gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / DÜNYA QAZ TƏSƏRRÜFATI, MÜASİR MEYİLLƏR VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ

10.02.2012

i.e.n. E.M.Hacızadə

Dünyanin ayrı-ayrı ərazilərində qaz ehtiyatları müxtəlif miqyaslıdır. Müəyyən ərazilərdə bu ehtiyatlar tükənsə də, ümumiyyətlə yer kürəsində hər il qaz hasilatının artması müşahidə olunmaqdadır. Hasilat artdıqca isə bu ehtiyatların olmadığı ərazilərə qazın nəql edilməsi onun istismar şəbəkəsini daim genişləndirir.

Məlum olduğu kimi təbii qazdan sənayedə, məişətdə istifadə ilk dəfə paralel olaraq ABŞ və Azərbaycanda həyata keçirilmişdir. Avropada isə qazdan intensiv istifadə əsrimizin 40-cı illərindən başlamış və demək olar ki, 50-ci illərə qədər zəif inkişaf etmişdir. İspaniyanın şimalında, Fransada (Lak yatağı), Hollandiyada (Sloxtern yatağı), Almaniyada, Polşada, Rumıniyada, Avstriyada iri qaz yataqlarının kəşfi ilə əlaqədar olaraq Avropada qazlaşma inkişaf tapmış və sürətlənmişdir. Sonradan Şimal dənizinin Böyük Britaniyaya məxsus sektorunda və 70-ci illlərdə Norveçdə nəhəng qaz yataqlarının kəşfi, Sovetlər İttifaqının izafi qaz resurslarının Avropaya nəqli bu makroregionda qaz sənayesinin daha da sürətli inkişafına səbəb olmuşdur. Hazırda isə Avropa, xüsusən də Qərbi Avropa regionu dünyanın ən yüksək inkişaf etmiş qaz sənayesi kompleksinə, müasir qaz təchizat şəbəkəsinə və yüksək keyfiyyətli sənaye, məişət qaz avadanlıqları istehsal edən müəssisələrə malikdir. Burada əsas qaz satışını Rusiya, İngiltərə, Norveç və Hollandiya dövlətləri həyata keçirir. Ehtiyatların 1/3 hissəsi, 16 trilyon kubmetr Şimal Dənizi («QRONİGEN» yatağı) və Hollandiyada çəmləşmişdir.

Afrikada da qaz hasilatı əsrimizin 60-cı illərinə qədər əsasən zəif olmuş və bu illərdə şimalda, cənub-qərb ərazilərdə, Əlcəzair, Liviya, Nigeriya və digər bölgələrdə neftli-qazlı yataqların, xüsusən iri qaz yatağı «XASSİ RMEYL»in kəşfi bu qitədə qazlaşmaya sürət vermiş və hasilatı 10-12 milyard kubmetr həcminə çatmışdır. İndi təkcə Nigeriyada hər il 30 milyard kubmetr qaz hasil edilir. Hazırda burada qazlaşma sürətlə inkişaf etməkdədir. Afrika qazı həm qablaşdırılmış, həm də qaz kəməri vasitəsi ilə Avropa bazarlarına çıxarılır.

Amerikada qaz ehtiyatları şimalda-ABŞ-da, Meksika körfəzində, cənubda isə əsasən Venesuelada çəmləşmişdir. Klassik neft dövləti olan Venesuelada qaz sənayesi artıq əsrimizin 40-cı illərində artmış və ölkə izafi qaz ehtiyatlarına malik olmişdur. Çox illər burada hasil edilən qazın yalnız 35%-dən istifadə olunmuş, artıq qazı isə lay təzqininin saxlanması məqsədi ilə yenidən quyulara vurmuşlar. Sonradan Boliviya, Çili və Argentinada kəşf olunan neft, qaz yataqları cənub regionda qaz sənayesinin inkişafına səbəb olmuşdur, burada ən çox qaz sənayesinin inkişaf etdiyi dövlət ABŞ-dır.

Hasilatının, ehtiyatların həcminə görə ABŞ əsrimizin son 10 illiklərinə qədər dünya birinciliyini qoruyub saxlamışdır. Regionda yerləşən Kanada da ehtiyatların nəhəngliyi ilə fərqlənir və hasilatına görə dünyada 3-cü yeri tutur (illik 160 milyard m3).

