gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / AZƏRBAYCANDA QARA METALLURGIYA SƏNAYESİ: INKIŞAF MƏRHƏLƏLƏRI VƏ PERSPEKTİVLƏR

30.09.2010

Hacızadə Elşən Mahmud oğlu

i.e.d., prof. baş elmi işçi. Azərbaycan Milli Elmlər Akademiyası,

İqtisadiyyat İnstitutu

 

 

 

UOT 338:33:669.1 (479.24)

 

 

AZƏRBAYCANDA QARA METALLURGIYA SƏNAYESİ:

INKIŞAF MƏRHƏLƏLƏRI VƏ PERSPEKTİVLƏR

 

 

Xülasə

 

Tədqiqatın məqsədini Azərbaycanın qara metalurgiya sənayesinin özəllikləri, hazırkı vəziyyəti və inkişaf perspektivlərinin müvafiq dünya kompleksinin keçdiyi tərəqqi yolu və qloballaşma çağrışları ilə bağlı müasir meylləri kontekstində təhlili təşkil edir.

Tədqiqatın metodologiyası təhlilin amilli, qiymətləndirmə və statistik metodlarına əsaslanır.

Tədqiqatın nəticələri qloballaşma çağrışları ilə bağlı dünya və Azərbaycanın qara metalurgiya sənayesinin inkişaf perspektivləri tədqiq edilmişdir.

Tədqiqatın məhdudiyyətləri müvafiq iqstiqamətdə yeni inkişaf trendlərinin kişik mərhələliyi və həmçinin bir sıra statistik göstəricilər üzrə müasir reallıqları əks etdirən məlumatların hesabatlandırılmaması.

Tədqiqatın praktiki əhəmiyyəti dünyanın müasir qara metalurgiya sənayesi üzrə və habelə Azərbaycanda müvafiq sahədə aparılan tədqiqatlarda elmi-nəziri mənbə kimi istifadə olunma imkanlığı ilə bağlanılır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi qlobal çağrışlardan irəli gələrək, ilk dəfə Azərbaycanın qara metalurgiya sənayesinin inkişaf perspektivləri təhlil edilmiş və qiymətləndirilmişdir.

 

Açar sözlər: qara metallurgiya sənayesi, Azərbaycan iqtisadiyyatı, sənayenin iqtisadiyyatı.

 

 

1.Giriş

Qara metallurgiya sənayesi ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında mühüm rol oynayır. Hazırda dünya metalurgiya sənayesində mürəkkəb proseslər gedir. Qloballaşma çağrışları, bazar münasibətlərinin təkmilləşməsi proseslərinin və bir çox ölkələrin, şirkətlərin spesefik inkişaf xüsusiyyətlərinin təsiri nəticəsində XX əsrin sonunda dünya metalurgiya bazarı dərin dəyişikliklərə uğramışdır. Son 20 ildə isə bu sferada sabitləşmə meydana gəlmiş və yeni inkişaf təzahürləri formalaşmışdır. Belə ki, hazırda metala olan ümumi tələblə bağlı dünya metal məhsulları ilə ticarət yüksək templərlə inkişaf etməkdədir. Bu həm də, dünyada ölkələr sayının artması, burada özünə məxsus müvafiq istehsalların yaradılması və spesefik bazar restruktizasiyası ilə sıx əlaqədardır.

Özünün qara metalurgiya sənayesi ənənələri ilə fərqlənən Azərbaycan Respublikasında da bu istiqamətdə önəmli işlər aparılır. Ölkədə müasir tələblərə cavab verən yeni istehsal sahələri açılır, müvafiq təyinatlı texnoparklar yaradılır, infrastruktur layihələr həyata keçirilir. Movcud təbii-iqtisadi potensaldan daha səmərəli istifadə edilməsi, ölkə iqtisadiyyatının qara metala olan tələbatınının dolğun ödənilməsi və qara metalurgiyanın özünün ixracyönümlı sahəyə çevrilməsi, məqsədlərindən irəli gələrək Azərbaycan Respublikasında Prezident İlham Əliyevin Sərəncamı ilə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün tsklləri əhatə edən və səhmləri dövlətə məxsus “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmışdır. Bu strateji layihənin əsasında ölkədə orta hesabla 230 milyon tondan artıq ehtiyatları olan dəmir filizindən yüksək keyfiyyətli polad istehsalını təşkil edərək daxili və xarici bazara rəqabətqabiliyyətli polad məmulatları təklif etmək missiyası dayanır. Buraya həmçinin ölkədə polad istehsalında yeni texnologiyaların tətbiqi, müvafiq sahənin maddi-texniki bazanın gücləndirilməsi, müasirləşdirilməsi və səmərəli idarə edilməsi kimi prioritetlər də daxil edilir. Bütün bunlar təcrübi reallıqları əks etdirsə də, həm də sosial-iqtisadi aktuallığı ilə fərqlənərək elmi-tədqiqt əhəmiyyəti kəsb edir. Bu baxımdan aparılan araşdırmasında da dünya qara metalurgiya sənayenin keçdiyi tərəqqi yolu və qloballaşma çağrışları ilə bağlı müasir meylləri kontekstində Azərbaycanın qara metalurgiya sənayesinin özəllikləri, hazırkı vəziyyəti və inkişaf perspektivləri təhlil predmetinə çevrilir.

 

2.Qara metallurgiya: tarixi aspekt və istehsal xüsusiyyətləri

Çox qədim zamanlardan insanlar dəmirlə təmasda olmuş, onu emal edərək müxtəlif alətlərin hazırlanmışlar. Ayrı-ayrı ölkələrdə aparılmış arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, insanlar dəmirdən 4 min il öncə istifadə etməyə başlamışdırlar. Sonralar dəmirlə yanaşı təbiətdə başqa metalların da mövcud olması müəyyən edildi və hazırda insanlara məlum olan 110 kimyəvi elementdən 76-sı metaldan ibarətdir [10, 13].

Təbiətdə olan ehtiyatlara və xassələrinə görə dəmir digər metallar arasında xüsusi yer tutur. Ümumiyyətlə müasir dünyada istehsal olunan metal əsaslı materialların təxminən 90 faizi dəmir və onun ərintilərinin payına düşür.

Dəmir (Fe) yer kürəsində ən çox yayılmış elementlərdəndir. Belə ki, o həcminə görə oksigen (O2), silisium (Si) və alüminiumdan (Al) sonra 4-cü yeri tutur. Hesablamalara görə planetmizdə 200 milyard tondan artıq kəşf olunmuş dəmir filizi ehtiyatı mövcuddur.

XIII əsrin ortalarına qədər dəmir xüsusi yerdə kürə tipli əridici qurğularda istehsal olunurdu. Bunun üçün kürəyə dəmir filizi və ağac kömürü qarışığı doldurulurdu. Burada ağac kömürü həm istilik mənbəyi, həm də reduksiyaedici rolunu oynayırdı. Yanacağın yanması üçün lazım olan hava isə kürəyə dəri körük vasitəsilə üfürülürdü. Kömürün yanması nəticəsində qurğuda 1500-1550 K temperatur yaranırdı ki, belə şəraitdə də dəmir asanlıqla reduksiya olunur və alınan dəmir az karbonlu, aqreqat vəziyyətinə görə isə xəmirə oxşar olurdu. Sonralar kürənin məhsuldarlığını artırmaq üçün onun ölçülərini və havanın verilmə sürətini artırdılar. Bu isə sobada temperaturun yüksəlməsinə, alınan dəmirin isə karbonla daha çox zənginləşməsinə səbəb olurdu. Sobada yüksək temperatur olduğundan, filizdən dəmirlə yanaşı silisium və manqan da reduksiya olunaraq dəmirə keçir. Filizin belə şəraitdə emal edilməsi tərkibində 2%-dən çox karbon olan silisium və manqanla zəngin dəmir-karbon ərintisi - çuqun alınmasına səbəb olmuşdur. Əvvəllər belə çuqun kövrək olduğundan istifadə edilmirdi, sonralar onu filizlə təkrar əridərək “kündə dəmirin” alınmasında istifadə edirlər. Beləliklə, XIV əsrdən dəmirin ikipilləli üsulla alınmasına başlanılır. Əvvəlcə filizdən nisbətən iri kürətipli sobalarda yüksək karbonlu dəmir-çuqun alır, sonra isə onu təkrar əritməklə “kündə dəmirə” çevirirdilər. Daha sonralar karbonlu dəmirin alınmasında istifadə edilən kürətipli qurğuların məhsuldarlığını artırmaq üçün onun ölçüləri böyüdülür və qurğuya üfürülən havanın həcmi artırılır. Beləliklə, yüksək məhsuldarlıqlı çuqunəridici, şaxta tipli qurğu - domna peçi yaranır. XVIII əsrin əvvəllərində ağac kömürü daş kömürlə əvəz olunur, bir qədər sonra isə qurğuda havaüfürücü maşınlardan istifadə edilməyə başlanır [1, s. 1-97, 2, 3, 7].

Dəmir mühüm konstruksiya materialları olan çuqun və polad komponentlərinin əsasını təşkil edir. Çuqun - tərkibində 2%-dən çox karbon olan dəmir və karbondan ibarət xəlitəyə deyilir. Adətən, istehsal olunan çuqunun 80%-i ilkin məhsul kimi polad istehsalında istifadə olunur, 20%-ə qədəri isə müxtəlif fasonlu tökmələr şəklində maşınqayırma sənayesinin tələblərini ödəyir. Polad - tərkibində 0,03-2,14% karbon olan dəmir və karbondan ibarət xəlitədir. Tətbiq sahələrindən asılı olaraq, onun bu və ya digər xassələrini yaxşılaşdırmaq üçün xrom, nikel, molibden və digər legirləyici elementlərdən geniş istifadə olunur (məsələn paslanmayan polad - 80.6% Fe, 0.4% C, 18% Cr, 1% Ni). Polad maşınqayırma, nəqliyyat, tikinti və digər sənaye sahələri üçün mühüm konstruksiya materialıdır. Təyinatına görə poladlar konstruksiya, instrumental (alət) və xüsusi xassəli poladlara bölünür [8, 10]:

  • Ø konstruksiya poladları detalların, maşınqayırma məmulatlarının və tikinti konstruksiyalarının hazırlanmasında istifadə edilir. Bu və ya digər konstruksiyanın yaradılmasında tətbiq olunan polad onun iş şəraitindən, konstruksiyaya qoyulan tələbdən asılı olaraq götürülür. Konstruksiya poladından əksər hallarda yüksək möhkəmlik, plastiklik və s. xassələr tələb olunur.
  • Ø instrumental (alət) poladlar müxtəlif sahələrdə işləyən alətlərin (kəsici, ölçü və s.) hazırlanmasında istifadə olunur. Bu poladlardan müxtəlif sahələrdə işləyən alətlər hazırlanır. Adətən onlardan yüksək bərklik, yeyilməyə qarşı davamlılıq və s. xassələr tələb olunur.
  • Ø xüsusi xassəli poladlar xüsusi fiziki-kimyəvi xassələrə - korroziyaya davamlılığa, istiliyə davamlılığa, maqnit xassəsinə və s. xüsusiyyətlərə malik olurlar.

Əgər dağ süxurundan dəmirin alınması iqtisadi və texniki cəhətdən əlverişlidirsə, belə dağ süxuru dəmir filizi adlanır.

Çuqun və ondan keyfiyyətli polad istehsal etmək üçün əsasən aşağıdakı dəmir filizi növlərindən istifadə edilir [10, 12]:

r maqnitli dəmirdaşı filizində dəmir maqnetit (Fe3O4) birləşməsi şəklində olur. Bu filizdə dəmirin miqdarı 45-70%-ə qədər ola bilər. Maqnetit maqnit xassəlidir. Filizin maqnitli separasiya üsulu ilə zənginləşdirilməsi onun bu xassəsinə əsaslanır. Qeyd etmək lazımdır ki, Daşkəsən rayonundakı dəmir filizi ehtiyatları əsasən maqnitli dəmirdaşı filizindən ibarətdir. “Daşkəsən Filizsaflaşdırma” ASC-də mövcud olan maqnitli separasiya üsulu ilə filiz zənginləşdirmə texnologiyası oradakı dəmir filizinin maqnit xassəsinə malik olmasına əsaslanır;

r qırmızı dəmirdaşı filizində dəmir hematit (Fe2O3) birləşməsi şəklindədir. Filizdə dəmirin miqdarı 50-60%-ə qədər olur. Qırmızı dəmirdaşı filizinin əsas xüsusiyyətlərindən biri onun maqnitli dəmirdaşı filizinə nisbətən asan bərpa olunması və onda kükürd (S) və fosfor (P) kimi zərərli qarışıqların az olmasıdır. Bu xüsusiyyətlərinə görə qırmızı dəmirdaşı filizi ən yaxşı filizlərdən biri hesab olunur;

r qonur dəmirdaşı filizi dəmir oksidi ilə su molekullarının birləşməsindən (m Fe2O3 • n H2O) ibarətdir. Filiz məsaməlidir və asan reduksiya olunur. Bəzi hallarda filiz kükürd və fosforun miqdarına görə təmiz olur və onda dəmirin miqdarı 40%-ə qədər olur. Bu xüsusiyyətlərinə görə dəmirlə o qədər də zəngin olmayan belə filizdən istifadə etmək iqtisadi cəhətdən əlverişli hesab olunur;

r spatlı dəmirdaşı filizində dəmir FeCO3 birləşməsi şəklindədir

r və filizdə dəmirin miqdarı 30-40% olur. Bu filizin əsas xarakterik xüsusiyyətləri asan bərpa olunması və onda zərərli qarışıqların miqdarının az olmasıdır.

Müasir dövrdə istehsal üsulundan asılı poladlar marten, konvertor (bessemer, tomas), elektrik (qövs, induksiya) poladı və s. növlərə bölünürlər. Son dövrlər marten üsulu rəqabətə dözmədiyindən istismardan çıxarılır. Hazırda əsasən konvertor və elektrik üsulundan geniş istifadə olunur. Keyfiyyətinin əsas göstəricisi kimi poladın tərkibindəki fosfor və kükürd kimi zərərli qatışıqların miqdarından saılı olaraq poladlar adi, keyfiyyətli və yüksək keyfiyyətli olmaqla 3 növə bölünür. Yüksək keyfiyyətli poladın tərkibində fosfor və kükürdün miqdarı 0,02 və 0,03%-dən artıq olmamalıdır. Polad istehsalı texnoloji planda konservativ sahə olsa da (dəmir konsentratı - çuqun - polad) sahənin səmərəliliyinin artırılması üçün müvafiq tədqiqatlar hazırkı dövrdə də davam etdirilir [10, 12, 17, 23].

Göründüyü XX əsrdə qara metallurgiya sənayesi böyük texniki tərəqqi yolu keçmiş, elmi-texniki tərəqqinin tələblərinə uyğun uğurlu inkişaf perespektivləri əldə etmişdir.

 

 

 

 

3.Qlobal qara metallurgiya sənayesinin əsas inkişaf meyilləri

Dünyada əksər sənaye sahələrinin mövcud olmasında qara metallurgiya məmulatları böyük əhəmiyyətə malikdir. Müasir dövrdə maşınqayırma (nəqliyyat maşınqayırmsı və dəzgahqayırma), gəmiqayırma, energetika, hərbi sənaye, tikinti sektoru kimi böyük əhəmiyyət kəsb edən sənaye sahələrinin qara metal məmulatları olmadan mövcudluğu mümkün deyil. Dünya iqtisadiyyatının indiki inkişaf mərhələsində qara metal məmulatları dünya üzrə geniş tələbata malik olan məhsuldur. Son statistikaya görə 2011-ci ildə dünya üzrə 1,49 milyard ton polad istehsal olunmuşdur. Makroregional bölgündə 954,1 milyon ton Asiyanın, 215,0 milyon ton Avropanın, 118,9 milyon ton Şimali Amerikanın, 112,4 milyon ton MDB- 48,4 milyon ton Cənubi Amerikanın, 20,3 milyon ton Yaxın Şərqin, 14 milyon ton Afrikanın və 7,2 milyon tona kimi Avstraliya və Okeaniyanın payına düşür. Hazırda dünyada böyük həcmli polad məhsulları istehsal edən Arcelor Mittal (Lüksemburq-Hindistan), Hebei Iron & Steel (Çin Xalq Respublikası), Nippon Steel (Yaponiya), POSCO (Cənubi Koreya) və s. kimi transmilli şirkətlər mövcuddur [23].

Müasir dövrdə ümumdünya qara metallurgiya sənayesində istehsalın effektivliyin artırılması məqsədi ilə bir sra meyllər formalaşmağa başlamışdır ki, bunlar da aşağıdakı kimi təsnifatlandırlır [12, 23]:

r İstehsalın dəniz sahilinə yaxın ərazilərə köçürülməsi. Belə köçürülmə əsasən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin mərkəzləşmiş köhnə qara metallurgiya rayonlarının (komplekslərinin) yenidən qurulması zamanı həyata keçirilir. Burada əsas məqsəd həm böyük həcmli xammalın, həm də istehsal olunan məhsulların ucuz dəniz nəqliyyatı ilə daşınmasından ibarətdir. Digər tərəfdən bu sənaye komplekslərinin sahil ərazilərində yerləşdirilməsi istehsalat zamanı tələb olunan ucuz su mənbəyinin olması və tullantı sularının içməli su mənbələrinə axıdılmaması faktoruna görə də cəlbedicidir.

r Polad istehsalının inkişaf etməkdə olan ölkələrə köçürülməsi. Baxmayaraq ki, hələ də qara metallurgiya üzrə əsas məhsul istehsalı iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə cəmləşib, eyni zamanda bu sahə üzrə istehsalatların inkişaf etməkdə olan ölkələrə köçürülməsi tendensiyası genişlənməkdədir. Burada istehsalın birbaşa keyfiyyətli filiz hasil olunan ərazilərin yaxınlığında qurulması, nisbətən ucuz işçi qüvvəsi, inkişaf etməkdə olan ölkələrdə polad məmulatlarına yüksək tələbatın olması, bu kimi ölkələrdə ekoloji normaların çox da sərt olmaması kimi faktorlar böyük rol oynayır. Belə ölkələrdə yaxın illərdə qara metallurgiya məmulatları istehsalı üzrə yüksək artım templəri proqnozlaşdırılır.

r Polad istehsalında yeni üsulların tətbiqi. XX əsrin ikinci yarısından sonra elektrometallurgiya və poladın filizdən birbaşa alınması (bərpası) üsulu geniş yayılmağa başlamışdır. Qeyd olunan üsulların ekoloji cəhətdən xeyli üstünlükləri mövcuddur. Lakin belə poladəritmə sahələri yüksək enerji tutumuna görə fərqlənir və istifadə olunan xammala yüksək keyfiyyət tələb edir. Məhz bu səbəbdən belə qara metallurgiya müəssisələri böyük enerji resurslarına və keyfiyyətli dəmir filiz mədənlərinə malik ölkələrdə daha iqtisadi səmərəli olur.

r İstehsal həcmi nisbətən kiçik olan (illik istehsal gücü 0,3-1,0 milyon ton) poladəritmə müəssisələrinin yaradılması. Son illər dünyanın bir çox ölkələrində ixtisaslaşmış böyük istehsal gücünə malik metallurgiya mərkəzləri ilə yanaşı, kiçikhəcmli qara metallurgiya müəssisələrinin yaradılması da geniş vüsət almışdır. Əsasən təkrar qara metal qırıntısından xammal kimi istifadə edən, konkret ərazidə tələb olunan qara metal məmulatlarının istehsalı üzrə ixtisaslaşan belə müəssisələr iqtisadi səmərə əldə edir.

r Qara metallurgiya müəssisələrinin qara metal məmulatlarına tələbatın yüksək olduğu sənaye mərkəzlərinə köçürülməsi. Bu adətən, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə maşınqayırma müəssisələrinin cəmləşdiyi iqtisadi rayonlarda müşahidə olunur. Belə qara metallurgiya müəssisələrində xammal kimi adətən qara metal qırıntısından geniş istifadə edilir.

r Xüsusi markalı polad məmulatlarına tələbatın artması. Elmi-Texniki Tərəqqi və onun nailiyyətlərinin sənayedə tətbiqi xüsusi markalı polad məmulatlarına tələbatın artması ilə nəticələnir. Bu müəssisələr əsasən belə məmulatlara yüksək tələbatın olduğu inkişaf etmiş ölkələrdə fəaliyyət göstərir. Xüsusi markalı polad məmulatları istehsal edilən müəssisələr mürəkkəb texnoloji avadanlıqlar və yüksəkixtisaslı mütəxəssislər tələb edir.

r Qara metal məmulatları istehsalı müəssisələri ilə onların alıcıları arasında sıx əlaqələrin qurulması. Qara metallurgiya müəssisələri ilə onların alıcıları arasında daha sıx istehsal-təşkilati əlaqələrin qurulması, kütləvi yarımfabrikat məmulatların istehsalı ilə yanaşı, fərdi sifarışlərin yerinə yetirilməsi də müasir dövrün tələbidir.

r Qloballaşmanın təsiri və böyük təsərrüfatların transmilliləşməsi. Belə ki, artıq bir sıra qara metal məmulatlar istehsalı üzrə fəaliyyət göstərən transmilli şirkətlərin istehsal həcmləri vaxtilə bu sahədə böyük istehsal güclərinə malik Avropa ölkələrinin ayrılıqda sahə istehsal həcmlərini üstələyir.

r İnteqrasiya proseslərinin təsiri. Avropa İttifaqının genişlənməsi, eyni zamanda dünyanın müxtəlif regionlarında iqtisadi ittifaqların yaradılması sahə üzrə müəssisələrin yerləşdirilməsinin optimallaşdırılmasına təsirini göstərir. Burada sahə üzrə şirkətlər mövcud bazarın tələbatını və strukturunu öyrənmək imkanı əldə edirlər.  Burada məhsul ixracı zamanı dəniz limanları yaxınlığındakı müəssisələrin fəaliyyəti daha cəlbedicidir, əksinə istehsal daxili bazar üçün nəzərdə tutulursa, maşınqayırma və metal emalı müəssisələri yaxınlığındakı müəssisələrin fəaliyyəti əlverişli hesab olunur.

