gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / QLOBAL NEFT SİVİLİZASİYASININ AZƏRBAYCAN PRİORİTETLƏRİ

19.02.2012

 AzDİU, i.e.n.E.M.Hacızadə


Təzahür edən yeni geosiyasi situasiya Azərbaycanın Xəzər sektorunda ötən əsrin son onilliklərində aşkarlanmış nəhəng karbohidrogen yataqlarının beynəlxalq əməkdaşlıq çərçivəsində aktiv işlənməsinə əsaslı zəmin yaratmışdır. Qərarlaşan reallıqlar fonunda istiqlala qovuşmuş ölkənin neft siyasətinin real və ideal çevrədə sistem və struktur modernizasiyası milli düha, möhtərəm Heydər Əliyev cənablarının təşəbbüsçüsü və rəhbəri olduğu vətən neft strategiyasında dolğun əksini tapmışdır. Bu strategiyanın fundamentallığının təminatında üstün məxsusi rolu və səyləri ilə fərqlənən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının əməli fəaliyyət və yaradıcılıq əzmindən qaynaqlanaraq respublikanın neft sektorunda islahatlar prosesi daha təkmil və sistemli məcraya istiqamətlənmişdir. Gerçəkləşən strategiyanın genişlənən həlqəsi çağdaş mərhələdə ölkə neft-qaz sənayesinin bütün spektrial diapazonda mütərəqqi sistem və konstruksiyada elmi əsasların işlənməsini, o cümlədən milli neft təsərrüfatının təşəkkülü, onun keçdiyi sosial-iqtisadi inkişaf yolunun, tarixi-fəlsəfi aspektlərin sivilizasiya kontekstində tədqiqini daha da aktuallaşdırmışdır.
*     *     *
Sivilizasiya paradiqmasını varvarlıq anlayışına əks olaraq XVIII əsrdə fransız mütəfəkkirləri yaratmışlar. Qədim tarixin vəhşilik və varvarlıq mərhələsindən sonrakı - III dövrü ifadə edən sivilizasiya epoxasına keçid yazının yaranısı, başqa sözlə, əldə olunmuş nailiyyətlərin növbəti nəslə verilməsi məqamlarından başlanğıc alır. Müvafiq çevrədə təqdim olunan sivilizasiya mərhələsini digər aspektlərlə: metallurgiyanın, riyaziyyat və astronomiyanın, uzaq ticari rabitənin yaranışı, əmək bölgüsü, sosial stratifikasiya, şəhərlərin təşəkkülü, dövlətçiliyin və idarəetmənin formalizasiyası ilə də bağlayırlar. Bununla belə vurğulanmalıdır ki, müasir zamanda sivilizasiya istilahı özünün ilkin mənasını praktiki itirmiş və o, hazırda yüksək tarixi və coğrafi mədəniyyətlər məcmusunu ifadə etdirərək dil, din, ənənə, institutlar və insanların subyektiv identifikasiyasının ümumi obyektiv elementlərində təyinat tapır. Yeni yaranışlar, innovasiyalar zənginliyi gətirən mədəni-texniki epoxial mərhələlər də sivilizasiya obrazında təlqin olunur. Bu baxımdan neft-qaz resurslarının industrial istehsal dövrünün başlanğıcı da geniş təcəssümdə karbohidrogen erası və ya sadəcə olaraq neft sivilizasiyası adlandırılır.
Neftin çox min illər öncə insana bəlli aşkarlığı sənaye epoxasına qədər onun miqyaslı istehlakını və axtarışını xüsusi maraq obyektinə çevrilməmişdir. Qədim əyyamlarda Misirdə, Hind və Çində, Farsiyada, Malay arxipelaqı arealında mağaralarda, açıq çuxurlarda, palçıq vulkanlı ərazilərdə, mərcanlı zolaqlarda rast gəlinən neftin mövcudluğu haqqında İncil hekayətlərində, Herodotun, Plutraxın, digər alim və tarixçilərin əsərlərində məlumatlar əksini tapmışdır. Antik dünyada «yunan atəşi» adlanan neftdən hərbi əməliyyatlarda, orta əsrlərdə isə məişətdə və şəhər təsərrüfatında, konkret olaraq Sisiliyada çıraqların yandırılmasında, XVIII əsrdə Genuyada küçələrin işıqlandırılmasında istifadə olunmuşdur. Şimali Amerikada Hindu qəbilələrinin dərin olmayan quyulardan çıxardıqları «Seneki», boylar ölkəsi Bohemiyada «Kvirinus» adlanan neftli yağlar isə tətbiqini müalicəvi vasitə kimi təbabətdə tapmışlar. Bütün bu olaylar neftin bəşəri sivilizasiyaya xidmət etməsindən xəbər versə də, onu əlahiddə bir sivilizasiya yaranışında təzahürünə gətirməmişdir.
Neftlə bağlı ədəbiyyatlarda və ensiklopediyalarda onun yaratdığı əlahiddə sivilizasiyanın məkan və zaman tarixinin öncüllüyünü qəti əks etdirən məlumatlara rast gəlinmir. Lakin bunlara baxmayaraq, neft sivilizasiyasının qlobal çevrədə geniş təşəkkülünün XIX yüzilliklə bağlılığı yəqinlik doğuran bir gerçəklikdir. Məhz XIX əsrdə Avroatlantik məkanda cərəyan edən inqilabi texniki tərəqqi stimulları neft sivilizasiyasının industrial obrazda yaranışının attraktoruna çevrilmişdir.
Neftin özünün sənaye baxımından dəyərləndirilməsində isə mühüm amil olaraq 1826-cı ildə ABŞ-da duz axtarışı üçün qazılan quyunun neft verməsi hadisəsi göstərilir. Bu hadisəni də yalnızlıqda neft sivilizasiyasının başlanğıc məqamı kimi qiymətləndirmək olmaz. Duz əvəzinə neft kəşfi epopeyasından bir neçə onillik sonra neftin energetik gücünün dərk həlqəsinin genişlənməsi onun böyük axtarışını daha dərin mətləbli maraqlara cəlb etmişdir. 1859-cu ildə Qərbi Penselvaniya düzündə amerikan polkovniki Dreyk artezian üsulu ilə qazma apararaq miqyaslı neft aşkarlamış və nəticəvi olaraq bu olay neft adlanan həyəcanda yeni sivilizasion mərhələnin başlanğıc nöqtəsinə çevrilmişdir. Rus neft tarixinin tədqiqat səhifələrində bu hadisəyə paralel qeyd edilir ki, həmən müvafiq ərəfədə Kuban çayı hövzəsində başqa bir polkovnik - Novaselyevin mexaniki qazdığı quyunun məhsul verməsi ölkədə neft erasının yaranışına gətirmişdir. Bununla belə, neft sivilizasiyasının industrial kaskadda hasilat-emal-istehlak kontekstində təşəkkülünə XIX əsrdə fransız fiziki və mühəndisi N.Karnonun /1826/, onun həmvətəni E.Lenuarın /1860/, alman mühəndisləri N.Ottonun /1876/ və R.Dizelin /1897/ daxiliyanma mühərrikinin kəşfi və təkmilləşməsi, həmçinin məhsul assortimentinə genişlik gətirən krekinq prosesindəki nailiyyətlər, enerjitutumlu sənaye komplekslərinin yaranışı kimi təzahürlər rəvac vermişdir.
*     *     *
Təkamül erasını sənaye inqilabları əvəz edən iki əsrdən də az tarixi mərhələyə qədər neft başlıca olaraq primitiv rakursda tikinti materialı, işıq, istilik enerjisi mənbəyi, hərbi və əzcazçılıq məhsulu kimi keyfiyyətlərdə insanların xidmətində durmuşdur. Ortodoksal olaraq neftdən xalqların təsərrüfat həyatında geniş və miqyaslı konturda istifadə məkanı və zamanında isə Azərbaycan ərazisi üstün fərqlənmişdir. Bu fərqliliyin təqdimatı heç də təbii olaraq müəlliflərin vətəni və vətəndaşı olduğu məmləkəti romantikcəsinə vəsf etmək istəyindən irəli gəlməmişdir. Azərbaycanın neft sivilizasiyasının beşiyi olması faktları beynəlxalq elmi ictimaiyyətə məlum bir aydınlıqdır. Əlavə tədqiqat belə aparmadan neft tarixinin Azərbaycan reallıqları belə qənaətə gəlməyə əsas verir. Belə ki, eramızdan əvvəl VII-VI əsrlərdə Azərbaycanda, xüsusən Abşeron torpağında neftdən istifadənin mövcudluğu haqda dəyərli məlumatlar vardır. Tarixi faktlar bəyan edir ki, diyarın «Odlar yurdu» adlanışı müvafiq arealda yerin təkindən özbaşına çıxan təbii yanar qazların və mövcud neftli ərazi genişliyindən qaynaqlanır. Burada hasilatın erkən orta əsrlərdə artıq miqyaslı xarakter alındığı müsəlman şərqinin alimləri Əbdül Həsən Məsudi /?-957/, İbn Misqəveyh /?-1030/, Əbu Duləf /X əsr/, Yakut Əl Xəmavi /XI əsr/, Həmdullah Qəzvininin /1281-1350/, Əbdülrəşid İbn Saleh Bakuvinin /XIV əsr/, İtalyan səyyahları Marko Polo /1254-1324/, İosafat Barbaronun /XV əsr/, türk səyyahı Katib Çələbinin /1608-1657/, fransız missiyoneri Curden Katalini de Severakın /XV əsr/, İranda İsveç səfirliyinin katibi Engelbert Kempferin /1651-1716/ yazılarında geniş əksini tapmışdır. Çoxsaylı əlyazmalarda XV əsrdə burada 500-dən çox quyunun mövcudluğunu, hasil edilən neftin karvanlardan savayı hətta gəmilərlə daşınmasını diqqətə gətirən məlumatlar vardır. Bakının Balaxanı kəndindəki mədənlərində aşkarlanan köhnə neft quyusu ətrafındakı daş kitabədə onun dərinliyinin 64 metr olduğu və 1594-cü ildə usta Allahyar Məhəmmədnur oğlunun inşa etdiyi göstərilir. Bu isə o demək idi ki, artıq həmən zamanlarda neftin qazıntısı sənətkarlıq səviyyəsinə yüksəlmiş, onun istehlakı isə intensiv xarakter almışdı. Bu zamanlarda neft tikintidə və bu çevrədən də fiskal mexanizm kimi xəzinədarlıqda tətbiqini tapmışdır. XIV əsrdə inşa edilən Bakı Cümə məscidinin minarəsi divarlarında əks olunan yazılar bu mövcudluğa aydınlığı ilə görüntü verir.
Bir qədər sonra XVII-XVIII əsrlər qovşağında Bakıda ilk olaraq neftçi peşəsinin formalaşdığı və bununla belə neftin xalqın təsərrüfat həyatının ayrılmaz hissəsinə çevrildiyi yəqinləşir. Tarixi mənbələrdə 1729-cu ildə Abşeronda neft quyularının xəritəsinin tərtib olunduğu diqqətə gətirilir və Bakı neftinin geniş çeşiddə çar I Pyotr zamanında Peterburq apteklərində satıldığı bildirilir. 1733-cü ildə Peterburq EA-nın akademiki S.Q.Qemel Bakıya gələrkən 52 neft quyusunun fəaliyyətdə, bir neçə yeni quyunun isə qazıldığının şahidi olduğunu göstərmişdir. Həmən ildə Bakını ziyarət etmiş rusiyalı həkim-səyyah İ.Lerxe isə yazılarında Bakıda müxtəlif çeşiddə neft məhsullarından istifadə olunması haqda təəssüratlarını yazmışdır. Bu qeydlər isə öz növbəsində ölkəmizdə hələ iki yüz il öncə neftin emal prosesinin mövcudluğunu bəyan edir.

Bakının neft mədənlərinin 1806-cı ildən Rusiyanın inhisarına keçməsi ilə neft hasilatı uçot-hesabat göstəricisinə çevrilir. Həmin il 3930 ton qara, 41 ton ağ neft hasilatı qeydə alınmışdır. 1818-ci ildə 116 quyudan 3872 ton, 1825-ci ildə Bakıda 120 quyudan 4126 ton, 1862-ci ildə 220 quyudan 5480 ton, ümumi olaraq isə 1821-1872-ci illər əhatəsində 320 min ton neft çıxarılmışdır. 1808-ci ildə Bakı və Şirvan neft mədənləri iltizama verilmiş, lakin belə münasibətə meyl edənlərin sırası geniş olmamışdır. 1848-ci ildə isə tarixdə ilk dəfə olaraq ABŞ-dan 11 il öncə Bakıda mexaniki üsulla neft quyusu qazılmışdır.
Azərbaycanın milli neft iqtisadiyyatı tarixində mühüm bir reallıq ondan ibarət olmuşdur ki, primitiv istehsal kiçik normalı ehtiyaclardan yeni artım müstəvisinə yetişdikdə ölkə ərazisi, o cümlədən neftli sahə - Abşeron torpağı Rusiyanın nəzarətinə keçmişdir. «Türkmənçay müqaviləsi» ilə başlanan mərhələ isə Azərbaycanı Rusiyanın xammal bazasına çevirmək məqsədlərini praktiki olaraq tam reallaşdırmışdır. Bu çağlar həm də, XIX yüzilliyin ilk onilliklərinin bitməsi ərəfəsində Avroatlantik məkanda sivilizasiyanın industrial simasının təşəkkül tapma zamanlarına təsadüf etmişdir. Xüsusi olaraq vurğulanmalıdır ki, Rus neft səlnaməsinin müxtəlif baxış bucaqlarından yazılmasına baxmayaraq bütün istiqamətlərdə müvafiq tarixin Azərbaycanla bağlılığı mübahisəsiz qeyd olunur. Etiraf edilir ki, Rusiyanın neft ölkəsinə çevrilməsində Bakı rayonu: Balaxanı, Sabunçu-Ramana və Bibiheybət nəhəng neft yataqlarının kəşfi başlıca mövqedə dayanmışdır. Bununla belə dolğunluğu ilə etiraf edilməlidir ki, Azərbaycanın da neft sənayesinin tərəqqisi Rusiyada kapitalizmin inkişafı ilə sıx əlaqədar olmuşdur.
Azərbaycan əraziləri imperiya torpaqlarına qatıldıqdan sonra Peterburqda hakimiyyət dairələrində neft hasilatının artırılmasının iqtisadi mexanizmləri daha geniş təhlil mövzusu idi. XIX əsrin ikinci yarısında Rusiya iqtisadiyyatında artıq yüksək inkişaf templəri sürət alırdı. Statistik məlumatlara əsasən 1860-1900-cu illər ərzində burada sənaye mallarının istehsalı 7 dəfə artmışdır. Analoji artım müvafiq olaraq Almaniyada 5, İngiltərədə isə 2 dəfədən bir qədər çox miqyaslı olmuşdur. Canlanma və tərəqqi ölkə iqtisadiyyatının digər sahələrində də özünü biruzə vermişdir. Elə bu çağlarda Rusiyanın ucqar regionu olan Bakıda neft fontanları yeni gerçəkliklər və sarsıntılar yaratmışdı. Neft kapitallaşmış, yeni maraqlar və tələblər doğurmuşdu.
Getdikcə strateji əhəmiyyət kəsb edən neftə tələbin durmadan artması Rusiyada bu sahədə əsaslı islahatların aparılmasını gündəmə gətirdi. Rusiya hökuməti neft sənayesində sərmayə axınını gücləndirən, dirçəlişi təmin edən ardıcıl iqtisadi siyasi kurs qəbul etdi. Əsas strateji xətt kimi neft mədənlərinin özəlləşdirilməsi müəyyən olundu. Bu dövrlərdə neft sənayesinin inkişafına mövcud icarə sistemi ilə bağlı problemlər ciddi əngəllər törədirdi. Bunu nəzərə alaraq 1866-cı ildə Peterburqda neft işinin inkişafı məsələsini araşdırmaq məqsədilə müvafiq komissiya təşkil edildi. Uzun araşdırmalar, böyük hesablamalar 1872-ci ildə bu işdə məhdudlaşdırıcı amilə çevrilmiş iltizam sisteminin ləğvi ilə nəticələndi. Həmin ilin son günündə keçirilən hərraclarda neftli torpaq sahələri özəl əllərə verildi. Məhz 1872-ci il Azərbaycan neft tarixində sənaye üsullu hasilat erasının başlanğıcı hesab olunur. Bu zamandan etibarən daha xronoloji ardıcıllıq və geniş təsnifatda dəqiqləşən rəsmi neft statistikası start götürür.
*     *     *
XIX yüzilliyin sonlarında artıq dünyanın müxtəlif guşələrində neft hasilatı təşəkkül tapmışdı. Bir sıra nüfuzlu statistik mənbələrdə sənayeləşən neft hasilatının XIX əsr palitrasında yataqların Bakıda 1821, Rumıniyada 1857, ABŞ-da 1859, Meksikada 1887, İndoneziyada 1893-cü illərdə aşkarlanma və istismar düzümü göstərilir. Lakin o zamanlar kürreyi ərzin iki qütbündə - ABŞ-da Pensilvaniyada, Rusiyanın Bakı əyalətində hasilat yüksək rentabelli silsilədə, fontanla müşayiət olunaraq neft sənayesinin təmərküzləşməsi və inhisarlaşması prosesinə rəvac vermiş, ilk sahəvi sindikatları, biznes qaydalarını, qeyri-kommersiya yönümlü neft cəmiyyətlərini ərsəyə gətirmişdi. Okeanın o tayında, ABŞ-da fontan vuran quyular neft erasının tam sürətlə irəliləyişinə təkan verməkdə və eyni ahəngdə inkişaflı proseslər Bakıda da kardinal dəyişmələri qaynaqlandırmaqda idi. Artıq Bakıda neft bumunun çevikləşən mərhələsində kəşfiyyat-axtarış, işləmə və hasilat sferasında spesifik şirkətlər təşəkkül tapmış, ilk dəfə olaraq azərbaycanlı sahibkarlar kapital dünyasında avtoritet zirvəyə yüksələrək xaricdə böyük daşınmaz əmlaka, dünya banklarında yetərli hesablara malik olan neftxudalara - iri neft bosslarına çevrilmişlər. Neft sivilizasion effekt yaradaraq milli burjuaziyanın formalaşmasına, ölkədə yüksək Avropa mədəniyyətinin qərarlaşmasına, iqtisadiyyatın, şəhər təsərrüfatının yenidən təşkilinə, aqrar sektorun, nəqliyyat və xidmət sahələrinin inkişafına təkan vermişdir. Norveçli iş adamları Nobellərin Azərbaycan neftinin istismarı ilə əlaqədar Bakıda 1879-cu ildə təşkil etdikləri «Nobel qardaşları» kompaniyası isə komplekslilik baxımından xeyli fərqli statusda çıxış etmiş və dünya neft tarixinə ilk şaquli inteqrasiyalı şirkət kimi daxil olmuşdur. Azərbaycan neft sənayesində sahibkar funksionallığına əsaslanan müvafiq neft təsərrüfatı yarım əsrə qədər davam etmiş və Azərbaycan Xalq Cümhuriyyəti mərhələsində də, özəl biznes formatında qalmışdır.

XIX əsrin sonunda Azərbaycanın neft potensialı daha da genişləndi. Bakıdan Rusiyadakı əsas istehlakçılar - Moskva, Sankt-Peterburqla yanaşı Hindistan, Türkiyə, Misir, Çin, Yaponiya və hətta daha uzaqlara - Avstraliyaya da ixrac məhsulları göndərilməyə başlandı. Dünya neft hasilatında 1898-1901-ci illərdə Bakı lider mövqedə dayandı və XX əsrin əvvəlində planetdə hasil edilən 20 milyon ton neftin yarıdan çoxu onun payına düşdü. Bakı Avropanın neft industriyasının mərkəzi sivilizasiya məkanına çevrildi. 1904-cü ildə İngiltərənin ağ neft tələbatının 71,1 %-ni Bakı reallaşdırdı. 1881-ci ildə Bakıda 9,2 milyon, 1900-cu ildə isə 87,9 milyon manatlıq məhsul istehsal olunmuşdu ki, bu da bütün Qafqaz sənaye məhsulu dəyərinin 1/3-ni təşkil edirdi. 1912-ci ildə isə Zaqafqaziya fabrik-sənaye məhsulunun 68,5%-i, 1915-ci ildə isə 88,6%-i təkcə Bakının payına düşmüşdür. Lakin bütün bu keyfiyyətlər 1900-1903-cü illər dünya iqtisadi böhranı ilə dəyişikliklərə uğradı. Böhranın ilk çağlarında Azərbaycan nefti bir neçə il əvvəl əldə etdiyi dünya neft hasilat birinciliyini yenidən ABŞ-a verdi. Bu proses əksər parametrlərdə düz 75 il ABŞ-ın dünya neft industriyasında ön cəbhədə duruşu mərhələsi ilə müşayiət olundu.
Neftin sənaye epoxasının ilk yarıməsrlik mərhələsinin hasilat tarixinə nəzər yetirdikdə görərik ki, böyük tərəqqi ilə müşayiət olunan bu illər ərzində 122 dəfədən çox artım qeydə alınmışdır. Neft hasilatının qərarlaşan göstəricilərinə istinadən XIX əsrdə dünyada 400 milyon ton neftin hasil edilmişdir ki, bunun da 140-150 milyon tonu Azərbaycanın payına düşmüşdür. Sənayeləşən neft hasilatı dövrünə qədər isə ölkəmizdə təqribən 60-65 milyon neft çıxarıldığı təxmin edilir. Azərbaycanın neft tarixinin sonrakı mərhələlərində: 1872-1920-ci illər əhatəsində 238 milyon, 1921-1940-cı illərdə 243 milyon, 1941-1948-ci illərdə 114 milyon, 1950-1980-ci illərdə 543 milyon, 1981-1991-ci illərdə 128 milyon, 1991-2003-cü illərdə 141 milyon ton neft hasil edilmişdir. 1971-ci ildə Azərbaycanda dənizlə birlikdə 1 milyard ton neftin çıxarılmasına nail olunmuşdur.
*     *     *
Neft sivilizasiyasının yaranışı və inkişaf prosesləri özünün böyük siyasi fəsadlara səbəb olan xassəsi ilə də yadda qalmışdır. Əsrin əvvəllərindəki bolşevik inqilabları, 1905-ci ildəki rus-yapon müharibəsi, iki ardıcıl cahan savaşları, Yaxın Şərqin siyasi-seysmik zonaya çevrilisi hadisələri bu qəbildəndir. Bununla belə qeyd olunmalıdır ki, 1905-ci il rus inqilabı neft təchizatındakı ilk siyasi olay kimi tarixi izini qoyaraq planetin neft sənayesini ilk böhranlı məcraya salan hadisə olmuşdur. Bu ərəfədə Bakıda genişlənən neft işləri bir çox bolşevik liderlərinin inqilabçılar olaraq yetişmələrində, xüsusən onların böyük öndəri İ.V.Stalinin fəhlə kütləsinə rəhbərlik etməkdə təcrübə toplamasında mühüm rol oynamışdır.
Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanın neft sənayesi demək olar ki, 3 nəhəng xarici inhisarçı şirkətin «Şell» «Nobel qardaşları» və «Oyl» /«Raşen ceneral oyl korporeyşn» - İngiltərə/ əlində cəmləşmişdi. Bunlar arasında «Oyl» səhmdar cəmiyyəti kapitalın 50, hasilatın isə 40 faizinə sahib idi. Bakıda mövcud 20 nəhəng neft sənayesi şirkətləri arasında azərbaycanlı sahibkarlar Z.Tağıyev, M.Nağıyev və Ş.Əsədullayevin şirkətləri də xüsusi çəkiyə malik idilər. Ş.Əsədullayev Rusiyada 400-dən çox irili xırdalı neft terminalları əhatə edən neft ticarətli 4 nəhəng şirkətdən birinə sahib idi.
Bakı quberniyasında adambaşına istehsal edilən sənaye məhsulunun məbləği Tbilisi ilə müqayisədə 30 dəfə, İrəvan quberniyasına nisbətən isə 217 dəfə yüksək idi. Buranın hər 10 min sakinindən 530 nəfər, Tbilisidə 60 nəfər, İrəvanda isə cəmi 5 nəfər iri sənayedə işləyirdi. Bakını daxil etmədən belə 1908-ci ildə Azərbaycanda 2450 fabrik-zavod müəssisəsində 22943 fəhlə çalışırdı. Tbilisi ilə birgə bütün Gürcüstanda isə 5304 fabrik-zavod müəssisəsi var idi və onlarda 17556 fəhlə işləyirdi. Həmən illərdə Bakıda bank kapitalı ilə neft kapitalının qovuşması prosesi gedirdi. Təkcə Bakıda 1913-cü ildə 15 iri bank fəaliyyət göstərirdi. «Rusiya-Asiya» bankının başçısı Putilov isə bir çox neft müəssisələrinə nəzarəti tətbiq edə bilmişdi. Bakı neft maqnatları: Nobel, Mantaşev, Lianozov da xarici iri banklarla əlaqəli idilər. Nəhəng rus sahibkarlarının neft siyasətində xarici kapitalın təsiri sezilməkdə idi.
XX əsrin ilk illərində iqtisadi gərginliklərlə də müşayiət olunan siyasi hadisələrin Azərbaycanın neft sənayesində əks olunması 1918-ci ildə apogeyə çataraq 1921-ci ilə qədər davam etmişdir. Bu tarixi dövrdə Azərbaycan Demokratik Respublikası mərhələsi də dünyəvi hadisələrin mühüm tərkib hissəsi kimi siyasi çaxnaşmalar, iqtisadi təzadlarla əhatə olunaraq ölkə iqtisadiyyatında əsaslı dönüş, o cümlədən, neft-qaz hasilatında irəliləyişi tam təmin etməyə müvəffəq olmamışdı.
Milli dövlətçiliyi qəsb edən bolşeviklər respublikada sovet hakimiyyəti qurmaqla yeni uzun bir tarixi mərhələnin əsasını qoymuşlar. Onlar neft sənayesini mərkəzi vahid struktur altında /«Azərineft»/ nəzarətə gətirərək dünya tarixində ilk tam dövlət mülkiyyətli neft-qaz istehsalı kompleksli təşkilat yaratmışlar. Sovet hakimiyyəti illərində yenidən qurularaq möhtəşəm dövlətin mühüm energetik bazasına çevrilən Azərbaycanda neft hasilatı yeni tutumlu dinamik inkişaf trayektoriyasına çıxış etmişdir. Bu dinamizm 1940-cı ildə dünya neft hasilatının mərkəzi Karib hövzəsindən Fars körfəzinə keçəndən sonra, II cahan savaşı bitənə qədər də davamlı olmuşdur. Ümumiyyətlə, Azərbaycan XX yüzilliyin ilk 30 ilində dünyada neft hasilatının adambaşı və ərazi vahidi üzrə təsnifat göstəricilərində tam mənada lider bir məkan olmuşdur. Bu liderlik «ölkənin neft sərvətləri» göstəricisində aşağıda təqdim edilən cədvəldən aydınlığı ilə sezilir:

XX yüzilliyin ilk 30 ilində dünyada neft hasilatının
adambaşı və ərazi vahidi üzrə təsnifat göstəriciləri

Ölkələr

Adambaşına düşən hasilat

(ton)

Ərazi vahidinə düşən neft hasilatı

(min ton/min km2 )

1901

1920

1930

1901

1920

1930

Azərbaycan

3,944

1,35

4,120

94,25

33,33

118,39

ABŞ

0,121

0,539

0,975

3,14

6,09

12,78

Meksika

0

3,515

0,423

0,33

13,08

2,69

Venesuela

0

0,125

6,815

-

0,08

20,18

Kolumbiya

0,498

-

-

-

-

-

Peru

0,045

0,245

0,459

0,19

0,06

1,25

İndoneziya

0,017

0,076

0,116

0,17

1,89

3,41

İran

0

0,510

0,813

-

1,33

3,64

Polşa

0,103

0,061

0,039

4,47

2,24

1,92

Rumıniya

0,085

0,158

0,585

0,06

4,62

23,11

Kanada

0,038

0,003

0,019

-

-

0,02

Argentina

0

0,024

0,087

-

0,008

0,43

Ekvador

0

0

0,129

-

-

0,70

Misir

0,3

0

0

0,026

-

0,25

Yaponiya

0,004

0,005

0,005

0,01

0,02

0,81

 

 

 

Cədvəl məlumatlarına istinad edilən retrospektiv təhlil göstərir ki, Azərbaycan ötən əsrin iyirminci illərinin əvvəlinə qədər planetin ən varlı bir məmləkəti olmuşdur. 1940-cı ildə dünya neftinin 62%-ni ABŞ, 9%-ni İran, İraq və Ərəb yarımadası müstəvisi dövlətləri, 19%-ni digər ölkələr və qalan 10%-ni isə SSRİ-nin 3/4 pay bölgüsü üstünlüyündə Azərbaycan verirdi.
Azərbaycan nefti I cahan savaşında olduğu kimi, II dünya müharibəsində də hərbi texnikanın əsas yanacaq mənbəyinə çevrilmişdi. Böyük Vətən müharibəsi illərində hər dörd sovet tankı və təyyarəsindən üçü Bakı nefti ilə döyüşlərə yollanmışdır. SSRİ-nin II dünya müharibəsinə qoşulduğu ilk 1941-ci ildə Azərbaycanda cəbhənin tələbatını daha tutumlu təmin etmək məqsədi ilə rekord həcmdə 23541 min ton neft hasil olunmuşdur. Vurğulanmalıdır ki, milli neft tarixində bu zirvənin təkrar fəthi hələ də reallaşmamış, bu və ya ondan çox miqdar hasilata yetişmə perspektivi yaxın bir neçə il ərzində gözlənilməkdədir. Müharibə illərinidə daha da intensivləşən hasilat strategiyasının tətbiqi ilə Azərbaycanda 75 milyon ton neft hasil edilmişdi. Bu o zaman bütün İttifaqda hasil olunan neftin 73,4%-nə bərabər olmuşdur.
Böyük müharibədən sonrakı ilk illərdə də İttifaq və dünya neft industriyasının klassik mənzərəsinin əsaslı dəyişkənliyinə baxmayaraq, Azərbaycan nefti şöhrət çələngini əldən verməmişdir. Azərbaycan neftçiləri 1948-ci ildə tarixdə ilk dəfə əvsanəvi «Neft daşları»nda açıq dənizdə neft hasilatını gerçəkləşdirən önüncülər sırasında olmuşlar. Bu isə neftin dənizdə qurulmuş polad platformalar üzərindən ilk çıxarış sisteminin yaranışı idi. Bununla belə qeyd olunmalıdır ki, Azərbaycanda neftin dənizdən çıxarılması tarixi daha irəlilərə gedir. Belə ki, iki əsr öncə Xəzərin Bibi-Heybət sahilində usta K.Səlimxanov neft hasilatı məqsədi ilə quyu inşa etmiş, bundan yüz il sonra isə 1904-cü ildə Pirallahı adası sahilində dəniz neftinin yeni axtarış işlərinə başlanılmışdır. Həmən ildən də rəsmi statistikada dənizdəki neftçıxarmanın uçotu start alır və Azərbaycanın Xəzər şelfində hasilatın illik 8000 ton olduğu qeyd edilir. 1909-cu ildə isə dənizdə Bibi-Heybət buxtasında sahilin qurudulması zəminində ilk dəniz mədəninin yaradılması təşəbbüsləri gerçəkləşməyə başlayır. Lakin geniş inşaat işləri 1922-ci ildə vüsətlənir. Artıq 1930-cu illərdə Xəzər sahillərində neftin hasil edilməsi daha çox real xarakter almağa başlamışdır. 1939-cu ildə Pirallahı adasının şimal akvatoriyasında metal dirəklər üzərində ilk qazma qurğusu qurulmuşdur. Sovet statistikasının məlumatlarına görə, dünyada ilk dəfə olaraq turbinlə maili quyu 1941-ci ildə usta neftçi Ağa Nemətullanın iştirakı ilə bu buxtada qazılmışdır.
Xəzərin Abşeron sahilində gəmi nəqliyyatı ilə neft daşımanın çox əsrlik tarixinə və 1890-cı ildə ilk neft tankerinin inşası məhz Bakı tərsanələrində reallaşmasına baxmayaraq respublikada müvafiq gəmi donanmasının yaradılması problemi uzun müddət gündəlikdə durmamışdır. Lakin əsrin 1930-40-cı illərində Azərbaycan geoloqları axtarış işlərində perspektivli obyekt kimi Xəzərin daha dərin qatlarını hədəfə gətirəndə məsələ daha aktual səciyyə aldı. 1944-cü ildən Xəzər dənizində axtarış kəşfiyyat və dəniz neft özüllərinin istifadəyə verilməsi üçün Dəniz Qazma Tresti və onun da nəzdində Dəniz Nəqliyyatı İdarəsi yaradıldı. 1949-cu ildə isə idarə neft donanmasına çevrildi və hazırda bu donanma 300-ə qədər müxtəlif təyinatlı gəmiləri ilə 2,4 milyad dollarlıq həcmində mülkiyyətə malik olaraq potensialına görə yalnız ABŞ-dakı partnyorundan geri qalır.
*     *     *
Azərbaycan neft sənayesində hasilat ekstensivliyi mütəmadi xarakter daşımış, ayrı-ayrı investision-texniki məhdudiyyətli məqamlar istisna olmaqla bu proses uzun bir müddət ərzində səngiməmiş qalmışdır. Bunun nəticəsidir ki, 1960-cı illərdən başlayaraq davamlı intensiv hasilat nəticəsində respublikada istismar edilən yataqlarda neft ehtiyatları ciddi ekoloji pozuntularla müşayiət olunaraq vaxtından əvvəl tükənmə mərhələsinə qədəm qoymuşdur. Digər tərəfdən Qərbi Sibirdə aşkarlanan nəhəng neft-qaz yataqları, oradakı hasilatın fontan xarakterliliyi və yüksək debitliliyi Moskvanın respublika neft-qaz sənayesinin perspektivlərinə olan marağını gödəltmişdir. Elə bu səbəblərlə də dövlətin İttifaq aparatında formalaşdırılan yeni strateji neft konsepsiyasında kapital qoyuluşları və texnoloji məhdudluq amillərinə rəğmən Azərbaycanın neft industriyasının tərəqqi proqramı arxa plana çəkildi. Artıq 1970-ci illərin əvvəllərində Azərbaycan neftinin ölkə balansında payı 5%-ə endi. 1980-ci illərin yenidənqurma təntənələri və Sovetlər İttifaqının dağılması ərəfəsində investisiya qıtlığından əziyyət çəkən Azərbaycan neft sənayesinin problemləri daha da kəskinləşdi. Bu kəskinləşmə hasilatın daha miqyaslı templərlə enişinə və bütünlükdə isə ölkə iqtisadiyyatının dərin staqnasiyasına səbəb oldu.
Azərbaycanın ən yeni neft tarixi dövlət müstəqilliyinin bərpası mərhələsindən başlanır. Bu tarixi yaranış mənbəyini Azərbaycan xalqının ümummilli lideri möhtərəm Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının təməl daşı, inkişaf etmiş dünya ölkələrinin aparıcı neft şirkətlərinin Xəzərdəki «Azəri-Günəşli» və «Çıraq» yatağının işləməsi üzrə Bakıda 1994-cü ilin 20 sentyabrda imzalanan «Əsrin müqaviləsi»ndən alır. Ötən müddət ərzində, 1994-2003-cü illərdə Azərbaycanın neft sektorunda «Əsrin müqaviləsi» də daxil olmaqla 22 neft kontraktı bağlanmışdır. Bu layihələrdə 14 ölkənin 32 neft şirkəti təmsil olunmuşdur. Yaxın 15-20 ildə müvafiq müqavilələr üzrə Azərbaycanın neft sektoruna 50-60 milyard ABŞ dolları həcmində sərmayə qoyulacaqdır. Artıq bu sərmayələrin 10 milyard dolları real tətbiqini tapmışdır. Kontraktların əhatə etdiyi zonada hasilat yaxın 10-12 il ərzində apogeyə yüksələcəkdir. Onilliyin sonunda təkcə «Azəri-Günəşli» və «Çıraq» platformasından gündə 1 milyon barrel, ildə isə 56-57 milyard ton neft hasil ediləcək və gəlir toplumunda bu miqyas hər il 9 milyard dollara ekvivalent olacaqdır.
Ölkədə neft strategiyasının reallaşması istiqamətində olduqca möhtəşəm və dəyərli işlər görülmüş, konkret olaraq neft-qaz kompleksinin infrastrukturu yenidən qurulmuş, Səngəçal və Dübəndi terminallarının yenidənqurulması və inşası başa çatmış, Xəzərin ən dərin qatlarını fəth edən «İstiqlal», «Dədə Qorqud», «Qurtuluş» və «Lider» adlı üzən dərin qazma qurğuları istismara verilmişdir. Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri işə salınmış, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına start verilmiş, Tbilisi-Ərzurum qaz kəməri layihəsi kommersiya reallaşması mərhələsinə daxil olmuşdur. Struktur islahatları çərçivəsində energetik kompleksi koordinasiya edən Yanacaq Energetika Nazirliyi yaradılmış, ARDNŞ-in strukturu yeni mobil düzümdə formalaşdırılmış, investisiya təminatlı müvafiq «Neft fondu» təsis edilmişdir. Qarşıda isə sanbalı daha da artacaq işlərin görülməsi perspektivi dayanır.
*     *     *
Neft sivilizasiyasının təşəkkülündən bəri neft-qaz resursları potensialı dünya siyasətində başlıca strateji hərbi və diplomatik qüvvə, siyasi-iqtisadi strategiyanın formalaşması mənbəyi, milli gücün mühüm faktoru hesab edilməkdədir. Neft və qaz müasir zamanda zəruri istehsal, iqtisadi-maliyyə resursu olmaqla sənaye potensialının əsas energetik komponentidir. Sosial gücü, şəhəryaratma və aqlomerasiya effekti mühüm olan bu resursa istinadən bəşər cəmiyyəti ayrılıqda və həmçinin iqtisadiyyatın bütün sahələrində özünü lazımi enerji, nəqliyyat xidməti ilə təmin etmiş olur. Obrazlı deyimdə neft-qaz kompleksi iqtisadiyyatın investisiya istiliyini təmin edən ən güclü və rahat sektor funksiyasi rolunu yerinə yetirir. Neft bənzərliyində dağ-mədən sənayesinin heç bir sahəsində analoji yüksək inkişaf templəri müşahidə olunmamışdır. 1859-cu ildə dünyanın neftə olan tələbi min tonlarla ölçüldüyü halda, artıq XX əsrin əvvəllərində 20 milyon, XXI əsrin başlanğıcında isə 2,5 milyard tona bərabər olmuşdur.
Ötən əsrin 70-ci illərində müdhiş planetar neft böhranında dünya neft ehtiyatları 600 milyon barrel hesablanırdı. Dünya iqtisadi artımına qeyri-adekvat olan belə toplum yeni neftli yataqların kəşfini sürətləndirdi və 1980-ci illərdə ehtiyatlar kəskin artaraq 700 milyard barrel təşkil etdi. Əsrin sonunda isə dünya neft ehtiyatları bir trilyon barrellik həddi ötüb keçdi. Mütəxəssis hesablamalarına görə dünya neft ehtiyatlarının maksimal potensialı 310-315 milyard ton təşkil edə bilər. İndiki zamanda isə kəşf olunmuş ehtiyatlar 136 milyard tona bərabərdir.
Ehtiyatlar baxımından müasir Azərbaycanın potensialı yetərli həcmdədir. Təkcə respublikaya mənsub Xəzər şelfində karbohidrogen resurslarının kommulyativ həcmi mütəxəssis tədqiqatlarına görə 3-4 və hətta proqnoztik baxımdan 5-7 milyard ton hesablanır. Buraya quru ərazilərdə aşkarlanmış və perspektiv potensial ehtiyatların 1 milyard ton şərti yanacağa ekvivalent miqdarı da əlavə olunduqda ümumi toplumda orta hesabla adambaşına 1000 ton həcmində karbohidrogen resursları düşür. Geoloqlar 70% neft-qaz resursları ilə perspektivli olan respublika ərazisinin 13-15%-nin yataqlarının mövcudluğu baxımından hələ öyrənilmədiyini və neftin yarıdan, təbii qaz ehtiyatlarının isə 3/4-dən çoxu kəşf olunmamış qaldığını bəyan edirlər. Planetin energetik xəritəsində bu spektrial görüntü heç də kiçik sayılmamalıdır. Müqayisədə bütün kateqoriyalar üzrə ehtiyatlar göstəricisi müvafiq dünya resurslarında 4-5%-ə bərabər paya malik Azərbaycanı planetin 10 ən qüdrətli aparıcı neft-qaz potensiallı ölkələri sırasına qatır.
XX əsrin ilk ilində 21,2 milyard tona bərabər dünya neft hasilatının 50%-dən çoxu Azərbaycanın payına düşmüşdür. Qlobal sənayeləşmənin sürət aldığı dövrlərdə - 1900-1970-ci illər kəsiyində hər 10 il ərzində dünya neft hasilatı iki dəfə artmışdır. Tam bir əsr ötdükdən sonra XXI əsrin əvvəlində ümumi konturda bu yüksəliş 158 misli aşaraq 3,34 milyard tona bərabər olmuş, 1900-cu ildə 13 mövcud neftçıxaran ölkə sayı müasir zamanda 100-ü ötüb keçmişdir. Hazırda neftli ərazilər 28 mindən çox yatağı əhatə edərək yer səthinin 9%-nə bərabər 45 milyon km2 coğrafi landşafta səpələnmişdir.
Altı min illik yaş tarixinə baxmayaraq XIX əsrdə sənaye xarakteri almış «neft» məhz XX yüzillikdə yetərli bir yüksəliş yolu keçmişdir. Bu əsrdə dünya səthində 260 milyard ton neft kəşf edilmiş, yerin təkindən 121 milyard ton neft hasil olunmuşdur. Hazırda hasilat artımı templəri istehlakı templərini üstələsə də mövcud dünya neft ehtiyatlarının istifadə müddəti 40 ildən bir qədər çox vaxta hesablanır. İndi hər gün planetimizdə 10,3 milyon ton neft hasil olunur. Çox yaxın vaxtlarda bu rəqəmin 11,2-11,5 milyon tona yüksələcəyi gözlənilir. Mütəxəssis hesablamalarına görə dünyada hasilat rekordu 2010-2012-ci illərdə baş verəcək və sonradan bu templər tədricən reqressiv zolağa keçəcəkdir. Dünya neft çıxarmasında pik vəziyyətə paralel olaraq Azərbaycanda da hasilat apogeyə yüksələcəkdir. Həmən dövr ərzində ölkəmizdə hər il 40-50 milyon ton neftin çıxarılacağı gözlənilir.
*     *     *
Aparılan genoloji və müqayisəli təhlil göstərir ki, uzun tarixi, şərəfli bir yol qət edən Azərbaycan öz nefti ilə qlobal neft sivilizasiyasına önəmli töhfələr vermişdir. Bu töhfələri dünya neft sivilizasiyasının XXI əsr astanasına qədər ən mühüm hadisələri xronologiyasında aşağıdakı təqdimatda konkretləşdirmək olar:
Bizim eradan əvvəl V-III əsrlər: neft haqqında ilk xatiratların antik yunan tarixçiləri Herodotun, Plutarxın əsərlərində və Bibliya yazılarında əks-sədası;
Bizim eradan əvvəl IV əsr: Makedoniyalı İsgəndərin Şərq yürüşündə qədim Azərbaycan ərazisində neftlə yanan çırağın ona təqdim olunması;
Bizim eradan əvvəl III-II əsrlər: Hərbi döyüşlərdə «yunan atəşi» adlanan neftli məhsuldan istifadə;
Bizim eradan əvvəl III əsr: Atəşpərəstlərin təbii yanar qazların yerin təkindən özbaşına çıxış arealı - Azərbaycanda ərazi-coğrafi kontekstli toponium yaranışı;
X-XII əsrlər: ərəb və fars alimləri Əbdül Həsən Məsudi, İbn Misqəveyh, Əbu Dulaf əsərlərində Azərbaycan ərazisində neftçıxarmanın intensiv mövcudluğu qeydləri;
XIII əsr: İtalyan səyyahları Marko Polo, İosafat Barbaronun Şərq səyahətlərində Abşeronda neftçıxarmanın mövcudluğunun bir daha təsdiqi və xatırlanması;
XIII-XVI əsrlər: Azərbaycanda neft quyularının qazılması və istismarının peşə səviyyəsinə yüksəlişi, neftdən geniş tikinti materialı və fiskal mexanizm kimi istifadə;
1594-cü il: Balaxanılı usta Allahyar Məhəmmədnur oğlunun inşa etdiyi quyunun 64 metrlik dəyrinliyə malikliyi faktı;
1629-cu il: missioner Delya Roşdalonun Azərbaycanda təbii neft fontanı haqqında qeydləri;
1719-cu il: Rus çarı I Pyotrun Bakı və Şirvan neft mədənlərinin ələ keçirilməsinin məqsədlərinin Şərq yürüşü planlarına daxil etməsi;
1723-cü il: Bakı mədənlərinin Rusiyanın ələ keçirməsi ilə dünyada ilk neft uğrunda dövləti mübarizə;
1729-cu il: Bakı neftinin geniş çeşiddə Peterburq apteklərində satışı;
1729-cu il: Abşeronda neft quyularının xəritəsinin tərtib olunması;
1733-cü il: Peterburq EA-nın akademiki S.Q.Qemelin qeydlərində
Bakıda 52 neft quyusunun mövcudluq təəssüratları;
1804-cü il: Xəzərin Bibi-Heybət sahilində neft quyusunun inşa edilməsi;
1806-cı il: Bakıda neftçıxarmanın intensivləşməsi və onun hasilatının uçot-hesabat göstəricisinə çevrilməsi;
1826-cı il: ABŞ-da duz axtarışına görə qazılan quyudan neft tapıntısı;
1831-ci il: ABŞ-da Kanaua manufakturasında təbii qazdan ilk istifadə hadisəsi;
1848-ci il: Bakıda dünyada ilk neft quyusunun mexaniki üsulla qazılışı;
1848-ci il: Kanada Geoloji Xidmətinin direktoru Ser Uilyam Loqanın antiklinal strukturlardan neftin təbii çıxışına təsadüf etməsi ilə neft-qaz yataqlarının axtarış və kəşfiyyatının nəzəri əsasının qoyulması;
1854-cü il: Rumıniyada neft hasilatının intensiv başlanğıcı;
1854-cü il: Qalsiyada kerosin sənayesinin təşəkkülü;
1854-cü il: Şüşə kolbalı məşhur «Vyana lampası»nın görünməsi;
1857-cı il: Rumıniyada iri neft yatağının aşkarlanması;
1859-cü il: ABŞ-da Qərbi Pensilvaniyada polkovnik Dreykin artezian üsullu qazmada nəhəng neft yatağının aşkarlaması ilə ilk dünyəvi neft həyəcanının başlanğıcı;
1865-ci il: ABŞ-da ilk neftnəqletmə kəmərinin inşası;
1870-ci il: Amerikalı Con Rokfellerin dünyada ilk neft kompaniyası «Standart Oil»un yaradılması
1871-ci il: ABŞ-da Pensilvaniyada ilk neft birjasının açılışı;
1871-ci il: Azərbaycan neft istismarının sənayeləşmə epoxasının başlanğıcı;
1872-ci il: Neftin qiymətlərində ilk titrəyişlər, «Standart Oil» kompaniyasının neft industriyasının strateji seqmentlərinin emal və nəqliyyatın əlinə keçirməsi;
1873-cü il: Norveçli iş adamları Nobellərin Bakıda neft işinin təşkilinə başlamaları;
1879-cı il: Nobellərin Bakıda 1879-cu ildə dünya neft tarixinə ilk şaquli inteqrasiyalı şirkət «Nobel qardaşları» kompaniyasının təsisi;
1886-cı il: Rusiyada ilk dövrü neft nəşriyyatının /«Trudı Bakinskoqo Otdeleniə İmperatorskoqo Russkoqo Texniçeskoqo Obhestva»./ təşəkkülü;
1887-ci il: Meksikada neft hasilatının başlanğıcı;
1888-ci il: Sankt-Peterburqda neft istehsalını tərənnüm edən ilk ÜmumRusiya sərgisinin açılışı;
1890-cı il: «Royal Datç» kompaniyasının təsis edilməsi;
1890-cı il: Bakı tərsanələrində ilk neft tankerinin inşası;
1892-ci il: «Şell» neft kompaniyasının təsis edilməsi ilə kerosin bazarının oliqopolizasiyasının başlanması;
1892-ci il: «Mureks» kompaniyasına mənsub tankerin Bakı benzini ilə Suveyş kanalını keçərək Sinqapur və Bankonq limanlarına göndərişi;
1892-cı il: Rusiyanın maliyyə naziri İ.Vitte rəhbərliyi zamanında imperiya bubcəsinin mədaxil hissəsinə neft gəlirlərini daxil etmişdir.
1893-cı il: İndoneziyada neft hasilatının başlanğıcı;
1898-cı il: Bakıda neft hasilatı həcminin ABŞ-ı ötməsi;
1897-1906 cı illər: limanlararası ən uzun magistral «Bakı-Batumi» neft kəmərinin inşası və açılışı;
1904-cü il: Pirallahı adası sahilində neft hasilatına başlanğıc;
1904-cü il: Britaniya donanmasının daş kömürdən neft yanacaqlı sistemə keçidi;
1907-ci il: ABŞ-ın Missuri ştatında ilk avto yanacaqdoldurma stansiyasının açılışı;
1908-ci il: İranda neft hasilatının başlanğıcı;
1909-cü il: İraqda neft hasilatının başlanğıcı; 
1909-cü il: Bibi-Heybət buxtasında ilk dəniz mədəninin yaranışı;
1909-cü il: İngilis-Fars neft kompaniyasının təsisi /1954-cü ildə «Britiş Petrolium»/;
1911-ci il: ABŞ Ali Məhkməsinin qərarı ilə «Standart Oil» kompaniyasının Standart Oil New Cersy /hazırda Exxon/, Standart Oil New York /hazırda Mobil/, Standart Oil Californiya /hazırda Chevron/, Standart Oil Indiana /hazırda Amoco/, Standart Oil Ohio /hazırda BP America/ şirkətlərinə parçalanması;.
1911-ci il: İlk dəfə olaraq benzin tələbinin kerosini üstələməsi;.
1911-ci il: ABŞ-da Pensilvaniyada ilk dəfə su vurumu metodu ilə layveriminin artırılmasının tətbiqi;
1920-ci il: Rusiyada dünyada ilk dəfə olaraq neft sənayesinin milliləşdirilməsi və bu səbəblə də Qərbin rus neftinin alınmasını boykot etməsi;
1920-ci il: İlk tam dövlət mülkiyyətli «Azərineft» neft şirkətinin təsisi;
1926-cı il: İlk dəfə dünya neft ehtiyatlarının tükənməsi haqqında proqnozların dövriyyə çıxışı;
1928-ci il: Dünyanın aparıcı nəhəng neft kompaniyalarının prezidentlərinin neftin qiymətlərini sabitləşdirmək məqsədi ilə bir araya gəlməsi;
1929-cü il: Azərbaycan Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun təsisi;
1930-cı il: Şərqi Texasda açılan nəhəng neft yatağı izafi istehsal yaradaraq neftin qiymətinin aşağı düşməsi ilə müşayiət olunaraq qiymətlərin tənzimlənməsinə rəvac vermişdir.
1930-cı il: Moskvada İ.M.Qubkin adına neft-qaz institutunun açılışı;
1934-cü il: Küveytdə neft hasilatının başlanğıcı;
1938-ci il: Səudiyyə Ərəbistanında neft hasilatının başlanğıcı;
1938-ci il: Meksikada neft sənayesinin milliləşdirilməsi;
1939-cu il: Pirallahı adası sahilində açıq dənizdə metal dirəklər üzərində ilk qazma qurğusunun inşası;
1941-ci il: Bakıda İliç buxtasında dünyada ilk maili turbinli quyu inşası;
1947-ci il: Meksika körfəzi şelfində neft yatağının aşkarlanması
1948-ci il: Neft daşlarında neft-qaz yataqlarının açılışı;
1948-ci il: ABŞ-ın neft idxalçısına çevrilməsi;
1950-ci il: Ərəb-Amerikan neft şirkəti «Aramko» Səudiyyə Ərəbistanıından Aralıq dənizinin Suriya və Livan sahillərinə yetişən nəhəng neft kəmərinin inşası;
1950-ci il: İngilis-İran kompaniyasının milliləşdirilməsi, Britaniyanın İran neftini boykot etməsi, müharibədən sonrakı ilk neft böhranı;
1953-cü il: Səudiyyə Ərəbistanı ilə İraqın neft sənayesinin vəziyyəti haqqında informasiya mübadiləsi. /Neft tarixində bu qəbildən dövlətlərarası ilk saziş/;
1956-cı il: Neft daşımaları mühüm arteriyası Suveyş kanalının bağlanması, İkinci neft böhranı;
1956-cı il: Əlcəzair və Nigeriyada neft hasilatının başlanğıcı;
1959-cu il: Liviyada neft hasilatının başlanğıcı;
1959-cu il: Avropa qaz sənayesinin təməlini qoyan dünya qaz nəhəngi «Qroningen» /Niderland/ yatağının açılışı;
1960-cı il: Qərbi Sibirdə ilk neft yatağı «Şaimsk»in açılışı;
1960-cı il: OPEK-in təsis edilməsi;
1964-ci il: Şimal dənizində axtarış-kəşfiyyat işlərinin başlanması;
1964-cı il: Sıxılmış təbii qazın kontinentlərarası təchizatının müntəzəmləşməsi;
1967-cı il: Ərəb-İsrail müharibəsi ilə «Aramco»nın ABŞ və Böyük Britaniyaya neft satışına embarqo qoyması, Üçüncü neft böhranı;
1969-cu il: Qərbi Sibirdə nəhəng «Samotlar» yatağının açılışı;
1969-cu il: Şimal dənizində neft hasilatının başlanğıcı;
1969-cu il: Liviyada neft sənayesinin milliləşdirilməsi;
1973-cü il: 20 ildən sonra ilk dəfə yenidən neft tələbinin təklifi üstələməsi;
1973-cü il: OPEK hasilatı azaldıb, neftin 70% qiymətini artıraraq İsraillə müharibədə Misir və Suriyanı dəstəkləməsi, Dördüncü neft böhranı;
1973-cü il: İxracat potensialı ildə 22 milyard m3 olmaqla Qərbi Sibir qazının Avropaya nəqlini reallaşdıran nəhəng qaz kəmərinin inşaası;
1974-1976 cı illər: Səudiyyə Ərəbistanının «Aramco»nun mərhələli olaraq milliləşdirilməsi;
1975-ci il: Küveytin «Gulf-BP» konsessiyasının milliləşdirilməsi;
1976-cı il: Venesuelanın «Shell», «Exxon» və başqa xarici kompaniyaların konsessiyasını milliləşdirməklə onların milli «Petroleos de Venesuela» şirkətinə qatması;
1979-1981cı illər: İran inqilabı, İran-İraq müharibəsi, ABŞ-da, Qərbi Avropada və Yaponiyada neft rezervləri yaradılması praktikasına keçid, neftin qiymətinin bir barrelinin 40$-a yüksəlişi, Beşinci neft böhranı;
1982-ci il: OPEK ilk dəfə olaraq hasilata kvotalar tətbiq edir;
1986-cı il: Dünya neft qiymətlərinin bir barrelinin 10$-a qədər enişi;
1987-ci il: Başlıca Səudiyyə Ərəbistanı olmaqla OPEK ölkələrinin birgə səyləri ilə neft qiymətlərinin bərpası;
1990-1991-ci illər: İraqın Kuveytə intervensiyası, BMT-nin İraqa sanksiyalar tətbiq etməsi;
1991-ci il: SSRİ-nin süqutu;
1993-1994-cü illər: Rusiyada neft kompleksinin özəlləşdirilməsinə başlanğıc;
1993-cü il: Xəzər neft həyəcanının başlanğıcı;
1994-ci il: «Əsrin müqaviləsi”nin bağlanması, Bakı-Ceyhan ideyasının yaranışı;
1995-ci il: «Petro-Canada» şirkətinin özəlləşdirilməsi;
1997-ci il: Kiotoda CO2 emissiyasının azaldılması və neft-qaz istehsalına ekoloji pressinqin gücləndirilməsi üzrə beynəlxalq deklorasiyanın imzalanması;
1998-ci il: Dünya neft qiymətlərinin bir barrelinin yenidən 10$-a qədər enişi, kiçik neft kompaniyalarının iflası, nəhənglərin isə birləşməsi, ilk dəfə olaraq OPEK-in müstəqil neft ixracatçıları ilə hasilatın məhdudlaşdırılmasına rəğmən sövdələşmələrə girməsi;
1999-cü il: İqtisadiyyatın dirçəlməsi, neft qiymətlərinin bir barrelinin 25$-a yüksəlişi, Avropa qaz və enerji bazarlarının geniş miqyaslı liberallaşdırılması, ABŞ-da elektrik və qaz kompaniyalarının konvergensiyası, Latın Amerikası, Yaxın Şərq və Afrikada xarici investorlar üçün neft-qaz sahəsində özəlləşmə tendensiyalarının güclənməsi.
Xronolojı görüntüdən və bundan irəli gələn digər müvafiq əsaslandırmalardan çıxış edərək dünya neft sivilizasiyası çərçivəsində Azərbaycan ərazi-coğrafi kontekstli toponium yaranışı, atəşpərəstlik konsessiyası predmetinə çevrilən neftçi peşəsi, neft fontanı, apteklərdə satış, neft quyularının xəritəsi, neft uğrunda ilk dövləti mübarizə, uçot-hesabat, milliləşmiş neft istehsalı qurumu, dənizdə qazma, platforma və hasilat, fiskal mexanizm, mexaniki və turbinli maili üsullu qazma, Şaquli İnteqrasiya olunan Şirkət, neft tankeri, limanlar arası ilk neft nəql edən magistral kəmər inşasının ilkinlik spektrində yer alır. Lakin bütün sadalananlar heç də Azərbaycanın qlobal neft sivilizasiyasında tutduğu mövqeyi, verdiyi töhfələr qammasını tamlıqla ifadə etmir. Bu sıraya dünya neft elmi və mühəndisliyinin inkişafınada, geoloji-axtarış və kəşfiyyat sahəsində, həmçinin qazma və istismarda da əldə edilən elmi-texniki nailiyyətlər, istehsalın idarəetmə innovasiyaları və Azərbaycan neft sivilizasiyasının digər effekt yaradıcı xüsusiyyət və məqamları da qatılır.
*     *     *
Dünya energetikasının mühüm komponenti - neft-qaz resursları çağdaş zamanda bəşəri təsərrüfat həyatının substansiyasında dayanır. Bu gün dünya iqtisadiyyatının varlığını neft və qaz resursları olmadan təsəvvür etmək çətindir. Kənd təsərrüfatı, sənaye, nəqliyyat onların stimulları əsasında dövr edir, planetin elektrik stansiyalarının yarıdan çoxu neft və qazla işləyir. Müasir zamanda bu resursların iqtisadi dövriyyədən çıxışı və ümumilikdə yoxluğu qlobal energetik aclığa müşaiyət olunması təhlükəsi yaradar, nəqliyyat dayanar, təyyarələr uçmaz, meqapolislər zülmət və soyuğa qərq olar, neft tərkibli yolların asfaltı belə dağılar.
Çətin anlaşılandır ki, yüz ildən bir qədər çox zaman öncə neft kiçik qablarda anginaya qarşı boğazı silmək üçün apteklərdə satılıb. Bu o məqamlar idi ki, dünya əhalisi sayca 1 milyard təşkil edirdi. İndi nefti milyon və milyard tonlarla istehsal edirlər. Proqnozlar belədir ki, dünyanın iqtisadi təkəri azı 50 il əsaslı olaraq neft və qaz resursları potensialına istinadən hərəkətə gələcəkdir. Lakin bununla belə müasir neft sənayesinin fəaliyyəti qədər neft erasının bitməsi problemi də əzm və düşüncələrə hakim kəsilmişdir. Tükənmə prosesi industrial dövlətlərin energetik siyasətində, milli təhlükəsizlik konsepsiyasında dərin əks olunmaqdadır. Müvafiq konseptual istiqamət vətənimiz Azərbaycan üçün də istisnasızdır. Bu gün prezident İlham Əliyev cənablarının simasında, əməli fəaliyyəti nəticəsində ən geniş çevrədə ölkəmizdə milli neft strategiyası qəti reallığa çevrilir. İdeya fövqündə neft industriyasının tərəqqisi əsasında iqtisadiyyatın digər sahələrində əlverişli mühit yaratmaqla, yeni təkanlı iqtisadi inkişafa və sosial irəliləyişə nailolma dayanan milli neft strategiyası artıq dividendlərini sosial çevrədə paylaşdıraraq energetik-maliyyə isitməsini hər bir vətəndaşın rifahından keçirmədədir.
Hələ də yenilməzliyini, dayanıqlığı təminatlı bəşəri neft sivilizasiyası, karbohidrogen erası davam edir. Neft sektoru yenə də ən öncül və bahalı texnologiyaların və innovasiyaların geniş tətbiq zonası statusunda qalır. Bol neft ölkəsi olan vətənimiz Azərbaycanda da bu sivilizasiyanın ön sıralarında addımlamaq potensialı tükənməmişdir. Məhz buna görə də qarşıda ölkəmizin dərinləşən demokratik və institusional dəyişmələr kontekstində yeni sivilizasion mərhələdən maksimal bəhrələnməklə əzəli tarixi şöhrətləri daha da genişləndirmək və yeni qlobal mahiyyətli salnamələr açmaq missiyası dayanır.

QAYNAQLAR

1.Əliyev H.Ə. Azərbaycan nefti dünya siyasətində. Bakı, 1997.
2.Əliyev İ.H., Muradverdiyev A. Azərbaycan nefti dünya siyasətində. IV cilddə Bakı, 1997-1998.
3.Quliyev S.M., Nəzərov R.H. Azərbaycanda neft quyularının qazılması tarixindən. Bakı, 1962.
4.Hacızadə E.M. Azərbaycanın təbii qaz potensialı: reallıqlar və virtual cizgilər.
Bakı, Elm, 2001.
5.Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası. Bakı, Elm , 2003.
6.Müstəqil Azərbaycan. Statistik məcmuə. Bakı, Səda nəşriyyatı, 2001.
7.Азербайджанская нефтяная промышленность за 10 лет, /1920-1930/. Баку, 1933.
8.Азербайджанская ССР в период Великой Отечественной Войны /1941-1945 гг/, в двух томах, Баку, Азербайджанское Государственное Издательство, 1971.
9. Алиев И.Г. Каспийская нефть Азербайджана. М: Известия, 2003.
10.Ализаде А.А. Нефть и ее происхождение. Баку, Элм, 1957.
11.Алиханов Э.Н. Нефтегазоносность Каспийского моря, М: Недра, 1977.
12.Алияров С.С. Нефтяные монополии в Азербайджане в период I Мировой войны. Баку, 1974.
13.Амиров А.Д. Добыча нефти. Баку, Азернешр, 1963.
14.Байбаков Н.К. Моя родина - Азербайджан. М: ООО «Газоил пресс», 2001.
15.Гулиев И.П. Нефть Азербайджана. Баку, Элм, 1980.
16.Ергин Д Добыча. Всемирная история борьбы за нефть, деньги и власть. М: Де Нова, 1999.
17.История Азербайджана. в трех томах, Баку, АН Азербайджанской ССР,
1958-1963гг.
18.Комплексная программа научно-технического прогресса СССР на 1986-2005 года. Региональный раздел 4.2., М:1983.
19.Нефтяная промышленность СССР. 1980 г, М: ВНИИОЭНГ, 1981.
20.Промышленность Азербайджанской ССР. Баку,1970.
21.Соколов В.А. Нефть. М: Недра, 1970.

22.http://www.Ilham-Aliev.com.

23.http://www.sultanov.azeriland.com

24.http://www.neftegaz.ru.

22.http://www.Ilham-Aliev.com.

71.Qlobal neft sivilizasiyasının Azərbaycan prioritetləri. DİRÇƏLİŞ-XXI ƏSR. АMEА-nın Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi nəşri. (H.Q.Əhmədovla müştərək) Bakı-№2-3. 2004. 2,0 ç.v.