Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / «BRETTON-VUDS» SİSTEMİNİN BÖHRANI, «BÖYÜK IYIRMILƏR» VƏ YENİ MALİYYƏ ARXİTEKTURASI
ADİU, Magistr Hazırlığı Mərkəzi, i.e.d., E.M.Hacızadə
Hər bir böhran özünün məxsusi xüsusiyyətləri ilə fərqlənir. Bununla belə, burada umumi olan cəhətlər də yetərincədir. İqtisadi sferada olan bütün böhranların ümumi əlaməti isə onunla səciyyələnir ki, ya iqtisadiyyatda bir təzadlıq var və ya da aparılan iqtisadi siyasətdə qüsurlar mövcuddur. 2008-ci ilin maliyyə böhranı da bu ümumi əlamətlilikdən kənar olmamışdır. Böhran öncə ABŞ iqtisadiyyatının ipoteka sektorunda başlanmış, bununla da bütün dünya iqtisadiyyatına yol açmışdır. Konkret olaraq bu böhran investorların məsuliyyətsiz davranışı, onların ipoteka və qiymətli kağızlar sferasından külli miqdarda mənfəət «qoparmaq» məqsədindən irəli gələrək üzərlərinə nəhəng kredit borclarını götürməsi və müvafiq əməliyyatların girov təminatının irrasionallıqlar, şübhəli keyfiyyətlərə əsaslanması ilə baş vermişdir. Nəticədə ayrı-ayrı dünya ölkələri böhranın fəsadlarına müxtəlif dərəcədə məruz qalmışlar. Bir sıra ölkələrdə bu təsir iqtisadi templərin azalması, digərlərində bank sektorunda ciddi problemlərin yaranışı, başqa bir qrupda isə daha dağıdıcı nəticəli olmuşdur. Bu planetar iqtisadi kataklizm iqtisadiyyatın qloballaşan erasının ilk maliyyə böhranı da adlandırılır. Bir də yaddan çıxarılmamalıdır ki, kicik bir dövr ərzində dünya maliyyə aktivlərinin 20% ucuzlaşması ilə müşayiət olunan bu böhran maliyyə kateqoriyalıdır və o, ümumdünya iqtisadi böhranı ilə qarışdırılmamalıdır.
Episenrti ABŞ-da olan bu böhranın qəti səbəblər arsenalında başlıca amil olaraq vurğulandığı kimi, ölkədəki substandart kreditləşmə əsas götürülür. Əcaba, necə olur ki, bir qrupun varlanmaq ehtirası, repatriasiya imkanları məhdud, neqativ kredit tarixlərinə malik digər aztəminatlı qrupla əlaqəli davranışları nəhəng borc məbləğləri şəbəkəsində bir ölkənin mənzil bazaraında defolt yaradaraq bütün maliyyə təsisatlarına sarsıdıcı zərbə vurur və bununla da bütün dünya birliyinin iflasına gətirir. Məgər əsas səbəb budurmu? Bir ölkə yalnız olaraq bütöv qlobal maliyyə sisteminə bu qədər təsir gücündədirmi? Burada digər səbəblər nədən ibarətdir?
Məntiqi olaraq iqtisad elmi də bu sualların nəzəri əsaslara söykənmək və emprizimi əsas götürməklə cavablandırır. İndiki təhlil məqamı o qədər də, nəzəri kapitaldan istifadəni məqsədəuyğun hesab etmir. Bu ən azı iqtisadi tsiklin sona çatmamasından irəli gəlir. Empirizm isə kökləri tarixə qayıdışla arayır. Buradan irəli gələrək tarix göstərir ki, müasir qlobal maliyyə arxitekturası «Bretton-Vuds» sistemindən qaynaqlanır. Məhz buna görə də, təhlili araşdırmada problemin özəyində dayanan mühüm xronoloji məqamlara, əsas meyillərə və başlıca amillərə nəzər yetirilməsi zərurəti yaranır.
