gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / AZƏRBAYCANIN NEFT-QAZÇIXARMA SƏNAYESİNDƏ QİYMƏT PROBLEMLƏRİ

28.03.2012

 E.M.Hacızadə, dissertant

Dünya iqtisadiyyatında neft amilinin rolu getdikcə artmağa meyl edir. Ona görə də, xam neftin qiyməti müasir mərhələdə diqqəti cəlb edən problemlərdən biri olaraq qalır. Təsadüfi deyildir ki, neft hasilatında aparıcı rola malik olan şərq ölkələri özləri arasında bir qurum yaradaraq neftin əsas istehlakçılarının təzyiqlərinə baxmayaraq, bu strateji məhsulun istehsalı və qiyməti məsələsində vahid bir mövqedən çıxış edirlər. Qeyd edək ki, bu kimi məsələlər son dövrlərə qədər respublika iqtisadiyyatı üçün o qədər də prinsipial əhəmiyyət kəsb etmirdi, çünki keçmiş SSRİ-də neft və digər mineral sərvətlərin ixracı mərkəzi dövlətin əlində cəmləşmişdi.

Keçmiş sərt mərkəzləşdirilmiş planlaşma şəraitində qiymətin əmələ gəlməsi məsələsi ayrı-ayrı mərhələlərdə iqtisadi siyasətin mühm istiqaməti sayılsa da, onun həlli iqtisadi sistemdəki çatışmamazlıqlar, iqtisadi münasibətlərin xarakterindən asılı olaraq məhdudlaşırdı. Planlı təsərrüfat sistemi şəraitində bu cür hallar, adi bir xarakter alırdı, yəni bütün imkanlarına görə rentabelli olan bu və ya digər sahə mərkəzləşdirilmiş planlaşma və maliyyələşmənin tələblərini ödəmək məqsədinə görə zərərli bir sahəyə çevrilirdi. Belə sahələrdən biri də neft-qazçıxarma sənayesi idi. Ölkənin valyuta gətirən ən mühüm sahələrindən biri olan neft-qazçıxarma sənayesində qiymət sistemi elə qurulmuşdu ki, guya bu sahə öz xərclərini ödəmək imkanlarına malik deyildir və sahə dotasiya ilə işləyirdi. Ona görə də respublikamız öz müstəqilliyini əldə etdikdən sonra neft-qazçıxarma sənayesində qiymət, istehsal xərcləri məsələləri kəskin bir problem kimi ortaya çıxdı. Problemin ciddiliyi bir də ondan irəli gəlirdi ki, keçmiş İttifaqda sahənin maliyyələşdirilməsi məsələsi artıq qeyri-mümkün idi, respublika öz imkanları hesabına sahənin inkişafına maliyyə vəsaitləri tapmalı idi. Neft-qazçıxarma müəssisələrinin maliyyə vəziyyətini təhlil edərkən belə bir obyektiv nəticə çıxarılırdı: mövcud iqtisadi və maddi həvəsləndirmə sistemi hasilatı sabit saxlamağa, quyu fondundan səmərəli istifadə etməyə xidmət etmir. Belə ki, neftin hasilatında çəkilən xərclər ilə neftin satış qiymətinin arasında bir uçurum yaranmışdır.

Qiymət, mənfəət məsələlərini iqtisadi islahatlarla əlaqələndirərkən keçmiş SSRİ-də bu qiymətin əmələ gəlməsi xüsusiyyətlərinə də nəzər salmaq lazımdır.

1 iyul 1967-ci ilə kimi SSRİ-də 113 neft-qazçıxarma idarələri üçün 98 cür qiymət müəyyən edilmişdi. Bu qədər çox qiymətin mövcudluğu ondan irəli gəlirdi ki, idarələr üzrə yataqların göstəricilərindən asılı olaraq istehsal xərcləri ciddi fərqlənirdi, bu isə vahid qiymətdən istifadə etməyə imkan vermirdi. Belə bir təcrübə özlüyündə neft-qazçıxarma zavodlarının fəaliyyətinin planlaşdırılmasını, zona qiymətlərinin tətbiq edilməsini çətinləşdirirdi. Geoloji kəşfiyyat işləri üzrə xərclər istehsal xərclərinə aid edilmirdi, onlar büdcədən maliyyələşdirilirdi. Lakin buna baxmayaraq, 1 iyul 1967-ci ildə geoloji kəşfiyyat işlərinə çəkilmiş xərclər neft və qaz üçün müəyyən edilmiş qiymətlərdə və istehsal xərclərində öz əksini tapdı. İstehsal fondları üzrə haqqın onların ilk dəyərinə görə deyil, qalıq dəyərinə görə hesablanması da müəssisələrin vəziyyətinin müəyyən dərəcədə yaxşılaşmasına şərait yaratdı. Bütövlükdə SSRİ üzrə neftin qiyməti 8 zona üzrə müəyyən edildi; 1 ton xam neftin qiyməti 8 və 23 manat arasında müəyyənləşdirildi. Azərbaycan üzrə 1 tonun qiyməti 15,5 manat müəyyən olunmuşdu. Lakin birliyin daxilində «Xəzərdənizneft» üzrə neftin qiyməti-11 manat, «Azneft» birliyi üzrə-24,95 man qəbul edilmişdi.

1961-ci ildə bir ton neftin qiyməti 7,02 manat, 1965-ci ildə 7,54 manat, 1967-ci ildə, yəni qiymət islahatı ilində 9,02 manat olmuşdur.

Onu göstərmək kifayətdir ki, 1996-ci ildə respublikamızda xalq təsərrüfatı üzrə əsas istehsalat fondlarının kapital qoyuluşunun 50 faizindən çoxunu özündə cəmləşdirən neft-qazçıxarma sənayesi üzrə mənfəət cəmi 2,5 milyon manat təşkil etmişdi ki, bu da bütövlükdə respublika sənayesi üzrə olan mənfəətin (217,5 milyon manat) bir faizdən də az hissəsini təşkil edirdi. Sonrakı illərdə qiymət islahatı ilə əlaqədar olaraq bu rəqəm artmağa meyil etsə də, o qədər yüksək deyildi. 1926-ci ildə SSRİ miqyasında yenidənqurma tədbirləri çərçivəsində müəssisələrin özünü maliyyələşdirmə prinsipinə keçməsinə kömək edən bir sıra tədbirlər həyata keçirildi, neftçıxarma müəssisələrində təsərrüfat hesabı prinsiplərinin tətbiqi, maddi həvəsləndirməni yaxşılaşdırmağa kömək edən normativ aktlar, qərarlar qəbul edildi. Lakin neftçıxarma sənayesi SSRİ dövlətinin valyuta gətirən ən birinci sahəsi olduğuna görə respublikada «Azərneft» İstehsalat Birliyinin sərbəstliyi o qədər də keçmiş deyildi. Qiymət, istehsal xərcləri mərkəz tərəfindən müəyyən edilirdi.

Bu gün Azərbaycan müstəqil dövlət kimi sərbəst iqtisadi siyasət yeridir ki, onun da tərkib hissələrindən biri neftin qiymətinin müəyyən edilməsidir.

Neft-qazçıxarma sənayesində iqtisadi islahatlar adı altında tədbirlər 1991-1992-ci illərdə geniş vüsət aldı və bu islahatlar bütünlükdə qiymətlərdə köklü dəyişiliklər etməklə başladı. 1 yanvar 1992-ci ildən qiymətlərin liberallaşdırılmasının həyata keçirilməsi iqtisadiyyatın dəyər proporsiyalarında demək olar ki, inqilabi dəyişikliklər etdi. Təkcə bir ildən də az müddətdə sahələr üzrə qiymətlərin 10-15 dəfə artması müşahidə olundu. Məsələn, 1992-ci ilin 9 ayı ərzində sənaye üzrə qiymət indeksi 14,1 dəfə, o cümlədən energetikada 27,9 dəfə, qara metallurgiyada 37,1 dəfə, neft kimyasında 31,5 dəfə artdı. İstehsal texniki təyinatlı məhsullar üzrə qiymətlərin artımı xalq istehlakı malları üzrə qiymət artımından 2 dəfə çox idi. Belə bir iqtisadi proses iqtisadi islahatların o biri vacib elementləri üzrə əlaqələndirilmədiyindən bir çox istehsal sahələrini iflic vəziyyətinə saldı, istehsal xərclərinin strukturuna elə ciddi təsir etdi ki, illər boyu formalaşmış strukturu ilə onun müqayisəsi demək olar ki, elmi və əməli əhəmiyyətini itirdi.

Neft-qazçıxarma sənayesində, yuxarıda qeyd etdiyimiz kimi, xam neftin qiymətinin qaldırılması ən kəskin problem kimi qarşıda durdu. Həmin müddət ərzində neftin topdansatış qiyməti 17,6 dəfə artaraq 2200 manata çatdırılırdı. Əlbəttə, ilk vaxtlarda bu sahələrdə qiymət islahatını aparmaq o qədər də sadə məsələ deyildi. Neft və qaz istehsalı respublika iqtisadiyyatının digər sahələri ilə sıx əlaqədardır. Belə bir şəraitdə qiymətlərin sürətli artımı məhsulun keyfiyyətinin o qədər fdə yüksək olması ilə fərqlənməyən sənaye sahələrinin vəziyyətini xeyli pisləşdirə bilərdi. Lakin başqa alternativ variant yox idi. Buna görə də, «Azərneft» və «Xəzərneft» İstehsalat Birlikləri üzrə neftin qiymətinin bir daha qaldırılması və bu məsələnin respublika hökuməti səviyyəsində həll edilməsi məsələsi obyektiv zərurətə çevrildi. Çünki, «Azərneft» İB uzun illər rentabelli işləməmiş, daha dəqiq desək, keçmiş Sovetlər İttifaqının Neft Sənayesi Nazirliyi «Azneft» İB-də neft-qazçıxarmanı səmərəsiz hesab etmiş, hasilata çəkilən xərcləri az planlaşdırmış, onu süni surətdə zərərlə işləyən təşkilata çevirmişdi. Yalnız 1992-ci ildə bu praktikaya son qoyuldu. 1992-ci ildə neft və enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə əlaqədar ilk mühüm qərar qəbul edildi. Qərarın zəruriliyi bir daha onunla müəyyən olundu ki, 1992-ci ilin əvvəlindən bütünlükdə keçmiş SSRİ-də qiymətlərin liberallaşdırılması, qeyd etdiyimiz kimi neft-qazçıxarma sənayesinə də ciddi təsir etmişdir.

Baxmayaraq ki, ilk dövrlərdə neftin 1 tonunun qiyməti 14 dəfədən çox qalxaraq 1716 manata çatmışdı, lakin yenə də bu qiymət sahəni idarə etmək üçün kifayət deyildi. Neft sənayesində istifadə edilən avadanlıqların, materialların və kimyəvi reagentlərin, elektrik enerjisinin qiymətləri dəfələrlə artdığından neft-qazçıxarma müəssisələrində ağır maliyyə vəziyyəti yaranmışdı. Hesablamalar göstərir ki, o dövrdə neft hasilatını nəinki sabitləşdirmək, onun azalmasının qarşısını almaq üçün külli miqdarda vəsait, o cümlədən valyuta lazım idi. Daxili mənbələr hesabına vəsaitin olmaması, həmçinin qonşu dövlətlərdə neftin qiymətinin yüksək olması qiymətlərin artırılmasını zəruri edirdi. Nazirlər Kabinetinin 1992-ci ilin sentyabrında qəbul etdiyi qərarına əsasən neftin orta topdansatış qiyməti 1 ton üçün 6056 manat olmuşdur. Bu qiymət neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş sabitləşdirmə fondunun formalaşmasına, əmək haqqının artırılmasına, sosial problemlərin həllinə xeyli imkan yaratdı.

Bununla belə, enerji daşıyıcılarının, hasilat üçün tələb olunan maşın və avadanlıqların qiyməti o qədər sürətlə artırdı ki, onlara olan tələbatı ödəmək üçün maliyyə vəsaitləri çatışmırdı.

1993-1994-cü illərdə inflyasiyanın yüksək, istehsalın aşağı düşdüyü bir şəraitdə «Azərneft» İstehsalat Birliyinə daxil olan bütün sahələr ili zərərlə başa vurmuşdular.

1995-1996-cı illərdə neftin qiymətinin qalxması ilə əlaqədar olaraq «Azərneft» İstehsalat Birliyinin maliyyə vəziyyəti xeyli yaxşılaşdı.

Hazırda İstehsalat Birliyi üzrə 1 ton neftin satış qiyməti Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasındakı razılaşmaya əsasən 1996-cı ilin dekabr ayının 15-dən 290 min manatdır. Bu rəqəm dünya qiymətinin 70-80%-i miqdarındadır. 1997-ci ildə bu rəqəmin 90 dollara çatdırılacağı gözlənilir. ARDNŞ-də neftin satışının ümumi qiyməti 328 min manat olduğu halda, QNQÇİB-də 1 ton neftin satışı 500 min manat olmuşdur ki, bu da dünya qiymətləri saviyyəsindədir. «Azərneft» İB-nin daxilində isə neftin satış qiyməti xeyli fərqlidir. Bu onunla izah edilir ki, hər bir NQÇİ-də neftin maya dəyəri müxtəlifdir.

Apardığımız tədqiqatlardan belə nəticə çıxır ki, quruda hasil edilən xam neftin qiymətinin bundan sonra daha çox artırılması mürəkkəb məsələdir, çünki bu cür istiqamət bir müddətdən sonra bazar münasibətlərinin tələbləri ilə ziddiyyət təşkil edərdi. Ona görə də quruda neftçıxarma sənayesinin normal fəaliyyətinin təmin edilməsi, burada səmərəlilik göstəricilərinin birinci növbədə istehsal xərclərinin aşağı salınmasından asılı olacaqdır. Bu isə strateji əhəmiyyət kəsb edən bir məsələdir.

5.Azərbaycanın neft-qazçıxarma sənayesində qiymət problemləri. İqtisad Elmləri: Nəzəriyyə və Praktika. Azərbaycan Dövlət İqtisad İnstitutunun nəzəri və elmi praktiki jurnalı. Bakı. №3-4. 1997. 0,3 ç.v.