Asiya qaz ehtiyatları ilə son dərəcə zəngin bir regiondur. Dünya qaz ehtiyatlarının yarıdan çoxu bu super makroregionun payına düşür. Daha iri qaz yataqları böyük Avroasiya dövləti olan Rusiyada - Sibirdə, Türkmənistanda, Yaxın Şərq ölkələrində çəmlənmişdir.

Avstraliya və Okeaniyada qaz ehtiyatları bolluq təşkil etməsə də, son zamanlar burada da neftli-qazlı yataqlarda müəyyən qədər qaz ehtiyatları aşkar edilmişdir. Aparılan axtarış-kəşfiyyat işləri bu regionda yeni qaz yataqlarının aşkarlanmasını ümidli edir.

Qaz ehtiyatları hesablanarkən onun miqdarının neftə nisbətindən də istifadə olunur. Elmi hesablamalarla müəyyən olunmuşdur ki, dünyada hasil edilmiş hər 2 ton neftə 1 ton qaz düşür. Qaz, ehtiyatlarına görə 3 kateqoriyaya bölünür: qaz yataqlarında olan qaz, səmt qazı və kondensat. Dünyada qazın əsas hissəsi qaz yataqlarında hasil edilir. Bununla yanaşı, qaz digər mənbələrdən də hasil edilməkdədir.

Qaz ehtiyatlarının nəhəngliyi, qaz təsərrüfatı və şəbəkəsinin genişliyi ilə Rusiya əsrlərin qovşağında yenə də çox aktiv mövqedə durur. Burada zəngin qaz yataqlarını «Qazprom» səhmdar cəmiyyəti inhisarda saxlayır. «Qazprom» dünya miqyasında nəhəng şirkət sayılır və ümumdünya qaz hasilatının 1/3-nə nəzarət edir. Onun fəaliyyəti təbii qaz üzrə bütün istehsalat tsiklini, kəşfiyyatdan istehlakçıya qədər əhatə edir.

Rusiyada hazırda hasil edilən 618 milyard kubmetr qazın 580 milyard kubmetri onun payına düşür. Dünya maliyyə nəhəngləri Rusiyaya investisiya qoyuluşlarını davam etdirməklə irəli sürdükləri şərtlərdən biri kimi «Qazprom» SC-nin özəlləşdirilməsini tələb edirlər. Hətta, Rusiyanın S.Kiriyenko hökuməti BVF-nun təzyiqi ilə 1998-ci ilin iyul ayında bu təşkilatın dövlətə məxsus 40%-lik səhmlərinin 5%-nin satılmasına qərar vermişdir. BVF-nin mənafelərindən biri də bu nəhəng şirkətin parçalanmasına, struktur quruluşulun dəyişilməsinə yönəlmişdir. Rusiyada çox yaxşı dərk olunur ki, nüvə-raket potensialı ilə yanaşı, xarici siyasətdə «Qazprom» da güclü silah rolunu oynaya bilər.

1997-ci ilin dekabrında «Qazprom» SC ilə Gürcüstan arasında imzalanmış əməkdaşlıq müqaviləsinə görə boru xəttinin inşası Qara dənizin altından keçməklə nəzərdə tutulmuşdur.

Bununla belə, şirkət 1000 kubmetri 79 ABŞ doları olmaqla hər il Ermənistana 1,5 milyard kubmetr qaz satır. 2000-ci ildə bu satışın həcminin 3,5milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Yaxın illərdə Rusiya qazını ən çox idxal edən dövlət Türkiyə olacaq və o bu sahədə Almaniyanı da ötüb keçəcəkdir. Rusiyanın Türkiyəyə qaz satışı isə 3 istiqamətdə reallaşır. Hazırda Türkiyə bu qazı Bolqarıstan vasitəsilə alır. Yeni əsrin ilk illərində Türkiyəyə Rusiyadan ixrac qazını 30 milyard kubmetrə çatdırmaq niyyətindədir ki, bunun da 16 milyard kubmetri dənizaltı kəmərlə nəql olunacaqdır. Rusiya-Türkiyə qaz anlaşması 25 il üçün nəzərdə tutulub və 30 milyard dollar məbləğindədir.

