gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / EKOLOJİ İQTISADİYYAT VƏ NANOTEXNOLOGİYALAR

30.11.2010

i.e.d., prof. E.Hacızadə

 

 

EKOLOJİ İQTISADİYYAT VƏ NANOTEXNOLOGİYALAR

 

Dünyanın müasir inkişaf ssenarisi göstərir ki, nanotexnologiyalar iqtisadiyyatın bütün sektorlarında mahiyyət transformasiyası yaradaraq, həyat keyfiyyətinin və ətraf mühitin funksionallığının yaxşılaşdırılmasına mühüm töhfə verirlər. Onlar dünyanın yeni inkişaf mərhələsində ölkələrin, regionların geosiyası mövqelərini təyin edərək rəqabətqabiliyətliliyini artıracaq, ekoloji təhlükəsizliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqlar. Statistik məlumatlar göstərir ki, son dövrlərdə nanotədqiqatlar, nanoiqtisadiyyat, nanoistehsal, nanoxidmətlər və nanoekologiya sferasında liderlik uğrunda mübarizə geniş miqyas almaqdadır. Bu da öz növbəsində sahədəki investisiya aktivliyinin artması ilə müşayiət olunur. Buradakı fenomenal cəhət ondan ibarətdir ki, korporasiyaların nanotədqiqatlara yönəlmiş xərcləri nanotexnologiyaların büdcə investisiyalarından daha sürətli artıma məruz qalır. Bir sıra aparıcı dövlətlər nanoinqilabın yaxında olduğuna rəğmən iqtisadiyyatlarını yeni inkişaf çağırışlarına adekvat qururlar. Dünyanın 50-dən çox ölkəsi nanotexnologiyaların inkişafı, nanoiqtisadiyyat quruculuğu istiqamətində artıq müvafiq dövlət proqramları işləyib hazırlamış, onların ətraf mühitə təsirinin öyrənilməsi istiqamətində böyük vəsaitlər xərcləmişlər. Bu proqramlar nanotexnologiyalar sahəsində milli strategiyaların formalaşmasına yönəlmiş fəaliyyət olmaqla iqtisadiyyatda ekologiya sahəsində elmi-tədqiqat və sınaq konstruktor işlərinin kommersiyalaşmasının sürətləndirilməsi məqsədini ifadə edir. Özünün sıçrayışlı sosial-iqtisadi inkişaf templəri ilə regionun liderinə çevrilmiş Azərbaycan Respublikasında da nanotexnologiyalara əsaslanan ekoiqtisadiyyat quruculuğu üçün kifayət qədər resurs və potensial mövcuddur. Bu gün ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə neft kapitalının insan kapitalına yönəlməsi strategiyası həyata keçirilir. Hesab edilir ki, bu strategiyanın reallaşması respublikada nanotexnoloji iqtisadiyyat quruculuğu və nanoekoloji motivasiyanın inkişafında da dərin təcəssümünü tapacaqdır.

*     *     *

Müasir elmi interpretasiyada «nanotexnologiya» texnikanın, fundamental və tətbiqi elmin nəzəri əsasları və praktiki tədqiqat metodları olan sahəsi kimi xarakterizə olunur. O, fövqəlkiçik obyektlər səviyyəsində nono aləmin qavranılmasında müasir nailiyyətlərdən istifadə edilən konkret üsullar olaraq, bəşərin praktiki maraqların xidmətində dayanır.

Nanotexnologiyalar 0,1-100 nanometr arası ölçülərdə obyektləri manipulyasiya edən elm kimi də təyinat alır. Reallıq belədir ki, XX əsr boyunca bütün texnologiyar metrik - metr və mikrometrik - metrin milyonda bir hissəsi ölçülərdə yardılmışdır. İndi isə mikrometrin onda bir hissəsi ölçülü texnoloji mərhələyə qədəm qoyulur. Bu sərhəd elektronun dalğavari təbiətinin nümayiş olunduğu kvant qanunlarının hakim kəsildiyi ərazidən başlanğıc alır.

Nanotexnologiyalar müstəvisini atom, molekul, bakteriya və hüceyrəvi orqanellər əhatə edir. Bu elmin mənimsənilməsi Amerika alimlərinin lazerdə yalnız karbon atomlarından ibarət miniatür hissəciklərin kəşfi ilə başlanılmışdır. Belə ki, məlum olmuşdur ki, karbon atomları müəyyən şəraitdə bir-biri ilə birləşərək nanohissəciklər - nanoborucuq və kürəciklər - füllerenlər əmələ gətirir ki, onlar da çox qeyri-adi xassələrə malik olurlar. Müasir texnoloji nailiyyətlər nanohissəciklərin alınması üçün müxtəlif üsulları birləşdirir. Buraya biokimyəvi, fotokimyəvi, radiasiya-kimyəvi, elektropartlayış, mikroemulsion, detonasiya, lazer kondsensasiyası, vakuum buxarlanması və s. daxildir. Hazırda praktiki olaraq alimlər bütün kimyəvi elementlərdən nanostrukturların alınmasına nail olmuşlar.

Çağdaş zamanda nanotexnologiyalar muhüm iqtisadi komponentə çevrilmişdir. Onlar iqtisadiyyatın bütün sektorlarında təşəbbüsləri tamlıqla ələ almaq əzmindədirlər. Nanotexnologiyalar ekologiya sahəsində də müasir elmi-texniki nailiyyətləri stimullaşdırır və nanomüstəviyə keçid bütövlükdə istehsalın intellektalizasiyasının təminatı ilə müşayiət olunur. Nanotexnologiyalar ənənəvi iqtisadi münasibətləri dəyişdirərək ekoloji təhlükəsizliyin möhkəmləndirilməsinin yeni innovativ amilinə çevrilir. Bu istiqamətdə aparılan tədqiqatlar texnoloji prosesin inkişafına mühüm köməklik göstərir. Digər tərəfdən, nanotexnologiyalar sferasında reallaşan tədqiqatlar fərqli kommersiya effektivliyi sayəsində çox tezliklə öz xərclərini ödəyir, praktiki həyatda əhəmiyyətli güclü sosial və iqtisadi effekt yaradır.

Bütün ölkələr elmi tədqiqatların kommersiallaşması, onların dünya bazarına çıxışının təminatı məqsədi ilə bu və ya digər ölçüdə insan kapitalının formalaşmasına, elmi potensialın inkişafına sektorial innovasiya sistemlərində institusional boşluqların aradan qaldırılmasına resurslar ayırırlar. Bu ayırmalar içərsində son zamanlar nanotexnologiyaların da yerinin genişləndiyi müşahidə olunur. Sahəyə ən çox resurs yönəldənlər sırasında ABŞ lider mövqedə dayanır. Onun nanotexnologiyaların inkişafı istiqamətindəki proqram təyinatlı fəaliyyəti bir sıra ölkələrdə də analoji addımların atılmasına rəvac vermişdir.

Nanotexnologiyalar sahəsində ABŞ milli təşəbbüs strategiyasını 2000-ci ilin yanvarında bəyan etmişdir. Dünya bazarına daxil olacaq prioritet nanotədqiqatları dəstəkləyən bu strategiyanın əsas məqsədi dünya səviyyəsində elmi işləmələri, texnologiyaların transfertinin sürətləndirilməsi, təhsil resurslarının, kadr hazırlığı və tədqiqat infrastrukturunun inkişafını stimullaşdırmaq təşkil edir. Ölkənin 11 federal nazirlik və agentliyi NNI çərçivəsində elmi-tədqiqat və sınaq konstruktor işlərini maliyyələşdirirlər. ABŞ-ın elm və texnoloji siyasət qəragahının məlumatlarında deyilir ki, nisbi göstəricilər, xüsusən də nanotexnologiyalara yönələn büdcə təsisatları paritet istehlak qabiliyyəti indeksi kontekstində adambaşına düşən həcminə görə ölkə Yaponiya, Şimali Koreya və Tayvan kimi dövlətlərdən geri düşmüşdür. Nanotexnologiyalar sahəsində ABŞ-ın potensial rəqibləri Avropa İttifaqı və Yaponiya hesab olunur. Avropa İttifaqında nanotexnologiyalar Avropa komissiyyası büdcəsindən və eyni zamanda ayrı-ayrı birlik ölkələrinin milli büdcələrindən maliyyələşdirilir. Bu məkanda şərtsiz liderlər kimi Almaniya, Fransa və Böyük Britaniya çıxış edirlər.

