gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / «BÖYÜK İQTISADI ENSIKLOPEDIYA»: ELMI-ICTIMAI HƏYATIMIZIN MÜHÜM HADISƏSI

25.02.2011

 Akademik Akif Əlizadə

i.e.d., prof. Elşən Hacızadə

 

 

«Böyük İqtisadi Ensiklopediya»:

elmi-ictimai həyatımızın mühüm hadisəsi

 

Müasir Azərbaycan iqtisadi fikrinin nüfuzlu nümayəndəsi, görkəmli ictimai-siyasi xadim akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu hazırlanmış beş cildlik Böyük İqtisadi Ensiklopediyanın bu yaxınlarda işıq üzü görməsi cəmiyyətdə geniş rezonans doğurmuşdur. Bu fundamental iqtisadi külliyyatın, universal nəşrin xalqımızın yüksək sosial-iqtisadi, mədəni, intellektual səviyyəsini əks etdirən, ümumbəşəri və milli dəyərlər sisteminə əsaslanan ən mötəbər və unikal elmi informasiya mənbələrindən biri kimi dərhal diqqət mərkəzinə düşməsi təbiidir. Dünyanın inkişaf etmiş ölkələrindəki ensiklopediyaçılıq ənənələri əsasında və milli zəmində hazırlanmış Böyük İqtisadi Ensiklopediyanın uğuru dövlət müstəqilliyinin bərpasından ötən iyirmi bir il ərzində Azərbaycanın qazandığı möhtəşəm sosial-iqtisadi nailiyyətlərlə, bu nailyyətlərin memarı olan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm Prezident cənab İlham Əliyevin dövrün qlobal çağırışlarına uyğun şəkildə qətiyyətlə davam etdirdiyi milli inkişaf strategiyası, çevik və praqmatik iqtisadi siyasət xətti ilə üzvi surətdə bağlıdır.

Ölkəmizin bu ilk sahəvi universal elmi-ensiiklopedik nəşrinin məziyyətlərinə nəzər salmazdan əvvəl qısa tarixi ekskursun əhəmiyyətli olacağı qənaətindəyik.

Məlum olduğu kimi, müasir peşəkar iqtisadi dil - dünya iqtisad elminin çoxəsrlik inkişafının məhsuludur. Dünya mədəniyyət və elm tarixinin bir çox təzahürləri kimi bu inkişafa da Qədim Yunan, ilk növbədə, Qədim Romanın antik xalqlarının elm və mədəniyyəti hədsiz dərəcədə böyük təsir göstərmişdir. Bu tarixi təsir dünyanın, demək olar ki, bütün inkişaf etmiş dillərindəki lüğətlərdə öz əksini tapmışdır. Uzaq və yaxın dövrlərin iqtisad elmi də bu baxımdan istisna deyildir. İqtisadi lüğətlərə bərabər tutula biləcək ilk elmi-analitik nəşrləri XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Böyük Britaniyada, Almaniyada, Fransada və Avropanın digər dövlətlərində meydana gəlmişdir. Özü də ilk vaxtlarda bunlar monoqrafiyaların sonunda verilən lüğətlər olmuşdur. XVIII əsrdən isə ensiklopediya və lüğətlərin müstəqil nəşrlər formasında hazırlanmasına başlanılmışdır. Berlində 1773-1858-ci illərdə buraxılan, banisi və 72 cildinin redaktoru alman iqtisadçısı İ.Q.Krünits olan irihəcmli (272 cildlik) “İqtisadi ensiklopediya” indi də diqqətəlayiq bir nəşr kimi xatırlanır. İqtisadiyyat üzrə bir sıra əsarlərin müəllifi olan ingilis C.P.Mak-Kullohun “Ticarət və ticarət naviqasiyasının praktik, nəzəri və tarixi lüğəti” 1890-cı ilədək Böyük Britaniyada və ABŞ-da 30 dəfə nəşr edilmişdir. XVIII əsrdə Rusiyada məşhur alim M.V.Lomonosov əmtəəşünaslıq terminologiyasının sözlüyünü tərtib etməyə cəhd göstərmişdir. 1972-1980-ci illərdə isə keçmiş SSRİ-də ümuniqtisadi məzmunlu “İqtisadi ensiklopediya. Siyasi iqtisad” adlanan ilk ensiklopedik nəşr buraxılmışdır.

