Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / AZƏRBAYCANIN ARTAN TƏBİİ QAZ RESURSLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ PERSPEKTİVLƏRİ
MHM, Elşən Mahmud oğlu Hacızadə
Azərbaycan özünün artan qaz potensialı ilə də qlobal və regional çevrədə yeni güc mərkəzinə çevrilməkdədir. Bu keyfiyyət və kəmiyyət artımı isə Xəzərin ən nəhəng qazkondensat yatağı «Şahdəniz» strukturunun istismara verilməsindən qaynaqlanır. Son 20-25 il ərzində planetin heç bir guşəsində ehtiyat toplumu 1 trilyon m3-i aşan, dünya əhəmiyyətli belə unikal yataq açılmamışdır. «Şahdəniz» bu bənzərsiz energetik gücü ilə nəinki özünün mənsub olduğu Azərbaycanı, bütövlükdə böyük bir makroregionun təbii qazla bağlı mənzərəsini təbəddülatlara uğratmışdır. Buradakı izafi ehtiyatlar imkan verimışdir ki, Avropa qaz bazarının diversifikasiyası daha etibarlı alternativliklər əldə etsin. Etibarlılıq isə, dolğun çevrədə Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsi ilə təmin olunacaqdır. Bununla yanaşı yaxın perspektivdə Azərbaycanda digər mənbələr hesabına da qaz hasilatı yüksələcək və onun enerji balansını daha da möhkəmlənəcəkdir [1, 6].
Artan təbii qaz potensialı respublikanın enerji təhlükəsizliyini möhkəmləndirən daha bir sanballı resurs olaraq böyük milli sosial-iqtisadi maraq kəsb edir və gerçəkləşən neft strategiyası sferasında eksklüziv «mavi yanacaq konsepsiyası»nın da formalaşmasını şərtləndirir. Bu baxımdan da bizim tədqiqat predmetini elmi-təhlili kontekstdə, yeni epoxial mərhələnin əsas enerjidaşıyicısına çevrilmiş bu bol karbohidrogen resursundan, onun multiplikativ effektindən milli mənafelərə uyğun daha optimal və rasional istifadə perspektivliyi səciyyələndirir.
Təbii qazın energetik gücü, ekoloji və iqtisadi üstünlüyü
Enerji resursları və enerjidaşıyıcıları ilə beynəlxalq ticarət dünya ictimai əmək bölgüsü sisteminin əsas üzvi əlaqələndiricilərindən biri kimi çıxış edir. Çağdaş zamanda enerjidaşıyıcılarının 1/3-i istehlakçılara sərhədləri aşaraq yetişir. Bu göstərici daş kömür üzrə 10%, neft üzrə 40%, təbii qaz üzrə isə 20% təşkil edir. Belə reallıq isə dünyanın ayrı-ayrı coğrafi ərazilərində enerji resurslarının qeyri-bərabər yerləşməsi və onların müvafiq enerji istehlakı mərkəzlərindən uzaqlığı vəziyyətindən irəli gəlir. Vəziyyətin mülayimləşməsini isə «Dayanıqlı inkişaf konsepsiyası» təmin edir. Bu konsepsiya enerji resursları istehlakçıları olan ölkələri, enerji sisteminin iqtisadi səmərəliliyinin və ekoloji təhlükəsizliyinin təmin edilməsi oriyentasiyasına keçidini şərtləndirir. Özünün keyfiyyət parametrlərinə görə bu oriyentasiyada təbii qaz daha fərqli səciyyə daşıyır.
Təbii qazdan istifadə ötən yüzilliklərdə başlansa da, XX əsrin ilk onilliklərinə qədər geniş miqyaslı olmamışdır. Onun üstün yanacaq, sənye məhsulu və sintetik xammal kimi texniki-iqtisadi gücünün diapazon genişliyi aşkarlandıqca istehlak proporsiyası da dəyişkənliyə uğramışdır. Müasir zamanda isə təbii qaz enerji müstəvisində nəqletmə, ekoloji və iqtisadi səmərəlilik amilləri ilə də üstünlüyü ələ almışdır. Onun təbii resurslar arasında mürəkkəb emal dövriyyəsi tələb etmədən hazır yanacaq və transformasiya olunan enerji xammalı kimi nəql imkanlığı da müqayisə edilməzdir. Ekoloji keyfiyyətlilik baxımından isə qaz atmosferə buraxılan zərərli maddələrin az miqdarlığı ilə fərqlidir. Neft yanacaqlı bir orta statistik yük avtomobili il ərzində atmosferə təxminən 3 ton, marşrut avtobusu 10 ton, minik maşını 0,3-0,4 ton zərərli maddə buraxır. Hesablamalar belədir ki, 500 min avtomabilin qaz yanacağına keçirilməsi ilə atmosferə hər il 1,58 milyon ton zərərli maddə buraxılışını azaltmaq olar. Təbii qazın 12000 kkal/kq istiliktörətmə gücü ilə də karbohidrogen əqrabaları arasında ən yüksək reytinqə malikdir. Bu güc torf və yanar şistlərdən 3-4, oduncaq və daş kömürdən 1,5 dəfə, neftdən isə orta hesabla 1000 kilokalori artıq miqdarlıdır. Qazın 2000 dərəcə selsili yüksək istilikvermə qabilliyyəti onun keyfiyyətli energetik və texnoloji səmərəli yanacaq növü kimi geniş tətbiqini təmin etmişdir. Müqayisə üçün qeyd olunmalıdır ki, 1 milyon kVt/s. elektrik enerjisinin istehsalı üçün 106 min м3 qaz və ya 261 ton daş kömür gərəklidir [2-4, 7].
İqtisadi səmərəlilik və maliyə rasionallığını isə aşağıdakı formuladan aydınlığı ilə sezmək olar:
Energetik güc: 1 м3 təbii qaz = 1 litr yüksək oktanlı benzin;
Orta qiymət: 2,5 м3 təbii qaz = 1 litr yüksək oktanlı benzin.
Göründüyü kimi bu üstünlük 2,5 dəfəyə bərabərdir [5, 9].
Təbii qaz üzvi yanacaq kimi o, bir sıra yeni sahələrdə, xüsusən də elektrik enerjisi istehsalının kombinasiya olunmuş tsiklində, mühərrik yağının keyfiyyətliyində özünün rəqabətqabiliyyətli enerjidaşıyıcısı kimi fərqlənərək istehlak sferasında yeni seqmentlər fəth etməkdədir.
Qlobal ehtiyatlar və istehlak tələbləri
Təbii qaz resursları qlobal miqyasalı və nəhəgdir. Onun 2007-ci ilin əvvəlinə sübut olunmuş planetar ehtiyatları 150 triliyon m3 hesablanır və dünya energetik balansında xüsusi çəkisi daim artır. Bu dinamizm elektrik enerjisinə 1945-ci ildən başlanan kəskin tələbdən irəli gəlir. Ötən əsrin 70-ci illərindən isə əhali artımı, həyat səviyyəsinin yaxşılaşması ilə bu meyil daha da sürətlənir. XXI əsrdə isə artım sürəti yeni fazaya daxil olmuşdur. 2010-cu ilə qədər ildə bu sürət 2,5%-lik templə əsrin ortalarında enerji balansında xüsusi cəkisini 30%-ə qədər yüksəldəcəkdir. Daha miqyaslı sürət 3% Avropada, 8% Cənub-Şərqi Asiyada, ümumən isə 5% olmaqla inkişaf etmiş ölkələrdə müşahidə ediləcəkdir [9].
Qaz ehtiyatları baxımından dünyanın lider ölkələri Rusiya və İrandır. Ümumdünya qaz ehtiyatlarının 1/3-dən çoxunun cəmləşdiyi Rusiyada kəşf olunmuş təbii qaz ehtiyatları 50 trilyon m3-dən çox hesablanır və resurslarının tükənmə müddəti 80 il təşkil edir. Qaz potensialına görə regionda Rusiya ilə yanaşı Qazaxıstan və Türkmənistan da əhəmiyyətli gücə malikdirlər. İranın isə bu coğrafi bölgəyə yaxınlığı OPEK tipli alyansının təsisatını qaynaqlandırır. Hətta İranın dini rəhbəri bu məqsədlə Rusiyaya müraciət də etmişdir.
Təbii qaz ehtiyatları ilə bağlı güc Yaxın Şərq ölkələrinə də məxsusdur. Dünya qaz ehtiyatlarının 35,1%-i onların payına düşür və istismar müddəti 256 ilə hesablanır. Yüksək toplumda istehlak tələbləri isə Cin, Hindistan və Avstraliyada müşahidə olunur Daha geniş həcmli artım meyilləri isə Azərbaycanın inteqrasiya olunduğu Avropa məkanı ilə bağlıdır. Ekspert hesablamalarına görə Avropanın qaz tələbləri 25 ildən sonra, indiki illik 500 milyard m3-dən 800 milyard m3-ə yüksələcək və bu zaman kəsiyində daxili hasilat 200 milyard m3-dən 120 milyard m3-ə qədər aşağı enəcəkdir. İstehlak həcminin artımı xüsusilə enerji istehsalında özünü göstərəcək. Bu artım ekoloji tələblər baxımından da şərtləndirilir. Qeyd etmək lazımdır ki, ötən il Avropaya kənardan 564 milyard m3 qaz gətirilmişdir [5, 9].
Avropada da təbii qazdan geniş istifadə 1950-ci illərdə İspaniya, Fransa (Lak yatağı), Hollandiya (Sloxtern yatağı), Almaniya, Polşa, Rumıniya, Avstriyada sonradan Şimal dənizinin Böyük Britaniya sahillərində yeni yataqların kəşfi ilə əlaqədar olmuş və bu mənbələr qitədə qazlaşmanı daha da sürətləndirmişdir. Sovetlər İttifaqının izafi qaz ehtiyatlarının Avropaya nəqli, 1970-ci illərdə Norveçdə aşkarlanan nəhəng qaz yataqları bu regionda qaz istehlakının daha geniş vüsət almasına səbəb olmuşdu.
Hazırda Avropa dünyanın ən yüksək inkişaf etmiş qaz sənayesi kompleksinə, müasir qaz təchizatı şəbəkəsinə və yüksək keyfiyyətli sənaye, məişət qaz avadanlıqları, cihazları istehsal edən müəssisələrə malikdir. İndi burada əsas qaz satışını Rusiya, İngiltərə və Norveç dövlətləri həyata keçirirlər. Son onilliklərdə isə qaz təchizatçı ölkələri sırasına bu bazarda Əlcəzair, Tunis, Liviya kimi yeni iştirakçılar da qoşulmuşlar. Yaxın perspektivdə isə müvafiq siyahını Xəzərhövzəsi regionun dövlətləri davam etdirəcəklər [5, 9].
Formalaşmış sahəvi infrastruktur və Avropa qaz bazarının diversifikasiyası
Uzun müddət qaz bazarları onun nəql xüsusiyyətindən, mürəkkəb infrastruktur özəlliyindən irəli gələrək ləng inkişaf etmişdi. Bu infrastruktur qazkompressor qurğuları ilə təchiz olunmuş magistral qaz kəmərlərini, qazsaxlama anbarları, emal müəssisələri, metandaşıyıcı tankerlər, xüsusi terminalları və sairi ehtiva edir. Məhz bu amillər, qaz bazarının regional miqyasda inkişafına yardımçı olur. Ümumi qlobal meyillərə baxmayaraq təbii qaz bazarları elə üstün olaraq da regional xarakter daşıyır.
Artan texnoloji nailiyyətlər qaz nəqlinin sərhədlərini genişləndirərək onun inkişafını vüsətləndirir. Müasir zamanda magistral xəttlər artıq dəniz dibi trayektoriyadan keçərək minlərlə kilometr uzunluqları fəth etməkdədir. Bu görüntu təbii qazın siyasi, iqtisadi, sənaye, ekoloji və sosial problemlərinə əsaslı surətdə təsir etdiyi Avropa Birliyi (AB) bazarında əyani olaraq özünü daha aydın nişan verir.
AB ölkələri artan qaz tələblərini regionun qaz bazarının təkmilləşməsi, daha konkret isə onun diversifikasiyasında görürlər. Bu strategiya təbii iqtisadi əsaslı olsa da daha çox enerji təhlükəsizliyi mülahizələrindən irəli gəlir. Belə ki, dünyanın ən möhtəşəm qaz korporasiyası - Rusiyanın «Qazprom» şirkətinin təchizat şərtlərinin Avropa üçün məqbul olmaması və bu baxımdan alternativliyin təminatı ilə bağlı digər vəziyyətlər AB-ni adekvat strategiya seçiminə sövq edir. Hazırda «Qazprom» Avropanın qaz tələbini ildə 150-160 milyard m3 ölçüdə ödəməklə, bu bazarda 30%-lik paya malikdir. Umumilikdə isə Avropa özünün qaz tələbini Şimali Avropa, Şimal Afrika və vurğulandığı kimi Rusiya vasitəsi ilə təmin edir. Bu bazarın diversifikasiyasında Türkiyə ən başlıca tranzit ölkə kimi çıxış edir. Burada yaxın gələcəkdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə yanaşı Rusiyadan uzunluğu 1240 kilometr, illik 16 milyard m3 buraxılış güclü Qara dəniz dibi Türkiyəyə çəkilən «Mavi axın» xəttinin Aralıq dənizinə qədər uzadılması və xüsusi cəlbediciliyi ilə fərqlənən «Nabukko» (Nabucco) layihəsinin gerçəkləşəcəyi gözlənilir [9].
«Nabukko» məhşur Babil padşahı Navuxodanosun adının traskripsiyası variantlarından biri kimi daha lakonik təqdimat daşıyır və bu adla inşa ediləcək müvafiq qaz kəməri də elə həmin regional zonadan başlanğıc alır. «Nabukko» kəməri ilə nəql ediləcək qaz Avropaya 5 ölkə - Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya sərhədlərini aşaraq gələcək. Ehtimal olunur ki, layihənin müəllifi Avstriyanın OMV «Aktiengesellschaft» şirkəti Yaxın Şərq və Avropanı birləşdirən uzunluğu 3,4 min kilometr olan yeni qaz xəttini «Nabukko» adlandırmaqla qədim sivilizasiya məkanının bir daha davamlı xatırlanması missiyasını da qarşıya qoymuşdur.
Layihənin dəyəri €4,4 milyard ($5,8 milyard) hesablanır. Rusiya ərazisindən keçməyən bu kəmər, Avropaya hər il 31 milyard m3 qaz gətirməklə AB-nin yüksələn tələblərinin 10%-ni ödəməyə qadirdir. Tikintisi gələn il başlanacaq bu kəmərdən 2011-ci ildə ilk qazın Azərbaycandan veriləcəyi gözlənilir. Ilkin olaraq kəmərlə 8-13 milyard m3 arası qaz nəql olunacaq, 2020-ci ildən başlayaraq isə bu həcm 25-30 m3-ə yüksələcəkdir [9].
«Nabukko» layihəsi ilə yanaşı «Dunya qaz ixracatçıları klubu»na daxil olan Misirdən $1 milyard dəyərində illik 10 milyard m3 buraxılış güclü İordaniya, Suriya, Livan, Kiprdən keçməklə Türkiyəyə, oradan da Avropaya səmt alacaq yeni qaz xətti də çəkiləcəkdir. İran qazının da Türkiyəyə ötürülməsi üzrə Təbriz-Ankara qaz xətti də çəkililməkdədir. Regional layihələrdən kənarda qalan Ermənistan isə həm enerji təhlükəsizliyinin təminatında və eyni zamanda Avropada cərəyan edən yeni qaz situasiyasından faydalanmaq üçün alternativ bir tranzit ölkə kimi şanslarını sınamaq niyyətindədir. Bu məqsədlə o, diplomatik çevrələrdə Turkmən və İran qazının Gürcüstan vasitəsi ilə Avropa bazarlarına çıxarılması, «Transxəzər» qaz layihəsinə qoşulması niyyətində olduğunu da bildirmişdir. Lakin burada aydın olan bir məqam ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi həllini tapmayanacan Ermənistanın regional layihələrdə iştirakı regionun lider ölkəsi Azərbaycan tərəfindən daim təcrid olunacaqdır. Digər tərəfdən, gərgin olan İran-Amerika münasibətləri də belə niyyətlərin perspektivsizliyindən xəbər verir. Bunu anlayan Ermənistan İrandan lokal qaz xətti çəkilişini aparmaqdadır. Layihənin lokallığı borunun diametrinin tranzit imkanlı olmaması ilə də əsaslandırılır. Uzunluğu 197 kilometr olan, illik 1,1-2,3 milyard m3 həcmli bu layihənin dəyəri $35 milyondur. Ermənistan bu kəmər vasitəsi ilə 20 il ərzində alacağı hər 1 m3 qaz müqabilində İrana 3 kVt elektrik enerjisi barter edəcəkdir. Qeyd etmək lazımdır ki, hazırda Ermənistan hər il Rusiyadan orta hesabla 1,5 milyard m3 qaz alır. «Qayğılı» Sovetlər İttifaqı zamanında isə bu ehtiyaclar əsasən Azərbaycan qazı vasitısi ilə ödənilmişdir [8, 9].
Miqyaslı olaraq Şərqdən Qərbə ötürüləcək magistral qaz xətlərinin əsas tranzit ölkəsi kimi Türkiyə və Azərbaycanla yanaşı Gürcüstanın da strateji əhəmiyyəti böyükdür. Enerji balansında qazın çəkisi 32-34% təşkil edən bu ölkənin də qaz tələbləri hər il artmaya meyillidir. Əsas istehlakçılar isə əhali və İstilik Elektrik Stansiyalarıdır.
Gürcüstan Ermənistana və Avropoya ötürülən qaz üçün tranzit haqqını təbii qaz şəklində alır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi çərçivəsində bu həcm maksimal gücdə 1,5 milyard m3 qaza bərabər olacaqdır. Bundan başqa Gürcüstan Azərbaycandan hər il 30-35 min ton qiyməti $216 olmaqla sıxılmış qaz da alır.
Lakin bu ölkənin ənənəvi qaz infrastrukturu olduqca köhnədir və onun bərpası çoxlu pul tələb edir. Gürcüstana bu prosesdə ABŞ öz kreditləri ilə qayğı göstərməkdədir.
Beləliklə, aparılan təhlili araşdırmalar göstərir ki, Avropa qaz bazarının diversifikasiyasında ən mühüm tranzit ölkələr olaraq Türkiyə, Gürcüstan və Azərbaycan çıxış edəcəkdir. Azərbaycan bu konfiqurasiyada Yaxın-Şərq, İran və Xəzərhövzəsi regionu ilə yanaşı, həm də nəhəng «Şahdəniz» qazına mənsubluqda Bakı-Tbilisi-Ərzurum kəmərinin ana ölkəsi kimi də üstünlüyü ilə fərqlənəcəkdir.
«Şahdəniz»
Dünyanın ümumi qaz ehtiyatlarının az qala 1%-ni özündə cəm edən bənzərsiz «Şahdəniz» yatağı Xəzərin Bakı sahillərindən 65 kilometr uzaqda yerləşir. Qazkondensat təyinatlı bu yataqda ehtiyat parametrləri təbii qaz üzrə nikbin proqnozda 1 trilyon m3, kondensat üzrə isə 200 milyon ton hesablanır. Bu isə ümumi likvid dəyərdə hazırkı bazar qiymətləri ilə hesablandıqda astronomik görüntü verən $250-300 milyarda bərabər tükənməz bir kapital həcmlidir.
Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi istiqamətində sayca 3-cü beynəlxalq neft müqaviləsi olan «Şahdəniz» strukturunun kəşfiyyatı, pay bölgüsü və istismarı üzrə kontrakt 25 fevral 1997-ci ildən qüvvədədir. Burada ilkin olaraq BP/Statoyl alyansı 51%, TPAO 9%, NİOK 10%, Elf 10%, Lukoyl 10% və ARDNŞ 10% paylara malikdirlər. Yatağın işlənməsinin birinci mərhələsində suyun 105 metr dərinliyində 10 quyuluq stansionar platforma, iki ədəd uzunluğu 100 km olan sualtı boru kəmərləri, Səngəçalda isə yeni qaz terminalı, qaz emalı zavodunun inşası və mövcud qazsaxlama anbarlarının modernizasiyası nəzərdə tutulmuşdur. Bu yataqdan ilk mərhələdə ildə 8 milyard m3 qaz hasil olunacaq və gələcəkdə 16 milyard m3-ə çatdırılacaqdır [5, 9].
Qətiyyətlə demək olar ki, respublikamız «Şahdəniz»lə yanaşı Xəzərdə aşkarlanan, lakin hələ tam qiymətləndirmədən keçməyən əlahiddə qaz yataqları, o cümlədən istismar olunan və olunacaq iri miqyaslı neftli qaz və kondensat hesabına qüdrətli qaz istehsalçısı və ixracatçısına çevrilməsinin epoxial astanasındadır. Elə bu realliq da respublikanın qaz təchizat sisteminin yenidən qurulmasını və əlahiddə «mavi yanacaq konsepsiyası»nın formalaşmasına əsaslar yaradır.
Azərbaycanın «Şahdəniz» layihəsində payının 10% olmasını və onun indiki daxili istehlak tələblərinə qeyri-ekvivalentliyi məyusedici ovqatlar yaratmamalıdır. Bu heç də o demək deyil ki, respublikamız təbii qaz ehtiyaclarını «Şahdəniz» layihəsində yalnız bu ölçüdə təmin etmək səlahiyyətindədir. Daxili ehtiyaclar üçün lazımi tələbli qaz konsorsium tərəfdaşlarından alınacaqdır. Perspektivdə daha biçimli strategiya ilə Azərbaycan öz payının genişləndirilməsi istiqamətlərində də təşəbbüslər edə bilər. Nəhayət, yaddan çıxarılmamalıdır ki, yatağın birgə istismar müddəti intəhasız deyil. Yaxın orta 20 ildən sonra buradakı qalıq etiyatlarının çıxarılması tam bizim öz öhdəmizə düşəcək. «Şahdəniz» yatağının Azərbaycana mənsubluğudan irəlı gələrək, digər tərəfdən onun işlənməsi, emalı və təmizlənməsi, nəqli və bütün bu geniş dövriyyəni əks etdirən müvafiq infrastrukturun qurulması ilə bağlı yaranacaq böyük multiplikator effektdən bəhrələnmə reallığı da nəzərdən qaçırılmamalıdır. Layihənin tam gerçəkləşməsi respublikada müəyyən qədər məşğulluğun təminatında, daxili enerjidaşıyıcılar bazarının genişlənməsində və ümümilikdə iqtisadi potensialının yüksəlişində mühüm rol oynayacaqdır.
Bakı-Tbilisi-Ərzurum
Sibir qazından keyfiyyət üstünlükləri ilə fərqlənən «Şahdəniz» qazının ixracatı geniş tutumlu magistral boru kəmərinin inşasını şərtləndirir. Bu işdə əsas strategiya Bakı-Tbilisi-Ərzurum (BTƏ), digər adlanışda Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) inşasına istiqamətlənmişdir. Ətraf mühitə və sosial sahəyə təsirin minimuma endirilməsi, əsaslı xərclər və əməliyyat məsrəflərinə qənaət olunması məqsədlərindən irəli gələrək 690 km uzunluqlu (Azərbaycan hissəsi 442 km, Gürcüstan hissəsi isə 248 km) bu kəmər Bakı-Tbilisi-Ceyhan neft xətti ilə eyni dəhliz çərçivəsindədir. CQBK «Şahdəniz» layihəsinin tərkib hissəsi oldüğundan buradakı payçılar da eyni tərəfdaşlardan ibarətdir. Bundan başqa bu layihədə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi maliyyələşdirmədən azad səhmdar kimi də çıxış edir [8, 9].
Aşağıdakı diaqramda «Şahdəniz» yatağı və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərinin layihəsində səhmdarların pay bölgüsü verilmişdir:
Diaqram
«Şahdəniz» və Bakı-Tbilisi-Ərzurum layihələri üzrə səhmdarların pay bölgüsü
CQBK layihəsinin icra müddəti 15 ildir. Kəmərin illik buraxılış qabiliyyəti isə 24 milyard m3-dir və 30 milyard m3-ə qədər genişləndirilmə imkanlıdır.
Azərbaycanla Avropa Komissiyası arasında bağlanmış memaranduma görə CQBK vasitəsi ilə ötürülən qaz Türkiyədən Yunanıstan və İtaliyaya və oradan da Avropanın əsas enerji bazarlarına yetişəcəkdir.
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin marşrut seçimi də asan olmamışdır. Belə ki, kəmərin Rusiyadan çəkilişinin rentabelsizliyi, Ermənistanla bağlı müharibə vəziyyəti və nəhayət, İranla sıcaq olmayan münasibətlər Gürcüstandan istiqamələnən variantını önə çıxartmışdır. Yaranmış situasiyadakı məhdud alternativsizlik təbii iqtisadi resurs imkanları məhdud olan Gürcüstanın bu layihədən faydalanmaq imkanlarını bir qədər də maksimallaşdırmışdır. Dunya bankının xəbərdarlıqları ilə üzləşməsinə belə baxmayaraq qaz tranziti məsələsində qonşu ölkə spekulyativ mövqeyini mülayimləşdirməmişdir. Yüksək tranzit tarifi və daxili ehtiyaclar üçün ucuz qiymətli qazla təminat razılığı Gürcüstanın bu layihədəki partnyorluğunun davamlılığının qarantına çevrilmişdir.
«Şahdəniz»in davamı olan CQBK layihəsi də eyni iqtisadi reallıqları əks etdirərək əlahiddə multiplikativ effektli olması şübhə doğurmamalıdır. Bunu isə yüksəliş tapan metan epoxasında Azərbaycanın təbii geostrateji mövqeyi, müvafiq enerji potensiallığı və «Transxəzər» və «Nabukko» kimi möhtəşəm qaz layihələrinin Bakı-Tbilisi-Ərzurum kəmərinə inteqrasiya perspektivi bir daha əsaslandırır [9].
Təbi qaz potensiali və ondan səmərəli istifadə perspektivləri
Azərbaycanda son 3-4 ildə orta hesabla hər il 5-7 miyard m3 civarında təbii qaz hasil edilməkdədir. Bu həcm məhdud şəkildə, gündəlik 27-30 milyon m3 istehlak normasında olmaqla ümumən respublikanın daxili ehtiyaclarını ödəməkdədir. Lakin bir neçə onillik öncə, konkret olaraq 1990-91-ci illərdə respublikanın qaz istehlakı zirvə həddində - 17 milyard m3 həcmində olmuşdur. Bu qazın 5,5 milyard m3-i respublikanın enerji kompleksinin elektrik stansiyalarında, qalan hissəsi isə məişətdə, sənayedə və iqtisadiyyatın digər sektorlarında məsrəf edilmişdir. Sovetlər İttifaqının dağılması ilə Azərbaycan iqtisadiyyatında da baş verən tənəzzüllü meyillər respublikada davamlı formalaşmış qaz istehsalı və istehlakı balansını da əsaslı dəyişikliklərə uğratmışdır. Hər il azalmaya meyl edən hasilat və 2000-ci ildən daha sürətli artan istehlak templəri ilə müşayiət olunmuş və öz növbəsində kəskin disbalans yaradaraq respublikanı qaz idxalına məruz qoymuşdur. Yeni yaranan qaz ehtiyacları 2006-cı ilədək, əsasən Rusiya hesabına təmin olunmuşdur. Bundan başqa İrandan Naxçıvan Muxtar Respublikası üçün də müəyyən miqdarda qaz alınmışdır [8].
Hazırda optimal çərcivədə respublikada qaz istehlakı 10-12 milyard m3 arası tərəddüd edir. Geoloji məlumatlara görə Azərbaycanın kəşf olunmuş qaz ehtiyatları 800 milyard m3 həcmindədir. Daha praqmatik qiymətləndirmədə bu potensialın 300 milyard m3-i sübut olunmuş ehtiyatlar kateqoriyasına aid edilir. Ümumilikdə respublikamızın qaz potensialı trilyon m3-lik miqyasda ölçülür və effektli rejimdə istehlak müddəti tam bir əsrə bərabərdir. Bu artım potensialı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və bu ildən başlayaraq «Şahdəniz» strukturundan hasil olunacaq qazla birlikdə Azərbaycanın daxili ehtiyaclarını daha adekvat təmin edəcək və mazut sistemində işləyən İstilik Elektrik Stansiyalarının da əsaslı qaz rejiminə keçidinə imkan yaradacaqdır.
Aşağıdakı cədvəldə Azərbaycan Respublikasında 2005-2006-cı illərdə məsrəf edilən təbii qazin faktiki həcmi və yeni resurs potensialına uyğun olaraq tərəfimizdən 2007-2010-cu illər üçün hazırlanmış proqnoz qaz balansı əksini tapmışdır [8]:
Cədvəl
Azarbaycan Respublikasında daxili hasilatdan qaynaqlanan çağdaş mümkün istehlak qazının balansı (2005-2010-cu illər)
(mln. m3)
|
İLLƏR |
|||||||
S/s |
GÖSTƏRICILƏR |
Fakt |
Proqnoz |
|||||
2005 |
2006 |
2007 |
2008 |
2009 |
2010 |
|||
|
||||||||
1 |
Cəmi qaz hasilatı |
5818,3 |
6825,4 |
13800,0 |
22500,0 |
26800,0 |
30000,0 |
|
o cümlədən |
||||||||
ARDNŞ |
3930,6 |
4456,0 |
5300,0 |
5500,0 |
5800,0 |
6000,0 |
||
ABƏŞ - Azəri-Çıraq-Günəşli (AÇG) |
1888,0 |
2100,0 |
3000,0 |
10000,0 |
13000,0 |
15000,0 |
||
«Şahdəniz» |
0 |
0 |
5500,0 |
7000,0 |
8000,0 |
9000,0 |
||
2 |
İdxal qazı |
4539,9 |
4480,3 |
0 |
0 |
0 |
0 |
|
3 |
Daxili istehlaka yönələn qaz |
10358,2 |
11305,7 |
9500,0 |
14000,0 |
17000,0 |
19000,0 |
|
4 |
«Azərenerji» ASC-yə veriləcək qaz |
4282,9 |
5223,3 |
4500,0 |
5500,0 |
5500,0 |
6000,0 |
|
5 |
«Azəriqaz» QSC-də paylanacaq qaz |
4963,1 |
5908,4 |
5000,0 |
6500,0 |
7000,0 |
8000,0 |
|
əhaliyə |
3013,8 |
2816,5 |
3000,0 |
4400,0 |
4500,0 |
5000,0 |
||
sənayeyə |
1019,8 |
1177,5 |
1500,0 |
1500,0 |
1850,0 |
2250,0 |
||
məişət və büdcə təşkilatlarına |
260,5 |
280,0 |
250,0 |
300,0 |
300,0 |
350,0 |
||
Naxçıvan MR-ə |
1,2 |
80,7 |
250,0 |
300,0 |
350,0 |
400,0 |
||
6 |
Əlavə ixrac qazı |
0 |
0 |
0 |
3000,0 |
4500,0 |
5000,0 |
|
|
Qeyd olunmalıdır ki, proqnozlara görə 2007-2100-cu illərdə «Şahdəniz»də hasilat həcmi 5500-9000 milyard m3 arası tərəddüd edəcəkdir Azərbaycanın payı burada 10% olduğundan bu hesabla respublikaya verilən qaz həcmi təbii ki, 550-900 mln. m3 olmalıdır. Lakin razılaşmaya görə Azərbaycan tərəfi bu müddət ərzində əlavə olaraq təxminən 1,5-2,5 milyard m3 həcmində «Şahdəniz» qazı qəbul edəcəkdir. Bu reallıq və bütün dövriyyə üzrə ARDNŞ, AÇG, «Şahdəniz»də və növbəti istehsal-təssərrüfat tsiklində texnoloji sərfə və itkilərə yönələn 20-30%-lik həmçinin, Naxçıvan MR-ə ötrülən tranzit haqqı kimi İrana verilən 30-50 mln. m3 qaz məsrəfləri təqdim edilən balansda nəzərə alınmışdır. Yeraltı qaz anbarlarına hər il 1-1,5 mln. m3 həcmində vurulan və yenidən qəbul edilən qazın orta hesabla bərabərlik təşkil etməsi vəziyyətindən irəli gələrək isə həmin göstəricinin balansda əksini tapılmasına lüzum qalmamışdır. Lakin balansdan göründüyü kimi artıq 2008-ci ildən Azərbaycanın ixrac potensialı özünün sərəncamında qalacaq qazla da təmin olunacaqdır. Bu əlavə potensial 2010-cu ildə 5 milyard m3 ola bilər. 2010-2020-ci illər arası isə əlavə potensialın hər il ardıcıl olaraq 10 milyard m3 təşkil etməsi istisna deyil. Bütövlükdə isə respublikamızda yaxın 20-il ərzində digər kontrakt zonalarından da çıxarılacaq təbii və səmt qazı həcmləri də nəzərə alınmaqla hasilatın 40-50 milyard m3 olacağı proqnoz ediləndir. Bu illər ərzində pay bölgüsünün genişlənməsindən, eyni zamanda ənənəvi və perspektiv sahələrdən daxil olmaları nəzərə alaraq bizim hesablamalara görə respublikanın sərəncamında qalacaq qaz həcmi umumilikdə 15-20 milyard m3-ə qədər yüksələ bilər.
Heasablamalar belədir ki, respublikanın artan qaz potensialı artıq 2008-ci ildə ölkə əhalisinin istehlak tələblərini tam ödəyəcəkdir. 2009-2010-cu illərdə isə bu potensialın yeni sənaye siyasətində istifadəsi həllini tapacaqdır. Respublikada qaztutumlu komplekslərin sayı genişlənəcək, enerji sistemi üstün olaraq qaz yanacağı rejiminə keçəcəkdir. Hesab edilir ki, yaxın gələcəkdə BTƏ-nin Naxçıvana yönələn qolu haqqında da mülahizələri kommersiya reallığına çevirmək olar. Buna baxmayaraq Naxçıvan MR-in təbii qazla daha səmərəli təminatı 2009-cü ildə tam başa çata bilər.
Bütün bu keyfiyyətliklər istər istəməz respublikada inkişaf edən qaz ssenarisi ilə bağlı ayrıca konsepsiyanın və strategiyanın işlənilməsini siyasi və iqtisadi zərurətə çevirir. Bu strategiyanın əsasında isə Azərbaycanın əlavə ixrac qazının xaricə xam satışı və ya ölkədə təbii qazla bağlı yeni istehsal sahələrinin yaradılması alternatıvlıkləri dayanır. İqtisadi inkişaf qanunları və beynəlxalq empirizm bu alternatıvlıkdə istehsalın genişləndirilməsi ssenarisinin daha məqbul şərtli olduğunu əsaslandırır.
Effektivlik strategiyasının prioritetləri
Aparılan tədqiqatlar isə göstərir ki, respublikanın artan qaz resurslarından səmərəli istifadə üçün başlıca şərt institusional yenidənqurma və infrastruktur modernizasiyası ilə bağlıdır. İnstitusional və infrastruktur modernizasiyasından irəli gələrək isə formalaşan yeni qaz strategiyası aşağıdakı prioritetlərı əsaslandırır.
Azərbaycanın sərəncamında qalacaq təbi qazın ixracat norması minimuma endirilməsi, təbii qazın xaricə xam şəkildə göndərilməsi yalnız hasilatın pay bölgüsü kontraktları üzrə aparılmaması, iqtisadi və maliyyə imkanları yaxşılaşdıqca təmamilə qaz ixracatından imtina edilməməsi.
«Şahdəniz» strukturundakı pay bölgüsünün genişləndirilməsi, ənənəvi və perspektiv sahələrdəki daxili hasilat normasının artırılmalması;
daxili bazarın liberallaşması ilə bağlı sahəvi normativ-hüquqi bazanın genişləndirilməsi istiqamətində sistemli tədbirlər görülməsi, müstəqil qaz təchizatçılar şəbəkəsinin formalaşması, üzunmüddətli strateji investisiya proqramının hazırlanması;
istehlak sektorunun daha qənaətcil rejimli, az enerjitutumlu qurğu və avadanlıqlardan istifadə sisteminə keçidinin təminatı;
artan istehlak tələbləri və sosial inkişafa uyğun olaraq ölkənin abonent sisteminin tamamilə müasir və innovasiyalı quruluşda təkmilləşdirilməsi;
yeni qaz emal müəssisələri, qaz kimyası məhsulları zavodları, müasir maye, sıxılmış və bərk qaz istehsal kombinatlarının yaradılmalması, qaz avadanlıqları və aparatları istehsal edən geniş istehlak şəbəkəsi formalaşdırılması.
Bu reallaşmalardan əldə edilən gəlirləri elmin gücü ilə təkrar istehsala yönəldərək ölkədə güclü qaz texnopolisi yaradılmalı, artan təbii qaz resurslarının multiplikativ effektivindən daha geniş səmərə götürülməsinə nail olunmalıdır.
ƏDƏBİYYAT
1.Алиев И.Г. «Каспийская нефть Азербайджана». М.: Известия, 2003. c. 798.
2.Бараз В.И. «Добыча нефтяного газа». М.: Недра. 1983. c. 344.
3.Гвоздев Б.П., Гриценко А.И., Корнилов А.Е. «Эксплуатация газовых и газоконденсатных месторождений». М.: Недра-1988. c. 468.
4.Мирзаджанзаде А.Х., Кузнецов О.Л., Басниев К.С., Алиев З.С. «Основы технологии добычи газа». М.: Недра. 2003. с. 880.
5.«Природный газ». /под ред. Р.Басби / М.: ЗАО «Олимп-Бизнес». 2003. с. 240.
6.Hacızadə E.M. «Azərbaycanın təbii qaz potensialı: reallıqlar və virtual cizgilər». Bakı, Elm. 2001. 186 səh.
7.Hacızadə E.M. «Sosiallaşan iqtisadiyyat». Bakı, Elm. 2006. 509 səh.
9.http://www.neftegaz.ru.
Азербайджанский Государственный Экономический Университет.
Эльшан Махмуд оглы Гаджизаде
Перспективы рационального использования возрастающего потенциала природного газа Азербайджана
РЕЗЮМЕ
Исходя из роли природного газа в укреплении энергетической безопасности Азербайджана в статье оценен ёе возрастающий ресурсный потенциал и мультипликативная эффективность. Оптимальное использование этого потенциала требует формирования отдельной газовой стратегии на основе проведения институциональных реформ и модернизации отраслевой инфраструктуры. Снижение до минимума экспортной нормы природного газа, оставшегося в распоряжении, либерализация внутреннего газового рынка, создание современных газоиндустриальных производственных комплексов, в инновационном плане реструктуризация абонентной системы и формирование мобильного газового технополиса обоснованы в статье как приоритеты новой национальной газовой стратегии страны.
Azerbaican State Economic University. Hacizadeh Elshan Mahmud
Prospects rational use of the growing potential of natural gas of Azerbaican
SUMMARY
Proceeding from a role of natural gas in strengthening power safety of Azerbaican in article it is appreciated its growing resource potential and multiplicate efficiency. Optimum use of this potential demands formation of separate gas strategy on the basis of carrying out institusionale reforms and modernization of a branch infrastructure. Decrease to a minimum of export norm of the natural gas which has stayed at the order, liberalization of the internal gas market, creation of modern gas - industrial industrial complexes, in the innovative plan restuktization to abonent system and formation of a mobile gas technopolis are proved in article as priorities of new national gas strategy of the country.
109. Azərbaycanın artan təbii qaz resurslarından səmərəli istifadə perspektivləri. İqtisad Elmləri: Nəzəriyyə və Praktika. Azərbaycan Dövlət İqtisad İnstitutunun nəzəri və elmi praktiki jurnalı. Bakı. №1-2. 2006. 0.8.ç.v.
Şəkil və diaqramları açmaq üçün məqaləni yükləyin: