gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / AZƏRBAYCANDA QURUDA NEFT-QAZÇIXARMA SƏNAYESİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ

28.03.2012

Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra, diktatura iqtisadiyyatından bazar iqtisadiyyatına, milliləşdirmədən, özəlləşdirmə, təmərküzləşməyə, total rejimindən sərbəst, yeni dünyəvi iqtisadi münasibətlər sisteminə qədəm qoyulmuşdur. Sovetlər İttifaqının iqtisadiyyatının tərkib hissəsi kimi, ümümən xammal bazası əsasında təşkil olunmuş Azərbaycan iqtisadiyyatı, indiki müstəqil dövlət quruculuğu prosesində bazar iqtisadiyyatı yolunu seçmiş, onun prinsipial tələbləri ilə üz-üzə dayanmışdır. Müstəqilliyinin 5-ci ilini yaşayan respublikamız, bu sahədəki mühüm mürəkkəb vəzifələrin müəyyən qismini həll etmiş, dövlət quruculuğu, yeni iqtisadi sistemin yaranması sahəsində xeyli işlər görmüşdür. Lakin görüləsi işlərin, həllini gözləyən problemlərin miqyası, miqdarı daha genişdir. İqtisadiyyatın yenidən qurulmasında, bazar münasibətlərinə keçidlə əlaqədar mühüm işlər görülsə də, dövlət strukturlarında yeni iqtisadi münasibətlərin formalaşması və inkişafı istiqamətində, inzibatçılıq iqtisadiyyatından azad olmaq üçün sistem xarakterli işlərin görülməsinə böyük ehtiyac vardır.

SSRİ dövləti dağıldıqdan sonra bir çox postsovet ölkələri kimi, Azərbaycan xalqı və respublikası da müstəqil dövlət qurulucuğuna tam hazır olmamış, ağır müharibə şəraitində mərhələ-mərhələ öz dövlət qurulucuğunu qurmaqda və dönməz etməkdədir. Bu dönməzliyin təmin edilməsi üçün iqtisadi müstəqilliyinin təmin edilməsi, güclü iqtisadiyyatın yaradılmaı ən vacib, ən həlledici şərtlərdəndir. Bu baxımdan Azərbaycan Respublikasının yanacaq sənayesinin inkişaf imkanlarının reallaşdırılması, yaxın və uzaq gələcəkdə Azərbaycan iqtisadiyyatının dirçəlməsi, dövlətimizin müstəqilliyinin təmin olunması işində mühüm rol oynayacaq faktor kimi qiymətləndirilməlidir.

XX əsr başa çatmaq üzrədir. Bu əsrdə bütün dünyada çoxlu dəyişikliklər baş vermiş, insan cəmiyyəti böyük inkişaf yolu keçmişdir. Azərbaycanın XX əsrdəki inkişafı da dinamik olmuşdur. Bu dinamik inkişafın təmin olunması neft və qaz sənayesi ilə bağlı olduğundan sahənin inkişaf mərhələlərini yuxarıda qeyd etdiyimiz kimi araşdırmaq, müvafiq nəticələri ümumiləşdirmək vacib bir məsələdir. Bu təhlil təkcə iqtisadi tarixi baxımından deyil, məhz yanacaq sahəsi kimi mühüm bir sektorun XXI əsrdə də böyük qüvvəyə malik olması baxımından da zəruridir. Bu təhlil, həmçinin XX əsrdə, xüsusilə əsrimizin birinci yarısında Azərbaycan neftqazçıxarma sənayesinin dünya sənayesinin inkişafında oynadığı rolu düzgün qiymətləndirməyə əsas verir. Məhz buna görə də bu gün çətin şəraitdə olan, ancaq tarixi xidmətləri böyük olan quruda neftqazçıxarma sənayesinin inkişaf dinamikasını araşdırmaq çox maraqlı bir məsələdir.

Hazırkı vəziyyətdə respublikamızda neftin və qazın əksər hissəsi dənizdə hasil edilir. Lakin illərlə ölkəmizdə neft və qaz hasilatı quru sahələrində aparılmış, respublikanın neftçıxarma sənayesi SSRİ kimi möhtəşəm bir dövlətin əsrin ortalarına qədər yanacaq, energetika kompleksinin əsas bazasını təşkil etmişdir.

1901-ci ildə dünyada 20 milyon tondan bir qədər çox neft çıxarılmışdır ki, bunun da çoxu Azərbaycanda, Abşeron yaramadasında hasil edilmişdir. Hal-hazırda isə bütün kontinentlərdə (Antarktidadan başqa) və onlara bitişik akvatoriyaların xeyli hissəsində neft və qaz hasil edilməkdədir.

Xatırladaq ki, Azərbaycan ərazisi hələ qədim vaxtlardan mühüm neft və qazçıxarma rayonu kimi dünyada məşhur olmuşdur. Planetimizdə ilk neft quyusu Azərbaycanda, məhz Abşeron yarımadasında, 1847-ci ildə qazılmışdır. İntensiv neft hasilatının 125 illik tarixi ərzində Azərbaycanda 1,3 mlyd. tondan artıq neft hasil edilmişdir ki, onun 924 mln. tonu və ya 70%-i quru sahələrin payına düşür. Çox illər neftin amansızcasına istismarına baxmayaraq, Azərbaycanın neft ehtiyatları tükənməmiş, kəşf edilmiş və ediləcək yeni yataqlar onu sonrakı illərdə də odlar ölkəsi kimi məşhurluğunu yaradacaqdır.

Respublikada, ələlxüsus quruda, neftqazçıxarmanın hazırkı vəziyyətini təhlil etməzdən əvvəl onun intensiv hasilat tarixinə bir qədər ətraflı nəzər yetirək. Neft hasilatı üzrə statistik məlumatlar, əsasən 1872-ci ildən start götürür. Lakin tarixi mənbələr bu diyarda neftin daha erkən, eradan əvvəl 7-6-cı əsrlərdə çıxarıldığını xəbər verir. Neftin və onun çıxarılmasının Azərbaycanda qədimdən mövcudluğu artıq dünya elminə çoxdan məlumdur. Ərəb coqrafiyaşunası Əbdul Həsən Məsudi, italyan səyyahı Marko Polo, fransız Curden Katalini de Severak, alman səyyahı Engelbert Kemferin öz əsərlərindəki qeydlərdə Azərbaycanda hələ orta əsrlərdə neftin mövcudluğu və istismarı haqqında şərhlər vermişdir.

Neftin gərəklilik sferasının genişlənməsi neftqazçıxarma sənayesinin yaranmasına səbəb olmuş, hələ də tükənməyən, aktuallığını itirməyən neft erasını yaratmışdır. Belə bir fakt maraq doğurmaya bilməz: 1872-ci ildə Rusiyada 27 min ton neft hasil olunurdu, hasilatın 26 min tonunu, yəni 96,3%-ni Azərbaycan, qalan 1000 tonu isə Qroznı və Krasnodar yataqları verirdi. Artıq 1894-cü ildə Azərbaycanda çıxarılan neftin miqdarı ABŞ-dakı səviyyəyə bərabər idi. 1901-ci ildə isə hasilatın həcminə görə Bakı dünyada birinci yerə çıxmışdı.

Məhz bu illər ərzində intensiv surətdə artan neft hasilatı siyasi xarakter alırdı. XIX əsrin ikinci yarısında, xüsusilə XX əsrin birinci onilliklərində, o cümlədən Birinci dünya müharibəsinin sonunda da Bakı nefti uğrunda mübarizə Avropa dövlətlərinin xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Tarixi faktlara, o cümlədən tarixşunas alimlərimizin tədqiqatları, Azərbaycanın müstəqilliyi uğrunda fədarkarcasına mübarizə aparan M.Rəsulzadə, Ə.Topçubaşovun əsərləri, çıxışları ilə tanış olduqda bir daha yəqin edirsən ki, Azərbaycanın nefti uğrunda mübarizə, ona sahib olmaq arzuları neft və qaz sənayesinin inkişafına bu və ya digər dərəcə təsir etmişdir.

XIX əsrin sonralarında, XX əsrin əvvəllərində Azərbaycanda yerli və xarici neft inhisarları meydana gəldi. Yüksək mənfəət götürmək ehtirası neft yataqlarının vəhşicəsinə istismarı ilə nəticələndi. Birinci Dünya müharibəsi, Rusiyaya xarici hərbi müdaxilə, vətəndaş müharibəsi neft hasilatını Rusiyada 3,8 milyon tona, Azərbaycanda isə 2,9 milyon tona endirdi.

Böyük Oktyabr çevrilişindən və Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, neftqazçıxarmada yeni mərhələ başlandı. Bolşevik hökuməti neft və qaz sənayesini bərpa və inkişaf etdirmək üçün mühüm tədbirlər işləyib hazırladı və onu ardıcıllıqla həyata keçirməyə başladı. Azərbaycan inqilab komitəsi 1920-ci ilin 24 mayında neft sənayesini milliləşdirmək barədə dekret qəbul etdi. Milliləşdirilmiş neft sənayesini idarə etmək üçün Azərbaycan Neft Komitəsi yarandı. Neft sənayesinin milliləşdirilməsi, bir mərkəzdən idarəetmə geoloji-kəşfiyyat işlərinin genişlənməsi, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, neft-mədən avadanlıqlarının istehsalının genişlənməsi, ilk dövrlərdə neft hasilatının artması ilə nəticələndi. Ümumiyyətlə, Sovet hakimiyyətinin ilk dövrlərində, ilk beşilliklər epopeyasında neftin əksər hissəsinin Azərbaycanda çıxarılması bu regiona mərkəzi hökumətin diqqətini əhəmiyyətli dərəcədə artırmışdı. Bu illərdə quru sahələrdə geoloji kəşfiyyat axtarış işləri geniş vüsət almış, yeni neft yataqları kəşf edilmişdi. Bu illər həmçinin yeni «neftçi» şəhər, qəsəbələrin salınması, neft sənayesi zavodlarının və yardımçı istehsal sahələrinin yaranması ilə yadda qalmışdır. 1940-cı ildə SSRİ-də neft hasilatının ¾-ü Azərbaycanın payına düşürdü. II Dünya müharibəsinin başlanğıcı Azərbaycanın neft sənayesi qarşısında, cəbhəni yanacaqla təmin etmək kimi ağır bir vəzifə qoydu. Neft sənayesi bu illərdə cəbhənin tələblərinə uyğun quruldu; 1941-ci ildə Azərbaycanda quruda zirvə nailiyyət, 23541min ton neft hasil edildi. Müharibə illərində Azərbaycan ölkəyə 75 milyon ton neft verdi.

Müharibədən sonrakı illər SSRİ məkanında - Volqaboyunda, Uralda, Sibirdə nəhəng neft və qaz yataqlarının kəşfi Azərbaycanı xüsusi diqqət sferasından çıxartdı ki, bu da quruda neftçıxarma sənayesində problemləri daha da dərinləşdirdi. Dənizdə perspektivli yataqların kəşfi, ucuz başa gələn dəniz nefti qurudakı neft sahələrinə diqqəti xeyli zəiflətdi. 1949-cu ildə SSRİ Nazirlər Soveti Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və istifadəyə verilməsi işinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında qərar qəbul etdi. Bu tədbirlərin icrası üçün ayrıca «Azərdəniz» tresti yaradıldı. 50-ci illərdən Dənizdə neft hasilatı sürət götürdüyü halda, quruda istehsalın azalması davam edirdi. Dənizdə neftqazçıxarma praktikasının intensiv öyrənilməsi və mənimsənilməsi dənizdə aşağı maya dəyərli hasilat, respublikada çıxarılan neftin dinamikasına əhəmiyyətli dərəcədə təsir etdi.

1950-1955-ci illərdə hasilatın enmə %-i 14,9%, 1960-165-ci illərdə 6,7% olduğu halda, 1970-1975-ci illərdə 31,2% çatmışdır.

1950-1960-cı illər ərzində quruda neft hasilatı 2300 min aşağı düşdüyü halda, dənizdə neft hasilatı 5,4 dəfə artaraq 1157 min tondan 6489 min tona çatdırıldı.

1960-1970-ci illərdə quruda neft hasilatı 4 milyon ton aşağı düşdüyü halda, dənizdə neft hasilatı 12,9 milyon tona çatdırıldı və ya təxminən 2 dəfə artırıldı.

Görülmüş tədbirlər nəticəsində bu sahədə müəyyən sabitləşməyə nail olundu. Ən başlıca nəticə ondan ibarət oldu ki, 1970-1975-ci ildə hasilatın aşağı enmə faizi 31,2%-dən 19,8%-ə endirildi. Neft sənayesində yaranmış ağır vəziyyət 1969-1970-ci illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi H.Əliyevin çıxışlarında ətraflı təhlil edildi və tam açıqlığı ilə qeyd edildi ki, quruda neft hasilatının bu cür qeyri bərabər, kəskin surətdə azalması onunla əlaqədar idi ki, əvvəlki dövrlərdə istismara verilən sənaye ehtiyatları üzrə tapşırıqlar müntəzəm olaraq yerinə yetirilmirdi, perspektiv sahələrdə kəşfiyyat qazma işləri geri qalırdı. Qazmada təqvim vaxtının yarısı qəza və boşdayanmalar üzündən itirdi. Quruda neftçıxarma istehsalının təşkilində çoxlu səhvlərə yol verilir, köhnə yataqlarda geoloji-texniki tədbirlər yarıtmaz səviyyədə aparılırdı. 1970-ci ildə «Azərneft» üzrə istismara 487 quyu verilmiş, 364 quyu isə sıradan çıxarılmış, mədənlərdə quyuların yeraltı və əsaslı təmiri pis təşkil olunmuşdur. Sahədə texniki tərəqqi, əl əməyinin ixtisarı, iş şəraitinin yaxşılaşdırılması məsələləri zəif həll olunur. Lakin neftqazçıxarma sənayesinin bütün maliyyə, təchizat məsələlərinin mərkəzi hökumət, ittifaq nazirliyi tərəfindən həll edilməsi şəraitində sahənin çətinliklərini aradan qaldırmaq mümkün olmuşdur.

1985-ci ildən sonra SSRİ-nin sosial-iqtisadi həyatında gedən proseslər, təsərrüfat mexanizminin, iqtisadi həvəsləndirmənin təkmilləşdirilməsi, müəssisələrin müstəqilliyinin artırılması ilə bağlı həyata keçirilən məntiqi ardıcıllığı tam olmayan tədbirlər neft sənayesinin inkişafında sabitliyi təmin etməmiş, əksinə, onun problemlərini daha da dərinləşdirmişdi. 1980-1990-cı illərdəki sahənin inkişaf dinamikasına nəzər salaq.

1980-cı illərdə quruda 4,8 milyon ton neft çıxarılmışdır ki, bu da 1950-ci il səviyyəsindən 8,5 milyon ton az idi, dənizdə isə 1980-cı ildə 8,2 milyon ton çıxarılmışdı ki, bu da 1970-ci il səviyyəsindən 0,5 milyon ton çox idi.

1990-cı ildə quruda 2,5 milyon, dənizdə 7,3 milyon ton neft istehsal edilmişdir ki, bu rəqəmlər də müvafiq olaraq 1980-cı il səviyyəsindən 2,3 milyon ton və 0,9 milyon ton az idi. Ümumiyyətlə, neftçıxarma sənayesində istər quruda, istərsə də dənizdə hasilatın orta illik artımının aşağı düşməsi çox qeyri-bərabər olmuşdur.

XX əsrin sonuncu onilliyində respublikada neft istehsalının aşağı düşmə faizi 1990-cı ildə daha çox olmuşdur. Mütəxəssislərin fikrincə, böyük potensiala malik Abşeron yataqlarında işlərin canladırılması diqqət mərkəzində olmalıdır.

Quruda neft hasilatının aşağı düşməsi prosesi uzun bir dövrü əhatə etdiyindən bu enmə meylini müəyyən edən aşağıdakı cəhətləri qeyd etmək məqsədəuyğun olardı.

1.II Dünya müharibəsi, faşist Almaniyasının SSRİ-yə hücumu Azərbaycan neft sənayesinə də, onun gələcəyinə də ağır zərbə vurdu. Azərbaycan neft sənayesi neft mədənlərindən xeyli texnikanı 5457 yük avtomobilini, traktor parkının yarıdan çoxunu çıxararaq orduya göndərdi. Faşist işğalı ilə bağlı Uralda, Sibirdə yeni yaradılan müdafiə sənayesi obyektlərinin təminatı ilə əlaqədar, Azərbaycan neft sənayesinin yeni maşın və avadanlıqlarla təchizatı bir müddət dayandı. Neftin nəqlində yaranmış ağır vəziyyət çoxlu neft quyularının konservasiyası ilə nəticələndi. Neftçilərin bir hissəsinin orduya göndərilməsi (o illərdə neft sənayesində işləyən mühəndis-texniki işçilərin 1/3-i ordu sıralarına çağırılmışdı) sahədə ixtisassız işçilərin qəbul edilməsinə, yeraltı təmir briqadalarının azalmasına, istismara dayanmış quyularının sayının artmasına səbəb oldu. Avadanlığın, professional işçi qüvvəsinin çatışmaması qazma prosesinin kəskin azalması ilə nəticələndi. Cəbhə üçün hər vasitə ilə, nəyin bahasına olursa-olsun, neft hasilatı artırılmalıdır tələbi, sahədə düşünülməmiş texniki siyasətin aparılması, perspektivlərin düzgün müəyyən edilməməsi ilə nəticələndi. Onuda xüsusi ilə vurğulamaq lazımdır ki, tarixi inkişafın bütün mərhələlərində Azərbaycanda neft yataqlarının istismarı mümkün olan bütün normalardan artıq olub, planlı, düşünülmüş geoloci xüsusiyyətləri obyektiv nəzərə almaq əvəzinə, əksər hallarda ehtiyatlardan istifadə olunub ki, bu da neft hasilatının dinamikasına az təsir etməmişdir.

2.II dünya müharibəsindən sonrakı illərdə Azərbaycanın SSRİ-nin əsas neft yanacağı bazası olması Mərkəzin mənafeləri və gələcək inkişafı üçün kifayət olmadığını açıq-aşkar bəyan edən SSRİ hökuməti ölkənin digər regionlarında yeni neft yataq və rayonların kəşfini, istismarını ön plana çəkdi. SSRİ-də və dünyada neftin beşiyi və akademiyası sayılan Azərbaycanın neft mütəxəssislərinin köməyi ilə Uralda, Volqaboyunda, Sibirdə, Qazaxıstanda və Orta Asiyada aparılan axtarış, kəşfiyyat və istismar işləri SSRİ məkanında böyük neft rayonlarının yaranmasına gətirdi.

Beləliklə, perspektivli yeni neft rayonlarının kəşfi və rayonlarda hasilatın ucuz başa gəlməsi Azərbaycanın neft sənayesindəki mövqeyinə ciddi təsir etdi. 1946-cı ildə SSRİ-də hasil olunan neftin 52,8%-i, 1947-ci ildə 49,5%-i Azərbaycanın (quru sahələri) verdiyi halda, 1950-ci ildə bu nisbət 40%-ə endi. 1945-1950-ci illərdə Azərbaycanda neft hasilatında artma müşayiət olunsa da, 1933-cü ildən 1942-ci ilədək əldə olunan səviyyəni ötüb keçə bilər.

3.Dənizdə neft yataqlarının kəşfi, bütünlüklə Azərbaycan üzrə neft hasilatı balansının dəyişməsi və müəyyən illərdə artımı quruda neft və qaz hasilatına maraq və diqqəti səngitdi. Dənizdə əsasən fontan üsulu ilə ucuz başa gələn hasilat, quruda isə istismar xərclərinin yüksək olması, quyuların debitinin aşağı səviyyəsi, ittifaq hökumətinin meylini Azərbaycanda dəniz yataqlarının istismarına yönəltdi. Azərbaycanın ixtisaslı neftçi kadrlarının müəyyən qismi də sosial şəraitlə əlaqədar kadr axıcılığının dənizə yan alması, qurudakı hasilata öz təsirini göstərdi. Artıq 1965-ci ildə «Xəzərdənizneft» İB «Azneft» İB-dən çox neft hasil etməyə başladı. Həmişə SSRİ neft sənayesinin flaqmanı olmuş «Azneft» İstehsalat Birliyi 1954-cü ildə birinciliyi «Baş-neft» (Başqırdıstan Respublikası) İstehsalat Birliyinə verməli oldu. Həmin illərdə SSRİ-də neft və qaz hasilatını həyata keçirən (SSRİ neft Sənaye nazirliyinin üzrə) 26 istehsalat birliyi arasında neft hasilatı üzrə «Azneft» İB 17-ci yeri, «Xəzərdəniz» İB 10-cu yeri tuturdu. Bütövlüklə isə müttəfiq respublikalar arasında Azərbaycan Rusiya Federasiyasından sonra 2-ci yerdə gedirdi.

4.Yenidənqurma illərində və müstəqillik dövrünə qədərki (1986-1991-ci) illərdə isə neft və qaz hasilatının aşağı düşmə tempi səngiməmiş, əksinə bu proses daha da sürətlənmişdir: neft hasilatı 42,4%, qaz hasilatı 56% enmişdir. Bu illər təminat-təchizat bazasının yoxsulluq dövrü kimi də yadda qalmışdır.

Sovet totalitar rejiminin dağılması, azad bazar iqtisadiyyatına keçid, ağır müharibə şəraiti, gənc müstəqil Azərbaycan dövlətinin üzləşdiyi problemlər şəraitində neft sənayesi yeni tarixi mərhələyə qədəm qoymuşdur.

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra xarici dövlətlərin, dünyanın ən iri şirkətlərinin regiona diqqəti xeyli artmışdır. Xəzərin zəngin neft və qaz ehtiyatları Azərbaycana olan marağı o qədər yüksəltmişdir ki, indi bu karnohidrogen resurslarından istifadə məsələsi dünya siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm H.Əliyev cənablarının apardığı ardıcıl, prinsipial siyasət öz bəhrəsini verməkdədir. Dünyanın bir çox tanınmış şırkətləri ilə kontraktlar bağlanılmış, Azərbaycanın milli dövlət mənafelərinin qorunması sahəsində konkret addımlar atılmışdır.

Belə bir strateji siyasət respublikada neftqazçıxarma sənayesinin problemlərinin elmi cəhətdən daha ətraflı tədqiq edilməsini zərüri edir.


1.Azərbaycanda quruda neftqazçıxarma sənayesinin inkişaf mərhələləri. Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi, Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya İnstitutu. İcmal İnformasiya. /Neft-qazçıxarma seriyası./ Bakı. 1995. 0,8 ç.v.