“Böyük İqtisadi Ensiklopediya”ya yazdığı ön sözdə akademik Z.Səmədzadənin qeyd etdiyi kimi, Azərbaycanda iqtisadi lüğətlərin tərtib edilməsinə hələ XX əsrin əvvəllərində cəhd göstərilmiş, 1907-ci ildə Bakıda Orucov qardaşlarının mətbəəsində Ü.Hacıbəyovun “Türki-rusi və rusi-türki lüqəti” çap edilmişdir. Lüğətdə bir çox iqtisadi anlayışların rus dilindən Azərbaycan türkcəsinə tərcüməsi ilə yanaşı, həm də qısa təfsiri verilmişdir. Sovet hakimiyyəti illərində dünya iqtisad elminin nüfuzlu nümayəndələrinin əsərlərinin azərbaycancaya tərcüməsi isə dilimizn iqtisadi terminlər bazasını xeyli gücləndirmişdir.

Həmin illərdə respublikamızda sanballı universal ensiklopedik nəşrin hazırlanmasına bir sıra cəhdlər göstərilsə də, yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra bu sahədə məqsədyönlü, ardıcıl iş aparılmış, 1976-1987-ci illərdə on cildlik Azərbaycan Sovet Ensiklopediyası çapdan çıxmışdır. Elmi və mədəni həyatda tarixi hadisə kimi dəyərləndirilən və elmi-informativ zənginliyi, məzmun mükəmməlliyi ilə seçilən bu nəşr respublikamızda ensiklopediya mədəniyyətinin ilk möhtəşəm nümunəsi kimi indi də öz əhəmiyyətini saxlayır.

Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda yeni dövrün, zamanın tələblərinə cavab verən, təkcə ümumi ensiklopedik terminləri deyil, həm də tarixi keçmişimizi və müasir dövlətçiliyimizin uğurlarını əks etdirən milli ensiklopediya yaratmaq zərurəti meydana çıxmışdır. Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanmasını, onun nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında”, həmçinin, “Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalamışdır. Azərbaycançılıq ideologiyası yeni milli ensiklopediyanın təməl prinsipi kimi müəyyənləşdirilmiş, dövlətimizin və xalqımızın həyatındakı mühüm tarixi, ictimai-siyasi, elmi və mədəni hadisələrin burada obyektiv şəkildə əks etdirməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.

Cənab İlham Əliyevin baş redaktorluğu ilə nəşr olunan Azərbaycan Milli Ensiklopediyasının ilk cildləri artıq oxucuların istifadəsinə verilmiş, mütəxəssislər və bütövlükdə cəmiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

Milli ensiklopediya yaradıcılığında dövlətimizin və onun başçısının təşəbbüsü ilə başlanmış güclü yüksəliş sahəvi ensiklopedik nəşrlərin də hazırlanması üçün böyük stimul olmuşdur. İctimai elmlər arasında özünəməxsusluğu ilə seçilən və daim inkişafda olan iqtisad elminin cəmiyyətdə rolunun artdığı bir şəraitdə müasir dünyada inkişaf etmiş ölkələrin iqtisadiyyatının mahiyyət və xarakterini, inkişaf meyillərini və qanunauyğunluqlaını müəyyənləşdirən əsas ideyaların, konsepsiyaların, modellərin, anlayışların, kateqoriyaların öyrənilməsini və istifadəsini asanlaşdırmaq istəyi ilə akademik Ziyad Səmədzadə Böyük İqtisadi Ensiklopediyanın yaradılması kimi gərgin yaradıcı əmək və geniş təşkilatçılıq səyləri tələb edən çətin, mürəkkəb, ancaq çox şərəfli bir işə başlamış, onu uğurla başa çatdırmışdır.

Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin hələ 2004-cü il arelin 8-də keçirilmiş ilk iclasında çıxış edərkən akademik Ziyad Səmədzadə Azərbaycan Milli Ensiklopediyasında iqtisadi məsələlərlə bağlı öz əksini və həllini tapacaq tarixilik və müasirlik prinsipləri ilə yanaşı, bu gün əlimizdə olan Böyük İqtisadi Ensiklopediyanın da konseptual çizgilərini göstərmişdir. Görkəmli alim həmin çıxışında demişdir: “Milli ensiklopediyanın ana xəttini azərbaycançılıq, vətən sevgisi, Azərbaycanı daha da inkişaf etdirmək ideyası təşkil edir. Hər bir azərbaycanlı ölkəsinin sosial-iqtisadi, elmi-mədəni inkişafı ilə bağlı materialları oxuyarkən özündə qürur hissi duymalı, eyni zamanda, gələcəyə böyük inamla baxmalıdır”. Tam əminlklə deyə bilərik ki, Böyük İqtisadi Ensiklopediyada da məhz bu ideyalar əsl vətəndaşlıq duyğusu, vətənpərvərlik hissi ilə gerçəkləşdirilmişdir.