Mütəxəssislərin hesablamalarına görə yaxın 10-15 ildə Avropada qaza olan tələbatın iki dəfə artacağı gözlənilir. Bu isə əlavə olaraq 240-260 milyard kubmetr təbii qaz həcmindədir. Avropanın ehtiyacında olacaq qazın 200 milyard kubmetrini Rusiyadan, digər hissəsini isə qərb yataqlarından almaq mümkündür. Elə bu məqsədlə də yeni qaz kəməri Yamal-Avropanın tikilməsi sürətlənməkdədir. Ukraynadn yan keçən bu qaz kəməri Belarus-Polşa vasitəsilə Avropa qaz şəbəkəsnə qoşulacaqdır. Rusiyanın iri qaz yataqları izafi qazın perpsektivdə nəzərdə tutulan Yamal-Koreya magistralı ilə ötürülməsini reallaşdıracaqdır. Qaz yataqlarının indiki düzümünün mənzərəsi bizə əsas verir ki, Rusiya hələ uzun müddət Qərbi Avropanı qazla təmin edəcəkdir. Bu aspekti nəzərə alaraq ABŞ hələ soyuq müharibə illərində Rusiya-Qərbi Avropa qaz kəmərinin çəkilməsinə sistematik maneçilik törətmişdir. Bununla belə, Rusiyanın Avropaya qazın ötürülməsində digər rəqibləri də az deyildir. Bu ölkələr arasında hazırda Norveç və Hollandiya daha çox rəqabətqabiliyyətlidirlər. Qaz hasilatının dinamikası göstərir ki, yaxın gələcəkdə bu ölkələrdə hasilat balansı dəyişəcəkdir. Belə ki, Norveçdə 2 dəfə artım, Hollandiyada isə eyni miqdarda azalma müşahidə olunacaqdır. Qərbin geoiqtisadi və geosiyasi maraqları heç şübhəsiz ki, Norveç qazı üçün daim əlverişli şəraiti təmin edəcəkdir. Rusiyanın Avropa bazarında qaz satışında bundan başqa Əlcəzair, İran, Nigeriya və Qətər kimi rəqibləri də vardır. Son vaxtlar Nigeriya və Qətərdə kəşf olunan iri qaz yataqlarına istinadən bu ölkələrdə sıxılmış qazın ixracatı məsələsi həll edilir. Yaxın perspektivdə Əlcəzair hər il 100 milyard kubmetr qazın Avropaya verilməsini təmin edəcəkdir. Bu kontekstdə İran da Türkiyə və Ukrayna vasitəsi ilə öz qaz sərvətlərini Avropaya çıxarmaq üçün danışıqlar aparmaqdadır. Türkmən qazının da İran, Azərbaycan və Türkiyə vasitəsi ilə Avropaya çıxışı nəzərdə tutulur. Bunun üçün 2 paralel marşrutun çəkilməsi zərurət sayılır.

Yaxın müddətdə Türkmənistanın qərbində yerləşən «Yoşlar» və «Dövlətabad» yataqlarından 2000 km uzunluğunda Türkmənistan-İran-Türkiyə qaz kəməri çəkiləcəkdir. 30 il müddətinə nəzərdə tutulan bu müqaviləyə görə hər il 28-30 milyard kubmetr qaz nəql ediləcəkdir. Ankara-Yapracıq marşrutu ilə İtaliyadan keçməklə Fransaya hər il 5-15 milyard kubmetr qazın nəqli gözlənilir.

İri qaz yataqları Qazaxıstanda da aşkarlanmışdır. Burada da, xüsusi ilə böyük qaz ehtiyatları «Qaracaqanay» və «Tengiz» yataqlarında çəmlənmişdir. Bu ehtiyatları nəzərə alaraq ABŞ-ın «Şevron» şirkəti «Tengiz» yatağının işlənməsi perspektivinə sıxılmış qaz terminalının inşasını gerçəkləşdirmək niyyətindədir.

Statistik məlumatlara görə 1970-ci ildə dünyada bir trilyon kubmetrdən artıq qaz hasil edilmişdir ki, bunun da yarıdan çoxu ABŞ-ın, 15% isə keçmiş SSRİ-nin payına düşmüşdür. Müasir dünyamızda kəşf olunmuş qaz yataqlarının əksəriyyəti Rusiyada, Yaxın və Orta Şərq ölkələrində çəmləşmişdir. «Abu-Dabi NEŞNL OYL» şirkətinin 1997-ci ildəki məlumatlarına görə dünyada kəşf olunmuş yataqlarda 136 trilyon kubmetr qaz ehtiyatı vardır ki, onun da ¼-nə İran, Qətər, Birləşmiş Ərəb Əmirlikləri nəzarət edirlər. Qaz ehtiyatları 22,2 trilyon kubmetr olan İran ümumi ehtiyatları 50,3 trilyon kubmetr olan Rusiyadan sonra dünyada 2-ci yeri tutur.

Hazırda dəniz şelfində 2000-dən çox neftli-qazlı yataq aşkar edilib ki, burada da 35 trilyon kubmetr qazın olması güman edilir. Planetimizdə hasil edilən qazın 20%-i bu gün dənizdə hasil edilir. Bu göstərici Bruney, Malayziya, Norveç, İngiltərədə 80-100%-ə bərabərdir. Əsrimizin sonralarında ən iri təbii qaz ehtiyatlarına malik ölkələr aşağıdakılar hesab olunur: Rusiya, İran, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, ABŞ, Qətər, Əlcəzair, İraq, Venesuela, Kanada, İngiltərə, Norveç və Hollandiya.

Respublikamız da qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Bununla belə iqtisadi dirçəliş burada təbii qaza olan ehtiyacı daha da artırmış və respublikamız müəyyən dövrlərdə Sovetlər İttifaqının vahid qaz sistemindən əlavə yanacaq alaraq bu enerji daşıyıcısına olan ehtiyacını ödəmişdir. İttifaqın dağılması ilə əlaqədar olaraq ölkəmiz mavi yanacağa olan təlabatını daxili mənbələr hesabına təmin etmək zorunda qalmışdır. Lakin məlum olduğu kimi respublikada hasil olunan (1998-ci ildə 5589,5 min m3) qaz onun ehtiyaclarından aşağı miqdardadır. Yeni neft-qaz yataqlarında istismarın genişləndirilməsi, mövcud ehtiyatlardan səmərəli istifadə yaxın vaxtlarda bu problemin həllini reallaşdıracaq, Azərbaycan qaz ixrac edən bir ölkəyə çevriləcəkdir. Məhz buna görə də bu gün respublikamızda neftin gərəkliyi ilə yanaşı qaza olan ehtiyac və onunla bağlı problemlər mühüm əhəmiyyət daşımaqdadır.

Azərbaycanda da qazdan geniş istifadə ötən əsrdən başlanğıc götürmüşdür. 1859-cu ildə Suraxanıda kiçik olmayan zavodda buxar əldə etmək üçün təbii qazdan yanacaq kimi istifadə olunmuşdur. 1902-ci ildə elə bu ərazidə qazılan quyu qaz fontanı yaratmışdır. Sutkalıq debiti 57 min kubmetr olan bu quyu Azərbaycanda ilk qaz nəqletmə sisteminin yaranmasına səbəb olmuşdur. 1907-ci ildə Azərbaycanda 130 milyon kubmetr qaz hasil edilmişdir. Respublikada neft və qaz hasilatı inkişaf etdikcə qaz enerjisindən istifadə edilməsi daha geniş vüsət tapmışdır. Artıq 1950-60-cı illərdə hasilat 6 milyard kubmetrə çatmışdır və bunun nəticəsində respublikanın sənaye, kommunal təsərrüfatı, elektrik stansiyaları əsasən bu enerji növündən istifadə sisteminə keçmişlər. Qaz sənayesinin inkişafı respublika iqtisadiyyatının bütün digər sahələrinə də öz təsirini göstərmişdir. 1982-ci ildə Azərbaycanda rekord miqdarda - 14,9 milyard kubmetr qaz hasil edilmişdir. 1990-91-ci illərdə isə respublikanın qaz istehlakı zirvə həddinə - 17 milyard kubmetrə çatmışdır ki, bunun da 5,5 milyard kubmetrini respublikanın enerji kompleksi, elektrik stansiyaları məsrəf etmişdir. Hazırda respublikamızın mövcud qaz şəbəkəsi böyük miqyaslı tranzit imkanlarına malikdir. Azərbaycanın qaz-nəqliyyat sistemindən 1990-91-ci illərdə Gürcüstanın və Ermənistanın ehtiyaclarını təmin etmək üçün 12 milyard kubmetr qaz nəql edilmişdir.

Azərbaycanda qaz quruda və dənizdə hasil edilir. Uzun illər respublikamızda qaz quru sahələrdə hasil edilmişdirsə, hazırda bu nisbət kəskin olaraq dəniz yataqlarının xeyrinə dəyişmişdir. Son üç ilə ölkəmizdə müvafiq olaraq hər il dənizdə 5,6-5,9, quruda isə 02-03 mlrd. kubmetr qaz hasil edilməkdədir. Azərbaycanda bu günə kimi 445,2 mlrd. kubmetr qaz hasil edilmişdir ki, onun da 320,1 mlrd. kubmetri dənizdə hasil olunmuşdur. İndi artıq dənizdə «Əsrin müqaviləsi» çərçivəsində qaz hasil edilməkdədir. Məlumatlara görə təkcə 1998-ci ildə Çıraq platformasından 200 milyon kubmetrdən çox qaz hasil edilmişdir. Axtarışlar nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda «Əşrəfi» və «Qarabağ» yataqlarında neft və qaz kondensat yataqları aşkar edilmişdir. «Şahdəniz» strukturunda da çoxlu qaz hasil ediləcəyi gözlənilir. Hesablamalar göstərir ki, 2010-cu ildə Azərbaycanda 17 mlrd. Kubmetr qaz hasil ediləcəyi reallaşacaqdır. Hazırda Xəzər hövzəsi regionunda qazın nəqli problemləri aktual xarakter almışdır. Bu baxımdan Transxəzər layihəsinin həyata keçirilməsində bir çox şirkətlər maraq göstərirlər. Ötən ilin sonlarında respublika prezidenti H.Ə. Əliyevin qəbulunda olmuş ABŞ-ın «Enron japan limited» şirkətinin rəhbərləri bu layihələrdə iştirak etməkdə niyyətli olduqlarını bildirmişlər. 70 illik təcrübəyə malik olan bu şirkət Rusiyanın «Qazprom» SC-dən sonra dünyada qaz boru çəkən ikinci böyük şirkət hesab olunur.

Elmi-texniki tərəqqi qaz sənayesinə də güclü təsir etməkdədir. Şimal dənizində, Meksika körfəzində, Cənubi-Şərqi Asiya regionunda sualtı qaz yığım sistemləri tikilməkdə, Şimalı Afrika və İspaniyada isə daha dərin sualtı qaz nəqletmə şəbəkəsi layihələşdirilməkdədir. Avstraliyaya, Koreya, Sinqapur, Yaponiya və Cənub-Şərqi Asiya ölkələrindən keçməklə iri qaz nəql etmə şəbəkəsinin çəkilişi isə yeni texnoloji həllini gözləməkdədir.

Təbii qazın kəşfiyyat metodikasının inkişafı dəniz şelfində qaz yataqlarının mənimsənilməsini, habelə güclü təzyiqli iri diametrli borularla qazın nəqli, sıxılmış halda iri qazdaşıyıcı tankerlərlə daşınması təbii qazdan istifadəyə yeni impuls verəcəkdir. Hesablamalar göstərir ki, planetimiz hələ kəşf olunmamış qaz yataqları ilə zəngindir. Belə ki, yerin daha dərinliklərində, xüsusən 10-12 km dərinliyində böyük miqdarda qaz ehtiyatları vardır. Lakin qazma ilə bağlı çətinliklər, investisiya problemləri bu prossesi daha da çətinləşdirir. Görünür, bu dərinliklərdən qazın çıxarılması gələcək nəsillərin işidir.

15.Dünya qaz təsərrüfatı, müasir meyillər və inkişaf perspektivləri. Müasir mərhələdə Azərbaycanın sosial-iqtisadi inkişafının əsas meyilləri. Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutu. /məqalələr toplusu/ III cild. Bakı. Elm. 1999. 0,5 ç.v.