gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / NEFTQAZÇIXARMADA RENTA MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ ASPEKTLƏRİ

12.02.2012

 ADİU «Sosial-iqtisadi elmi- tədqiqat» laboratoriyası
Aparıcı elmi işçi, i.e.n E.M.Hacızadə

Təbiətin töhfələrindən biri kimi neftin geoloji nağdlılığının əslində o qədər də insanların xarakterinə, fəaliyyətinə münasibəti yoxdur. Lakin bununla belə, onun üzərində yaşayanlar ümumi və fərdi sahiblik nöqteyi-nəzərindən dəyişən əhəmiyyətli irsi üstünlüyə malikdirlər. Bu irsilik renta doğurur. İqtisadi kateqoriya kimi yaranışının feodal cəmiyyətində təşəkkül tapdığı qəbul edilən rentanın sosial iqtisadi təbiətini kəndlinin izafi məhsulveriminin torpaq mülkiyyətçisinin mənimsəməsi forması təşkil edir. İqtisadi məzmun daşımaqla təbii ehtiyatlarla bağlı əldə edilən gəlirdə ifadə olunan renta iqtisadçı təfəkküründə məhdud ehtiyatlar kontekstində torpaqdan və digər təbii resurslardan istifadə haqqının qiymətini xarakterizə edir. Məhz torpağın, təbii resursların unikal təklifliliyi şərti, onların təsbit olunmuş miqdarı renta tədiyyələrini əmək haqqı, mənfəət və faizlərdən ayıran xüsusiyyətdir. Torpaq təbiətin ödənişsiz sərvəti kimi istehsal xərcləri ilə ilk baxışda heç bir funksional əlaqəsi olmasa da, onun münbitliyinin doğurduğu renta ödənişləri fərdi istehsalçı üçün xərclər yaradar. İctimaiyyət üçün konkret olaraq xərc hesab edilməyən renta məhsul artıqlığı təsəvvürünü canlandırsa da, istifadənin alternativ variantları müqabilində o, məhz ödənişlərin xərcləri kimi çıxış edir. Renta mükafat olmaqla xərclərin dəyəri ilə bazar qiymətləri arasında fərq kimi, böyük səylərin, ustalığın nəticəsi deyil, sadəcə səxavətli irsiyyətdən qaynaq alır.
Müasir mərhələdə renta ilə bağlı iqtisadi reallıq ənənəvi mahiyyətini, terminoloji aspektini saxlamaqla bütün əski keyfiyyətlərini aşaraq istənilən mülkiyyətdən gəlirlərə şamil olunur. İcarə münasibətlərində - baza, ölçü, sığortada - start, birbaşa hibrid, dövlət istiqrazlarının buraxılışında - dövlət, torpaqla bağlı - torpaq, mütləq, differensial, inhisarçı, qiymətli kağızlar bazarında - qeyd olunmuş, natural, resursların bazara çıxışında - inframarjinal və digər renta formaları və onların ayrı-ayrı modifikasiyası, istehlak və iqtisadi tipləri də mövcuddur. Analojı baxımdan çevik aktivlərlə yanaşı indiki mərhələdə yüksək potensiallı intellekt də renta yaradır. Renta məfhumu digər iqtisadi müstəvidə başqa geniş anlayışın - rentabelliyin etimologiyasında da çıxış edir. Bu isə daha geniş mövzunu şərtləndirir. Bizim tədqiqat obyektinin leymotivini isə renta münasibətlərinin geniş intişar və tətbiq sahəsini əhatə edən neftqazçıxarma kompleksi təşkil edir.

