gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / NEFTQAZÇIXARMADA ƏMƏYİN TƏŞKİLİNİN NƏZƏRİ VƏ EMPİRİK PRİNSİPLƏRİ

12.03.2012

UOT.336.2:622,276
i.e.d. M.C.Atakişiyev, i.e.n E.M.Hacızadə

Azərbaycanın Xəzər akvatoriyasında aşkarlanan nəhəng karbohidrogen ehtiyatlarının beynəlxalq konsorsium çərçivəsində müştərək işlənməsi, dünya neft industriyasının mütərəqqi texnologiyalarının milli neftqazçıxarma sənayesində tətbiqi ilə yanaşı, həm də əməyin təşkili, mühafizəsi sahəsində universal standartlı məhsuldar iş şəraitinin təminetmə məkanına çevrilmişdir. Əmək ödənişinin tarifikasiyasında Qərb meyarlarından müəyyən  geriliyi sezilsə də, ümumilikdə burada təşkil edilən əmək prosesini nümunəvi qiymətləndirmək olar. Lakin Xəzərdəki offşor zonadan fərqli olaraq sənayeləşmə yaşı 130-u haqlamış köhnə istismar sahələrində əməklə bağlı ənənəvi stasionarlığın köklü transformasiyası bir qədər ləngimiş, ayrı-ayrı bölmələrdə isə qismən deformasiya təzahürləri də nəzərə çarpmışdır.
Uzun illər quruda fəaliyyət göstərən neftqazçıxarma kompleksində əmək prosesi ekstensiv və intensiv hasilat metodikasını əks etdirərək möhtəşəm dövlətin iqtisadi maraqlarına, nisbətən də rejimin sosial tələblərinə uyğun qaydalar və şərtlər zəminində təşkil edilmişdir. Ötən əsrin ikinci yarısından azalan hasilat templəri mərkəzi hökumətin diqqətini daha məhsuldar neftli-qazlı rayonlara yönəltdiyindən, illərcə sahəvi flaqman olmuş Azərbaycanın quruda yerləşən neftqazçıxarma kompleksi iqtisadi fəallığın səngidiyi  istehsal obyektinə çevrilmişdir. Burada məhsuldarlıq aşağı enmiş, iş yerlərinin erqonomikası pisləşmiş, əməyin normallaşdırılması, onun dəyərləndirilməsi ənənəvi proporsiyasını itirmiş, tariflərin indeksasiyası məhdudlaşaraq neftçi peşəsinin motivasiyasına ciddi təsir etmişdir. Dövlət müstəqilliyi bərpa olunduqdan sonra kompleksdə islahatlar prosesinə başlanılmış, iş yerlərindəki cari kosmetik düzəlişləri əsaslı təmirlər əvəz etmiş, avadanlıq və cihazlar mümkün qədər təzələnmiş, kompüterləşmə geniş vüsət almışdır. Görülən faydalı işləri dəyərləndirərək qeyd olunmalıdır ki, 20 mindən çox işçini əhatə edən kompleksdə  məşğulluq, əməyin səmərəli bazar tələbli prinsipdə təşkili, qiymətləndirilməsi, iş yerlərinin innovasion aksessuarlarla təminatı məntiqi məzmun və formasını hələ ki, tam tapmamışdır.
Quruda yerləşən köhnə istismar sahələrində qalıq ehtiyatlarının çıxarılması və yeni yataqların aşkarlanmasının geoloji perspektivliliyi burada bir neçə onilliyi əhatə edən hasilatın davamlılığına görüntü verir. Bu baxımdan İttifaq dövləti zamanında formalaşmış qurudakı yataqlara göstərilən  biganəlik anoxronizmindən qurtularaq fəaliyyət zonasında əmək prosesini əhatə edən yenidənqurma işlərinin aparılması daha aktual xarakter alır. Köhnə istismar sahələrində əməklə bağlı böyük həlqədə yeni arxitektur quruculuq həm də müvafiq elmi-nəzəri tədqiqatları əsaslandırır. Mövcud gerçəklikləri ifadə edərək təhlilinə təşəbbüs olunan tədqiqat işində də quruda yerləşən neftqazçıxarma kompleksində bazar prinsiplərini şərtləndirən əməyin prosesinin fraqmental modernizasiyası problemləri təhlil edilmişdir.
