gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / ENERGETİKA TƏHLÜKƏSİZLİYİ

04.01.2012

 iqtisad elmləri namizədi Elşən Hacızadə

Hazırkı və perspektivləşən vəziyyət qlobal enerji balansında baş verən təkamüllü dəyişikliklərin nəticələrinə işartılı görüntülər gətirir. Bu təbəddülatlar müasir dünya energetikasının yeni inkişaf mərhələsinə daxil olduğunu yəqinləşdirərək, onun həyatımızın sosial-iqtisadi sferasına yönələn təsir effektinin bir daha nəzərdən qaçırılmamasını labüd edir.
Yeni konfiqurasiyada artım meyli təhlükəsiz texnologiyalar kontekstində nüvə enerjisinə sarı inamlı istiqamət alır. Burada stimullaşmaya tam bir əsrə yaxın dominant enerji daşıyıcıları – karbohidrogen resurslarının, xüsusən də neftin tükənmə mərhələsinə daxil olması aspekti daha çevik sürət verir. İnkişaf etmiş yüksək enerjitutumlu industrial dövlətlər dərinləşən bu balans dəyişikliklərinə müvafiq olaraq  energetik siyasətlərində əsaslı korrektələr edirlər. Sırada, hətta OPEK təmsilçiləri olanlar belə, aktivlik göstərirlər. Dünya neft ehtiyatlarının 11,4%-nə sahib və onları hələ 93 il də istifadə etmək imkanlı İran İslam Respublikası da çevrəsində baş verən təzadlı olaylara baxmayaraq milli nüvə proqramı çərçivəsində Atom Elektrik Stansiyası (AES) strategiyasını inadla davam etdirir. Özünün yeni silsiləvi unikal neft-qaz yataqlarının kəşfi və istismarı ilə Orta Asiyanın “Neft pələnginə” çevrilən bol enerjili Qazaxıstan da AES tikintisini reallaşdırmaq niyyətindədir. Formalaşan yeni reallıqlar yetərli neft-qaz ehtiyatlarına malik respublikamızda da belə bir strategiyaya keçid məqamının yaxınlaşdığını əsaslandırır. Bundan irəli gələrək milli neft strategiyasının tam miqyaslı reallaşması istiqamətində orta hesabla 25 illik fəaliyyətlə bərabər, postneft konsepsiyasının prioritetlərinin təyin edilməsi və onun həyata keçirilməsinə də start verilməlidir.
Məlumdur ki, Azərbaycanda enerji istehsalı əksərən karbohidrogen yanacağından istifadə əsasında inkişaf edir. Belə proses, təbii ki, sonsuz ola bilməz. Dərk edilən bu aydın həqiqət hazırkı bol karbohidrogen ehtiyatlarına istinadən ölkədə Milli Neft Fondunun təsisini şərtləndirmişdir. Milli Neft Fondunun sistem səmərəliliyi alternativliklər baxımından mübahisəli olsa da, onun real nəticələri müvafiq resurslar tükənəndən sonra daha dəqiq hesabatlanacaqdır. Bir həqiqət də vardır ki, karbohidrogen resursları gələcək nəsillərin sərəncamına  indiki maddi formada verilə bilməyəcəkdir. “Varislik əməliyyatı” əsasən maliyyə törədən, məşğulluğu təmin edən yeni istehsal aktivlərinin yaradılması və qismən də kapital formasında olacaqdır. Karbohidrogen resurslarının tam miqyaslı effektivliyi zəminində indi və gələcək vəziyyəti müqayisəli təhlil etdikdə belə reallıq məntiqi görünə bilər. Lakin burada olduqca mühüm olan əsas bir məqam yaddan çıxarılmamalıdır. Belə ki, sadə anlaşılan görüntü ondan ibarətdir ki, dünya iqtisadiyyatı enerji tutumludur və onun gələcəyini də bu qaynaqdan kənarda təsəvvür etmək çətindir. Fərqə varmadan, Azərbaycan iqtisadiyyatı da perspektivdə eynilə daim enerji tələbli olacaqdır.
Birinci dalğada yalnız özünün yox, dünya enerji bazarının yarısının təminatçısı, II Cahan savaşının əsas zəfər güclərindən olmuş Azərbaycan nefti zamanında milli fonda maksimal rentasını köçürə bilməmişdir. Üçüncü dalğanın müşkül görüntüsü aspektində bu missiyanı indiki – ikinci dalğada təmin etmək üçün yeni imkanlar yaranmışdır. Reallıq ondan ibarətdir ki, iqtisadi problemləri istehsal amilləri silsiləsində yalnız maliyyə kapitalı ilə tam həll etmək çətindir. Digər tərəfdən maliyyə kapitalı infrastruktur və istehsal kapitalına nisbətdə yüksək inflyasiyaya meyillidir. Buna görə də,  Milli Neft Fondu kapitalının yetərli bir hissəsini də respublikanın fasiləsiz enerji təminatçısına çevrilən mənbələrinin inşasına səfərbər edilməsinə zərurət yaranır. Fasiləsizliyin təminatında isə nüvə enerjisi istehsalı stansiyalarının tikintisi strateji və iqtisadi cəhətdən daha müqabildir.
Enerji varisliyi istiqamətində alternativliyin üstün olaraq AES strategiyasına təslim edilməsi romantik bir xülya deyildir. Əlbəttə, bu seçimin ağrılı fəsadları çox müxtəlifdir. Lakin baxılmalıdır: ölkənin enerji təhlükəsizliyinin və sosial davamlılığının təminatında XXI əsr boyunca digər səmərəli alternativlər hansılar ola bilər? Elə bu kontekstdən irəli gələrək bizim tədqiqat məqsədlərimizin fövqündə də müvafiq alternativliklərin nəzəri-empirik aspektdən təhlili və spesifik reallığın elmi əsaslandırılması manifesti dayanmışdır.