Bütün bunlar onu göstərir ki, qlobal metallurgiya sənayesi öz inkişafında yeni təkmil innovativ fazaya daxil olur. Burada isə qloballaşma meyllərindən irəli gələrək, aparıcı funksionalıq ayrı-ayrı istehsalçı ölklərlə yanaşı əsasən trasmilli şirkətlərin  üzərinə düşür.

 

4.Azərbaycanda qara metallurgiya sənayesinin təşəkkülü və müasir inkişaf istiqamətləri

Azərbaycanda qara metallurgiya sənayesi əsasən II dünya müharibəsindən sonra yaranmağa başlamışdır. 1952-ci ildə Sumqayıt Boruyayma Zavodu (indiki“Azərboru”ASC), 1954-cü ildə isə Daşkəsən dəmir filizi mədəni və Filizsaflaşdırma zavodu işə düşdü. Mingəçevir Su-Elektrik Stansiyasının işə salınması ucuz enerji təminatı yaratdı, köməkçi istehsal sahələrinin yaranması isə qara metallurgiya sənaye kompleksini formalaşdırdı.

Hazırda respublikada müəyyən potensiala malik olan qara metallurgiya sənayesi mövcuddur. Sovet dövründə bu sahədə neft çeşidli və ümumi təyinatlı tikişsiz polad borular istehsal edən Azərboru, müxtəlif polad məmulatlar istehsal edən Bakı Poladtökmə, fasonlu tökmələr üzrə Elektrosentrolit kimi müəssisələr fəaliyyət göstərmişlər. Eyni zamanda, maşınqayırma zavodlarının tərkibində onları müxtəlif tökmələrlə təmin edən poladtökmə istehsalat sahələri də mövcud olmuşdur .

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu müəssisələrdə keçmiş ittifaq müəssisələri ilə kooperasiya əlaqələrinin pozulması və texnologiyanın köhnə olması səbəblərindən istehsal fəaliyyəti aşağı düşmüşdür və hazırda layihə gücündən xeyli aşağı səviyyədə fəaliyyət göstərirlər.

Hazırda “Azərboru” ASC-də istehsalatın səmərəliliyini təmin etmək üçün poladəritmə prosesi ümumi tsikldən çıxarılmış, Rusiyadan və Ukraynadan idxal edilən boru pəstahlarından istifadə etməyə üstünlük verilmişdir. Yenidənqurma işlərinin (250-1 boruyayma aqreqatının, MSC-25 tipli 2 ədəd dəzgahın, köməkçi sexlərin, infrastrukturun və s. təmiri və bərpası) aparılması nəticəsində 2005-2011-ci illərdə müəssisədə 80 min ton ümumi təyinatlı, 127 min ton qoruyucu və 1,7 min ton nasos-kompressor boruları istehsal edilmişdir. İstehsal olunan boruların əsasını yeni neft çeşidli borular təşkil edir. Müəssisə İSO 9001-2008 keyfiyyəti idarəetmə sistemi əsasında fəaliyyət göstərir. Həmçinin Rusiya Federasiyasının Dövlət Standartları tərəfindən müəssisənin məhsullarına uyğunluq sertifikatı, məhsulun Rusiyada tətbiqinə “Ekoloji, Texnoloji və Atomanəzarət Rusiya Federal” təşkilatı tərəfindən icazə verilmişdir. İstehsal olunan məhsul əsasən Rusiya, Qazaxıstan, Türkmənistan, Ukrayna, İran kimi ölkələrə ixrac edilir [9, 11, 20].

Müəssisənin əsas prioritet istiqamətləri məhsul çeşidinin genişləndirilməsi yolu ilə istehsal və satış həcminin artırılmasından, məhsulun keyfiyyətinin beynəlxalq standartlara cavab verməsinin təmin edilməsindən və xərclərin minimuma endirilməsindən, bununla da müəssisənin rentabelliyinin artırılmasından və investor baxımından cəlbediciliyinin yüksəldilməsinin təmin edilməsinə nail olmaqdan ibarətdir.

“Bakı Poladtökmə” müəssisəsində poladəritmə prosesi aparılır və müxtəlif çeşidli polad tökmələr (külçələr, pəstahlar) istehsal edilir, onların əsasında isə müxtəlif ölçülü bucaqlıqlar, profillər, ikitavrlar, şvellerlər, armaturlar, dəyirmi pəstahlar, katankalar, neft sənayesində istifadə olunan 300-700 atmosfer təzyiqə davamlı siyirtmə gövdələri və s. istehsal edilir. Müəssisədə istehsal olunan məhsullar yüksək keyfiyyət tələb olunan yerlərdə istifadə olunur və bu məhsullar AZS və SGS - sertifikatlarına layiq görülmüşdür. Hazırda müəssisənin Azərbaycanda və xaricdə xeyli partnyoru vardır. Əsas məqsəd yerli və xarici istehlakçıların tələblərinin ödənilməsi məqsədi ilə müasir tələblərə cavab verən yüksək keyfiyyətli və geniş çeşidli istehsal imkanlarına malik olmaqdan ibarətdir. İstehsalatın müasirləşdirilməsi və yeni iş yerlərinin açılması üçün müəssisədə investisiya qoyuluşu hər il artmaqdadır [22].

Ölkədə aparılan uğurlu inkişaf strategiyası və neft amili qara metallurgiya sənayesinin inkişaf etdirilməsinə, müasir texnologiyalar əsasında qurulan yeni müəssisələrin yaranmasına səbəb olmuşdur [11, 18].

 

“Baku Steel Company” şirkəti qısa zamanda metal qırıntıları əsasında istehsal gücü ildə 350,0 min ton olan müasir poladəritmə kompleksi yaratmışdır. Müəssisə müstəqillik dövründə inşa edilmiş ilk müasir və yüksək istehsal gücünə malik poladəritmə kompleksidir. 2001-ci ildə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə işə başlayan müəssisə bu illər ərzində iki milyon tondan artıq inşaat armaturu istehsal etmişdir. Şirkətin istehsal etdiyi polad məhsullar (inşaat armaturu və polad pəstahlar) daxili bazarla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və digər regionlarda satılmış və inşaatçılar tərəfindən yüksək qiymətləndirilmişdir.

Qeyd olunmalıdır ki, ötən əsrin sonlarından başlayaraq, Avropada yayma prosesində termomexaniki üsulla möhkəmləndirilmiş azkarbonlu polad armaturların geniş tətbiqi ilə əlaqədar Almaniyanın, Moldovanın, Türkiyənin, Rusiyanın və yerli mütəxəssislərin səyi ilə şirkətdə müasir istehsalat sahəsi yaradılmış və burada termomexaniki üsulla azkarbonlu poladdan yüksəkkeyfiyyətli inşaat armaturları istehsal edilir.

Respublikanın paytaxtı Bakıda və regionlarında çoxmərtəbəli binaların, mədəniyyət və idman mərkəzlərinin, körpülərin, yolların və s. infrastruktur obyektlərinin tikintisi layihələrinin böyük sürətlə həyata keçirilməsi inşaat materialları və inşaatyönlü polad məhsullar  istehsal edən müəssisələrin qarşısında qabaqcıl beynəlxalq texnologiyaları tətbiq etmək, məhsulun keyfiyyətini daha da yüksək standartlara çatdırmaq kimi vacib vəzifələr qoymuşdur. Bununla bağlı “Baku Steel Company” şirkətində əsaslı yenidənqurma işləri aparılaraq müəssisənin  istehsal gücü ildə 770 min tona çatdırılmışdır. Polad məhsullarına daxili və xarici bazarın tələbatını nəzərə alaraq, müəssisədə məhsulun çeşidi genişləndirmiş, inşaat armaturları ilə yanaşı künclük, şveller, ikitavr, katanka, məftil istehsalı nəzərdə tutulur [4, 20].

Şirkət tərəfindən Bakı və Gəncə şəhərində oksigen zavodu inşa edilmiş, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhər və rayonlarda qara metal qırıntıları toplayan və emal edən məntəqələr yaradılmışdır. Bu məntəqələr həm də ölkənin quru ərazisini illərlə yığılıb qalmış pas atmış qara metal qırıntı və tullantılarından,  Xəzər dənizinin akvatoriyasını istismar müddətini başa vurmuş gəmilərin və neft hasilatı qurğularının qırıntı və tullantılarından təmizləyərək, bununla da ətraf mühitin ekoloji sağlamlaşdırılmasına müsbət təsir göstərilməsi tədbirlərini həyata keçirirlər.

Respublikada qara metallurgiya sahəsində digər müəssisələr (“Xəzər Boru” MMC və s.) də mövcuddur ki, onlar da real sektorun səmərəliliyinin artırılmasında mühüm rol oynayırlar [13, 18].

 

 

 

 

 

 

 

 

 

 

Aşağıda Azərbaycan Respublikasında son 10 ul ərzində polad boru və inşaat armaturu istehsalını dinamik əks etdirən qrafik verilmişdir.

 

 

 

Qrafik: Azərbaycanda 2003–2013-ci illərdə polad borular və inşaat armaturu istehsalı (min ton)

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəlliflər tərəfindən hazırlanmışdır.

 

Göründüyü kimi respublikamızda sovet iqtisadi sisteminə uyğun qara metallurgiya müəssisələrinin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması ilə yanaşı, müasir standartlara uyğun iri həcmli qara metallurgiya müəssisələridə yaranmaqdadır. Bütün bunlar isə ölkə iqtisadiyyatını gücün artırır. Bu müəssisələrdə əldə olanun gəlirlər ölkə büdcəsinə yeni vergi daxilolmalarını yüksəldir.

Aşağıdakı cədvəldə Azərbaycan Respublikasında son 10 il ərzində digər qara metallurgiya məhsullarının istehsalı dinamikası öz əksini tapmışdır:

Cədvəl 1

 

2003-2013-cü illərdə Azərbaycan Respublikasında

digər qara metallurgiya məhsullarının istehsalı dinamikası

 

Məhsullar

Ölçü vahidi

2003

2005

2010

2011

2012

2013

Polad tökmə

min ton

56,4

286,1

306,5

379,1

444,2

252,4

Qara metaldan məftil və katanlar

ton

874,6

449,8

401,7

498,8

323,2

483,9

Qeyri-cins poladdan soyuq əyilmiş profillər

ton

8891,7

10380,3

1875

1982

83,9

1801,6

Paslanmayan poladdan soyuq formalı profillər

ton

0,0

0,0

2053,3

7732,1

7824,8

9034,3

Tökmə çuqun

ton

954,2

1630,6

1012,0

597,0

1293,0

1915,6

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəlliflər tərəfindən hazırlanmışdır.

 

Cədvəl məlumatlarından göründüyü kimi, ölkənin qara metalurgiya sənayəsi yalnız polad boru və inşaat armaturu deyil, həm də geniş çeşiddə məftil və katanlar, qeyri-cins poladdan soyuq əyilmiş profillər, paslanmayan poladdan soyuq formalı profillər, tökmə çuqun və s. istehsalı sahələrindən də ibarətdir. Bu sahələrin əksəriyyətində isə inkişaf meylləri mövcuddur.

Azərbaycanda neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində çox mühüm layihələr həyata keçirilir. Texnoparkların yaradılması, bu texnoparklarda müasir istehsal sahələrinin istifadəyə verilməsi ölkə iqtisadiyyatının gücləndirilməsinə, rəqabətədavamlı və keyfiyyətli məhsulların istehsal edilməsinə geniş imkanlar yaradır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Azərtexnolayn” MMC-nin Polad Boru Zavodu qara metallurgiya sənayesinin inkişafı baxımından  mühüm əhəmiyyətə malikdir. Müəssisədə müxtəlif diametrli polad borular istehsal ediləcəkdir. Layihəyə uyğun olaraq zavodda Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyaları əsasında ildə 75 min ton polad boru istehsalı nəzərdə tutulur. Burada hazırlanacaq polad borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunacaq. İstehsal prosesində xammal kimi 30 tonluq rulonlar (polad lövhə) tam avtomatik olaraq spiral qaynaq aparatına bağlanılır. Qaynaq prosesi bitdikdən sonra boru xüsusi müayinədən keçir. Sonrakı mərhələdə boru hidrotest vasitəsilə yoxlanılır və boyama sahəsinə ötürülür. Zavodda məhsulun keyfiyyətini tam yoxlamaq üçün mühüm vasitə olan rentgen müayinəsi aparatı da quraşdırılmışdır. Zavodda istehsal olunacaq boruların diametri 400-2000 millimetr, qalınlığı 6-25 millimetr, uzunluğu isə tələbata uyğun olaraq 6-16 metr arasında dəyişəcək. Burada istehsal edilən polad boruların əvvəlcə daxili bazarda olan tələbatın ödənilməsinə yönəldilməsi nəzərdə tutulur. Bu tələbat tam ödənildikdən sonra istehsal olunan boruların xaricə, o cümlədən Rusiyaya, Qazaxıstana, Gürcüstana, Türkmənistana və digər ölkələrə ixrac edilməsi planlaşdırılır [14, 15, 21].