Nanotexnologiyalar üzrə milli proqramlar böyük iqtisadi məzmun, sosial əhəmiyyət və elmi mahiyyət kəsb edir. Onların fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada infrastrukturun inkişafı ayrıca blokda verilir. Bir çox ölkələr milli proqramları koordinasiya edən nanotexnologiyaların inkişafı üzrə sahələrarası mərkəzlər yaradırlar. Nanotexnologiyalar üzrə milli proqramlarda insan kapitalının formalaşdırılması prioritet olaraq önə çəkilir.

Nanotexnologiyaların inkişafı ilə bağlı əksər ölkələrdə siyasət subyektləri arasında dialoqu təmin etmək üçün, eyni zamanda prioritetləri formalaşdırmaq məqsədi ilə innovasiya iqtisadiyyatının da vacib elementlərində hesab olunan kombinasiya edilmiş Forsayt texnologiyalarından istifadə edilir. Nanotexnologiyalar üzrə milli proqramların daha bir fərqləndirici xüsusiyyəti onunla bağlıdır ki, nanoməhsullar və nanoxidmətlərdən istifadənin nəticələri insan sağlamlığına və ekologiyaya təsiri bu proqamlarda əlahiddə tədqiqat vəzifəsi kimi qarşıya qoyulur. Nəhayət, müvafiq milli proqmlarda beynəlxalq əməkdaşlıq istiqaməti mühüm tərkib hissələrindən biri kimi çıxış edir.

Şübhəsiz ki, nanotexnologiyalar üzrə hər bir milli proqram özünəməxsus xüsusiyyətləri ilə də fərqlənir. Belə ki, ABŞ və Çində nanotexnologiyaların inkişafına müdafiə təhlükəsizliyinin təminatçısı kimi baxılır və bununla da ondan ikili təyinatda istifadə edilir. Avropa komissiyası isə üzvləri üçün vahid nanoməkan formalaşdırmaq konsepsiyasını irəli sürmüşdür. Latın Amerikası ölkələri nanotexnologiyalar sahəsində öz milli proqramlarını ABŞ-ın korporativ sektoru ilə partnyorluqda işləməkdədirlər. Sakit Okean regionu ölklərində daha çox nanoelektronika texnologiyalarının yaradılması və inkişafı ilə bağlı fəaliyyətlər üstünlük təşkil edir.

Nanotexnologiyalar üzrə milli proqram təyinatları MDB məkanında da yer almaqdadır. Bu və ya digər formada belə elmi istiqamətlər Ukrayna, Qazaxıstan, Belarus və Qırğızıstanda nəzərəçarpacaq dərəcədə özünü nümayiş etdirməkdədir. Şübhəsiz ki, burada liderlik Rusiya Federasiyasına aiddir. Ölkədə artıq «Rosnano» adlanan dövlət korporasiyası təsis edilmiş və nanotexnologiyaların inkişafı üzrə milli proqram qəbul olunmuşdur.

*     *     *

Ekoloji problemlər bəşəriyyəti hələ qədim zamanlardan düşündürmüşdür. Sivilizasiyanın irəliləyişi və müvafiq olaraq ətraf mühitin çirklənməsi ilə ekoloji təhlükəsizliyin əhəmiyyətini daha da artırmışdır. Son vaxtlar bu problemləri çoxlarının hələ dərk edə bilmədiyi və ya əllə toxuna bilmədiyidi bir fenomen -nanotexnologiyaların köməyilə həll etməyə çalışırlar. Ətraf mühitin problemlərinin həllində nanotexnologiyalar metodu dünyanın bir çox ölkələrində ən müxtəlif sahələrdə tətbiq edilir.

Nanotexnologiyaların ətraf mühitə zərərli təsirləri azaltmağa kömək edən nailiyyətlər az deyildir. Bu sırada nanotexnologiyalar məişət tullantılarının emalı, suyun təmizlənməsi, civənin müəyyən edilməsi üçün yeni imkanlar açır. Gələcək elmi-tədqiqatlar isə daha uğurlu nəticələr verəcək və bu istiqamətdə əsaslı dəyişiklikləri labüd edəcəkdir.

Yaşadığımız dövrdə nanotexnologiyalar elminin, həmçinin onunla bağlı olan sənayenin inkişafı dövlətin özünün inkişaf göstəricisi hesab olunur. Bir məqam da yaddan çıxarılmamalıdır ki, nanotexnologiya yeni elmdir və üstünlüklərinə, bu istiqamətdə qazanılan naliyyətlərinə baxmayaraq, həm də bir ehtiyat da doğurur. Bu da təbiidir. Çünki müqəddəs kitabda deyildiyi kimi “hər bir xeyrdə bir zərər və hər bir zərərdə bir xeyr vardır”. Ona görə də, nanotexnologiyaların müasir insanların həyatında aşkar müsbət təsirinin çox olmasına baxmayaraq, nanohissəciklər müəyyən sahələrdə istifadə olunduqda zərər də verə bilərlər.

Hazırda bir çox ölkələrin hökumətləri nanotexnologiyaların ətraf mühitə təsirinin öyrənilməsi üçün xüsusi konfranslar təşkil edir və böyük məbləğdə vəsait ayırırlar. Statistik sahəvi tədqiqatlar göstərir ki, Amerikanın Ətraf mühitin mühafizəsi üzrə agentliyi hər il nanotexnologiyaların təbiətə və insanların sağlamlğına təsirinin öyrənilməsi üçün coxmilyardlı qrantlar ayırır.

Ətraf mühitlə bağlı nanotexnologiyalar sahəsində sonuncu ekoloji tədqiqatlardan biri olaraq yuyucu vasitələrdən istifadə tələb etməyən Pilkington Activ özünütəmizləyən şüşəni misal göstərmək olar. Nanotexnologiyaların köməyilə yaradılmış bu şüşə tamamilə eyni görünüşlüdür. Çirk də onun üzərinə adi şüşədə olduğu kimi hopur. Lakin onun səthində günəş şüası düşərkən çirklə reaksiyaya girən qalınlığı 15 nm olan nazik titan 4 oksid qatı şüşəni özünütəmizləmə qabiliyyətli edir.

Pensilvaniya Universitetinin alimləri katalizator kimi günəş şüalarından istifadə edərək, titan dioksiddən olan nanoboruların köməyilə karbon qazı ilə su buxarının qarışığınnı təbii qaza çevirməyə nail olmuşlar. Qlobal istiləşmə doğuran karbon qazı bu yolla atmosferdən çıxarılma imkanı əldə edir. Alimlər bu eksperimenti sənaye nümunəsi formasına sala bildikləri halda uğurla yanacaq istehsalında istifadə edilə bilməsi qənaətindədirlər.

Nanomateriallar həmçinin nüvə reaktorlarının fəaliyyət səmərəliliyini də yüksəldəcək və ətraf mühitin qorunmasına yeni texniki imkanlar gətirəcəkdir. Bu baxımdan nanotexnologiyaların ətraf mühitin vəziyyətinə nəzarət üçün istifadə edilmə imkanları da artacaqdır. Nanotexnologiyalara əsaslanan nanopreparatlar kənd təsərrüfatında da əhəmiyyətini nümayiş etdrəcəklər. Onların köməyi ilə əlverişsiz iqlim vəziyyətlərində məhsulvermə və ümumi məhsuldarlığın artması gerçəkləşəcəkdir.

Tədqiqatlar göstərir ki, yeni “tullantısız” sivilizasiyabnın formalaşmasında nanotexnologiyaların inkişaf istiqamətləri çoxfunksional olacadır. Burada böyük həcmli tullantılarla bağlı istehsallardan imtina, onların “yaşıl” adlandırılan texnologiyalarla əvəz olunması xüsusi ilə qeyd edilməlidir. Bu istiqamətə sorbentlər, membranlar və katalizatorlar daxildir ki, onlardan da ekoloji təhlükəsiz və enerjiqoruyucu texnoloji proseslərdə tullantıların təmizlənməsi, şüalanmadan mühafizə üçün istifadə olunur.

Nanotexnologiyalar daha yüngül və xırda məmulatlar buraxmağa imkan verən istehsal proseslərinin səmərələşdirilməsinə, material və enerji məsrəflərinin azaldılmasına imkanlar verəcəkdir. Bu istiqamətə həmçinin, nanohissəciklərin polimer matrisalara yeridilməsinin köməyilə ənənəvi, lakin daha az çəkili materialların möhkəmliyinə malik kompozitlərin hazırlanması, eləcə də nanotexnoloji materiallarla emal edilən səthlərdən istifadə daxildir.

Təbiət hadisələrinin və ətraf mühitin çirkləndirilməsi proseslərinin nanoindikatorlar və nanoelektron qurğularla öyrənilməsi və tənzimlənməsi də nanoekologiyanın əsas hədəflərindəndir. Tədqiqatlar bələ nəticələrə gəlməyə əsaslar verir ki, sənayenin yeni növləri artıq planeti zəhərləyən tullantılar istehsal etməyəcək, nanorobotlar isə köhnə çirklənmələrin nəticələrini yox edə biləcəklər. Nanotexnologiyalar ozon qatını bərpa edəcək, torpağı, çayları, atmosferi, okeanları çirkdən təmizləyəcək, zavodları, bəndləri, mədənləri sökəcək, radioaktiv tullantıları daimi özünübərpa konteynerlərinə bağlayacaqlar. Nanosistemlər bərpa olunmuş enerji mənbələrində enerji istehsallarının əsasını təşkil edə biləcək, bunların formalaşması ilə daha az zərərli tullantılar meydana çıxacaqlar. Buna nümunə olaraq nəqliyyat vasitələri üçün akkumulyator elektrodlarında və ya yanacaq elementlərində nanoölçülü və ya mezoölçülü materiallardan istifadəni göstərmək olar. Ağır metalların atomlarını udmaq qabiliyyəti nüvə tullantılarının emalında da mühüm rol oynayacağı gözlənilədir. Nanotexnologiya tərkibində xlor olan təhlükəli plastikləri və birləşmələri əvəz edə bilən, həm də ətraf mühitdə çirkli maddələrin səviyyəsini ölçən və nəzarət edən yüksək dərəcədə həssas bioindikatorlar yaratmağa imkan verən maddələrin yaradılmasına da real ümidlər verir.

Qeyd olunması gərəklidir ki, turşu yağışları bir çox ölkələr üçün çox ciddi ekoloji problem yaradır. Bu yağışlarla daha radikal mübarizə vasitələri neft və kömürün yandırılması ilə bağlı olmayan yeni enerji mənbələrinə keçid əsas götürülür. Bu baxımdan nanotexnologiyalar günəş və yanacaq enerjisindən istifadə edən mövcud qurğuların faydalı iş əmsalının yüksəldilməsi, həmçinin, yanacaq elementləri, batareyalar yaradılması və onların təkmilləşdirilməsi üçün geniş perspektivlərə malik olduğunu bəyan edir.