Tarixi aspekt və müasir enerji balansı
Odun energetik gücünün aşkarlanması bəşər sivilizasiyasının bənzərsiz nailiyyətlərindən biri olmuşdur. Elə bu gün də qida, su, hava və torpaqla yanaşı, energetik qaynaq da insanlar üçün başlıca yaşayış zərurətlərindəndir.
Energetik sivilizasiyanın ilk çağlarında dünya yanacaq balansında uzun illər – tam XIX əsrə qədər əsas məhsul kimi oduncaq çıxış etmişdir. Bununla belə, min illər öncə neftdən də müvafiq məqsədlər üçün istifadə olunduğu bəlli idi.
Ötən iki əsr ərzində dağ-mədən sənayesində, metallurgiyada və digər sənaye sahələrində vüsətlənən istehsal meyilləri daş kömürdən istifadəyə əsaslı keçidə rəvac verdi. Yüksəliş tapan elmi-texniki tərəqqi, daxiliyanma mühərriklərinin yaranışı və təkmilləşməsi, məhsul müxtəlifliyinə genişlik gətirən krekinq prosesindəki nailiyyətlər və həmçinin enerjitutumlu sənaye komplekslərinin yaranışı öz növbəsində neft erasının təşəkkülünə gətirdi. Artan neft həyəcanı ara-sıra onun tükənəcəyi ehtimallarına da yol açdı. Neft ehtiyatlarının tükənməsi haqqında ilk proqnozları 1875-ci ildə ABŞ-ın Ohayo ştatının baş geoloqu Con Nyuberri bəyan etdi. Bu pessimizm bir sıra neft təsərrüfatları səhmlərinin satılması ilə müşayiət olundu. Digər tərəfdən, bu olayla yanaşı, neft ehtiyatlarının qeyri-bərabər ərazi bölgüsü kontekstində də ona artan tələb süni neftin alınması məqsədlərini gündəmə gətirdi. Bu aspektdə çalışmalar o qədər geniş uğurlu olmasa da, rəqabət fərqində idi. Sənaye baxımından qiymətləndirilən sintetik neft ilk dəfə I Cahan müharibəsində ordunun yanacaqla təchizi ilə bağlı kayzer Almaniyasında həllini tapdı. Sonradan problem uzun müddət aktuallığını itirsə də, hazırda yenidən artan maraqlar dairəsinə daxil olmaqdadır.
Neftin sənaye tətbiqi texnoloji effektlərlə müşayiət edilirdi. Bu isə öz növbəsində, neftin kəşfiyyat və hasilatını sürətləndirirdi. Daha dinamik sürət XX əsrdə təşəkkül tapdı.
Statistik məlumatlara görə, 1910-cu ilin dünya yanacaq-enerji balansında daş kömür 65%, oduncaq 16%, bitki və heyvan mənşəli tullantılardan istifadə 16% idisə, bu pay neft üzrə cəmi 3% təşkil etmişdi. Balansda təbii qaz, demək olar ki, yox idi. XX əsrin 30-cu illərində vəziyyət bir qədər də dəyişdi. Bu balansda daş kömürün payı 55%-ə endi, neftin payı isə 15%-ə qalxdı. Burada təbii qaza 3%-lik yer  aiddir. 1965-ci ildə dünya yanacaq-enerji balansına yeni güc – nüvə enerjisi daxil oldu.
Müasir dünya yanacaq-enerji balansı çox geniş spektrlidir. Burada biokütlə və oduncaq, ənənəvi energetik mənbələrlə yanaşı, yeni enerji alternativləri – geotermal, günəş, külək və nüvə əsaslı kimi geniş müxtəlifliklər vardır. Nisbətlər bölgüsündə isə karbohidrogenlər hakim, nüvə enerjisi isə dinamik meyillidir.
Hazırda dünyada 15500 TBts (milyard kBms) elektrik enerjisi istehsal olunur. Bu balansda karbohidrogen təyinatlı resurslar yarıdan çox paya malikdir. Bununla belə, dünya əhalisinin 1/3-nin elektrik enerjisinə çıxışı tamam yox, digər 1/3-nin isə məhduddur. Əlbəttə, məhdudiyyətlər hər il azalmağa meyillidir. Digər tərəfdən isə, tələb yüksəlişləri mövcuddur. Proqnozlara görə, 2050-ci ildə elektrik enerjisinə olan tələb 3 dəfə artacaqdır. Lakin istehlak artımı isə 2 dəfədən çox olmayacaqdır. Artım və tələb xüsusi olaraq inkişaf etməkdə olan ölkələrin payına düşəcəkdir. Təbii ki, bu artım da öz növbəsində yeni investisiyaların cəlbi ilə müşayiət olunacaqdır. 2030-cu ildə dünya energetikası 17 milyarad ABŞ dolları investisiya xərcləyəcəkdir.
Enerji tələbini ilk növbədə əhali artımı stimullaşdırır. Növbəti amillər silsiləsində isə ardıcıl olaraq ÜDM strukturunun, iqtisadiyyatın texnoloji səviyyəsinin, enerji təminatı sisteminin təşkilati quruluşunun dəyişməsi və ev təsərrüfatlarının inkişafı yer alır. Artan tələblər dünya yanacaq ehtiyatlarına da təsir göstərir. bp şirkətinin hesablamalarına görə, (2005-ci il) dünya yanacaq balansında payı 40% olan neftin qlobal ehtiyatları 41 ilə bərabərdir. Bu hesablamalarda təbii qaz ehtiyatlarının 67, daş kömürün 167 il bəs edəcəyi göstərilir. Respublikamızda isə kəşf olunmuş neft ehtiyatları 1 milyard ton və təbii qaz 1,37 trilyon m3 həcmdə qiymətləndirilir. Müvafiq olaraq bu göstəricilər dünya ehtiyatlarında 0,6% və 0,8%-dir. Neft ehtiyatlarının məsrəfi isə 61 ilə bərabər tutulur. Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatlarına görə, 2030-cu ildə dunyada neft hasilatı aşağı düşəcək, pik ili 2010-cu ildə olacaq. Bu isə onu göstərir ki, karbohidrogen erası yaxın 30-50 il ərzində əhəmiyyətini itirəcəkdir.

Alternativ enerji resursları və onların iqtisadi effektivliyi
Karbohidrogen erasının sivilizasiyanın inkişafına təsiri sivilizasiyanı enerjitutumlu vəziyyətə gətirərək onun özünün perspektivini bu qaynaqdan asılı vəziyyətə salmışdır. İnkişafı açıq olan sivilizasiya resursları tükənən karbohidrogen mərhələsindən uğurlu keçid etmək üçün yaşayışını daha davamlı və sürəkli yeni enerji mənbələri ilə təmin etməlidir. Elə bu baxımdan da mühəndis dühası sivilizasiyanın növbəti mərhələsinin energetik resurs bazasının yaradılmasına səfərbərdir. Yeni enerji alternativlərinin palitrası isə geniş spektrlidir. Burada üzvi və qeyri-üzvi aləmin bütün enerjisi tədqiqat altındadır. Əsas oriyentasiya isə bərpa olunan enerji mənbələrinin ram edilməsinə yönəlmişdir. Lakin müvafiq istiqamətdə mənbənin özünün məhdud imkanlığı, texnoloji mükəmməllik, rentabellilik və sair bu kimi bir sıra spesifik problemlər mövcuddur. Belə ki, çaylar, termal enerji mənbələri  planetin fasiləsiz enerji təminatına o qədər də adekvat deyildir. Külək enerjisinin isə güc toplumunda rəqabətqabiliyyətliliyi məhduddur. Günəş enerjisi ilə də bağlı çoxsaylı problemlər mövcuddur. Burada səmərəli generasiya, texnoloji bəsitlik hələ də çox ciddi axtarışlar tələb edir. Bununla belə, hazırda istifadə edilən Günəş batareyalarının fotoelementlərinin istehsalı sahəsində mövcud texnologiyalar özləri də ekoloji fəsadlıdır. Elektromobillərin geniş miqyaslı istehsalı isə hələ ki, çətin problemli olaraq qalmaqdadır. Bu görüntü isə akkumulyator batareyalarının güc və davamlılıq aspekti ilə uzlaşdırılır. Bir cəhəti də xüsusi olaraq vurğulamaq lazımdır ki, nəqliyyatla təsərrüfat həyatının digər sahələrinin energetik istehlak payı yetərli fərqlidir. Belə ki, bütün avtomobillər elektrik stansiyalarında istehsal olunan enerjidən 2 dəfə çox resurs istehlak edir. Məhz bu amildən çıxış edərək ABŞ prezidenti Corc Buş “azad avtomobil”, “azad yanacaq” ideyalarına əsaslanan hidrogenlə işləyən avtomobillər üzrə elmi tədqiqatlara 2 milyard ABŞ dolları həcmində pul vəsaiti ayrılmasına sərəncam vermişdir. “Jeneral motors” firması artıq “Hidrogen-3” adlanan müvafiq tipli avtomobil hazırlamışdır. Proqnozlara görə, istiliktörətmə qabiliyyəti və ekoloji təmizliyi ilə fərqlənən yeni avtomobillər üçün yaxın 10 il ərzində ABŞ-da 10 min sayda hidrogen yanacaqdoldurma stansiyası fəaliyyət göstərəcəkdir. Avropada da müvafiq işlərə görə 5 milyard avro həcmində vəsait ayrılmışdır. Çin isə 2010-cu il üçün bir neçə milyon hidrogen yanacaqlı avtomobil istehsal edəcəyini planlaşdırır.
Hidrogenlə bağlı əlahiddə olan çox mühüm bir məsələyə də diqqət yetirilməlidir.

Məlumdur ki, hidrogen kainatda ən geniş yayılmış maddədir. Planetdə intəhasız həcmdə yayılmış suyun əsas tərkib komponentini də hidrogen təşkil edir. Bu gerçəklik isə ən primitiv kimyəvi bilikləri olan insanlara suyun hidrogen və oksigen atomlarından ibarət olaraq H2O formullu təyinatından tanışdır. Hidrogen enerjisindən istifadə əslində praktiki olaraq sudan elektrik almaq deməkdir. Reallıq belədir: bir stəkan suda bir çəllək benzini əvəz edəcək qədər enerji toplumu vardır. Lakin bu enerjini sudan qoparmaq da asan məsələ deyildir. Onun alınması hələ ki, mürəkkəb və daha tutumlu digər enerji sərfi ilə mümkündür. Hazırda bu sayaq işlər: hidrogen nüvəsinin birləşməsindən enerjinin ayrılması prosesi hidrogen bombasında tətbiq olunur.
Alimlər Yer kürəsinin “qaz nəfəsli” olduğuna çoxdan diqqət yetirmişlər. Bu, Yer səthinə helium və hidrogen çıxışında daha çox müşahidə olunmuşdur. Məsələnin beləliyi alimlərin bu qazların harada konsentrasiya olduğuna nəzərlərini yönəltmişdir. Sovet geoloqu professor V.N.Larin hələ ötən əsrin 70-ci illərində Yer nüvəsinin dəmir-nikel təyinatlı klassik nəzəriyyəsindən fərqli olaraq, onun hidrid tərkibliliyi haqqında yeni hipoteza irəli sürmüşdür. Hidrogen konsentrasiyasının ən mühüm çıxış məntəqələri kimi isə riftogenezin – Yer qabığının zərif qatları, uğurlu məntəqələr kimi isə Baykal gölü, İslandiya, İsrail, Kanada, ABŞ-ın Nevada ştatı zonaları müəyyən edilmişdir. Müvafiq nəzəriyyəyə görə, planetin bu zəif nöqtələrində qazma işləri aparmaqla 10 km2 zonada il ərzində 100-200 milyon ton şərti yanacaq almaq mümkündür. Mobil nəql sistemi qurmaqla isə bütün planeti hidrogen yanacağı ilə təmin etmək olar.
Alternativ enerji mənbələrinin axtarışı və ram edilməsi ilə yanaşı, mövcud resursların səmərəli istifadəsi və istismarı sahəsində də tədqiqatlar davam etdirilir. İndi ənənəvi neft yataqlarında hasilatın təbii davamlı enişi bir qrup alimlərin neftverimi əmsalının artırılması istiqamətində fəaliyyətlərinin gücləndirilməsi ilə müşayiət olunur. Digərləri yanar şistlərdən rentabelli neftin alınması axtarışını, üçüncülər isə dədə-baba qaydasında oduncaqdan istifadəyə üstünlük verirlər. ABŞ alimlərinin irəli sürdükləri oduncaq ideyasının əsasında tez yetişən, xüsusən də qızılağac və çinar tipli ağaclardan ibarət plantasiyaların salınması dayanır. Hesablamalara görə, il ərzində belə plantasiyalarda hər hektardan 40 ton oduncaq almaq mümkündür və 125 km2-lik belə ərazi 80 min əhalisi olan şəhərin enerji təchizatını ödəmək imkanlıdır. Kəsimdən sonra burada 2-4 il ərzində yenidən oduncaq alına bilən səviyyədə ağaclar bitir. Bu sahədə araşdırmalar göstərir ki, əgər Rusiya ərazisinin 3%-i “enerji plantasiyası”na çevrilsə, onda ölkə  bu minvalla enerji tələbatını tam şəkildə ödəyəcəkdir.
ABŞ alimlərinin bu ideyası Avropada da müdafiəçilərini tapmışdır. Hələ 20 il öncə Belçikada evlərin qızdırılmasında oduncaqla yanaşı, xüsusi preslənmiş kağız tullantılarının – makulaturanın sobada yandırılması tətbiq olunurdu. Burada makulatura xüsusi formaya – yanacaq briketi halına salınaraq mağazalarda satılır. Eyni zamada, belə prosesi reallaşdıran qaz generator prinsipli xüsusi sobaların satışı da təşkil edilmişdir. Oduncaq və makulatura bu sobalarda çox yavaş sürətlə və tam yanır. Bir şələsi 8 saat yanan makulatura kaloriliyinə görə qonur  kömürdən heç də geri qalmır və atmosferə, demək olar ki, sıfra bərabər kül və his buraxır.
ABŞ alimlərinin bu sferada digər təklifləri də vardır. Bu təklif isə tez yetişən yosunlarla bağlıdır. Belə ki, burada bakteriyaların köməyi ilə yosunların qazxüsuslu metan və ya qızdırmaq əsasında neftxüsuslu maddələrə çevrilməsi təklif olunur. Mütəxəssislər hesablamışlar ki, okeanda 40 min hektar sahədə müvafiq yosun fermasının yaradılması 50 min əhalisi olan şəhərin enerji təchizatını ödəmək imkanlıdır. İdeyanı dəstəkləyən fransız alimləri səmərəlilik baxımından bu məqsədlə botriokokk adlanan birhüceyrəli yosunlardan istifadə olunmasını daha məqbul hesab edir. Ona görə ki, mikroskopik yaranışlar öz həyat tsikllərində karbohidrogen ifraz edir. Bu baxımdan botriokokları qablarda karbon qazı və mineral qazlarla yemləməklə karbohidrogen almaq olar.
Neft və qazın alternativi sorağında daha cəlbedici görünən, ekoloji baxımdan üstün hesab edilən etanol çıxış edir. Etanol adi şərab spirtidir – C2H5OH. Onu istənilən şəkər və nişasta tutumlu xammaldan – şəkər qamışı və çuğunduru, oduncaq, kartof, qarğıdalı, buğda, arpa və digər bu kimi bitkilərdən almaq mümkündür. Bu sırada kartof daha məhsuldar hesab edilsə də, daha münasib qarğıdalı hesab olunur. Bir ton qarğıdalıdan 410 litr etanol alınır. Hazırda dünyanın bir çox ölkələrində etanol istehsalı avtomobil yanacağı sferasına daxil olmuş və proses yeni hibrid yanacaqlı avtomobillər nəslini ərsəyə gətirmişdir. Bu məqsədlə dünyada minlərlə məxsusi yanacaqdoldurma stansiyaları fəaliyyət göstərir. Braziliyada hər yeni 10 avtomobildən 7-si etanolla işləyir. Neftin 1 barrelinin 70 ABŞ dollarını aşması etanol istehsalını tam rentabelli vəziyyətə gətirmişdir. İndi miqyaslı həcmdə etanolun kütləvi istehsalı üçün yeni geniş ərazilərin axtarış problemi aktuallaşmaqdadır. Bir sıra alimlər etanol istehsalı üçün ehtiyatları tükənmiş, istismarı bitmiş neft-qazlı zonaların ərazisini daha münasib hesab edirlər. Müvafiq ərazilərin etanol istehsal edən taxıl fermalarına çevrilməsi beynəlxalq energetik dairələrdə artıq geniş dəstək alan reallıqdır.
Üzvi aləmdən enerjinin götürülməsi problemləri ilə məşğul olan fransız mühəndisi A.Rotlisberje isə quru qarğıdalı saplaqlarından benzin alınması texnologiyasını reallaşdırmaqdadır. Müəllif, həm də təsdiqləyir ki, müvafiq 98 oktanlı yanacağın tərkibini küləş, taxta kəpəyi, kökümeyvəli bitki və tərəvəzlərdən, digər tullantıların sellüloz liflərindən də almaq olar. Alınan məhlulu müxtəlif proporsiyada benzinlə qarışdırmaqla mühərrik konstruksiyasını dəyişmədən belə yanacaq kimi istifadə etmək mümkündür. Fransa hazırda ildə 20 milyon ton belə benzinin alınması niyyətindədir.
Yanacaq-enerji problemi ilə bağlı təbiətdə digər möcüzəli yaranışlar da istisna deyildir. Bu sırada təbii “yanacaqdoldurma” stansiyalarının mövcudluğu da təəccüb doğurmaya bilməz. Cənubi Afrikada və Filippində təbii “yanacaqdoldurma” stansiyaları kimi qəbul edilə bilən ərazilər vardır. Burada bitən bir sıra lian sarmaşıqları və tropik xanqa ağacı belə funksiyaları gerçək yerinə yetirir. Belə ki, həmin bitki növləri özlərində emala ehtiyacı olmayan yağxüsuslu maye tutur və onlar avtomobil mühərrikində çox yaxşı yanaraq benzindən də az toksik maddə buraxır. Belə keyfiyyətliliyi ilə palma yağı da fərqlənir. Müqayisəli dərəcədə ondan asanlıqla dizel yanacağı almaq olar.
Amerikalı sahibkar A.Hammer özünün “Okcidentl petrolium” korporasiyasında məişət tullantısından yanacaq alınması üsuluna yiyələnmişdir. Burada məişət tullantısından maqnitli və qeyri-maqnitli metalları çıxarmaqla maye yanacaq alınır. Hər ton məişət tullantısı 6-dan 20 ABŞ dollara kimi gəlir verir. Almaniyada da məişət tullantılarından qaz alınması üzrə layihələr həyata keçirilir. Məlumdur ki, məişət tullantıları qaz maddələri buraxır ki, onun da yarısı metandır. Bunun üçün məişət tullantıları poliqonlarında qazyığan sistemlər quraşdırırlar. Hələlik bu alman texnologiyası ilə 1 saat ərzində 40 m3 qaz almaq mümkündür. Layihə 3,5 il ərzində xərclərini tam ödəyir. Hindistanda da qazayırma texnologiyası əsasında yanacaq alınması prosesi reallaşdırılır. Burada təzəkdən qaz alınır. Böyük ölkə üçün belə enerji alternativliyi gərəkli sayılır və bu səbəbdən də hökumət bioqaz enerjisi strategiyasını aktiv müdafiə edir. Statistikaya görə, ölkədə 53 belə model tətbiq olunur ki, ondan da 3,5 milyon ailə istifadə edir. Bütün bunlar bir qədər elmi fantaziya təəssüratı yaratsa da, gələcəkdə daha geniş tətbiqli məzmun alacaqdır. Ən real görünən isə ehtiyat toplumu daha çox olan daş kömürün maye yanacağa çevrilməsi prosesinin fərqli rentabelli və maksimal ekoloci sərfəli  texnoloci sisteminin yaradılması ilə bağlıdır. Bu istiqamətdə adı yuxarıda çəkilən ABŞ biznesmeni A.Hammer öz korporasiyasında piroliz metodu ilə daş kömürdən 40% metan qazı, 45% koks və 3% maye yanacaq alınması metodologiyasının mənimsənildiyini bəyan edir. Sintetik nefti almaq üçün daş kömür toz halına gətirilərək həlledicidə emal olunur və alınan qatışığa hidrogen əlavə edilir. Kükürdü çox olan 1 ton daş kömürdən 650 litr neftə oxşar maye götürülür ki, ondan da benzin almaq olar. İndi süni nefti havadan da almaq mümkünləşmişdir. Belə ki, hər il yanacağın yandırılması nəticəsində atmosferə milyardlarla ton karbon qazı - CO2 buraxılır. Onun yalnız az bir hissəsi - 10%-i bitkilər tərəfindən udulur. Süni neft almaq üçün isə, ilk növbədə, atmosfer havasından karbon qazı alınmalıdır. Bu reaksiya üçün böyük enerji məsrəfləri tələb olunur. Həmən işin atom reaktorlarında 5000S temperaturda katalizatorların köməyi məqsədəuyğun sayılır. Bu texnologiya ilə sonrakı mərhələdə karbon-oksidi hidrogenlə sintez edilir və hava nefti hazır olur.
Havadan neftin alınması gələcəyin işidir. Hazırda süni neft böyük həcmdə yanar şistlərdən alınır. Yanar şistlərin dünya ehtiyatları 700-800 milyard ton hesablanır ki, bu da mövcud neft ehtiyatlarından 7-8 dəfə çoxdur. Yanar şistlərdən və digər süxurlardan süni neftin alınması təkamüllü olsa da, genişlənməkdə və artan dövriyyəsini yığmaqdadır.
Süxurdan neft alınmasının nadir məkanlarından biri də Abşeron yarımadası hesab olunur. Belə ki, Bakı yaxınlığında Kirməki dağının ətrafındakı karxanadan çıxarılan süxur hissələri xüsusi çənlərə qoyulur və reaktivlərin – kondisiya edilməmiş kerosin, qələvi su və ya kaustik sodanın köməyi ilə yuyularaq ondan neft alınır. Bu üsulla 80% neft almaq mümkündür. Hesablamalar belədir ki, 1 m3 neft tərkibli qumda 150 kiloqrama qədər neft olur.
Analitik şərhi verilən bu perspektiv enerji alternativləri göstərir ki, bəşər sivilizasiyasının enerji təhlükəsizliyi heç də ümidsiz deyildir. Lakin sistemlilik baxımından bu alternativlər içərisində XXI əsrin dominant enerji təminatçısına çevriləcək rəqabətqabiliyyətli olanını ayırmaq da çətindir. Elə bu baxımdan da dünya energetikasının aparıcı dövlətləri yaşadığımız əsr üçün ən əlverişli və rentabelli enerji növü olaraq nüvə enerjisini önə çıxarır və əsas investisiyaları da bu problemin ən səmərəli elmi həllinə məsrəf edirlər.

