Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / ENERGETİK SEKTORDA SESSİYA VƏ FAKTORİNQ TƏYİNATLI İQTİSADİ TEXNOLOGİYALARIN TƏTBİQ EFFEKTİ
UOT 336:622.276. i.e.n. E.M.Hacızadə
Müasir mütərəqqi iqtisadi sistemin dayanıqlılığı stabil partnyorluq münasibətlərində ifadə tapan maliyyə və hüquqi öhdəliklərin müəyyən olunmuş zaman kəsiyində təmin edilməsinə əsaslanır. Keçid dövrünün özəllikləri, iqtisadi tərəfdaşların bazar transformasiyasının müxtəlif mərhələlərində olması reallığı isə maliyyə öhdəliklərinin nizamlanmasında əngəllər yaradır və bu neqativ proses öz növbəsində «ödəməmələr problemini» stimullaşdırır. Transformasiya mərhələsini yaşayan gənc müstəqil dövlətlərdə bazar iqtisadiyyatının tam bərqərar olması şərti kimi, müasir məqamda məhz «ödəməmələr» şəbəkəsinin ləğvi problemi çıxış edir. Enerjitutumlu iqtisadiyyatlı respublikamızda, xüsusən də onun aparıcı sahəsi olan energetik sektorda da «ödəməmələr problemi» kəskinliyi ilə fərqlənir. Təsərrüfat fəaliyyətində iqtisadi dissonanslarla müşayiət olunan problemin həlli isə mülki normativ-hüquqi bazanın təkmilləşdirilməsini və mütərəqqi maliyyə alətlərindən dolğun istifadəetməni tələb edir.
Ödəməmələr şəbəkəsinin təcridi istiqamətində sessiya və faktorinq təyinatlı iqtisadi texnologiyaların tətbiqi artıq sınanmış və effektivliyi ilə fərqlənən reallığa çevrilmişdir. Öhdəliklərin digər şəxslərə ötürülməsi institutunun əsaslı təşəkkülü və tərəqqisi iqtisadi sferada, o cümlədən energetik sektorda da sessiya və faktorinq əməliyyatlarının formalaşması və təkmilləşməsi ilə müşayiət olunacaqdır.
Mülki qanunvericiliyin inkşafı, praktikada onun tətbiqi cəmiyyətin yeni tələbləri əsasında formalaşır və vətəndaş cəmiyyəti quruculuğunda əksini tapır. İqtisadi həyatın gerçəklikləri belədir ki, müxtəlif səbəblərdən öhdəliklər sferasında şəxslərin dəyişməsi prosesi baş verir. Bu prosesdə sessiya - hüququn digərinə verilməsi proseduru əhəmiyyətini artırır. Sessiya hüquqi mahiyyətdə xüsusiləşmiş bir qanuni mexanizm olaraq kreditor və yeni kreditor arasında kommersiya sazişini rəhbər tutur. Bu zaman sövdələşmədə borclunun razılığı tələb olunmadan yeni kreditora borc ödəniş hüququ verilir. Müvafiq proses nəticəsində isə borcun yeni sahibi yaranır. [1,2,3,4] Beləliklə, sessiya prosesi sövdələşmənin elementinə çevrilir. Sxematik baxımdan isə sessiya prosesi aşağıdakı kimi təzahür edir:
Sessiya prosesinin dövriyyə sxemi
Burada
sessiya-hüququn keçməsi
sedent-üçüncü tərəfə borc öhdəliyi verən şəxs;
sesionoriu-sövdələşmədə mülkiyyət hüququ qazanan şəxs;
sesioner-potensial borclu;
Real bazar iqtisadiyyatı ölkələrində borc ticarəti geniş intişar tapmış və bu proses sessiya təyinatlı müqavilələrdən qaynaqlanmışdır. Sessiya müqavilələrinin nəticəsi kimi veksellərin buraxılışı və müvafiq veksel ticarəti formalaşmışdır.
Sessiya prosesinin müasir spektrində faktorinq mexanizmi daha üstün keyfiyyətə malik olaraq geniş yayılmış və eksperimental mərhələni uğurla qət etmişdir. Maliyyə industriyasının nisbətən gənc sahəsi kimi özünün təşəkkül prosesini ötən əsrin 60-cı illərində tapan faktorinq ödənilməmiş borclar tələbinin faktor kompaniyalara verilməsini ifadə edir. İnkişaf etmiş ölkələrdə faktorinq 1980-ci illərdə daha sürətli tərəqqi templərinə məruz qalmışdır. Bu illər ərzində faktorinq dövriyyəsi İtaliyada 74, İspaniyada 14, Böyük Britaniya və Fransada 7,5 dəfə artmışdır. Faktorinq maliyyə dünyasında bank işi və sığortalaşma kimi çox mühüm mövqe tutmuşdur. 1988-ci ildə isə Şəxsi Hüququn Unifikasiyası üzrə Beynəlxalq İnstitut faktorinq haqqında konvensiya qəbul etmişdir.[2,4] Müvafiq maliyyə mexanizmlərinin tətbiqi Sovetlər İttifaqında da möhtəşəm dövlətin süqutu ərəfəsində sınaqdan keçirilmişdir.
Faktorinq əməliyyatlarının mahiyyəti ondan ibarətdir ki, komissioner debitor hesablarını kompaniyadan diskont əsasda nağd alaraq, sonradan müvafiq əmtəə və xidmətlərin ödənişini faktiki alıcıdan təmin edir. Adətən faktor təşkilat 2-3 gün ərzində müştərisinə 70%-dən 90%-ə qədər ilkin məbləğli avans ödəyir. Qalıq məbləği borc tam alındıqdan sonra ödənişə məruz qalır. Fəaliyyətlərində faktorinq əməliyyatları keçirə bilən faktor banklar öz müştərilərini potensial partnyorun ödənişqabiliyyətliliyi haqqında informasiyalarla yanaşı, həm də müvafiq borcların ödənişini də reallaşdırırlar. Rusiyanın nəhəng «Lukoyl» neft şirkəti də borclar məngənəsinə düşməmək üçün maliyyə-təsərrüfat fəaliyyətində sessiya və faktorinq təyinatlı əməliyyatlara üstünlük verir. Şirkətin təsis etdiyi maliyyə qurumları və bankları məhz faktorinq təyinatlı prosedur və normativlər əsasında fəaliyyət göstərirlər.[5]
Respublikamızda sessiya strategiyasına keçid faktor firmaların təşkili, banklarda faktorinq əməliyyatlarının keçirilmə səlahiyyətlərinin genişləndirilməsi, neft-qaz sənayesi müəssisələrinin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və sanasiya prosesinə təkan verəcəkdir. Bunun üçün isə aşağıdakı istiqamətlərdə islahat tədbirlərinin dərinləşməsinə zərurətlər vardır.
sessiya və faktorinq institutunun normativ-hüquqi bazasının əsaslı formalaşması və onun energetik sektorda geniş tətbiqi;
Yanacaq Energetika Kompleksində mərkəzi qurumlarında uzunmüddətli borcların sessiya və faktorinq strategiyası əsasında struktur təhlilinin aparılması, onların qaytarılması və satılmasının reallaşdırılması;
sifarişçi təşkilatlarla müqavilələr bağlanmazdan öncə marketinq tədqiqatlarına uyğun olaraq kontragentin ödənişqabiliyyətliliyi haqqında faktor banklardan müvafiq informasiyaların əldə olunması;
törəmə təşkilatların vəsaitlərinin və hesablaşma hesablarının faktorinq əməliyyatları üzrə lisenziyaları olan banklarda yerləşdirilməsi.
Sessiya prosesinin və faktorinq təyinatlı əməliyyatların milli iqtisadiyyatda istifadə diapozonunun genişləndirilməsi və aktiv olaraq energetik sektorda tətbiqi ödəməmələr probleminin həllində öz təsir effektini göstərəcəkdir. Lakin ödəməmələr probleminin fundamental həll tapıntısını yalnız sessiya müqavilələri və faktorinq əməliyyatları ilə bağlamaq yanlış olardı. Problemin arxivə ötürülməsi kompleks məzmunda institusional transformasiyanın qəti və tam təşəkkülündən keçir.
ƏDƏBİYYAT SİYAHISI
1.Эрнест Джонс. Деловые финансы, М: ЗАО, Олимп-бизнес, 1998, с.416.
2.Пиндайк Р.С., Рубинфельд Ф.Л. Микроэкономика, М: Дело, 2000, с.808.
3.Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı: Elm-2002. s.472.
4.http://www. petroleum-economist.com.
73.Energetik sektorda sessiya və faktorinq təyinatlı iqtisadi texnologiyaların tətbiq effekti. Azərbaycan neft təsərrüfatı. Bakı. №3. 2004. 0,3 ç.v.
Şəkil və diaqramları açmaq üçün məqaləni yükləyin.