                                                                                                  *     *     *
Əxlaqi bəraətli müvəffəqiyyət əməyin nailiyyəti hesab olunur. Sosial-fəlsəfi interpretasiyada əmək tərkib hissəsində yaradıcılıq, ictimaiyyətin, insanın tarixən yaranmış və qurulmuş tələblərinin təmin olunması, təbii və sosial güclərin mənimsənilməsində məqsədyönlü fəaliyyətdir [1]. Bütün sivilizasiya tarixi bu baxımdan maddi və mənəvi nailolmaya köklənmiş daimi insan fəaliyyətindən ibarətdir.  Əməyin mahiyyətinin təhlili bir çox cəhətləri, o cümlədən ustalıq məsuliyyətdə ifadə olunan nəticələrin keyfiyyəti, fəaliyyət şəraiti, ümumiyyətlə istehsalı təmin edən bütün vasitələrin əhatəsində daha mühüm əhəmiyyət kəsb edir. Əmək fəaliyyəti əksərən kollektivdə bərqərar olunduğundan onun məhsuldarlığının əsas şərti də məhz buradakı mühitdən, üzvlərin psixoloji uyğunluğundan asılıdır.
Müasir əmək təlimi sənayeləşmə epoxasında F.U.Teylor, X.L.Qand, H.Ford, A.Fayol, Q.Emerson, F.B.Qilbret kimi praktik və nəzəriyyəçilərin tədqiqatlarında daha dolğun  əksini tapmışdır. Çağdaş postindustrial  mərhələdə də əmək prosesi inkişaf tendensiyasına uyğun estetik təzahürlü və rahatlığı ehtiva edən məzmun alaraq mütəmadi  təkmilləşməyə məruz qalır.  Daim tərəqqi edən, yeniləşən dünyamızda insan artan tələbləri ortodoksal əmək münasibətlərinin yeni paradiqmasını formalaşdırır. Əmək münasibətlərinin geniş tənzimlənmə tələb edən sahələrindən olan sənaye istehsalı fərqli olaraq daha təhlükəsiz və diqqətli əmək şəraiti təşkilini şərtləndirir. Bu baxımdan klassik ənənənələri olan hasiledici sənaye sahələri, o cümlədən neftqazçıxarma kompleksləri də istisna deyildir. Dünya energetik balansında neft-qaz resurslarının artan dominantlığı burada qərarlaşan ümumi keyfiyyət dəyişiklikləri ilə yanaşı əmək prosesinin də yüksəlişini təmin edir.
İstehsalatda əməyin elmi təşkili, onun səmərəliliyinin artırılması, ödənişlərin fiziki qüvvə sərfinə, sosial tələblərə uyğun ədalətli bölgüsü tarixən geniş tədqiq [2,3,4,5] edilən aktual təhlil obyekti olmuşdur. Bu baxımdan əməyin elmi təşkilində motivasiya amili mühüm  təşkilati komponent kimi önə çıxır. Menecmentin əsas funksiyası kimi material və təşkilati formalarda təsnifləşdirilən motivasiya əmək fəaliyyətinin səmərəliliyini təyin edən əsas faktorlardandır. O, liderin təşkilatın və ya şəxsi məqsədlərinə nailolmada özünün və başqalarının bu fəaliyyətə səfərbər və vadar etməsi ilə ifadəsini tapır. İmicli təşkilatda rəhbərlik əməkdaşların motivasiya sistemini işləyib hazırlamağa məhkumdur. Burada işçinin xidmətləri, maddi stimullaşdırma, vəzifə artımı və digər mühüm məziyyətlər nəzərə alınır. Bununla belə, pozitiv əlamət kimi motivasiyaya stimullaşdırma ilə yanaşı neqativ görünən cəhət sanksiyalaşdırma da daxil