Nüvə enerjisindən istifadənin perspektivliyi
Nüvə enerjisi milyon dəfələrlə çox enerji konsentrasiyasına malikliyi ilə praktiki sarıdan tükənməz energetik mənbə rolunda çıxış edərək digər analoqlarına nisbətdə prinsipial strateji mahiyyət daşıyır. Bu əhəmiyyətliliyi siyasətçilər də bölüşürlər.
Nüvə enerjisi, təbii ki, AES-lərdə istehsal olunur. AES qurğusu – nüvə reaktoru əslində İstilik Elektrik Stansiyası (İES) tiplidir. Burada su qızdırılaraq buxar halına gətirilir, buxar turbinləri hərəkət etdirir və bununla da elektrik enerjisi yaranır. İES-də suyun qızdırılmasında karbohidrogen xammalı, AES-də isə nüvə yanacağı iştirak edir. Ənənəvi AES-lərin xammalını uran və plutonium təşkil edir. U235 təbii, U233 və Pu239 süni mövcuddur. Uranın planetar ehtiyatları 1,5 milyon ton hesablanır və əsasən, Şimali Amerika, Avstraliya, Braziliya, Cənubi Afrikada və qismən də Rusiyada cəmləşmişdir. Bundan başqa, dünyada əlavə olaraq daha 0,9 milyon ton uran ehtiyatının mövcudluğu təxmin edilir.
Atom reaktorunun yaradılması sahəsində ilk yaxın addımları məşhur İtaliya alimi, nüvə və neytron fizikasının yaradıcılarından biri, Nobel mükafatı laureatı Enriko Fermi yerinə yetirmişdir. ABŞ-a mühacirət edən E.Fermi 1942-ci ildə ilk nüvə reaktorunu inşa etmiş və onda müvafiq nüvə reaksiyasını keçirmişdir. Lakin istilik-nüvə texnologiyasının təşəkkülünü və inkişafını yalnız onun adı ilə bağlamaq da düzgün olmazdı. E.Fermi ilə yanaşı, bu sahədə həm birlikdə və həm də ayrı-ayrılıqda çoxsaylı elmi simalar fəaliyyət göstərmiş, XX əsrin böyük tarixi dönüş reallığını bəşəriyyətin ümumi xidmət və istifadəsinə təqdim etmişlər.
Atom energetikasına əsaslanan ilk sənaye əhəmiyyətli enerji qurğusu isə 1954-cü ildə keçmiş SSRİ-nin, Obninsk şəhərində 5MVt gücündə AES-nin istifadəyə verilməsi ilə təşəkkül tapmışdır. Artıq ötən əsrin 80-ci illərində dünyada bu tip reaktorların sayı 300-ü ötmüş, gücü 200 QVt-ı haqlamışdır. XXI əsrin astanasında isə 32 ölkədə ümumi gücü 350 QVt olan 2300 milyard kvt/saat enerji istehsal edən 436 nüvə enerji blokları fəaliyyət göstərmiş və bu say hazırda 442-yə yüksəlmişdir.
AES sistemi bir çox ölkələrin energetik balansının əsas hissəsini təşkil edir. Belə ki, hazırda Fransa elektrik enerjisi istehsalında, demək olar ki, neftdən istifadə olunmur. Burada AES-lər ölkə elektrik enerjisinin 77,7%-ni verir. AES strategiyasına Litva liderlik edir. 2003-cü ildə bu ölkədə elektrik enerjisinin 79%-i nüvə reaktorlarında istehsal olunmuşdur. Enerji istehsalında AES-lərin pay əhəmiyyətinə görə üstün olaraq Ukrayna (45%), Almaniya (32%), Yaponiya (25%), İngiltərə (23,7%), ABŞ (19,3%) və Rusiya (16,5%) fərqlənirlər. Yeni irəliləyiş templəri əldə edən Çin Xalq Respublikasında isə bu pay hələlik 2,2% təşkil edir. Kəskin enerji qıtlığı keçirən Ermənistanda isə bu pay bir AES hesabına 35% həcmindədir.
Aşağıdakı cədvəldə 32 ölkə üzrə AES-lər və onlarda istehsal edilən elektrik enerjisi haqqında məlumatlar əksini tapmışdır.

DÜNYA NÜVƏ ENERGETİKASI (2003-cü il)

ÖLKƏLƏR

REAKTORLAR

ENERJİ İSTEHSALI

İstismarda

Tikilən

Blokların sayı

ÜmumiMVt

Bloklarınsayı

ÜmumiMVt

Tv/st

Ümumi saydan%

 

Argentina

2

935

1

692

7.03

8,59

Ermənistan

1

376

 

 

1.82

35,48

Belçika

7

5760

 

 

44.61

55,46

Braziliya

2

1901

 

 

13.34

3,65

Bolqarıstan

4

2722

 

 

16.04

37,71

Kanada

17

12113

 

 

70.29

12,53

Çin

9

6587

2

2000

41.59

2,18

Çexiya

6

3548

 

 

25.87

31,09

Finlandiya

4

2656

 

 

21.82

27,32

Fransa

59

63363

 

 

420.70

77,68

Almaniya

18

20643

 

 

157.44

28,10

Macarıstan

4

1755

 

 

11.01

32,69

Hindistan

14

2550

8

3622

16.37

3,30

İran

 

 

2

2111

 

 

Yaponiya

54

45464

2

2371

230.80

25,01

KXDR

 

 

1

1040

 

 

Koreya Respub.

19

15850

1

960

123.28

40,01

Litva

2

2370

 

 

14.30

79,89

Meksika

2

1310

 

 

10.51

5,23

Niderland

1

449

 

 

3.80

4,48

Pakistan

2

425

 

 

1.81

2,37

Rumıniya

1

655

 

 

4.54

9,33

Rusiya

30

20793

1

655

138.39

16,54

Slovakiya

6

2442

3

2825

17.86

57,35

Sloveniya

1

656

 

 

4.96

40,45

Cənubi Afrika

2

1800

 

 

12.66

6,05

İspaniya

9

7584

 

 

59.36

23,64

İsveç

11

9451

 

 

65.50

49,62

İsveçrə

5

3200

 

 

25.93

39,73

Ukrayna

13

11207

4

3800

76.10

45,93

Böyük Britan.

27

12052

 

 

85.31

23,70

ABŞ

104

98298

 

 

763.74

19,86

 

ÜMUMİ

442

363819

27

22676

2624.74

 


 

Hazırda qlobal nüvə energetikasının pay hesabına yanacaq-energetika balansının 6%-i və istehsal olunan elektrik enerjisinin 17%-i düşür. AES-lərin gücünün artması prosesi davam edir, “Nüvə energetik klubu” üzvlərinin sayı artır. Lakin BMT-nin Atom Enerjisi üzrə Agentliyi – AEA-nın proqnozlarına görə, AES-lərin inkişaf sürəti yaxın onillikdə o qədər də yüksək olmayacaqdır. Bununla belə, nüvə energetikası addımlarını irəliyə doğru qətiyyətlə genişləndirəcəkdir. Bu təyinatın isə öz özəllikləri vardır. Atomun parçalanması və nüvə sintezindən alınan enerji mənbəyinə görə praktiki fiziki tükənməzdir. Lakin ekoloci cəhətdən bu enerji növü, əlbəttə ki, daha yüksək təhlükəlidir. Daim ətrafımızda mövcud olan təbii radioaktiv fonun cüzü artımı belə arzuedilməz haldır. Məhz buna görə də, onun istehsalının ümidli təhlükəsiz istismarı və tullantıların dezaktivliyi istiqamətində böyük sərmayələr xərclənməkdədir. İndi bu sistemin fəaliyyəti daha çox nəzarətə götürülmüş, onun təhlükəsizliyi istiqamətində yeni texnoloci uğurlar əldə olunmuşdur.
Təhlükəsizlik aspektinə baxmadan AES strategiyası özünün dönməzliyini israrlamaqdadır. Bir reallığın da nəzərə alınması vacibdir. Bir qram uran təxminən 3 ton daş kömürün verdiyi enerji qədər qüdrətə malikdir. Buna görə də, əgər dünya AES-lərini daş kömürlə işləyən stansiyalar əvəz etsə, onda 600 milyon ton əlavə daş kömür lazım olacaq və ətraf mühit 2 milyard ton karbon qazı, 30 milyon ton azot oksidi, 50 milyon ton kükürd və 4 milyon ton uçan kül alacaqdır. AES-lərin istismarı hər il 400 milyon ton neftə qənaət etməyə imkan verir.
Nüvə enerjisi ilə bağlı vəziyyət ötən əsrin 90-cı illərində məyusedici idi. Bu məyusluğun da yetərli əsasları olmuşdur. Çernobıl faciəsinin müdhiş qorxusu AES-lərə olan inamı səngitmiş, atom enerjisindən dolğun istifadə perspektivini kölgəyə sürükləmişdir. Həmin AES-də baş vermiş hadisə insan tələfatı ilə nəticələnən yeganə nüvə reaktoru qəzasıdır. Bu qəza nüvə energetikasının reputasiyasına çox ciddi zərər yetirmişdir. Oradakı reaktorlar qəza vəziyyətində nüvə tullantılarını təcrid edən xarici mühafizə sistemi ilə təchiz olunmamışdır. Belə reaktorlar artıq çoxdandır ki, dünyanın heç bir yerində lisenziyalaşdırılmır.
2001-ci ilin sentyabrında baş vermiş böyük terror hücumundan sonra nüvə reaktor operatorları və müvafiq hökumətlər nüvə qurğularının mühafizəsini daha da gücləndirmişlər. Hazırda bir sıra sənaye ölkələrində yaşıllar AES strategiyasına qarşı çıxsalar da, proses irəliləyişini davam etdirir. Belə ki, İsveçrədə 2003-cü ildə keçirilən referendum AES-lərin bağlanmasına yox dedi. İsveçdə də əhalinin 80%-i AES-lərin istismarının davam etdirilməsini və genişləndirilməsini istəyir. Araşdırmalar göstərir ki, ABŞ əhalisinin də 2/3 hissəsi atom enerjisini müdafiə edir, yaponların isə 1/4-i onun möhtəşəmliyinə rəğbət göstərir. Bununla belə, son zamanların elmi tədqiqatları atom enerjisi spektrində ümidverici effektli keçidi təmin edərək onun yeni sivilizasiyanın ən başlıca enerji mənbəyinə çevriləcəyinə yəqinlik gətirmişdir.
Nüvə enerjisi istehsalının təhlükəli fəsadları ilə yanaşı, xeyli bənsərsiz üstünlükləri də vardır. Belə ki, nüvə reaktorları faktiki olaraq “istixana” qazları buraxmır, nəfəsimizi daraldan kül və his yaratmır, göllərə, çaylara və meşələrə kəskin zərər yetirən “turşu yağışları” qazları ayırmır. Bu baxımdan elektrik enerjisinin generasiyası üçün nüvə reaktorlarından istifadə qlobal istiləşmənin və iqlim dəyişmələrinin qarşısını almaqda əhəmiyyətini yüksəldir. Məlumdur ki, üzvi yanacaq növləri ətraf mühitin korlanması zəminində “gizli” subsidiyalar məsrəf edirlər. Nüvə energetikası isə davamlı inkişaf üçün dövlət subsidiyaları tələbli deyildir. Nüvə sənayesi yeganə sahədir ki, öz tullantılarına görə bütün məsuliyyəti öz üzərinə götürür və onlarla bağlı məsrəfləri öncədən məhsul xərclərinin üzərinə qoyur. Nüvə enerjisi bütün enerji mənbələrinin vergiqoyması, tullantılara görə cərimələnməsi və sosial amillərə rəğmən ədalətli bərabərlilik şəraitində daha rəqabət qabiliyyətliliyi ilə də fərqlənmə imkanına malikdir. Nüvə yanacağının qiyməti daim sabitdir və istehsal xərcləri konfiqurasiyasında yüksək mövqedə dayanmır. Nüvə enerjisi tullantıları da nisbətən az həcm tutur və onun lokallaşması imkanları da genişdir.
AES-lərdən həm də suyun şirinləşdirilməsi üçün istifadə olunur. Məlumdur ki, planet əhalisinin 30%-nin şirin su ilə təchizatı normal səviyyədə deyildir. Bir sıra ölkələrdə şirin su problemi mühüm bioloci-sosial məsələ olaraq qalmaqdadır. Suyun şirinləşdirilməsi və nəqli prosesi yetərli olaraq enerjitutumludur. Alimlər hesab edirlər ki, yaxın gələcəkdə praktiki variant olaraq suyun şirinləşdirilməsi prosesində nüvə enerjisi daha dolğun çıxış edəcəkdir.

İstilik-nüvə sintezi: qlobal energetik alyans
XX yüzilliyin sonlarında fiziklər istilik-nüvə reaksiyasının gedişində onun əsas parametrlərinin qaldığı plazmanı yaradaraq söz verdikləri nailiyyətin nümayişini keçirdilər. Prosesin önündə dayananlardan biri kimi məşhur rus alimi, akademik Yevgeni Velixov əldə edilən nailiyyətdə kompüterlərin köməyinin cüzü olduğunu, əsas işin nəhəng təcrübi qurğuların üzərinə düşdüyünü söyləyir. Bu gərgin mərhələ dünya vergi ödəyicisinə 30 milyard ABŞ dollarına başa gəlmişdir.
İstilik-nüvə sistemi AES sistemindən kəskin fərqlənir. Belə ki, AES-lərdə reaksiya ağır elementlərin parçalanmasına əsaslanır. Bu proses atom bombası partlayışında da eynidir. AES-lərdə reaksiya idarə olunan, atom bombasında isə idarəolunmazdır. İstilik-nüvə reaksiyası isə yüngül elementlərin sintezi nəticəsində baş verir və eynən Günəşdə gedən proseslərə uyğundur. Hidrogen bombasınin partlayışı da istilik-nüvə reaksiyasına əsaslanır. Burada problem bu idarəolunmaz reaksiyanı idarəedilən hala gətirməkdir. Belə olan təqdirdə, müvafiq stansiya tikərək istilik-nüvə enerjisini İES texnologiyasında elektrik enerjisinə çevirmək olar. Bu isə olduqca mürəkkəb məsələdir. Belə ki, istilik-nüvə reaksiyasının başlanması üçün Günəşin mərkəzində olan temperatur qədər istilik əldə etmək lazımdır.
Alimlər istilik-nüvə enerjisinin alınması prosesində çətin tədqiqatlara əsasən müəyyən etmişlər ki, müvafiq layihələri heç bir dövlət təkbaşına yerinə yetirə bilməz və burada hökmən ümumi səylər, birgə elmi-texniki və maliyyə potensialı ortaya qoyulmalıdır. Buna görə də hazırda istilik-nüvə energetikası sferasında dünya atom energetikasının tullantılarının əsasında heliumun alınması şərtli “Beynəlxalq Eksperimental İstilik-nüvə Reaktoru” - BEİR layihəsi üzrə fəaliyyət reallaşmaqdadır. Bu miqyaslı layihə ABŞ, Kanada, Rusiya, Yaponiya kimi möhtəşəm ölkələrin və AB-nin potensialını birləşdirərək 10 milyard avro həcmində olmaqla 30 ilə hesablanmışdır. Artıq layihə üzrə aparılan təcrübələr kvar-qlyuan adlanan plazmanın kəşfini imkanlı etmişdir. Hazırda isə bu və ümumi tədqiqat çevrəsində maddənin yeni aqreqat – subnüvə halı üzərində araşdırmalar aparılır.
İstilik-nüvə reaksiyasının müasir perspektivli qurğusu kimi tokomak çıxış edir. BEİR layihəsi üzrə müvafiq qurğu da tokomak analoqludur. Burada plazmanı 100 milyon dərəcə qızdırmaq mümkündür. Əvvəllər belə hərarətin alınması ağılasığmaz idi. Artıq müasir dünyada 10%-i istismarda olan 300-dən çox tokomak qurulmuşdur.
Tokomak prinsipcə təhlükəsiz bir qurğu hesab olunur. Ənənəvi İES-lərdən 100 min dəfə az xammal tələbində bulunaraq il ərzində yalnız bir neçə yüz kiloqram litium maddəsi sərf edən bu qurğuları əhalinin sıx məskun olduğu məntəqələrdə quraşdırmaq da təhlükə törətmir. Litium xammalını isə çox geniş bir məkanda əldə etmək mümkündür. Passiv təhlükəsizliyə malik istilik-nüvə reaktorunda Çernobıl AES-də olduğu miqyasda qəzanın törənməsi mümkün deyildir. Burada reaksion konstruksiya qəzanın özbaşına sovuşması şərtiliyinə əsaslanır. Digər tərəfdən, müvafiq reaktorda yanacaq həcminin cüziliyi: bir partiyanın 10 ilə hesablanan həcmi də təhlükəni məhdudlaşdıran amillər sırasındadır.
Dünyanın heç bir yerində hələ istilik-nüvə xüsuslu elektrik stansiyası fəaliyyət göstərmir. Prosesin eksperimental dövriyyəsinin tam başa çatmaması tamamlanmayan texnoloci mükəmməllik amili və rentabellilik aspekti ilə bağlanılır. Lakin buna baxmayaraq istilik-nüvə perspektivi reallıqdır. Proqnozlara görə, istilik-nüvə təyinatlı ilk elektrik stansiyası XXI əsrin 40-cı illərində fəaliyyətə başlayaraq dünya energetik bazarını köklü təbəddülatlara uğradacaq, sonrakı onilliklərdə isə sivilizasiyanın bütün guşələrində yeni texnoloci inqilabi dəyişikliklərə səbəb olacaqdır. Energetik inqilab neftin dünya təsərrüfatındakı hegemonluğunu sarsıdaraq iqtisadiyyatın transformasiyasını sürətləndirəcək, korporativ çevrilişləri qaçılmaz edəcəkdir.

Enerji təhlükəsizliyi və milli energetik strategiya
Enerji müstəqilliyi və enerji təhlükəsizliyi bol enerji resurslu Azərbaycan Respublikası üçün də həyati əhəmiyyətli bir məsələdir. Azərbaycanda 1-2 milyard ton neft, 1-1,5 trilyon m3 qaz, 25-27 milyon ton kömür, 400-450 milyon ton yanar şist ehtiyatı olmasına baxmayaraq, bu resurslar tükənən aspektlidir. Hazırda ümumi qoyuluş gücü 5 min, faktiki gücü isə 4 min MVt olan istehsal konfiqurasiyası 83:17 nisbətli 6 İES və 5 Su Elektrik Stansiyası (SES) qismində fəaliyyət göstərərək illik 20-23 milyard kVt.saatlıq elektrik enerjisi istehsal olunması müqabil və perspektivi təmin edən keyfiyyətdə deyildir. Bu güc müqayisədə ümumilikdə Gürcüstan və Ermənistanın elektrik enerji potensialından (ümumi güc 1,7 min MVt) 2,5-3 dəfə çox olsa da, yenə azdır. Hazırda respublikanın elektrik enerjisi təminatında 500 MVt ümumi güc çatışmazlığı mövcuddur və tələbat dolğunluğu yenə də xaricdən elektrik enerjisinin idxalı hesabına təmin edilməkdədir. Yeni gücləri əldə etmək üçün isə bütün mövcud və potensial energetik resursların konsolidasiyasını yaratmaq, energetik təhlükəsizlik konsepsiyasını və onun mühüm tərkib hissəsi olan energetik strategiyanı formalaşdırmaq və ardıcıl reallaşdırmaq gərəklidir.
Enerji təhlükəsizliyi vaxt çərçivəli dövri bir məsələ deyildir. O, çox uzaq zaman hədəflərini əhatə edən milli və dövləti bir problemdir. Buna görə də, enerji resurslarının səmərəli bölgüsü, istifadəsi və həm də başlıca olaraq artırılması, gələcək nəsillərə transformasiyası çox mühüm və vacibdir. Artırma və transformasiya prosesində isə əsaslandırmağa cəhd etdiyimiz kimi, AES paradiqması daha çox cəlbediciliyi və münasibliyi ilə fərqlənir.
AES ideyası Azərbaycan üçün yeni bir təzahür deyildir. Məlumdur ki, Azərbaycan güclü SSRİ dövlətinin tərkibində olduğu zamanlarda burada AES tikintisi mərkəzi hökumətin bas planları sırasında qərar tutmuşdu. Proses hətta konkret reallaşma mərhələsinə də daxil olmuşdu. Həmin məqsədlə layihə üzrə smeta-maliyyə sənədləri hazırlanmış və Əli Bayramlı yaxınlığındakı Nəvai ərazisində müəyyən yardımçı binalar və tikililər inşa edilmişdi. Bu hadisə isə onu göstərir ki, ənənəvi neft ölkəsi olan, perspektiv karbohidrogen ehtiyatları ilə də fərqlənən Azərbaycanda AES tikintisi strateci əhəmiyyət daşımışdır. Yüksək seysmoloci faktorluğa baxmadan belə, bu strategiya məqbul hesab edilmişdir. Seysmoloci amili və əsası da karbohidrogen bolluğunu qabartmadan IAEA ekspertləri də 2005-ci ildə qurumun Vyanada keçirilən 49-cu sessiyasında respublikamızda AES tikintisinə müsbət rəy vermişdilər. Agentlik bir daha hansı enerji mənbəyinin ölkə üçün əlverişli olub-olmadığını araşdırmaq məqsədilə respublikanın Sənaye və Energetika Nazirliyi ilə “Azərbaycanın enerji balansının hesablanması və perspektiv istiqamətlərin müəyyən olunması” adlı müştərək layihələrin həyata keçirilməsinə dair əməkdaşlığa başlamışdır. Bu layihə əsasında bütün enerji mənbələri, o cümlədən də nüvə enerjisi ilə bağlı perspektivlər nəzərdən keçiriləcək və onların ətraf mühitə təsiri öyrəniləcəkdir.
Azərbaycanda AES strategiyası ilə bağlı suallar və təzadlar çox ola bilər. Başlıca sual isə bu sistemin özünün təhlükəsizliyi ilə bağlıdır. Əgər biz bu aspekti və Azərbaycanın aktiv seysmik zonada yerləşməsinin mühüm əksarqumetliyini məqsədlərimizin əngəl təməlinə çevirsək, şübhəsiz ki, müvafiq istiqamətdə heç bir addım belə ata bilməyəcəyik. Qonşuluqda bu strategiyanın çoxdan baş tutmasını, SSRİ zamanı Azərbaycanda AES inşasının reallığa çevrilmə ərəfəsində olmasını, nəhayət, mövcud və tikilməkdə olan AES-lərin bir qisminin aktiv seysmoloci zonada yerləşməsini və keyfiyyətcə bu işin mütərəqqiliyini fikir önünə gətirdikdə, təhlil etdikdə isə fərqli yanaşma ilə üz-üzə qalacağıq.
AES strategiyası Azərbaycana nə verəcək? Burada keyfiyyətləri şaxələndirmək, rancir düzümündə incələndirmək də olar. Əlbəttə, başlıca meyar enerji təhlükəsizliyi məsələsidir. Bir, hər bloku 500 MVt olan 2 bloklu – 1000 MVt-lıq AES-in inşası respublikanın enerji tələbinin 20%-ni ödəmə imkanında olacaqdır. Burada güc artımı da istisna deyildir.
AES elmi-texniki tutumlu sistemdir. Bu strategiya milli elmi bazamızı nüvə fizikası araşdırmaları ilə zənginləşdirəcəkdir. Nəticə etibarilə ölkədə “Nüvə fizikası” Elmi-Tədqiqat İnstitutunun, digər müvafiq elmi mərkəzlərin yaranışını, təhsil sisteminin rəqabət qabiliyyətinin yüksəlişini labüd edəcək, yüksək texnologiyalar sahəsində yeni təməlçi prinsipləri formalaşdıracaqdır.
AES strategiyası respublikaya həm də siyasi güc gətirəcəkdir. Ölkənin beynəlxalq qurumlara inteqrasiyasinda nüfuz və kamilliyi yüksələcəkdir.
AES strategiyası ölkədə yeni institusional dəyişiklikləri labüd edəcəkdir. Bu sistem birmənalı olaraq ölkə qanunvericiliyində yeni normativ-hüquqi aktların təzahürü, infrastruktur təsisatlarının formalaşması ilə müşayiət ediləcəkdir.
AES strategiyası şəhər və regionyaratma baxımından da effektlidir. Bu mənada o, ərazi və ölkə məşğulluğunu mülayimləşdirəcək, sosial sferanın mütərəqqiliyinə təsir göstərəcək, iqtisadi gücü daha da artıracaqdır.
AES strategiyası ekoloji mühafizə sistemini təkmilləşdirəcək, onu daha da mobilləşdirəcəkdir.
İnşaat problemi və xammal aspekti də bizə çətinlik gətirməməlidir. Bunun üçün dünyada ixtisaslaşmış podratçı qurumlar mövcuddur. Xammalla təminatı da, adətən, layihəni gerçəkləşdirən ölkə öz üzərinə götürür və müvafiq olaraq nüvə tullantılarının basdırılmasını da həyata keçirir. Stansiyanın işinə nəzarəti isə daimi olaraq IAEA ekspertləri reallaşdırırlar.
Hansı sayda və gücdə nüvə reaktoru və stansiyası məsələsi də araşdırıla bilər. Hesab olunur ki, bu güc 1000-4000 MVt arası tərəddüd edə bilər. Stansiya sayı 1, perspektiv konyunkturada isə 2 və 3 miqdarda ola bilər.
İlk AES üçün inşaat məkanı Əli Bayramlı yaxınlığındakı Nəvai ərazisi ayrıla bilər. Bu məkanın adekvatlığı, fikrimizcə, SSRİ tərəfindən mümkün qədər əsaslandırılmışdır. Digər alternativlər sırasında isə Naxçıvan Muxtar Respublikasının və Qəbələ RLS-in ərazisi nəzərdən keçirilə bilər.
Əlbəttə, bütün bu ilkin araşdırma predmetləri və obyektləri böyük bir konsepsiyanın nəzəri müddəalarının prioritetləri və niyyət manifestidir. Konsepsiyanın qurulması, strategiyanın işlənməsi, layihələşmə prosesləri isə daha kəskin məsuliyyətli ciddi  bir məsələdir.
Şübhə yoxdur ki, yaxın zamanlarda milli neft fondunda akkumulyasiya olunan karbohidrogen kapitalı ölkədə fərqli enerji mənbələrinin yaranışını qaynaqlandıran yeni gerçəkliyə çevriləcək və Azərbaycanda nüvə energetikasının əsaslı təşəkkülünü bərqərar edəcəkdir.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1.Hacızadə E.M, Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası. Bakı: Elm, 2003, 512 s.

2. Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006, 509 s.

3.Алиев И. Каспийская нефть Азербайджана. М.: Известия, 2003, 798 с.

4.Белая книга ядерной энергетики /Под общей редакцией проф. Е.О. Адамова/ М.: ГУП НИКИЭТ, 2001, с. 324.

5.Мирзаджанзаде А., Султанов Ч. Этюды нефтяной концепции Азербайджана. Баку: 1994, 100 с.

6.Максимов В., Аношин В., Чернов И. Исследования рынков основных энергоносителей. Уфа: БГУ, 2000, 561 с.

7.Социально-экономическая география зарубежного мира. М.: Крон-Пресс,1998, 592 с.

8.http://www.worldoil.com.

9.http://www.neftegaz.ru

10.http://www. İlham-Aliev.com.

11.http://www. energystrategy.ru

12.http://www.ross-balt.ru


Э.М.Гаджизаде

ЭНЕРГЕТИЧЕСКАЯ БЕЗОПАСНОСТЬ


В публикации исследуется вопрос создания в Азербайджане альтернативных энергетических источников. Рассматривая перспективу расширения нефтяного сектора, автор указывает на необходимость вложения части капитала Нефтяного Фонда в развитие альтернативных энергетических проектов. Ученый рассматривает как одну из форм реализации данной идеи строительство АЭС в Азербайджане, а также указывает на целесообразность формирования новой линии в энергетической стратегии страны.

 

E.M.Hajizadeh

ENERGY SECURITY

In the published item a question of creation in Azerbaijan alternative energy sources has been investigated. Examining the prospects of oil sector enlargement, the author points out the necessity of investment of part of Oil Fund capital in the development of alternative energy projects. The scientist considers constructing of atomic power-plant in Azerbaijan as one the forms of realization of the given idea, also points out expediency of formation of the new policy in the energy strategy of the country.

108.Energetika təhlükəsizliyi. DİRÇƏLİŞ-XXI ƏSR. АMEА-nın Azərbaycan Dövlət Quruсuluğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi nəşri. Bakı. №104-105. 2006. 1.2.ç.v.