Keçid dövrünün başa çatması, milli iqtisadiyyatın modern əsaslarla davamlı inkişafının sürətlənməsi, respublikanın dünya birliyi ölkələri sırasında rolunun və yerinin daha da möhkəmlənməsi kimi reallıqları əks etdirən beş cildlik ensiklopediyadakı 10 minə yaxın termin, anlayış və məqalə çoxsaylı nəzəri, faktoroloji materiallara əsaslanır, cəmiyyətdə maraq doğuran sualları cavablandırmaqla oxucuya çoxsaylı iqtisadi hadisələr, kateqoriyalar, modellərlə bağlı zəruri bilgilər verir. Burada makroiqtisadi tarazlıq, marketinq, investisiya, menecment, maliyyə, audit, mühasibatlıq, pulkredit, qiymətli kağızlar bazarı, rəqabət, inhisar, innovasiyalar, nanoiqtisadiyyat və digər bu kimi çoxsaylı anlayışların mahiyyəti yeni elmi interpretasiyada açıqlanır, iqtisadiyyatın bütün səviyyələri üzrə, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, elmi iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında mühüm məlumatlar öz əksini tapır. Ensiklopediyanın hazırlanmasında dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyat lüğətlərindən, statistik külliyyatlardan, beynəlxalq iqtisadi, maliyyə-bank, əmək təşkilatlarının internet resurslarından çox səmərəli istifadə olunmuşdur.

Ensiklopedik nəşrlərin dəyəri ondadır ki, onlar iqtisad elminin və onun alətlərinin əsas, nisbətən sabit və dayanıqlı kateqoriya və anlayışlarını özündə cəmləşdirirlər. Bu mənada, Böyük İqtisadi Ensiklopediyanın mühüm fərqləndirici cəhətlərini qeyd edərkən ölkəmizin müasir sosial-siyasi və iqtisadi-hüquqi sisteminin müxtəlif aspektlərinə geniş diqqət yetirildiyini vurğlamaq vacibdir. Belə ki, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artmasına, dunya iqtisadiyyatına inteqrasiyasına xidmət edən milli inkişaf strategiyası, azad bazar münasibətlərinin bərqərar olmasının, yeni iqtisadi sistemin formalaşmasının elmi-metodoloji əsasları və mahiyyəti burada konkret fakt və dəlillərlə işıqlandırılmışdır.

Müasir Azərbaycanın ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə davamı olaraq gerçəkləşən iqtisadi inkişaf modelinin özünəməxsus xüsusiyyətləri barədə Böyük İqtisadi Ensiklopediyada öz əksini tapan geniş məlumat və bilgilər hər bir oxucuda belə bir qənaət möhkəmləndirir ki, müstəqil dövlətimizin məqsəd və vəzifələri dəqiq müəyyənləşdirilmişdir, bu modelə əsaslanan uğurlu inkişaf xalqın keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcəkdir. Müstəqil dövlətimizin son 20 ildəki sosial-iqtisadi inkişafı burada müasir iqtisadi təhlil instrumentarilərindən səmərəli istifadə edilməklə geniş şərh edilmişdir. Belə bir elmi qənaət prioritet olaraq götürülmüşdür ki, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, yaxın on ildə ÜDM-in iki dəfə artırılması nəticəsində Azərbaycanın sürətli sosial-iqtisadi inkişafın inkişafın yeni mərhələsinə qədəm qoyacaqdır.

Fikrimizcə, ensiklopediyanın ana xəttini təşkil edən bu elmi-təhlili potensialdan, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq, «Azərbaycan - 2020» Gələcəyə Baxış İnkişaf Konsepsiyasının hazırlanması istiqamətində mühüm baza kimi istifadə edilə bilər.

Dünya praktikasından məlum olduğu kimi, iqtisadi ensiklopediya - iqtisad elmləri və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə instrumentarilərin və digər məlumatların sistemləşdirilmiş küliyyatıdır. Bu baxımdan Böyük İqtisadi Ensiklopediyada Azərbaycan iqtisadiyyatının bütün digər sahələri yanaşı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli neft strategiyası əsasında innovasiyalarla zəngin olan neft sektorunun tarixi inkişaf yolları, mövcüd vəziyyəti və perspektivləri fundamental elmi tədqiqatlar işığında geniş şəkildə təqdim olunmuşdur. Neft hasilatının minillikləri əhatə edən şanlı tarixinin ən maraqlı məqamlarından tutmuş ölkəmiz üzrə neft-qaz ixracatının son iyirmi ildən artıq müddətdəki dinamikası, dünya ölkələrində neftin bir illik istehlakı, dünyanın neft ehtiyatları barədə statistik göstəricilərədək bütün məlumatlar oxucuların diqqətini cəlb edir.