edilir. Əməyin motivasiyası prosesində beynəlxalq təcrübədə araşdırma predmeti kimi «prinsipial agent» adlanan problem də tədqiq edilir. Nəzəri-praktiki kontekstdə bütün şirkətlər prinsipial, işçilər isə agent qismində çıxış edirlər. Reallıq belədir ki, prinsipialların məqsədləri mənfəət əldə etmək, agentlərin isə aldıqları əmək haqqı müqabilində bu mənfəətin yaranmasına yardımçı olmaqdan ibarətdir. Lakin bəzən bu maraqlar üst-üstə  düşmür. Bu zaman «prinsipial agent» problemi yaranır. Agent az enerji sərf edir, işdən yayınır, məhsuldarlıq, səmərəlilik aşağı düşür. Respublikamızda məşğulluq problemi nə qədər kəskinliyi ilə dayansa da, belə hallar izafi işçi artıqlığı ilə seçilən milli neft-qaz sənayesində  təsadüf olunan gerçəkliklər sırasındadır. Bir işçiyə düşən məhsuldar əməyin bir neçəsinə həvalə edilməsi təbii olaraq belə yaranışa, səmərəsiz fəaliyyətə səbəb olur. Digər tərəfdən isə işçilər arasında vəzifə və tapşırıqların rotasiyasının qeyri-səmərəli tətbiqi personalın mümkün məhsulverimini də aşağı salır. Məntiqi gerçəklik belədir ki, müxtəlif əmək funksiyalarını reallaşdıran işçilər bir-birlərinin tapşırıqlarını yerinə yetirməklə rotasiya olunan sistemə qovuşaraq peşəkar fəaliyyətlərini genişləndirəcəklər. Belə stateji xətt hipotetik baxımdan yaranacaq müvafiq sindromları müəyyən qədər təcrid edəcəkdir. Məsələnin həllinin inzibati diapazonda digər çoxşaxəli yolları da vardır. Asan variantda isə yaranmış problemdən qurtulma agentin işdən azad edilməsi ilə həllini tapır. Ekonomiks [6] müəlliflərinin fikrincə,  mövcud problem ilə mübarizədə şirkətlər işçiləri izləmək və ya səylərin həcmi müqabilində mükafatlandırılması ilə bağlı olan motivləşmiş sxem yarada bilərlər. Şübhəsiz ki, sosial maraqlar gətirən prinsipə əsasən ödənişin motivləşmiş sxemi məhsuldar əməyə nail olmağa imkan verər. Bu əlavələr işəmuzd, komission və mükafatlandırma sistemlərinin tətbiqində əlahiddə olaraq işçilərin mənfəətdə iştirakı, iş stajına görə ödənişdə daha çox səmərəliliklə müşayiət olunur. Diqqətə çəkilən nəzəri və empirik gerçəkliklər quruda neftqazçıxarma kompleksində aparılan islahatların dərinləşməsi və təkmilləşməsi prosesində heç şübhəsiz ki, əksini tapacaqdır. Əmək prosesi ilə bağlı mütərəqqi sosial tələbli cəhətlər başlıca olaraq  ölkənin Əmək Məcəlləsində, ierarxiya pilləsində professionallıq zəminində, rotasiya qaydasında irəliləməyin prinsipial qaydaları, 2001-ci ildə qəbul edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununda və digər müvafiq normativ-hüquqi aktlarda təsbit olunmuşdur. Bəşəri sosiumun tərəqqisi, bazar iqtisadiyatının dolğun sosiallaşma fazasına keçidi artan tələblər fonunda əməyin elmi təşkilini, hüquqi və sosial bazasını daha da təkmilləşdirəcək, sosial-humanitar yönümlü əmək prosesinin formalaşmasını təmin edəcəkdir.
Tarixən hasiledici sənaye sahələrində texniki hazırlılıq, təcrübi fəaliyyət, ağır fiziki qüvvə sərfi müqabilində neftçi əməyinin ödənişi daha çox sosialist təsərrüfat sistemi sferasında digər mineral xammal mədənçilərinin işinin qiymət  tariflərindən nisbi aşağı səviyyəliliyi ilə fərqlənmişdir. Hasilat sənayesinə xas bu xarakterik təzadlı cəhət keçmiş İttifaq məkanında da elmi-tədqiqat predmeti kimi araşdırılan obyektlərdən [3,7] olmuşdur. Oxşar profilli mədənçıxarma sənayesi sahələrində formalaşmış ənənəvi iqtisadi gerçəklik müasir zamanda da eynən qalmışdır. Şübhəsiz ki, burada çoxelementli – kapital, torpaq, fond və əməktutumu ilə bağlı olan əlahiddə sahəvi spesifik cəhətlər də müqayisə müstəvisində nəzərə alınmalıdır. Lakin bizim təhlil obyekti olan quruda neftqazçıxarma kompleksində son 10 ildə işçi sayının azalmasına baxmayaraq, əmək haqqının istehsal xərclərində xüsusi çəkisi bir neçə dəfə aşağı düşmüşdür. Mürəkkəbləşən hasilat rejimi proqressiv material yüksəlişi ilə müşayiət olunaraq əmək məsrəflərinin artım tempi arasında xeyli qeyri-mütənasib fərq yaratmışdır. Belə ki, hasilat aşağı düşdüyü halda iş yerlərinin ixtisar aspektində tənzimlənməsi yetərli aparılmamışdır. Bütün bunlar isə öz növbəsində kompleksdə yeni tarif strategiyasının formalaşdırılmasını diqtə edir.
Yüksək məvaciblər daha peşəkar, etik dünyagörüşlü kadrların cəlbinə zəmin olur. Belə tendensiya ixtisaslı kadr axıcılığını minimuma endirir, nəzarəti xeyli mülayimləşdirir. İndi burada əməktutumu əmsalı - yəni əmək xərclərinin məhsul vahidinə nisbəti xeyli kiçilmiş və tərəqqi  templəri normal həddə yüksəlməmişdir. İstehsal kompleksində fəaliyyət göstərən xarici kapitallı müştərək müəssisələrə isə müəyyən qədər beynəlxalq standartları əks etdirən nisbi əlverişli əmək şəraiti xarakterikdir. Belə reallığın ənənəvi orientasiyalı, milli kapitallı müəssisələrdə yaranışı hələ ki təmin olunmamışdır. Burada investision və maliyyə faktoru ilə yanaşı formalaşmış sosial mühiti mühafizə edən izafi məşğulluq amili də kəskinliyi ilə ilk sırada dayanır.  Bazar prinsiplərinə müvafiq olmayan bu konservatizm inkişaf meyilərinin sürətindən asılı olaraq mövqelərini itirəcəkdir.
Əməklə bağlı ən mühüm iqtisadi aspekt onun məhsuldarlığı ilə səciyyəvidir. Bu isə öz növbəsində əmək məhsuldarlığı – adambaşına düşən istehsalın həcmi, kapital məhsuldarlığı - kapital vahidinə düşən istehsal həcmi və ümumi məhsuldarlıq - əmək və kapitalın ümumi vahidinin istehsal həcminə bölgüsündə təyinat alır. İngilis-amerikan iqtisadi məktəbinin qəbul edilmiş banisi, «Əlavə məhsuldarlığın azalması qanunu» ilə iqtisad elmində tanınmış ABŞ-ın Kolumbiya universitetinin professoru Con Beyts Klark (1847-1938)  özünün məşhur «Sərvətlərin bölgüsü» (1899) əsərində əmək haqqını təhlil edərkən onu konkret işçinin son məhsuldar əməyinin nəticəsi kimi şərh etmişdir. Bununla belə, kapital miqdarının dəyişməzliyi şəraitində müəyyən əlavə həddə də nail olunur ki, bu zaman hətta işçi sayının artırılmasına rəğmən belə məhsuldarlıq aşağı düşür. Bunu da «biganəlik zonası» adlandırırlar. Bu baxımdan alimin fikrincə, əmək haqqının  ölçüləri əks istiqamətdə əmək məhsuldarlığı və işçi sayı səviyyəsinə mütənasibdir. Öz növbəsində bu o deməkdir ki, məşğulluğun artımı əmək haqqına və əmək məhsuldarlığına təsir edir. Bu gerçəklik məlum görünən və nəzərə alınandır. Neft-qaz sənayesində də onu sezməmək mümkün deyildir.  Alimin fikrincə «İşçilərə ödənişlərin ölçülərinin təyinatının həqiqi gücü yerin cazibəsi qədər realdır. Bu qanun universal və permanentdir: o hərəkətlərini modifikasiya edən bütün yerli və dəyişkən tə'sirlərə davam gətirəcəkdir. Biz istehsal etdiklərimizi əldə etməliyik – həyatın hakim qanunu belədir» [8].
Bəşər biliyinin arsenalında bir neçə min elmi təlim sahəsi mövcuddur ki, bunun da yarıdan çoxu insanın sosial bioloji təbiəti, onun istehsal funksiyaları, ekoloji və mədəni aspektləri ilə bağlıdır. İstehsalın təşkilində belə populyar elmi sahələrdən biri də erqonomikadır. Məlumdur ki, əmək prosesində insanların funksional imkanları əmək məhsuldarlığının yüksəldilməsi üçün optimal şəraitin yaradılması erqonomik nailiyyətlərindən istifadə yüksək səmərəyə çatır. Mühüm elmi təlim kimi əmək şəraitinin yaxşılaşdarılmasının narahatçılığını çəkən erqonomika komfortlu əmək şəraiti, yaxşı əhvallı, güclü işlək qabiliyyəti gətirən cəhətlərin aşkarlanması və tətbiq edilməsində olduqca səmərəlidir. İnsan əməyinin neft-qaz sənayesində şəraitinin köklü dəyişkənliyi digər sahələrə baxdıqda daha çevik cərəyan edir. Bu, sahənin mürəkkəb mühəndislik quruluşu ilə əlaqədardır. İnsan fəaliyyətinin daha ümidli və səmərəli təşkili əmək məhsuldarlığının artmasını təmin edir. Elmi-texniki tərəqqi nəticəsində insanın sadə fiziki əməyi daha mürəkkəb psixofizioloji fəaliyyət bazasına keçmişdir. İnnovasion nailiyyətlər indi insanın fiziki əməyinin çəkisini xeyli azaltmışdır. Bununla belə yeni istehsal funksiyaları daha peşəkar hazırlıqlı,  mürəkkəb fənli, səriştəli, manevrli və təhlil aparmaq imkanlı tələblər də əks olunur. İdarəetmədə kompüterlərin, mikroprosessorların tətbiqinin genişləndirilməsi yeni erqonomik mühitin formalaşması və təkmilləşməsini diktə edir. Erqonomik mühitin təkmilləşməsi neft-qaz sektorunda da mühüm təşkilati məsələ olaraq qalır. Problemin uzaqhədəfliliyini nəzərə alaraq empirik nəaliyyətlərlə yanaşı onun nəzəri aspektləri də geniş tədqiq və təhlil olunur. Qeyd olunmalıdır kı, erqonomika bir elm kimi neft-qaz sənayesində də geniş tətbiqini tapmışdır. Bu sıradan  neft-qaz sənayesində erqonomikanın tətbiqində Rusiyalı alim Q.E.Popov [9] özünün çoxsaylı tədqiqatları ilə fərqlənir.  Keçmiş İttifaq məkanında, o cümlədən milli neftqazçıxarma sənayesində erqonomikanın, əməyin mühafizəsinin tədqiqi geniş məzmunlu ampluada akademik A.X.Mirzəcanzadənin [10] əsərlərində geniş şərh edilmişdir.
İnsan fəaliyyətinin biomexaniki və psixoloji aspektləri bu gün daha çox aktuallaşan sosial bazar iqtisadiyyatına keçid zərurətlərini artırır. İndi onun əmək funksionallığı daha geniş spektrdə təhlilə məruz qalır. İnsanın vəziyyətinə və fəaliyyətinə  özünün davranışı, əmək qabiliyyəti ilə yanaşı qravitasiya, yerin maqnit, elektrik gücləri, günəş və ay qabarma çəkilmələri, radiasiya və digər heliofiziki  hadisələr də təsir edir. Bütün bu təsir obyektləri son nəticədə işin ümumi gedişində, onun keyfiyyət və məhsuldarlığında əks olunur. Əsas fəaliyyət zonası açıq səma altında cərəyan edən neftqazçıxarma sənayesində də əməyin təşkilində diqqətə çəkilən mövcud reallıqlar nəzərdən yayınmamalıdır.
Əməyin rasional məhsuldar təşkili, mühafizəsi yeni nəzarət mexanizmlərinin, monitoriji texnologiyaların, xüsüsən proseslərə çəkiliş kameralı müşahidə sistemlərinin tətbiqi ilə müşayiət olunur. Yaşadığımız zəmanənin qlobal axın, informasiya və internet texnologiyalarının hakim olduğu zərurətlərə bağlılığından neft sənayesində, onun ayrı-ayrı bölmələrində də əmək, idarəetmə, nəzarət prosesində müasir anoloji texniki mexanizmlərin tətbiqi mühümdür. Belə istiqamət mədən sahələrində əmək prosesinin, istehsal tsiklinin daha ciddi nəzarətə götürülməsinə zəmin olar. İstehsala distant nəzarət Xəzər dənizinin yeni neft yataqlarının mənimsənilməsində stasionar və üzən qurğularda artıq tətbiqini tapmışdır. Köhnə istismar sahələrində də texnoloji inteqrasiyanın dərinləşməsi heç şübhəsiz ki, müvafiq innovasiyaların intişarına meydan açacaqdır.
Əməyin mühafizəsi problemi neft sənayesinin təşəkkül tapdığı dövrlərdə aşağı səviyyədə olsa da, indi bu sahədə yetərli təcrübə toplanmışdır. Ənənəvi olaraq əməyin mühafizəsi problemi quruda neftqazçıxarma kompleksində həmişə diqqət mərkəzində olmuş və digər sahələrə nisbətdə o, öz əvvəlki qamətini xeyli dərəcədə qoruyub saxlamışdır. Lakin sürətlənən texnoloji yeniləşmə prosesi bu sahədə də mövcud işlərin korrektə edilməsini şərtləndirmişdir. Prosesin təkmilləşdirilməsində təkcə texnoloji nailiyyətlər deyil, sosial-humanitar aspektlər də nəzərə alınmalıdır. Burada isə son dərəcə mühüm cəhət sığortalanma ilə bağlıdır. Əməyin mühafizəsi sahəsində tibbi xidmətin yüksəldilməsi, işçilərin həyatının sığortlanması və bu işlərin Qərb standartlarına uyğunlaşdırılması neft kompleksinin sənaye kapitanları qarşısında duran ümdə vəzifələrdəndir. Bu sahədə müvafiq fondların yaradılması onların təminatlı sosial meyarlarla zənginləşdirilməsi də olduqca vacibdir.
Keçmiş İttifaq dövləti zamanı əhatəli normativ-hüquqi aktlarda əksini tapan yüksək intizamlı formalaşmış əmək sistemi, güclü əmək etikası mövcud idi. Qeyd olunmalıdır kı, böyük strateji mahiyyət kəsb edən neftqazçıxarma sənayesi müəssisələri də əmək və icra intizamının yüksək rejimli təşkilatları sırasında dayanmışlar.  Uzun müddət birbaşa mərkəzi hökumətin strukturu daxilində, obrazlı deyimdə anklavı kimi fəaliyyət, quruda neftqazçıxarma kompleksində idarəetmə aparatının, kadr potensialının formalaşmasında yüksək peşəkarlığa, təşkilatçılığa, elmi düşüncəyə, təcrübi səriştəyə malik mütəxəssis  komandasının və işlək əmək kollektivlərinin yaranmasının əsas şərtlərindən biri olmuşdur.  Gözlənilməz obyektiv dəyişikliklər və bu müstəvidə yaranmış boşluqlar subyektiv amillərin təsiri nəticəsində müəyyən deqradasiyaya uğramışdır. Nəticədə yüksək intizamlı əmək sistemini xaoslu xaotik təzahürlər əvəz etmişdir. Lakin aparılan inzibati tədbirlər nəticəsində neqativ meyillərin qarşısı alınmış, əmək və icra intizamı möhkəmləndirilmişdir. Fikrimizcə, mövcud ənənəvi, psixoloji mühiti yeni sosial dəyərlərlə zənginləşdirərək bazar prinsipləri fonunda inkişaf etdirilməsi, daha çox iqtisadi alət və mexanizmlərlə tənzimlənməsi böyük faydalılıqla nəticələnə bilərdi. Belə ki, yalnız inzibati təzyiqlər altında bərqərar olmuş əmək və icra intizamı bazar prinsiplərinin, yeni yaranışların, mütərəqqi idarəetmə formalarının, menecmentin güclü inkişaf etdiyi yeni tarixi mərhələdə uzunmüddətli və etibarlı qalmayacaqdır.
Quruda fəaliyət göstərən neftqazçıxarma kompleksində əməyin təşkili, mühafizəsi, normallaşdırılması və ümumən əmək prosesi ilə bağlı  digər spesifik iqtisadi cəhətlər daha geniş diapazonlu mövzunun predmetidir. Bununla belə praktiki sferada əməyin səmərəli təşkili problemi uzun müddət tələb edən  elmi-eksperimental nəticələrin aprobasiyasından qəti asılı deyildir. Müəyyən işlərin gündəlik fəaliyyət strategiyasına qoşmaqla həlli də mümkündür. Kompleksdə aparılan islahatların hazırkı sürət tempinin mülayimliyi məhsuldarlığın təbii artımının yüksəlişini yetərli təmin etmir. Problemləri maliyyə faktoru ilə bağlayaraq investision seli gözləmək eyforiyasından qurtulmaq, ayrı-ayrı subsektorlarda radikal taktiki gedişlər  etmək  məqamıdır.

NƏTİCƏLƏR

Quruda neftqazçıxarma kompleksində islahatların dərinləşməsi və təkmilləşməsinə kömək məqsədini daşıyan əmək prosesi ilə bağlı fraqmental aparılan tədqiqat işinin nəticələri  konkret olaraq aşağıdakı tədbirlərin gerçəkləşməsində ifadəsini  tapır:
    əməyin səmərəli təşkili, normallaşdırılması və məhsuldarlığın artırılmasında universal empirik və nəzəri aspektlərin nəzərə alınması;
   istehsal xərclərində əmək məsrəflərinin optimal kvotasının müəyyənləşdirilməsi, əmək tariflərinin beynəlxalq praktiki sahəvi meyarları əks etdirən istehsal artımına, fiziki əmək sərfinə və sosial tələblərə uyğun reqressiv yüksəlişinin təminatı;
    məşğulluğun istehsal normasına müvafiqləşdirilməsi, səmərəsiz iş yerlərinin attestasiyası əsasında təkamüllü ixtisarının aparılması;
    əmək motivasiyasını stimullaşdıran, erqonomik şəraitin yaxşılaşdırılmasını nəzərdə tutan liberal iqtisadi texnologiyaların tətbiqi;
    əməyin mühafizəsinin texniki bazasının möhkələndirilməsində yüksək qarantlı sığorta mexanizmlərindən istifadənin genişləndirilməsi.


ƏDƏBİYYAT

1.Спирин А.Г. «Философия». М: Гароалирпи-2000. стр.601.
2.Сомов В.Е. «Стратегическое управление нефтегазодобывающими предприятиями».  СПб: Химиздат-1999.
3.Тищенко В.Е. и другие. «Организация, планирование и управление предприятия нефтяной и газовой промышленности». М: Недра-1986.
4.Atakişiyev M.A. Qazmada istehsal potensialından səmərəli istifadə problemləri. Bakı: 1998.
5.Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində, Bakı: Elm-2000.
6.Макконелли К.Р., Брю С.Л. «Экономикс»  М: Инфра-1999. Стр.634.
7.Фролов В.И. «Экономика нефтяного хозяйства» М: Недра-1996.
8.Кларк Д.Б. «Распределение богатства», М: «Гемос АРВ»-2000. Стр.156.
9.Попов Г.Е. Эргономика в нефтяной промышленности. М:Недра-1979.
10.Mirzəcanzadə A.X., Şıxəliyev F.Ə. «İxtisasa giriş» Bakı: Maarif-1985.
11.«Экономика предприятия». под редакцией проф. О.И.Волкова М:ИНФРА - М-2001. стр.165.
12.«Экономика предприятий». под редакцией проф. Н.А.Сафронова. М: Юрист-1999. стр.149-150.

50.Neftqazçıxarmada əməyin təşkilinin nəzəri və empirik prinsipləri. Azərbaycan Аli Texniki məktəblərinin xəbərləri. Azərbaycan Dövlət Neft Аkademiyası. /Elmi-texniki jurnal/. (M.C.Atakişiyevlə müştərək). Bakı. №6 (22) 2002. 0,8 ç.v.