gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / SƏNAYE SIYASƏTI:NƏZƏRI ÇƏRÇIVƏLƏR VƏ EMPIRIK NAILIYYƏTLƏR

12.12.2011

MHM, i.e.d. E.M.Hacızadə

Sənaye siyasəti dövlətin və korporasiyanın sənaye istehsalının artımına, onun səmərəliliyi və rəqabətqabiliyyətliliyinin təminatına yönəlmiş, texniki-texnoloji proseslərə təsir göstərən konseptual tədbirlər sistemi kimi çıxış edir [1, 2]. O, struktur yenidənqurması və ictimai istehsalın artımı istiqamətində dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olaraq həyata keçirilir. Sənaye siyasətinin məqsədi və prioritetləri istehsal və kommersiya fəaliyyətində bazarın təsərrüfat subyektlərinə və həmçinin dövlətin sosial fəaliyyətinə verilən strateji təmayüllər əsasında hazırlanır. Bununla belə, vurğulanmalıdır ki, sənaye siyasəti iqtisadiyyatda əlamətdar hadisə olmaqla birmənalı izah edilməyən və qeyri-təyinatlılığı ilə fərqlənən kateqoriyalar sırasındadır. Bu əlamətdarlıq onunla bağlanılır ki, iqtisadiyyatın inkişafı nəticəsində mürəkkəb struktur quruluşa malik sənaye siyasəti də dəyişikliklərə uğrayır, özünün paradiqmal cəhətlərini təkmilləşdirərək yeni məna və məzmun kəsb edir. İqtisadiyyata xüsusi təsiri baxımından spesifikliyi ilə fərqlənən bütün bu cəhətlər isə sənaye siyasəti effektivlilik porblemini daim akktuallıqda saxlayaraq, onun elmi-təhlili şərhində yeni yanaşmalar doğurur.
Hazırda bir sıra elmi dairələrdə «sənaye siyasəti» anlayışında əsasən iki yanaşma - radikal-liberal və dirijist dövlət tənzimlənməsi üstünlük təşkil edir. Radikal-liberal yanaşma ona sövq edir ki, milli iqtisadiyyatda heç bir sənaye siyasəti ola bilməz. Sahə proporsiyaları, kapitalın sektor və regionlararası keçidi və digər çoxlu bu kimi məsələlər tələb və təklif kəsişməsində, bazar özünütənzimlənməsi ilə həllini tapmalıdır. Bu yanaşmanın tərəfdarları qeyd edirlər ki, burada prioritetlərin təyinatı sahələrarası proporsiyaların konservasiyasına gətirəcəkdir. Əlbəttə ki, bazar təsissatları maksimallaşmış və sənayesi dolğun inkişaf etmiş ölkələrdə bu yanaşma müəyyən qədər əhəmiyyətli görünə bilər. Lakin sənayenin inkişaf məsələsini mühüm milli iqtisadi strategiya kimi qarşıya məqsəd qoymuş ölkələrdə, xüsusən də postsovet düşərgəsində bu yanaşma qısa zaman kəsiyində nəticəli ola bilməz. Ona görə də, bu qrup tipik ölkələr üçün sənaye siyasətinin dirijist modeli məqbul sayılmalıdır
Dirijist (fransızca «dirigisme» rəhbərlik və idarəetmə - dirijor sözündən) yanaşma dövlət idarəetməsi və tənzimlənməsi olaraq sahəvi prioritetlərin ayrılması və bu sektorlara dövlət dəstəyinin verilməsi kimi ənənəvi dövlət sənaye siyasət prinsiplərinə əsaslanır. Bu model həm də, prioritetləri obyektiv təyin etmək və uzunmüddətli artım strategiyası formalaşdırmaq kimi dövlətin həddən ziyadə imkanlarına inama bağlanılır. Burada milli istehsalı xarici şirkətlərin rəqabətindən qorunmasında himayəçiliyin, proteksionizm üsulunun tətbiqi mühüm şərt hesab olunur. Beləliklə, dirijist model ənənəvi mahiyyətdə aktiv sənaye siyasətinin reallaşdırılmasını şərtləndirir [3, s. 43-55, 8].
Sənaye siyasətinin reallaşdırılmasının məxsusi metod və alətləri vardır. Bu metod və alətlər büdcə, vergi, pul-kredit və maliyyə, instutisional, xarici iqtisadi, investisiya və innovasiya siyasətləri təsnifatına şaxələnir [4, s. 109-110].
Büdcə siyasəti sənaye siyasətində və həmçinin də dövlətin iqtisadi siyasətində əsas alətlərdən biri olaraq çıxış edir. Büdcə öhdəliklərinin yerinə yetirilməsi, büdcə gəlirləri və vergilərin yığımı, büdcə defisiti və dövlət borcunun idarə edilməsi kimi icra hakimiyyəti orqanlarının müvafiq təyinatlı fəaliyyətlərinin nəticələrinin qiymətləndirilməsi büdcə siyasətinin effektivlik göstəriciləridir. Səmərəli büdcə siyasəti nəticəsində dövlət maliyyəsinin vəziyyəti yaxşılaşır. Maliyyə vəziyyətinin yaxşılaşması isə öz növbəsində büdcə öhdəliklərinin yerinə yetirilməsi baxımından real iqtisadiyyata təsir göstərir və diğər tərəfdən stimullaşdırıcı keyfiyyətdə investisiya aktivliyinə zəmin yaradaraq maliyyə axınlarını maliyyə bazarlarından material istehsalı sferasına yönəldir.
Vergi siyasəti dövlət tərəfindən vergilər və vergiqoyma sahəsində tədbirlər sistemini əhatə edərək sənaye siyasətinin səmərəliliyində əhəmiyyətli rol oynayır. Məlumdur ki, vergilər büdcənin gəlir hissəsinin əsas maddəsi kimi çıxış edir. Lakin onun funksionallığı yaslnız fiskal xarakterliklə məhdudlaşmır. Sənaye siyasətinin səmərəli olması üçün vergilərin stimullaşdırıcı və bölüşdürücü funksiyası da nəzərə alınandır. Vergilər kəskin olaraq müəssisənin istehsal xərcləri və xalis mənfəətinin həcminə, bununla da mümkün investisiya fəallığına, son nəticədə isə buraxılış məhsulunun rəqabətqabiliyyətliliyinə təsir edir. Bu reallıq isə paralel olaraq sahənin özünün daxili və xarici bazarda rəqabətqabiliyyətliyində əks olunur.
Sənaye siyasətinin reallaşmasında pul tədavülü sferasında dövlət tənzimlənməsi mühüm iqisadi əhəmiyyət daşıyır. O, milli valyuta və onun paritetliyi, qiymətlər miqyası, kağız pullar, kredit, emissiya və müvafiq pul sistemləri institutlarını özündə birləşdirir. Bununla belə, müasir iqtisadiyyatda pulla yanaşı maliyyə əməliyyatları nağdsız hesablaşmalar və borc formasında aparılır ki, bu da ümumilikdə pul-kredit sisteminin əsasını təşkil edir. Buradan da pul-kredit sisteminə operativ təsir göstərən dövlət iqtisadi siyasətinin ümumi aləti - pul-kredit siyasəti istiqamət alır. Müəssisənin sərəncamında qalan mənfəət personalın mükafatlandırılması, investisiya qoyuluşları ilə yanaşı həm də öz istehsalının təminatından artıq vəsaitlər formasında yığım fondlarında akkumulyasiya edilərək maliyyə bazarında yenidən bölgü predmetinə çevrilir. Həmin bu əlavə pul vəsaitləri müəssisələrlə yanaşı dövlətin də ehtiyaclarına səfərbər olunur. Dövlət həmin maliyyə resurslarının konsolidasiyası, istifadəsi və bölgüsündə ümumi tədbirlər məcmusu olaraq maliyyə siyasətini formalaşdırır. Mərkəzi banklar və maliyyə nazirlikləri tərəfindən aparılan bu siyasətin optimallığı sənaye siyasətinin özünün səmərəliliyində əksini tapır.
Dövlətin məqsədyönlü sənaye siyasətinin effektivliyi əhəmiyyətli dərəcədə bazar subyektləri arasında rəqabəti inkişaf etdirən, müəssiənin yeni mütərəqqi mülkiyyət münasibətlərinə və biznesin təşkili formalarına keçidinə zəmin olan institusional və normativ-hüquqi təkmilləşdirmələrdən asılıdır. İnstitusional siyasət sənaye siyasətinin müvafiq bazar tələb və prinsiplərinə uyğun olaraq, hüquqi və təşkilati mühitin, bütün təsərrüfat subyektləri üçün ümumi davranış münasibətləri və qaydalarının formalaşdırılmasını əhatə edir. O, müəssisənin iqtisadiyyatın müasir strukturuna reformasiya olunmasını, biznesin hərtərəfli inkişafını, oliqopoliyanın, rəqabətin digər formalarının dəstəklənməsini və mütərəqqi yeni bazar institutlarının yaranış şərtliliklərini irəli sürür. İnstitusional siyasətin arsenalını müxtəlif lisenziyalar, normativlər, səmərəli təşkilati-təsərrüfat strukturları, bazar proseslərini və mülkiyyət münasibətlərini təmin edən hüquqi baza, ləğvetmə və iflas prosedurları kimi alətlər təşkil edir [5, s. 233].
Dövlətin ümumi sənaye siyasətinin reallaşmasında dünya bazarının digər iştirakçıları ilə iqtisadi münasibətləri tənzimləyən xarici iqtisasdi siyasətin həyata keçirilməsinə xüsüsi önəm verilir. Burada məqsəd ölkə daxilində təkrar istehsalı genişləndirmək üçün əlverişli xarici iqtisadi şərait yaratmaq, qlobal bazarlarda yerli istehsalçıların müdafiəsini təşkil etmək, onu beynəlxalq əmək bölgüsünün səmərəli iştirakçısına çevirməklə dünya təsərrüfatındakı vəziyyətini daha da yaxşılaşdırımaqdan ibarətdir. Xarici iqtisadi fəaliyyətlə bağlı olan xarici iqtisadi siyasətin həyata keçirilməsində dövlət tənzimlənməsi xarici iqtisadi əməkdaşlıq, xarici ticarət və dövlətin valyuta siyasəti sferalarını əhatə edir və bu istiqamət öz növbəsində sənaye siyəsətinin səmərəliliyinə obyektiv təsir göstərir.
Uğurlu sənaye siyasəti dövlətin və korporasiyanın investisiya və innovasiya siyasətləri ilə də vəhdət təşkil edir. Özəl təşkilatın investisiyaları rolunda mənfəət və amortizasiya ayırmaları, səhmdar və borc kapitalı çıxış edir. Dövlət investisiyasının isə əsasını büdcə və büdcə fondları, dövlət müəssisələrinin mənfəətləri, istiqraz buraxılışları təşkil edir. Bununla belə, qeyd olunur ki, investisiya olduqca qeyri-daimi bir substansiyadır. Onun ölçüləri mütəmadi dəyişikliklərə məruz qalır. Ona görə də, dövlət tərəfindən aparılan investisiya siyasəti milli iqtisadiyyatın investisiyalaşması stabilliyinin təminatına istiqamətləndirilməlidir. İnvestisiya siyasətinin əsas vəzifəsi milli sənayenin elmi və istehsal potensialını genişləndirmək, cəmiyyətin sosial problemlərinin həllinə nail olmaq, xalq təsərrüfatının hərtərəfli inkişafını təmin etmək və iqtisadiyyatın ayrı-ayrı sektorlarında kapital yığımını tənzimləməkdən ibarətdir [6, s. 185-189]. İnvestisiya siyasətinin özünün səmərəliliyi aparılan innovasiya siysətindən asılıdır. İnnovasiya siysəti əslində investisiya siyasətinin dəyişkənlik formalarından biridir. O qabaqcıl texnologiyaların tətbiqi ilə milli sənayenin mütərəqqi texnoloji bazasının genişləndirilməsi, onun innovasiyalı modernizasiyası istiqamətində tənzimlənməni reallaşdırır.
İqtisadi nəzəriyyənin inkişafı nəticəsində sənaye siyasətinin məqsəd və prioritetlərinə müvafiq olaraq onun sistem bütövlüyünü təyin edən müəyyən «standart» alətlər çeşidi formalaşdırmışdır. Sənaye siyasətinin belə struktur ümumiləşməsi onun model təyinatını əsaslandırmışdır. Bu baxımdan nəzəri və empirik çərçivədə sənaye siyasəti üç əsas ixrac oriyentasiyalı, idxalla əvəz edilən və innovasiyalı model konfiqurasiyasında təyinat almışdır [7, s. 367].
Sənaye siyasətinin ixrac yönümlü modeli mahiyyətcə hərtərəfli olaraq öz məhsulunun xaricə ixracını təşviq edir. Burada istehsal prosesi konyunkturaya uyğun olaraq dünya bazarına rəqabətqabiliyyətli məhsulun çıxarılması üzərində qurulur. Hökumət ixracatçı müəssisələrə vergi və gömrük güzəştləri tətbiq etmək, kreditlər ayırmaq, aşağı valyuta kursunu dəstəkləmək və diğər bu kimi iqtisadi stimullaşmalar verməklə ixrac potensiallı sahələrin inkişafı üçün əlverişli şərait yaradır. Burada mühüm üstün cəhət ondan ibarətdir ki, ölkə dünya təsərrüfatına inteqrasiya olunur, dünya resursları və mütərəqqi texnologiyalarına giriş əldə edir. Bununla da o, digər sahələrin inkişafında multiplikatip effektlər yaradan rəqabətqaliliyyətli istehsallar qurur. Nəticədə isə xəzinəyə əlavə valyuta axını təmin edilərək milli iqtisadiyyatın digər sahələri investisiyalaşdırılır. Bu modelə uğurlu praktiki nümunə kimi Yaponiya və Cənubi Koreyanı, Çin və Çilini, «Asiya pələngləri» - Malayziya, Tailand və Sinqapuru gətirmək olar [1, 8]. Bununla belə, xammal məhsulunda əks olunuan ixrac yönümlü sənaye siyasəti aparanlar sırasında Meksika, Venesuela və bir sıra Afrika ölkələrinin adları da çəkilməlidir. Xammal yönümlülük sistemi daimi xarakterli olmadığından iqtisadiyyatın inkişafında uzunmüddətli dayanıqlılığı təmin etmədə çətinlik yaradır. Təcrübə göstərir ki, ölkədə ixracatın əhəmiyyətli hissəsini xammal təşkil etdikdə və proses davamlı olduqda iqtisadiyyatda artım templəri azalır, emal sektorunda rəqabətqabiliyyətlilik məhdudlaşır və milli sənayenin strukturunda primitivləşmə baş verir. Başlıcası isə uzunmüddətli planda bilik və vərdişlərdə yadırğamalar yaşanır. Belə ki, bilik toplamanın intensiv prosesi əsasən emal sektorunda cərəyan etdiyindən, onun inkişafdan qalması da son nəticədə insan kapitalı artımını məhdudlaşdırır. Bütün bu təzadlar isə ümumilikdə «Holland sindromu» adlanan iqtisadi təzahürün yaranışı ilə nəticələnə bilər. Müxtəlif səviyyədə və müxtəlif illərdə bu sindrom Norveç, İngiltərə, Meksikada və digər ölkələrdə özünü biruzə vermişdir [1, 8]. Hadisənin özəyində 1960-70-ci illərində Şimal dənizində Niderlandın təbii qazın hasilatı ilə bağlı həyata keçirdiyi iqtisadi strategiyanın acı nəticələri dayanır. Belə ki, ölkədə təbii qaz bolluğu yeni iqtisadi situasiya yaradaraq onun geniş ixracına rəvac vermiş, nəticədə ölkə büdcəsi və iqtisadiyyatı əsaslı dərəcədə təbii qazın kapitalının inhisarına keçmişdir. Yerdəyişməyə məruz qalmış gəlir artımı nəticəsində ənənəvi ixracat yönümlü emal sənayesi sahələrində istehsalın məhdudlaşması və ölkədə çatışmayan əmtəələrin idxalının yüksəlişi baş vermişdir. Xarici bazarlardan asılılıq şəraitində dəyişən qiymət meyilləri isə ölkəni çətin staqnasiya vəziyyətinə salmış, əhalinin sosial vəziyyətini çətinləşdirərək gəlirlərinin aşağı düşməsi ilə müşayiət olunmuşdur. Bütün bunlarla yanaşı vurğulanmalıdır ki, xammal ixracı heç də qorxulu məqam deyildir. Bu model də ölkə iqtisadiyyatının yüksəlişinə səbəb olur və ona tamamilə heç də pis baxılmamalıdır. Bir çox inkişaf etmiş ölkələr Kanada, Böyük Britaniya, Norveç və digərlərinin iqtisadiyyatlarında xammal ixracı əhəmiyyətli çəkiyə malikdir. Ona görə də, bu stratyegiyada başlıca prinsip ondan ibarətdir ki, belə vəziyyətdən sui-istifadə edilməsinə yol verilməsin.
Sənaye siyasətinin ixrac yönümlü modeli xarakterizə olunarkən o da qeyd edilməlidir ki, belə siyasətin uğuru ölkənin potensialı, resurslar bazası, təsərrüfat imkanları və digər bu kimi iqtisadi hazırlıq və institusional struktur komponentlərinin mövcudluğu ilə bağlı olan məsələdir. Buna görə də hər bir ölkə sənaye siyasətinin formalaşdırılmasında bu amilləri nəzərdən keçirərək qərarlaşır [4, s. 109-110].
İdxalla əvəz edilən sənaye siyasəti modeli daxil bazarın təminatını milli istehsalın inkişafının yüksəldilməsi strategiyası üzərində qurularaq proteksionizmi və sərt milli valyuta kursunun dəstəklənməsini şərtləndirir. Bu model tədiyyə balansının strukturunun yaxşılaşmasına, daxili bazar tələbinin normallaşmasına, məşğulluğun təminatına, istehsal və elmi potensialın inkişafına da zəmin olur. İdxalı əvəz etmə modelinin neqativ tərəfi isə özünütəcridlə bağlıdır. Belə ki, belə siyasət zaman keçdikçə ölkəni dünya iqtisadiyyatında gedən meyillərdən kənar edir, sənayenin texnoloji silahlanmasını məhdudlaşdırır, rəqabətqabiliyyətliyi zəiflədir və resursların idarə edilməsində müəyyən qeyri-səmərəliliklərlə müşayiət olunur. Daxili bazar doyumunu təmin etmək üçün hesablanan bu model istehsal məhsulunun rəqabətqabiliyyətli olmaması səbəbi ilə xarici bazarda da tələb edilmir. Bu baxımdan da dövlət çəkdiyi xərclərin ödənilməsi məcburiyyətində qalaraq onu reallaşdırır və ölkədə daha üstün keyfiyyətli idxal məhsullarına məhdudlaşdırmalar tətbiq edir. Belə situasiya isə müvafiq olaraq mənfəət və keyfiyyət baxımından nə milli məhsul istehsalçıları və nə də istehlakçılarnın mənafeləri ilə uzlaşır. Ölkədə subsidiya prosesi yaşanır, pulların yenidən bölgüsü daxili qiymətlərin saxlanmasına, sənayeyə güzəştli kreditlərin verilməsinə, Yanacaq-Enerji Kompleksində borcların ödənilməsinə yönəldilir, yerli bazarlara ücüz və keyfiyyətsiz idxal məhsulu daxil olur [3, s. 412, 6, s. 332,].
Sənaye siyasəti sferasında innovasiya modeli daha üstün dəyərləndirilir. Məlumdur ki, innovasiya prosesi yaradıcı, qabaqcıl texnologiyaların tətbiqini, yeni istehsal-iqtisadi və sosial-təşkilati potensialın yaradılması ilə müşayiət edilir. Bu baxımdan innovasiyaları yalnız texniki deyil, müxtəlif növ yeni yaranışların hazırlanması, işlənməsi, istifadəsi və tətbiqinin investisiyalaşdırılması kimi də qiymətləndirmək olar [1, 4, s. 217-218, 8]. Bununla belə, innovasiya prosesinin bazar iqtisadiyyatı ilə qarşılıqlı münasibətlərinin mürəkkəb və ziddiyətli xarakterə malikliyindən irəli gələrək onun effektivliyinin təminatı ardıcıl dövlət tənzimlənməsi tələb edir. Sosial aktivlik, yaradıcı təşəbbüs, daha çox effektivli və adaptasiya edilən yaranışların seçimi və yaşantısını təmin edən bazarın seleksiya qabiliyyətliyi, ekoloji problemlər, informasiya məhdudluğu və sair bu kimi məsələlər sənaye siyasətinin innovasiya modelinin reallaşdsırılmasında nəzərdən keçirilən cəhətlər sırasındadır. Ona görə də, innovasiya modeli maliyyə tutumlu, yüksək ixtisaslı mütəxəssis hazırlığı və müvafiq infrastruktur tələblidir. İnnovasiya modelinin uğurlu tətbiq ölkələri sırasında da Yaponiya və Cənubi Koreya ön mövqedədirlər [1, 8].
Bütün bu nəzəri və empirik əsaslandırmalar bir daha onu göstərir ki, sənaye siyasəti struktur yenidənqurması və ictimai istehsalın artımı istiqamətində dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olaraq onun rəqabətqabiliyyətliyinin yüksəlişini təmin edir. Çoxistiqamətli və elmi əsaslandırılmış konseptual tədbirlər sistemi kimi sənaye siyasəti hər bir ölkənin və korporasiyanın iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir və strateji planlaşdırmanın mühüm tərkib hissəsi olmaqla daha uzaq sosial-iqtisadi gerçəklikləri hədəf tutur. Bununla belə, mürəkkəb struktur quruluşa malik olaraq qeyri-təyinatlılığı ilə fərqlənən sənaye siyasəti də iqtisadi inkişaf meyli ilə bağlı dəyişikliklərə uğrayır, özünün sistem və strukturunu mükəmmələşdirərək yeni məzmun alır. Ona görə də, yeni inkişaf yoluna qədəm qoymuş ölkələrin sənaye siyasətinin məqsəd və prioritetləri elmi və iqtisadi əsaslandırılmış uzunmüddətli perspektivləri nəzərə alaraq dövlətin sosial-iqtisadi fəaliyyətinin istiqamətləri və bazar subyektlərinə verilən strateji təmayüllər əsasında hazırlanmalıdır.


ƏDƏBİYYAT

1. Хей Ф., Моррис Д. Теория организации промышленности, В двух томах СПб: «Экономическая школа», 1999.

http://www.race.ru.

3. Экономика предприятия. (под редакцией проф. О.И.Волкова), М.: ИНФРА-М, 2001. 520 c.

4. Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat, Bakı: Elm, 2006, 509 s.

5. Мазур И.И., Шапиро В.Д. и др. Реструктуризация предприятий и компаний, М.: Высшая школа, 2000, 587 с.

6. Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizaziyası, Bakı: Elm, 2003, 512 s.

7. Коттс Д. Управление инфраструктурой организации,М.: ЗАО «Олимп- Бизнес», 2004. 576 с.

8. http://www.prompolit.ru.

9. Томпсон А.А., Стрикленд А.Д. Стратегический менеджмент: концепции и ситуации,М.: ИНФРА-М, 2000, 253 с.


Азербайджанский Государственный Экономический Университет,
д.э.н. Эльшан Махмуд оглы Гаджизаде

Индустриальная политика:
достижения в теоретических и эмпирических рамках

РЕЗЮМЕ

В статье новых экономических реалий исследованы теоретические основы и эмпирические сдвиги в области индустриальной политики. Раскрыта сущность и структура индустриальной политики в условиях возрастающих требований глобализации, её роль и значимость в развитии стран. Проведенным анализом определено, что стратегическая цель и приоритеты индустриальной политики современной страны при долгосрочной перспективе развития должно основываться исходя из требований субьектов рынка, на социально-экономической ориентации самого государства.

 

Azerbaican State Economic University,
Doctor of economics, Hajizadeh Elshan Mahmud

Industrial policy:
achievements in theoretical and empirical frameworks

SUMMARY


In clause of new economic realities theoretical bases and empirical shifts in area industrial policies are investigated. The essence and structure of an industrial policy in conditions of growing requirements of globalization is opened, its role and the importance in development of the countries. By the lead analysis it is determined that the strategic purpose and priorities industrial policies of the modern country at long-term prospect of development, hould be based proceeding from requirements of subjects of the market, on social and economic orientation of the state.


126.Sənaye siyasəti: nəzəri çərçivələr və empirik nailiyyətlər. İqtisad Elmləri: Nəzəriyyə və Praktika. Azərbaycan Dövlət İqtisad İnstitutunun nəzəri və elmi praktiki jurnalı. Bakı. № 1-2. 2008. 0.6 ç.v.