Yeri gəlmişkən, müasir iqtisadi həyatda getdikcə fəal işlədilən nanoiqtisadiyyat və nanotexnologiya terminlərinin geniş izahında da bəşəriyyətin gələcəyini müəyyənləşdirəcək bu mühüm elmi anlayışların praktik intrepretasiyası Azərbaycanın neft-qaz sektoru ilə əlaqəli şəkildə, çox maraqlı rakurslardan verilmişdir. Ensiklopediyada da vurğulandığı kimi, dünyanın 50-dən çox ölkəsi nanotexnologiyaların inkişafı, nanoiqtisadiyyat quruculuğu istiqamətində artıq müvafiq dövlət proqramları işləyib hazırlamışlar. Bu proqramlar nanotexnologiyalar sahəsində sektorial innovasiya sistemlərinin balanslaşdırılmış və adaptasiya olunmuş milli strategiyasının formalaşmasına yönələn fəaliyyət olmaqla, üstün nanotədqiqatların dəstəklənməsi, iqtisadiyyatın real sektorunda elmi-tədqiqat və sınaq konstruktor işlərinin kommersiyalaşmasının sürətləndirilməsinin məqsədini ifadə edir.

Əminliklə deyə bilərik ki, dünya iqtisad elminin nailiyyətləri indiyədək ölkəmizdə heç bir nəşrdə Böyük İqtisadi Ensiklopediyada olduğu qədər geniş işıqlandırılmamışdır. Xüsusən, daim öncül mövqedə dayanan və bütövlükdə bəşər sivilizasiyanın inkişafına mühüm təsir göstərən, sovet dövründə öyrənilməsinə və təbliğinə ciddi məhdudiyyətlər qoyulan Şərq iqtisadi fikir tarixi bu Azərbaycanın sanballı elmi-ensiklopedik nəşrində geniş işıqlandırılmışdır. Şərqin iqtisadi təlimlər tarixi, iqtisadi məktəbləri, həmçinin, Şərq ölkələrinin özünün iqtisadi tarixi ilə bağlı burada yer almış məqalələr, İslam iqtisadiyyatının görkəmli nümayəndələri və mütəfəkkirləri barədə geniş biblioqrafik materiallar böyük maraqla oxunur.

Ölkəmizin intişar tapan biznes hüququnun müxtəlif aspektlərinin şeniş işıqlandırılması ensklopediyanın mühüm məzyyətlərindəndir.

Azərbaycanın aparıcı dövlət təsisartları, həmçinin, xarici dövlət qurumları və beynəlxalq təşkilatlar haqqında ətraflı məlumatların verilməsi - ensilopediyadakı yeniliklərdəndir.

Azərbaycan iqtisad elminin görkəmli nümayəndələri, alim və mütəfəkkirləri ilə yanaşı, respublikamızın sosial-iqtisadi inkişafına layiqli töhfələr vermiş iqtisadçılar, sahibkarlar, maliyyəçilər haqqında məqalələrin verilməsi diqqətəlayiqdir. Belə məqalələr təkcə bioqrafik xarakter daşımır, həm də məzmun etibarı ilə cəmiyyətdə azad iqtisadi fəaliyyətin stimullaşdırılmasına müsbət təsir göstərir. Ensiklopediyada haqqında söz açılan iqtisadçı alimlərin əksəriyyəti isə nəşrin rəhbəri, respublikamızda müasir iqtisad elmi məktəbinin yaradıcılarından biri kimi akademik Ziyad Səmədzadənin şəxsən tanıdığı, elmi yaradıcılığına və vətəndaş keyfiyyətlərinə dərindən bələd olduğu nüfuzlu insanlardır. Fikrimizcə, həmin şəxsiyyətlər barədə məqalələrin informasiya dolğunluğunun təmin edilməsində bu amilin mühüm əhəmiyyəti vardır.

