Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / ARTAN QLOBALLAŞMA TƏLƏBLƏRI ŞƏRAITINDƏ ISTEHSAL INFRASTRUKTURUNUN INKIŞAFI MEYİLLƏRI
Magistr Hazırlığı Mərkəzinin direktor müavini,
i.e.d. E.M.Hacızadə
Qloballaşma bütün hərəkət aspektlərində özünün spesifik cəhətlərini xarakterizə edən əsas amillər və başlıca tələblərlə çıxış edir. Bu tələblər ayrı-ayrı ölkələrin iqtisadiyyatında və onların formalaşmış istehsal infrastrukturlarının inkişaf meyillərində əks olunur. Müasir elmi-empirik reallıq belədir ki, qloballaşma tələbləri ilə dəyişiklikləri labüd edən təmaslar miqyaslı olaraq istehsal və istehsal infrastrukturları sferasında baş verir. Ona görə də, rəqabət üstünlüyü əldə etmək missiyasını qarşıya qoymuş bir sıra istehsalçılar qloballaşma tələblərindən irəli gələn müvafiq infrasturkur təkmilliyinə daimi qayğı göstərir və onun davamlılığının və mükəmməliyinin möhkəmləndirilməsini stimullaşdırırlar.
Uzunmüddətli aparılan elmi araşdırmalar belə təyinat yaradır ki, qloballaşmanın əsas amillərini regionlar, ölkələr və iqtisadiyyatın ayrı-ayrı sektorları arasında əmtəə və xidmətlərin, maliyyə kapitalının, iqtisadi funksiyaların yerinə yetirilməsi ilə bağlı insanların və intellektual məhsulun hərəkəti səciyyələndirir. Onun başlıca tələbləri sırasında isə ümumi olaraq daha çox qlobal yoxsulluğun və bərabərsizliyin azalmasına təminat verən dünya iqtisadi artımını dayanıqlı etmək manifesti dayanır. Qlobal artım əsasən industrial inkişaf etmiş ölkələr hesabına ərsəyə yetir. Bu vektorda özünün super valyutası, qlobal maliyyə təsisatları, hərbi və diplomatik gücü ilə üstün fərqlənən ABŞ ön cərgədə mövqe tutur. Bununla belə, dünya iqtisadi artımında Qərbi Avropa və Cənub-Şərqi Asiya regionunun da qlobal təsir imkanları nəzərə alınandır. Lakin bu dövlətlərin əhalisinin özünün də qloballaşmaya münasibətindən çox perspektiv məqamlar asılıdır. Ona görə də, həmin ölkələrin hökumətləri öz əhalisini qloballaşmanın neqativ təsirlərindən qorumaq məqsədi ilə daha biçimli iqtisadi siyasət yeritməyə borcludurlar. Üçüncü ölkələr üçün biçimli iqtisadi siyasətin əsas komponentləri isə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının kreditvermə şərtlərindən irəli gələn «Liberallaşma», «Stabilləşmə» və «Özəlləşdirmə» blokunda, 10 maddə əksini tapan «Vaşinqton konsensusu» qaynaqlandırır. Bu adlanış isə öz növbəsində onu göstərir ki, qloballaşmanın əsas meyli ABŞ-dan istiqamətləndirilir.
Qloballaşmanın digər tələbini ticarət və yardımlar ehtiva edir. Bu çağırış kənd təssərrüfatı məhsulu ticarətinin liberallaşdırılması və kütləvi subsidiyalar praktikasına son qoyulması ilə bağlıdır. Məhz ticarətin liberallaşması və ünvansız subsidiya strategiyası inkişaf etməkdə olan ölkələrin ixracat potensialını məhdudlaşdırır, infrastrurtur təkmilliyinə, onun mobilləşməsinə təsir göstərir.
Qloballaşmanın növbəti tələbi dünya maliyyə sisteminin dayanıqlılığının artırılması ilə şərtlənir. Burada əsas həll ölçüsü kimi çevik valyuta kursu və güclü daxili siyasət götürülür. Əslində bu tələb o qədər də məhdudlaşdırıcı görünmür. Onun liberal missiyası daha çox lokal təzahürlüdür. Lakin çevik valyuta kursu məsələsi isə bir qədər açıq qapılar çərçivəsində iqtisadi təhlükəsizlik üçün problemli ola bilər. Bu reallığa rəğmən ABŞ-ın Pensinlvaniya Universitetinin professoru Nobel laureatçısı Lourens Kleyn, «Qloballaşma: milli iqtisadiyyatlara çağırış» əsərində qeyd edir: «Bir sıra ölkələr iqtisadi inkişafın müxtəlif mərhələlərində olduqlarından industrial təsisatların xarakterliliyi və prioritetlər baxımından fərqlənirlər. Buna görə də onlar «açıq qapı siyasəti»ni birdən və bərabər ölçüdə aparmamalıdırlar. Bununla belə, qloballaşmanın gücünə sonsuz olaraq müqavimət də göstərilməməlidir. Vacibdir ki, prosesin idarə edilməsi mütəmadi olaraq öyrənilsin və iqtisadiyyat onun məcrasına yönəlsin» [9].
İşçi qüvvəsinin miqrasiyası qlobal iqtisadiyyatda mühüm rol oynayır. Onun tənzimlənməsi məsələsi isə qloballaşmanın mühüm tələbi kimi çıxış edir. Miqrasiya güclü potensial olaraq pozitiv və neqativ fəsadlı ola bilər. Böyük şəffaflıq tələb edən bu sfera alternativ axtarışlar və cəmiyyətin diqqətini tələb edir. Ona görə də qloballaşma sferasında olan hər bir ölkə miqrasiyanı nizamlamağa milli iqtisadi təhlükəsizlik konsepsiyasının prioriteti kimi baxmalıdır.
Qloballaşma son nəticədə yenə də mühüm olaraq idarəetmənin yaxşılaşdırılması - menecmentin keyfiyyət artımı tələbi ilə çıxış edir. Qlobal axın özü ilə yeni menecment texnologiyaları gətirir və onu paylaşır. Vurğulanmalıdır ki, yeni idarəetmə texnologiyasının özünün də məxsusi tələbləri vardır. Bu tələblər isə qlobal eyniliklərlə təzahürlüdür. Burada geniş lokal təşəbbüsçülük bir qədər məhdud imkanlıdır.
Qloballaşma ilə yanaşı regionlaşma da ciddiliyi ilə özünü göstərir. Bir sıra ölkələr qlobollaşma meylindən mühafizə olunmaq istiqamətində regional əməkdaşlığı və inteqrasiyanı gücləndirir. Təbii olaraq buna ənənəvi regional bağlılıq da təsir göstərir. Məhşur yapon iqtisadçısı Keniçi Omaye «Milli dövlətin sonu» əsərində göstərir ki, regionlar ayrı-ayrı dövlətlərə mənsub olsalar da, bir-birləri ilə güclü bağlantıları vardır [8].
Qloballaşmanın amil və tələblərinin analitik şərhi belə bir nəticə hasil edir ki, sistemə qoşulmuş üçüncü ölkələr qlobal axının filtirləşməsi üzərində ciddi cəhdlər etməli, iqtisadiyyatlarını, istehsal sistemlərini və bundan irəli gələn istehsal infrastrukturlarının təkmilliyini ön plana çəkməlidirlər. Yəni nəyin yaxşı və pis, mümkün və müqabil olması zəminində milli iqtisadi təhlükəsizliyə xələl gətirməyən balanslaşdırılmış istehsal infrastrukturu strategiyasına malik olmalıdırlar.
İstehsalın qloballaşmadan qaynaqlanması müvafiq istehsal infrastrukturunun təkmilliyyi və onun mobilliyində əks olunur. Belə ki, istehsalın inkişafı qarşılıqlı adekvatlığı təmin edərək eyni zamanda istehsal infrastrukturunun da inkişafına zəmin yaradır. Artan qloballaşma tələbləri istehsal infrastrukturunun da inkişafı meylinə təsir göstərir[5,6].
XXI əsrdə ölkənin dayanıqlı inkişafının təmin edilməsi milli və xarici kapitalın inteqrasiyasına əsaslanaraq qabaqcıl texnologiyalarin, innovasiyaların, nou-xauların, ümumilikdə elmtutumlu istehsalın gətirilməsi ilə mümkündür. Bu reallıq isə onu göstərir ki, ayrıca götürülmüş bir dövlətin iqtisadi gücündən asılı olmayaraq onun tərəqqisi qlobal proseslərdən kənarda qalmaz. Bu həm də onun istehsal infrastrukturu üçün də eyni əhəmiyyətlidir. Bu baxımdan ölkənin istehsal infrastrukturunun hərtərəfli inkişafı yerli potensialla yanaşı inteqrasiyadan güc almalı və gedən qloballaşma proseslərindən də qaynaqlanmalıdır.
Qloballaşma prosesi yaşadığımız sivilizasiya mərhələsində informasiya resursları ən mühüm sosial-inteqrir amilə çevrilmiş, iqtisadiyyatda olduqca nəhəng çəkiyə malik olmaqla öncül mövqeyə çıxmışdır. Hazırda planetin informasiyalılıq səviyyəsi elm və texnikanın, enerji, tele-radio-kommunikasiya və peyk rabitəsində ehtiva olunan yüksək texnologiyalarla müəyyən olunur.
Qloballaşmanın texnoloji əsasını müasir kommunikasiya vasitələrinin reallaşdırdığı olduqca çox böyük sürətə malik informasiya mübadiləsi təşkil edir. İnternet texnologiyaları dünyanın istənilən guşəsindən informasiya, ticarət, birja əməliyyatlarını hamı üçün imkanlı edir. Yer kürəsinin hər hansı bir ölkəsinin bazarında baş verən dəyişikliklər digərləri tərəfindən dərhal təhlil olunur və qiymətləndirilir. Bu hal xüsusən fond birjaları, valyuta və əmttə bazarları və həmçinin elmi kəşflər, nou-xaular sferası üçün xarakterikdir [2, 3].
Qloballaşmanın ayrı-ayrı ölkələrin istehsal infrakstrukturlarına təsiri təhlil olunarkən, burada ölkənin özünün potensialı və onun pozitiv dəyişkənliklərə olan hazırlığını əks etdirən amillər nəzərdən qaçırılmamalıdır. Bu müsbət meyildən faydalanma, mənfi təsirdən isə təcrid olunma zərurətliyinə əsaslanan problem məsələnin kompleksliliyindən irəli gəlir. İnkişafın davamlı və dayanıqlılığı da bu xüsusiyyətlilik lə şərtlənir.
Ölkələrin sosial-iqtisadi inkişafında mühüm olaraq təbii resurslar, cografi mövqe, iqtisadi aktivlik kimi amillər iştirak edir. Lakin bu amillər üzrə qismən belə olan ölkədaxili fərqlilik regionlar arasında proporsionallıgı qabarıqlaşdırır, infrastruktur bərabərliyi nizamını pozur. Belə olan şəraitdə regional inkişaf strategiyasında, istehsalın dinamikləşməsində ərazinin idarə edilməsində differensial yanaşmaya üstünlük verilir, ixtisaslaşmanın daha da möhkəmlənməsi üçün regionlararası inteqrasiyanın genişlənməsinə əlverişli şərait yaradılır. Bununla yanaşı, istehsal səmərəliliyinin artırılması üçün beynəlxalq iqtisadiyyata inteqrasiyanın da genişləndirilməsi vacibdir. Bu istiqamətdə Ümumdünya Ticarət Təşkilatının (UTT) rolu danılmazdır.
Dünya ticarətinin 96%-ni reallaşdıran ÜTT-yə üzvlik hər bir ölkə üçün prioritet məsələ, dərinləşən, təkmilləşən inteqrasiya və qloballaşmadan səmərəli faydalanma amilidir. ÜTT-yə qəbul oriyentasiyasında Azərbaycan Respublikası da səylərini artırır və bu istiqamətdə əməli fəaliyyətini davam etdirir. Bununla belə, qeyd olunmalıdır ki, ÜTT-yə qəbul məsələsi asan başa gələn sadə possedur bir akt deyildir. Bu kompleksli tədbirlərin həyata keçirilməsi, götürülən öhdəliklər, inteqrasiya ilə bağlı çöxsaylı fəaliyyətlərin reallaşdırılması, müvafiq istiqamətdə ölkədaxili ciddi iqtisadi islahatların aparılması deməkdir. ÜTT-yə qəbul bütövlükdə ölkənin ali inteqrasiyasında rol oynadığı kimi onun ayrı-ayrı regionlarının da inkişafına təsir edir. Bu inkişaf isə regionun iqtisadi potensialının, onun istehsal gücünün artması, müvafiq istehsal infrastrukturunun mobilləşməsi ilə müşayiət olunur. ÜTT konsolidasiyası həm də, qlobalaşmadan səmərəli istifadə imkanlarını artırır, ölkələrin daha biçimli və çevik iqtisadi və daxili regional siyasət aparmasına zəmin olur.
Ölkə iqtisadiyyatının dünya təssərüfatına daxil olması istehsal inteqrasiyasının istiqamətlərinin və inkişaf metodlarının beynəlxalq təcrübənin ümumiləşdirilməsi zəmininin də nəzəri əsaslandırılmasını şərtləndirir. Bu heç də bütün ölkələr üçün eyni şərtli deyildir. Burada ərazinin miqyası, potensialı və eyni zamanda təkmil istehsal infrastrukturuna malikliyi də mühüm rol oynayır. İstehsal infrastrukturunun müasir tələblər baxımından inkişafı isə bir sıra mərhələlərdən keçərək təkamülə uğrayaraq mobilləşir.
Aparılan araşdırmalar formalaşmış praktikaya istinadən göstərir ki, istehsal infrastrukturunun təkamül prosesi üç ardıcıl mərhələdən keçərək təkmillik və mobillik əldə edir:
1.İnhisarlaşmanın yaranışı;
2.Oliqopollaşma;
3.Şəbəkə strukturların inkişafı.
Birinci mərhələnin xarakterik xüsusiyyəti kimi, korporasiyaların, şirkətlərin, nəhəng müəssisələrin əmtəələrin istehsalı və satışı payının mühüm hissəsinin ələ keçirməsi ilə bağlıdır. İkinci mərhələdə firmanın möhkəmlənməsi bazara daha üstün keyfiyyətli, bahalı, başlıca olaraq da iri biznesin rəqabət şərtlərinə transformasiya olunan məhsulun çıxarılması ilə əlaqədardır. Ücüncü mərhələ birinci və ikinci mərhələnin xüsusiyyətlərini üzlaşdıraraq biznes-proseslərin autsorsinqindən istifadə etməklə radikal qeyri-mərkəzləşdirməyə yol açır [7, 9].
İstehsal infrastrukturunun təkamül prosesində hər bir mərhələ mühüm əhəmiyyəti ilə fərqlənir və ayrı-ayrı ölkələrdə müxtəlif səviyyələrdə reallaşır. Bu proses istehsal infrastrukturunun həm mərkəzi aqlomerasiya zonasında və həm də ölkədaxili ayrı-ayrı regionlar bölümündə yeni texniki, iqtisadi və sosial keyfiyyətlər yaradır.
Müasir tədqiqat ədəbiyyatlarında qloballaşma probleminə elmin müxtəlif sahələrinin alimləri diqqətlərini artırmaqdadırlar. Problemi müxtəlif aspektlərdən xarakterizə etsələr də, burada əksər fikir ondan ibarətdir ki, qloballaşma müasir bəşər həyatının təksibolunmaz amilidir və onunla hesablaşmaq gərəkdir [7,9].
Hər bir kompaniya fəaliyyətini qlobal bazarda gerçəkləşdirərkən hər gün çalışır ki, öz biznesini lazimı səviyyədə qoruyub saxlasın. Bununla bağlı təyinatverici missiyanı əmtəənin bazara çıxış sürəti yerinə yetirir. Burada istehsal sistemlərinin elastikliyi, çevikliliyi, əlavə xərclərin azaldılması mühüm iqtisadi və biznes əhəmiyyəti daşıyır. Qarşılıqlı dəyişən məhsul seçiminin genişliyi istehsalçını öz əmtəəsinə unikal xassə verərək daha dar bazar seqmentlərinə kökləyir.
İqtisadiyyatın qloballaşması şəraitində istehsal sistemlərinin əsas meyli keyfiyyətində aşagıdakıları ayırmaq olaq:
beynəlxalq istehsal korporasiyası və istehsal resurslarının inteqrasiyası;
prosesli idarəetmənin prinsiplərinin tətbiqi;
informasiya və kommunikasiya texnologiyalarından istifadə;
açıq arxitektura məhsullarının işlənməsi;
autsorsinq əsasında şəbəkə istehsal strukturlarının yaradılması.
Qlobal bazar sistemində ayrıca istehsalçıların rolu və yeri strateji resursların mövcudluğu ilə ölçülür. Buraya qabacıl texnologiyalar, intellektual mülkiyyət, nou-xaular da əlavə olunur. Əməyin bölgüsü dünya sistemində daha geniş miqyaslar alır. Onda layiqli yer tutma isə müasir düşüncəli sahibkarın əsas məqsədini daşıyır.
Qloballaşma meylinin ölkələrin iqtisadi təhlükəsizliyə qarşı olan meylini azaltmaq məqsədi ilə milli mənafelərə, dövləti maraqlara uyğun tədbirlər həyata keçirir, daha mühafizəli inkişaf strategiyası işləyib hazırlayırlar.
Qloballaşma şəraitində istehsal sistemlərinin və həmçinin istehsal infrastrukturunun inkişafına dünya bazarında və ya ölkə daxilində ayrıca götürülmüş təşkilatlar miqyasında da baxıla bılər. Qloballaşma strategiyasına keçid və şirkətin maraqlarının milli sərhədlərdən kənara keçirilməsi əlavə resursların cəlb edilməsi hesabına başa gəlir. Bunun üçün distribütor şəbəkələrin, törəmə şirkətlərin yaradılması, korporasiyaların birləşməsi prosesləri həyata keçirilir. Bundan başqa qlobal bazarlara oriyentasiya ölkədaxılı istehsalı məhdudlaşdırır. Bu isə istehsal infrastrukturunun ölkə tələblərinə hesablanan inkişaf meylinə də təsir göstərə bilər. Buna görə də ölkənin istehsal potensialının qloballama meylinə uyğunlaşdırılmasında mövcud istehsal infrastrukturunun perspektivliyi, inkişaf dinamikası da nəzərdən qaçırılmamalıdır.
Qlobal xarakterliyə uyğun resursların bölgüsü ölkənin mövsud istehsal imkanlarının xaricə çıxışına yol açır. Burada da proporsionallıq, optimal bölgüyə riayət etməmə iqtisadi kataklizmə rəvac vermiş olar. Buna görə də, qlobalaşma şəraitində ölkənin beynəlxalq bazara inteqrasiyası strateji ölçülmələr əsasında işlənməli və daim dövlət tərəfindən tənzimlənməlidir. Ölkənin inkişaf etmiş regionu miqyasında isə bu cəhət əks istiqamətdə nəzərə alınmalıdır. Belə ki, region istehsalına ucuz işçi qüvvəsinin gətirilməsi bir tərəfdən xərclər və qiymət azalmalarına səbəb olursa, digər tərəfdən keyfiyyətə də təsir edir. Əslində açıq bazar daha problemli sayılır və o, daim müasir iqtisadi-inzibati amillərlə tənzimlənməlidir. Misal üçün, Almaniya Federativ Respublikası əmtəə və xidmətləri sferasında dünya liderlərindən biri kimi çıxış edir. İxracat müasir Almaniyada iqtisadi artımı təmin edən əsas amil kimi qiymətləndirilir. Məhz ölkənin ixracat potensialının genişləndirilməsi bir neçə il hökm sürən staqnasiyadan çıxışı təmin etmişdir. Lakin, bu ölkədə hər iki sakindən biri hesab edir ki, qloballaşma ölkədə iş yerlərinin ixtisarı, məşğulluğun məhdudlaşmasının əsas səbəbidir. Göründüyü kimi, qloballaşmanı qaynaqlandıran ölkələr də onun mənfi meyilli təsirndən azad deyillər.
Qloballaşmanın ölkə iqtisadiyyatına təsir alətlərindən biri kimi autsorsinqin də əhəmiyyəti qiymətləndirilməlidir. Ayrı-ayrı müəssisələrin yeni mütərəqqi bazar seqmentli xidmət forması autsorsinq üzrə ixtisaslaşması, dəstəkverici geniş infrastrukturun meydana gəlməsi, informasiya texnologiyaları ilə bağlı yeni sahələrin inkişafı milli iqtisadiyyat qarşısında yeni imkanlar açır.
Mahiyyətcə autsorsinq kompaniyanın qeyri-effektli və ya az effektivli prosesini və ya fəaliyyət növünün daha üstün keyfiyyət göstəricilərinə malik olan digər təssərüfat subyektinə verməsini ifadə edir. Bu mənada biznes-sistemin bölgü funksionallığı autsorsinqin prinsipinə görə: «Özümə onu saxlayıram ki, onu digərlərindən yaxşı edirəm. Kənar icraçıya isə məndən yaxşı bacardığını verirəm».
Bir tərəfdən mütərəqqi olan bu hal, digər tərəfdən əmək ehtiyatlarının qeyri-istehsal sahələrinin axınına rəvac verir bununla da alternativ məşğulluğu stimullaşdırır. Bu meyildən irəli gələrək ABŞ-da ixtisarlar praktikasının genişləndirilməsi və autsorsinqin inkişafı işsizliyin stabil səviyyədə saxlanılmasına kömək olmuşdur [1].
Son onillikdə bütün dünyada informasiya texnologiyalarının sıçrayışlı inkişafı ilə əlaqədar olaraq, autsorsinqin də tətbiq sferası genişlənmişdir. Bununla belə, autsorsinq uğuru ilə bağlı fikirlər də birmənalı deyildir. Belə ki, autsorsinqi tətbiq etmiş təşkilatın mühüm istehsal və menecment funksiyalarının digər kompaniyalara verilməsi, idarəetmə təcrübəsinin itirilməsi, mühüm informsiyaların sızması, öhdəliklərin yerinə yetirilməməsi və sair bu kimi, riskli əlamətlərlə müşayiət oluna bilər. Lakin, reallıqlar göstərir ki, müvafiq iqtisadi məqsədyönlülük bütün bu riskli amilləri mümkün həddə təcrid edir. Buna misal olaraq qeyd edilməlidir ki, «natural təsərrüfat»çılıqın parlaq tərəfdarlarından olan ABŞ avtomobil sənayesinin lideri Henri Ford ötən əsrin 20-ci illərində bütün istehsalı özünə məxsus olan zavodlarda cəmləşdirmişdi. Yeni reallıqlar isə zamanın biznes tələbinə cavab verən digər şərtləri diqtə etdi. Gerçəkləşən iqtisadi məqsədyönlülük nəticəsində artıq əsrin sonlarında «Ford» kopmaniyasında komplektləşdirici məmulatların 70%-indən çoxu ixtisaslaşdırılmış digər podratçı müəssisələrin istehsal sferasına daxil oldu. Bu nümünə isə bir daha onu göstərir ki, autsorsinq prosesi böyük istehsal-xidmət oriyentirli biznes sferasında sınanmaqla yanaşı, həm də hazırkı və perspektiv inkişafda optimal effektlər yaratmaq qabiliyyətlidir [4, 9].
Beynəlxalq təcrübəyə əsaslanaraq qeyd olunmalıdır ki, istehsal infrastrukturunun hərtərəfli inkişafı, xüsusən də onun müasir dünyada qloballaşmadan qaynaqlanan inteqrasiyası üçün dövlət dəstəyi vacib və mühüm strateji əhəmiyyətlidir. Bu strateji dəstək həm dövlət və həm özəl qurumlar üçün eyni xarakterli olmalıdır. Aydındır ki, dövlət sektorunda olan istehsal infrastrukturuna birbaşa qayğı dövlətin vəzifələrindən biridir. Lakin, bazar iqtisadiyyatının tələbləri ölkənin istehsal infrastrukrurunu heç də kəskin olaraq sektorlara ayırmır. Burada mülkiyyət münasibətlərindən irəli gələn maliyyələşmə mənbələri ayrı-ayrı olsalar da, birlikdə istehsal infrastrukturu vahid orqanizm kimi iqtisadi inkişafa və rifaha xidmət edir. Bu baxımdan da əsaslandırılır ki, qloballaşma şəraitində ölkənin istehsal infrastrukturunun inkişaf problemləri dövlətin həyata keçirdiyi industrial siyasətin ayrılmaz hissəsi olmalı, milli maraqlara dolğun xidmət etməlidir.
Apadığımız təhlil göstərir ki, qloballaşma bir reallıqdır. O, həm bütövlükdə ölkə iqtisadiyyatına və həm də onun istehsal infrastrukturuna təsir etmə gücünə malikdir. Bu baxımdan artan qloballaşma tələbləri şəraitində istehsal infrastrukturunun inkişaf meyilləri üstün olaraq iqtisadi alət və metodlarla tənzimlənməli, onun təkmilləşməsi və mobilləşməsi müvafiq təsir effekti ilə əsaslı uzlaşdırılmalıdır.
ƏDƏBİYYAT
1.Аникин Б.А. Аутсорсинг и аутстаффинг: высокие технологии менеджмента. M.: ИНИОН, 2006, c. 288.
2.Былов В.Г. Экономические аспекты региональной политики в странах Европы: опыт для России. М.: ИНИОН, 1996, c.324.
3.Голицина О.Л., Попов И.И., Максимов Н.В., Партыка Т.П. Информационные технологии M.: Издательский Дом "Форум" 2006, c. 543.
4.Коттер Джон П. Впереди перемен. М.: ЗАО «Олимп- Бизнес», 2003, c. 256.
5.Комаров М. П. Инфраструктура регионов мира. СПб., 2000, c. 354.
6.Питменн Р. Вертикальная реструктуризация инфраструктурных отраслей в странах с переходной экономикой. М.: Московский центр Карнеги. 2003, c 311.
7.Мордовченков Н.В. Эволюция рыночной инфраструктуры (экономика, менеджмент, право). Нижний Новгород, 2002, c. 236.
8.Omaye Kenity. The end of the national state. HY: Harper Collings. Publishers, 1994, р.478.
9.http://gallery.economicus.ru.
Азербайджанский Государственный Экономический Университет.
Эльшан Махмуд оглы Гаджизаде
Тенденции развития производственной инфраструктуры
в условиях возрастающих требований глобализации
РЕЗЮМЕ
Глобализация мирового рынка во многом поддерживая интересы развитых стран, ограничивает прогреcc хозяйственно малоразвитых государств находящихся на противоположном полюсе. Его возрастающий требования соответственно отражается как в целой экономике стран, так и в развитие тенденций производственных инфраструктур. Исходя из этих реалий, в статье анализируется характеристики требований глобализации, её влияние на экономику стран, оценивается тенденции развития производственной инфраструктур в системе расширении международной интеграции. Проведённым анализом в условиях возрастающих требований глобализации обосновываются экономические рычаги урегулирования развития тенденций производственных инфраструктур, указывается пути усовершенствования и активизации их мобильности.
Azerbaican State Economic University. Hacizadeh Elshan Mahmud
Tendencies of development of an industrial infrastructure
In conditions of growing requirements of globalization
SUMMARY
Globalization of the world market in many respects supporting interests of the advanced countries, limits to development of economic undeveloped states taking place on an opposite pole. His growing requirements accordingly it is reflected both in the whole economy of the countries, and in development of tendencies of industrial infrastructures. Proceeding from this реали in article her influence on economy of the countries is analyzed characteristics of requirements of globalization, estimated tendencies of development industrial infrastructures in system expansion of the international integration. The lead analysis in conditions growing requirements of globalization proves economic levers of settlement of development of tendencies of industrial infrastructures, it is underlined to a way of improvement and activization of their mobility.
122.Artan qloballaşma tələbləri şəraitində istehsal infrastrukturunun inkişafı meyilləri. İqtisad Elmləri: Nəzəriyyə və Praktika. Azərbaycan Dövlət İqtisad İnstitutunun nəzəri və elmi praktiki jurnalı. Bakı. №3-4. 2007.