İndi də yaşanmaqda olan pul münasibətlərinin və ticari hesablamaların təşkilinin beynəlxalq sisteminin əsası 1944-cü ildə ABŞ-ın Bretton-Vuds kurort şəhərində qoyulmuşdur. Bu sistem Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Valyuta Fondu (BVF) kimi qlobal təsirli maliyyə təsisatlarını formalaşdırmış, nəticədə tələb və təklif əsasında qızıl devizli standartdan azad konvertasiyaya keçiddə ABŞ dollarını dünya super valyutası statusuna gətirmişdir. Elə bu zamandan etibarən qızıla konvertasiya olunan valyuta kimi dollar valyuta paritetlərinin bazasında beynəlxalq maliyyə hesablaşmaları, valyuta intervensiyaları və ehtiyat aktivlərinin üstün vasitəsinə çevrilir. ABŞ dolları üçün qızıl standart 35$ = 1 troy unsiyası ekvivalentliyi təsdiqlənir. Bununla da, dünya qızıl ehtiyatlarının 70%-nə sahib olan ABŞ özünün köhnə rəqibi Böyük Britaniyanı sıxışdıraraq valyuta hegemonluğu qazanır və dollar beynəlxalq monetar sistemində üstün universal statdartlılıq əldə edir.
«Bretton-Vuds» sisteminin fövqündə beynəlxalq ticarət həcminin bərpası, kəskin artımı və təsbit olunmuş valyuta kursları şəbəkəsi əsasında tarazlı, stabil beynəlxalq mübadilə sisteminin qoyuluşu və xarici ticarət balansında müvəqqəti çətinliklərin aradan qaldırılmasında dövlətin sərəncamına resursların təqdim olunması kimi məqsədlər toplumu dayanır. «Bretton-Vuds» sistemi iştirakçı dövlətlərdə qızılda təsbit olunan əsas valyuta kursuna münasibətdə sərt mübadilə kurslarının qoyuluşu, valyuta intervensiyalarının köməyi ilə mərkəzi banklar tərəfindən milli valyuta kursunun əsas valyutaya nisbətdə (+/ -1%) sabit saxlanılmasının dəstəklənməsi, valyuta kurslarının revalvasiya və ya devalvasiya vasitəsi ilə dəyişdirilməsi və bu sferada təşkilatı strukturlar kimi BYİB və BVF-nin çıxış etməsi prinsiplərini rəhbər tutur. Burada BYİB və BVF qeyri-stabil valyutaların müdafiəsi məqsədindən irəli gələrək tədiyyə balanslarının defisitinin bağlanılması üçün xarici valyutada kreditlər verir, iştirakçı dövlətlərdə işləmə və valyuta sistemi prinsiplərinə riayət olunması üzrə nəzarəti həyata keçirir və bununla da valyuta əməkdaşlığını təmin edir.
Bütün bu təməl mükəmməliklərinə baxmayaraq, «Bretton-Vuds» sistemi irəliləyişləri zamanında bir sıra böhranlı vəziyyətlərlə də üz-üzə gəlmişdir. Keçilən tarixi dövr ərzində sistemin böhranının əsas mərhələləri kimi aşağıdakılar fərqləndirilir:
1. Qızılın ikili bazar təyinatlılığının qoyuluşu (17 mart 1968-ci il). Qızılın qiyməti özəl bazarlarda tələb və təklifə uüğun olaraq sərbəst təyin edilir. Dollar dövriyyəsini saxlayan ölkələrdə isə mərkəzi banklar rəsmi sövdələşmələrdə 35$ = 1 troy unsiyası kursunu saxlayırlar.
2. ABŞ prezidenti Riçard Nikson müvəqqəti olaraq rəsmi kursda mərkəzi banklar üçün dolların qızıla konvertasiyasına qadağa qoyur (15 avqust 1971-ci il).
3. Dolların qızıla devalvasiyasının 8% dəyişərək qızılın rəsmi qiymətinin artması və dolların qızıla mübadiləsinin bu kursunun bərpa olunmaması ilə 38$ = 1 troy unsiyası vəziyyəti alması (17 dekabr 1971-ci il).
4. Dolların qızıla devalvasiyasının rəsmən 42,2$ = 1 troy unsiyası vəziyyəti alması (13 fevral 1973-cü il).
5. Valyuta kursunun bazar qanuna tabe edilməsi (16 mart 1973-cü il). Bu zamandan etibarən valyuta kursları təsbit olunmur və tələb və təklifin təsiri ilə dəyişir. Bununla da sərt mübadilə kursları sistemi özünün mövcudatına son qoyur.