Bir sıra parametrlərinə görə unikal səciyyə daşıyan Böyük İqtisadi Ensiklopediya elmi-analitik çoxaspektliliyi, metodikliyi, leksik formatı, biblioqrafik və statistik informasiyalılığı, nəfis poliqrafik keyfiyyəti ilə  də diqqəti cəlb edir. Burada bir sıra beynəlxalq terminlərin Azərbaycan dilində qarşılığı verilmiş, iqtisadi anlayış və terminlərin izahında dilimizin zəngin leksik və sintaktik potensialından düzgün və dəqiqi istifadə edilmişdir.

Onu da qeyd edək ki, yaradıcı heyətin gərgin və səriştəli əməyi sayəsində hər bir istilah və anlayışın mümkün qədər ixtisaslı səviyyədə təqdimatı təmin olunmuşdur. Bir neçə sətirlik termindən tutmuş iri həcmli məqalələrədək hər bir yazıda elmi-publisistik üslubun tələblərinə dürüst əməl edilməsi onların oxunmasını və qavranılçasını asanlaşdırır, oxucunu iqtisadi həyatın bütün sferalarında istifadə etmək üçün zəruri informasiya ilə təchiz edir. Yeni iqtisadi təfəkkürə köklənmiş bu irihəcmli nəşrdə müasir iqtisadi biliklərlə bağlı istənilən suala təcili cavab tapmaq mümkündür. Ensiklopediyada 1200-dən çox cədvəl, sxem, qrafik, 1800-dən çox şəkil vizual informasiya mənbəyi olaraq, mətnlərin məzmununu tamamlayır və onların daha yaxşı mənimsənilməsinə xidmət edir.

Böyük İqtisadi Ensiklopediya Azərbaycanda ensiklopediya mədəniyyətinin dəyərli nümunəsi olmaqla MDB məkanında milli dildə buraxılmış bu tipli ilk irihəcmli nəşrdir. Heç şübhəsiz, respublikamızda digər sahəvi ensiklopediyaların hazırlanmasında bu nüfuzlu nəşrin prioritetləri və metodikası faydalı mənbə kimi istifadə ediləcəkdir.

Görkəmli alim, istedadlı şəxsiyyət, vətənparvər ziyalı və dövlət adamı, akademik Ziyad Səmədzadənin rəhbərlik edtiyi kollektiv qarşıya qoyulmuş məsul və şərəfli vəzifəni - müasir sivilizasiyanın iqtisadi sahədə əldə etdiyi bilik və məlumatları, ölkəmizin və xalqımızın tarixində baş vermiş mühüm iqtisadi-ictimai hadisələri elmi şəkildə əks etdirən, yeni dövrün tələblərinə cavab verən, universal xarakterli, sistemli ensiklopedik baza yaratmaq vəzifəsini uğurla yerinə yetirmişdir. Böyük İqtisadi Ensiklopediya geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş universal nəşr kimi ona müraciət edənlərə uzun illər layiqincə xidmət edəcəkdir.

Bir daha inamla deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin ilk iqtisadiyyat ensiklopediyasının hazırlanması və nəşri ümummilli lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur kəlamının daha bir əyani təcəssümüdür. Belə bir elm və sənət əsərini ərsəyə gətirmiş kollektivə, onun ideya rəhbəri rəhbəri və baş redaktoru akademik Z.Səmədzadəyə təşəkkürümüzü bildirir və yeni-yeni yaradıcılıq uğurları diləyirik!

 

Xülasə

 

Azərbaycanın sahəvi ensiklopedik nəşrləri ailəsində çox böyük əhəmiyyət kəsb edən və uğurlu bir addım atılımışdır – Azərbaycan dövlətinin ilk iqtisadi ensiklopediyası işıq üzü görmüşdür. Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə hazırlanan və çap edilən beş cildlik “Böyük İqtisadi Ensiklopediya”keçid dövrünün başa çatması, milli iqtisadiyyatın modern əsaslarla davamlı inkişafının sürətlənməsi, respublikanın dünya birliyi ölkələri sırasında rolunun və yerinin daha da möhkəmlənməsi kimi reallıqları əks etdirir. Nəşrdə 10 000-ə yaxın termin, anlayış və məqalə çoxsaylı nəzəri, faktoloji materiallarla əsaslandırılmış, oxuculara müxtəlif iqtisadi hadisələr, kateqoriyalar və modellər barədə zəruri informasiyalar verilmişdir. Ensiklopediyanın hazırlanmasında dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyat lüğətlərindən,statistik külliyyatlarından, beynəlxalq iqtisadi, maliyyə-bank, əmək təşkilatlarının internet resurslarından çox səmərəli istifadə olunmuşdur. 5 cildlikdə ölkəmizin müasir sosial-iqtisadi və iqtisadi-hüquqi sisteminin müxtəlif aspektlərinə geniş diqqət yetirilmişdir. Burada həmçinin, Azərbaycan iqtisad elminin görkəmli nümayəndələri, alim və mütəfəkkirləri, ölkəmizin sosial-iqtisadi həyatına böyük töhfələr vermiş iqtisadçılar, sahibkarlar, maliyyəçilər haqqında məqalələr yer almışdır. Əsas xüsusiyyətlərinə görə unikal səciyyə daşıyan “Böyük İqtisadi Ensiklopediya” elmi-analitik çoxaspektliliyi, metodikliyi, leksik formatı, biblioqrafik və statisik informasiyalılığı, nəfis poliqrafik keyfiyyəti ilə fərqlənir. Azərbaycan ensiklopediya mədəniyyətinin dəyərli bir nümunəsi olan bu nəşr MDB məkanında milli dildə buraxılmış ilk irihəcmli ensiklopediyadır.

 

 

Hajizadeh Elshan Mahmud oglu

 

Abstract

 

"Great economic encyclopedia":

an important event in the scientific and social life

 

Significant step has been made in the family of specialized encyclopedias - the first economic encyclopedia ofAzerbaijanhas been published. Five-volume edition of "Great Economic Encyclopedia", the author and editor in chief of which is the Milli Mejlis deputy, academician Ziyad Samedzade, reflects such factors as the end of the transitional period, accelerated development of the national economy on the basis of the modernist positions, further strengthened role and place of our country among the countries of the world community. More than 10 000 terms, concepts, and articles are reflected in numerous theoretical, factual materials in the publication, the reader will find the necessary information about a variety of economic events, categories and models. In the preparation of the edition economic dictionaries, statistics of the developed world, resources of the international economic, banking, financial and labor organizations were productively used. Much attention is paid to various aspects of the contemporary socio-economic and economic-legal systems. Distinguished representatives ofAzerbaijan's economic science, scientists and thinkers who have made a significant contribution to the socio-economic life of the country, economists, entrepreneurs and financiers are also mentioned here. The "Great Economic Encyclopedia" is unique for its diverse scientific and analytical aspects, methodicalness, vocabulary, bibliographical and statistical awareness and elegant printing quality. This publication as a valuable representative of the Azerbaijani encyclopedic culture is also the first major edition of its kind in the national language in the CIS.

 

 

Гаджизаде Эльшан Махмуд оглы

 

"Большая экономическая энциклопедия":

важное событие в научно-общественной жизни.

 

Резюме

 

В семье отраслевых энциклопедических изданий сделан значительный шаг - издана первая экономическая энциклопедия Азербайджана. Пятитомник "Большая экономическая энциклопедия", автором идеи и главным редактором которого является депутат Милли Меджлиса, академик Зияд Самедзаде, отражает такие факты, как окончание переходного периода, ускоренное развитие национальной экономики на основанным модернистских позиций, еще большее усиление роли и места нашей республики в ряде стран мирового содружества. В издании более 10 000 терминов, понятий и статей нашли отражение в многочисленных теоретических, фактологических материалах, читателю дана необходимая информация о разнообразных экономических событиях, категориях и моделях. При подготовке издания были плодотворно использованы экономические словари, статистические данные развитых стран мира, ресурсы международных экономических, банковско-финансовых, а также трудовых организаций. Уделено широкое внимание различным аспектам современных социально-экономической и экономически-правовой систем. Здесь также нашли свое место выдающиеся представители экономической науки Азербайджана, ученые и мыслители, внесшие большой вклад в социально-экономическую жизнь страны экономисты, предприниматели и финансисты. Обладающая уникальностью "Большая экономическая энциклопедия" отличается научно-аналитической разно аспектностью, методичностью, форматом лексики, библиографической и статистической информированностью, изящным полиграфическим качеством. Это издание, являющееся ценным представителем азербайджанской энциклопедической культуры, является также первым крупным изданием такого рода на национальном языке в пространстве СНГ.

 

 

173.«Böyük İqtisadi Ensiklopediya»: elmi-ictimai həyatımızın mühüm hadisəsi (A.A.Əlizadə ilə müştərək). DİRÇƏLİŞ-XXI ƏSR. АMEА-nın Azərbaycan Dövlət Quruсuluğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi nəşri. Bakı: № 171-172. 2012, 0,8 ç.v.