*     *     *
Zəmanəsinin müvəffəq birja makleri kimi, «Vaterleo qələbəsindən» varlanaraq şöhrətlənmiş yəhudi əsilli, məşhur ingilis  iqtisadçısı David Rikardo müasiri və həmvətəni İeremiya Bentam kimi, təzahürlərin yalnız gərəklilik, faydalılıq mahiyyətinə bağlılığını əks etdirən utilitarizm prinsiplərini rəhbər tutaraq 1817-cı ildə «Siyasi iqtisadın və vergiqoymanın başlanğıcı» əsəri ilə münbitlilik mahiyyətinə əsaslanan nisbi üstünlüklər nəzəriyyəsini yaratmaqla iqtisad elmində yeni mərhələnin təməlini qoymuşdur. Əlbəttə, ötən iki yüz il ərzində çoxlu təftişlərə məruz qalan tədqiqatın prinsipləri şübhəsiz ki, müəyyən qüsur və nöqsanlardan da azad olmamışdır. Burjua iqtisadçısı kimi, onun təlimi daha çox tənqid aspektində marksizm-leninizm klassiklərinin nəzərinə tuş gəlmişdir. Lakin bununla belə, kommuna strateqləri K.Marks, V.İ.Lenin rentaya tarixi aspektdən yanaşaraq burada mənbə, yaranış, inkişaf, tərkolma kimi kateqoriyaları təhlil edərək cıddi nəzərə almışlar. Daha dəqiq interpretasiyada onlar rentanı torpağın istismarını reallaşdıran ictimai münasibətlərin nəticəsi hesab etmişlər. Renta münasibətlərini geniş aspektdə təhlil edənlərdən biri də ilkin marjinalizm nümayəndəsi, amerikan iqtisadçısı Ç.B.Klark olmuşdur. Rentanı qiymətdən fərqləndirərək istehsal agentləri üçün ayrılmış məhsulun bir hissəsi kimi dəyərləndirən alimin təbirincə «Renta qiymət deyil - bu məsələ üzrə klassik nəticə belədir: o hətta indi də hakim olan bir baxışı ifadə edir. Lakin bu ifadə də aydın deyil. Görünür, bu ondan irəli gəlir ki, dəyərlərin bərabərləşməsində o əhəmiyyət daşımır…»1 Renta ilə bağlı tədqiqatlar həm klassik prizmada və həm də müasir kontekstdə  müxtəlif yanaşma və münasibətin predmeti olaraq çoxsaylı təhlil və araşdırmaların müşayiəti ilə inkişaf tapmışdır. Göründüyü kimi,  bununla belə alqış və tənqidlərə məruz qalan, sağdan və soldan zərbələr alan D.Rikardonun tədqiqatları iqtisad elminin inkişafında əhəmiyyətli rol oynamış, müasir mərhələdə də iqtisadi münasibətlərdə öncül və təkanvericı statusunu qoruyub saxlamışdır. Normal mənfəətdən yüksəkdə dayanan renta anlayışı ilə bağlı alimin  işlədiyi konsepsiya əzəli olaraq taxıl istehsalına əsaslansa da, çox sonralar digər sahələrdə, o cümlədən neft sənayesində də fəal tətbiqini tapmışdır.
Renta orada təzahür edir ki, torpaq əsas kapital mövqeyində dayanır. Torpaq, yerin təki və digər bu kimi resurslar üzərində inhisar zamanı bazar qiymətlərinin istehsal xərclərindən artıq hissəsi müqabilində fərq mütləq torpaq rentasını şərtləndirir. Münbitlik, məhsuldarlıq şəraiti ortaya çıxdıqda differinsial renta hərəkətə gəlir. Müəyyən mahiyyətdə renta həmişə torpaq rentası kimi mövcud olur. Bu mənada torpağın qiyməti kapitallaşmış rentaya müvafiq və bərabər nəzərdə tutulur. İqtisadiyyatda daha çox ictimai və təbii şərtlərdən asılı olan torpaq, hasiledicı sənayedə isə təsbit olunan dağ rentası geniş istifadə olunur. Absolyut - mütləq torpaq rentası torpağın, yerin təkinin və digər resurslar üzərində mülkiyyətdən irəli gəlir və o, bazardakı qiymət ilə istehsal xərclərinin fərqindən ibarətdir. Differensial renta isə keyfiyyət - münbitlik ərazi mövqeyi baxımından pis və yaxşı təbii ehtiyatların istifadəsi zamanı yaranır və harada torpaq əsas kapital kimi çıxış edirsə, orada da renta təşəkkül tapır. Differensial gəlirin təbii bazası hər zaman torpaq və yerin təki ilə bağlı olmuşdur. Torpaq təsərrüfat obyekti kimi digər istehsal vasitələrindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu istehsal vasitəsinin məxsusi fərqliliyi - faydalı qazıntılar təbiətin nemətidir və onların yaranışında insan heç bir əmək məsrəf etmir, yerin təki təkrar istehsal dövriyyəsindən kənardır, müvafiq sərvətlər keyfiyyətcə qeyri-bərabər, kəmiyyətcə məhduddur kimi interpretasiyada şərhini tapır.
Bir çox istedadlı insanlar xüsusi bacarığa malik olmaqla müasir iqtisadiyyatda yüksək qiymətləndirilir. İncəsənət, idman və digər unikal sənət adamları xüsusiləşdiyi ixtisasdan kənarda daim qazandıqlarının çox az hissəsi müqabilində pul əldə edə bilərlər. Belə fərqlilik torpaqda olduğu kimi, burada da xalis rentanı verir. Durmadan varlanmaq istəyində bulunan, yüksək iqtisadi biliyə malik adamlar - hamoekonomikuslar renta dəyərləndirilməsi baxımından fərqlənirlər. Əlverişli təsərrüfat və səmərə verən irsi mülkiyyət sahibləri öz sərvətlərindən renta yönümündə istifadə edərək - rantye adlanan təbəqə qismində çıxış edirlər. Hər bir istedadlı adam, mütəxəssis biliyi rentadır. Məşhur neft maqnatı Con Rokfellerin "insanlarla işləmək bacarığı qənd və qəhvə kimi əmtəə qiymətlidir. Belə bacarığa mən daha çox pul verməyə hazıram2 fikri də bu məntiqdən irəli gəlir.
*     *     *
Azərbaycanın neft sektorunda renta münasibətlərinin təşəkkülü  sənayeləşən neft hasilatına keçidlə bağlıdır. 1872-cı ildən mövcud olmuş iltizam sisteminin ləğvi neftin qiymətində əks olunaraq yeni iqtisadi reallığı - rentanı doğurdu. Neftə və neft məhsullarına aksiz vergisi təyin edilməyə başladı. Aparılan aksiz strategiyası daha çox mənfi aspektdə özünü göstərdi. Yüksək ölçülü aksizlər ABŞ kerosininin  Rusiya bazarlarında irəliləyişinə səbəb oldu. Mənfi təzahürdən nəticə çıxaran ruslar 1877-cı ildə aksiz qanunlarını ləğv etdilər. Lakin sonralar konyunktur iqtisadi mülahizələrlə əlaqədar olaraq 1888-1892-cı illərdə yeni aksiz qanununu dövriyyəyə çıxartdılar. Neft sənayesinin inkişafı neftli torpaqların mədənlərə çevrilməsi ilə müşayiət olundu. Həmən əsrin 70-cı illərindən başlayaraq neft maqnatları əkinçi ərazilərə girişməyə başladılar. Dövrün statistik mənbələrinə görə 1882-1890-cı illərdə çar hökuməti Abşeron kəndlərində 5325 desyatin torpağı neftin işlənilməsinə vermişdir. Sonrakı inkişaf mərhələsində, 1912-cı ildə neft torpaqlarının icarəyə verilməsi haqqında qanun qəbul edildi. Neft sənayeçiləri icarə haqqı əvəzinə şərti ödəniş ödəməyə başladılar. İcarədarlar xəzinəyə bazar qiyməti ilə şərti ödəniş qiymətinin fərqini köçürürdülər. Sahibkarlara elə sahələr verilirdi ki, onlar hər pud neftə ən aşağı şərti ödəniş təklif edirdilər. Burada həmçinin mütləq minimum hasilat həcmi də şərtləndirilirdi. Qeyd etmək lazımdır ki, belə tədbirlər o qədər əhəmiyyətli olmadı. XX əsrin təlatümlü ilk onillikləri renta münasibətlərini də təbəllüdatlara uğratdı.
SSRİ-də 1930-cu ilə qədər renta neft-qaz sənayesində icarə haqqı kimi tutulmuşdur. Burada renta törədicı faktorların ölkə rayonları üzrə differensiasiyası nəzərə alınmışdır. İcarə haqqından savayı müəssisələrdə geoloji xərcləri əvəzləndirmək üçün «kəşfiyyat yığımı» və «hektar hesabı» - torpaq mülkiyyət rentası  tətbiq edilmiş və bütün bunlar maya dəyərində ayrıca maddə kimi əksini tapmışdır. 1930-cu ilin vergi islahatları zamanı renta üzrə bütün ödənişlər ləğv olunmuş və  əvəzində dövriyyə vergisi tətbiq edilmişdir. Bu isə öz növbəsində təbii ehtiyatların dəyərsiz istifadəsinə rəvac vermiş və məlum mənfi nəticəli  «xərc iqtisadiyyatı»nın  yaranmasına zəmin olmuşdur. Təbii və coğrafi faktorların iqtisadiyyatda nəzərə alınmasında iqtisadçı alimlərin tədqiqatları möhtəşəm dövlətin 1965-cı il islahatlarında öz yerini tapmışdır. Neft-qaz sənayesində yenidən renta ödənişləri tətbiq edilməyə başlamışdır. Bu renta ödənişləri o qədər də məhsulverimli təbii sərvətlərin yerləşməsini nəzərdə tutmamış, daha çox müəssisənin rentabelliyi faktoruna istinad etmişdir. Renta ödənişləri məhsulun maya dəyərinə daxil edilmiş, mənfəətdən 1 ton neft və 1 min kubmetr qaza istinadən hesablanmışdır. Bu hal Sovetlər İttifaqının totalitar təbiətindən irəli gələrək, azad rəqabətin qeyri-mövcudluğu şəraitində rentabellik mülahizələrində şərhini tapmışdır. 1980-cı illərdə İttifaqın sahələrarası balansının məlumatlarında mütləq və differensial renta üzrə fərqlər 3:1 nisbətində olmuşdur.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ətalətlilik tendensiyası, ilk çağlarda plan-komandalı sistemin köhnə qaydalarının davamlılığını təmin etmişdir. Aparılan iqtisadi islahatlar neftqazçıxarmada vergi sisteminin dəyişikliklərə uğraması ilə müşayiət olunmuşdur. Burada  renta ilə bağlı münasibətlərin nisbi təkmilləşməsi də qeyd olunmalıdır. Lakin fikrimizcə, bu münasibətlər inkişaf etdirilərək bazar prinsiplərinə, lokal və qlobal meyillərə uyğun olaraq daha dərinləşməli və təkmilləşməlidir. Belə ki, təbii-dinamik mərhələsini bitirmiş, hasilatın sonuncu fazasını yaşayan köhnə və eyni zamanda bununla yanaşı prespektivli yataqların da işlənməsi yeni strateji və taktiki qərarların axtarışını tələb edir. Bu isə öz növbəsində dünya təcrübəsinə əsaslanan yeni texnoloji quruluşun, vergi rejiminin və idarəetmənin  radikal dəyişikliklərində əks olunur.
Uzun müddət neft sənayesində renta münasibətlərindən irəli gələn vergilər müxtəlif cür adlandırılmış, müstəqilliyin ilk illərinə qədər mədən vergisi, royalti kimi tanınmışdır. İqtisadi lüğətlərdə royalti - təbii resursların işlənməsinə hüquq yaradan, lisenziya verən, köçürülən ayırmalar kimi şərh olunur. Milli neft sənayemizdə isə royalti termini təbii resurslar üzrə renta, mə'dən vergisi anlayışlarında təsbit olunmuşdur. Respublikanın ilk vergi məcəlləsində isə royalti məfhumu - qeyri-maddi aktivlərdən, müvafiq  olaraq elm, incəsənət, təhsil və sair humanitar təşkilatların avadanlıqlarından istifadə, yaxud istifadə hüququnun verilməsinə görə mükafat şəklində alınan ödənişləri ifadə edir.3
Xəzərin karbohidrogen yataqlarının offşor təyinatlı işlənməyə verilməsi bizim üçün o qədər də populyar olmayan bonus məfhumunu dövriyyəyə saldı. Bonus əlavə mükafatlandırma kimi renta xüsusiyyətindən qaynaqlanır. Müddətli icarəyə verdiyimiz yataqların renta yönümlülüyü müvafiq bonusların alınmasına şərt oldu. Dövlət və auksionda öncədən təyin edilən ilkin haqq kimi bonus əldə ediləcək gəlir müqabilində kiçik olsa da, böyük yataqların işlənməsində xeyli miqdarda pul vəsaitinə bərabər olur.
Çağdaş zamanda mədən ərazisindən istifadə və burada hüquq yaradan münasibətlər Azərbaycan Respublikasında müvafiq olaraq “Yerin təki” haqqında qanun, “Torpaq Məcəlləsi”, “Vergi Məcəlləsi” və sair normativ aktlarla tənzim olunur. Qüvvəyə minmiş yeni vergi məcəlləsi neft hasilatçılarından renta məzmunlu iki növ verginin, mədən və torpaq vergisinin tutulmasını nəzərə alır. Kiçıcık funksional fərqliliklə hər iki növ vergi eyni mənbəyin elementini təşkil edir. Məlum olduğu kimi, köhnə istismar sahələrində, xüsusən də quru ərazilərində ehtiyatlar potensialı tükənmiş, istismar xeyli çətinləşmişdir. Son 30-40 il ərzində hasilat 10 dəfə aşağı düşmüşdür. Digər tərəfdən, yeni situasiyada təsərrüfat və məişət obyektlərinin mədən sahələrinə müdaxiləsini artırmışdır. Eyni istehsal obyektindən belə vəziyyətdə həm mədən, həm torpaq vergisinin tutulması sahənin normal fəaliyyətinə, hasilat və  iqtisadi artıma zərər gətirən  məqamlardandır. Hazırda Azərbaycanın 43,1 min kvadrat kilometr quru sahəsi neft və qazın istismarına cəlb edilmişdir. Bu isə yaşadığımız coğrafi məkanın mövcud ərazisinin yarısına bərabərdir və neft-qaz resurslarının istismar zonası kimi ikili vergitutma obyektinə çevrilmişdir. Hətta ən kiçik tariflər belə  bu nəhəng parametrlərdə mübaliğəsiz olaraq vergi həcminin böyüklüyü təəssüratını aydın canlandırır.
Neftqazçıxarma müəsisələri torpaqtutumlu, yanğın təhlükəli, ekoloji pis ərazi hesab olunurlar. Burada yığılan mədən vergisi differensiallaşdırılmır. Məntiqi təhlili nəticə və empirik reallıq belədir ki, mədən vergisi yataqların nəhəngliyi və çıxarma şərtlərini əhatə etməlidir. Respublikamızda quruda neftqazçıxarma kompleksində mədən vergisinin maya dəyərində orta çəkisi 10,4% təşkil etsə də, müvafiq olaraq bu göstəricı Rusiyada4 15, əyalət Başqordostanda isə 50%-ni təşkil edir. Bununla belə, respublikanın müvafiq quru ərazidən hesablanan torpaq vergisinin də həcmi 5,6%-dir. Kommulyativ toplumda isə bu, yetərli böyük göstəricıdir. Lakin bu iri torpaqtutumlu ərazidən respublikanın köhnə istismar sahələrində çıxarılan neftin 24%-nin, təbii qazın isə  4,5%-nin çıxarıldığı, orta hesabla hər il 1,5 milyon ton neft və 230-250 milyon kubmetr qaz hasil edildiyi nəzərə alınsa, fərq aydınlığını sezmək heç də çətin olmayacaqdır. Ümumiyyətlə, bu göstəricı sınanmış praktikada 8% konturunda standart hesab olunur. Differensiasiyanın isə 6-16% həddində tərəddüdü normal sayılır. Göründüyü kimi, mədən vergisi qeyri-rentabelliyə rəğmən differensiasiya olunmalıdır. Fikrimizcə, yeni büdcə hesablamaları aparılarkən bu vəziyyət nəzərə alınmalıdır.
Mədən vergisinin vergitutma obyekti çıxarılan faydalı qazıntıların təyinatı, istifadəsi, satış nəticəliyi və digər bu kimi səbəblərdən asılı olmadan müəyyən edilir. Burada texnoloji proseslə əlaqədar quyulara geri vurulan xam neftin miqdarı dövlətin müəyyən etdiyi normativ üzrə vergitutma obyekti hesab edilmir. Mədən vergisinin vergitutma bazasını neftin topdansatış qiyməti təşkil edir. Topdansatış qiyməti əlavə dəyər vergisi daxil edilmədən, bazar qiymətlərindən aşağı olmayan, dövlət tərəfidən tənzimləndikdə isə tənzim qiymətlərdə olan buraxılış qiymətidir. Məhsulun maya dəyərinə aid edilərək müəyyən edilmiş dərəcələr üzrə məhsulun topdansatış qiymətlərindən (məhsulun maya dəyəri + mənfəət) hesablanan mədən vergisi ölkə qanunvericıliyinə görə respublikamızda neft üzrə 26, təbii qaz üzrə 20 faiz təsbit olunmuşdur. Respublika vergi qanunvericıliyinə görə  Xəzər dənizinin  Azərbaycana məxsus sektoru da müvafiq vergiqoyma obyekti hesab edilir. Formalaşmış və nizamlanmış təcrübəyə görə akvatoriyada və dəniz dibi məkanda ödənişlərdə icarə sahəsi, onun konfiqurasiyası - suyun qalınlığı, məhsuldarlıq, o cümlədən, naviqasiya, texniki və kommunikasiya imkanları, 12 millik zona, həmçinin dəniz iqtisadi zonası, 200 mildən çox sərhədlər də nəzərə alınır.
Yerin təki iqtisadi mahiyyətcə iki münasibətdən çıxış edir. O, bir tərəfdən təsərrüfatın obyekti, digər tərəfdən isə mülkiyyət obyektidir. Yerin təkindən istifadə üzrə ödənişlər yerli hakimiyyət orqanlarının təbii resursların işlənməsində maraqlarının təminatı, dayanıqlı maliyyə bazarının təşkilini, müəyyən stimullaşdırıcı potensialın və kapitalın yaranmasına kömək edir. Hasiledicı sənayedə ictimai faktorlarla yanaşı, istehsalın təbii faktorları da mühüm hesab edilir. Bunlar isə yataqların parametrləri və məhsuldarlığı, dərinlik müxtəlifliyi, qeyri-bərabər coğrafi bölgüsü, bazarlara yaxınlıq və sair bu kimi faktorlardan  ibarətdir. Neftli ərazinin istismarında məhsulun alınması konkret vahid sahəyə düşən neft və qaz ehtiyatı ilə ölçülür. Məlumdur ki, Yer kürəsində ehtiyatların bölgüsü olduqca qeyri-bərabərdir. Neftli yataqın 1 hektara bərabər hasilat imkanı göstəricısi müxtəlif yataqlar üzrə layların məhsuldarlığının müqayisəsinə şərt ola bilər. Lakin neft-mədən praktikasında bu çox da təcrübə olunmur. Neft yatağının stratiqrafik bölgüsü qeyri-bərabərliyi ilə yanaşı coğrafi bölgü müxtəlifliyi də mövcuddur. Hasilat sənayesinin çoxcəhətli təbii müxtəlifliyini aşağıdakı təsnifatda qruplaşdırmaq olar:
    neft yataqlarının məhsuldarlığına görə fərqliliyi;
    hasil edilən neftin əmtəə keyfiyyətinin müxtəlifliyi;
    lay dərinliyə görə müxtəliflik;
    bazar və infrastruktur yaxınlığına görə fərq.
Bu və ya digər fərqli cəhətlər ümumi toplumda neft sənayesində differensial renta üçün təbii bazis təşkil edirlər.
*     *     *
Cəmiyyət statistik səcıyyə daşıyırsa, təbii statistik şəraitdə olursa, bu, iqtisadi duruma təsir edir. Apardığımız təhlil və müşahidələr göstərir ki, respublikanın neftqazçıxarma sənayesində vergi qanunvericıliyinin təkmilləşdirilməsi, xüsüsən də azdebitli, resessiya vəziyyətində olan köhnə istismar sahələrində renta münasibətləri ilə bağlı normativ-hüqüqi aktların istismar strategiyasına uyğunlaşdırlması mühüm məsələ kimi qarşıda durur. Bu zərurət həm də orta geoloji proqnozda potensial ehtiyatları 200 mindən 800 min tona qədər hesablanan, yüz illər qovğalı fəsadları ilə yanaşı xalqın, milli məkfurənin, iqtisadi dirçəlişin xidmətində durmuş, Azərbaycanı beynəlxalq arenanın fəal diqqət obyektinə çevirmiş quru ərazidə yerləşən neftli-qazlı yataqların milli mənafelərə uyğun daha səmərəli istismarını təşkil və təmin etməklə bağlılıqdan irəli gəlir.
Müasir itisadiyyatda dinamimzm və liderlik  elmtutumlu sahələrə, informatikaya keçsə də neft industrial cəmiyyətin əsas hərəkətvericı qüvvəsi sivilizasiyanın həyati qüvvə mənbəyi olaraq qalır. O həmçinin dünyanın ən böyük biznes növü, riskin və mükafatlandırmanın geniş meydanı, dövlətlə şəxsi biznesin, sahibkarlarla silikli müəssisələrin ixtilaf mənbəyidir. Tarixi hadisələr göstərdi ki, o milli gücün əhəmiyyətli tərkib hissəsi, dünya iqtisadiyyatının əsas faktoru, müharibə və konfliktlərin səbəbi və beynəlxalq münasibətlərdə həlledicı qüvvədir. Gələcək inkişaf üçün neftin rolu haqqında müxtəlif ssenari söyləmək olar, lakin "sən saydığını say, gör fələk nə sayır" reallığı da unudulmalıdır. Gözlənilməz sürprizin gerçəkləşmiş fakt olması tarixin dərslərindən məlumdur. Zorakılıq, müharibələr, texnogen təhlükələr, siyasi kolliziyalar, iqtisadi tələbkarlıqlar, etnik, dini, ideolojı və sosial konfliktlər ayrı-ayrılıqda və bütünlükdə neftə çıxışda qəfil təzadlara səbəb ola bilər.

76.Neftqazçıxarmada renta münasibətlərinin tənzimlənməsi aspektləri. İqtisad Elmləri: Nəzəriyyə və Praktika. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzəri və elmi praktiki jurnalı. Bakı. №1. 2004. 0,6 ç.v.