Beləliklə, ekologiya sahəsində nanotexnologiyalar bizi əhatə edən mühitin həm rifahı, həm də zərərinə istifadə oluna bilər. Öz-özlüyündə nanomateriallar insan və heyvanlar üçün zəhərlidir və onların kütləvi istehsalı dövlət tərəfindən lazımi nəzarət olmadan ekoloji fəlakətlərə səbəb ola bilər. Ona görə də, əsas nəticə ondan ibarətdir ki, nanoistehsala tam nəzarəti yalnız qlobal cəmiyyətdə həyata keçirmək mümkündür.

*     *     *

Nanotexnologiyaların iqtisadiyyatda tətbiq sahəsi hər il yeni artım templəri ilə genişlənir. Araşdırmalara görə yaxın perspektivdə iqtisadiyyatın bir çox sahələrində nanotexnologiyalar bir sıra yeni iqtisadi effektləri yaradacaqlar. Fəaliyyət səmərəliliyi nəticəsində maşınqayırma sahəsində bu xüsusi örtük və emulsiyanın köməyi ilə kəsici və emaledici alətlərin resurs imkanlarını genişləndirəcək, mühərrik və avtomobil sənayesində nanomaterialların tətbiqi ilə səthin daha hamar vəziyyətə gətirilməsi sahəsində avtonəqliyyatın istismar müddətini artıracaq və həmçinin yanacaqdan istifadəni üç dəfəyədək azaldacaqdır. Energetika sahəsində isə nanomateriallardan istifadə yanacaq və konstruksiya elementlərinin təkmilləşməsi ilə müşayiət olunmaqla alternativ enerji sektorunun inkişafına təkan verəcək, günəş batareyalarının effektivliyini bir neçə dəfə artıracaqdır. Nanotexnologiyalar yüksəkmərtəbəli binalarda inşaat prosesinin asanlaşmasına da yardımçı olacaqlar. Xüsusi nanogeyim dəstləri göydələnlərdə insanların texniki təhlükəsizliyinin tam qarantına çevriləcəkdir. Nanotexnologiyalardan istifadədə daha çox qazanan sahələrdən biri də səhiyyə olacaqdır. Burada nanotexnologiyalar yeni dərmanlar istehsalını sürətləndirəcək, dərman vasitələrinin xəstəlik mənbəyinə yetişməsinin forma və üsulunda xarüqəl çevrilişlərə gətirəcəkdir. Mikromühərriklər, mikrorobotlar, mikronasoslar, mikrooptika, yüksəkhəssaslı sensorlar istehsalı adi reallığa çevrilərək bəşəri sivilizasiyanın geniş xidmətində dayanacaqdır. Perspektivə hesablanan tədqiqatlar göstərir ki, bəşəri sivilizasiyanın inkişafına daha yüksək faydanı nanorobotların yaranışı gətirəcəkdir. Vahid və onluq nanometr ölçüsündə olan bu robotlar ayrı-ayrı atomları manipulyasiya etmək, onların yerini dəyişməklə yeni predmet və materialların istehsalına zəmin olacaqlar. Nanorobotlar həmçinin insan orqanizmində də bioloji molekulların öyrənilməsinə xidmət göstərəcək, bir çox xəstəliklərin aradan qaldırılmasına, insan uzunömürlüyünə səbəb olacaq və bununla da sosial və iqtisadi həyata paradiqmal yeni elmi-texniki dəyərlər verəcəklər. Nonokosmetika bir sıra təbii insani qüsurları tezliklə təcrid edəcəkdir. Geniş perspektivlilik özünü daha çox tibb texnikası sahəsində göstərəcəkdir. Nanotexnologiyaların yeni tərəqqisi bir çox mürəkkəb məsələlərin də həllinə yardımçı olacaqdır. Onların areal genişliyi kompüter texnologiyasında, hərbdə çox mütərəqqi olan köklü dəyişiklikləri təmin edəcəkdir.