Hazırda respublikanın indiki metallurgiya müəssisələrində tətbiq olunan texnologiyaya görə xammal kimi əsasən metal qırıntı və tullantılarından istifadə etməklə məhsul istehsal edilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı ilə əlaqədar müasir dövrün tələblərinə cavab verən yeni istehsal müəssisələrinin tikilməsi texnoloji və iqtisadi cəhətdən öz əhəmiyyətini itirmiş köhnə zavodların sökülməsini labüd edir. Bunun nəticəsində respublikada milyonlarla ton qara metal qırıntısı ehtiyatları yaranır ki, bu da qara metallurgiya müəssisələrinin xammalla təminatına hələ uzun müddət imkan verəcəkdir. Qara metal qırıntısından xammal kimi istifadə etməklə istehsal olunan məhsullar keyfiyyət baxımından müəyyən standartlara cavab verir və bu məhsulların bir çox tətbiq sahələri vardır. Bununla yanaşı, müasir dünya standartlarının tələblərinə tam cavab verməsi və son məhsulun rəqabət qabiliyyətinin artırılması, ixracyönlü olması baxımından respublikada poladəritmə sənayesinin inkişaf etdirilməsi labüddür.

Bütün bunlar nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamı ilə səhmləri dövlətə məxsus “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması respublikada  qara metallurgiyanın inkişafında yeni mərhələnin başlanmasına yol açmışdır. Tərkibinə “Daşkəsən Filizsaflaşdirma” ASC-nin də daxil olduğu bu kompleksin fəaliyyəti Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsi, tikintisi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin həyata keçirilməsindən ibarətdir. Bu strateji layihənin mahiyyəti qara metallurgiyanın inkişafının əsası sayılan istehsalata müasir texnologiyanın cəlb edilməsi, stabil xammal bazasının yaradılması və ölkəmizdə böyük ehtiyatlara malik olan (230,0 milyon tondan artıq) dəmir filizindən yüksək keyfiyyətli polad istehsalını təşkil edərək daxili və xarici bazara rəqabətqabiliyyətli polad məmulatları təklif etməkdir [5, 14, 16, 18].

Yeni kompleksin xammal bazası olan “Daşkəsən Filizsaflaşdırma” müəssisəsinin işinin yenidən qurulması vacib məsələlərdəndir. Hazırda müəssisədə istehsal bərpa edilərək 300 nəfərdən artıq işçi istehsalata cəlb edilmiş, ayda 18-20 min ton 61,0%-li dəmir konsentratı istehsal edilir. Tikintisi 1948-ci ildə başlamış Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatı (indiki “Daşkəsən Filizsaflaşdırma”ASC) 1954-cü ildən dəmir filizi konsentratı istehsal etməyə başlamışdır. Müəssisədə 1954-1970-ci illərdə elektromaqnit üsulu ilə, quru halda dəmir filizi konsentratı istehsal edilmişdir. Sonradan texnoloji yenilik tətbiq edilərək, 1970-1974-cü illərdə həm quru, həm də nəm halda elektromaqnit üsulu ilə, 1974-cü ildən isə nəm halda elektromaqnit üsulu ilə dəmir filizi konsentratının (tərkibində dəmirin miqdarı 60,3%) istehsalına keçilmişdir. İstehsal olunan dəmir konsentratı asma hava-kanat yolu ilə müəssisədən 7 kilometr məsafədə yerləşən Quşçu dəmir yolu stansiyasına daşınaraq, oradan dəmir yolu vasitəsilə istehlakçıya göndərilmişdir. 2001-ci ildə kombinatın bazası əsasında “Daşkəsən Filizsaflaşdırma”ASC yaradılmış sonrakı illərdə müəssisədə əsaslı təmir bərpa işləri aparılmışdır. Müəssisənin əsas istehsal məhsulu, qeyd edildiyi kimi, dəmir filizi konsentratı və xırdalanmış dəmir filizidir. Bundan başqa istehsal zamanı çınqıl və but daş da (iri daş) əldə edilir. Hazırda müəssisənin illik istehsal gücü - 900 min ton dəmir konsentratı, 300 min ton çınqıldır. Böyük həcmli dəmir filizi ehtiyatlarının olması, eyni zamanda, dəmir filizi mədənlərinin bilavasitə yaxınlığında dəmir filizi konsentratı istehsal edən müasir tələblərə cavab verən müəssisənin mövcudluğu və məhsulun birbaşa dəmir yolu ilə daşınması şəraitinin olması respublikanın qara metallurgiya sənayesinin iqtisadi səmərəli və rəqabət qabiliyyətli olması üçün əsas amillərdən biridir [6, 18].

Polad istehsalının iqtisadi və ekoloji cəhətdən daha səmərəli həyata keçirilməsi üçün istehsal edilən dəmir konsentratının tərkibində dəmirin miqdarının 68,0 %-ə və daha yüksək səviyyəyə yüksəldilməsi məqsədəuyğundur. Bu isə domna sobasına ehtiyac olmadan polad istehsalının təşkilinə şərait yaradacaqdır. Yeni yaradılan kompleksin əsas texnoloji yeniliyi məhz bundan ibarətdir. Digər əsas məsələ isə Gəncə şəhəri yaxınlığında filizdən birbaşa qeyd edilən texnologiya əsasında keyfiyyətli polad istehsal edə bilən poladəritmə zavodunun yaradılmasından ibarətdir ki, bu iş də artıq başlanılmışdır. Burada həmçinin müxtəlif polad məmulatlarının istehsalı da nəzərdə tutulur.

 

 

 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycanda qara metallurgiya sənayesinin perspektiv inkişaf sxemi şəkildə göstərildiyi kim təsvir olunur.

 
   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sxem: Azərbaycanda qara metallurgiya sənayesinin perspektiv inkişaf sxemi

 

Mənbə: Azərbaycan Respublikanın qara metallurgiya sənayesinin hazırkı vəziyyəti və inkişaf istiqamətlərı təhlil edilərək müəlliflər tərəfindən hazırlanmışdır.

 

Metallurgiya müəssisələrindən bəhs edərkən məhsul bazarları haqqında lazımi məlumat toplamaq vacıb məsələdir. Respublikada qeyri-neft sənayesinin inkişafı çərçivəsində böyük miqdarda polad məmulatlarından istifadə edən sahələrin sayının getdikcə artması qara metallurgiyanın inkişafı üçün əlverişli şərait yaradır. Buna ilk növbədə  tikinti sektorunun inkişafı, böyükhəcmli infrastruktur layıhələrinin həyata keçirilməsi, maşınqayırma sənayesinin inkişafı kimi sahələr aiddir. Hazırda ölkəmızdə Qaradağ rayonunda istifadəyə verilmiş Bakı Gəmiqayırma Zavodunu polad istehsalının inkişafına zəmin yaradan sahə kimi nümunə göstərmək olar. İldə 70 min ton yük götürmə qabiliyyətinə malik 2 tanker və ya 15 min ton yükgötürmə qabiliyyətinə malik 4 tanker istehsal etmək gücünə malik bu müəssisədə il ərzində böyük həcmdə (təqribən 25-30 min ton) polad məmulatlarının (polad lövhə və s.) istifadə edilməsi zəruridir [14, 18].

Ölkə iqtisadiyyatının flaqmanı olan neft sənayesi böyük həcmli qara metal məmulatları istehlakçısıdır. Həmçinin respublikada müasir neft-kimya kompleksinin yaradılması istiqamətində işlərin aparılması nəzərdə tutulur. “Azərbaycan Polad İstehsalı Kompleksinin” müəssisələrində böyük ehtiyatlara malik dəmir filizindən göstərilən sahələrin tələbatına uyğun yüksək keyfiyyətli polad məmulatlarının istehsalının təşkili iqtisadiyyatımız üçün səmərəli olar.

Bununla yanaşı, enerji tutumlu qara metallurgiya müəssisələrində məhsullarının istehsalı zamanı yalnız daxili bazar nəzərdə tutularsa, bu proses müəyyən müddət cəlbedici görünsə də, bir müddətdən sonra məhsulun satış probleminin yaranması qaçılmazdır. Eyni zamanda, hər bir ölkə iqtisadiyyatı üçün vacib məsələlərdən biri də müxtəlif sənaye məhsulları üzrə idxalın azaldılmasına nail olmaqdır. Bu proses ölkənin sənaye potensialını artırmaqla yanaşı, eyni zamanda, valyuta axının qarşısını alır. Ona görə də respublikada fəaliyyət göstərən qara metallurgiya müəssisələrində əsas prioritet istiqamətlərdən biri də müxtəlif polad məmulatları ilə daxili tələbatı təmin etməkdən ibarət olmalıdır.

Aparılmış araşdırmalar göstərmişdir ki, il ərzində respublikaya böyük həcmdə, təqribən 200 çeşiddə qara metallurgiya sənayesi məhsulları idxal olunur. Ölkədən ixrac olunan eyni adlı məhsulların çeşidi və həcmi adətən xeyli az olur. Bununla yanaşı qeyd etmək lazımdır ki, sahə üzrə idxal olunan məhsulların bütün çeşidlərinin yerli istehsalını təşkil etmək bazar iqtisadiyyatı şəraitində iqtisadi cəhətdən səmərəli olmaya da bilər və bu təcrübə böyük həcmli polad məmulatları istehsal edən inkişaf etmiş ölkələrdə də mövcuddur. Lakin respublika qara metallurgiya sənayesinin müasir standartlara cavab verən məhsullar istehsal edərək daxili bazarı mümkün qədər təmin etmək və ixrac potensialını artırmaqla bu sahədə balansı respublikanın xeyrinə dəyişməsi məqsədəuyğun olardı.

Aşağıdakı cədvəldə Azərbaycanda 2008-2013-ci illərdə qara metallurgiya üzrə idxal və ixraca dair göstəricilər verilmişdir:

Cədvəl 2

 

Azərbaycan Respublikasında 2008-2013-cü illərdə

qara metallurgiya üzrə idxal və ixraca dair göstəricilər (ton)

 

İllər

Məhsullar

İdxal

İxrac

2008

Qara metallar

97 502

91 288

Qara metallardan məmulatlar

186 644

3079

2009

Qara metallar

588 971

44 785

Qara metallardan məmulatlar

314 838

11 253

2010

Qara metallar

104 544

164 232

Qara metaldan məmulatlar

137 661

8894

2011

Qara metallar

761 857

207 120

Qara metallardan məmulatlar

460 544

103 920

2012

Qara metallar

727 580

11 081

Qara metallardan məmulatlar

464 650

52 583

2013

Qara metallar

576 859

43 203

Qara metallardan məmulatlar

419 220

52 561

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlimatı.

 

Materialların təhlili göstərir ki, Azərbaycan Respublikasında qara metalurgiya sənayesi özünün yeni inkişaf mərhələsini yaşayır Bu inkişafa yeni yaradılan “Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti öz tövhəsini verəcəkdir. Onun səmərəli fəlaliyyəti üçün gələcəkdə kompleksin yeni mütərəqi alt qurumların yaradılması zərurəti də ortaya çıxır. Bu sırada müasir elmi-tədqiqat, təcrubə konstruksiya işləri üzrə fəliyyətlərin təşkilinə daha çox ehtiyac yaranır. Polad və onunla bağlı sahələrin inkişafında ekoloji tələblərə riayət olunması prioritetliyi də nəzərdən qaçırılmamalıdır. Qara metalurgiya sənayəsi respublika iqtisadiyyatının mühüm real sektoruna çevrilməli və ixrac potensialını da artırmalıdır.

 

5.Nəticə

Respublikada böyük dəmir filizi ehtiyatlarının və sahə üzrə istehsal ənənələrinin olması, habelə lazımi dövlət dəstəyinin göstərilməsi ölkədə qara metallurgiyanın sürətlə inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdır. Qara metallurgiya qeyri-neft sənayesinin əsas istiqamətlərindən biri kimi tikinti, nəqliyyat və digər infrastruktur sahələri, gəmiqayırma, maşınqayırma və s. sahələrin inkişafına təkan verən sənaye sahəsidir. Bu baxımdan müasir standartlara cavab verən, dəmir yolu yaxınlığında inşa edilən və dəmir filizindən polad istehsal edəcək Polad İstehsalı Kompleksi Azərbaycan qara metallurgiya sənayesinin flaqmanı kimi səmərəli fəaliyyət göstərə bilər. Sahə üzrə fəaliyyət göstərən digər müəssisələr də əsas xammal bazası kimi bu müəssisənin fəaliyyətindən bəhrələnə bilərlər.  Eyni zamanda, sahə üzrə elmi-tədqiqat işlərinin aparılması, səmərəli elmi yeniliklərin  istehsalata tətbiq edilməsi, belə müəssisələr üçün xarakterik olan səmərəli təkliflərin operativ layihələndirilərək istehsalata tətbiq edilməsi məqsədi ilə Azərbaycan Metallurgiya Elmi-tədqiqat Layihə İnstitutunun yaradılması məqsədəuyğun olardı.

Polad istehsalı ümumilikdə ətraf mühitə mənfi təsir göstərən istehsal sahəsi olduğundan (dəmir filizinin yüksək temperaturda reduksiyası zamanı zəhərli qazların  və tozun əmələ gəlməsi, metaləritmə sobalarında azbest materiallarından istifadə edilməsi, istehsal zamanı ətraf ərazilərdəki torpaqda ağır metalların miqdarının yüksəlməsi və s.), metallurgiya müəssisələrinin inşa edilməsi zamanı ətraf mühitin qorunması tədbirlərinin görülməsi olduqca mühüm məsələdir. Bu sahədə  müasir standartların tələblərinə cavab verən təmizləyici qurğulardan istifadə etməklə, ətraf mühitə dəyən zərəri həmin standartların tələbləri səviyyəsində təmin etmək mümkündür. Burada ilkin qabaqlayıcı tədbir olaraq müəssisənin iri şəhərlərdən nisbətən kənarda və ya dəniz sahillərində inşa edilməsi, küləyin istiqamətinin və s. amillərin nəzərə alınması ekoloji baxımdan olduqca mühüm məsələdir və bu praktika bir sıra ölkələrdə geniş yayılmışdır.

Ümumiyyətlə, respublikada qara metal məmulatları istehsalı üzrə fəaliyyət göstərən müəssisələrin işinin səmərəli və davamlı olması üçün məhsulun keyfiyyətinin beynəlxalq standartlar səviyyəsində təmin edilməsi, çeşidinin dəyişkən bazar tələbatına uyğunlaşdırılması vacib məsələdir. Bu sahədə əsas strateji xətt daxili bazarın tələbatını ödəməklə yanaşı, sahə üzrə idxalı minimuma endirmək və  ixrac potensialını nəzərəçarpacaq dərəcədə artırmaqdan ibarət olmalıdır.

