gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / MILLI NEFTQAZÇIXARMA KOMPLEKSINDƏ RENTA MÜNASIBƏTLƏRININ FISKAL ASPEKTLƏRI

02.02.2012

Azərbaycan Respublikası, Azərbaycan   Dövlət İqtisad Universiteti /ADİU/

E.M.Hacızadə

Metodoloji qayət çətinliyi ilə seçilən renta məsələsi müasir dövrdə də siyasi iqtisad nəzəriyyəsinin və müvafiq təsərrüfat praktikasının ən mürəkkəb, dolaşıqlı və son dərəcə qeyri-təkmil sahələrindən biri olaraq qalmaqdadır. İqtisadi məzmun daşımaqla təbii ehtiyatlarla bağlı əldə edilən gəlirlərdə ifadə olunan renta, məhdud ehtiyatlar kontekstində torpaqdan və digər təbii resurslardan istifadə haqqının qiymətini xarakterizə edir. Məhz torpağın, təbii resursların unikal təklifliliyi şərti, onların təsbit olunmuş miqdarı renta tədiyyələrini əmək haqqı, mənfəət və faizlərdən ayıran xüsusiyyətdir. Müasir mərhələdə renta ilə əhatəli iqtisadi reallıq ənənəvi mahiyyətini saxlamaqla bütün əski keyfiyyətlərini aşaraq istənilən mülkiyyət gəlirlərinə şamil olunur. İcarə münasibətlərində - baza, ölçü, sığortada - start, birbaşa hibrid, dövlət istiqrazlarının buraxılışında - dövlət, torpaqla bağlı - torpaq, mütləq, differensial, inhisarçı, qiymətli kağızlar bazarında - qeyd olunmuş, natural, resursların bazara çıxışında - inframarcinal renta formaları və modifikasiyaları mövcuddur . Xüsusi bacarığa malik istedadlı insanların intellekti də renta təzahürlü olaraq müasir iqtisadiyyatda yüksək qiymətləndirilir. Renta məfhumu iqtisadi müstəvidə digər tutumlu bir anlayışın - rentabelliyin etimologiyasında da çıxış edir. Bu isə daha geniş mövzunu şərtləndirir. Bizim tədqiqat obyektinin leymotivini isə renta münasibətlərinin yetərli intişar tapdığı neft kompleksi, konkret olaraq isə milli neftqazçıxarma təsərrüfatında renta ilə bağlı fiskal aspektlər təşkil edir.
*     *     *
Milli neftqazçıxarma kompleksinin renta sferasında mövcud problemləri təhlil etməzdən öncə, onun iqtisadi nəzəriyyədə və beynəlxalq praktikada formalaşmış mahiyyət və strukturunun bir daha analitik rakursdan şərhinin verilməsi gərəklidir. Bu gərəklilik həm də rentanın mədən sənayesində iqtisadi təsir aspektinin əhatəli araşdırılmasına yardımçı olacağından irəli gəlir.
Renta ümumiləşdirilmiş universal paradiqmada mütləq və differensial /latınca - fərqli/ olaraq iki qrupda [I və II növ] ehtiva edilən təsnifata malikdir. Klassik və yetkin obrazda rentanın təzahür obyekti torpaqdır. Təbiətin ödənişsiz sərvəti kimi torpağın istehsal xərcləri ilə ilk baxışda heç bir funksional əlaqəsi olmasa da onun münbitliyinin və yeraltı potensial keyfiyyətinin doğurduğu renta fərdi istehsalçı üçün xərclər yaradar. Torpaq, yerin təki və digər bu kimi resurslar üzərində inhisar zamanı bazar qiymətlərinin istehsal xərclərindən artıq hissəsi müqabilində fərq mütləq rentanı şərtləndirir. Keyfiyyət, münbitlik və məhsuldarlıq şəraiti ortaya çıxdıqda differensial renta hərəkətə gəlir. Klassik mahiyyətdə renta həmişə torpaq rentası kimi mövcud olur. Bu əsnada da torpağın qiyməti kapitallaşmış rentaya bərabər nəzərdə tutulur. Daha çox ictimai və təbii şərtlərdən asılı olan torpaq rentasını hasiledici sənayedə dağ rentası əvəzləyir. Dağ rentası təbii rentanın bir çalarıdır. O yalnız dağ-mədən sənayesində faydalı qazıntıların hasilatının geoloji və sosial-iqtisadi amilləri ilə şərtlənərək formalaşır və eynən - mütləq və ikili differensial bölgüdə sintez olunur. Burada mütləq renta yatağın istismarı zamanı yaranaraq normativ xərclərin səviyyəsi ilə normal mənfəətə təyinat verir. Normativ xərclər isə avadanlıq, texnologiya və işçi qüvvəsindən istifadənin müasir tələblərini nəzərə alaraq ərsəyə yetir. Buraya istismar, kapital və nəql xərcləri və faydalı qazıntının hasilat vergisindən savayı digər bütün vergilər aiddir. Tarixən formalaşmış praktikaya görə inkişaf etmiş ölkənin öz bazarında işləyən neft kompaniyası üçün kapital qoyuluşuna müqabil normal mənfəət 5-6% həcmində müəyyən olunmuşdur /risk mükafatı formasında LİBOR stavkası +2-3%/. Əgər transmilli kompaniya inkişaf etmiş və keçid iqtisadiyyatı ölkələrində fəaliyyət göstərirsə illik normal mənfəət 15-17%-ə qədər artır /LİBOR stavkası + 12-14%/ .
Üstün yataqların istismarı zamanı əlavə gəlir gətirən dağ rentası I differensial renta adlanır və o regionla dağ-mədən şəraitindən asılılığında hasil edilən məhsul kəmiyyətinin vaxt vahidinə nisbətində təyinat taparaq yatağın debiti və xam neftin daxili bazardakı satış qiyməti ilə müəyyən olunur. Debit nə qədər həcmlidirsə, I differensial dağ rentasının kütləsi də o qədər artıqdır. II differensional rentanın formalaşmasında isə neftveriminin artırılmasını və faydalı qazıntıların tam çıxarışını təmin edən yüksək texnologiyalar iştirak edirlər. Başqa sözlə, II differensional renta təbii sərvət istifadəçilərinin innovasiyalar tətbiq etməklə hasilat texnologiyasının təsbit olunmuş orta səviyyəli istehsal xərclərinin azalmasını ifadə edir.
Dağ rentası yalnız üstün, yəni adi normadan yuxarı yataqların sənaye istismarı zamanı generasiya olunur və aşağıdakı amillər konfiqurasiyasında formalaşır:
I Vahid zaman ərzində hasil edilən neftin kəmiyyəti. /karbohidrogen xammalı üçün bu göstərici neft quyusunun orta sutkalıq debitidir/;
II.Hasil edilən mineral xammalın keyfiyyəti. /neftin markerləşməsi və müvafiq keyfiyyət bankı göstəricilərində əks olunur/;
III.Yatağın iştismarının həyat tsikli mərhələsi. /«Xabbard əyrisi»nə görə istismarın ilk 10-15 ili ərzində yatağın rentabelliyi artaraq 5-10 il ərzində pikdə qalır və ehtiyatların tükənməsinə rəğmən sonrakı mərhələdə enməyə doğru istiqamət alır. Müvafiq qanunauyğunluğa əsasən 20-25 il istismardan sonra çıxarılan mayenin sutkalıq debitində suyun həcmi üstünlük təşkil etməyə başlayır/;
IV.İqtisadi-coğrafi şərait. /təbii iqtisadi-coğrafi şərait cari və kapital xərclərinə təyinat verir və bu kateqoriyaya sosial, istehsal və mədən infrastrukturu göstəriciləri aid olunur/;
Yerin təki iqtisadi mahiyyətcə təsərrüfat və mülkiyyət obyekti olaraq iki münasibətdən çıxış edir. Ondan istifadə üzrə ödənişlər yerli hakimiyyət orqanlarının təbii resursların işlənməsində maraqlarının təminatına, dayanıqlı maliyyə bazarının təşkilinə, müəyyən stimullaşdırıcı potensialın və kapitalın yaranmasına kömək edir. Burada ictimai faktorlarla yanaşı istehsalın təbii faktorları da mühüm amil hesab olunur. Neftli ərazinin istismarında müvafiq məhsul proporsiyasının alınması konkret vahid sahəyə düşən karobohidrogen ehtiyatı ilə ölçülür. Bir çox mütəxəssislər optimum olaraq mədən ərazisinin 1 hektara bərabər hasilat imkanlığını müvafiq göstərici kontekstində müxtəlif yataqlar üzrə lay məhsuldarlığının nisbətliyinə şərt kimi görürlər. Lakin bu elmi empirizm neft-mədən praktikasında geniş təcrübə olunmur. Bu və ya digər fərqliliklər ümumi toplumda neft sənayesində differensial dağ renta üçün təbii bazis təşkil edirlər.