*     *     *

Nanotexnologiyalar milli iqtisadiyyatların rəqabətqabiliyyətliliyinin artırılması, sosial və ekoloji problemlərin həlli sferasında yeni imkanlar açırlar. Bunun üçün isə ilk növbədə, elmi potensialın zənginləşdirilməsi, təhsil sisteminin qlobal çağırışlara uyğun daha da təkmilləşdirilməsi və bunlara adekvat insan kapitalının formalaşdırılması mühümdür.

Azərbaycan Respublikası nanotexnologiyaların inkişaf etdirilməsi üçün zəruri olan bu üç təməl imkanlara malikdir. Ölkənin maliyyə qüdrəti imkan verir ki, çox tezliklə respublikada nanotexnoloji elmi-industriya formalaşdırılsın. Bunun üçün isə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nanotexnologiyalarla bağlı əlahiddə dövlət proqramının hazırlanması vacib hesab olunur. Eyni zamanda respublika nanoməkanını koordinasiya edəcək müvafiq mərkəzin də yaradılması ehtiyaclıdır. Belə bir nanoməkanı isə aidiyyəti nazirliklərin və özəl sektorun maliyyə dəstəyi, Milli Elmlər Akademiyasının, sahə institutlarının və universitetlərin elmi potensialı və qeyri-hökumət təşkilatlarının birgə səyləri ilə tənzimlənməsi daha səmərəli olacaqdır.

Son bazar məhsulunda tədqiqat və işləmələrin payı nəzərəçarpacaq dərəcədə artım meyillidir. İndustrial cəmiyyətdə bu pay 15%, postindustrial cəmiyyətdə isə 60%-dən aşağı olmur. Göründüyü kimi, müasir iqtisadiyyatda məhsulun əlavə dəyərini yalnız klassik istehsal faktorları təyin etmir. Elmə yönələn maliyyələr kapitallaşaraq yeni iqtisadi dəyərə və sosial rifaha çevrilir. Bunlar isə birmənalı olaraq insan kapitalı hesabına ərsəyə yetir. Ona görə də, yaşadığımız əsrdə milli təhlükəsizliyin təminatının əsas şərtləri sırasında insan kapitalı dolğun yer alır. Azərbaycan Respublikası da insan resurslarının onun kapital dəyərinin üstün olduğu məkanlardan biri kimi özünün elmi potensialını artırmaq, müqabil nanotexnoloji məkan formalaşdırmaqla həm milli və həm də qlobal elmyönümlü ekoloji iqtisadiyyatın irəliləyişinə təkan vermiş olar.

 

Ədəbiyyat siyahısı

 

1.Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat, Bakı: Elm, 2006, 509 s.

2.Hacızadə E.M., Bağırzadə E.R. Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqi. Bakı: Elm. 2011, 128 s.

3. Singer P. Nanotechnology. - Semiconductor International, January 2007, p. 36-40.

4.Балабанов В., Балабанов И. Нанотехнологии. Правда и вымысел. M.: Эксмо, 384 c.

5.Деффейс К, Деффейс C. Удивительные наноструктуры. М.: БИНОМ. 2011, 206 с.

6.Кобаяси Н. Введение в нанотехнологию. М.: БИНОМ, 2005, 134 с.

7.Нанотехнологии. Азбука для всех / ред. Ю.Д.Третьяков. М.: Физматлит, 2010, 366 с.

8.Павлов К.В. Наноэкология как перспективное научное направление: проблемы, тенденции, перспективы. Мурманск: Кольский НЦ РАН, 2008, 338 с.

9.Шевченко В.Я. Белая книга по нанотехнологиям. M.: URSS, 2008, 344 с.

  

181.Ekoloji iqtisadiyyat və nanotexnologiyalar (F.M.Hacızadə ilə müştərək). “İnsan Hüquqları İnstitutunun tərəəfdaşları” məqalələr toplusu. АMEА-nın İnsan Hüquqları İnstitutu. Bakı: Elm və təhsil 2013. 0,8 ç.v.