6. Yamayka beynəlxalq konfransında BFV-nin nizamnaməsinə dəyişiklik edilərək mübadilə kurslarının tərəddüdü ilə xarakterik olan sərbəst qarşılıqlı konvertasiya modeli əsaslı beynəlxalq valyuta sisteminin yenidən təşkili istiqamətində müvafiq razılaşma əldə olunur. (8 yanvar1976-cı il). Yamayka valyuta sistemi dünyada hal-hazıra kimi fəaliyyət göstərir.
Bununla belə, qeyd olunmalıdır ki, «Bretton-Vuds» sistemində böhranlı vəziyyəti yaradan səbəblər daha geniş spektrli olmuşdur. Bu sırada başlıca məqam xaricdəki dollarların qızıla kovertasiyasının ABŞ-ın qızıl ehtiyatları vasitəsi ilə təmin edə bilməməsindən irəli gələn çətinliklərlə bağlı olmuşdur. Belə ki, ötən əsrin 70-ci illərinin başlanğıcında qızıl ehtiyatlarının yenidən bölgüsü Avropanın xeyrinə dəyişmişdir. Bu zaman isə beynəlxalq dövriyyədə üstün olaraq nağd və nagdsız ABŞ dollarları iştirak edirdi. Digər tərəfdən ümumdünya ticarətinin inkişaf templəri müqabilində qızıl hasilatının geniş həcmli olmaması vəziyyəti də beynəlxalq likvidliklə bağlı kəskin problemlər doğurmuşdu. ABŞ-ın tədiyyə balansında yaranan nəhəng defisit, ehtiyat valyutası olaraq dollara etibarı azaltmış və onun dünya maliyyəsində dominant vəziyyətinin mütləq itirilməsi ilə nəticələnmişdir. Bu situasiyada Qərbi Avropa və Yaponiya kimi yeni maliyyə mərkəzləri yaranmışdır kı, onların da milli valyutasından ehtiyat keyfiyyətində istifadə olunmağa başlanmışdır.
ABŞ-ın bu zaman dünya maliyyə sistemində məhdudlaşan dominanlılığının yaratdığı problemli vəziyyətin izahı «Triffin dilemması və ya parodoksu» adlanan baxışda özünün nəzəri izahını tapmışdır. Belə ki, Belçika əsilli amerikan iqtisadçısı Robert Triffin analitik olaraq təsdiqlədi ki, əsas valyuta emissiyası emitent ölkənin qızıl ehtiyatına adekvat olmalıdır. Əks halda qızılla təmin edilməmiş yüksək ölçülü emissiya həmin valyutanın qızıla olan dövriyyəsini sarsıdar və ona verilən etibarın böhranına gətirər. Bu təzadın digər interpretasiyasında - ölkələrin milli valyuta ehtiyatlarını formalaşdırmaqla onların mərkəzi banklarının lazımı səviyyədə dollarlarla təminatı üçün ABŞ-ın tədiyyə balansında daim defisitin müşahidə edilməsi zəruridir. Tədiyyə balansının defisiti isə ehtiyat aktivi keyfiyyətində dollara olan etibarı sarsıdır. Əksliyin qismən mülayimləşdirilməsi üçün isə əvəzləşmələr üzrə xüsusi hüquqlar adlanan süni ehtiyat vasitəsi təklif olunur. Bu mexanizm hazırda da fəaliyyət göstərir.
«Bretton-Vuds» sistemində böhranlı vəziyyətlərin yaranışının digər köklü səbəbləri də mövcuddur. Bunları aşağıdakı kimi təsnifləşdirmək olar:
1. İqisadiyatda dayanıqlılıqsızlıq və təzadlılıq. Belə ki, 1967-ci ildə maliyyə böhranının başlanması iqtisadi artımın aşağı düşməsi məqamı ilə üst-üstə düşür.
2. İnflyasiyanın qüvvətlənməsi dünya qiymətlərinə və şirkətlərin rəqabətqabiliyyətliliyinə təsir edərək «isti pulların» spekulyativ yerdəyişməsini stimullaşdırmışdır. Müxtəlif ölkələrdə inflyasiya templəri valyuta kursunun dinamikasına təsir etmiş, pulların ödənişqabiliyyətliyinin azalması «kurslar kəsişməsi» üçün şərait yaratmışdır.
3. Milli tədiyyə balanslarında qeyri-sabit vəziyyət. Bir sıra ölkələrdə - xüsusən ABŞ və Böyük Britaniyada xroniki olan defisit və digərlərində AFR və Yaponiyada profisit valyuta kurslarının tərəddüdünə kəskin təsir etmişdir.
4. Dünya arenasında baş verən dəyişikliklərlə «Bretton-Vuds» sisteminin özünün prinsiplərinin uzlaşmaması. Milli valyutadan istifadəyə əsaslanan sistemin dünya təsərrüfatının beynəlmiləlləşməməsi prosesi ilə ayaqlaşmaması. Bu təzad ABŞ və Böyük Britaniyanın iqtisadi mövqelərini zəiflətmiş və onlar özlərinin tədiyyə balanslarının defisitini ehtiyat valyuta statusunda olan milli valyuta emisiyaları hesabına aparmışlar. Bu xüsusən inkişaf edən ölkələrin mənafeləri ilə ziddiyyət təşkil etmişdir.
5. Valyuta sferasında Transmilli Korporasiyaların (TMK) rolu. Belə ki, TMK-lar müxtəlif valyutalarda kifayət qədər nəhəng qısamüddətli aktivlərə malikdirlər. Həmin aktivlər isə əhəmiyyətli dərəcədə onların fəaliyyət göstərdiyi ölkələrdə valyuta ehtiyalarını əhəmiyyətli dərəcədə artırır. Bu məbləğlər isə valyuta spekulyasiyalarında iştirakla milli nəzarətdən və mənfəət proqnozundan yayınaraq proseslərə geniş ölçüdə təsir imkanları əldə edirlər.
Beləliklə, daim bu «Bretton-Vuds» sisteminə yenidən baxılması ehtiyacı yaranır. Mahiyyətcə «Bretton-Vuds» sisteminin böhranlılığı beynəlxalq iqtisadi münasibətlərin beynəlmiləl xarakterindəki təzadlıqlardan və bu məqsədlər üçün qiymətdən düşmüş milli valyutalardan istifadə gercəkliklərindən irəli gəlir. Sistemin böhranlılığı «valyuta həyəcanı» yaradaraq fond birjalarında fəsadlara səbəb olur, qiymətli kağızların kursunun aşağı düşməsinə gətirir, beynəlxalq valyuta likvidliyi problemini kəskinləşdirir. Bu mənada müasir dünya böhranı da «Bretton-Vuds» sisteminin böhranı kimi qəbul olunur. Buna görə də, dünya maliyyə sistemi böhranları daha rasionallıqla təcrid edən, mükəmməl strukturlu və unversal məzmunlu yeni arxitektur düzüm tələb edir. Bu tələb ötən əsrin sonlarında Cənub-Şərqi Asiyada baş vermiş maliyyə böhranında daha da quvvətlənərək aktuallığını artırdı. Elə bu ərəfədə və indi də şərti adlanan «Böyük səkkizliklər» (G8) - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada və Rusiyanın böhranın təsirini azaltmaq imkanlarının məhdud olduğu ortaya çıxdı. Hesablandı ki, qlobal maliyyənin səmərəli idarəetmə sisteminin funksionallığı böyük aktivli digər oyunçularsız mümkünsüzdür. Buna görə də, XXI əsr astanasında yeni axtarışlar silsiləsində dünya iqtisadi nəhənglərinin yeni formatda konsolidasiyası ideyası reallaşdı. ««Böyük iyirmilik» (ingiliscə - Group of Twenty Finance Ministers and Central Bank Governors - G20 ) adlanan bu qrup Avropa Birliyi və 19 ölkə - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada, Rusiya, Çin, Hindistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, İndoneziya, Avstraliya, Cənubi Koreya, Meksika, Brazilya və Arğentinanı əhatə edərək, iqtisadiyyatın və maliyyə siyasətinin mühüm məsələləri üzrə inkişaf etməkdə olan ölkələrlə dialoq aparmaq üçün həmin dövlətlərin maliyyə nazirlərinin təşəbbüsü ilə 1999-cu ilin 15-16 dekabrında Berlində təsis olunmuşdur. G20 - müasir Ümumdünya Milli Məhsulunun 85%-ni verir. Dünya əhalisinin 2/3-nin yaşadığı bu ölkələr coğrafiyası planetin bütün yaşıl kontinentlərini əhatə edir.
Yarandığı gündən ara-sıra toplantılar keçirən G20 dövlət başçıları səviyyəsində ilk sammitini müasir qlobal maliyyə böhranı ilə bağlı onun yaranış mərkəzi ABŞ-da, paytaxt Vaşinqtonda 15 noyabr 2008-ci ildə reallaşdırmışdır. Bir sıra maraqlı fikirlərin dövriyyəyə çıxışı ilə əlamətdar olan sammitdə beynəlxalq maliyyə institutlarının reformasiyası, yeni arbitraj institutlarının yaradılması, qlobol iqtisadi siyasətdə birgə fəaliyyət, müasir maliyyə texnologiyalarına əsaslanaraq riskləri maksimal şəffaf idarə etmək, müxtəlif ölkələrin nüfuzlu iqtisadçılarından ibarət maliyyə məşvərəti yaratmaq kimi təsisatlandırmaların aparılması ideyaları səsləndirilmişdir. Qlobal böhrandan çıxış yollarının arandığı forumda liderlər qərara gəldilər ki, onlar dünya iqtisadiyyatında daha konsolidə edilmiş idarə etmə və tənzimləmə sisteminin formalaşdırılması üçün müvafiq «nəzarət orqanları» təsis etməlidirlər. Bu təsisatlar qlobal maliyyə sistemində nəhəng tənzimləyicilər funksiyasını yerinə yetirməklə dünyanın aparıcı bankları və maliyyə qurumlarında yüksək etibarlılığı və stabilliyi təmin edəcəklər.
G20 sammitinin iştirakçılarının dünya maliyyə böhranı ilə bağlı umumi fikri belə olmuşdur ki, BYİB və BVF sistemində mütləq hərtərəfli islahatlar aparılmalıdır. Daha çox ABŞ və Avropaya oriyentasiya olunun sistemdə qərar qəbulunda inkişaf etməkdə olan ölkələr də mühüm səs vermə imkanları əldə etməli, bu qurumların öhdəlik və məsuliyyətləri yüksəldilməli və onlara müvafiq geniş nəzarət funksiyaları da verilməlidir. Sammitdə BYİB və BVF-yə kasıb ölkələr üçün zəruri maliyyə vəsaitlərinin ayrılmasına da söz verilmişdir. Ölkə liderləri həmçinin maliyyə böhranının ticari sferada «qonşunu sıradan çıxart» prinsipinə yol açmaması üçün yaxın 12 ay ərzində yeni ticatət baryerlərinin işə salınmayacağı öhdəliklərinin götürülməsi istiqamətində də razılıq əldə etmişlər. Bununla yanaşı, Ümumdünya Ticarət Təşkilatında çoxdan müzakirə edilən yeni ticari razılaşma istiqamətində də yekdil qərar qəbul olunmuşdur. Ümumiyyətlə, G20 sammitinin yekun bəyyanməsi hasabatlanma və transparentliyin - şəffaflığın yüksəldilməsi, keyfiyyətli tənzimlənmənin möhkəmləndirilməsi, maliyyə bazarlarında razılaşdırılmanın təminatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və beynəlxalq maliyyə təşkilatlarında geniş islahatların aparılması ilə təsdiqlənmişdir.
G20 sammitinin müsbət cəhətləri ilə yanaşı, onun fundementallığından kənar olan cəhətləri də qabardılır. Belə ki, bir çoxları bu sammitin heç bir yeni maliyyə institutu yaratmadığını və köhnələrinin yenidən təşkilini təmin etmədiyi kimi fikirləri bölüşürlər.
Əslində isə deyə bilərik ki, müasir beynəlxalq siyasətin vəziyyəti heç də ürək açan deyildir. Bir tərəfdən Amerikanın iqtisadi imicində zəifləmələr müşahidə olunsa da, digər tərəfdən məlum deyil ki, bundan başqa «dünya oyunçularının» faydası nə olacaqdır. İndi Avropa dünya sistemində liderliyə can atır. Çin öndə olmaqla inkişaf etməkdə olan ölkələr maliyyə hakimiyyətinin elə yenidən bölgüsünü tələb edirlər ki, bu yalnız onların mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bununla belə, ABŞ özü də bu tələblərə etiraz etmək vəziyyətini qoruyur. Amerika sovet iqtisadi sisteminin bənzəri deyil. Böhrana baxmayaraq onun iqtisadiyyatı möhkəmdir. Hər halda, o bu sarıdan rəqibləri Avropa və Çindən zəif deyil. Düzdür, skeptiklər deyirlər ki, bu qlobal maliyyə böhranı nəticəsində ABŞ ÜDM-in 1/3-ni itirəcəkdir. İpoteka kreditləri alanların irrasionallığı ilə başlanan maliyyə fəsadları tənzimlənməyən iqtisadiyyat kontekstində ölkənin xarici borcunu 11 trilyon dollara yüksəldəcək və cari ilin büdcə defisiti də 1 trilyon dollara yaxınlaşacaqdır. Ancaq bütün bunlar deyilən ölçüdə hələ baş verməmişdir. Gercək proqnozlar belədir ki, istənilən halda ABŞ özünün nəhəng iqtisadi dövlət statusunu saxlayacaqdır. Onun hərbi qüvvələri yenə də dünyada ən güclu olaraq qalır. Keçmişdə yaşandığı kimi, o yenə də mühüm diplomatik və hərbi ittifaqların ön sırasında dayanır. Ona görə də, ABŞ indiki və növbəti administrasiyası da «güclü dollar» siyasətini davam etdirəcəklər. Bunu onun kifayət qədər resurs potensialına malikliyi bir daha əsaslandırır.
Aparılan təhlildən belə bir əsaslandırma hasil olunur ki, yaxın perspektivdə böhrandan çıxışın reseptlərinin və reallaşma mexanizmlərinin «Bretton-Vuds» sisteminin təşəküllündə olduğu kimi, yenə də ABŞ-ın başçılığı ilə və nikbin yəqinliklə «Böyük iyirmilər» tərəfindən gerçəkləşəcəyi proqnozu daha möhkəm təməllidir. Bununla belə, «Böyük iyirmilər»in say və keyfiyyət tərkibinin dəyişmə meyli də yeni «Bretton-Vuds» tipli strukturların yaranışları ilə bu strategiyada mühüm əhəmiyyət daşıyacaqdır. Növbəti mərhələdə bu toplum qitələr formatında Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Türkiyənin də daxil olduğu vahid «Avropa Birliyi», Rusiya, Çin, Hindistan, Yaponiya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və İndoneziyanın birləşdiyi şərti - «Asiya İttifaqı», ABŞ, Kanada, Meksika, Braziliya və Arğentinanın təmsil olunduğu şərti - «Amerika İttifaqı» və Avstraliya ilə 4, bununla da + 1 - Cənubi Afrika Respublikası, Şimali Afrikanın inkişaf etməkdə olan diğər iqtisadi qabaqcıl ölkələri ilə - «Afrika İttifaqı» bazasında «Beşlər qrupuna» çevriləcəyi də proqnoz ediləndir. Lakin yaxın və orta perspektivdə yeni maliyyə arxitekturasının qurulması zəminində fundamental fəaliyyətlər üstün olaraq «Böyük iyirmilər» tərəfindən reallaşacağı daha mükəmməl əsaslıdır.
132.«Bretton-Vuds» sisteminin böhranı, «Böyük iyirmilər» və yeni maliyyə arxitekturası. Qlobal maliyyə böhranı: səbəbləri və çıxış yolları mövzusunda elmi-praktiki seminarın materialları. Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı. 2009. 0.5 ç.v.