 

 

Ədəbiyyat siyahısı

  1. Şükürov R.İ., Rəhimov M.M. (1985) Metallurgiya. Bakı: “Maarif”, 255 s.
  2. Черепахин А.А., Колтунов И.И., Кузнецов В.А. (2011) Материаловедение. «Издательство КноРус», 481 с. (Çerepaxin A.A., Koltunov İ.İ., Kuzneçov V.A. (2011). Materialşünaslıq. “Knorus” nəşriyyatı, 481s.)
  3. Фетисов Г.П., Гарифуллин Ф.А. (2009) Материалловедение и технология металлов. Издательство Оникс, 171 с.(Fetisov Q.P., Qarifullin F.A., (2009). Materialşünaslıq və metal texnologiyası “Oniks” nəşriyyatı), 171s.
  4. Azərbaycanın statistik göstəriciləri 2012. (2013) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: «9 №-li kiçik müəssisə», 848 s.
  5. İsmayılov S.F. (2011) Azərbaycanın qeyri-neft sənaye sahələrinin inkişafında yeni mərhələ. Bakı: Elm, 136 s.
  6. Hacızadə E.M., Abdullayev Z.S. (2003). Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası, Bakı: Elm, 512 s.
  7. Hacızadə E.M. (2006) Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 509 s.
  8. Браун Т., Лемей Г. (1991). Химия в центре наук. Мoсква: «Мир», Том 2. 356 с. (Braun T., Lemey Q. (1991). Kimya elmləri mərkəzi. Moskva “Mir”, 2-ci Cild, 256 s.)
  9. Исмаилов С.Ф. (2006). Реформирование и развитие промышленных предприятий в условиях переходной экономики, Баку: Элм, 340 с. (İsmayılov S.F., (2006). Keçid iqtisadiyyatı şəraitində sənaye müəssisələrinin inkişafı və yenidən qurulması. Bakı: Elm, 340s.).
  10. Кузьмин Б.А. и другие. (1981) Технология металлов и конструкционные материалы. Мoсква: Издательство «Машиностроение» 326 с. (Kuzmin B.A. və başqaları. (1981).Metal texnologiyası və tikinti materialları. Moskva: “Maşınqayırma” nəşriyyatı. 326 s.)
  11. Самедзаде З.А (2004) «Этапы большого пути - Экономика Азербайджана за полвека, её новые реалии и перспективы», Баку: Издтельско-Полиграфический Центр «Нурлар», 936 с. (Səmədzadə Z.Ə. (2004). Böyük yolun mərhələləri - yarım əsr ərzində Azərbaycan iqtisadiyyatı, onun gerçəklikləri və perspektivləri”Bakı: “Nurlar”, 936s. )
  12. Самохоцкий А.И. и другие. (1990) Металловедение. Мoсква: Издательство «Металлургия», 246 с. (Samoxoçkiy A.İ. və başqaları. (1990). Metalşünaslıq. Moskva: “Metallurgiya” nəşriyyatı, 246 s.)
  13. Фримантл М. (1991) Химия в действии. Мoсква: «Мир», 159 с.(Frimantl M. (1991). Kimya hərəkətdədir. Moskva: “Mir”, 159s.)
  14. http://www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.
  15. http://www.azstat.org. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.
  16. http://www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.
  17. http://www.unido.org - UNIDO - BMT-nin sənayenin inkişafı üzrə təşkilatı.
  18. http://www.e-qanun.az. - Azərbaycan Respublikasının qanunvericilik aktları.
  19. http://www.economy.gov.az-Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi
  20. http://www.bakusteel.com - Baku Steel Company MMC-nin saytı
  21. http:// www.azerpipe.com - “Azər Boru” ASC-nin saytı
  22. http://www.bakusteelcasting.com - “Bakı Poladtökmə” ASC-nin saytı
  23. http://www.worldsteel.org - world steel association
 

 

 

Исмаилов Саяф Фетиш оглы

доктор философии по технике, руководитель отдела Промышленности и энергетики аппарата Кабинета министров Азербайджанской Республики

 

Гусейнов Фаик Нуреддин  оглы

доктор философии по химии, руководитель сектора Промышленности и энергетики аппарата Кабинета министров Азербайджанской Республики

 

Гаджизаде Эльшан Махмуд оглы

Д.э.н., проф., главный научный сотрудник. Национальная Академия Наук

Азербайджана Институт Экономики.

 

Аннотация

 

Черная металлургическая промышленность Азербайджана:

этапы развития и перспективы

 

Цель исследования: в контексте современных тенденций, связанных соответствующим мировым комплексом и вызовами глобализации исследуются особенности черной металлургической промышленности Азербайджана, нынешнее положение и перспективы развития.

Методология исследования основывается на факторный анализ, методы оценивания и статистические методы.

Результаты исследования: исследованы перспективы развития черной металлургической промышленности Азербайджана и в мире, связанные с глобальными вызовами.

Ограничения исследования: отчетность сведений, отражающих современные реалии по короткой этапности в соответствующем направлении а также ряду статистических показателей новых трендов развития.

Практическая значимость исследования связывается с возможностью использования в качестве научно-теоретического источника в исследованиях по мировой черной металлургической промышленности, в частности и Азербайджана.

Оригинальность и научная новизна исследования: впервые, исходя из глобальных вызовов исследованы и оценены перспективы развития черной металлургической промышленности Азербайджана.

 

Ключевые слова: черная металлургическая промышленность, экономика Азербайджана, экономика промышленности.

 

 

 

Ismailov Sayyaf Fatish oglu

Ph.D. in Engineering, Head of Department of Industry and Energy of the Cabinet of Ministers of theRepublicofAzerbaijan

 

Huseynov Faik Nuraddin oglu

Ph.D. in Chemistry, Head of Sector at the Department of Industry and Energy of the Cabinet of Ministers of theRepublicofAzerbaijan

 

Hajizadeh Elshan Mahmud oglu

Prof. Dr., Senor Researcher,InstituteofEconomyofNationalAcademy

of Sciences ofAzerbaijan

 

Abstract

 

Ferrous industry in Azerbaijan:

stages of development and prospects

 

Purpose: Analysis of proporities, current state and development perspectives of ferrous industry ofAzerbaijan in the context of World experience and challenges of globalization.

Design/methodology: The methodology of the research is based on a factor analysis, estimation and statistical methods.

Findings: In the paper, it has been researched development perspectives of ferrous industry of the World andAzerbaijan in the context of challenges of globalization.

Research limitations: It is related to short phasing of new development trends in the appropriate direction and some insufficient statistical indicators.

Practical implications: Using as scientific source for researches about modern ferrous industry of the World andAzerbaijan

Originality/value: For the first time, it has been analyzed and assessed development perspectives of ferrous industry ofAzerbaijan in the context of challenges of globalization.

 

Keywords: ferrous industry, Azerbaijan's economy, industrial economics.

 

JEL Classification Codes: D2, F14, L61

 

 

185.Azərbaycanda qara metallurgiya sənayesi: inkişaf mərhələləri və perspektivlər. (S.F.İsmayılov, F.N.Hüseynov ilə müştərək). Azərbaycanın vergi jurnalı. Bakı: № 2, 2014. 1,2 ç.v.

 

Sxemləri və qrafikləri oxumaq üçün məqaləni yükləyin: