə 13-cü, qaz və kondensat ehtiyatlarına görə 15-ci, neft hasilatının səviyyəsinə görə 28-ci yeri tutur. Burada təkcə «Tengiz» yatağında 2-3 milyard ton neft-qaz ehtiyatlarının olması güman edilir. Hətta bəzi ölkədaxili mənbələrdə Qazaxıstanın neft ehtiyatlarının miqyasının liderlər sırasında ən qabaqçıl mövqedə olması səslənməkdədir. Lakin böyük neft ehtiyatları bu ölkənin müvafiq resurslarının ixracı məsələsində əngəllər törədir. Bu məqsədlə Qazaxıstan dövləti yeni neft kəmərlərinin inşasında maraqlıdır. O, bu kəmərləri Avropaya, Rusiya, Xəzər dənizi, İran vasitəsilə çıxarmağa və hətta Çinə nəql etməyə belə hazırlaşır. Neft hasilatı burada hazırda 55 yataqda təmin edilir. Bunlardan da Mangistaun və Atıraus vilayətlərində ümumi neftin 60%-i hasil edilir. Ölkənin quru sahələrində 7,8 milyard ton neftin olması güman olunur və bunun da 65-70%-i Xəzər hövzəsinin payına düşür. Daha iri ehtiyatların, 13 milyard ton şərti-yanacağın Xəzər dənizinin Qazaxıstan sektorunda olması ehtimal edilir. Dünyanın nəhəng 9 neft şirkəti Xəzərin Qazaxıstan sektorundakı şelfində seysmik göstəricilərə əsaslanan axtarış kəşfiyyat işləri aparır. «Kaştana» neft yatağınınn ölçülərinin «Tengiz» yatağından 2 dəfə böyük olması güman edilir. Kommersiya dəyərindən daha çox siyasi əhəmiyyət daşıyan bu layihə regional potensiala sürət verəcək və böyük dövlətlərin Xəzərə olan siyasətində dəyişikliklərə gətirəcəkdir. Ölkə həm də mühüm daş kömür ehtiyatlarına malikdir. Qazaxıstan hökuməti iqtisadiyyatın, xüsusən də neft sənayesinin yenidən təşkili üçün çox mühüm addımlar atmışdır. Aparılan islahatlar neft sənayesində köklü dəyişilliklərə səbəb olmuşdur. Burada ehtiyatların istismarı üçün lisenzision kontrakt sistemi müvəffəqiyyətlə həyata keçirilir. Son beş-altı ildə bu ölkənin neft-qaz sənayesinə 3 milyard dollardan çox xarici sərmayə qoyulmuşdur. Qazaxstan 2015-2020-ci illərdə hətta ən pis mütəxəssis rəyinə görə belə illik neft hasilatını 120 milyon tona çatdıracaqdır ki, bunun da yarısı dəniz yataqlarında hasil ediləcəkdir. Yaxın gələcəkdə bu ölkənin iqtisadi inkişafı və energetik təminatı tam həll olunacaqdır. Hələ 1997-ci ildə Qazaxıstan prezidenti N.Nazarbayev özünün «2030 strategiyası»nı açıqlayarkən qeyd etmişfir ki, Qazaxıstan yataqları işləyir, neft ixrac edir, varlanır - «Mərkəzi Asiyanın Pələnginə» çevrilir.

Türkmənistan da neft-qaz yataqları ilə zəngin olan türkdilli dövlətlərdən biridir. Bu ölkədə hasil edilən neft onun daxili ehtiyaclarına kifayət edir. Lakin onun qaz ehtiyatları ifrat dərəcədə yüksəkdir. 1990-cı ildə 88 milyard kubmetr qaz istehsal edən bu ölkə hazırda satış ilə əlaqədar olaraq hasilatı 17-18 milyard kebmetrə endirmişdir. Türkmənistan qaz resurslarına görə dünya xəritəsində öncül yerlərdən birini tutur, hətta bəzi mənbələrdə ehtiyatlara görə yalnız Rusiya və İrandan geridə qaldığı qeyd olunur. Məhz izafi qaz ehtiyatları bu ölkəni xeyli münbit müstəviyə gətirmişdir. Lakin qazın ixracatı ilə əlaqədar ölkədə çeşidli problemlər də mövcuddur. Belə ki, alternativ marşrutlar olmadığı üçün hələlik qaz ixracatı Rusiya vasitəsilə reallaşdırılır. Türkmən qazını Türkiyə və bir çox Avropa ölkələri almaqda maraqlıdırlar. Hazırda türkmən qazının regional ölkələrə verilməsinin 3-4 variantı nəzərdən keçirilir. Bunlardan ən mühümü TrancXəzər və Tükrmənistan-Əfqanıstan-Pakistan qaz kəmərinin çəkilməsidir. Bu sahədə çox ciddi addımlar atılmış, mühüm protokollar imzalanmışdır. Türkmənistanda hazırda neft hasilatı 6 milyon tonu ötmüşdür. Yaxın 5-7 ildə neft hasilatının 28 milyon tona çatdırılması nəzərdə tutulur. Ölkə Xəzər sektorunda iri neft və qaz ehtiyatlarına malikdir (12 milyard ton karbohidrat). Bəzi yataqların, o cümlədən Azərbaycanda mübahisəli olan «Kəpəz» yatağında (türkmən variantında «Sərdar») ehtiyatlar xeyli dərəcədə çoxdur. Burada artıq müvafiq yataqların müəyyən hissəsinin işlənməsi üzrə tenderlər keçirilmiş, hətta qaliblər belə müəyyən edilmişdir. Yataqların işlənməsində lisenziya sisteminə üstünlük verilmişdir. Dünyanın bir çox maliyyə nəhəngləri bu ölkəyə sərmayə axınını yüksəldiblər. Türkmənistan özünün «Keymir» və «Yaşlar» yataqlarının istismarıilə əlaqədar olaraq hazırda Argentinanın «Bridas» şirkəti ilə əməkdaşlıq edir. ABŞ-ın «Pi-Es-Ci» şirkəti Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə Xəzəraşırı qaz kəmərinin çəkilişi üzrə konsorsiumun rəsmi operatoru elan edilmişdir. Xəzəraşırı qaz kəmərinin çəkiliş dəyəri 3,1 milyard dollar məbləğində qiymətləndirilir. Türkmənistanın şərqindəki Malac, Çadlıq yataqlarından (hesablamalara görə, onların ehtiyatları 600 milyard kubmetrdir) qaz Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyənin Ərzurum şəhərinə vurulacaqdır. «Enron» şirkətinin proqnozuna görə, türkmən qazına Türkiyədə tələbat 20 il ərzində 500-640 milyard kubmetr ola bilər.

Özbəkistanın hazırkı enerji ehtiyatları hələlik ölkəyə kifayət edir. Buna baxmayaraq, hökumət enerji təhlükəsizliyinin qorunması üçün mühüm tədbirlər görməkdədir. Qırğızıstanın isə enerji balansında daş kömür mühüm yer tutur. Burada cuzi miqdarda neft və qaz da hasil edilir. Orta Asiyada çıxarılan kömürün yarısı Qrığızıstanın payına düşür. Bununla yanaşı, Qırğızıstan hidroenerji potensialına görə yaxın regionda mühüm yerlərdən birini tutur.

Sovetlər İttifaqının mövcudluğu vaxtı onun respublikalarında neft-qaz hasil edən regional istehsal ərazi birlikləri mövcud olmuşdur. Bunların içərisində «Başneft» və «Tatneft» istehsalat birlikləri böyük potensialları ilə fərqlənmişdir. Hər iki istehsalat birliyinin türkdilli respublikalara, müvafiq olaraq Tatarıstan və Başkordıstana məxsusdur. Uzun dövr ərzində Tatarıstan və Başkordıstan neft potensialına görə SSRİ-nin 2-ci Bakı rayonunun tərkib hissəsi kimi böyük qüdrətdə olmuşlar. Məlum olduğu kimi, neft-qaz ehtiyatları Rusiyada, həmçinin türkdilli xalqların məskunlaşdığı əzəli türk torpaqları, qüzey Qafqazda, xüsusən Sibirdə, İranda və İraqda azərbaycanlıların, kərküklərin kompakt yaşadığı bölgələrdə, Çindəki Uyğurstanda yetərincədir. Lakin indi bu sərvətlərdən tarixi məskun xalqların kifayət qədər istifadə etməsi bir neçə dövlətdə mümkün olmuşdur. Müvafiq ölkələrdə aparılan son axtarış kəşfiyyat işləri, bu ərazilərdə daha çox karbohidrogen potensialının mövcudluğundan xəbər verir və hesablamalara görə əlverişli investisiya axını baş verərsə, burada hasilatı yaxın 10-15 ildə 250-300 milyon tona çatdırmaq olar. Heç şübhəsiz ki, belə vəziyyət dünya bazarında yeni qüvvənin yaranmasına səbəb ola bilər.

16.Xəzər hövzəsi regionunda və türkdilli ərazilərdə energetik potensial. Müasir mərhələdə Azərbaycanın sosial-iqtisadi inkişafının əsas meylləri. Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutu. /məqalələr toplusu/ IV cild. Bakı. Elm. 1999. 0,5 ç.v.