Dağ rentasının vergi və ya ödəniş olması mübahisələr obyektidir və o, vergidən çox sadəcə renta ödənişi kimi dəyərləndirilir. Belə ki, formalaşmış beynəlxalq praktikada differensial dağ rentasının ödənişi vergi mexanizmlərindən keçməyərək yatağın geoloji iqtisadi qiymətləndirilməsində əks olunaraq lisenziyalarda təsbitini tapır.
Dağ rentası qiymət rentası ilə kompozisiya vəhtədindədir. Beynəlxalq iqtisadi ədəbiyyatlarda dağ rentası ilə qiymət rentası arasında qəti sərhədləri müəyyən edən müvafiq xətti-anlam mövcud deyildir. Bir sıra tədqiqatçılar bu anlayışları ayırır, digərləri isə əks mövqedə dayanaraq təsnifləşdirirlər. Reallıqda isə dağ və qiymət rentasının formalaşmasında ayrı-ayrı iqtiasdi faktorlar rol oynayır. Dağ rentası üçün yatağın təbii və istismar şəraiti, qiymət rentası üçünsə daxili və xarici eksport qiymətləri arasında konyunktur fərq əhəmiyyət kəsb edir. Digər tərəfdən düzgün olmayaraq bu sferada qiymət rentası ilə kvazirentanı da /yalançı renta/ eyniləşdirən yanaşmalar mövcuddur. Əslində qətiyyətli interpretasiyada qiymət rentası xam neftin birjalarda dünya qiymətlərində titrəyişi ilə şərtlənir, kvazirenta isə daxili bazarın xaotik qiymət dəyişmələrinə əsaslanır . Qiymət rentası dünya neft qiymətlərinin artımında ixrac güzəştlərinin mövcudluğunda, xüsusən də xarici bazara yönələn məhsulun əlavə dəyər vergisində dağ rentasını artıran qalıq gəliri kimi çıxış edir. Neftin daxili bazar və xaricə çıxış qiymətlərinin uzlaşdırılmasında İstehlak Qabiliyyəti Pariteti mexanizmindən istifadə olunur.
Renta tipləri və onun iqtisadi reallaşma mexanizmləri müvafiq mərhələdə formalaşmış istehsal münasibətləri sistemindəki məhsuldar qüvvələrin inkişaf səviyyəsindən asılıdır. Onun optimal bölgüsünün nizamlanması isə yalnız mülkiyyət münasibətləri çərçivəsində, xüsusən də şəxsi formalı müstəvidə imkanlıdır. Burada xüsusi bir cəhəti unutmaq olmaz ki, əksər məmləkətlərdə faydalı qazıntılar ümumxalq sərvətidir və dövlət təbii rentanın bir hissəsini mərkəzləşdirilmiş fondlarda akkumulyasiya etmək hüququna malikdir.
*     *     *
Azərbaycanın neft sektorunda renta münasibətlərinin dolğun təşəkkülü əsaslı olaraq sənayeləşən hasilata keçidlə reallaşmışdır. Bu tarixi gerçəklik 1872-ci ildək mövcud iltizam sisteminin ləğvi, neftin və neft məhsullarının qiymətində aksiz vergisinin tətbiqindən start götürür. Sonrakı inkişaf mərhələsində - 1912-ci ildə neft torpaqlarının icarəyə verilməsi haqqında qanun qəbul edilərək renta münasibətləri spektrində yeni normativ təzahürlər formalaşır. Neft sənayeçiləri icarə haqqı əvəzinə şərti ödəniş haqqı verməyə başlayırlar. İcarədarlar isə xəzinəyə bazar qiyməti ilə şərti ödəniş qiymətinin fərqini köçürürdülər.
Sovetlər İttifaqının mövcudluğunun ilk illərində də bütün ölkədə, eləcə də Azərbaycanda neft-qaz hasilatından renta ödənişlərinin icarə haqqı formasında tutulması davam etdirildi. Bu dövrdə artıq rentatörədici faktorların rayonlar üzrə differensiasiyası nəzərə alınmışdı. İcarə haqqından savayı müəssisələrdə geoloji xərcləri əvəzləmək üçün «kəşfiyyat yığımı» və «hektar hesabı» - torpaq mülkiyyət rentası tətbiq edilmiş və bütün bunlar məhsulun maya dəyərində ayrıca maddə kimi əksini tapmışdır. 1930-cu ildə İttifaqda vergi islahatları zamanı renta üzrə bütün ödənişlər ləğv edilərək əvəzində dövriyyə vergisi tətbiq olunmaqa başlandı. Belə praktika isə təbii ehtiyatların dəyərsiz istifadəsinə rəvac verərək məlum mənfi nəticəli «xərc iqtisadiyyatı»nın yaranışına zəmin oldu.
Neft-qaz sənayesində daha optimal hesab edilən renta ödənişlərinin tətbiqi 1965-ci il islahatlarından istiqamət alır. Müvafiq islahat dövrünün renta ödənişləri də yetkinliklə məhsulverimli təbii sərvətlərin yerləşməsini nəzərdə tutmayaraq daha çox müəssisənin rentabelliyi faktoruna istinadda bulunmuşdur. Burada renta ödənişləri totalitar sistemin iqtisadi mahiyyətindən irəli gələrək, azad rəqabətin qeyri-mövcudluğu şəraitində rentabellik mülahizələrinə rəğmən məhsulun maya dəyərinə daxil edilərək mənfəətdən hesablanmışdır. Belə praktika isə mütləq və differensial rentaarası məsafəni xeyli genişləndirmişdir. 1980-ci illərdə İttifaqın sahələrarası balansının məlumatlarında mütləq və differensial renta üzrə fərqlər 3:1 nisbətində hesabatlandırılmışdır.
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra ətalətlilik tendensiyasının ilk çağlarda plan-komandalı sistemin köhnə qaydaları bir müddət davamlı olmuşdur. Bununla belə, aparılan iqtisadi islahatlar neftqazçıxarma kompleksində də vergi sisteminin dəyişikliklərə uğraması ilə tərəqqi etsə də renta ilə bağlı münasibətlərin təkmilləşməsi sahəsində optimallıq əldə olunmamışdır. Analoji hal Rusiya kimi möhtəşəm dövlətdə də təzahür etmişdir. Burada vergi sferasında aparılan islahatlar büdcə-vergi sisteminin renta xarakterliyinin zəifləməsi ilə müşayiət olunaraq normativ-hüquqi məkanda çoxsaylı problemlər törətmiş, ölkənin xammal bazasının inkişafına və ehtiyatların hazırlanmasına neqativ təsir göstərmişdir. Ölkədə keçirilən sosioloji sorğunun nəticələrindən bəyan olmuşdur ki, əksər vətəndaşlar neft gəlirlərinin qeyri-ədalətli bölgüsündən narazıdırlar. Onlar hesab edirlər ki, yerin təki dövlət mülkiyyəti olan ölkədəki vergi sistemi yataqların effektivli istismarı ilə adekvat deyil və kompaniyalar bu dissonansdan faydalanaraq əsaslandırılmamış yüksək mənfəət qazanırlar. Belə gerçəklik isə renta tədiyyələrinin idraklı, iqtisadi biçimli mexanizminin olmamasını israr edən bir sıra mütəxəssis fikirləri ilə üst-üstə düşür. Onların zənnincə, əsaslandırılmış metodologiyaya istinadən renta sferasında orta hesabla $4-40 milyard arası nəzərdən qaçırılan əlavə vergi yığımını təmin etmək mümkündür.
Çağdaş zamanda Azərbaycan Respublikasında mədən ərazisindən istifadə və burada hüquq yaradan münasibətlər müvafiq olaraq «Yerin təki» haqqında qanun, «Torpaq Məcəlləsi», «Vergi Məcəlləsi» və sair müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Fiskal orientirləri prioritet götürən «Vergi məcəlləsi»ndə kiçicik funksional fərqliliklə neft hasilatçılarından mahiyyətcə eyniyyət təşkil edən renta məzmunlu iki növ - mədən və torpaq vergisinin tutulması təsbitini tapmışdır. Məlumdur ki, yaşadığımız coğrafi məkanın tən yarısına bərabər, sahəsi 43,1 min km2 təşkil edən quru ərazilərində ehtiyatlar potensialı tükənmiş, dağ-mədən, geoloji şərait xeyli çətinləşərək istismar kəskin mürəkkəb həddə yetişmişdir. Son 30-40 il ərzində burada hasilat 10 dəfə aşağı düşərək dayanıqlaşan orta göstəricidə illik 1,5 milyon ton neft və 230-250 milyon m3 qaz həcminə müvafiq olmuşdur. Belə vəziyyətdə isə hasilat obyektlərindən eyni zamanda mədən və həm də torpaq vergisinin tutulması normal fəaliyyəti daha da məhdudlaşdırmışdır. Digər tərəfdən müxtəlif çalarlı olaraq yüksək torpaqtutumlu, ekoloji çətin, yanğın təhlükəli hesab edilən neftqazçıxarma müəssisələrinin ərazisindən yığılan torpaq və mədən vergisi differensiallaşdırılmır. Qazanılmış məntiqi empirik reallıq belədir ki, mədən vergisi stratiqrafik və coğrafi bölgüdə yataqların parametrlərini, məhsuldarlıq, dərinlik müxtəlifliyini, çıxarma, bazarlara yaxınlıq kimi şərtləri əhatə etməlidir.
Respublikamızda quruda neftqazçıxarma kompleksində mədən və torpaq vergisinin maya dəyərində orta kommulyativ çəkisi 17-19% təşkil edir. Sınanmış praktikada bu göstərici 8% konturunda standart hesab edilərək differensiallaşdırıldıqda 6-16% həddində tərəddüdü normal sayılır . Nəzərə alınmalıdır ki, Azərbaycanın köhnə dəniz və quru sektorunda Xəzərdəki «Günəşli» yatağı istisna olmaqla hasilat əsasən qeyri-rentabellidir. Dənizdə hasil edilən hər ton neftə 5 ton, fontan hasilatı tamamilə dayanmış quru ərazilərdə isə 13 ton su düşür. Burada hasilat elektrik enerjisindən qaynaqlanan avadanlıq və qurğular vasitəsi ilə reallaşır. Hesablamalara görə müvafiq qatışığın çıxarılmasına 14 ton neftin hasilatına sərf olunan qədər elektrik enerjisi məsrəf edilir. Bundan başqa lay təzyiqini saxlamaq üçün də əlavə xərclər tələb olunur. Lakin bu xərclər də bütün təsərrüfat palitrasını əhatə etmir. Bununla belə, xərclər və gəlirlər balansının qeyri-müqabilliyi, vergi pressinqi, kəskin aşınan fondlar faktoru, səngiməyən «ödəməmələr» sindromu və dövriyyə vəsaitlərinin qıtlığı ümumi toplumda istehsal fasiləsizliyinin normal tempdə inkişafına təsir edir, rennovasion prosesi məhdudlaşdırır. Monopsoniya şəraitində yataq müxtəlifliyini, çıxarılan faydalı qazıntının təyinat və istifadəsini, satış nəticəliyini və həmçinin digər bu kimi amilləri nəzərə almadan tətbiq edilən mədən vergisi isə istehsal prosesinə reinvestisiya olunmur. Bu isə öz növbəsində bir daha renta tədiyyələrin, elmi-metodoloji prinsipsiz və təyinatsız toplantısından nişan verir.
Qurudakı yataqlar əhatəsindəki renta prosesini tədqiq edərək Xəzərin Azərbaycana məxsus 78,8 min km2-lik ərazisinin mövcudluğunu da nəzərdən qaçırmamalıyıq. Respublikanın vergi qanunvericiliyinə görə bu sektor da müvafiq vergiqoyma obyekti hesab olunur. Formalaşmış təcrübəyə görə akvatoriyada və dəniz dibi məkanda ödənişlərdə icarə sahəsi, suyun qalınlığı, məhsuldarlıq, naviqasiya, texniki və kommunikasiya imkanlığı kimi iqtisadi komponentlər ön sırada dayanır. Bu iqtisadi əhəmiyyətli reallıq da dolğunluğu ilə dəniz şelfindəki hasilatda renta ödənişilərinin baza predmetinə çevrilməlidir.
*     *     *
Dünya təcrübəsində karbohidrogen hasilatından renta tədiyyəsinin tutulmasının səmərəli nailiyyətləri əldə olunmuşdur. Belə ki, praktiki olaraq Böyük Britaniyada, Norveçdə müvafiq tədiyyələr xam neftin dəyərinin 80-90%-i həcmində təsbit edilərək neftqazçıxarma sənayesinin rekonstruksiyası və modernizasiyası üçün yetərli kapital ayrımının akkumulyasiyasını yaratmışdır. Bu gerçəklik isə öz növbəsində qazmanın dərinliyinin artmasını, neft məhsullarının keyfiyyət çeşidinin yüksəldilməsini və ətraf mühitin çirklənməsi problemlərinin həllini qaynaqlandırmışdır.
Yataqlar müxtəlifliyi ilə fərqlənən Azərbaycanda da təbii renta məsələsində fiskal siyasətinin əsas istiqaməti olaraq hər bir ehtiyat zonasına keyfiyyəti baxımından eksklyuziv yanaşma prioritetliyi ön plana gətirilməlidir. Milli neftqazçıxarma kompleksində dayanıqlı inkişafı təminetmə kompleksli dağ rentası tətbiqi daha məqbuldur. Bununla belə, dağ rentası transfertli deyil, real bazar qiymətləri əsasında müəyyənləşməli, sahəvi vergi yükünün əsas hissəsi isə emal və satış sferasına keçirilərək neftqazçıxarmada tam rentabelli fəaliyyətin əsas qaynaq elementlərindən birinə çevrilməlidir.
Apardığımız təhlil və müşahidələr bir daha göstərir ki, milli neftqazçıxarma sənayesində vergi qanunvericiliyi və lisenziya sisteminin təkmilləşdirilməsi, xüsusən də azdebitli, resessiya vəziyyətində olan köhnə istismar sahələrində renta münasibətləri ilə bağlı normativ-hüquqi aktların istismar strategiyasına uyğunlaşdırılması mühüm məsələ kimi qarşıda durur. Burada başlanğıc olaraq yataqların müfəssəl audit və inventarizasiyası təşkil edilməli, xammalın qiymətləndirilməsi üzrə normativ aktlar mövcud universal standartlara müvafiqləşdirilməli, bütün tərəfləri konsensusa gətirən indikatorlar sistemində ehtiva olunan yeni renta qanunvericiliyi və müvafiq metodika işlənməlidir. Renta ilə bağlı tədiyyələr dominant olaraq lisenziya kontraktlarında əksini tapmalıdır. Qeyd olunmalıdır ki, hazırda BTM-də yataqların qiymətləndirilməsi sahəsində vahid standartlar və qaydalar sistemi hazırlanmaqdadır. Bu baxımdan respublikamız da renta münasibətlərinin yeni tənzim qaydalarının müəyyənləşdirilməsində müvafiq işləmələrdən faydalanmalıdır. Fikrimizcə, bu münasibətlər qlobal meyillərlə yanaşı lokal özəllikləri də tərənnüm etməlidir. Belə ki, təbii-dinamik mərhələsini bitirmiş, hasilatın sonuncu fazasını yaşayan köhnə və eyni zamanda bununla yanaşı perspektivli yataqların da işlənməsi yeni strateji və taktiki qərarların axtarış tələbində bulunur. Nəzərdən keçirilən strateji istiqamət isə dünya təcrübəsinə əsaslanan yeni vergi rejiminin, texnoloji quruluş və idarəetmənin kardinal dəyişikliyini şərtləndirir. Bu şərtlilik həm də Azərbaycanı beynəlxalq arenanın fəal diqqət obyektinə çevirmiş karbohidrogen resurslarının milli mənafelərə uyğun daha dolğun və səmərəli istifadəsinin təşkil və təminatı zərurətliyindən irəli gəlir.

86.Milli neftqazçıxarma kompleksində renta münasibətlərinin fiskal aspektləri. Beynəlxalq Şərq Neft Аkademiyası, Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Dənizneftqazlayihə» DETLİ, Bakı Dövlət Universiteti, «Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya» ETİ «Хəzərdənizneftqazyataq - 2004» Elmi-təcrübi konfransın məruzələri. Bakı. 2004. 0,5 ç.v.

Şəkil və diaqramları açmaq üçün məqaləni yükləyin: