Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / REGİONAL İNKİŞAF STRATEGİYASI: ELMİ-EMPİRİK BAXIŞ VƏ YENİ KONSEPTUAL ƏSASLANDIRMALAR
ADİU, «Azərbaycan regionlarının inkişaf problemləri üzrə
elmi araşdırma və konsaltinq mərkəzi»nin
direktoru, i.e.n. E.M.Hacızadə
Azərbaycanın sənaye potensialının və müvafiq infrastrukturun əksər hissəsinin tarixən Bakıda, onu əhatə edən urbanizasiya zonasında yerləşməsi bölgənin digər regionlarla müqayisəsində yetərli fərqlənişinə gətirmişdir. Burada daha çox obyektiv səbəblər üstünlüyü ələ almışlar. Belə ki, XIX əsr Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin Bakıya köçməsi, paralel olaraq miqyaslı neft resurslarına rəğmən regionun qlobal enerji mərkəzlərindən birinə çevrilməsi artan dominantlığı xeyli zənginləşdirmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ötən əsrin sonlarında Xəzərdə aşkarlanan nəhəng karbohidrogen ehtiyatlarının işlənmə prosesinə keçidində xarici investisiyaların paytaxta yönələn intensiv meyli isə yeni geoiqtisadi effektlə müşayiət olundu. Regionlarda mövcud bir sıra istehsal, xidmət obyektlərinin fəaliyyətinin zəifləməsi və tamamilə dayanması ilə əlaqədar ayrı-ayrı əhali qruplarının və Qarabağ münaqişəsində yaranan böyük qaçqın kontingentinin mühüm hissəsinin Bakıya, ətraf urbanik məntəqələrinə köçü də nəticəli olaraq mərkəzə toplanış tendensiyasında yeni təzahürləri formalaşdırdı. Bakıda resursların təmərküzləşməsi prosesi apogeyə qalxdı. Ümumilikdə isə bütün bu faktorlar konfiqurasiyası iqtisadiyyatın regional çərçivədə tərəqqisində kəskin disbalans törədərək sosial, demoqrafik, iqtisadi və ekoloji vəziyyət ağırlaşmalarına rəvac verdi. Yaranmış situasiya təbii olaraq respublika regionlarının sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsini, onlar arasındakı fərqin mülayim həddə çatdırılmasını təxirəsalınmaz dövləti vəzifə kimi qarşıya qoydu. Bu gerçəkliklərdən irəli gələrək regional inkişafın təminatında dövlət siyasətinin və dəstəyinin əsas istiqamətlərini müəyyənləşdirən 2004-2008-ci illəri əhatə edən «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı» hazırlandı və prezident İlham Əliyev cənablarının 11 fevral 2004-cü il tarixli fərmanı ilə reallaşmaya vəsiqə aldı. Bu əməli fəaliyyət proqramı lokal özəlliklərə uyğun olaraq mövcud potensialdan rasional istifadədə regionlarda yeni təsərrüfat strukturlarının yaradılması, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, mütərəqqi biznes fəaliyyətinin genişləndirilməsi və məşğulluqun mülayimləşdirilməsi ilə ölkə iqtisadiyyatının dinamik inkişafının davamlı təmin edilməsinin dövlət reqlamentasiya sənədinə çevrildi.
Vurğulanmalıdır ki, seçim edilən strateji istiqamət heç də regionlarda hamıya bərabərsürətli inkişaf templərinin bərqərar olması ilə iqtisadi miqyasların eyniləşdirilməsini əsaslandırmır. Təbii ki, hər bir region sosial-iqtisadi inkişafa yüksəliş verən spesifik «energetik» konturları ilə adekvat nisbətlərə malikdir. Bütün bu amillər və aspektlər çevrəsi isə müvafiq Dövlət Proqramında konkret olaraq təsbitini tapmışdır. Bununla belə, regionalistikanın nəzəri və empirik nailiyyətləri silsiləsində nəzərdə tutulan tədbirlərin optimal reallaşması və növbəti mərhələləri hədəf edən elmi cəhətdən əsaslandırılmış uzunmüddətli əlahiddə konsepsiyaların hazırlanması məsələsi də mühüm dövləti strateji vəzifə olaraq qarşıda dayanır. Yeni konseptual əsaslandırmalar regionlarda yaranmış disparitetlərin aradan qaldırılması istiqamətində sosial-iqtisadi tərəqqisini stimulaşdıran, əmək ehtiyatlarından, təbii və iqtisadi potensialın daha rasional istifadəyə imkanlar açan dayanıqlı inkişaf zolağına çıxışa və müvafiq dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin dolğunluqla reallaşmasının elmi fundamentallığının artırılmasına zəmin yaradacaqdır. Buna görə də müvafiq şəbəkə predmetləri təqdim olunan mövcud tədqiqat işləməsində qismən təhlil və təklif obyektinə çevrilmişdir [2, 17].
İqtsadi rayonlaşma: nəzəri və empirik rakursda. Fransız mənşəli istilah olaraq rayon hərfi mənada şüa, qövs anlamlarını ifadələndirir. Təcrübələnən geniş interpretasiyada isə rayon hər hansı bir ərazi bölgü sistemində taksonomik vahidi səciyyələndirən genesiz və qarşılıqlı rabitəli komponentlər vəhdətində akvatoriyanın da şamil olunduğu bütöv territorial məkanı təcəssüm etdirir. «Rayon» və «reqion» anlayışlarının sinonimatik əlaqəliliyinə nəzərən praktikada geniş diapozonda daha çox reqion kateqoriyası tətbiq olunur [15].
Regional nəzəriyyə yaradıcılarının tədqiqatlarında region iqtisadi münasibətlər subyekti olaraq təbii və insani resursların yerləşməsi, əmtəələrin istehsal və istehlakının, xidmət sferasının cəmləşdiyi xüsusi iqtisadi maraqlar məkanı kimi göstərilir. Müasirləşən nəzəriyyədə isə regiona informasion cəmiyyətin sistemaltısı, iqtisadiyyatın beynəlmiləlləşməsi və qloballaşmasının bilavasitə iştirakçısı olaraq da baxılır. Region nəzəriyyəsinin təkamülü iqtisadi inkişafda qeyri-material məqsəd və amillərin rolunun yüksəldilməsini, təlimlərarası biliklərin və regionların dayanlqlı ekoloji-sosial-iqtisadi inkişaf modelinə keçid imkanlılığını əks etdirir.
Regionların müasir komponent-funksional strukturuna aşağdakı blok-sxemində müvafiq sistemaltılar formatında təyinat vermək olar.
REQİONUN KOMPONENT-FUNKSİONAL STRUKTURU
Təqdim edilən sxematik format «konfederativ» olduğu qədər də «fedarativ» regional struktur üçün də əksər parametrlərdə mütləq eyniyyəti ifadə edir. Bununla belə, ölkələr birliyində ehtiva olunan regional vahid, dövlətdaxili regionalaşmadan bir sıra spesifik cəhət və xüsusiyyətləri ilə fərqlənir. Ölkənin daxili strukturuna uyğun olaraq regional sistem nəzəri və empirik aspektdə əksərən iqtisadi rayonlaşma kimi təcəssüm olunur.
İqtisadi rayonlaşma xalq təssərüfatının ixtisaslaşmış hissələri və onlar arasında qarşılıqlı rabitədən törənən istehsal güclərinin ərazi strukturda quruluşunu ehtiva edir. Bu proses ölkənin inzibati-ərazi sistemi ilə sıx əlaqədar olaraq əməyin coğrafi bölgüsünün nəticəsində istehsal, resurs, sosial və siyasi xarakterli faktorların məcmu təsirindən formalaşır. Burada təyinedici amil kimi ixtisaslaşma çıxış edir. İxtisaslaşma ölkənin ayrı-ayrı hissələrinin malik olduqları məxsusi təbii, tarixi, sosial-iqtisadi xüsusiyyətlərinə nəzərən əmək bölgüsündə məhsul və xidmətlərin istehsalının müəyyən növləri üzrə təyinatda dövlət əhəmiyyətli sahələrin reqional üstünlükdə irəliləyişinə təkan verir [10, 15, 18].
İqtisadi rayonlaşma aşağıdakı üç əsas formatik vəhdətdə quruluş alır:
I.iqtisadi. - ölkənin vahid xalq təssərufatının müəyyən yardımçı və xidmətedici istehsallarını əhatə edən ixtisaslaşmış ərazi hissəsi kimi;
II.milli: - rayonun əhalisinin milli tərkibinin tarixən ənənələşmiş əmək, mədəniyyət, məişət və sonrakı yeni yaranışlarını birləşdirən kontekstdə;
III.inzibati: - ölkənin inzibati-ərazi quruluşunu və iqtisadi rayonlaşma vahidliyini təyin edərək müstəqil səmərəli inkişaf və ərazi əmək bölgüsündə rolunu möhkəmləndirən aspektdə.
Daha geniş təsnifatda iqtisadi rayonlaşma aşağıdakı prinsiplər üzrə təsnifat tapır:
müstəqillik prinsipi - hər bir region iqtisadi və sosial suverenitetə, ərazinin sosial-iqtisadi və siyasi inkişafının strateji və taktiki məsələlərinin həllində nisbi müstəqilliyə malik olmalı;
özünüinkişaf prinsipi - regionların inkişafı daxili təzadlar və əksliklər əsasında yerli potensialdan istifadədə təmin edilməli;
özünütəminat prinsipi - ilk vacib tələbat malları və əmətəələrin başqa bölgələrdən alınması ilə yanaşı, üstün nisbətdə daxili istehsala əsaslanan regional bazarın formalaşdırılması zəminində təchiz olunma;
nümayəndəlik prinsipi - aşağı taksonomik ranqlara malik rayonlar yuxarı instansiyalara idarəetmənin ayrı-ayrı funksiyalarını deyil, həm də ərazinin əlahiddə obyekt və hissələrini də həvalə edirlər;
özünüidarəetmə prinsipi - hər bir regionda təsbit olunmuş hüquq və funksiyalara müvafiq olan sərbəst idarəetmə orqanları yaradılimalı;
özünümaliyyələşdirmə prinsipi - regionun daxili büdcəsi başlıca olaraq ərazi mənbələri hesabına formaladırılmalı;
sosial qanunluluq prinsipi - hər bir insanın hüquqlarının və bütün təsərrüfat obyektlərinin fəaliyyətinin aktiv reallaşdırılması nümayəndəlik, icra hakimiyyəti və bələdiyyələr üçün ərazi inkişafı təmin edən bütün müvafiq qərarlar paketində təcəssüm olunmalı.
İnzibati-ərazi qurumlarda sosial-iqtisadi proseslərin tənzimlənməsi daim mürəkkəb məsələlər sırasında olmuşdur. Müasir industrial sistemin təşəkkülü və irəliləyişi müstəvisində də qlobal inkişaf ssenarisinə, sosial tərəqqi templərinə uyğun bitkin palitralı yerli resurslar bazasına maliklik və siyasi-iqtisadi potensiallılıq faktorları yer almışdır. Müqabil meyarlar və elementlər şəbəkəsində olmaqla iqtisadi rayonlaşma həmçinin reallaşma aspektində də adekvat tələblər ehtiyacında bulunur. Bu tələblər isə başlıca olaraq tənizmləmə və idarəetmə vektorları ilə bağlanılır. Bütün müasir iqtisadi sistemlərdə olduğu kimi iqtisadi rayonlaşma şəbəkəsində də dövləti müdaxilə və tənzimlənmə dolayı /iqtisadi/ və birbaşa /inzibati/ olan iki mühüm metod əsasında reallaşır. Əlbəttə ki, bazar təsisatlı rejimlərdə maliyyə-kredit strategiyasına əsaslanan iqtisadi metod prioritet mövqedə dayanır və bu çevrədə onun əsas alətlərini pul-kredit siyasəti, mütləq ehtiyatlar norması, banklararası faiz və uçot stavkası, Milli Bankın qiymətli kağızlar bazarında dövlət istiqrazları ilə apardığı əməliyyatlar toplumu təşkil edir. İqtisadi metodlarla tənzimləmə iqtisadi rayonlaşma çevrəsində bazar təbiətindən irəli gəlsə də, heç də optimallığı tamlıqla şərtləndirmir. Bu sırada inzibati metodlarla tənzimləməyə də yer ayrılır. Belə zərurət xüsusən dövlət inhisarının hakim olduğu, direktiv planlaşdırma, xərclər və qiymət nisbətlərinin üstün mövqedə dayandığı ümumi və zonal iqtisadi mühitdə əhəmiyyətini nümayiş etdirir. Bununla belə, iqtisadi rayonların menecmenti prosesinin müasir spektrində iqtisadi təhlil, plan və proqnozlaşdırma, təşkilati, uçot, nəzarət kimi əlahiddə texnoloji funksiyanallığa da əhəmiyyət verilir [15, 18].
Regional inkişafın nəzəri və empirik çevrədə fomalaşmış müvafiq xüsusiyyətləri Azərbaycan Respublikasında da ümumən eyni əhəmiyyətdə adekvatdır. Bununla belə, Azərbaycanda həyata keçirilən regional strategiyada lokal tarixi-coğrafi gerçəkliklər, milli-mental cəhətlər, formalaşmış ənənəvi təsərrüfatçılıq ukladı, qlobal reallıqlar və zaman aspekti də informasiya bankına qoyulmalıdır.
Azərbaycanda iqtisadi rayonlaşmanın tarixi oçerki: Azərbaycanda rayonlaşmanın inzibati və iqtisadi prinsiplərinin formalaşması ölkə ərazisinin imperiya torpaqlarına qatılması ilə XIX əsrin 30-40-cı illərində başlanmışdır. Öncə daha çox inzibati-coğrafi bölgü əsaslı bu rayonlaşma Azərbaycan xanlıqlarının ərazi sərhədləri formatında təsbit olunmuşdur. Lakin sonradan milli-cöğrafi varislik iddialarının yaranacağı təhlükəsi və ehtimalı ilə ənənəvi təsnifat təbəllüdatlara uğramış, daxili sərhədlər əksərən «yuyulmuş» və Azərbaycan ərazisinə bütövlüklə bir quberniya obyekti kimi baxılmışdır. İmperiya istəklərinə baxmayaraq daxili struktur özəllikləri belə təsnifatın daha çox iqtisadi baxımdan qüsurluluğunu aşkara çıxarmışdır. Regional iqtisadi strukturlaşma kəskinliyi bolşevik inqilabları ərəfəsində də özünü biruzə vermişdir. Buna görə də Rusiya imperiyasının varisi Sovetlər İttifaqının ilk zamanlarında bütün böyük ölkədə olduğu kimi, Azərbaycanda da daxili iqtisadi struktur təsnifatı hazırlanmışdır. Bu strategiyada universal rayonlaşma nəzəriyyəsinin - «kompleks inkişafı təmin edən optimal bölgü» postulatı əsas götürülmüşdür [3].
SSRİ ərazisində iqtisadi rayonlaşma prosesi XIX əsrin 20-ci illərində İttifaq dövlətinin məhşur elektrikləşmə - QOELRO planının tətbiqi ilə daha yeni ahəng alaraq bərabər addımlamışdır. Daxili inzibati-iqtisadi strukturlaşmada istehsal güclərinin müvafiq ərazi əlamətlərə görə bölgüsü, yerli enerji və xammal mənbələri əsasında regional istehlakın təmin edilməsi mühüm şərt olaraq götürülmüşdür. Yeni siyasətdə həmçinin kombinasiyalı texnoloji proseslərin məhsuldar qüvvələrin yerləşməsini ifadə edən ərazi-istehsal komplekslərinin yaranışına gətirən meylinə istinad olunaraq hər bir rayona istehsalın üç kateqoriyası üzrə təyinat verilmişdir:
rayon əhəmiyyətli istehsal - onun məhsulu rayon daxilində istehlak üçün nəzərdə tutulur;
rayonlar arası istehsal - iqtisadi rayonlar qrupu reallaşan istehsalı əhatə edir;
ölkə əhəmiyyətli istehsal - ölkə və müttəfiq respublikaya oriyentasiya olunmuş istehsalı hədəf edir.
Əvvəl İttifaqi strukturda «Azərbaycan İnzibati-İqtisadi Rayonu» yaradılmışdı. Bu rayonlaşmadan öncə isə Azərbaycan Respublikasının daxilində kompleks ərazili iki muxtar qurum - Naxçıvan, Dağlıq Qarabağ və 50 inzibati rayon, 4 respublika tabeli şəhəri birləşdirən siyasi-inzibati bölgü formalaşdırılmışdı. Ötən əsrin 50-ci illərində sosiumun inkişafının yeni pilləsi ərəfəsində Azərbaycanın neft və pambıq ölkəsi kimi rolu və əhəmiyyəti daha da möhkəmləndi. Bu iqtisadi əlamətlilik respublika daxilində rayonlaşmanın daha aydın konturlarını cızdı. Azərbaycan Abşeron, Kirovabad-Qazax, Kür-Araz, Quba-Xaçmaz, Nuxa-Zaqatala, Kəlbəcər-Laçın, Şamaxı, Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan 10 iqtisadi-coğrafi rayona təsnifat aldı. İllər ötdükcə bu bölgü sayı və mütləq ərazi əlamətliliyini saxlamaqla İttifaq dövlətinin sonuna qədər funksionallığını qorudu.
Azərbaycanın dövlət müsətəqilliyinin bərpası, ölkədə aparılan islahatlar prosesi iqtisadi möhtəşəmliyi daha sanballı etmək üçün respublika ərazisində iqtisadi rayonlaşmada da reformasiya prosesini qaçılmaz etdi. Yeni inzibati-iqtisadi bölgü iqtisadi-coğrafi mövqeyi, təbii şərait və ehtiyatlar, əhalinin məskunlaşma səviyyəsi, regionun sahə və ərazi quruluşu və tarixi inkişaf xüsusiyyətləri prinsipləri zəminində məzmun aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 11 fevral 2004-cü il tarixli fərmanı ilə 2004-2008-ci illəri əhatə edən «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı»nda ölkədaxili inzibati-iqtisadi rayonlaşmanın yeni elmi konseptual əsaslandırılmış prinsipləri konkret təsbitini tapdı. Hazırda regional aspektdə 10 iqtisadi-coğrafi rayonu əhatə edən bu format aşağıdakı təsnifatdadır:
1. Abşeron /Abşeron və Xızı rayonları, Sumqayıt şəhəri/;
2. Gəncə-Qazax /Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri/;
3. Şəki-Zaqatala /Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları/;
4. Lənkəran /Astara, Gəlilabad, Lerik, Masallı, Yardımlı, lənkəran rayonları/;
5. Quba-Xaçmaz /Dəvəçi, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları/;
6. Aran /Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Əli Bayramlı, Mingəçevir və Yevlax şəhərləri/;
7. Yuxarı Qarabağ /Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri/;
8. Kəlbəcər-Laçın /Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları/;
9. Dağlıq Şirvan /Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları/;
10. Naxçıvan /Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonları/ [2].
Regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramı - analitik şərhdə: Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə aktiv irəliləyişinin daha artan templərlə təminatı ölkənin regional vəhdətdə bötöv bir orqanizm kimi ümumi inkişaf konsepsiyasının hazırlanmasını şərtləndirmişdir. Bu tələb vurğulandığı kimi regionların inkişafında müşahidə olunan destruktiv vəziyyətin aradan qaldırılması, potensialdan dolğun və səmərəli istifadəetmə kimi problemlərin həllinə qovuşmasından irəli gəlmişdir. Yaranmış problemli məsələnin aktuallığını nəzərə alaraq ayrı-ayrı rayonlarda iqtisadiyyatın inkişafının 2004-2008-ci illəri əhatəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edən Dövlət Proqramı qəbul edilmişdir [2].
Müvafiq Dövlət Proqramının əsas məqsədini regional resurslardan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, müəssisələrinin fəaliyyətinin bərpasına və genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlıq potensialının əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilməsinə, məşğulluq səviyyəsinin artırılmasına və ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına nailolma ifadə edir. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün zəruri infrastrukturun formalaşdırılmasını təmin etmək, aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək, regionlara investisiya axınını genişləndirmək, yeni iş yerlərinin açılmasını həvəsləndirmək, əhalinin kommunal xidmətləri ilə təminatını yaxşılaşdırmaq, yerli resursların istifadə səmərəliliyini artırmaq, mövcud müəsissələrdə istehsalı yüksəltmək, yeni təsərrüfat sübyektləri yaratmaq kimi vəzifələrin yerinə yetrilməsi nəzərdə tutulur. Bu məqsədlərin təsbit olunmuş keyfiyyət və müddətlərdə reallaşması üçün əlaqələndirici orqan kimi İqtisadi İnkişaf Nazirliyində «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının Katibliyi» və müvafiq icraçı orqan «Regional inkişaf şöbəsi» yaradılmışdır.
Üç bölmədən ibarət olan müvafiq Dövlət Proqramının ilk hissəsində Azərbaycanın iqtisadi rayonlarının ümumi xarakteristikası, ikinci bölmədə 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafının əsas istiqamətləri, üçüncü bölmədə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və bu tədbirlərin icraçıları və reallaşma müddətlərinə dair məlumatlar əksini tapmışdır. Proqram çərçivəsində həyata keçiriləcək tədbirlərin Azərbaycan Repsbulikasının dövlət büdcəsi, Sahibkarlığa Kömək Milli Fondu, büdcədənkənar dövlət fondları, kommersiya bankları və bank olmayan kredit təşkilatlarının kreditləri, beynəlxalq təşkilatların və xarici dövlətlərin, yerli və xarici sahibkarların kapitalı, qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Dövlət proqramında regionların sosial-iqtisadi inkişafında yaranmış fərqin səbəbi kimi məhsuldar qüvvələrin regionlar arasında qeyri-mütənasib paylanması, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin zəbt olunması və bununla əlaqədər bir milyona yaxın qaçqın kontingentinin mövcudluğu, aparılan aqrar islahatlar nəticəsində regionlarda yaşayan əhalinin çox hissəsinin torpaq və digər daşınmaz əmlak sahibinə çevrilməsinə baxmayaraq ilkin kapitalın, texnikaın, servisin, məsləhət xidmətinin, infrastrukturun, və sair bu kimi təsərrüfat seqmentlərinin olmaması, mövcud imkanlardan qeyri-qənaətbəxş istifadə göstərilir.
Dövlət proqramında qeyd olunur ki, Azərbaycan Respublikası regionlarının hərtərəfli inkişafının təmin olunmasında iqtisadiyyatın ərazi strukturunun təkmilləşməsində iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın yerlərdə tam bərqərar olmasında, ölkədə yoxsulluq səviyyəsinin azaldılmasında və onun tədricən aradan qaldırılmasında son illər həyata keçirilən siyasət makroiqtisadi sabitliyin davam etdtrilməsində mühüm rol oynayır. Amilin vacibliyini nəzərə alaraq qarşıdakı illərdə onun daha da möhkəmləndirilməsi istiqamətində əməli işlər davam etdiriləcəkdir. Bu məqsədlə 2004-2008-ci illərdə investisiya siyasətində dövlətə mənsub sərmayələr regional infrastrukturun və kommunal xidmətinin inkişafına yönələcək, sosial obyektlərin inşasına daha çox diqqət yetiriləcəkdir. Yeni tarif-qiymət siyasəti əhalinin həyat səviyyəsi və ödənişqabilliyyətini nəzərə alan istiqamətdə formalaşdırılacaqdır. Ölkənin nüfuzlu təşkilatlara inteqrasiyasında qanunverici bazanın təkmilləşdirilməsi işi universal standartlar əsasında aparılacaqdır. İxrac üçün daha əlverişli şərait yaradılacaq, daxili bazarın haqsız rəqabətdən qorunması prosesi güclü dövləti dəstəklə müşayiət olunacaq. İndustrial siyasətin və aqrar sektorun təkmilliyinin artırılması bu istiqamətdə başlanan işlərin əsas leytmotivini təşkil edəcəkdir. Regionlarda yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində müasir tipli elektrik stansiyalarının, yollaraın, kommunikasiya xətlərinin və digər infrastruktur obyektlərinin inşası, yenidənqurulması və inkişafı layihələri həyata keçiriləcəkdir. Dövlətin struktur siyasəti neft sektoru ilə yanaşı qeyri-neft sektorunun da tərəqqisinə, innovasiyaların daha geniş tətbiqinə, iri müəsissələrin özəlləşdirilməsinə, turizmin inkişafına, maliyyə infrastrukturunun mobilləşməsinə yönələcəkdir. Bu istiqamətdə özəlləşdirmə strategiyasına daha çox önəm verilir. Belə ki, bu prosesdə şəffallığın təminatı, intensivləşmənin artımı, əmlak və səhm sahiblərinin hüquqlarının qorunması, daşınmaz əmlakın dövlət reyestrinin yaradılması və onun beynəlxalq tələblər səviyyəsində qurulması daha çox diqqət veriləcəkdir. Bu strateji mərhələdə ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlər davam etdiriləcəkdir. Regional sahibkarlığın inkişafına dövlətin maliyyə köməkliyi artırılacaq, informasion təminat yüksəldiləcək, məsləhət, marketinq xidməti yaxşılaşdırılacaq, yerli ixtisaslaşmanı nəzərə alaraq işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzləri yaradılacaqdır. Ticarət yarmarkalarının təşkili, məhsulun keyfiyyətinə laboratoriya nəzarətinin gücləndirilməsi, təbii inhisarların tariflərinin müntəzəm şəkildə tənzimlənməsi, sahibkarlıq fəaliyyətinə müdaxilənin qarşısının qəti şəkildə alınması, ipoteka, lizinq, françayzinq kimi beynəlxalq təcrübədə uğurla sınanan sahibkarlıq fəaliyyəti növlərinin dəstəklənməsi və inkişaf etdirilməsi, dövlət-sahibkar dialoqunun genişləndirilməsi aparılacaqdır [2].
Növbəti beş ildə regionlarda sosial siyasətin başlıca məqsədinin əhalinin, o cümlədən regionlarda yaşayan vətəndaşların mənəvi ehtiyaclarının daha dolğun ödənilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması təşkil edəcəkdir. Təhsil islahatları onun strukturunun və məzmununun yeniləşməsinə istiqamətlənəcəkdir, elmi sferada işlər yeni keyfiyyət alacaqdır. Bədən tərbiyyəsi və idman sahəsində dövlət siyasətinin strateji məqsədləri əhalinin sağlamlığının yaxşılaşdırılması, insanlarda yüksək mənəvi keyfiyyətlərin tərbiyə olunması, vətənin müdafiəsinə hazırlığın təmin edilməsi istiqamətində inkişaf tapacaqdır. Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkənin sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla iqtisadi dirçəlişdə və rifahın yüksəlişində mühüm rol oynayacaqdır.
Mühüm dövlət proqramı sənədində əsaslandırılmış tədbirlər sisteminin uğurlu finişində ölkədə 600 min yeni iş yerinin yaradılması, ÜDM-in 2,3 dəfə artaraq 76,3 trilyon manata çatması, müvafiq göstəricinin adambaşına düşən həcminin 1578$ qədər yüksəlməsi və orta aylıq əmək haqının 300$ ötməsi kimi mühüm sosial səciyyəvi iqtisadi keyfiyyətlərə nailolunma dayanır.
Müvafiq dövlət proqramının təqdim olunan qısa təfərrüatları belə bir nəticəliyə əsas verir ki, yaxın beş il üçün dövlət regional inkişafın optimal sosial-iqtisadi parametrlərini müəyyən etmiş və reallaşmanın mümkün uğur mexanizmlərini yaratmışdır. Ötən bir ilin statistikası göstərir ki, 2004-cü il üçün nəzərdə tutulan işlərin kəmiyyət sferasında planlar əsasən hədəfə yetişmişdir. ÜDM-in artım indeksi 2004-cü illə müqayisədə 10,2%, o cümlədən qeyri-neft sektorunda 13,9% təşkil etmiş, iqtisadiyyatda qeyri-dövlət sektorunun payı 73,5%-ə çataraq adambaşına düşən gəlirin həcmi 1000$ keçmişdir. Burada əlamətdar hadisə kimi ilk dəfə dövlət büdcəsinin kəsirsiz ötüşməsi göstərilir. Dövlət büdcəsinin gəlirilərinin 26,4% artması və ümumi xərclərin 54,6%-nin sosial təyinatlı tədbirlərə yönəlişi müvafiq istiqamətdə irəlləyişlərin dinamik olduğuna bir daha yəqinlik verir. Bunun nəticəsidir ki, orta aylıq əmək haqqı 26,2% yüksələrək 483 min manata çatmış, ölkədəki yoxsulluq səviyyəsi 45%-dən 42%-ə enmişdir. Və nəhayət, məşğulluğun təminatında 174 mindən artıq yeni iş yeri açılması bir daha Dövlət Proqramında nəzərdə tutulan işlərin rəvan məcrada gedişindən xəbər verir. Lakin sosial-iqtisadi sferada bir sıra problemlər hələ də həllini tapmamış qalmaqdadır. Bu sırada regionlarda elektrik enerjisi, su təchizatı və kommunal xidmətlərlə bağlı problematik məsələlərin mövcudluğu daha qabaraıq şəkildə özünü biruzə verir. Həmin problemlərin aradan qaldırılması ilə bağlı görüləsi tədbirlər haqqında bu ilin martında hökumətin Milli Məclis qarşısındakı hesabatında geniş təfsilatlar verilmişdir.
Bütün bunlarla yanaşı qazanılan uğurları qeyd edərkən bir mühüm amilə də diqqət yetirilməlidir:
Azərbaycan ənənəvi olan bir neft ölkəsidir. Burada yenə də energetik resursların iqtisadi inkişafda payı yüksək olaraq qalmaqdadır. İndi qeyri-neft sektorunda müşahidə olunun irəliləmələr neft sektorunu arxada qoysa da, bu tərəqqini natural kefiyyət çevrəsində mühüm hesab etmək olmaz [1]. Lakin əlbətdə ki, qeyri-neft sektorundakı bu dinamizm təqdir olunandır. Yaddan çıxarılmamalıdır ki, bu dinamizmin əsas investisiya mənbəyini də mühüm dərəcədə neft sektoru təmin edir. Dünya bazarındakı bütün 2004-cü ili müşayiət edən qiymət qalxmaları isə ötən ilin iqtisadi göstəricilərinin ahəngdarlığında əhəmiyyətli rol oynamışdır. Buna görə də qeyri-neft sektorunun tam avtonom fəaliyyəti zolağına çıxışı üçün yenə də xeyli işlər görülməlidir. Bu işlərin fəallıq obyekti isə vurğulandığı kimi, daha çox regionlarda axtarılmalıdır [17].
Aparılan təhlil regional inkişaf strategiyasının yaxın beşillik planında taktiki addımların atılmasını, müvafiq korrektələrin aparılmasını qaçılmaz edəcəkdir. Prosesin keyfiyyətli irəliləyişi həm də şübhəsiz ki, elmi monitorinqlərsiz, auditlərsiz, gücləndirilən tənzimləmə və nəzarət mexanizmlərinin mütəmadi təkmilləşməsi tətbiq olunmadan ötüşməyəcəkdir.
Ümid etmək olar ki, qarşıya qoyulan bütün vəzifələr möhkəm dövləti dəstək, optimal və qarantlı investesion axın, fərdi və kollegial əzmkarlıqla hədəf nöqtəsinə yetişəcəkdir. Bununla belə, diapazonu geniş olan növbəti mərhələdə də görüləsi işlərin konturları indidən müəyyənləşdirilməli və istiqamətləndirilməli, təşkilati səfərbərlik gerçəkləşdirilməli, elmi investision-iqtisadi əsaslandırmalar aparılaraq yeni regional inkişaf konsepsiyasının uzunmüddətli strateji planları formalaşdırılmalıdır.
Strateji əsaslandırmalar və regional qalxınmanın yeni konseptual əsasları: Öz təbii və insani resursları, potensial imkanları ilə ölkəmizin müasir regionları nə qədər ümum geo-milli vəhdət təşkil etsələr də, vurğulandığı kimi, ayrı-ayrı fərq çalarlarına malikdirlər. Bu fərqlilik regionalistikada da ümumən zəruri hesab edilir. İqtisadi inkişafın sosiallaşan bazar sferasına keçmiş ABŞ, Yaponiya və Avropa Birliyi ölkələrində də bütün regionlar eyni xətli və bərabərsürətili tərəqqi etməmişlər. Lakin bununla belə, həmən ölkələrdə fərq kəskinliyini səciyyələndirən amillər artıq aradan qaldırılmışdır [8]. Vizual görünən «qabartıların» isə təbii olaraq özünəməxsus spesifik meyarları vardır. Regional inkişafın qeyri-tarazlığı Azərbaycan üçün də istisnasız deyildir. Ona görə də yeni regional sosial-tərəqqinin strateji planlaşdırılmasında fərqlilik faktoru elmi-empirik reallıqlara rəğmən nəzərə alınmalıdır.
Azərbaycan Respublikasında müvafiq Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərlə yanaşı daha uzaq oriyentirləri hədəf seçən regional strategiyanın konseptual əsaslarının işlənməsi işinə indidən start verilməlidir. Burada isə formalaşmış tarixi zərurətlərlə yanaşı, eyni zamanda bir sıra müasir geosiyasi və geoiqtisadi məqamlar da diqqət mərkəzində saxlanılmalıdır. Daha dəqiq isə, yeni inkişaf konsepsiyası ənənəvi reallıq, yeni təsərrüfatçılıq ukladı və qlobal axın kontekstini ifadə edən institusional triada üzərində qurulmalıdır. Onun sxematizasiyası strateji planlaşdırma, menecment prosesi isə indikativ əsaslı iqtisadi-direktiv metodologiyaya istinad etməlidir. Bununla belə, yeni strategiya taktiki çevrədə dövlət-sahibkar konsensusu ilə nizamlanan, yüksək informasion təminatlı xətt üzrə inkişaf tapmalıdır.
Məlumdur ki, Azərbaycan regionları daha çox kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükü üzrə ixtisaslaşmışlar. Texnoloji tərəqqi isə təsərrüfatçılığın sənayeləşməsini və ondan irəli gələn yeni infrastruktur düzümünün formalaşmasını təmin etmişdir. Buna görə də dayanıqlaşan ənənəvi prinsipiallığa rəğmən müasir Azərbaycan regionları əsasən aqrar-sənaye statuslu komplekslilikləri ilə fərqlənirlər [1, 4, 12]. Belə «status-kvo» imkan verir ki, Sovetlər İttifaqı zamanı şöhrət qazanmış regionlarda /Cəlilabad, Şamaxı, Ağdam/ üzümçülük və şərabçılıq, Mil-Muğan düzündə pambıqçılıq, Kür-Araz vadisində əkinçilik, Quba-Xaçmaz və Lənkəran bölgəsində tərəfəzçilik, dağ və dağətəyi rayonlarda heyvandarlıq, Şəki və Aran Qarabağda barama istehsalının geniş həlqədə bərpa olunması və inkişaf etdirilməsi vüsətlənsin. Bu regionlarda kifayət qədər müvafiq ixtisaslaşmaları təmin etmiş əhali qrupları hələ də köhnə istehsal vərdişlərini yadırğamamışlar. Ona görə də istehsal ənənəsi varisliyini qoruyub saxlamaq üçün mövcud insani resurslardan və əhali potensialından səmərəli istifadə edilməlidir. Həmən regionlarda industrial komplekslərin, xidmət sektorunun yerləşməsi və genişlənməsinə mütərəqqi iqtisadi texnologiyalar, investisiyon alətlər və mexanizmlərlə yeni imkanlar açılmalıdır. Bununla belə, əksər regionlarda yeni aqrar-sənaye komplekslərinin, irriqasiya sistemləri, müqabil servis qurumlarının, kənd təsərrüfatı məhsulları istehsalı kooperativlərinin yaradılması planları işlənməli və reallaşdırılmalıdır.
Ölkədə genişmiqyaslı aqrar islahatlar prosesi aparılmışdır. İndi müvafiq sektorda islahatların ikinci mərhələsinə keçid edilmişdir. Bu keçidlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin strukturu və idarəetmə şəbəkəsi bazar iqtisadiyatının tənzim metodlarına istinadən yenidən qurulur. Texniki təminat və servis sferasında yeni qurum - «Aqrolizinq» təşkilatı yaradılmışdır. Kəndlərdə təsərrüfatçılığın mikrokreditləşməsi həyata keçrilməkdədir.
Bununla belə, aqrar sektorda inkişafın davamlılığının təminatı daha çox kooperasiyanın əsaslı təşəkkülü ilə uzlaşır. Dünya təcrübəsi bəyan edir ki, iri kooperativ qurumlar fermer təsərrüfatları ilə müqayisə daha effektli işləyirlər. ABŞ-da kənd təsərrüfatı istehsalında kooperativlərin payı 90%-dən çoxdur. İqtisadi nöqteyi-nəzərdən fermer təsərrüfatlarının uğuru daha çox fərdi sahibkar istedadı və davamlı dövləti dəstəklə əlaqəlidir. Sovetlər İttifaqının kənd təsərrüfatı sektorunda olan sovxoz-kolxoz tipli qurumlara oxşar iri miqyaslı kooperativlərin təşkili isə daha məhsuldar və özünütəminatlığı ilə fərqlənə bilər. Buna görə də dövlət aqrar kompleksdə səhmdar əməkdaşlığa söykənən iri təsərrüfatçılığın geniş təşəkkülünə dəstək olmalıdır. Bu sienerji effekt görüntüsü bir qədər də iqtisad elminin klassiki A.Smitin mütləq üstünlüklər nəzəriyyəsindəki «Bolluq daha çox kooperasiya və əmək bölgüsü əsasında istehsalın inkişaf səviyyəsi ilə bağlıdır» tezisi ahəngləşir [18].Bununla belə ayrı-ayrı qabaqcıl fermer təsərrüfatlarının da inkişafı daim stimullaşdırılmalıdır.
Regionlarda yeni istehsal sahələrinin yerləşdirilməsi, kiçik və orta biznesin inkişaf etdirilməsinin imkanlılıq çeşidi genişdir. Məhz kiçik və orta biznes müəssisələri lokal resurslara istinad edərək reqional inkişafın əsasında dayanır. Onların hərəkət şəraiti isə davamlı iqtisadi artıma və dayanıqlı regional tərəqqiyə təminatçı olur. Müasir zamanda kiçik biznesin əsaslı qərarlaşmasında yeni institusional sistemlərdən və iqtisadi mexanizmlərdən geniş istifadə edilməkdədir. Bu sırada fəaliyyət başlanğıcında çətinliklər çəkən kiçik sahibkarlığa ilkin dəstək olaraq icarə əsasında kommunikasiya vasitələri, kompüter, ofis texnikası, inventarlar, iş və istehsal otaqları ayıran biznes inkubatorları /Bİ/, regional aspektdə institusional infrastrukturun əlverişli inkişafını, industriyanın qabaqcıl sahələrinin formalaşdırılmasını, yerli elmi-texniki və istehsal potensialının yüksəldilməsini təmin edən texnoloji parkların /texnopark/ yaradılması daha çox iqtisadi effektlidir.
Sahibkarlar, alim və ixtiraçılar öz ideyaları əsasında kommersiya fəaliyyətini gerçəkləşdirmək istədikdə Biznes İnkubatorları onlara lazimi informasiya, injirinq və konsaltinq xidməti göstərirlər. Bir qayda olaraq Biznes İnkubatorları bazarda potensial tələbli, məlum texniki həllini tapmış, müasir texnolocj proseslər və «nou-xau»lar əsasında qurulan yeni, təkmil məmulatlar istehsalı və xidmətlər qoyuluşunu əhatə edir. Onların xidmətindən innvasion ideyalara əsaslanan kommersiya layihələrinin ilkin və riskli mərhələsində, təcrübi və seriyalı istehsal tsiklinin təşkilində istifadə olunur.
Müasir dunya iqtisadiyyatında texnoparklar elmi-texniki tərəqqinin lokomotivi hesab olunurlar. Burada müvaiq siyasət seçiminin taktiki və strateji prinsiplərinin öncüllüyü mühüm amil sayılır. İqtisadi islahatlar sferasında mühüm nailiyyətlər əldə etmiş Çində 20 ilə yaxındır ki, texnopark şəbəkəsinin genişləndirilməsi regional siyasətin əsas prioritetlərindən biri kimi tətbiqini tapır. Texnoparklarda kiçik müəssisələr üçün Bİ-lər yaradırlar. Texnopark sahibkarlıq və Bİ-lər vəhdətində texnoloji-innovasion mərkəzlərin struktur modelini ehtiva edir Bu uzlaşmadan çıxış edərək bəzən doğru interpretasiya olmunmasa da, Bİ-ləri texnoparklar da adlandırırlar [18].
Regional sosial-iqtisadi inkişafda biznes inkubatorları və texnoparkların təsisat və tətbiq zonası kimi ilk variyasiyada Azərbaycan regionlarının ayrı-ayrı məntəqələri pilot mərkəzlər kimi nəzərdə tutula bilər. Bu iqtisadi sistemlərin yaranışında müəyyən regionların tam miqyaslı təyinatda olmasa da, məhdud Azad İqtisadi Zonaya çevrilməsi vacibdir. Burada offşorluğun turizm mərkəzi, azad sahibkarlıq, istehsal və azad bank kimi əlahiddə komponentləri seçimə təqdim edilir. Regional texnoparklar kiçik və orta biznes konfiqurasiyasında müvafiq iqtisadi zonalarda elmtutumlu istehsal sahələrin yaranışına imkanlar açılır. Belə perspektiv imkan verir ki, bölgələrdə spesifik təyinatlı istehsal sahələri və obyektləri /rəqəmsal texnologiyalar, ekoloji mühafizə cihazları, səhiyyə avdanlıqları, ticarət texnikası, məişət cihazları və sair/ geniş intişar tapsın.
Regional siyasət sosial-inkişaf konsepsiyası, industrial siyasət, sənayenin yerləşməsi kimi ümum iqtisadi-strateji blok tədbirlərin tərkib hissəsi olaraq çıxış edir [16]. Buna görə də regionlarda hər hansı bir istehsal sahəsinin yerləşməsinin mənbəyində respublikanın özünə lazım olan texnoloji resursların, mal-material qiymətlilərinin, avadanlıq və qurğuların, nəqiyyat vasitələrinin istehsalı ilə bağlı əsaslandırmalar önə çıxarılmalıdır. Bu istiqamətdə isə konkret olaraq aşağıdakı perspektivlik nəzərdən keçirilə bilər:
Azərbaycan dəniz ölkəsidir və respublikamız müvafiq olaraq mülki, hərbi və neft donanmasına malikdir. Hazırda Xəzərdə ən çox Azərbaycana mənsub gəmilər üzməkdədir. Lakin ümümi dəniz armadasında gəmi sayı 500 vahiddən də çox olan ölkədə adi sahil gəmiçiliyini ifadə edən kiçikmetarjlı qayıqlar istehsal edən müəssisələr belə yoxdur. Belə müəsissələrin salınması üçün isə əlverişli coğrafi şərait və resurslar mövcuddur. Hesab olunur ki, Azərbaycanda kiçik gəmilər istehsalı təşkilinin regional obyekti kimi Abşeron və Lənkəran iqtisadi rayonlarının sahil zolaqları çıxış edə bilərlər.
Azərbaycan Respublikasında sənayenin yerləşməsi üzrə bir sıra əyalət şəhərlərində müvafiq ixtisaslaşmalar getmişdir. Bu gün inkişaf etdirilən regional siyasətdə həmən şəhər və məntəqələrdə müvafıq ixtisaslaşmalar daha da təkamül etməli və genişlənməli, yerli istehsal stimullaşdırılmalıdır.
Ucqarlarda enerji təminatında qeyri-ənənəvi mənbələrdən, külək və termal sular enerjisindən istifadə etmək imkanları mövcuddur. Artıq bu istiqamətdə bir sıra əməli tədbirlər həyata keçirilməkdədir. Bununla belə, enerji təhlükəsizliyinin təminatında bərpaolunan energetik mənbələrdən istifadə işi daha da genişləndirilməlidir. Digər tərəfədən postneft zamanın enerji təminatını yaratmaq məqsədi ilə regionlarda nüvə-istilik enerjisinə əsaslanan stansiyaların inşası persektivi də nəzərdən qaçrılmalalıdır [9, 14].
Nüvə-istilik enerjili elektrik stansiyalarının tikintisi prespektivindən çəkinmək lazım deyildir. Artıq bu sahədə işıqlı keçid təmin olunmuş, müvafiq stansiyaların ekoloji təhlükəsizlik problemi həllini tapmışdır. Planetin inkişaf imperativləri perspektiv enerji təminatında praktiki olaraq tükənməyən nüvə-istilik stansiyalarından istifadəni məqsəd və hədəf seçmişdir. Proqnozlar belədir ki, XXI yüzilliyin ikinci yarısında planetin əksər enerji təminatında nüvə-istilik stansiyaları dominant rol oynayacaqlar [5, 6].
Azərbaycanda da nüvə enerjisinin mənimsənilməsi sahəsində müvafiq stansiyaların yaradılması işinə güclü dövləti dəstək verilməlidir. Bu proses həm də ölkədə fundamental elm sahələrinin təşəkkülünə gətirəcəkdir. Xammal-material və inşaat probemləri üçün isə inteqrasion cəbhədən təminatlar alına bilər. Əlbəttə ki, təkcə energetik sahədə deyil, iqtisadiyyatın bütün sektorlaraında ekoloji təhlükəsizliyin təminatının yaxşalaşdırılması prosesi də paralel inkişaf etdirilməlidir.
Regionların sosial-iqtisadi inkişafının səmərəli idarə edilməsinin əsas məqsədini maliyyə resurslarının minimumlaşdırılması ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsi təcəssüm etdirir. Burada səmərəli idarəetmədə faktiki nəticələr proqnozlarla tam uzlaşma tapmalı, qəbul edilən qərarlar optimallıq təşkil etməlidir. Regional sosial-iqtisadi inkişaf proqramının yerinə yetirilməsində müasir səmərəli qərarlar qəbulu metodologiyasından istifadə edilməli, problemlərin dəqiq riyazi formalizasiyası və qiymətləndirilməsinin prinsip və şərtliliyinə ciddi əməl olunmalıdır [11, 13].
Azərbaycanın regional inkişaf strategiyasında ümumi olan sosial həyatın, əhali və əmək resurslarının, elm və təhsilin, səhiyyənin, mədəniyyətin, ətraf mühitin və yerləşmə sisteminin inkişafına yardımçı olan region-sosium formasının tətbiqi daha faydalılıq gətirəcəkdir. Bu model əsasında regional inkişafının dayanıqlılığını təmin etmək üçün vurğulandığı kimi, həm daxili və həm də xarici olan iqtisadi qaynaq elementləri yetərlidir. Sosial-iqtisadi situasiyanın hərtərəfli təhlili imkan verir ki, regionlarda mövcud başlıca problemlər identifikasiya olunsun, inkişafı məhdudlaşdıran amillər müəyyən edilsin. Yerli sosial-iqtisadi baza əsasında müvafiq tərəqqi strategiyası işlənib reallaşdırılsın. Bu sosial-iqtisadi bazanı şərtləndirən əsas komponentlər isə maliyyə, mülkiyyət, ekoloji resurslar və yerli bazar infrastrukturunda əhatə olunaraq strateji planlılıq əsasında 30-50 illik müddətləri hədəf seçməlidir. Yeni strategiyanın işlənməsində müqəddəm şərtlər kimi ərazi qurumunun, təbii və iqtisadi potensialın, resurslar bazasının, regional və inteqrir bazarın müvafiq marketoloji tədqiqatlar və inventarizasiya prosesləri çevrəsində bir daha müfəssəl qiymətləndirilməsi ehtiyaclıdır. Simmetrik informasion təminat əsasında isə maliyyə vəziyyəti, büdcə prosesi, investision maraqlar dairəsi, iqtisadi çətinliklər spektri, sosial-demoqrafik situasiya, əhalinin həyat səviyyəsi və rifah problemləri, sosial infrastruktur mobilliyi təhlil və araşdırılmalar predmetinə çevrilməlidir. Bütün bunlarla yanaşı regionların tam dayanıqlı avtonom fəaliyyətini əks etdirən müqabil təhlükəsizlik şəbəkəsi yaradılmalıdır.
QAYNAQLAR
1.Azərbaycan regionları. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2004. Bakı. «Səda» nəşriyyatı. 698 səh.
2.Azərbaycan Respublikasi Regionlarının Sosial-iqtisadi İnkişafi Dövlət Proqramı /2004-2008-ci ilər/. Bakı. «Nurlar» Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2004. 160 səh.
3.Azərbaycan SSR atlası. Bakı-Moskva. 1963. 214. səh.
4.Nadirov A.A. Müasir Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri. Bakı. Elm. 2001. 452 səh.
5.Haсızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində. Bakı. Elm. 2000. 257 səh.
6.Haсızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı. Elm. 2002. 472 səh.
7.Волконский В.А. Институциональные проблемы российских реформ. М: Диалог-МГУ. 1998. 432 с.
8.Доминик Сальваторе. Международная экономика. М: Риа «ПК». 1998. 714 с.
9.Дугин А. Основы геополитики: Геополитическое будущее России. М: АРКТОГЕЯ-центр. 1999. 928 с.
10.Козырев В.М. Основы современной экономики. М: Финансы и статистика. 2000. 367 с.
11.Козырев А.А., Юдин А.П. Информационные технологии в экономике. Санкт -Петербург. Издательство Михайлово. 2000. 64 с.
12.Комплексная программа научно-технического прогресса СССР на 1986-2005 года. Региональный раздел 4.2. М: 1983. 533 с.
13.Майкл Альберт, Франклин Хедойли Основы менеджмента. М: Дело. 1995. 557 с.
14.Повестка дня на XXI век. - М: СоЭС. 1998. 218 с.
15.Региональная экономика: /под ред. проф. Т. Г. Морозовой/. М: Банки и биржи, ЮНИТИ, 1995. 304 с.
16.Юзбашева Г.З. Реструктуризация промышленности Азербайджана. Баку-Элм. 2003. 352 с.
17.http://www.Ilham-Aliev.com.
18.http://www.gallery.economicus.ru.
94.Regional inkişaf strategiyası: elmi-empirik baxış və yeni konseptual əsaslandırmalar. DİRÇƏLİŞ-XXI ƏSR. АMEА-nın Azərbaycan Dövlət Quruсuluğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi nəşri. Bakı. №86-87. 2005. 1,2 ç.v.
Şəkil və diaqramları açmaq üçün məqaləni yükləyin: